Osmanın Peyğəmbərə (s) kürəkən olmasına dair xəbərlərdə bir çox uydurma və uyğunsuzluqların olması
Kürəkənlik məsələsi özündə bir çox ixtilafları ehtiva edir ki, bu da onların arasında uydurma və saxtakarlığın mövcudluğunu göstərir. İhsan Zahir Osmanın Peyğəmbərin (s) qızları ilə evlilik məsələsini müsəlmanların arasında yekdilliklə qəbul olunmuş fikir kimi qələmə verməyə çalışıb. Halbuki məsələ heç də belə deyil. Həmin evliliklə bağlı bir çox qaranlıq və qarışıq nüanslar var ki, cürbəcür yozumlar gətirməklə onları həll etməyə çalışıblar. Bu da Əhli-Beytə (ə) düşmən mövqeyində dayanan Əməvi xanədanının hakimiyyətdə olduğu dövrlərdə onlara bu səltənəti hazırlayan Osmanın fəzilət və şərəfini ucaltmaq üçün ciddi səy göstərdiklərinin nəticəsidir. Bu uyğunsuzluqlara aşağıdakı bəndlərdə toxunacağıq:
A. Osmanın Rüqəyyə ilə evləndiyi vaxt barədə ixtilaflı fikirlər mövcuddur. Bəziləri bunun İslamdan əvvəl baş verdiyini iddia ediblər. Dulabi “əz-Zurriyyətut-tahirə” kitabında yazır: “Abdullah ibn Muhəmməd Əbu Üsamə bizə Həccac ibn Əbu Muneydən, o da babasından, o da Zuhridən rəvayət edir: “Peyğəmbərin (s) qızı Rüqəyyə ilə Osman cahiliyyə günlərində evlənmişdi”. ( əz-Zurriyyətut-tahirə, Dulabi, s. 79)
Bəziləri isə bu evliliyin İslamdan sonra baş tutduğunu deyir. İbn Səd “ət-Təbəqat”ad yazır: “Rüqəyyə ilə Üteybə ibn Əbu Ləhəb evlənmiş və onunla yaxınlıq etmədən boşamışdı. Hz.Muhəmməd (s) peyğəmbər göndərildikdən sonra isə Osman Rüqəyyə ilə evləndi”. (ət-Təbəqatul-kubra, Muhəmməd ibn Səd, c. 8, s. 217)
B. Onların övladları barədə də ixtilaf var. Bəziləri Osmanın Rüqəyyədən övladının olmadığını deyib. Bu, Qətadənin sözüdür. Dulabi “əz-Zurriyyətut-tahirə” kitabında yazır: “Əbu Əşəs Əhməd ibn Miqdəm bizə Züheyr ibn Əladan, o da Səid ibn Əbu Ürubədən, o da Qətadədən nəql edir: “Osman Rüqəyyə ilə evləndi və evli olduqları vaxt Rüqəyyə vəfat etdi. Onların övladı olmadı”.( əz-Zurriyyətut-tahirə, Dulabi, s. 81)
Bunu Qətadədən İbn Həcər və başqaları da nəql ediblər. (əl-İsabə, İbn Həcər, c. 8, s. 138)
Digərləri isə Osmanın Rüqəyyədən Abdullah adlı oğlunun olduğunu yazıblar. Zəhəbi “Siyəru əlamin-nübəla” kitabında Rüqəyyənin tərcümeyi halında yazır: “Osmandan Abdullah adlı oğlu dünyaya gəldi. Osman da künyəsini ondan götürdü”. (Siyəru əlamin-nübəla, c. 2, s. 251)
Həmçinin övladının dünyaya gəldiyi yer barədə də müxtəlif fikirlər mövcuddur. İbn Şihab uşağın Həbəşistandan hicrətdə olduqları vaxtda doğulduğunu, bəziləri isə Məkkədə dünyaya gəldiyini iddia etmişlər. İbn Əbdülbərr “əl-İstiab”da yazır: “İbn Şihab deyir: “Osman Rüqəyyə ilə Məkkədə evləndi. Onunla birlikdə Həbəşistana hicrət etdi və orada bir oğlu dünyaya gəldi. Uşağın adını Abdullah qoydular. Osman da künyəsini ondan götürdü”. Müsəb deyir: “Cahiliyyə dövründə Osmanın künyəsi Əbu Abdullah idi. İslamdan sonra onun Peyğəmbərin (s) qızı Rüqəyyədən oğlu oldu və adını Abdullah qoydular. Osman da həmin künyə ilə çağırılmağa başlandı. Uşaq altı yaşında ikən xoruz onun gözünü çıxardı. Üzündə iltihab yarandı, xəstələndi və öldü”. Digərləri isə deyirlər: “Osmanın peyğəmbər qızı Rüqəyyədən olan Abdullah adlı oğlu hicrətin dördüncü ilinin Cəmadil-əvvəl ayında vəfat etdi. Həmin vaxt altı yaşı var idi. Ona Peyğəmbər (s) cənazə namazı qıldı, qəbirə isə atası Osman qoydu”. (əl-İstiabu fi mərifətil-əshab, İbn Əbdülbərr, c. 4, s. 1840)
Eləcə də yaşı və vəfat etdiyi vaxt barədə də ixtilaflar mövcuddur. Bəziləri anasının vəfatından əvvəl, hələ südəmər körpə ikən öldüyünü iddia ediblər. Bu, Əbu İshaqın sözüdür. Dulabi “əz-Zurriyyətut-tahirə” kitabında ondan nəql edir: “Onun Rüqəyyədən Abdullah adlı oğlu oldu. Osman da Əbu Abdullah künyəsini ondan götürdü. Kiçik yaşlarında südəmər körpə ikən vəfat etdi”.( əz-Zurriyyətut-tahirə, Dulabi, s. 81)
Dulabi İbn Şihabdan nəql edir: “Osmanın Rüqəyyədən oğlu oldu və öldü. Sonra özü də xəstələnib vəfat etdi”.( əz-Zurriyyətut-tahirə, Dulabi, s. 81)
Başqaları isə onun altı yaşında vəfat etdiyini deyirlər. Zəhəbi “Siyəru əlamin-nübəla”da yazır: “Altı yaşına çatdı, gözünü xoruz deşdi, üzü iltihab etdi. Bir müddət sonra öldü”.(Siyəru əlamin-nübəla, c. 2, s. 251)
Altı yaşında öldüyünü deyənlər də ixtilaf etmişlər. Bəzilərinin onun hicrətin dördüncü ilində, digərləri isə, İbn Əbdülbərrin dediyi kimi, fərqli tarix göstərmişlər.
İbn Həcər “əl-İsabə”də onun tərcümeyi-halını Abdullah ibn Osman başlığında qeyd edib. (əl-İsabə, İbn Həcər, c. 5, s. 17)
C. Rüqəyyənin ölümü ilə nəticələnən xəstəliyi də ixtilaf mövzusudur. Əbu İshaq Osmanın Bədr savaşında iştirak etməməsinə bunu səbəb göstərir. Digəri isə onun vəba xəstəliyinə tutulduğunu iddia edir. İbn Əbdülbərr yazır: “Osman zövcəsi Rüqəyyə soyuqladığı üçün onun yanında qaldı, Bədrdə iştirak edə bilmədi. Onun evdə qalmasını Peyğəmbər (s) buyurmuşdu. İbn İshaq da belə deyib. Başqası isə etiraz edərək Rüqəyyənin vəba xəstəliyinə tutulduğunu deyir”. (əl-İstiabu fi mərifətil-əshab, İbn Əbdülbərr, c. 4, s. 1038 )
Ç. Eləcə də Rüqəyyənin vəfatı və Peyğəmbərin (s) onun dəfnində iştirakı barədə müxtəlif fikirlər səslənib. Bəziləri Bədr döyüşü günlərində vəfat etdiyini və bu səbəbdən Peyğəmbərin (s) onun dəfnində iştirak etmədiyini bildiriblər. Bu, Vaqidinin sözüdür. İbn Həcər ondan nəql edir: “Sübuta yetən odur ki, Rüqəyyə Bədr savaşı vaxtı vəfat edib”. (əl-İsabə, İbn Həcər, c. 8, s. 138) Buxaridən isə bunu nəql edib: “Rüqəyyə dünyadan köçdü. Həmin vaxt Peyğəmbər (s) Bədrdə idi və dəfnində iştirak etmədi”. (Fəthul-Bari, İbn Həcər, c. 3, s. 127)
Hakim “Müstədrək”də Həmmad ibn Sələmə yolu ilə Hişam ibn Ürvədən, o da atasından nəql edir: “Peyğəmbər (s) Bədrə yollanarkən Osmanı və Üsamə ibn Zeydi qızı Rüqəyyənın xəstəliyi səbəbindən onun yanında qoydu. Zeyd ibn Harisə qələbə müjdəsi ilə geri qayıtdığı zaman Rüqəyyə dünyadan köçdü. O, vəfat edərkən iyirmi yaşı var idi”. (əl-Müstədrək, c. 4, s. 47)
Bəziləri də onun hicrətin ikinci ilində, Peyğəmbər (s) Bədr döyüşündən qayıtdıqdan sonra dünyadan köçdüyünü və Peyğəmbərin (s) onun dəfnində iştirak etdiyini söyləmişlər. Necə ki, bunu Əhməd ibn Hənbəlin “Müsnəd”ində Ənəsdən nəql etdiyi rəvayətdə gördük. (Müsnəd, Əhməd ibn Hənbəl, c. 3, s. 229)
Həmçinin Zəhəbinin “Mizanul-itidal”da Əhməd ibn Hənbəlin “Müsnəd”indən İbn Abbasdan nəql etdiyi hədis də bunu təsdiqləyir. (Mizanul-İtidal, Zəhəbi, c. 3, s. 128-129) Təbərani “əl-Möcəmul-kəbir”də yazır: “Peyğəmbərin (s) qızı Rüqəyyə vəfat etdikdə isə Peyğəmbər (s) belə dua etdi: “İlahi, onu sələfimiz Osman ibn Məzuna qovuşdur”. (əl-Möcəmul-kəbir, c. 9, s. 37)
D. Peyğəmbərin (s) ən böyük qızının hansı olduğu barədə də fərqli fikirlər səsləndirilib. Bəziləri Rüqəyyənin ən kiçik qız olduğunu, digərləri isə ən kiçiyinin Fatimə (s.ə.) olduğunu iddia etmişlər. İbn Həcər “əl İsabə”də yazır: “Əbu Ömər deyir: “Zeynəbin Peyğəmbərin (s) qızlarının arasında ən böyüyü olmasında fərqli nəzərlərə rast gəlmədim. Rüqəyyə, Ümmü Külsüm və Fatimə barədə isə ixtilaf mövcuddur. Əksəriyyət onların bu ardıcıllıqla dünyaya gəldikləri fikrindədir”.
Əbu Ömər Cürcanidən nəql edib ki, daha düzgünü Rüqəyyənin qızların arasında ən kiçiyi olmasıdır. Fatimənin də ən kiçik qız olduğu deyilib”.(əl-İsabə, İbn Həcər, c. 8, s. 138)
Sefidi deyir: “Peyğəmbərin (s) ən kiçik qızının kimliyi barədə çox ixtilaf var. Lakin onlardan ən böyüyü haqda ixtilaf demək olar ki, yoxdur”.(əl-Vafi bil-vəfayat, Sefidi, c. 24, s. 270 )
Bəli, Zeynəbin peyğəmbər qızlarının arasında ən böyüyü olduğu barədə yekdil fikirləri mövcuddur. İbn Səd “ət-Təbəqat”da onun tərcümeyi-halında yazır: Zeynəb – Peyğəmbərin (s) qızıdır, anası Xədicə bint Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Qüseydir. Peyğəmbərin (s) ən böyük qızıdır”. (ət-Təbəqatul-kubra, c. 8, s. 30)
Həmçinin “ət-Təbəqat”da İbn Abbas sənədilə qeyd olunur: “Peyğəmbərin (s) ən böyük övladı Qasim, sonra tərtiblə Zeynəb, Abdullah, Ümmü Külsüm, Fatimə və Rüqəyyədir”. (ət-Təbəqatul-kubra, c. 3, s. 7)
Zeynəbin Peyğəmbərin (s) besətindən iyirmi il öncə dünyaya gəldiyini deyirlər. İbn Həcər onun tərcümeyi-halında yazır: “Adəm övladlarının ağası Muhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib Qüreyşi Haşiminin qızı Zeynəb. Qızlarının ən böyüyü və onların arasında ilk evlənən idi. Besətdən əvvəl doğulub. Həmin müddətin iyirmi il olduğu deyilib”.( əl-İsabə, İbn Həcər, c. 8, s. 151 )
Həmçinin yekdil fikirlərinə əsasən, “Əbu Ləhəbin əlləri qurusun” ayəsi nazil olduğu vaxt onun oğlanları Peyğəmbərin iki qızını – Rüqəyyə və Ümmü Külsümü boşamışlar. Mizzi “Təhzibul-kəmal”da yazır: “Peyğəmbər (s) qızı Rüqəyyəni Ütbə ibn Əbu Ləhəblə, Ümmü Külsümü isə Ütbənin qardaşı Üteybə ibn Əbu Ləhəblə evləndirmişdi. “Əbu Ləhəbin əlləri qurusun” ayəsi nazil olduqda ataları oğlanlarına onları boşamağı əmr etmiş və ayrılmışdılar”.(əs-Siqat, İbn Hibban, c. 1, s. 56)
İbn Səd və başqalarının sözlərinə əsasən, Peyğəmbərin (s) ən kiçik qızı Rüqəyyənin və Ümmü Külsümün Əbu Ləhəbin oğlanları ilə evləndikləri vaxt barədə də ixtilaf var. Bəziləri bunun besətdən öncə baş verdiyini iddia ediblər. Bu, İbn Səd, İbn Həcər və başqalarının sözüdür.
İbn Səd “ət-Təbəqat”da yazır: “Rüqəyyə – Peyğəmbərin (s) qızıdır, anası Xədicə bint Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Qüseydir. Ütbə ibn Əbu Ləhəb ibn Əbdülmüttəlib Peyğəmbərin (s) besətindən əvvəl onunla evlənmişdi. Hz.Muhəmməd (s) peyğəmbər göndərildikdən sonra “Əbu Ləhəbin əlləri qurusun” ayəsi nazil olduqda atası Əbu Ləhəb oğluna ondan ayrılmasını əmr etdi. Ütbə də onu boşadı”.(ət-Təbəqatul-kubra, c. 8, s. 36 )
İbn Həcər “əl-İsabə”də yazır: “Rüqəyyə əvvəlcə Ütbə ibn Əbu Ləhəblə evli idi. Muhəmməd (s) peyğəmbər (s) göndərildikdə atası oğluna onu boşamasını əmr etdi”.(əl-İsabə, İbn Həcər, c. 8, s. 138)
Bəziləri isə bunun besətdən sonra, hicrətdən əvvəl baş verdiyini deyirlər. Zəhəbi “Siyəru əlamin-nübəla”da yazır: “Peyğəmbərin (s) qızı Rüqəyyə – anası Xədicədir. İbn Səd deyir: “Ütbə ibn Əbu Ləhəb besətdən əvvəl onunla evlənmişdi”. Belə deyib. Amma doğrusu hicrətdən əvvəl evləndiyidir. “Əbu Ləhəbin əlləri qurusun” ayəsi nazil olduqda atası Əbu Ləhəb oğluna ondan ayrılmasını əmr etdi, o da boşadı”. (Siyəru əlamin-nübəla, c. 2, s. 251)
Burada bəzi suallar ortaya çıxır. Əgər Peyğəmbərin (s) ən böyük qızı Zeynəbdirsə və besətdən iyirmi il əvvəl dünyaya gəlibsə, o zaman ən kiçik qızlar olan Rüqəyyə və Ümmü Külsüm nə vaxt evləniblər? Belə ki, onların Əbu Ləhəbin oğlanları ilə besətdən əvvəl evləndiklərini iddia edirlər.
Ən böyük qız olan Zeynəblə vəziyyət belədirsə, Peyğəmbərin (s) ən kiçik qızı olan Rüqəyyə ilə bağlı vəziyyət necədir?!
İbn Həcər bu iradı “əl-İsabə” kitabında Rüqəyyənin Ütbə ilə besətdən əvvəl evləndiyini iddia edənlərin sözlərinin inkarında qeyd edib. Orada yazır: “Əbu Ömər Zeynəbin Peyğəmbərin (s) ən böyük qızı olmadığı barədə yekdil fikrin olduğunu nəql edir. Onun tərcümeyi-halında isə besətdən iyirmi il öncə dünyaya gəldiyi bildirilir. Əgər ən böyükləri bu yaşdadırsa, ən kiçiyi besətdən əvvəl necə evlənib?! Bəli, (Rüqəyyənin Ütbə ilə besətdən əvvəl evləndiyi) isbatlansa bu zaman nikah həddi-buluğa çatmasından sonra bağlanmalıdır. Ola bilər ki, boşanma nikahdan öncə baş verib”.(əl-İsabə, İbn Həcər, c. 8, s. 461 )
Boşanmanın nikahdan öncə olması mümkün deyil. Məgər nikah və boşanmanın həddi-buluğa çatmazdan öncə gerçəkləşməsi ağlasığandır?! (Əhli-Sünnə mənbələrində qeyd edilən belə bir evliliyin necə baş verə biləcəyindəki sirri anlamaq olmur. Onların bu evliliyə dair sözlərini araşdıran şəxs olduqca təəccüblənər. Peyğəmbərin (s) qızı Rüqəyyənin azyaşlı uşaq ikən evləndirib boşadırlar! Həmçinin Peyğəmbəri (s) də azyaşlı Aişə ilə, xəlifələri Öməri Möminlərin əmiri Əlinin (ə) azyaşlı qızı Ümmü Külsümlə evləndirirlər! Bunların arxasındakı sirr nədir?! Yoxsa azyaşlı ilə evlənmək onların nəzərində təbii və adi bir hadisədir?! Yoxsa onlar elə bir məsələ ilə qarşılaşıblar ki, bundan yayına bilməyiblər. Belə ki, Əhli-Sünnə hədis və tarix mənbələrində bir çox uydurma boşboğazlıqlar var ki, bunları kənara ata bilmirlər. Bu səbəbdən də onlar üçün münasib məsələ və hadisələr icad edirlər!)
Onların besətdən sonra evləndiyi isə müşkül məsələdir. Məlumdur ki, “Əbu Ləhəbin əlləri qurusun” ayəsi Peyğəmbərin (s) İslamı aşkar təbliğinin ilk vaxtlarında nazil olub. Buxari “Səhih”ində İbn Abbas sənədilə rəvayət edir: “Yaxın qohumlarını qorxut” ayəsi nazil olduqda Peyğəmbər (s) Səfaya qalxaraq Qüreyşin qəbilələrinə belə səsləndi: “Ey Fəhr oğulları! Ey Ədiy oğulları!” Onlar bir yerə toplaşdılar. Gələ bilməyənlər də nə baş verdiyini öyrənmək üçün öz yerlərinə adam göndərdilər. Əbu Ləhəb və qüreyşlilər də gəldilər. Peyğəmbər (s) buyurdu: “Nə düşünürsünüz, əgər sizin atınızın vadidə nəzarətsiz qalıb qaçmaq üzrə olduğunu sizə desəm, mənə inanıb sözümü təsdiqləyərsiniz?” Dedilər: “Bəli, biz səndən yalnız doğru sözlər eşitmişik”. Buyurdu: “Mən sizi qarşıda gözləyən ağrıdıcı əzabla qorxudub, xəbərdar edirəm”. Əbu Ləhəb dedi: “Sənin qarşıdakı günlərin qurusun! Buna görə bizi toplamısan?!” Həmin vaxt “Əbu Ləhəbin əlləri qurusun” ayəsi nazil oldu”. ( Səhih, Buxari, c. 6, s. 17)
Belə olduqda, Rüqəyyənin yaşı necə olur?
Həmçinin Rüqəyyənin Ütbə ibn Əbu Ləhəblə İslamdan sonra evləndiyini söyləyənlərlə cahiliyyə dövründə evləndiyini iddia edənlərin sözlərinin arasında neçə il fərq olur?!
Osmanın Peyğəmbərə (s) olan kürəkənlik məsələsinin incəliklərindəki bu ziddiyyətlər ortada böyük ixtilafların olduğunu göstərir, məsələyə çox sayda yalan, uydurma və saxtakarlığın qarışdığını ortaya qoyur.
Biz burada Osmanla Rüqəyyənin evlilik həqiqətini araşdırmaq niyyətində deyilik. Sadəcə bir çox cəhətlərin inkar olunduğunu bildirmək və İhsan Zahirin primitiv iddialarının üzərindən örtüyü qaldırmaq istəyirik. Onun sözlərinə görə, bu məsələlər müsəlmanların arasında yekdilliklə qəbul olunur. Halbuki vəziyyət heç də belə deyil. Əhli-Sünnə alimlərinin özləri də Osmanla Rüqəyyənin evliliyinin baş verməsindən savayı, bu izdivacla bağlı bütün məsələlərdə ixtilaflı fikirlər səsləndiriblər.
Ona görə də biz, Osmanın Peyğəmbərin (s) iki qızı ilə evlənməsi məsələsində mübaliğə və şişirtmənin olduğuna etiqad bəsləyirik. Yuxarıda qeyd edilən tarixi göstəricilər də bunu təsdiqləyir. Şübhə yoxdur ki, Əməvi hakimiyyəti Üməyyə oğullarından olan Osman üçün belə bir fəzilətin formalaşdırılmasına xüsusi əmək səy edib. Xülasə, burada onu araşdırmaq niyyətimiz yoxdur. Bu barədə geniş məlumat əldə etmək istəyənlər Əllamə Seyyid Mürtəza Cəfər Amulinin (h.a.) “Peyğəmbərin (s) qızları, yoxsa övladlıqları?” və “Övladlıqların sübutunda doğru söz” kitablarına müraciət edə bilərlər. Həqiqətən də, o kitablar, əlavə heç bir sözə ehtiyac duyulmayan bir təhqiqat əsərləridir.
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 3, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə