1. Minada dörd rəkət namaz qıldırması
Təbəri “Tarix”ində Əbdülməlik ibn Ömər ibn Əbu Süfyan Səqəfidən, o da əmisindən nəql edir: “Osman Minada camaata dörd rəkət namaz qıldırdı. Bir nəfər Əbdürrəhman ibn Ovfa yaxınlaşıb dedi: “Sənin qardaşına nə olub? Camaata dörd rəkət namaz qıldırdı?” Əbdürrəhman öz yoldaşlarıilə iki rəkət namaz qıldı, namazı bitirib Osmanın yanına getdi və dedi:“Məgər sən burada Peyğəmbərlə (s) birlikdə iki rəkət namaz qılmamısan?!”
Osman “Bəli” dedi: Bəs Əbu Bəkrlə, iki rəkət qılmırdın?
Osman: Bəli.
Əbdürrəhman: Ömərlə də iki rəkət qılırdın, elə deyilmi?
Osman: Elədir.
Əbdürrəhman: Həmçinin öz xəlifəlik dövrünün ilk illərində də iki rəkət qılırdın.
Osman: Bəli. Ey Əbu Muhəmməd, mənə qulaq as. Ötən ilki Həcc mövsümündə Yəmən əhlindən bəzi hacıların və eləcə də bəzilərinin “yerli olmayan əhali üçün namaz iki rəkətdir” dedikləri mənə xəbər verilib. Onlar deyiblər ki, ancaq sizin imamınız (yerli əhalidən olmasına rəğmən) Osman da iki rəkət qılır.
Mən camaatın (ixtilaf) təhlükəsindən qorxaraq və Məkkəni özümə vətən hesab edərək dörd rəkət qılmağı düşündüm. Belə ki, bura zövcəmin yaşadığı şəhərdir. Həmçinin Taifdə mənim mülküm də var. Xəlifəliyimin ilk illərindən sonra bəzən oraya gedir və bir müddət qalıram.
Əbdürrəhman: Söylədiklərində sənin üçün heç bir üzr yoxdur. Belə ki, sən özünü Məkkədən necə hesab edə bilərsən ki, zövcən Mədinədədir, yalnız sənin istəyinə əsasən evindən çıxır və sənin istəyinə əsasən oraya qayıdır. O, sənin evində yaşayan şəxsdir. “Mənim Taifdə mülküm var” sözünə gəldikdə, sənin evinlə Taifin arasında üç gecəlik yol var. Bu səbəbdən sən Taif əhlindən də sayılmırsan. Ötən ilki Həcc mövsümündə Yəmən əhlindən bəzi hacıların və digərlərinin “Sizin imamınız Osman amma iki rəkət qılır, halbuki o buranın əhlindəndir” sözlərinə gəldikdə; Peyğəmbərə (s) vəhy nazil olurdu, onların arasında müsəlmanların sayı az idi. Əbu Bəkrin də, Ömərin də dövründə belə idi. Ancaq Ömərin dövründə İslamın ətraf ölkələrə yayılmasına baxmayaraq, o, ömrünün sonunadək yenə iki rəkət qıldı.
Osman: Bu sənin fikrindir!
Əbdürrəhman ibn Ovf çölə çıxıb İbn Məsudla qarşılaşdı. İbn Məsud dedi: “Ey Əbu Muhəmməd, bildiyi fikri dəyişdimi?” İbn Ovf “Xeyr” deyə cavab verdi. İbn Məsud özünün necə namaz qılacağını soruşduqda Əbdürrəhman dedi: “Bildiyinə əməl et”. İbn Məsud qarşı çıxmağın pis olacağını söyləyib dedi: “Onun dörd rəkət qıldığını mənə xəbər verdilər. Mən də yoldaşlarımla dörd rəkət qıldım”. Əbdürrəhman ibn Ovf dedi: “Mənə də onun dörd rəkət qıldığını dedilər, lakin mən yoldaşlarımla iki rəkət qıldım. Ancaq indi sənin söylədiyini deyənlər də olacaq (yəni onunla birlikdə dörd rəkət qılacağıq)”. ( Tarix, Təbəri, c. 3, s. 322-323 )
2. Göyərçinlərin boğazlanması (kəsilməsi) əmri
“Ənsabul-əşraf”da Zuhri yolu ilə Səid ibn Müseyyibdən rəvayət olunur:
“Osman xütbə söyləyərkən göyərçinlərin boğazlanmasını əmr edərək dedi:
“Evlərinizdə göyərçinlər çox artıb, hər yeri batırırlar, bizim üzərimizə də düşür...” Camaat öz aralarında dedilər: “Göyərçinləri kəsməyi əmr edir, amma özü Peyğəmbərin (s) qovduğu kəsləri himayə edir”. ( Ənsabul-əşraf, Bəlazuri, c. 6, s. 136 )
3. Qisas cəzasını tətbiq etməməsi
Osman bir çox halda Allahın hədd cəzalarını öz həvaye-nəfsinə görə müəyyən edirdi. Belə ki, Übeydullah ibn Ömər Hörmüzanı qətlə yetirməsinə baxmayaraq, ona qisas cəzasını tətbiq etməmişdi. “Ənsabul əşraf”da deyilir: “Osman minbərə qalxıb dedi: “Ey camaat... Übeydullah ibn Ömərin Hörmüzanı qətlə yetirməsi Allahın bir hökmüdür (qəzasıdır). Hörmüzan müsəlman şəxs idi, müsəlmanlardan savayı da onun heç bir varisi yoxdur. Sizin rəhbəriniz onu (Übeydullahı) bağışlayıb. Siz də bağışlayırsınızmı?” Camaat razılıq verdi. Əli dedi: “Fasiqi həbs et, o, böyük bir cinayət işləyib, bir müsəlmanı heç bir günahı olmadan öldürüb”. Sonra üzünü Übeydullah ibn Ömərə tutub dedi: “Ey fasiq, əgər bu gün qalib gəldinsə də, səni Hörmüzana görə (sabah) öldürəcəyəm”. ( Ənsabul-əşraf, Bəlazuri, c. 6, s. 130 )
