»»

Osman ibn Əffan Allah Rəsulunun (s) qızını öldürdü?

İhsan Zahir şiələrə nəyisə isbatlamağa çalışır. Bu zaman səbəbi qohumluğa da şiələrin öz kitablarından dəlil təqdim etməlidir.

Lakin şiə mənbələrində Osmanın kürəkənlik nəticəsində yaranmış olan səbəbi qohumluğu ilə bağlı nəql edilənlər Peyğəmbərə (s) və onun ailəsinə qarşı zülmlərini qeyd edir. Belə ki, Əhli-Beyt imamlarından (ə) rəvayət olunur ki, Peyğəmbərin (s) qızını öldürən şəxs məhz Osmanın özüdür. Şeyx Kuleyni “əl-Kafi” kitabında Əbu Bəsir sənədilə nəql edir: “İmam Sadiqə (ə) dedim: “Qəbir sıxıntısından kimsə azad olubmu?” Buyurdu: “Qəbir sıxıntısından Allaha pənah aparırıq! Bundan çox az adam qurtulub. Osman Rüqəyyəni öldürdükdə Peyğəmbər (s) onun qəbrinin başında dayanıb üzünü səmaya qaldırdı, gözləri yaşardı. Camaata səsləndi: “Mən bu qəbirdəkini və onun yaşadıqlarını xatırlayır, onun üçün bir asanlıq diləyir və qəbir sıxıntısından amanda olmağı ona hədiyyə etmək istəyirəm. İlahi, mənə xatir Rüqəyyəni qəbir sıxıntısından azad et!” Və Allah bunu ona bəxş etdi”. ( əl-Kafi, Şeyx Kuleyni, c. 3, s. 236 )

Həmçinin “əl-Kafi”də İmam Sadiqdən (ə) belə buyurduğu rəvayət olunur: “...Peyğəmbər (s) Əlini (ə) çağırıb buyurdu: “Qılıncını götür, Əmmar və başqa bir şəxslə bərabər filan ağacın altında olan Müğeyrə ibn Əbülası tapın”. Əli (ə) oraya gedib Müğeyrəni tapıb öldürdü. Osman “Onun yerini atana sən xəbər verdin!” deyərək Peyğəmbərin (s) qızını ölümcül döyüb atasının yanına göndərdi. Qız onun etdiklərindən şikayətləndi... Atasını gördükdə ağlamaq səsi yüksəldi. Peyğəmbərin (s) də gözləri dolub ağladı. Onu evinə aldı. Kürəyindən paltarını götürdükdə zərbələrin yerlərini gördü. Üç dəfə “Allah onu öldürsün! Səni niyə belə ölümcül hala salıb?!” deyə fəryad etdi. Həmin gün həftənin bazar günü idi. O gecəni Osman evində kənizləri ilə eyş-işrətdə keçirdi. Həftənin birinci və ikinci gününü qız atasının evində qaldı, dördüncü gün vəfat etdi. Cənazəsi dəfn üçün hazır olduqda Peyğəmbər (s) Fatiməyə göstəriş verib möminlərin qadınları ilə birlikdə dəfn üçün çıxmalarını buyurdu. Osman da cənazəni müşayiət etmək üçün çıxdı. Peyğəmbər (s) onu gördükdə üzünü camaata tutub buyurdu: “Kim gecəni öz xanımları və kənizləri ilə keçiribsə, cənazəni müşayiət etməsin!” Bunu üç dəfə təkrarladı. Heç kəs oradan ayrılmadı. Dördüncü dəfə təkrarlayaraq buyurdu: “Ya həmin şəxs buradan ayrılsın, ya da mən onun adını çəkəcəyəm”. Bu vaxt Osman köləsinə söykənmiş və qarnını tutmuş halda yaxınlaşıb dedi: “Ya Peyğəmbər, mənim qarnım ağrıyır, əgər izn versən mən buradan ayrılaram”. Peyğəmbər (s) “Get!” deyə buyurdu”. (əl-Kafi, Şeyx Kuleyni, c. 3, s. 251-253)

Əhli-Sünnə rical alimlərinin Yunus ibn Xəbbabın tərcümeyi-halında yazdıqları sözlər də bunu təsdiqləyir. Onların sözlərinə əsasən, Yunusun fikrincə, Osman Peyğəmbərin (s) iki qızının da qatilidir. İbn Ədiy Yunus ibn Xəbbabın tərcümeyi-halında "Əbbad ibn Əbbad Mihləbiyə istinadən yazır: “Əhvəzdə Yunus ibn Xəbbabla qarşılaşdım və onun belə dediyini eşitdim: “Osman Peyğəmbərin (s) iki qızını da öldürüb”.(əl-Kamil, Abdullah ibn Ədiy, c. 7, s. 172; Mizanul-itidal, Zəhəbi, c. 4, s. 480 ) Başqa kəlmələrlə: “Yunus ibn Xəbbabın belə dediyini eşitdim: “Osmanın Peyğəmbərin (s) iki qızını da öldürdüyünə şahidlik edərəm”. (əl-Kamil, c. 7, s. 172)

Yunus ibn Xəbbab Əhli-Sünnənin nəzərində hədis nəql etməkdə etibarlı (siqə) və doğru danışan şəxsdir. Yunusu zəif sayanlar isə onun Osmana qarşı bu düşüncələrinə əsasən belə hökm veriblər. İcli onun adını “əs-Siqat” (“Etibarlılar”) kitabında qeyd edib.(Mərifətus-siqat, İcli, c. 2, s. 377)

Hafiz ibn Həcər “Təqribut-təhzib”də yazır: “Yunus ibn Xəbbab Üseydi, doğru danışandır, xəta da edib. Rafizilikdə ittiham olunub. Altıncı təbəqədəndir”. (Təqribut-təhzib, İbn Həcər, c. 2, s. 348)

“Təhzibut-təhzib”də onun tərcümeyi-halında yazılıb: “Saci deyir: “Hədis söyləməkdə doğru danışandır. Bəzi mənfi fikirlərinə görə barəsində pis sözlər danışılıb”. Əhməd ibn Hənbəl deyir: “Rəyi pis idi”. İbn Muin deyir: “Etibarlı (siqə) idi, Osmanı söyürdü”. İbn Şahin “əs-Siqat”da yazır: “Osman ibn Əbu Şeybə deyir: “Yunus ibn Xəbbab etibarlı (siqə) və doğru danışan şəxsdir”... Əbu Davud: “Onun hədislərində inkar olunan mətləblər yoxdur. Yalnız qəbir əzabı ilə bağlı hədisə “Əli vəlidir” sözlərini əlavə edib”. (Təhzibut-təhzib, İbn Həcər, c. 11, s. 385)

Yunusun Osmana qarşı tutduğu mövqe səbəbindən zəif hesab edilməsini təsdiqləyən amillərdən biri də İbn Həcərin “Təhzibut təhzib”dəki sözləridir: “Hakim Əbu Əhməd deyir: “Yəhya və Əbdürrəhman onu tərk etmişlər və biz də bunu alqışlamışıq. Çünki o, Osmanı söyürdü. Bir səhabəni söyən şəxs rəvayət nəql edilməməyə layiqdir”. (Təhzibut-təhzib, İbn Həcər, c. 11, s. 385)

Duri Yəhya ibn Muindən nəql edir: “Yunus ibn Xəbbabdan Əbbad ibn Əbbad hədis eşidib. O, Osmanı pisləyir və deyirdi: “Osman Peyğəmbərin (s) iki qızını öldürüb”. Mən bunu Əbbaddan eşitməmişəm”.(Tarixu İbn Muin, Duri, c. 2, s. 58)

İbn Ədiy “əl-Kamil”də Əhməd ibn Səd ibn Əbu Məryəmdən nəql edir: “Yəhya ibn Muindən Yunus ibn Xəbbab haqqında soruşdum. Onu zəif sayıb dedi: “Rafizilik edirdi”. (əl-Kamil, Abdullah ibn Ədiy, c. 7, s. 172)

Abdullah ibn Hənbəl atasından nəql edir: “Ondan Yunus ibn Xəbbab barədə soruşdum, dedi: “Rəyi pis idi”. Dedim: “Bəs hədisləri necədir?” Dedi: “Əbbad bizə ondan hədis nəql edib”.(əl-İləl, Əhməd ibn Hənbəl, c. 1, s. 419)

Deməli, Yunus ibn Xəbbab hədis rəvayət etməkdə etibarlı (siqə) şəxsdir. Buxari “əl-Ədəbul-mufrəd”də, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə ondan öz kitablarında hədis nəql ediblər. üzərinə basılması icazəli olmayan qırmızı xətlərdir. Onların nəzərində bir ravinin etibarlı (siqə) olmasına baxmayaraq, bu cür etiqadı onun hədislərinin rədd edilməsinə və özünün də zəif sayılmasına kifayət edir. 

Yunus ibn Xəbbab onların nəzərində etibarlı (siqə) və doğru danışan şəxsdir. Lakin Əhli-Beytin (ə) vilayəti ilə bağlı kiçik bir şey rəvayət etdiyi təqdirdə anındaca bunu hədisə onun əlavə etdiyinə hökm verirlər.

Bu halı vəsiliklə bağlı hədislərdə də müşahidə etdik. Belə ki, Qeys ibn Minah onların nəzərində etibarlı şəxsdir, lakin Peyğəmbərdən (s) İmam Əlinin (ə) vəsiliyi ilə bağlı hədis nəql etdikdə, heç nəyə fikir vermədən həmin hədisə etina edilməyəcəyinə hökm verirlər.

Əhli-Beytlə (ə) bağlı digər məsələlərdə də vəziyyət belədir. Əhli-Sünnə hafiz və hədisşünaslarının nəzərində bir ravinin etibarına baxmayaraq, cızılmış qırmızı xətləri keçməyə əsla izn verilmir. Bu qırmızı xətlərdən ən əhəmiyyətlisi Əhli-Beytin (ə) vilayət və xilafəti, eləcə də səhabələrin ədalətidir. Buna əsasən, həmin cəhətlərin araşdırılması qapısını möhkəm bağlamışlar. Hədislərə qarşı tutduqları bu mövqe ilə onlar məsələlərin həqiqətini necə öyrənəcəklər?!

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 3, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

 

Рейтинг

В этом разделе