İhsan Zahirin iddiasına görə, Əhli-Beyt (ə) nümayəndələri Osmanı tərifləyirdilər. Bu iddiaya isə Şeyx Səduqa, Şeyx Kuleyniyə, Əllamə Məclisiyə, İmam Həsən Əskəriyə istinad edilən təfsirə, Məsudinin “Tarix”inə nisbət verdiyi rəvayətləri dəlil göstərir. İhsan Zahir deyir:
“Peyğəmbər (s) onu (Osmanı) özünə nisbətdə qəlb kimi təqdim edir. Ondan rəvayət edilən xəbərdə deyilir: “Əbu Bəkr mənə qulaq, Ömər göz, Osman isə qəlb nisbətindədir” (Uyunu-əxbarir-Rza, c. 1, s. 303, Tehran çapı).
Xoş Osmanın halına ki, Peyğəmbər (s) onu özünə qəlb nisbətində tutur. Bunu Peyğəmbərdən (s) nəvəsi, Cənnət qadınlarının seyyidəsi Fatimənin oğlu Hüseyn ibn Əli (Uyunu-əxbarir-Rza, c. 1, s. 303), eləcə də Həsən ibn Əli (“Təfsirul-Həsən Əskəri” və “Məanil-əxbar”, s. 110) nəql ediblər.
Həsəndən, Hüseyndən və ataları Əli ibn Əbu Talibdən (r) savayı digər Əhli-Beyt nümayəndələri də Osmanı mədh edən sözlər işlətmişlər. Kuleyni onların nəzərində altıncı məsum imam olan Cəfər ibn Baqirdən Osmanın mədhilə, onun və yoldaşlarının Cənnətlə müjdələnməsi ilə bağlı belə rəvayət edir: “Günün əvvəlində səmadan bir carçı belə nida edər: “Həqiqətən də, Əli (ə) və şiələri qələbə çalanlardır!” Günün sonunda isə başqa bir carçı belə səslənər: “Bilin və agah olun ki, qalib gələnlər Osman və şiələridir!” (əl-Kafi fil-furu, c. 8, s. 209)
Cəfər həmçinin Osmanın Peyğəmbər (s) yanındakı məqamını, etibarını, onun əvəzinə naib olduğunu, Peyğəmbərə (s) ixlas və vəfalılığını da Osmanı digərlərindən ayıracaq məziyyətləri sadalayarkən qeyd edir. Həmçinin Osmanın əvəzinə Peyğəmbər (s) bir əlini uzadıb digərinə vurmaqla onun beyətini özü qəbul etmişdi. Bütün bunlar Hüdeybiyyə sülhü hekayəsində nəql edilir. Peyğəmbər (s) Osmanın ardınca adam göndərərək buyurdu: “Öz imanlı yoldaşlarının yanına get, Məkkənin tezliklə fəthilə bağlı onlara müjdə ver. Bu, mənə Rəbbim tərəfindən vəd olunub”.
Osman yolda Aban ibn Sədlə görüşdü. Bu səbəbdən bir az yubandı. Sonra yoluna davam edib müşriklərin yanına gəldi, söylənənləri onlara xəbər verdi. Bu zaman mübahisə yarandı. Süheyl ibn Əmr Peyğəmbərin (s), Osman isə müşriklərin düşərgəsində idi. Bu vaxt Peyğəmbər (s) müsəlmanları beyətə səslədi. Bir əlini digər əlinə vuraraq Osmanın yerinə də beyət etdi. Müsəlmanlar dedilər: “Xoş olsun Osmana! O, Kəbəni təvaf etmiş, Səfa və Mərvənin arasında səy eyləmiş və ehramdan çıxmışdır”. Peyğəmbər (s) buyurdu: “Xeyr, o, bunları etməyib”.
Osman qayıtdıqda Peyğəmbər (s) ondan Kəbəni təvaf edib etmədiyini soruşdu. Osman dedi: “Peyğəmbər (s) təvaf etmədən mənim təvaf etməyim doğru olmaz”. Ardınca da baş verənlər haqqında danışmağa başladı” (ər-Ravzatu minəl-Kafi, c. 8, s. 325 326).