Həmçinin müsəlman olduğunu iqrar edən bir qadını öldürdükdə də ona hədd cəzası tətbiq etmədi. İbn Səd Abdullah ibn Həntəb yolu ilə rəvayət edir: “Əli Übeydullah ibn Ömərə dedi: “Əbu Luluənin qızının günahı nə idi ki, onu öldürdün?” Ravi dedi: “Osman Əli və Peyğəmbərin (s) digər böyük səhabələri ilə məsləhətləşdikdə onların rəyi Übeydullahın öldürülməsi oldu. Lakin Əmr ibn As Osmanla danışıb onu belə hökm verməkdən çəkindirdi. Əli deyirdi: “Əgər əlimdə hakimiyyət və qüdrətim olsaydı ondan qisas alardım”. ( ət-Təbəqatul-kubra, İbn Səd, c. 5, s. 17 )
Yenə də Zuhru yolu ilə nəql olunur: “Osman xəlifə olduqda mühacir və ənsarı çağırıb dedi: “Dində etdiyini edən bu şəxsin qətli barəsində mənə məsləhət verin”. Mühacir və ənsarın rəyi yekdil oldu. Onlar Osmanı Übeydullahın öldürülməsinə təşviq etdilər. Camaatın əksəriyyəti də “Allah uzaq etsin! Oğlunu Ömərin yanına göndərmək istəyirsiniz?!” deyirdi. Bu səbəbdən səs-küy qalxdı, ixtilaf düşdü. Əmr ibn As dedi: “Ey möminlərin əmiri, bu məsələ sənin hakimiyyətə gəlişindən əvvəl olub. Bundan əl çək”. Camaat da Əmr ibn Asın sözündən sonra oradan ayrıldı”. ( ət-Təbəqatul-kubra, İbn Səd, c. 5, s. 17 )
İbn Cüreyh yolu ilə rəvayət olunur: “Osman müsəlmanlarla məsləhətləşdikdə onlar yekdilliklə hər ikisinə (Hörmüzan və Luluənin qızı Cüfeynənin qətlinə) görə diyə verməli olması fikrinə gəldilər və Übeydullah ibn Ömərin öldürülməməsinə hökm verdilər. Hörmüzan və Cüfeynə İslamı qəbul etmiş və Ömərin onlara beytül-maldan pay ayırdığı şəxsləri idilər. Əli ibn Əbu Talibə beyət olunduqda o, Übeydullah ibn Ömərə qisas cəzasını tətbiq etmək istədi. Ancaq Übeydullah Şama, Müaviyə ibn Əbu Süfyanın yanına qaçdı və ta ki, Siffində qətlə yetirilənədək onun qanında qaldı”. ( ət-Təbəqatul-kubra, İbn Səd, c. 5, s. 17 )
İbn Əsir yazır: “Deyilir: “Osman Hörmüzanı qətlə yetirdiyinə görə Übeydullahı Hörmüzanın oğlu Qəmazbana təslim etdi. Qəmazban dedi: “Camaat məni dövrəyə alıb onu bağışlamaq üçün dilə tutdular. Mən isə onu mənim əlimdən heç kəsin ala bilməyəcəyini və əgər istəsəm onu öldürəcəyimi söylədim. Onlar da bunu belə olduğunu təsdiqlədilər. Mən də artıq onu bağışladığımı söylədim”.
Alimlərdən bəziləri deyirlər: Əgər məsələ belə olmasaydı, tənqidçilər xilafətinin ilk altı ilində Osmanın ədalətli olduğunu söyləməzdilər. Əksinə, hakimiyyətinə zülm və ədalətsizliklə başladığını bildirərdilər. Çünki o, barəsində ilahi hədd tətbiq olunmalı bir şəxs haqqında hökmü icra etməmiş olardı. Əlbəttə ki, bu barədə də fərqli nəzərlər var. Belə ki, əgər Hörmüzanın oğlu Übeydullahı bağışlamışdısa, o zaman hakimiyyətə gəldikdən sonra Əlinin Übeydullahdan qisas almağa haqqı çatmazdı. Halbuki o, buna cəhd edir. Übeydullah yalnız Osman öldürülənədək orada qalır. Əli xəlifə olduqda onu öldürmək istəyir. Übeydullah qisasdan qurtulmaq üçün Müaviyənin yanına qaçır və Siffin savaşında öldürülür...” ( Usdul-ğabə, İbn Əsir, c. 3, s. 343 )
İbn Həcər deyir: “Onu Hörmüzanın oğlu İmadiana verdilər. O, Übeydullahdan qisas almaq istədi. Camaat bunu etməməsi üçün onu dilə tutdu. İmadian dedi: “Onu mənim əlimdən heç kəs ala bilməz”. Camaat onun bu haqqını təsdiqlədi. Dedi: “Mən artıq onu bağışladım”.
Bunun doğruluğu barədə şübhə etmək olar. Belə ki, Əli hələ də Hörmüzana görə onu öldürmək istəyirdi. Bu səbəbdən Əli xəlifə olduqda Übeydullahın Şama qaçdığı deyilir. O, Siffində öldürülənədək Müaviyənin yanında idi. Onun Müaviyənin ordusunda öldürülməsində isə heç bir ixtilaf yoxdur”. ( əl-İsabə, İbn Həcər, c. 5, s. 43 )
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 3, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə