»»

İmam Məhdi (ə) sərdabədə gizlənib? - gülünc şübhəyə cavab

Haqq fikirləri və haqq tərəfdarlarını gözdən salmağın ən asan yollarından biri həqiqətləri təhrif etməkdir. Batil əhli haqqın yayılmasının qarşısını almaq üçün müxtəlif yalanlara əl atır, bununla da həqiqətləri avam və məlumatsız insanlardan gizlətməyə çalışırlar.

Təəssüflər olsun ki, müasir dövrümüzdə insanların əksəriyyəti gördükləri şeylərə ilk baxışda inanır, əldə etdikləri məlumatların doğruluğunu araşdırmağa gərək duymurlar. Əhli-beyt (ə) məzhəbi də batil əhlinin bu üslubuna görə bir çox haqsızlıqlara məruz qalmışdır. Tarix boyu Əhli-beytin (ə) həqiqi ardıcıllarına müxalif olan şəxslər ümumilikdə şiəlik və şiələrin əqidələri barədə müxtəlif iftiralar ataraq şiə məzhəbini gözdən salmağa səy göstəriblər. Bunun nəticəsidir ki, hələ də bəziləri şiələrin imamlara ibadət etdiklərinə, onların imamları ilahlıq mərtəbəsinə qaldırdıqlarına, elə şiələrin İmam Hüseyni (ə) şəhid etdiklərinə və s. kimi xürafələrə inanırlar. Bəziləri isə belə güman edib ki, şiələr Cəbrailin (ə) vəhyə xəyanət edərək onu İmam Əliyə (ə) yox, səhvən Həzrət Məhəmmədə (s) çatdırdığına inanırlar; buna görə də hər namazdan sonra “Cəbrail xəyanət etdi” deyərək dizlərinə vururlar. Məxsusən sosial şəbəkələrdə bu cür həqiqətə müvafiq olmayan iddiaları çox görürük. Məsələn, məhərrəm-səfər ayları yetişdikdə “Həzrət Hüseyni (ə) əslində şiələr öldürüb” başlıqlı məqalələr və videoçarxlar yayılmağa başlayır. Lakin ən acınacaqlısı isə bu cür iftiraların “alim”lər tərəfindən səsləndirilməsi, bu yalanların “elmi” kitablarda yer almasıdır. Həmin iftiralardan biri də budur: onlar öz kitablarında yazırlar ki, guya şiələr İmam Mehdinin (ə) İraqın Samirra şəhərində yerləşən evinin sərdabında gizlənməsinə etiqad edirlər. Onlar şiələrin İmamın (ə) orada qeybə çəkilib, həmin yerdən də çıxacağına inanmalarını qeyd edirlər. Hətta bəziləri Əhli-beyt (ə) ardıcıllarını ələ salaraq “onların imamları zirzəmidə gizlənib” deyirlər. Hərçənd ki bunun elə onlarla eyni əqidəni daşıyan alimlər tərəfindən iftira olaraq ortaya atıldığından xəbərləri yoxdur.

Qeyd edək ki, bu təsəvvürün və şübhənin sünni alimləri arasında mövcudluğuna ilk dəfə hələ hicri 336-413-cü illərdə yaşamış böyük alim Şeyx Müfidin “əl-Məsailus-Sağaniyyə” adlı kitabında rast gəlirik. Şeyx Müfidin sözlərindən anlayırıq ki, hələ hicri 340-cı ildə bu məsələ hənəfi bir alim tərəfindən səsləndirilmişdi. Hərçənd ki irəlidə də məlum olacağı kimi bu şey heç bir şiə alimi tərəfindən səsləndirilməmiş və heç bir şiə kitabında qeyd olunmamışır.[1]

Bu məqaləmizdə əslində bu fikrin şiə məzhəbinə müxalif olan alimlərin kitablarında yalan olaraq yazıldığını və Samirrada yerləşən sərdabın həqiqəti, şiələrin nəyə görə oranı ziyarət etdiklərini bəyan edəcəyik.

Əvvəla, onu deyək ki, sərdab dedikdə bir çox isti iqlimlərdə sərinləmək, həmçinin qədim zamanlarda tez xarab olan məhsulları qorumaq məqsədilə evin altında qazılan məkanı, zirzəmini nəzərdə tuturuq. İsti ölkələrə səfər edən şəxslər bu cür zirzəmilərin qədim dövrlərdə tikilmiş evlərdə indiyə qədər mövcud olduğunu görə bilərlər. Müasir dövrümüzdə isə sərinləşdirici qurğular və soyuducular ixtira olunduqdan sonra bu zirzəmilərə ehtiyac da aradan qalxmışdır.

İndi isə gəlin şiə məzhəbinə müxalif olan alimlərin qeyd etdiyimiz sərdab haqqında dedikləri fikirlərə baxaq. Qeyd edək ki, bu sərdabın İraqın Hillə məntəqəsində olduğu da qeyd olunmuşdur. Məsələn, İbn Xəldun “Müqəddimə”də, şiələrin imamət barədə əqidələri mövzusunda belə yazır:

يزعمون أن الثاني عشر من أئمتهم وهو محمد بن الحسن العسكري ويلقبونه المهدي دخل في سرداب بدارهم في الحلة وتغيب حين اعتقل مع أمه وغاب هنالك وهو يخرج آخر الزمان فيملأ الأرض عدلا يشيرون بذلك إلى الحديث الواقع في كتاب الترمذي في المهدي وهم إلى الآن ينتظرونه ويسمونه المنتظر لذلك ويقفون في كل ليلة بعد صلاة المغرب بباب هذا السرداب وقد قدموا مركبا فيهتفون باسمه ويدعونه للخروج حتى تشتبك النجوم ثم ينفضون ويرجئون الامر إلى الليلة الآتية وهم علي ذلك لهذا العهد

“On iki imamçı şiələr inanırlar ki, Mehdi ləqəbi verdikləri on ikinci imamları Məhəmməd ibn Həsən Əskəri anası ilə həbs olunduqda Hillədəki evlərinin sərdabına daxil olaraq gizlənmiş və oradan qeybə çəkilmişdir. (Guya) o, axır zamanda çıxacaq və dünyanı ədalətlə dolduracaq. Şiələr bununla Tirmizinin kitabında Mehdi haqqında gəlmiş hədisə işarə edirlər. Onlar indiyə qədər Mehdinin yolunu gözləyirlər. Buna görə də onu “Muntəzər”[2] adlandırmışlar. Hər gecə məğrib namazından sonra bir minik heyvanı gətirərək sərdabın qapısında dayanır və ulduzlar səmada görünənə qədər onun adını səsləyib, çıxması üçün çağırırlar. Daha sonra dağılışıb gedir, (bu işi) növbəti gecəyə qədər təxirə salırlar. Onlar bunu dövrümüzə qədər yerinə yetirirlər”.[3]

İbn Xəldunun bu sözləri müxtəlif yalan və böhtanlarla doludur. Bu isə onun Əhli-beyt (ə) və şiələrinə qarşı olan kinindən xəbər verir. Onun burada qeyd olunmuş xətalarını nəzərinizə çatdırırıq:

1. Onun ən birinci xətası elə İmam Mehdini (ə) inkar etməsidir. İmam Mehdinin (ə) zühuru Peyğəmbərdən (s) mütəvatir şəkildə nəql olunmuş, həm əhli-sünnə, həm də şiə məzhəbində qəbul edilən bir şey olmuşdur. Buna baxmayaraq, İbn Xəldun bu məsələni qəbul etmir və öz sahəsinə aid olmayan bir məsələdə fikir bildirərək özünü ifşa edir. Keçən əsrdə yaşamış “Şəmsul-əimmə”[4] ləqəbli misirli sünni alim Əhməd Məhəmməd Şakir İbn Xəldunun bu fikirləri haqqında belə yazır:

“İbn Xəldun isə bilmədiyi bir şeyin izini sürmüş və özünü əhli olmadığı bir işin içinə atmışdır. Məşğul olduğu siyasət, dövlət işləri və qulluq etdiyi hökmdarların xidməti ona güc gəlmiş, bu da Mehdi məsələsinin (yalnız) şiə əqidəsi olmağını güman etməsinə səbəb olmuşdur. Ya da bu cür güman etməsinə səbəb elə onun nəfsi (özü) idi...”[5]

Bu sözlərdən belə çıxır ki, İbn Xəldun ya hakim dairələrə aldanaraq onları razı salmaqdan ötrü bu fikirləri yazmış, ya da özünün cəhaləti ucbatından İmam Mehdi (ə) məsələsini inkar etmişdir.


[1] Müraciət et: Şeyx Müfid, Əl-Məsailus-Sağaniyyə, səh. 56.

[2] İntizarı çəkilən, gözlənilən (ərəb).

[3] İbn Xəldunun tarix kitabı (Əl-İbər və divanul-mübtədəi vəl-xəbər fi tarixil ərəbi vəl-bərbər), c. 1, səh. 199, “Daru-ihyait-turasil-ərəbi” mətbəəsi (Beyrut), 4-cü çap.

[4] İmamların günəşi (ərəb).

[5] Musnədul-İmam Əhməd ibn Hənbəl, Əhməd Məhəmməd Şakirin təhqiqi ilə, c. 3, səh. 492, “Darul-hədis” mətbəəsi (Qahirə), 1995.

 

 

2. Onun etdiyi səhvlərdən biri də İmam Mehdinin (ə) Hillədə anası ilə birlikdə həbs olunması barədə dedikləridir. İmamın (ə) anası ilə birlikdə həbs olunması açıq-aşkar yalandır, özü də Hillədə. Heç bir tarixçi və ya alim İmam Mehdinin (ə) həbs olunmasını və ya hökumət tərəfindən ələ keçirilməsini qeyd etməmişdir. Nə Hillədə, nə də başqa bir məntəqədə. Hərçənd ki onu (ə) ələ keçirmək üçün Abbasi hökuməti tərəfindən cəhdlər edilmişdi.

3. İbn Xəldunun şiələrin hər axşam Hillədəki sərdabın qapısına gedərək orada İmama səslənmələri barədə dedikləri isə iftiradan başqa bir şey deyildir. Bu isə onun şiə əqidəsinə qarşı gizli ədavətindən xəbər verir. Hətta bu gün hər hansısa bir şiədən Hillədə olan sərdab haqqında soruşsanız, sizə bunu ilk dəfə eşitdiyini deyər. Görünür, İbn Xəldun bunları yazmaqla şiə əqidəsini gözdən salmağa çalışıb. Şiə əqidəsi isə bu cür böhtanlardan və yalanlardan uzaqdır.

Samirradakı sərdab

Bir dəstə sünni alimi isə bu sərdabın Samirrada olduğunu yazmış və şiələrin imamlarını oradan gözlədiyini qeyd etmişdir:

Məhəmməd Əmin Bağdadi Suveydi:

“Şiələr onun Samirradakı sərdabda qeybə çəkildiyinə inanır”.[1]

İbn Teymiyyə:

 ومن حماقتهم أيضا: أنهم يجعلون للمنتظر عدة مشاهد ينتظرونه فيها، كالسرداب الذي بسامراء، الذي يزعمون أنه غاب فيه، ومشاهد أخر. وقد يقيمون هناك دابة - إما بغلة وإما فرسا وإما غير ذلك - ليركبها إذا خرج، ويقيمون هناك إما في طرفي النهار وإما في أوقات أخر من ينادي عليه بالخروج: يا مولانا أخرج، يا مولانا أخرج، ويشهرون السلاح ولا أحد يقاتلهم، وفيهم من يقوم في أوقات الصلاة دائما، لا يصلي خشية أن يخرج وهو في الصلاة فيشتغل بها عن خروجه وخدمته وهم في أماكن بعيدة عن مشهده، كمدينة النبي صلى الله عليه وسلم، إما في العشر الأواخر من شهر رمضان وإما في غير ذلك، يتوجهون إلى المشرق وينادونه بأصوات عالية يطلبون خروجه.

“Şiələrin axmaqlıqlarından biri də budur ki, onlar Müntəzər[2] üçün bir neçə yer qərar verib onu həmin yerlərdə gözləyirlər. Samirradakı sərdab kimi, hansı ki onlar imamın orada qeybə çəkildiyini güman edirlər. Samirradan başqa da digər yerlər qərar veriblər. Onlar bəzən orada at, qatır və s. kimi minik heyvanı saxlayırlar ki, imam çıxsa, ona minsin. Həmçinin səhər, axşam və ya günün digər vaxtlarında orada bir adam saxlayırlar. Həmin adam “Ey mövlamız, çıx! Ey mövlamız, çıx!” deyə imamı zühur etməsi üçün səsləyir. Habelə onlarla döyüşən biri olmadığı halda (ora gəlib) qılınclarını sıyırırlar. Şiələrdən bəziləri daim namaz vaxtlarında burada dayanır və namaz qılmır ki, birdən namazda olduğu halda imam zahir olar və namazla məşğul olduğuna görə imamın xürucuna və xidmətinə yetişə bilməz. Onlar Samirradan uzaq yerlərdə də olduqda, məsələn Peyğəmbərin (s) şəhərində olduqda, istər ramazan ayının son 10 günü, istərsə də digər vaxtlarda üzlərini şərqə tərəf çevirib uca səslə Mehdini səsləyir və onun zühur etməsini istəyirlər”.[3]

Məşhur “Pişəvər gecələri” əsərinin müəllifi “vaizlərin sultanı” ləqəbli Seyid Məhəmməd Musəvi Şirazi İbn Teymiyyənin bu sözünü nəql etdikdən sonra belə deyir:

“Çölün düzünə düşüb bu cür cəfəngiyyatlar uyduran bu adamın yalançı sözləri, saysız-hesabsız və gülünc iftiraları təəccüblü deyil. Amma bugünkü misirli, dəməşqli və s. alimlərə təəccüb edirik ki, onlar hər yerdə şiələrlə birgə həyat sürürlər; ələlxüsus, əhalisinin hamısının əhli-sünnə qardaşlardan təşkil tapdığı Samirra şəhərində; hətta həmin müqəddəs sərdabın xidmətçiləri belə hamısı sünnidirlər; lakin bununla belə məsələni onlardan araşdırmadan və böyük alimlərdən öyrənmədən İbn Teymiyyə kimilərinin cəfəngiyyatına tabe olmuş və bu qəbildən olan xürafatları və mənasız sözləri öz kitablarında dərc etmişlər”.[4]

İbn Həcər Heytəmi:

Məşhur “əs-Səvaiqul-muhriqə” kitabının müəllifi İbn Həcər də bu məsələni İbn Xəllikandan nəql edərək şiələrə nisbət verir. O, İbn Xəllikandan nəql edərək yazır ki, şiələr İmam Mehdinin Samirradakı sərdabdan çıxacağına etiqad edirlər. Hətta o bu şeylə şiələrin ağıl sahiblərinin yanında gülüş obyektinə çevrildiyini əlavə edir. Bunu nəql etdikdən sonra bu məsələdə şiələri tənqid edən bir şeir də qeyd edir.[5] Hərçənd ki bunun böhtan və yalandan ibarət olması məqalənin sonuna doğru bəlli olacaqdır.

Abdullah Qəsimi

20-ci əsrin əvvələrində yaşamış məşhur səudiyyəli vəhhabi müfəkkiri Abdullah Qəsimi şiələr əleyhinə yazdığı “əs-Sira beynəl-İslam vəl-vəsəniyyin” adlı kitabında bu məsələni qeyd edir. Qeyd edək ki, Abdullah Qəsimi əvvəllər sayılıb-seçilən vəhhabi dəvətçilərindən olsa da daha sonralar dindən çıxaraq ateist olmuşdur. O, adını çəkdiyimiz kitabda şiələri bütpərəstlərlə müqayisə edərək şiə məzhəbini tənqid etmişdir. Abdullah Qəsimi mövzu barədə belə yazır:

“Ən axmaq və ən kütbeyin şəxslər isə imamlarını sərdabda qeybə çəkənlərdir. Onlar öz imamları ilə birlikdə öz Quranlarını və müshəflərini də itiriblər. Hər gecə öz atları və eşşəkləri ilə imamlarını itirdikləri sərdaba gedib onu gözləyir, xüruc etməsi üçün onu səsləyirlər. Onlar bunu min ildən çoxdur ki edirlər”.

Mərhum Əllamə Əmini onun bu yalan dolu sözlərinə dair belə yazır:

“Ən pisi isə sərdab iftirasıdır. Baxmayaraq ki sünni müəllifləri bu iftiranı ondan qabaq yazıblar, lakin o, bir az da irəli gedərək şiələrin atlarla yanaşı eşşək də gətirdiklərini əlavə etmiş və bu adətin hər gecə baş verdiyini, min ildən çoxdur ki davam etdiyini iddia etmişdir. Halbuki şiələr İmamın (ə) sərdabdan qeybə çəkilməsinə inanmır; nə onlar İmamı (ə) qeybə çəkiblər, nə də ki İmam (ə) oradan zahir olacaq. Şiələrin hədislərlə dəstəklənmiş etiqadı bundan ibarətdir ki, İmam (ə) əzəmətli Məkkə şəhərində, Kəbə evinin qarşısında zühur edəcək. Onun sərdabdan zühur edəcəyini heç kim deməyib”.[6]


[1] Səbaikuz-zəhəb fi mərifəti qəbailil-ərəb, səh. 78, “Məktəbətul-elmiyyə” nəşriyyatı.

[2] İmam Mehdi (ə).

[3] Minhacus-sunnətin-nəbəviyyə, c. 1, səh. 44-45, naşir: İmam Məhəmməd ibn Səud universiteti, 1986.

[4] Seyid Məhəmməd Musəvi Şirazi, Şəbhaye-Pişavər, səh. 345, Tehran “Darul-kutubil-islamiyyə” nəşri,

[5] c. 2, səh. 482-483, “ər-Risalə” müəssisəsinin çapı (Livan), 1998.

[6] Əl-Ğədir, c. 3, səh. 308.

 

 

 

Bura qədər yazdıqlarımız sünni alimlərinin Samirra sərdabı haqqında dedikləri idi. İndi isə gəlin görək, Samirrada yerləşən bu sərdabın sirri nədir. Görəsən şiə alimlərindən hər hansısa biri İmam Mehdinin (ə) oradan qeybə çəkildiyini demişdirmi? Şiələr doğrudan da İmam Mehdinin (ə) oradan zühur edəcəyinə inanırlar?

Samirrada İmam Hadi və İmam Həsən Əskərinin (ə) qəbirlərinin və evlərinin yanında yerləşən bu sərdab şiələr arasında xüsusi bir dəyərə malikdir və bu günə qədər həmin yer ziyarət olunur. Həmin yerdə dəmirdən olan tarixi bir şəbəkə də mövcuddur. Hətta Mühəddis Nuri Abbasi xəlifəsi Nasirin də bu sərdaba şəbəkə qoydurduğunu qeyd edir.[1] Əslində həmin yer İmam Hadi, İmam Əskəri və İmam Mehdinin ibadət yeri və evlərinin bir hissəsi olmuşdur. Bu üç imam (ə) həmin yerdə namaz qılıb dua edərmişlər. Həmin sərdabın camaat tərəfindən üz tutulmasının səbəbi də məhz bu xüsusiyyətinə görədir. İndiyədək şiə alimlərindən və tarixçilərindən heç kəs İmam Mehdinin (ə) bu sərdabda qeybə çəkildiyini deməmişdir. Alimlərimizdən bəziləri məsələnin əslini bu cür izah edir ki, bəzi hədislərdə həmin sərdabı ziyarət edərkən bir sıra əməllərin və oradan İmam Mehdinin (ə) ziyarət[2] olunmasının müstəhəb olduğu nəql olunmuşdur.[3] Alimlərimiz də buna görə öz kitablarında İmam Mehdinin (ə) həmin sərdabda ziyarətinin müstəhəbliyini qeyd etmişlər. Məsələn Şəhid Əvvəl və Şeyx Məhəmmədhəsən Cəvahiri belə deyirlər: “İmam Mehdini (ə) Samirradakı məşhur sərdabda ziyarət etməyə təkid olunmuşdur”.[4] Həmçinin, məqalənin davamında da qeyd edəcəyimiz kimi, həmin yerdə İmam Mehdinin (ə) bir möcüzəsi də nəql olunmuşdur. Bütün bunlar isə həmin məkanın əzəmətinə dəlalət edir. Məhz buna görə də şiələr qədim dövrlərdən bu məkana məxsus bir ehtiram bəsləmiş, oranı ziyarətgaha çevirmişlər.

Bəzi ziyarət kitablarında həmin məkan “qeyb sərdabı” adı ilə qeyd olunmuşdur. Buna görə də bəziləri İmam Mehdinin (ə) oradan qeybə çəkildiyini təsəvvür ediblər. Lakin İmamın (ə) oradan qeybə çəkilməsi heç bir kitabda və heç bir hədisdə qeyd olunmamışdır.[5] Həmin məkanın isə nəyə görə “qeyb sərdabı” adlanması barədə danışacağıq.

Həmin məkanın “qeyb sərdabı” adlanmasının səbəbi

Mərhum Mühəddis Nuri “Kəşful-əstar” adlı kitabında sünni alimlərinin İmam Mehdinin sərdabda qeybə çəkildiyi barədə dedikləri bəzi sözləri qeyd etdikdən və onlara cavab yazdıqdan sonra belə qeyd edir:

“Hər nə qədər (mənbələrə) müraciət etməyimizə və araşdırmağımıza baxmayaraq Mötəzidlə bağlı olan hadisədən başqa onların bu barədə dedikləri şeyə (sərdab haqqında atdıqları şübhələrə) bir dəlil tapmamışıq. Hansı ki həmin hadisəni Nurəddin Əbdürrəhman Cami “Şəvahidun-nubuvvə” adlı kitabında da nəql etmişdir. Bu hadisə sünnilərin öz kitablarında öz sənədləri ilə nəql olunmuşdur. Lakin onlar hadisəni bu cür nəql ediblər:

Rüşeyq (Sahibul-Madəray) deyir: “(Abbasi xəlifəsi) Mötəzid[6] mənim də içində oldğum üç nəfəri Samirraya göndərdi... Samirraya çatdıqda (məhəllənin, evin) halının xəlifənin bizə dediyi kimi olduğunu müşahidə etdik. Evin eyvanında zənci bir qul gördük, onun əlində şalvar bağlamaq üçün bir ip var idi, onu hörürdü. Ondan ev barədə və evdə kimlərin olduğunu soruşduq. O ev sahibinin evdə olduğunu dedi. Allaha and olsun ki, o (heç) bizə diqqət etmir, demək olar bizə əhəmiyyət vermirdi. Bizə əmr edildiyi kimi evə girdik. Evdə pərdə çəkilmiş bir otaq var idi. Otağın qabağında elə bir pərdə asılmışdı ki indiyə qədər ondan gözəl bir pərdəyə baxmamışdım. Sanki onu toxuyanlar pərdədən yenicə əl götürmüşdülər. Evdə heç kəs yox idi. Biz həmin pərdəni qaldırdıqda sanki içində gölməçə olan bir otaq gördük. Otağın o başında bir həsir var idi. Həmin həsirin su üzərində olduğunu və üstündə görünüş baxımından insanların ən gözəli olan bir nəfərin olduğunu anladıq. Ayaq üstə dayanmış, namaz qılırdı. O nə bizə, nə də yaraq-yasağımıza diqqət yetirdi... Əhməd ibn Abdullah[7] irəli getdi ki, içəri daxil olsun. Lakin suda batdı...”[8]

Mühəddis Nuri kitabda hadisəni bura qədər nəql etməklə kifayətlənir. Biz isə hadisənin davamını qeyd etdikdə sonra Mühəddisin sözlərinə qayıdacağıq və aydın olacaq ki, nəyə görə bu məkan bəzi kitablarda “qeyb sərdabı” adı ilə keçir.

Bu hadisənin davamını Qütbüddin Ravəndi belə nəql edir ki, İmamın (ə) evinə gələn üç nəfərdən biri içində sanki gölməçə yaranmış gizli otağa daxil olmaq istədikdə suda batır, daha sonra dostunun köməyi ilə oradan xaric olur. Daha sonra ikinci şəxs içəri daxil olmaq istəyir. Lakin onun da cəhdi fayda vermir, suda batarkən özünü güclə xilas edir. Beləliklə, bu üç nəfər ev sahibindən üzr istəyərək geri qayıdıb baş verənləri Mötəmidə danışırlar. Mötəmid isə bu hadisəni heç kəsə nəql etməmələrini tapşırır və onları ölümlə hədələyir. Bir müddət sonra Samirraya birinci dəfə göndərdiyindən daha çox adam göndərir. Xəlifənin Samirraya gələn adamları yenə də evə gələrkən sərdabdan Quran tilavəti səsi eşidirlər. Bu zaman sərdabın qapısını tuturlar ki, İmam (ə) oradan çıxa bilməsin. Xəlifənin adamlarının başında gələn amir isə evin qarşısında dayanıb digər adamların çatmasını gözləyirdi. Bu zaman İmam (ə) sərdabın qapısından çıxan yolla qalxıb gedir. Bir azdan amir onların yanlarına gəlib onlara əmr verir ki, sərdaba daxil olub İmamı (ə) tutsunlar. Qapıda dayananlar isə amirdən “Məgər o sənin yanından keçmədi?” – deyə soruşdular. Amir onlara onu nədən tutmadıqlarını soruşduqda onlar dedilər: “O gəlib sənin yanından keçdi, sən isə onu tutmağımızı əmr etmədin”. Amir isə onu görmədiyini dedi. Bu zaman xəlifənin adamları qorxaraq geri qayıtdılar. Daha sonra başqa bir dəstə evi yoxlamağa gəldi. Gələn adamlar İmamın (ə) sərdabın sonunda dayandığını müşahidə etdilər. Bu zaman İmam (ə) əlini divara yaxınlaşdırır və divar yarılır, nəticədə İmam (ə) oradan çıxır.[9] Bu, Mühəddis Nurinin “Kəşful-əstar” kitabında hənəfi alimi Əbdürrəhman Caminin kitabından nəql etdiyi hadisənin davamı idi. Bizim kitablarda İmamın (ə) sərdabda qeybə çəkilməsi ilə bağlı bu hadisədən başqa bir şey yoxdur. Bu hadisə isə elə əhli-sünnədən olan Caminin kitabında öz sənədləri ilə nəql olunub. Buna görə Mühəddis belə yazır:


[1] Kəşful-əstar, səh. 192, Həzrət Abbasın hərəminin nəşri.

[2] Qeyd edək ki, burada ziyarət dedikdə həmin yerdə İmam Mehdiyə (ə) salam vermək, ziyarətnamə oxumaq nəzərdə tutulur. Bu, İmamın (ə) fiziki olaraq orada olması demək deyil. Bu şey, yəni salam vermək və ziyarətnamə oxumaq hər bir vaxt və hər bir yerdə müstəhəbdir. Həmin sərdabda isə bu müstəhəblik daha təkidlidir. Necə ki bunu Şəhid Əvvəl ləqəbi ilə tanınmış Şeyx Məhəmməd ibn Məkki və məşhur “Cəvahirul-kəlam” kitabının müəllifi, böyük fəqih Məhəmmədhəsən Cəvahiri qeyd ediblər.

[3] Seyid Möhsin Əmin, Əl-Burhan əla vucudi Sahibiz-zaman, səh. 169-170.

[4] Əd-Durus, c.2, səh. 16; Cəvahirul-kəlam, c. 20, səh. 100.

[5] Seyid Möhsin Əmin, Əl-Burhan əla vucudi Sahibiz-zaman, səh. 170.

[6] Nüsxələrdə xəlifənin adı Mötəzid olaraq keçir. Lakin zahirən bu Mötəmid sözünü yazarkən nüsxə köçürənlərin etdiyi səhvdən qaynaqlanır. Çünki Mötəzidə 279-cu ildə Mötəmid öldüyü gün beyət olunmuşdur. 

[7] Mötəmidin göndərdiyi üç nəfərdən biri.

[8] Mühəddis Nuri, Kəşful-əstar, səh. 402.

[9] Qütbüddin Ravəndi, Əl-Xəraic vəl-cəraih, c. 2, səh. 943; Əllamə Məclisi, Biharul-ənvarda Əl-Xəraicdən nəqlən, c. 52, səh. 52

Qeyd edək ki, Mühəddisin Əbdürrəhman Caminin kitabından nəql etdiyi hadisə Əl-Xəraicdə, c. 1, səh. 460, Kəşful-ğummə, c. 4, səh. 2000, İsbatul-hudat, c. 5, səh. 312, Əl-Ğeybə (Tusi), səh. 247-də və başqa üç kitabda da zikr olunmuşdur. Lakin bunların heç birində sərdab sözü keçməmişdir.

 

 

 

“Caminin nəql etdiyi hadisədə heç “sərdab” sözü keçmir. Sadəcə Ravəndi bu hadisəni nəql edir və daha sonra isə başqa bir yerdə deyir...[1] Görünən odur ki, sərdabın ziyarət kitablarında, bəzi alimlərin dilində “qeyb sərdabı” adı ilə adlanmağına səbəb elə bu hədis olub. Ya da ki bu cür adla tanınmağın ağlımıza gələn səbəbdən başqa bir səbəbi var. O da sünni alimlərinin (yalandan) şiələrə nisbət verdiyi şeydir. Hansı ki onlar deyirlər ki, İmam (ə) anası ona baxan halda sərdaba daxil olmuş, orada qeybə çəkilmişdir. Buna dair isə bizim kitablarımızda nə bir iz, nə də buna dəlalət edən bir şey var. Düzdür, Peyğəmbəri (s) və imamları (ə) ziyarət etməyin necəliyi barədə şiələrin tərtib etdikləri bəzi kitablarda bir ziyarətnamə var, hansı ki İmam Mehdi (ə) sərdabda həmin ziyarətnamə ilə ziyarət olunur.[2] Lakin bunların heç birində onların şiələrə nisbət verdikləri şeyə bir dəlil və ya işarə yoxdur”.[3]

Buradan məlum olur ki, şiə kitablarında bu sərdabla bağlı bəzi əməllər və həmin yerdə İmam Mehdi (ə) üçün müəyyən ziyarətnamələr oxumaq barədə mətnlər nəql olunmuşdur. Lakin bunların heç birində İmam Mehdinin (ə) oradan qeybə çəkilməsinə, orada yaşamasına və ya oradan zühur edəcəyinə dair sözlər mövcud deyil. Düzdür, bəzi kitablarda İmam Mehdi (ə) ilə bağlı həmin sərdabda baş vermiş möcüzə nəql olunur. Hansı ki həmin möcüzələrdə İmam (ə) sərdabın divarını yararaq çıxır və ya Abbasi hökumətinin amirlərindən birinin qarşısından qeybi-möcüzəvi şəkildə keçir. Elə buna görə də bəziləri bu sərdaba “qeyb sərdabı” deyiblər. Bu isə İmamın (ə) qeybinin orada başlaması və ya oradan qeybə çəkilməsi ilə bağlı deyil.

“Pişəvər gecələri” əsərinin müəllifi Seyid Məhəmməd Musəvi Şirazi də həmin yerin “qeyb sərdabı” adlanmasını Mötəmidin adamları həmin yerə gəldikdə orada baş vermiş möcüzə ilə əlaqələndirir. Belə ki o, Məhəmməd Mərdux adlı sünni aliminin iftiralarına cavab verərkən yazır:

“Mərdux “Nidaye-ittihad” kitabının 26-cı səhifəsində İmam Mehdinin (ə) mövcudluğunu inkar edir və deyir ki, şiələr İmamın (ə) uşaqlıqda Samirradakı su çuxurunda gizləndiyinə inanırlar. Sonra da həmin sərdabdan çıxacaq və dünyanı haqq-ədalətlə dolduracaq.  Bu utanmaz, küstah, yalançı və hiyləgər şeyx bu açıq-aşkar yalanı yazarkən xəcalət çəkmədimi? Bir kitab göstərməyə gücü yetmədimi (heç yetə də bilməzdi) ki, həmin kitabda İmam Mehdinin (ə) su çuxurunda gizləndiyini və oradan da zahir olacağı nəql olunsun? Halbuki tarix və hədis alimləri yazırlar ki, Abbasi xəlifəsi Mötəmid İmam Həsən Əskəri (ə) dünyadan köçdükdən sonra eşidir ki, bir uşaq evin daxilindən gəlib Cəfərə[4] “Ey əmi, geri çəkil” deyərək onu İmam Əskərinin (ə) cənazəsinin yanından uzaqlaşdırır və özü o Həzrətə (ə) namaz qılır. Bu zaman Mötəmid dərhal əmr verir ki, Həzrət Mehdini (ə) gətirsinlər. Mötəmidin adamları evə gəldikdə görürlər ki, mənzilin sərdabı su ilə dolub və sərdabın sonunda İmam Mehdi (ə) namaz qılır. Suya görə Həzrətin yanına gedə bilmirlər deyə bunu xəlifəyə xəbər verirlər. Xəlifə isə əmr edir ki, sərdabın tavanını Həzrətin (ə) başına uçursunlar. Elə ki tavanı dağıtmağa başlayırlar, görürlər ki, Həzrət (ə) sərdabda deyil. Buna görə də bura “qeyb sərdabı” adı ilə məşhur olur. Yəni o Həzrət (ə) orada (xəlifənin adamlarının gözündən) qeybə çəkilib, nəinki o sərdabda gizlənmiş və oradan da zühur edəcək. Əksinə, şiə alimlərinin və böyük əhli-sünnə alimlərinin icması var ki, o Həzrət (ə) zühur vaxtı əzəmətli Məkkədən parlayacaq və bütün dünyanı haqq ədalətlə dolduracaq”.[5]

İndi isə gəlin şiə alimlərinin bu böhtan barədə dedikləri digər sözlərə nəzər yetirək:

Mühəddis Nuri

“Onlar deyirlər ki, şiələrin Mehdisi anası ona baxan halda sərdaba daxil olmuş, orada qeybə çəkilmiş və indiyə qədər qayıtmamışdır. Biz isə onlara deyirik ki, ey zəmanəmizin alimləri və dövrümüzün hafizləri, şiə alimlərinin İmam Mehdinin (ə) doğulmasından qabaq indiyə qədər yazdıqları kitabları və əsərləri ortadadır. Bu kitablar sizin əlinizin altında, yanınızdadır və ya əldə edə bilərsiniz. Böyük alimlər bir kənara, hətta ən kiçik şiə aliminin belə bir kitabında şiələrə nisbət verilən bu şeyi göstərin... Hər nə qədər (mənbələrə) müraciət etməyimizə və araşdırmağımıza baxmayaraq Mötəzidlə bağlı olan hadisədən başqa onların bu barədə dedikləri şeyə (sərdab haqqında atdıqları şübhələrə) bir dəlil tapmamışıq. Hansı ki həmin hadisəni Nurəddin Əbdürrəhman Cami “Şəvahidun-nubuvvə” adlı kitabında nəql etmişdir. Bu hadisə sünnilərin öz kitablarında öz sənədləri ilə nəql olunub”.[6]

“Ən-Nəcmus-saqib”də isə bu cür yazır:

“Müxaliflərimiz bizə böhtan ataraq deyirlər ki, şiələr İmam Mehdinin (ə) sərdabda qeybə çəkildiyinə, indiyə qədər orada qaldığına və oradan zühur edəcəyinə etiqad edirlər”.[7]


[1] Buradan sonra Mühəddis hadisənin yuxarıda qeyd etdiyimiz davamını Ravəndidən müxtəsər şəkildə nəql edir. Hadisənin Ravəndinin qeyd etdiyi davamını yuxarıda qeyd etdiyimiz üçün yenidən gətirmədik. Sərdab sözü yalnız Ravəndinin bu hadisənin davamında nəql etdiyi yerdə keçir. Burada isə İmamın (ə) qeybinin orada başlaması, oradan qeybə çəkilməsi və oradan zühur etməsi barədə bir şeyə işarə yoxdur.

[2] İbn Məşhədinin Məzar kitabı, səh. 586-589; Misbahuz-zair, səh. 418-460, Şəhid Əvvəlin Məzar kitabı, səh. 203-208 və başqa kitablarda. Bundan öncə də Şəhid Əvvəl və Məhəmmədhəsən Cəvahiridən bu ziyarətnamə ilə bağlı sözləri nəql etmişdik.

Faydalı qeyd: Məzar adlı kitablar şiə alimlərinin məsumları ziyarət etməyin necəliyi və bu ziyarətlərin fəzilətləri haqqında yazdıqları kitabların ümumi adıdır. Ən məşhurlarına misal olaraq İbn Məşhədinin, Şeyx Müfidin, Şəhid Əvvəlin, Seyid İbn Tavusun və s. kimi alimlərimizin məzar kitablarını nümunə çəkmək olar. Böyük mühəqqiq Şeyx Ağabozorg Tehrani bu kitabları əz-Zəriənin 20-ci cildində, səhifə 216-dan 225-ə qədər zikr etmişdir.

[3] Mühəddis Nuri, Kəşful-əstar, səh. 402.

[4] Cəfəri-kəzzabdan söhbət gedir. O, İmam Hadinin (ə) oğlu, İmam Həsən Əskərinin (ə) qardaşı idi. İmam Həsənin (ə) şəhadətindən sonra yalandan imamət iddiası etdiyinə görə “kəzzab”, yalançı ləqəbi ilə məşhurlaşmışdır.

[5] Seyid Məhəmməd Musəvi Şirazi, Şəbhaye-Pişavər, səh. 32.

[6] Həmin mənbə, səh. 403.

[7] Mühəddis Nuri, Ən-Nəcmus-saqib, səh. 647

 

 

 

Mühəddis həmin kitabda bu böhtana cavab olaraq belə qeyd edir:

“Onların şiələrə İmamın (ə) qeybinin əvvəlindən indiyədək sərdabda olması barədə nisbət verdikləri şey yalnız və yalnız yalan, böhtan və iftiradan ibarətdir. Hətta firqələrin çoxluğuna, fikirlərin müxtəlifliyinə və cahillərin elm meydanına daxil olmasına baxmayaraq, nə bir kitabda, nə bir şeir və ya nəsrdə görülməyib, heç bir cahil hər hansısa bir yerdə ehtimal verməyib ki, İmam (ə) (qeyb dövründə) əvvəldən axıra qədər orada qalacaq. Əksinə, imamət barədə yazılmış kitabların hamısındakı hədislərdə, xəbərlərdə və rəvayətlərdə kiçik qeyb dövründə İmamın (ə) (özü) tərəfindən təyin olunmuş vəkillərinin və naiblərinin olması açıq-aşkar qeyd olunub. Hansı ki onlar şəri haqları İmamın (ə) adından yığar və İmamın (ə) göstərişləri əsasında həmin haqları sərf edərdilər. İmam Mehdi (ə) onlara əmrlər verir, onları bəzi şeylərdən çəkindirir, onlara məktublar göndərirdi. Həmin naiblər və digər şəxslər müəyyən yerlərdə İmamla (ə) görüşürdülər. Böyük qeyb dövrünə gəlincə isə bu dövrdə onun məkanı hər bir şəxsə gizlidir. Lakin o, həcc mövsümündə iştirak edir, bəla və çətinlik anlarında öz dostlarına kömək edir. Onlardan bəzilərini zikr etmişik. İmamın (ə) sərdabda olması necə iddia oluna bilər? Bir halda ki şiələr bayramlarda və cümə günündə məşhur “Nüdbə” duasında oxuyurlar: “Kaş harada məskən saldığını biləydim. (Kaş biləydim ki) səni üzərində daşıyan yer hansı yerdir, ya hansı torpaqdır. Rəzvada, ya başqa yerdə, yoxsa Zi-tuvadasanmı?” Həmçinin xütbələrində və İmamın (ə) ləqəblərini zikr edərkən deyirlər: “Gözlərdən qeybdə olan, məmləkətlərdə yaşayan, hansı ki Allahın örtüklü evində (Məkkədə) zahir olacaq”... Xülasə, ey kaş Zəhəbi bütün bu iddia etdiyi mərifəti və dəyanəti ilə şiə kitablarından (sərdab haqqında dedikləri şeylər olan) bir yerə işarə edərdi ki, filan alim filan kitabda yazıb. Necə ki bu cür etmək şiələrin adətidir. Şiələr müxaliflərə irad edərkən müəllifi, kitabı, babı və fəsli qeyd edirlər. Bu böhtanına və iftirasına baxmayaraq o şiələrə yalan isnad verir. Özü isə belə güman edir ki, süddən çıxmış ağ qaşıqdır. Nə utanır, nə də xəcalət çəkir”.[1]

Seyid Sədrəddin Sədr

Əllamə Sədrəddin Sədr özünün “əl-Mehdi” adlı kitabında belə yazır:

“Əhli-sünnə alimlərinin bir çoxunun (sərdab haqqında) bizə nisbət verdikləri şeyin dəlili nədir bilmirəm, buna dair bu sənədə də rast gəlməmişəm”.[2]

Mühəqqiq İrbili

“İmam Mehdinin (ə) mövcud olduğuna inananlar onun sərdabda olmasını demirlər. Əksinə, bunu nəzərdə tuturlar ki, İmam (ə) mövcuddur, yaşayır, bir yerdən başa bir yerə gedir və yer üzərində dolanır”.[3]

Əllamə Əmini

Abdullah Qəsiminin iftirasını qeyd edərkən Əllamə Əmininin bu barədə fikrini də təqdim etmişdik. Əllamə həmin sözlərə əlavə olaraq bunları da yazır:

“Kaş ki sərdab haqqında yalan uyduranlar bu yalanda bir rəy üzərində cəm olaydılar. Bununla da (bəlkə) həmin yalanın iftira olduğu üzə çıxmaz və onları biabır etməzdi...”

Qeyd etmişdik ki, bəziləri bu sərdabın Hillədə, bəziləri Samirrada, bəziləri isə Bağdadda olduğunu iddia ediblər. Əllamə də yuxarıdakı sözləri ilə bu məsələyə işarə edir və bildirir ki, bu barədə hərənin bir söz deməsi elə bunun yalan olmasına işarə edir.

Bütün bunlardan aydın olur ki, İmam Mehdinin (ə) sərdabda qeybə çəkildiyini və ya orada yaşadığını, oradan zühur edəcəyini deyən bir şiə alimi belə mövcud deyil. Əksinə, bu elə bəzi təəssübkeş sünni alimlərinin özlərindən çıxardıqları bir iftira olmuşdur. Bu iftiralar isə məzhəb təəssübkeşliyindən və ya cəhalətdən irəli gəlir, eyni zamanda şiə məzhəbini gözdən salmağa xidmət edir. Təəssüf ki, bəzi avam insanlar da bu cür iftiraların qurbanı olur.

“Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız!” (Nəhl, 56).

Baqir Cəfəri

Besiret.az


[1] Həmin mənbə, səh. 648.

[2] Səh. 155.

[3] Kəşful-ğummə, c. 3, səh. 296.

Рейтинг

В этом разделе