Məgər Məscidul-həramın ərazisinə daxil olub, ağası və mövlası Peyğəmbər (s) təvaf etmədiyi üçün özü də təvaf etməyən şəxsin itaət və sədaqətinə şübhə ola bilərmi?!
Buna bənzər rəvayəti Əllamə Məclisi “Həyatul-qulub”da nəql edib: “Müşriklərin Osmanı öldürdükləri xəbəri Peyğəmbərə (s) yetişdikdə: “Osmanın qatilləri ilə savaşmadan yerimdən tərpənən deyiləm” buyurub ağaca söykəndi, Osmanın əvəzinə özü-özünə beyət etdi”. Ardınca da hadisəni tam şəkildə nəql edir (Həyatul qulub, c. 2, s. 424, Tehran çapı).
Bu məzlum şəhid üçüncü rəhbərdir (ra.)”. (Şiə və Əhli-Beyt, s. 141-142)
Başqa bir yerdə isə deyir: “Peyğəmbərin (s) əmisi oğlu Abdullah ibn Abbas deyirdi: “Allah Əbu Əmrə rəhmət etsin. Xadimlərin ən hörmətlisi, yaxşılıq edənlərin ən üstünü idi, gecələri oyaq qalar, cəhənnəm zikr edildikdə çoxlu göz yaşı tökər, hər bir möhtərəm iş üçün ayağa qalxar, bəla üz verərkən hamıdan öndə olardı, vəfalı və məğrur idi. Çətinlik zamanı ordunu təchiz edərdi. Peyğəmbər (s) onunla qohum olmuşdu” (Tarix, Məsudi, c. 3, s. 51, Misir çapı; həmçinin: Nasixut-təvarix, Mirzə Muhəmməd Təqi, c. 5, s. 144, Tehran çapı)”. (Şiə və Əhli-Beyt, s. 141-142)
Cavab:
Bu iddia bir neçə cəhətdən batildir:
Birinci: İhsan Zahirin Şeyx Səduqa nisbət verdiyi “Əbu Bəkr mənə qulaq... Osman isə qəlb nisbətindədir” rəvayətinə kitabın əvvəlki cildlərində cavab verilib.(II cildə bax: Beşinci bab, birinci fəsil, “Ömərin Peyğəmbərdən (s) və Əbu Bəkrdən sonra ümmətin ən yaxşı olması iddiası”. ) Rəvayətin üzərində saxtakarlıq edərək mətnin əvvəlini və sonunu kəsib ki, öz iddiasına uyğunlaşdırsın. Rəvayətin tam mətnini sizə təqdim edirik:
Şeyx Səduq “Məanil-əxbar” və “Uyunu əxbarir-Rza” kitablarında Həsən ibn Əliyə istinadən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əbu Bəkr mənə qulaq, Ömər göz, Osman isə qəlb nisbətindədir”.
Sabahı gün onun (Peyğəmbərin) yanına getdim. Yanında Möminlərin əmiri (ə), Əbu Bəkr, Ömər və Osman var idi. Dedim: “Atacan, sənin səhabələrin barədə bu sözləri söylədiyini eşitdim. Bunun mənası nədir?” Peyğəmbər (s) buyurdu: “Bəli, söyləmişəm”. Sonra onlara işarə edərək sözünə davam etdi: “Onlar qulaq, göz və qəlbdirlər. Qarşıda bu vəsimin (İmam Əliyə (ə) işarə edərək) haqqı barədə soruşulacaqlar. “Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaq”.(İsra, 36)
Sonra buyurdu: “Rəbbimin izzətinə and olsun ki, bütün ümmətim Qiyamət günü durdulacaq və onun vilayəti barədə soruşulacaq. Bu da Allahın sözüdür: “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”( Saffat, 24 )”. (Məanil-əxbar, Şeyx Səduq, s. 387; Uyunu əxbarir-Rza (ə), Şeyx Səduq, c. 2, s. 280)
Rəvayətin girişini və cavabı qeyd etdikdə İhsan Zahirin dəlilinin puçluğu gün kimi aydın olur. Belə ki, Peyğəmbərin (s) bu sözləri “Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaq” ayəsinə bənzəyir. Onların hər biri Möminlərin əmiri Əlinin (ə) vilayəti barədə soruşulacaq. Bu rəvayətdə Peyğəmbər (s) həmin şəxslərin İmam Əliyə (ə) qarşı çıxacaqlarına eyhamla xəbər verir. Onların hamısına Peyğəmbərin (s) “Ümmətim Qiyamət günü dayandırılıb onun vilayəti barədə sorğu-sual olunacaq” sözləri şamil olsa da, üçünü xüsusi qeyd edir.
İkinci: Peyğəmbərin (s) iki nəvəsi Həsən və Hüseynin (onlara salam olsun!) bunu Osman haqqında rəvayət etdikləri iddiasına gəldikdə, bu əsla doğru deyil. Kitabın haşiyəsində qeyd etdiyi mənbələrdə həmin rəvayətlərə rast gəlmədik. Halbuki ünvan olaraq “Uyunu əxbarir-Rza”, “Məanil-əxbar” və “Təfsirul-Həsən Əsəkəri” kitablarını göstərmişdi! Həmçinin Əhli-Sünnə alimlərindən tərcümeyi-halları yazan müəlliflər Osman haqqında rəvayətlərdə və ya İmam Həsən və Hüseynin (ə) adlarını qeyd edərkən bunu qeyd etməyiblər. (Bax: Təhzibul-kəmal, Mizzi, c. 6, s. 396, 220; Siyəru əlamin-nübəla, Zəhəbi, c. 3, s. 280, 245; Təhzibut-təhzib, İbn Həcər, c. 2, s. 299, 257 )
Üçüncü: İhsan Zahirin Şeyx Kuleyniyə nisbət verib İmam Sadiqin (ə) Osmanı təriflədiyinə dəlil göstərdiyi “Günün əvvəlində səmadan bir carçı belə nida edər...” rəvayəti də təhrif olunub. Rəvayətin mətnini sizə təqdim edirik:
Şeyx Kuleyni “əl-Kafi”də yazır: “Muhəmməd ibn Hələbidən: “Əbu Abdullahın (ə) belə buyurduğunu eşitdim: “Abbas oğullarının ixtilafa düşəcəkləri, səmadan nida və Qaimin zühuru mütləq baş verəcək qəti məsələlərdir”. Dedim: “Nida necə olacaq?” Buyurdu: “Günün əvvəlində səmadan bir carçı belə nida edər: “Həqiqətən də, Əli (ə) və tərəfdarları qələbə çalanlardır!” Günün sonunda isə başqa bir carçı səslənər: “Bilin və agah olun ki, qalib gələnlər Osman və tərəfdarlarıdır!” (əl-Kafi, Şeyx Kuleyni, c. 8, s. 310. Bunu həmçinin Şeyx Səduq “Kəmalud-din”də (s. 652), Şeyx Tusi “əl-Ğeybə”də (s. 435), Şeyx Müfid “əl-İrşad”da (s. 371) və Əllamə Məclisi “Biharul-ənvar”da (c. 52, s. 305) rəvayət etmişdir.)
Rəvayətdə İmam Mehdinin (ə.f.) zühur əlamətləri sadalanır. Bu qəti əlamətlərdən biri də səmadan nida ediləcəyidir. Haqq dəvətin sahibini açıqlayacaq həmin çağırış həqiqətdə iki dəfə səslənəcək. Birinci dəfə haqq olan İmamı bəyan edəcək. Onun ardınca isə camaatı çaşqınlığa salmaq üçün haqq imamın başqası olduğuna dair başqa bir çağırış səslənəcək.
