»»

Allah Rəsulu (s) Osman ibn Əffanı İmam Əlinin (ə) Fatimə ilə nikahına şahid təyin edib?

İhsan Zahir iddia edir ki, Peyğəmbər (s) Osmanı Möminlərin əmiri Əlinin (ə) Fatimə ilə nikahına şahid təyin edib. Bu iddiasına da Xəvarəzmi, İrbəli və Əllamə Məclisiyə nisbət verdiyi rəvayəti dəlil göstərib.

İhsan Zahir deyir: “Peyğəmbər (s) Osmanı Əli ilə Fatimənin nikahına şahidlərdən biri olaraq təyin etdi. Bunu Ənəsdən rəvayət edirlər: “Peyğəmbər (s) buyurdu: “Get, Əbu Bəkri, Öməri, Osmanı... onlar qədər də Ənsardan adam çağır”. Ənəs deyir: “Mən gedib onları çağırdım. Toplaşdıqda Peyğəmbər (s) buyurdu: “...Mən sizi qızım Fatiməni 400 misqal gümüş mehriyə müqabilində Əli ilə evləndirdiyimə şahid tuturam” (Kəşful-ğummə, c. 1, s. 358; həmçinin: əl-Mənaqib, Xəvarəzmi, s. 252; Biharul-ənvar, Məclisi, c. 10, s. 38)”. (Şiə və Əhli-Beyt, s. 134)

 

Cavab: İhsan Zahirin Peyğəmbərin (s) Osmanı həmin izdivaca şahid təyin etməsinə dair İrbəlinin “Kəşful-ğummə”sindən göstərdiyi bu dəlil faydasızdır. Belə ki, İrbəli öz kitabında bunu yenə Müvəffəq Xəvarəzminin “Mənaqib”indən nəql edib.(1) Məclisi də bunu İrbəliyə istinadən rəvayət edib.(2) Bu rəvayət yenə tək bir mənbəyə sahibdir. Həmin mənbə isə Müvəffəq Xəvarəzminin “Mənaqib”idir. (3) Əvvəldə də qeyd etdiyimiz kimi, o, Hənəfi məzhəbinin alimlərindəndir. Buna əsasən, həmin rəvayət şiəyə dəlil ola bilməz.

 

(1) İrbəli deyir: “Xəvarəzminin “Mənqaib”ində Möminlərin əmiri Əlidən (ə) rəvayət edilir: “Peyğəmbərin (s) yanına qızı üçün elçiliyə getdim... Ondan, o da Ənəsdən rəvayət edir: “Peyğəmbərin (s) yanında idim. Bu zaman ona vəhy gəldi. Özünə gəldikdə mənə buyurdu: “Ey Ənəs, bilirsənmi Cəbrail Ərşin Sahibinin hüzurundan yanıma hansı xəbərlə gəlmişdi?” Mən “Allah və Rəsulu daha yaxşı bilər” deyə cavab verdim. Buyurdu: “Mənə Fatiməni Əli ilə evləndirməyi buyurdu. Get, Əbu Bəkri, Öməri, Osmanı, Əlini, Təlhəni, Zübeyri və onların sayı qədər Ənsardan adam çağır”. Mən gedib onları çağırdım. Onlar toplaşdıqda Peyğəmbər (s) buyurdu: “Həmd olsun Allaha...” (Kəşful-ğummə, c. 1, s. 357 358) 

(2) Əllamə Məclisi yazır: “Kəşful-ğummə”də Əlidən (ə), o da Ənəsdən rəvayət edilir: “Peyğəmbərin (s) yanında idim. Bu zaman ona vəhy gəldi. Özünə gəldikdə mənə buyurdu: “Ey Ənəs, bilirsənmi Cəbrail Ərşin Sahibinin hüzurundan yanıma hansı xəbərlə gəlmişdi?” Mən “Allah və Rəsulu daha yaxşı bilər” deyə cavab verdim. Buyurdu: “Mənə Fatiməni Əli ilə evləndirməyi buyurdu. Get, Əbu Bəkri, Öməri, Osmanı, Əlini, Təlhəni, Zübeyri və onların sayı qədər Ənsardan adam çağır”. Mən gedib onları çağırdım. Onlar toplaşdıqda Peyğəmbər (s) buyurdu: “Həmd olsun Allaha...” (“Biharul-ənvar, c. 43, s. 119) 

(3) Müvəffəq Xəvarəzmi yazır: “Ənəs ibn Malikdən rəvayət edir: “Peyğəmbərin (s) yanında idim. Bu zaman ona vəhy gəldi. Özünə gəldikdə mənə buyurdu: “Ey Ənəs, bilirsənmi Cəbrail Ərşin Sahibinin hüzurundan yanıma hansı xəbərlə gəlmişdi?” Mən “Allah və Rəsulu daha yaxşı bilər” deyə cavab verdim. Buyurdu: “Mənə Fatiməni Əli ilə evləndirməyi buyurdu. Get, Əbu Bəkri, Öməri, Osmanı, Əlini, Təlhəni, Zübeyri və onların sayı qədər Ənsardan adam çağır”. Mən gedib onları çağırdım. Onlar toplaşdıqda Peyğəmbər (s) buyurdu: “Həmd olsun Allaha ki...” (əl-Mənaqib, s. 336)

 

Bundan əlavə, rəvayətin məzmunu Əhli-Sünnə fiqhinə uyğundur. Nikah zamanı şahidlik Əhli-Sünnə fiqhinə əsasən, nikahın rüknlərindən sayılır. Ona görə də şahidliyi vacib hesab edirlər. Ancaq şiənin nəzərində nikah zamanı şahidlik nə rükn, nə də şərt deyil. Sadəcə müstəhəbb əməldir. Bununla da Əbu Bəkrin və digərlərinin şahidliyi Möminlərin əmiri Əlinin (ə) evliliyində heç bir əhəmiyyətli təsirə sahib olmur.

 

Eləcə də Osmanın orada iştirakı xüsusi qeyd ediləcək nüans deyil. Belə ki, Peyğəmbər (s) həmçinin Təlhəni, Zübeyri və ənsarı da oraya çağırmışdı. Əgər evliliyə şahid durmaq ömrün bütün mərhələlərində razılıq və xoş əlaqələrə dəlalət etsəydi o zaman Cəməl müharibəsində Təlhə və Zübeyr İmam Əliyə (ə) qarşı mövqe tutmaz, həmin döyüşdə öldürülməzdi. Göründüyü kimi, onların bu nikaha şahidliyi heç bir fayda vermədi, İmam Əli (ə) ilə döyüşə çıxmaqdan onları çəkindirmədi. Bu əsasla, Osmanın da şahidliyi əsla razılıq və xoş əlaqələrə dəlil ola bilməz.

 

Şahidliyin baş tutduğu fərz olunduqda da deyilə bilər: Əbu Bəkri, Öməri və Osmanı çağıran Peyğəmbərdir (s). Bunun baş verməsi gələcəkdə onlarla İmam Əlinin (ə) arasında yaşanacaq hadisələr qarşısında bir höccət və xəbərdarlıq xarakteri daşıya bilər. Bəlkə də Peyğəmbər (s) Allahın əmri ilə baş tutmuş (halbuki İhsan Zahir bu əhəmiyyətli nüansı görməzlikdən gəlib) bu evliliyə onları şahid tutmaqla onlar qarşısındakı höccəti bir daha tamamlayır, onların qarşısında Möminlərin əmiri Əlinin (ə) və Fatimənin (s.ə.) məqamlarını izhar edir. Demək istəyir ki, siz, Allahın əmri ilə baş tutmuş bu nikaha şahid olduqdan sonra necə onlara zülm edib əziyyət verə bilərsiniz?!

 

Bunlar rəvayətin ravilərinin arasında saxtakar və zəiflərin (“Müvəffəq Xəvarəzmi deyir: “...Muhəmməd ibn Dinar bizə Dəməşq sahilləri əhlindən, Həşim bizə yunusdan, o da Übeyddən, o da Həsəndən, o da Ənəs ibn Malikdən rəvayət edir: “Peyğəmbərin (s) yanında idim. Bu zaman ona vəhy gəldi...” (əl-Mənaqib, s. 336)) mövcudluğu nəzərə alınmadıqda söyləniləcək sözlərdir. Belə ki, Həsən, Həşim və Muhəmməd ibn Dinar naqis ravilərdir. İbn Həcər Həsən barədə deyir: “Çox mürsəl hədislər nəql edib, saxtakarlıq edirdi (bəzi ravilərin adlarını gizlədirdi)”. (Təqribut-təhzib, İbn Həcər, c. 1, s. 202) Həşim barədə deyir: “Çox vaxt saxtakarlıq edir (bəzi ravilərin adlarını gizlədir), mürsəl nəql edirdi”. (Təqribut-təhzib, İbn Həcər, c. 2, s. 269) İbn Dinar barəsində isə yazır: “Bərqani Darəqutniyə istinadən deyir: “Zəifdir”. Başqa bir dəfə isə “Hədisləri tərk olunur” deyib... Üqeyli deyir: “Hədislərində uydurmalar var”... Nəsai Aişənin “Onu öpür və dilini sovururdu” hədisi ilə bağlı deyir: “Belə kəlmələrə yalnız Muhəməd ibn Dinarın rəvayətlərində rast gəlmək olur”. (Təqribut-təhzib, İbn Həcər, c. 9, s. 137)

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 3, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе