»»

Osman ibn Əffan İmam Əlinin (ə) Hz Fatimə (s.ə.) ilə evlənməsinə yardım edib??

İhsan Zahir iddia edir ki, Osman Möminlərin əmiri Əlinin (ə) aləm qadınlarının xanımı Fatimə (s.ə.) ilə evlənməsinə köməklik göstərib və ona evlilik xərclərini verib. Buna dəlil kimi də Xəvarəzminin “Mənaqib”inə, İrbəlinin “Kəşful-ğummə”sinə və Əllamə Məclisinin “Biharul-ənvar”ına nisbət verdiyi rəvayətləri göstərib.

İhsan Zahir deyir: “O, Əli ibn Əbu Talibə (r)... evlənməsində kömək edən şəxsdir. Onun bütün xərclərini ödəmişdi. Necə ki, bunu Əli ibn Əbu Talibin (r) özü də etiraf edir. “Peyğəmbərə (s) Fatimə ilə evlənmək istəyimi bildirdikdə mənə dedi: “Öz zirehini sat, pulunu mənə gətir ki, sənə və qızıma evliliyiniz üçün lazım olan əşyaları hazırlayım”. Əli deyir: “Zirehimi götürüb bazara yollandım. Onu Osman ibn Əffana dörd yüz dirhəmə satdım. Dirhəmləri aldım və o da zirehi götürdü. Dedi: “Ey Əbülhəsən! Bu zirehi götürməyə mən, pulları isə götürməyə sən daha çox haqq sahibi deyilsənmi?” Mən “Bəli” deyə cavab verdim.
Osman dedi: “Bu zireh məndən sənə hədiyyə olsun”.
Mən dirhəmləri və zirehi götürüb Peyğəmbərin (s) yanına gəldim, hər ikisini onun qarşısına qoydum və Osmanla aramızda baş verən söhbəti danışdım. Peyğəmbər (s) ona xeyir diləyib dualar etdi” (Mənaqib, Xəvarəzmi, s. 252-253; Kəşful-ğummə, İrbəli, c. 1, s. 359,  Nəcəf çapı; Biharul-ənvar, Əllamə Məclisi, s. 39-40, İran çapı)”. (Şiə və Əhli-Beyt, s. 132-134)

Cavab: Xanım Fatimə (ə) ilə evləndiyi vaxt Osmanın İmama (ə) yardım etdiyinə, bütün evlilik xərclərini ödədiyinə Müvəffəq Xəvarəzmi, İrbəli və Məclisiyə nisbət verilən bu rəvayəti dəlil göstərmək, İmam Əlinin (ə) də bütün bunları etiraf etdiyini söyləmək aşağıda sadalayacağımız səbəblərə görə açıq-aydın böhtan və puç iddiadır: Birinci: İhsan Zahirin Xəvarəzmi, İrbəli və Məclisinin adlarını sadalamaqla təqdim etdiyi bu dəlil həqiqətdə vahid bir mənbənin rəvayətidir. Həmin mənbə isə Müvəffəq Xəvarəzminin “Mənaqib”idir. “Kəşful-ğummə”də İrbəli, “Biharul-ənvar”da da Əllamə Məclisi məhz ona istinad ediblər. Lakin İhsan Zahir oxucuda onların müstəqil rəvayət olduğu təsəvvürünü yaratmağa çalışıb.

İrbəli deyir: “Mənaqib”də Ümmü Sələmədən, Salman Farisidən və Əli ibn Əbu Talibdən (ə)... “...Peyğəmbər (s) buyurdu: “Ey Əbülhəsən, indi get, öz zirehini sat, pulunu mənə gətir ki, sənə və qızım Fatiməyə evliliyiniz üçün lazım olan əşyaları hazırlayım”. Əli dedi: “Mən gedib onu 400 dirhəmə Osmana satdım...” (Kəşful-ğummə, İrbəli, c. 1, s. 363-367)

 

Əllamə Məclisi yazır: “...Peyğəmbər (s) buyurdu: “Ey Əbülhəsən, indi get, öz zirehini sat, pulunu mənə gətir ki, sənə və qızım Fatiməyə evliliyiniz üçün lazım olan əşyaları hazırlayım”. Əli dedi: “Mən gedib onu 400 dirhəmə Osmana satdım...” (Biharul-ənvar, Əllamə Məclisi, c. 43, s. 124-130)

 

Məlumdur ki, Əxtab Xəvarəzmi kimi tanınan, hicrətin 484-cü ilində anadan olmuş, 528-ci ilində isə vəfat etmiş Hafiz Əbülmüəyyəd Müvəffəq ibn Əhməd ibn Muhəmməd Bəkri Məkki Hənəfi məzhəbinin alimlərindəndir. Əbdülqadir Qüreyşi Hənəfi (vəfatı: h.q 775-ci il) “Təbəqatul-Hənəfiyyə” (Təbəqatul-Hənəfiyyə, Əbdülqadir Qüreyşi Hənəfi, c. 3, s. 523, rəqəm 1718) kitabında onun tərcümeyi-halını qeyd edib. Xəvarəzminin Əbu Hənifənin tərifəlayiq xüsusiyyətləri ilə bağlı kitabı var. Bunu Zirkəli onun tərcümeyi-halında qeyd edib.(Zirkili deyir: “Muhəmməd ibn Mahmud ibn Muhəmməd ibn Həsən Əbülmüəyyəd Xəvarəzmi – “İmamul-əzəm Əbu Hənifənin tərifəlayiq xüsusiyyətləri” kitabının müəllifidir”. (əl-Ələm, c. 7, s. 333)) Bunlar aydındır. Belə ki, onun tərcümeyi-halı bir çox Əhli-Sünnə kitablarında da qeyd edilib. Bundan əlavə, İmamiyyə şiə alimləri də onu Əhli-Sünnə alimi sayıblar. (Şeyx Cəfər Kaşiful-Ğita deyir: “Əxtab Xəvarəzmi Əhli-Sünnə alimlərindən İbn Məsuddan... rəvayət edib”. (“Kəşful-ğita”, c. 1, s. 13))

 

Beləliklə, Müvəffəq Xəvarəzminin rəvayəti şiə üçün dəlil deyil.

 

İkinci: Xəvarəzminin “Mənaqib”dəki bu rəvayəti mürsəl nəql olunub. Onu öz kitabında Muhəmməd ibn Ümeyr sənədilə Əyyubdan, o da Asim Əhvaldan, o da İbn Sirindən, o da Ümmü Sələmə, Salman Farisi və Möminlərin əmiri Əlidən (ə) (1) rəvayət edir. İbn Sirin Osmanın xilafətinin sonuna iki il qalmış dünyaya gəlib, hicrətin 110-cu ilində isə vəfat edib. (2) Bəs o, bu yaşında Ümmü Sələmədən, Salmandan və Möminlərin əmiri Əlidən (ə) rəvayət eşidib?!

 

Muhəmməd ibn Ümeyr isə məchul ravidir. Mizzi yazır: “Ondan Nəsai rəvayət nəql edib. Deyir: “Bu, (rəvayət) inkar olunur. Muhəmməd ibn Ümeyr məchul şəxsdir”. (Təhzibul-kəmal, Mizzi, c. 26, s. 234) Zəhəbi deyir: “Onu tanımıram, rəvayətləri inkar olunur. Nəsainin sözünə əsasən, o, məchuldur”. (Mizanul-itidal, Zəhəbi, c. 3, s. 676)

 

(1) Müvəffəq Xəvarəzmi deyir: “Muhəmməd ibn Ümeyr Əyyubdan, o da Asim Əhvaldan, o da İbn Sirindən, o da Ümmü Sələmə, Salman Farisi və Əli ibn Əbu Talibdən (ə) rəvayət edir: Fatimə qadınların ailə qurduğu yaşa çatdıqda... Peyğəmbərə (s) mənə dedi: “İndi get, öz zirehini sat, pulunu mənə gətir ki, sənə və qızım Fatiməyə evliliyiniz üçün lazım olan şeyləri hazırlayım”. Əli deyir: “Zirehimi götürüb bazara yollandım. Onu Osman ibn Əffana dörd yüz dirhəmə satdım. Dirhəmləri aldım və o da zirehi götürdü. Dedi: “Ey Əbülhəsən! Bu zirehi götürməyə mən, pulları isə götürməyə sən daha çox haqq sahibi deyilsənmi?” Mən “Bəli” deyə cavab verdim. Osman dedi: “Bu zireh məndən sənə hədiyyə olsun”. Mən dirhəmləri və zirehi götürüb Peyğəmbərin (s) yanına gəldim, hər ikisini onun qarşısına qoydum və Osmanla aramızda baş verən söhbəti ona danışdım. Peyğəmbər (s) ona xeyir diləyib dualar elədi”. (əl-Mənaqib, Xəvarəzmi, s. 343-349)

 

(2) Buxari deyir: “Ənəs ibn Malik Ənsarinin köləsi Muhəmməd ibn Sirin Əbu Bəkr... Osmanın xilafətinin sonuna iki il qalmış dünyaya gəlib. O, qardaşı Ənəsdən böyükdür”. (Tarixus-sağir, c. 1, s. 196) İbn Hibban deyir: “Doğumu Osmanın xilafətinin son iki ilinə təsadüf edib. Ənəs onun atası Sirinlə iyirmi min dirhəm müqabilində azad edəcəyi ilə bağlı razılığa gəlmişdi... O, hicrətin yüz iyirminci ilinin Şəvval ayında Həsəndən yüz gün sonra vəfat etdi. Bu vaxt onun 77 yaşı var idi”. (əs-Siqat, c. 5, s. 349)

 

 

Üçüncü: Məşhur rəy budur ki, İmam Əli (ə) aləm qadınlarının seyyidəsi ilə evlənmək üçün heç kəsdən pul almamışdır. O, Peyğəmbərin (s) göstərişinə əsasən, öz zirehini sataraq evlilik üçün lazım olan xərcləri ödəyib. Xəvarəzminin rəvayəti də bunu inkar etmir. Həmin rəvayətdə İmamın (ə) lazımi şeylərin hazırlanması məqsədilə öz zirehini satdığı bildirilir.

 

Bəli, rəvayətdə həmin zirehi satdıqdan sonra Osmanın ona hədiyyə olaraq geri qaytardığı da qeyd olunur. Ancaq Osman zirehi İmamdan (ə) heç bir söz soruşmadan alır, bununla da alver baş tutur. Onların hər biri bu alverdən öz haqqını götürür. Ardınca isə Osman İmam Əlinin (ə) zirehini Fatimə ilə evlilik xərclərini ödəmək üçün satdığından xəbər tutmadan onu hədiyyə edərək geri qaytarır.

 

Xəvarəzminin rəvayətindən də göründüyü kimi, İmam evlilik xərclərini zirehini satmaqla ödəyir. Lakin onun bu rəvayəti zirehi ondan Osmanın aldığını qeyd edir. “Ey Əbülhəsən! Bu zirehi götürməyə mən, pulları isə götürməyə sən daha çox haqq sahibi deyilsənmi?” sözləri isə alverin baş tutduğunu göstərir. Artıq dirhəmlər İmamın (ə), zireh isə Osmanın mülkiyyətinə keçmişdi. Osman da zirehin satılma məqsədindən xəbəri olmadan onu İmama (ə) hədiyyə edir. Bəs İhsan Zahirin “Onun bütün (evlilik) xərclərini ödəmişdi” iddiası haradadır?!

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 3, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

 

Рейтинг

В этом разделе