Bu rəvayətdən görünən, səmadan iki nidanın səslənəcəyidir. Onlardan biri günün əvvəlində, digəri isə sonunda carçı tərəfindən nida olunacaq. Rəvayət bu iki nidanın mahiyyətini də açıqlayaraq birincidə Əli (ə) və şiələrinin, digərində isə Osman və tərəfdarlarının qalib olduqlarının bəyan ediləcəyini bildirir. Özü-özlüyündə rəvayətdə heç bir müşkül yoxdur. Lakin başqa bir rəvayət də var ki, bu iki nidadakı məqsədi daha aydın izah edir. Şiə alimləri Əhli-Beyt imamlarından (ə) səmadan gələn nida ilə bağlı bir çox rəvayət nəql ediblər. Onlardan:
– Şeyx Kuleyni “ər-Ravzatu minəl-Kafi”də Əbdürrəhman ibn Məsləmə Cəriri sənədilə nəql edir: “İmam Sadiqə (ə) dedim: “Bizə “İki çığırtı (nida) olacaq” sözümüzə görə tənə vurub təkzib edirlər, deyirlər: “Onlar baş verdiyi vaxt hansının haqq, hansının isə batil olduğunu necə biləcəksiniz?” İmam (ə) bizim onlara nə cavab verdiyimizi soruşduqda mən, “heç bir cavab vermirik” dedim. Buyurdu: “Siz belə deyin: “Bu baş verdikdə ona əvvəlcədən iman bəsləyən onu təsdiq edəcək. Uca Allah buyurur: “Doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?” (Yunus, 35)
Həmçinin Davud ibn Fərqəd sənədilə rəvayət edir: “Bir kişi bu hədisdəki “Günün əvvəlində bir carçı nida edərək “Bilin ki, filankəs ibn filankəs və onun tərəfdarları qələbə çalanlardır”, sonunda isə “Bilin ki, Osman və tərəfdarları qələbə çalanlardır” sözlərini eşidib dedi: “Bunlardan hansının doğru, hansının yalan olduğunu haradan biləcəyik?” Dedi: “Bu baş verdikdə ona əvvəlcədən iman bəsləyən onu təsdiq edəcək. Uca Allah buyurur: “Doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?...”
– Şeyx Səduq “Kəmalud-din”də nəql edir: “Çadırda, Əbu Cəfərin (ə) yanında əyləşmişdim. Çadırın bir tərəfini qaldırıb buyurdu: “Bizim məsələmiz günəşdən daha aydındır”. Sonra buyurdu: “Səmadan bir carçı nida edərək filan ibn filanın imam olduğunu adını çəkərək söyləyəcək. Sonra Allahın lənətinə gəlmiş İblis yerdən nida edəcək. Necə ki, Əqəbə gecəsi bunu etmişdi”.( Kəmalud-din və təmamun-niməti, Şeyx Səduq, s. 650)
Həmçinin Əbu Həmzə Somali sənədilə rəvayət edir: “Əbu Abdullaha (ə) dedim: “(Atan) Əbu Cəfər (ə) Süfyaninin ortaya çıxmasının qəti məsələ olduğunu deyirdi?” Buyurdu: “Bəli, həmçinin Abbas övladlarının ixtilafa düşəcəyi, pak nəfs sahibinin (Nəfsi-zəkiyyənin) qətli və Qaimin zühuru da baş verəcəyi qəti məsələlərdəndir”. Dedim: “Bəs bu nida necə olacaq?” Buyurdu: “Günün əvvəlində bir carçı nida edərək “Bilin ki, haqq Əli və tərəfdarları ilədir!” deyəcək. Günün axırında isə Allahın lənətinə gəlmiş İblis “Bilin ki, haqq Süfyan və tərəfdarları ilədir!” deyə car çəkəcək. Bu zaman batil əhli şübhəyə düşəcək”. ( Kəmalud-din və təmamun-niməti, Şeyx Səduq, s. 652)
Eləcə də Nümani “əl-Ğeybə” kitabında Zürarə ibn Əyun sənədilə rəvayət edir: “Əbu Abdullahın (ə) belə buyurduğunu eşitdim: “Bir carçı səmadan belə nida edəcək: “Əmir filan şəxsdir!” Başqa bir carçı da “Əli və şiələri qalib olanlardır!” deyə səslənəcək”. Dedim: “Bundan sonra Mehdi ilə kim döyüşəcək?” Buyurdu: “Şeytan nida çəkəcək və Bəni-Üməyyədən olan bir nəfərin adını söyləyib “Filankəs və tərəfdarları qalib olanlardır!” deyə səslənəcək”. Mən doğru ilə yalançının necə müəyyən ediləcəyini soruşduqda buyurdu: “Bizim hədislərimizi rəvayət edən şəxslər bunu müəyyən edə biləcəklər. Onlar deyəcəklər: “Bu baş verməzdən əvvəl bildirilmişdi”. Bununla bir daha özlərinin haqq və doğru olduqlarını anlayacaqlar”. ( Kitabul-ğeybə, Muhəmməd ibn İbrahim Nümani, s. 272-273)
Bu rəvayətlərlə həmin rəvayəti qarşılaşdırdıqda İmam Əlinin (ə) əqidə nümunəsi ilə (istiqamətilə) Osmanın nümunəsinin (istiqamətinin) bir birinə zidd olduğu, əsla bir yerə sığmadığı aydın olur. Haqq isə (iki çağırışdan) yalnız biri ilədir.
