»»

Əhli-Beytin (ə.s) tənasüxü (reinkarnasiyası) barədə saxtakar yəmaniçilərə cavab

Yəmani adı ilə tanınan Əhməd Əl-Həsən və onun ölkəmizdəki tərəfdarları bir neçə hədis gətirərək Əhli-Beytin (ə.s) tənasüx etdiyini, Əhməd əl-Həsənin də imam Hüseynin (ə.s) reinkarnasiyası olduğunu iddia edirlər. Yəmani tərəfdarı 10.08.2022 və 24.10.2022 tarixlərində facebook hesabında məqalə hazırlayıb, gətirdikləri hədisləri reinkarnasiya dəlilləri kimi təqdim edirlər. Məqaləmizdə sözügedən hədislərə bənd şəklində cavab veriləcəkdir.

Hədislərə keçid etməmişdən öncə yəmanilərin Əhli-Beyt (ə.s) barədə olan tənasüx etiqadı haqqında qısa məlumat:

İddiaya əsasən Ali-Əbadan (5 nəfərdən) başqa digər bütün imamlar həmin 5 nəfərin reinkarnasiyasıdır. Rəsulallah (s.a.a), Əli, Fatimə, Həsən, Hüseyn (ə.s.c). Bu şəxslərdən sonra gələn imamların hamısı həmin bu 4 şəxsin reinkarnasiyasıdır. Ancaq, xanım Fatimənin (s.ə) reinkarnasiyası barədə məqalədə qeyd olunmayıb. Reinkarnasiya cədvəlləri bu şəkildədir:

Mühafizəkar yazır:

“Gəlin qısaca ardıcıllığa baxaq:

Həzrəti Muhəmməd (s.ə.v.v) = İmam Muhəmmədi Baqir (ə), İmam Muhəmmədi Təqi (ə), İmam Muhəmməd Mehdi Sahibəz-Zəman (ə).

Əmirəl-Möminin İmam Əli (ə) = İmam Səccad (ə), İmam Riza (ə), İmam Əli Ən-Nəqi (ə).

İmam Həsən (ə) = İmam Sadiq (ə), İmam Həsən Əskəri (ə).

İmam Huseyn (ə) = İmam Musa Əl-Kazim (ə), İmam Əhməd Əl Həsən Yəmani (ə).”

Dəlil kimi təqdim edilən hədislərin təhlili:

1. Mühafizəkar yazır:

“Abdullah Nömani deyir: İmam Muhəmmədi Baqir (ə) buyurdu: “Bu əmrin sahibi həbs ediləcək (İmam Kazim ə.s olduğu zamanda), digər bir zamanda isə şəhid ediləcək (İmam Huseyn ə.s olduğu zamanda), digər bir zamanda isə canını xilas edəcək ( Əhməd Əl Həsən ə.s olaraq qayıtdıqda!)”

(Şeyx Tusi “Ğeybəti-Tusi” kitabı, səhifə 48-58)”


Cavab:

Hədisin tam mətni belədir:

أَخْبَرَنِي أَعْيَنُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ أَعْيَنَ  قَالَ بَعَثَنِي عَبْدُ اللَّهِ بْنُ بُكَيْرٍ إِلَى عَبْدِ اللَّهِ الْكَاهِلِيِّ سَنَةَ أُخِذَ الْعَبْدُ  الصَّالِحُ ع زَمَنَ الْمَهْدِيِّ فَقَالَ أَقْرِئْهُ السَّلَامَ وَ سَلْهُ أَتَاهُ خَبَرٌ إِلَى أَنْ قَالَ أَقْرِئْهُ السَّلَامَ وَ قُلْ لَهُ حَدَّثَنِي أَبُو الْعَيْزَارِ  فِي مَسْجِددِكُمْ مُنْذُ ثَلَاثِينَ سَنَةً وَ هُوَ يَقُولُ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع يُقْدَمُ لصاحب  [بِصَاحِبِ‏] هَذَا الْأَمْرِ الْعِرَاقَ مَرَّتَيْنِ فَأَمَّا الْأُولَى فَيُعَجَّلُ سَرَاحُهُ وَ يُحْسَنُ جَائِزَتُهُ وَ أَمَّا الثَّانِيَةةُ فَيُحْبَسُ فَيَطُولُ حَبْسُهُ ثُمَّ يُخْرَجُ مِنْ أَيْدِيهِمْ عَنْوَة

“Mənə Əyun b. Əbdür-Rəhman b. Əyun xəbər verib dedi: “Əbdus-Salehin (ə.s) (İmam Kazım) Mehdi (Abbasinin) zamanında ələ keçirildiyi il Abdullah b. Bükeyr məni Abdullah b. Kahilinin yanına yollayıb, dedi: “Ona mənim salamımı çatdır və soruş ki, xəbər (İmamın həbs olunma xəbəri) ona çatıb, ya yox?”. (Sonra) Dedi: “Ona salam ver və ona de: “30 il öncə məscidinizdə Əbul-Əyzar mənə belə dedi: “Əbu Abdullah (ə) buyurdu: “Bu işin (yəni, imamət) sahibi iki dəfə İraqa aparılar. Birinci dəfə tez azad olar və ona yaxşı mükafat (yəni, təzminat) verilər. İkinci dəfə həbs olunar və həbsi uzun çəkər. Sonra, zorla onların əlindən çıxar”.

Şeyx Tusi (r.a), “Əl-Ğeybə” 1-ci cild, 56-cı səhifə

Mühafizəkar tərəfin hədisdəki təhrif və xətaları:

1. İlk olaraq ravinin adını “Abdullah Nöman” olaraq qeyd edib. Halbuki, ravinin adı tamamilə fərqlidir və adı “أَعْيَنُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ أَعْيَنَ”  Əyun b. Əbdür-Rəhman b. Əyundur.

2. Hədisdə “şəhid ediləcək” ibarəsi yoxdur. Hədisdəki “فَيُعَجَّلُ سَرَاحُهُ” “tez azad olar” sözü “şəhid ediləcək” kimi tərcümə edilib. Bir haldakı bu sözün ərəbcə heç bir “şəhid edilmə” və ya bənzəri bir mənası yoxdur.

3. Hədisdə “digər bir zaman” və ya “zaman” ibarəsi yoxdur. Belə ki, “zaman” sözü kimi tərcümə edib məsələni tənasüxə doğru yönəltmək insanları çaşdırmaqdır. Hədisdə “zaman” kimi tərcümə olunan söz “الْأُولَى” “birinci” və “الثَّانِيَةُ” “ikinci” sözüdür.

4. Mühafizəkar hədisin əvvəlində “iki dəfə həbs olunacaq” yazır, lakin hədisin sonunda isə “canını xilas edəcək” kimi və mötərizədə də “Əhməd Əl-Həsən olaraq” qeyd edir. Halbuki “canını xilas edəcək” sözü həbs olunmağa aiddir.  Hədisdə deyilir: “الثَّانِيَةُ فَيُحْبَسُ فَيَطُولُ حَبْسُهُ” “ikinci dəfə həbs olunar və həbsi uzun çəkər”.

5. Əgər iddia edilsə ki, - “canını xilas edəcək” sözü “يُخْرَجُ مِنْ أَيْدِيهِمْ عَنْوَة” “sonra onların əlindən zorla çıxar” tərcüməsi ilə eyni məna verir- bu zaman biz deyirik: Bu daha da böyük təhrifdir. Çünki hədisin əvvəlində olan “ikinci dəfə həbs olunar və həbsi uzun çəkər” sözünü gizlədib axırıncı hissəni tərcümə etmək həm təhrif həm də insanları çaşdırmaqdır. Çünki, bu şəkildə tərcümə etmək “bir zamanda şəhid edəcək, digər bir zamanda canını xilas edəcək” qarşı tərəfin istədiyi mənanı verir, bununla da hədisi istədikləri səmtə yönəldə bilirlər.  Yəni, Əhmədin əvvəl imam Hüseyn (ə.s) kimi öldürülməsi sonra isə Əhməd olaraq geri qayıtdığı anlamını verərək, reinkarnasiya etiqadını ayaqda tutmağa çalışırlar. Halbuki, hədis imam Kazımın (ə.s) həbsdən azad olması hadisəsindən bəhs edir.

Möhtərəm ənsar əhli, İmamın (ə.s) sözünü dəyişdirmək, Allahın (ə.c) kəlamını dəyişdirməkdir.


2. Mühafizəkar yazır:

“Abdullah Riqani deyir: İmam Cəfəri Sadiqin (ə) yanında idim və Saleh Qul İmam Kazim (ə) içəri daxil oldu. İmam Sadiq (ə) ona dedi: “Ey Əhməd! Bunu götür.” Mən İmam Sadiqə (ə) dedi: “Ey Mövlam! Axı onun adı Musa Əl-Kazimdir, Əhməd deyil!” İmam Cəfəri Sadiq (ə) buyurdu: “Həqiqətdə onun adı həm Əhməddir həmdə Muhəmməd!” İmam Sadiq (ə) İmam Kazimə (ə) işarət edərək ardıyca buyurdu: “Ey Abdullah! Bu işin sahibi gizlənəcək. O məhbus olacaq və bu (gizliliyi) uzun çəkəcək. Ona yaxınlaşsalar (tapıb öldürmək istəsələr), Allahın İsmi-Əzəmi ilə dua edəcək və Allah onu daim qoruyacaqdır!”

(Şeyx Tusi “Ğeybəti-Tusi” kitabı, səhifə 58)”


Cavab:

Hədisin doğru tərcüməsi belədir:

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ حُمْرَانَ وَ حُمْرَانُ‏ وَ الْهَيْثَمُ بْنُ وَاقِدٍ الْجَزَرِيُ عَنْ عَبْدِ اللَّهِ الْأَرَّجَانِيِّ قَالَ‏ كُنْتُ عِنْدَ أَبِي عَبْدِ اللَّهِ ع إِذْ دَخَلَ عَلَيْهِ الْعَبْدُ الصَّالِحُ ع فَقَالَ يَا أَحْمَدُ افْعَلْ كَذَا فَقُلْتُ جُعِلْتُ فِدَاكَ اسْمُهُ فُلَانٌ فَقَالَ بَلِ اسْمُهُ أَحْمَدُ وَ مُحَمَّدٌ ثُمَّ قَالَ لِي يَا عَبْدَ اللَّهِ إِنَّ صَاحِبَ هَذَا الْأَمْرِ يُؤْخَذُ فَيُحْبَسُ فَيَطُولُ حَبْسُهُ فَإِذَا هَمُّوا بِهِ دَعَا بِاسْمِ اللَّهِ الْأَعْظَمِ فَأَفْلَتَهُ مِنْ أَيْدِيهِمْ.


“...Abdullah əl-Ərracani dedi: “Əbu Abdullahın (ə.s) yanında idim. Əbdus-saleh (ə) (İmam Kazım) içəri daxil oldu. Əbu Abdullah (ə.s) ona dedi: “Ey Əhməd, belə et”. Dedim: “Canım sənə qurban, axı onun adı filandır”. İmam (ə.s) buyurdu: “Əksinə, onun adı Əhməd və Məhəmməddir”. Sonra mənə dedi: “Ey Abdullah, həqiqətən, bu işin (yəni, imamətin) sahibi tutulub, həbs olunar və onun həbsi uzun çəkər. (Öldürülmə) məqsədi güdülən zaman Allahın ən əzəmətli adları ilə dua edər, (Allah da) onu onların əllərindən xilas edər”.


Şeyx Tusi (r.a), “Əl-Ğeybə” 1-ci cild, 57-cı səhifə

Mühafizəkar tərəfin hədisdəki təhrif və xətaları:

1. Öncəki hədisdə olduğu kimi, burada da ravinin adını doğru qeyd etməmişdir. Ravinin adı “Abdullah Riqani” deyil, “عَبْدِ اللَّهِ الْأَرَّجَانِيِّ”  “Abdullah Əl-Ərracani”-dir. Ravinin adı belə doğru yazılmadığı halda, mühafizəkar tərəfdən tərcümə də edilir.

2. Hədisdə “onun adı Musadır” deyilmir, “ اسْمُهُ فُلَانٌ “ “onun adı filandır” deyilir.

3. Mühafizəkar tərəf “o məhbus olacaq və bu (gizliliyi) uzun çəkəcək” deyə mətni tərcümə edərək məsələni mötərizə içərisində gizlilik və qeyb məsələsinə aparır və buradan da Əhmədə işarə etmək istəyir. Halbuki, mövzu həbs olunmaqdan gedir. Hansı əsasla mövzunu bu səmtə (gizliliyə) yönəldirsiz?! Hədis açıq-aşkar deyir ki, “فَيُحْبَسُ فَيَطُولُ حَبْسُهُ” “həbs olunar və onun həbsi uzun çəkər”. Maraqlıdır ki, hədisdə “حَبْسُهُ” “həbsuhu” yəni, “onun həbsi” sözü ola-ola necə mötərizədə gizlilik mənası verilir?!

4. Hədisin sonunda qeyd olunan “أَفْلَتَ” sözünün “daim qoruyacaq” kimi bir mənasını yoxdur. “أَفْلَتَ” “Əflətə” sözü “qurtulmaq, xilas olmaq, sərbəst qalmaq” kimi mənalar verir. Sözü “daim qoruyacaqdır” kimi təhrif edib Əhmədin qeybətinə nisbət vermək, İmamın (ə.s) kəlamı ilə oynamaqdır.

Dəlil kimi təqdim edilən hədis, əksinə yəmanilərin əleyhinədir:

1. Belə ki, hədisdə “onun adı (imam Kazımın) Əhməd və Məhəmməddir” sözünü, yəmanilərin məfhumu (anlayışı) ilə götürsək imam Kazım (ə.s) imam Hüseynin (ə.s) yox, Rəsulallahın (s.a.a) reinkarnasiyasıdır. Məhəmməd və Əhməd adları Rəsulallahın (s.a.a) adıdır nəinki imam Hüseynin (ə.s). Amma, yəmani tərəfdarları imam Kazımı (ə.s) imam Hüseynin (ə.s) reinkarnasiyası olduğunu məqalələrində qeyd edib:

“İmam Huseyn (ə) = İmam Musa Əl-Kazim (ə), İmam Əhməd Əl Həsən Yəmani (ə).”

Burada isə, adı Məhəmməd olan İmamların (ə.s) adlarını Rəsulallaha (s.a.a) şamil ediblər:

“1- Həzrəti Muhəmməd (s.ə.v.v.)-in reinkarnasiyaları:

Həzrəti Muhəmməd (s.ə.v.v.) İslam Peyğəmbəri olaraq gəldikdən və dünyada yaşayıb vəfat etdikdən sonra, İmam Muhəmmədi Baqir (ə) olaraq yenidən dünyaya gəldi. Və Rəsulullah (ə) növbəti dəfə isə, İmam Muhəmməd Təqi (ə) olaraq reinkarnasiya etdi. Və sonuncu dəfə isə, Həzrəqi Qaim İmam Muhəmməd Mehdi Sahibəz-Zəman (ə) (12-ci İmam!) olaraq dünyaya gəlmişdir!!”


2. Əgər Əhməd əl-Həsən imam Kazımın (ə.s) reinkarnasiyasıdırsa, hədisin sonunda işlənən “(Öldürülmə) məqsədi güdülən zaman Allahın ən əzəmətli adları ilə dua edər, (Allah da) onu onların əllərindən xilas edər” bu söz necə Əhmədə şamil ola bilər? Hədislə iddia edirsiniz ki, (yəmanilərin tərcüməsi ilə) “və bu (gizliliyi) uzun çəkəcək”. Əgər bir şəxs sizin nəzərindəki “gizliliklə” Allah tərəfindən gizlənirsə, gizlənilmiş bir şəxsi düşmənlər necə tapıb əllərində saxlayacaq?! Daha sonra da Allah gəlib onu düşmənlərin əlindən xilas edəcək?!


3. Mühafizəkar yazır:

İmam Musa Əl-Kazim (ə) buyurur: “Mən Vəsilərin sonuncusuyam (Sonuncu İmam, Həzrəti Mehdinin ə.s Vəsisi Əhməd Əl Həsən!). Mən Qapıların talibiyəm. Mən Siffin sahibiyəm. Mən Bəsrə əhlindən intiqam alanam (Bəsrə Əhli, Əhməd Əl Həsənə çoxlu zülmlər etmişdir)! Mən Kərbəlanın Sahibiyəm (İmam Huseyn ə.s)! Hər kim bizləri sevsə və düşmənlərimizdən uzaq olsa, Bizimlə birlikdə olacaq. O cür şəxslərin yeri cənnətdə, yüksək ağacların kölgəsində və axar çayların yanında olacaqdır!”

(Şeyx Mufid “Əl-İxtisas” kitabı, səhifə 91)

Cavab:

2-ci bənddə olduğu kimi bu hədis onların əleyhinədir. İddialarına əsasən imam Kazım (ə.s) imam Hüseynin (ə.s) tənasüxüdür. Ancaq, hədisdə imam Kazım (ə.s) “أَنَا صَاحِبُ الصِّفِّين‏”  “mən Siffinin (Siffeynin) sahibiyəm” deyir. Maraqlıdır ki, Siffeyn müharibəsinin başçısı, sahibi nə vaxt imam Hüseyn (ə.s) olub?! İddia edilən hədisə əsasən, gərəkdir ki, imam Kazım (ə.s) həm imam Hüseynin (ə.s) həm də imam Əlinin (ə.s) tənasüxü olsun. Bu məfhumla 1 bədəndə 2 ruh olduğunu qəbul etməliyik.


4. Mühafizəkar yazır:

“Zəkəriyyə ibn Adəm dedi: İmam Rzanın (ə) yanında idim ki, İimam Muhəmməd Təqi (ə) gətirdilər və o həzrətin yaşı dörd yaşdan az idi. Əllərini yerə vuraraq başını göyə qaldırdı. Sonra uzun bir fikrə daldı. İmam Rza (ə) İmam Muhəmmədi Təqiyə (ə) dedi: "Canım sənə fəda olsun! Fikrindəki nə idi ki, uzun çəkdi?" İmam Muhəmmədi Təqi (ə) Dedi: "Fikrimdəki anam Fatiməyə (s.ə) olunan zülümlər idi. And olsun Allaha, o ikisini (Əbu Bəkr və Ömər) qəbirdən çıxardacam (kimliyini ifşa edəcəm), sonra onları yandıracam, sonra onlara qəzəblənəcəm, sonra onların küllərini dənizə səpəcəm!!" İmam Rza (ə) İmam Muhəmmədi Təqini (ə) yanına çağırıb iki gözləri arasından öpdü və sonra dedi: "Atam anam sənə fəda olsun sən bu iş üçünsən!!"

(Muhəmməd ibn Cərir ibn Rustəm Təbəri “Dəlailul-İmamə” kitabı, səhifə 207)

Daha sonra mühafizəkar qeyd olunan hədisdən belə bir nəticə əldə edərək yazır:


“Aşağıdakı hədis isə, İmam Rizanın (ə) yuxarıdakı hədisdəki (“Atam anam sənə fəda olsun sən bu iş üçünsən!!”) sözlərini təsdiq edir və İmam Muhəmməd Təqinin (ə), İmam Məhdi (ə) olacağını və görəcəyi o işi açıq-aşkar bəyan edir!

İmam Sadiq (ə) Atalarından (ə) nəql edir: Rəsulullah (ə) buyurdu: “Mən meraca götürüldüyüm zaman Rəbb-Təala mənə vəhy etdi: “... Axırzamanda LAT VƏ UZZA (Əbu Bəkr və Öməri l.ə) ortaya çıxacaq, İMAM MƏHDİ (Ə) ONLARI YANDIRACAQ! O gün onların yanındakı insanların azğınlığı Buzov və Samirinin azğınlığından daha şiddətli olacaq!”

(Şeyx Səduq “Kəmalud-Din və Təmamun-Niməh” kitabı, cild 1/ səhifə 240-241)


Cavab:

Mühafizəkar tərəfin hədisdəki təhrif və xətası:

Hədisin tam mətnini, daha doğrusu son hissəsini gətirməyən mühafizəkarın belə bir nəticəyə gəlməsi (öz etiqadı əsasında) normal haldır. Hədisin sonunda deyilir:

ثم قال: بأبي أنت وأمي، أنت لها. يعني الإمامة

“Sonra (imam Rza ə.s) dedi: “Atam anam sənə fəda olsun, sən onun üçünsən (layiqsən). Yəni, imamət(ə layiqsən)”.

Məhəmməd b. Cərir b. Rüstəm ət-Təbəri, “Dəlailul-İməmə” kitabı, 1-ci cild, 207-ci səhifə, 358-ci hədis

Yəni, İmam Rzanın (ə.s) “sən onun üçünsən” sözü  hədisin sonundan da məlum olduğu kimi imam Təqinin (ə.s) imamətə layiq olmasına aiddir, nəinki nə zamansa reinkarnasiya etməsinə.

Möhtərəm yəmanilər! Nə zamandan bəri Əhli-Beyt (ə.s) şiələri əhli-xilafın sünnəsi kimi hədisləri doğrayaraq dəlil kimi təqdim edirlər?! “İmamət” mənasını hansı əsasla Sahibul-Əsrin (ə.f) görəcəyi işlə (yandırmaq) uyğunlaşdırırsınız?!

5. Mühafizəkar yazır:

“İmam Əli (ə) buyurur: "Qorxu, bir ay onların önündən gedər. Bunlar baş verərkən, atalarının intiqamını tələb edənlər Kufəyə çatar. Onlar bu haldaykən YƏMANİNİN ATI və Xorasaninin atı, sanki iki yarış atı kimi yarışmış olacaqlar..”

(Əllamə Məclisi “Biharul-Ənvar” kitabı, cild 52/səhifə 466, hədis nömrə: 167. Çap evi: “Muəsisətu Ələmi lil-Mətbuat” Beyrut-Livan)

Digər bir hədisdə isə, Yəmani ləqəbli şəxsin İmam Huseyn (ə) olduğu vurğulanaraq, eyni məzmunlu kəlamlar ilə bucür deyilir:

İmam Əli (ə) buyurur: "Qorxu, bir ay onların önündən gedər. Bunlar baş verərkən, Səd Əl-Səqqanın övladları Kufəyə gələr və atalarının intiqamını tələb edərlər. Onlar bu haldəykən, nəhayət Huseynin atı onlara hücum edər. HUSEYNİN ATI və Xorasaninin atı, sanki iki yarış atı kimi yarışmış olacaqlar...”

(Əllamə Məclisi “Biharul-Ənvar” kitabı, cild 53/səhifə 56, hədis nömrə: 76. Çap evi: “Muəsisətu Ələmi lil-Mətbuat” Beyrut-Livan)


Cavab:

Əhli-Beyt (ə.s) hədislərini geniş araşdırmamaq, yanlız 1-2 hədislə kifayətlənib digərlərinə baxmamaq bu kimi iddiaları ortaya çıxarır (ya bilərəkdən ya da bilməyərəkdən). Hədislərdə ad fərqliliklərinin olması normaldır. Hər bir halda əgər iddiaçı tərəfin nəzərini götürsək, aşağıdakı hədisləri də reinkarnasiya çərçivəsinə almalıyıq.

1. Ötən məqalələrdə Bəqərə surəsinin 259-cu ayəsinin təfsirini gətirmişdik. Həmin ayənin təfsiri həzrəti Üzeyirin (ə.s) həyatından bəhs edirdi.

Məqalənin keçid linki: O dünyadan qayıdan olub mu?

 Məqalədə qeyd olunan hədislərdə hadisə Üzeyirə (ə.s) nisbət verilirdi. Halbuki bununla yanaşı həmin hadisənin Ərmiyə (ə.s) peyğəmbər barədə olan hədisi də mövcuddur. Necə ki, Fəttal Nişapuri (r.a) buyurur:
 
قَالَ أَبُو عَبْدِ اللَّهِ ع هُوَ عُزَيْرٌ وَ قَالَ أَبُو جَعْفَرٍ هُوَ أَرْمِيَا

“Əbu Əbdullah dedi: “O, (yəni həmin hadisədə iştirak edən şəxs) Üzeyirdir (ə.s)”. Əbu Cəfər (ə.s) isə deyib: “O, Ərmiyədir (ə.s)”.


Hadisənin Ərmiyə (ə.s) barədə olan hədisini isə, Əli b. İbrahim Qummi (r.a) “Təfsirul-Qummi” kitabında imam Sadiqdən (ə.s) nəql etmişdir. Hədis uzun olduğundan onlayn ünvanı təqdim edirik:

Təfsirul-Qummi, 1-ci cild, 86-cı səhifə (Harun b. Xaricədən nəql olunan hədis)

https://ar.lib.eshia.ir/12015/1/86

2. Alimindən ta cahilinə qədər bütün Əhli-Beyt (ə.s) tərəfdarları cənnət cavanları ağasının
Həsən və Hüseyn (ə.s) olduğunu bilirlər. Aşağıda qeyd edəcəyimiz hədis isə, bunun belə olmadığını deyir.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صلَّى اللَّه عليه و آله و سلّم‏ نَحْنُ بَنُو عَبْدِ الْمُطَّلِبِ‏ سَادَةُ أَهْلِ الْجَنَّةِ أَنَا وَ عَلِيٌّ وَ حَمْزَةُ وَ جَعْفَرٌ وَ الْحَسَنُ وَ الْحُسَيْنُ وَ الْمَهْدِي‏


“Ənəs b. Malik dedi: “Rəsulallah (s.a.a) buyurub: “Biz Əbdülmüttəlib övladları Cənnət əhlinin ağalarıyıq. Mən, Əli, Həmzə, Cəfər, Həsən, Hüseyn və Mehdi”.

Şeyx Tusi, “Əl-Ğeybə”, 1-ci cild, 183-cü səhifə.


İndi isə, iddiaçı tərəfin nəzəri ilə götürsək, hər 2 hədisdən belə bir nəticə ortaya çıxır. Ərmiyə (ə.s) peyğəmbər də İbrahimin (ə.s) reinkarnasiyasıdır (ya da əksinə). Çünki hər iki hədisdə (“Təfsirul-Əyyaşi”-də və “Təfsirul-Qummi-də) eyni hadisədən bəhs edir. Lakin, şəxslər fərqlidir. Habelə, Həsən və Hüseyn də (ə.s) Rəsulallahın (s), Əlinin, Həmzənin, Cəfərin (ə.s.c) reinkarnasiyasdır.

__________________________________


Qarşı tərəf hədislərini təhlil etdikdən sonra, onlara iddialarını təkzib edən bu hədisi təqdim edib, mövzunu bitiririk.

عَنْهُ‏ عَنْ أَحْمَدَ بْنِ مِهْرَانَ عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنْ عَبْدِ اللَّهِ بْنِ إِبْرَاهِيمَ بْنِ عَلِيِّ بْنِ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرِ بْنِ أَبِي طَالِبٍ عَنْ يَزِيدَ بْنِ سَلِيطٍ فِي حَدِيثٍ طَوِيلٍ عَنْ أَبِي إِبْرَاهِيمَ ع أَنَّهُ قَالَ‏ فِي السَّنَةِ الَّتِي قُبِضَ ع فِيهَا إِنِّي أُوخَذُ فِي هَذِهِ السَّنَةِ وَ الْأَمْرُ هُوَ إِلَى ابْنِي عَلِيٍّ سَمِيِّ عَلِيٍّ [وَ عَلِيٍ‏] فَأَمَّا عَلِيٌّ الْأَوَّلُ فَعَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ أَمَّا عَلِيٌ‏ الْآخَرُ فَعَلِيُّ بْنُ الْحُسَيْنِ ع أُعْطِيَ فَهْمَ الْأَوَّلِ وَ حِلْمَهُ وَ نَصْرَهُ وَ وُدَّهُ وَ ذِمَّتَهُ وَ مِحْنَتَهُ‏ وَ مِحْنَةَ الْآخَرِ وَ صَبْرَهُ عَلَى مَا يَكْرَهُ تَمَامَ الْخَبَر

“...Yezid b. Səlit uzun bir hədisdə nəql edib ki,  Əbu İbrahim (imam Kazım) (ə.s) ələ keçirildiyi *həbsə düşdüyü) il buyurdu: “Mən bu il tutulacağam (həbsə salınacağam). İş oğlum Əliyədir (ona yetişir). O da Əli adlandırılıb. Birinci Əli, Əli b. Əbu Talib, digəri isə Əli b. Hüseyndir. Birinci Əlinin fəhm, elm, nüsrət, sevgi, vicdan və möhnəti, digər Əlinin isə sıxıntısı və xoşagəlməzliklər qarşısında səbri ona verilmişdir”.

Şeyx Tusi, “Əl-Ğeybə”, 1-ci cild, 40-cı səhifə.

Əgər imam Rza (ə.s) hz.Əlinin, imam Səccadın (ə.s) reinkarnasiyası idisə, nəyə görə imam Rza (ə.s) Əmirəl-Muminindən (ə.s) müəyyən bir xislət alıb, imam Səccaddan (ə.s) isə müəyyən bir xislət. Məgər hər üçü də eyni şəxs deyildi?! Eyni xislətlərə sahib olmalı deyildi mi?!



(c) Möhsin Məhdi




Рейтинг

В этом разделе