İhsan Zahirin məqsədi nəticə vermədi. Əksinə, onun istəyinin ziddi rəvayətlərdə bəyan edildi. Belə ki, günün sonunda İblis camaatı şübhəyə salmaq üçün Osmanın tərəfdarlarının qalib olduqlarını söyləyəcək. Nidanın İblis tərəfindən səslənməsi isə Osmanın adının mənfi cəhətdən hallanmasını təsdiqləyir.
Dördüncü: İhsan Zahirin Şeyx Kuleyniyə nisbət verdiyi “Öz imanlı yoldaşlarının yanına get, Məkkənin tezliklə fəthilə bağlı onlara müjdə ver” rəvayəti və İmam Sadiqin (ə) Peyğəmbərin (s) yanında Osmanın məqamını açıqlaması da doğru dəlil deyil. Belə ki, rəvayət iddiadan uzaqdır. İhsan Zahir onun bir hissəsini kəsərək öz iddiasına münasib hala gətirib. Rəvayətin tam mətnini sizə təqdim edirik:
Şeyx Kuleyni “əl-Kafi”də Müaviyə ibn Əmmar sənədilə Əbu Abdullahdan (ə) nəql edir: “Peyğəmbər Zül-qəədə ayında Hüdeybiyyə qəzvəsinə çıxdı... Peyğəmbər (s) Öməri göndərmək istəyirdi. O dedi: “Ya Peyğəmbər, mənim qohum-əqrabam azdır, onların yanındakı vəziyyətimi də bilərsən. Mən Osman ibn Əffanı göndərməyini təklif edərdim”. Peyğəmbər (s) Osmanın ardınca adam göndərib buyurdu: “Öz iman yoldaşlarının yanına get, Məkkənin tezliklə fəthilə bağlı onlara müjdə ver...” (əl-Kafi, Şeyx Kuleyni, c. 8, s. 322-326)
Rəvayətdə Peyğəmbərin (s) Məkkədəki möminləri Allahın fəth vədilə müjdələməyə başqa bir şəxsi göndərmək istədiyi açıq qeyd edilir. Ömər ibn Xəttab getməmək üçün qohum-əqrabasının sayının azlığını, məkkəlilərin arasında nüfuzunun olmamasını səbəb göstərərək Məkkənin hakimiyyətini əlində saxlayan, şirkin başı və müşriklərin rəhbərləri olan Əməvilərin yanındakı etibarına görə Osman ibn Əffanı oraya göndərməyi təklif edir. Burada İmam Sadiqin (ə) Osmanın məqamını bəyan etməsi haradadır?!
Osmanın Kəbəni təvaf etməməsi Peyğəmbərin (s) orada olmamasından təəssüf keçirdiyinə dəlalət etmir. Bəlkə də o, əhəmiyyətsiz saydığından bunu etməyib. Hər iki iddianın sübuta ehtiyacı var.
Əgər Kəbəni təvaf etməsi vacib idisə, onu tərk etməsi heç də üzrlü sayılmaz. Əgər vacib deyildisə, İhsan Zahirin “Məgər Məscidul-həramın ərazisinə daxil olub, ağası və mövlası Peyğəmbər (s) təvaf etmədiyi üçün özü də təvaf etməyən şəxsin itaət və sədaqətinə şübhə ola bilərmi?!”(Şiə və Əhli-Beyt, s. 142) sözü ilə Peyğəmbərin (s) orada olmamasını səbəb kimi vurğulaması da yersizdir.
Bəli, burada onun “itaətindən” üstün bir itaət var. Bir kişi Peyğəmbərin (s) canı müqabilində özünü Allaha satır. Məqsədi də yalnız Allahın razılığıdır. Öz istəyi yoxdur, öz istəklərindən Rəbbinin istəyi müqabilində imtina edib, yalnız Onun razılığını axtarır, haqqı yaşatmaq və bəşəriyyətə xoş həyat bəxş etmək istəyir. Müsəlman alimləri bir çox yerdə Möminlərin əmiri Əlinin (ə) öz canını Peyğəmbər (s) yolunda fəda etdiyini bildiriblər. Buna misal olaraq Peyğəmbərin (s) Mədinəyə doğru hicrət etdiyi gecəni göstərmək olar. Müşriklər həmin gecə Peyğəmbəri (s) xaincəsinə öldürməyə qərar vermiş, Cəbrail (ə) də bunu ona bildirmişdi. Peyğəmbər (s) İmam Əlidən (ə) onun yaşıl əbasını geyinərək yerində yatmasını istəmişdi. Bu vaxt Uca Allah aşağıdakı ayəni endirmişdi: “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!” (1)
(1) - 1150 Bəqərə, 207 “Yataq” və ya “Məbit” hədisi İmamın (ə) hicrət gecəsi Peyğəmbərin (s) yerinə onun yatağında uzandığı hadisə ilə bağlıdır. Bu hədis müsəlmanların üzərində həmfikir olduqları səhih hədislərdəndir. İbn Əbülhədid öz şeyxi Əbu Cəfərdən Cahizin “Mağara hadisəsi, Əbu Bəkrin Peyğəmbərlə (s) birlikdə hicrəti, yol yoldaşı olması və bu barədə Quranda ayə nazil edilməsi... Peyğəmbərin (s) yerinə onun yatağında uzanması əmri isə yalnız hədisdə qeyd olunur” sözünün inkarı məqsədilə belə nəql edir: “Bunların arasında şübhəsiz fərq var. “Məbit” hədisinin mütəvatirliyi sübuta yetib. Mütəvatir hədislə Kitabda qeyd edilən hadisənin arasında heç bir fərq yoxdur. Bunu yalnız məcnun və ya ümmətdən kənar bir kəs inkar edə bilər. Gündəlik namazların beş, qızılın zəkatının ¼, mədədən çıxan yelin dəstəmazı pozması kimi hökmlər öz təvatürlüyü ilə məlum deyillərmi?! Məgər onlar Quranın hökmlərinə müxalifdirlərmi?! Əlbəttə ki, bunu ağıllı və düzgün bir şəxs əsla iddia etməz. Halbuki Uca Allah Quranda Əbu Bəkrin adını da açıq şəkildə çəkmir. Onun barəsində yalnız “yoldaşına dedi:” buyurur. Biz həmin şəxsin Əbu Bəkr olduğunu da məhz həmin rəvayətlərdən və tarixdən öyrənirik. Təfsir əhlinin Uca Allahın “...hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökürdü. Allah (gizli hiylə quranlara, məkr edənlərə qarşı) tədbir tökənlərin ən yaxşısıdır!”” ayəsi barədə “bu, Əli (ə) barədə nazil olub. Əli (ə) onlara hiylə qurmuşdu” dediyinin şahidi oluruq. Halbuki ayənin əvvəlindəki “Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökürdü. Allah (gizli hiylə quranlara, məkr edənlərə qarşı) tədbir tökənlərin ən yaxşısıdır!” (Ənfal, 30) sözləri hicrət gecəsində nazil olub. Onların hiyləsi Qüreyşin qəlbinə qılınclarını sancmaq idi. Allah da tədbirini tökdü, Əlini Peyğəmbərin (s) yatağına yatırdı. Quranda bu iki hadisənin açıq deyil, yalnız işarə ilə qeyd edilməsində heç bir fərq yoxdur. Belə ki, Quran təfsirçilərinin hamısı “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!” ayəsinin Məbit gecəsi Peyğəmbərin (s) yatağına uzanmış Əli (ə) barədə endiyini qeyd ediblər”. (Şərhu Nəhcül-Bəlağə, İbn Əbülhədid, c. 13, s. 261)
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 3, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə