»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (9-cu hissə)

  1. Əhməd İsmayılın yəmanilik iddiası
  2. Yəmani Yəməndəndir
  3. Yəmani Zeydi-Şəhidin (radiyallahu anh) nəslindəndir
  4. Yəmani və məsumluq
  5. Yəmani və səfirlik

Yəmani və məsumluq

Əhməd İsmayılın təbliğatçılarından biri iddia etmişdir ki, rəvayətlər Yəmaninin məsum olduğuna dəlalət edir. Bu isə onların Yəmaninin adi ordu başçısından daha artıq birisi olması və hətta yer əhlinə imam və höccət olmasına barədə sahib olduqları etdiqadı dəstəkləyir!

Cavab: Bu deyilənlər tamamilə xəyal məhsuludur. Ona görə ki, Yəmaninin məsum olduğuna dəlalət edən heç bir dəlil yoxdur. Onların bu barədə gətirdikləri dəlillər isə onlara heç bir fayda vermir.

Əhməd İsmayıl öz məsumluğunu isbat etmək üçün deyir:

“Yəmaninin şəxsiyyətinin hüdudlarına gəlincə: Bir hədisdə İmam Baqir (əleyhis-səlam)-dan belə nəql edilmişdir: “Bayraqlar içərisində Yəmaninin bayrağı qədər doğru yolda olan bayraq olmayacaq. O, hidayət bayrağıdır, çünki o (camaatı) sizin sahibinizə tərəf çağıracaq. Yəmani xüruc etdiyi zaman camaata və bütün müsəlmanlara silah satmaq haram olacaq. Yəmani çıxdığı zaman ona tərəf tələs. Onun bayrağı hidayət bayrağıdır. Heç bir müsəlmana ona arxa çevirməsi halal deyil. Kim belə etsə Cəhənnəm əhlidir. Çünki o haqqa və doğru yola dəvət edəcək”.

Bu hədisdə deyilir ki:

Əvvəla: “Heç bir müsəlmana ona arxa çevirməsi halal deyil. Kim belə etsə Cəhənnəm əhlidir”.1 Bu o deməkdir ki, Yəmani ilahi vilayət sahibidir. Bir insan yalnız o vaxt höccət ola bilər ki, (belə ki, ondan üz çevirmək – hətta namaz qılıb oruc tutsalar belə – insanları Cəhənnəmə salar) Allahın yer üzərindəki xəlifələrindən, yəni: ilahi vilayət sahibi olan peyğəmbərlərdən, rəsullardan, imamlardan və məhdilərdən biri olsun.

İkincisi: “O haqqa və doğru yola dəvət edəcək”. Haqqa və doğru yola dəvət etmək o deməkdir ki, bu şəxs xəta etmir, insanları batilə daxil etmir və onları haqqdan çıxarmır. Yəni, o məsumdur və onun məsumluğuna işarə edilib” . (əl-Mutəşabihat, 4/42)

Biz Əhməd İsmayılın dediyi bu sözü bir neçə yöndən müzakirə edəcəyik:

Birinci: Onun İmam Baqir (əleyhis-səlam)-ın buyurduğu “Heç bir müsəlmana ona qarşı gəlməsi (onunla müharibə etməsi) halal deyil. Kim belə etsə Cəhənnəm əhlidir” – sözündən Yəmaninin ilahi vilayət sahibi olması və insanlar üzərində höccət olduğu nəticəsini çıxarması batildir. Çünki cümlə buna dəlalət etmir. Əksinə, cümlənin çatdırdığı yeganə məna budur ki, ona qarşı gəlib onunla müharibə etmək qadağandır. Ona görə ki, hədisdə işlənən “yəltəvi aleyh” sözünün mənası “ona qarşı gəlmək”-deməkdir. Bu sözü ilə onunla döyüşmək və müharibə etməyin qadağan olunduğu nəzərdə tutulub. Rəvayət bunun səbəbini də açıqlayır və bildirir ki, bunun səbəbi onun İmam Məhdi (əleyhis-səlam)-a və haqqa tərəf dəvət etməsidir.

Lakin Əhməd İsmayıl cümlədəki “yəltəvi aleyh” sözünü “yəltəvi anh” kimi başa düşüb. “Yəltəvi anh” sözü ilə isə “yəltəvi aleyh” sözü arasında fərq vardır. Belə ki, “yəltəvi anh” sözünün mənası bir kəsdən uzaqlaşmaq, bir kəsə yardım etməmək deməkdir. “Yəltəvi aleyh” sözünün mənası isə bir kəslə qarşı-qarşıya gəlmək, onunla döyüşmək deməkdir. Məsələn, əgər biz desək ki, “yəhrumu-l-xurucu alə-l-hakimi fi zəməni-l-ğeybəti-l-kubra”, yəni, “böyük qeyb dövründə hakimə qarşı çıxmaq haramdır”, o zaman cümlədən bu məna başa düşüləcək ki, hakimə qarşı silah çəkmək və onunla vuruşmaq haramdır. Lakin bu o anlama gəlməyəcək ki, ona itaət etmək vacibdir, yaxud ona qoşulmaq vacibdir.

Amma əgər desək ki, “yəhrumu-l-xurucu ani-l-hakim”, o zaman bununla hakimə itaət etməyin vacib olduğunu, onun hakimiyyətinə və ya qanunlarına qarşı çıxmağın haram olduğunu nəzərdə tutmuş olacağıq.2

Deməli, bu cümlə Yəmaniyə yardım etməyin vacibliyini çatdırmır.3

Xüsusə, bir sıra başqa rəvayətlər insanın öz canını Sahibəl-əmr (əleyhis-səlam) üçün saxlamağı məsləhət bilmişdir.

Numani öz sənədi ilə Əbu Xalid əl-Kabilidən nəql edir ki, deyir:

“Əbu Cəfər (əleyhis-səlam) buyurdu: Sanki mən şərq tərəfdən çıxan bir qövm görürəm ki, haqqı tələb edirlər, lakin haqqı onlara vermirlər. Sonra yenə tələb edirlər, lakin yenə də vermirlər. Onlar belə olduğunu görüncə qılınclarını çiyinlərindən asacaqlar. Bu dəfə istədikləri şeyi onlara verəcəklər, lakin onlar qəbul etməyəcəklər. Beləcə qiyam edəcəklər və onu (əldə etdikləri hakimiyyəti və ya haqqı) yalnız sizin sahibinizə təhvil verəcəklər. Onlardan öldürülənlər şəhiddirlər. Lakin əgər mən o zamanda yaşasaydım özümü bu işin sahibi üçün saxlayardım”. (əl-Ğeybə, səh.281-282, hədis 50)

Əhməd İsmayılın ardıcılları iddia edirlər ki, rəvayətdə nəzərdə tutulan şəxslər onlardırlar. Bu da onların sair iddiaları kimi batil iddiadır. Etiraf etməyimizə baxmayaraq ki, Yəmaninin əshabından qətlə yetirilənlər şəhiddirlər, lakin onlarla birgə qiyam etmək vacib deyil. Canın İmam Məhdi (əleyhis-səlam)-a yardım üçün saxlanılması onlarla birgə qiyam etməkdən daha üstündür.

Saxta Yəmaninin belə bir xəstə düşüncə gətirməsi təəccüblü deyil. Çünki onun ərəb dilinə olan agahlığı olduqca aşağıdır. Bunu ona nisbət verilən səs yazılarından da görmək mümkündür. Hətta Allahın kitabı belə onun ləhcəsindən və yanlış qiraətindən yaxa qurtara bilməyib.

İkinci: O İmam (əleyhis-səlam)-ın buyurduğu “O haqqa və doğru yola dəvət edəcək” sözündən belə başa düşüb ki, bu yalnız məsumlara və ilahi höccətlərə xas işdir!

Bu, şübhəsiz ki, batildir. Belə ki, haqqa dəvət etməklə məsum olmaq arasında zəruri bir bağ yoxdur. Mümkündür ki, bir kəs haqqa dəvət edən olsun, məsələn əziz alimlərimiz kimi, lakin məsum olmasın.

Görəsən, Əhməd İsmayıl Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əmmar ibn Yasir (radiyallahu anh) barədə buyurduğu bu sözə nə deyir: “Onlar Əmmardan nə istəyirlər? Əmmar onları Cənnətə səsləyir (dəvət edir), onlar isə onu Cəhənnəmə?!”. (Biharul-Ənvar, 31/196)

Həmçinin, Zeyd əş-Şəhid (radiyallahu anh) barədə nəql edilən bir hədisdə Əba Əbdillah (əleyhis-səlam) buyurur ki:

“Deməyin ki, Zeyd də qiyam etmişdi. Zeyd alim və sözündə doğru şəxs idi. O sizi özünə tərəf dəvət etməmişdi. O sizi Muhəmməd ailəsinin (əleyhimus-səlam) razılığına dəvət etmişdi (səsləmişdi). Əgər qələbə çalsaydı, sizi ona tərəf çağırdığı işə vəfa edəcəkdi”. (Kafi, 8/264, hədis 381)

Şübhəsiz ki, Əmmar da, Zeyd də haqqa dəvət edirdilər və şübhəsiz ki, onlarla döyüşmək caiz deyildi. Onlarla döyüşənlər Cəhənnəm əhlidirlər. Lakin, görəsən Əhməd İsmayıl və ardıcılları Əmmar ibn Yasirin və Zeyd əş-Şəhidin (radiyallahu anhumə) məsum olduqlarını düşünürlərmi?

Qeyd etmək lazımdır ki, eyni təbir Nahiyətul-Müqəddəsə4 tərəfindən Şeyx Müfid (quddisə sirruh) barəsində də deyilmişdir. Necə ki, “İhticac” kitabının müəllifi bunu nəql etmiş və demişdir:

“Ona (Şeyx Müfidə) o Həzrət (salavatullahi əleyh) tərəfindən dörd yüz on ikinci ilin Zil-Hiccə ayının iyirmi üçüncündə, cümə axşamı günü başqa bir məktub gəldi. Onun mətni belədir:

Bismillahir rəhmanir rəhim. Salam olsun sənə, ey haqqa yardım edən və doğru sözlə ona tərəf dəvət edən!...” (əl-İhticac, 2/324)

Bu rəvayət (Yəmanin məsumluğunu və s.-ni çatdırmaq məqsədilə deyil) Yəmaninin bayrağının başqa bayraqlardan üstün olduğunu göstərmək məqsədilə deyilmişdir. İmam (əleyhis-səlam) Yəmaninin bayrağının digər bayraqlardan üstün olmasının səbəbi kimi isə onun Sahibəl-əmr (əleyhis-səlam)-a tərəf çağırması və dəvət etməsini göstərmişdir.

Bundan başqa, rəvayət buna dəlalət edir ki, Yəmani insanları İmam (əleyhis-səlam)-a tərəf dəvət edəcək, onları özünə tərəf və ya özünə ardıcıl olmağa dəvət etməyəcək. Əhməd İsmayıl isə camaatı özünə beyət etməyə,özünə yardım etməyə, özünə iman gətirməyə və özünə təqlid etməyə dəvət edir! Bu, onun yalançı yəmanilik iddiasını batilliyini göstərmək üçün kifayət edər.

Üçüncü: Onun ənsarından olan bir şəxs deyir ki, “bayraqlar içərisində Yəmaninin bayrağından daha doğru yolda olan bayraq yoxdur” sözü buna dəlalət edir ki, haqq yalnız və yalnız Yəmani ilədir. Bu isə onun ilahi höccət olmasını gərəkli edir. Buna əsasən də deməli o, məsumdur.

Cavab: Onun dediyi bu söz rədd edilir. Belə ki, rəvayətdəki sözlər buna dəlalət etmir. Ona görə ki:

Birinci: Təfzil forması (müqayisə və üstünlük dərəcəsi) bir şeyin iki yerdə olmasını, lakin bunun onlardan birində daha artıq olmasını bildirir. Məsələn, əgər desək ki, “Əli Əhməddən daha şücaətlidir”, o zaman bu cümlədən bu başa düşüləcək ki, Əli də, Əhməd də şücaətlidirlər. Lakin Əlinin şücaəti Əhmədin şücaətindən daha artıqdır. Qeyd edilən rəvayət bildirir ki, Yəmaninin bayrağı bayraqlar içərisində ən çox doğru yolda olan bayraqdır. Bundan belə başa düşürük ki, rəvayət başqa hidayət bayraqlarının da olduğuna işarə etmişdir və hidayəti təkcə Yəmaninin bayrağı ilə məhdudlaşdırmamışdır.

Bu dediyimizə başqa rəvayətlər də dəlalət edir. Şeyx Təbəri (şiə) (quddisə sirruh) “Dəlailul-İmamə” kitabında Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu nəql etmişdir:

“Biz bir ev əhliyik ki, Allah bizim üçün dünyanı deyil, axirəti seçmişdir. Məndən sonra Əhli-Beytim diyarlarda (ölkələrdə) didərgin vəziyyətdə qalacaqlar. Ta ki, şərq tərəfdən qara bayraqlar qalxacaq. Onlar haqqı tələb edəcəklər, lakin onlara verilməyəcək. Bundan sonra döyüşəcəklər və qələbə çalacaqlar. Beləcə istədikləri şey onlara veriləcək. Sizlərdən və ya övladlarınızdan hər kim onların zamanına yetişsə, buz üstündə sürünməklə belə olsa onların yanına getsin. Həqiqətən də o bayraqlar hidayət bayraqlarıdır. Onlar o bayraqları mənim Əhli-Beytimdən olan və yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə dolduracaq bir şəxsə verərlər”. (Dəlailul-İmamə, səh.446, hədis 24.)

İkinci: Rəvayətdəki təfzil həqiqi təfzil deyildir ki, “zühur əsrindəki bayraqların ən doğru yolda olanı Yəmaninin bayrağıdır” – deyilə bilsin. Çünki hədisin ərəbcəsindəki “və leysə fi-r-rayat” (bayraqlar içində...) cümləsindəki “əl-rayat” (bayraqlar) sözündə mövcud olan “əlif” və “lam” istiğraqi deyil, əhdidir.5 Buna əsasən, rəvayətdəki müqayisə Yəmani, Xorasani və Süfyaninin bayraqları arasında aparılmışdır (zühur dövründəki bütün bayraqlar arasında deyil). Bu isə Yəmaninin bayrağından daha üstün olan başqa bayraqların mövcud ola bilməsi ehtimalını çatdırır!

Buna bir neçə rəvayət də işarə etmişdir. Məsələn:

Şeyx Numani (quddisə sirruh) öz sənədi ilə Əban ibn Təğlibdən nəql edir ki, Əba Əbdillah Cəfər ibn Muhəmməd əs-Sadiq (əleyhis-səlam) buyurdu: “Bir gün Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) Bəqidə olduğu zaman Əli (əleyhis-səlam) onun yanına gəlib salam verdi... Sonra Cəfər ibn Əbu Talib gəldi... ”, İmam (əleyhis-səlam) hədisi qeyd edir və gəlib buraya çatır:

“...Sonra Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) üzünü Cəfər ibn Əbu Talibə tutub dedi: Ey Cəfər, sənə müjdə verimmi, sənə xəbər verimmi?

Dedi: Bəli, ey Allahın Rəsulu.

Buyurdu: Bir qədər əvvəl Cəbrail (əleyhis-səlam) mənim yanımda idi. Mənə xəbər verdi ki, (bayrağı) Qaimə təhvil verəcək şəxs sənin nəslindəndir. Bilirsən o kimdir?

Dedi: Xeyr.

Buyurdu: O həmin şəxsdir ki, üzü dinar kimidir,6 dişləri mişar kimidir, qılıncı sanki od parçasıdır. Dağa zəlil kimi girər, çıxdıqda güclü bir şəkildə çıxar. Cəbrail və Mikayıl onu əhatələrinə alarlar”. (əl-Ğeybə, bab 14, hədis 1)

Göründüyü kimi, bayrağı İmam Məhdi (əleyhis-səlam)-a təhvil verəcək şəxs rəvayətdə mədh edilən və Cəfər ibn Əbu Talib (əleyhis-səlam)-ın nəslindən olan bu şəxsdir, Yəmani və ya qeyrisi deyil. Bu isə ona dəlalət edir ki, onun da bayrağı həmçinin, hidayət bayrağıdır və hidayət bayraqları – az əvvəl dediyimiz kimi – təkcə Yəmaninin bayrağı ilə məhdudlaşmır. Deyilənlərə bunu da əlavə edin ki, Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) onun barəsində dediyi ali vəsflər və xüsusiyyətlər bizə onun Yəmanidən daha üstün olduğunu deməyə əsas verir.

Üçüncü: Rəvayətdə Yəmaninin bayrağının ən doğru yolda olan bayraq olmasının səbəbi kimi Yəmaninin İmam Məhdi (əleyhis-səlam)-a tərəf dəvət etməsi göstərilmişdir. Rəvayətdəki mədh Yəmani üçün, yaxud Yəmanidə olan hansısa bir xüsusiyyət üçün deyilməmişdir. Əksinə, mədh bayraq üçün deyilmişdir. Bu isə həm bayrağın sahibinə, həm də onun ardıcıllarına şamil olur. Yəni, mədh təkcə Yəmaniyə aid deyil. Onların hamısı ixlasla Sahibəz-zəman (əleyhis-səlam)-a tərəfə dəvət eydiklərinə görə mədhə layiqdirlər.

Buna əsasən, gərək Əhməd İsmayıl və onun ardıclları Yəmaninin bütün ənsarının məsum olduğunu desinlər. Bunu isə ağlına hörmət qoyan bir kəs deməz!

Dördüncü: Onun təbliğatçlarından biri demişdir ki, “Yəmani çıxdığı zaman ona tərəf tələs, onun bayrağı hidayət bayrağıdır” cümləsi ona kömək etməyin vacibliyinə dəlalət edir. Buna əsasən, deməli o məsumdur və ona itaət etmək vacibdir.

Cavab: Yəmaniyə yardım edilməsi onun Sahibəz-zəman (əleyhis-səlam)-a tərəf dəvət etməsindən asılıdır. Başqa sözlə, nə qədər ki, Yəmani Sahibəz-zəman (əleyhis-səlam)-ın xəttindədir, möminlər ona yardım etməlidirlər. Lakin əgər İmamdan ayrı düşsə, bu zaman bu, onun rəvayətlərdə qeyd olunan Yəmani olmadığını, əksinə yəmanilik müddəisi olduğunu göstərəcək.

Bundan başqa, rəvayət Yəmaniyə kömək edilməsini onun xürucu (çıxışı) ilə şərtləndirir. Xüruc etməmişdən qabaq isə ona yardım etmək vacib deyil. (O ki qala onun ardıcılı olasan, onun imamətinə etiqad edəsən və s. bu kimi Əhməd İsmayılın özü üçün iddia etdiyi işləri görəsən).

Burada Əhməd İsmayıl və ardıcılları çıxılmaz bir vəziyyətə düşürlər. Ona görə ki, əgər onlar “xüruc” sözünü “zühur” kimi təfsir etsələr, bu zaman bir sıra hədislər Əhməd İsmayılın iddiasını kökündən batil edəcək. Ona görə ki, bu hədislərdə bildirilir ki, Süfyani, Yəmani və Xorasani eyni ildə, eyni ayda və eyni gündə xüruc edəcəklər. Buna əsasən, Əhməd İsmayıl Yəmani deyil. Ona görə ki, Süfyani hələ zühur etməyib.

Yox əgər onlar “xüruc” sözünü “qiyam” kimi təfsir etsələr (necə ki, öz kitablarında bunu qeyd etmişlər), o zaman da Yəmaniyə tərəf tələsmək və ona yardım etmək onun hərbi qiyamının başladığı vaxtla bağlı olacaq. Buna əsasən də hal-hazırda yəmanilik iddiası edən bu şəxsə yardım etmək vacib deyil. Çünki o hələ öz hərbi hərəkatına başlamayıb və hətta, gizlindədir və camaatdan gizlənir. Onun hərbi hərəkatı daha əvvəl qeyd etdiyimiz rəvayətin də bildirdiyi kimi, Süfyaninin və Xorasaninin hərbi hərəkatı ilə eyni vaxtda başlamalıdır.

Nəqzi dəlil babından deyirik: Əgər yardıma tələsməklə bağlı əmr verilməsi həmin şəxsin məsumluğuna dəlalət edirsə, o zaman bu şəxslər Xorasaninin, Şueyb ibn Saleh və qara bayraq sahiblərinin də məsum olmalarına etiqad etməlidirlər!

Ona görə ki, onlarla bağlı varid olan rəvayətlərdə Yəmaninin yardımına tələsmək barədə edilən əmrdən də güclü şəkildə onlara tərəf tələsmək əmr olunmuşdur! Təbəri əs-Sağir öz sənədi ilə Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) nəql edir ki:

“Biz bir ev əhliyik ki, Allah bizim üçün dünyanı deyil, axirəti seçmişdir. Məndən sonra Əhli-Beytim diyarlarda (ölkələrdə) didərgin vəziyyətdə qalacaqlar. Ta ki, şərq tərəfdən qara bayraqlar qalxacaq. Onlar haqqı tələb edəcəklər, lakin onlara verilməyəcək. Bundan sonra döyüşəcəklər və qələbə çalacaqlar. Beləcə istədikləri şey onlara veriləcək. Sizlərdən və ya övladlarınızdan hər kim onların zamanına yetişsə, buz üstündə sürünməklə belə olsa onların yanına getsin. Həqiqətən də o bayraqlar hidayət bayraqlarıdır. Onlar o bayraqları mənim Əhli-Beytimdən olan və yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə dolduracaq bir şəxsə verərlər”. (Dəlailul-İmamə, səh.446, hədis 24)

Həmçinin, başqa bir rəvayət qara bayraq sahiblərin kimliyini açıqlayır. Cabir Əbu Cəfər (əleyhis-səlam)-dan belə nəql edir:

“Bəni-Haşimdən olan və sağ əlində xal olan bir cavan qara bayraqlarla Xorasandan xüruc edəcək. Onun önündə Şüeyb ibn Saleh olacaq. O Süfyaninin əshabı ilə döyüşəcək və onları məğlub edəcək”. (əl-Fitən [Mərvəzi], səh.189)

Hörmətli oxucu bilməlidir ki, bunlar şiənin ismət məsələsindəki icması ilə müxalifət etmişlər və müxaliflərdən olan həşəviyyələrin fikrini əsas götürmüşlər!

Belə ki, bunların nəzərində ismət bu deməkdir ki, məsum olan şəxs insanları batilə salmır və onları hidayətdən çıxarmır.7 Bu, əhli-xilafın dediyi məsumluğun yalnız təbliğə aid olması fikrinin eynisidir.

Onların nəzərində məsum xəta edə bilər.

Əhməd İsmayılın köməkçilərindən və təbliğçilərindən olan Əbdür-Rəzzaq əd-Deyravi deyir:

“Əgər o bunu isbat etmək istəyirsə ki, məsum olduğuna etiqad etdiyimiz şəxs xəta edib, biz daha öncə də dedik ki, bu iş mümkündür və imkansız deyil(!) (Bəhsun havlə əl-İsmə, səh.69)

Onların nəzərində məsumluq, bütün şiələrin etiqad etdiyi kimi məsumun dünyaya gəldiyi ilk gündən etibarən mövcud olmur, əksinə, bu yalnızca onun vəzifəsini yerinə yetirdiyi müddət ərzində olur.

Deyravi deyir:

“Hər nə olursa olsun, ağılı olan adam məsumun dünyaya gəldiyi ilk gündən etibarən məsum olduğunu deməyin cəfəngiyat olması barədə şəkk etməz”. (Bəhsun havlə əl-İsmə, səh.99)

Halbuki, bu mövzuda söz deyən ilk şəxslər məsumlardırlar (əleyhimus-səlam). Onlar hətta bunu İmamətin əlamətlərindən biri qərar vermişlər.

Şeyx Kuleyni (quddisəs sirruh) “əl-Kafi” kitabında səhih sənədlə Muaviyə ibn Vəhəbdən belə nəql edir:

“Əbu Cəfər Baqir (əleyhis-səlam)-a dedim: İmamdan sonrakı imamın əlaməti nədir? Buyurdu: “Doğumu pak olar,8 mənşəyi gözəl olar,9 boş işlər görməz10 və oynamaz11”. (Kafi, 1/284-285, hədis 4)

Əhməd İsmayıl və ardıcılları bütün imamiyyə şiələrinin etiqad etdikləri məsumların səhv və unutqanlıq kimi xüsusiyyətlərdən uzaq olması etiqadı ilə müxalifət etmişlər.

Bununla bağlı Deyravi şiə-imamiyyə alimlərinə (Allah bürhanlarını ali etsin) etiraz edərək deyir:

“Bunlardan başqa da rəvayətlər vardır. Lakin mən bəhs uzanmasın deyə, həmçinin qeyd edilənlər kifayət edir deyə onları qeyd etmədim. Göründüyü kimi, bu rəvayətlər məsumun səhv edə bilməsini çatdırır və bildirir ki, səhv etməyən yeganə varlıq özündən başqa ilah olmayan Allahdır. Elə isə görəsən bəzi alimləri bu rəvayətlərin əksini söyləməyə vadar edən nədir?” (Bəhsun havlə əl-İsmə, səh.67)

Qəribəsi odur ki, onlar məsumun insanların ehtiyac duyduqları dünyəvi işləri bilməsini də inkar etmişlər!

Deyravi deyir:

“Camaatdan eşitdiyimiz budur ki, onlar məsumların (əleyhimus-səlam) hər şeyi bildiklərini deyirlər! Görünür, məsələ onların hamısının deməsəm də, əksəriyyətinin zehnində möhkəmlənmiş bir əqidədir. Hamısı deyərkən, xüsusi olaraq şiələri nəzərdə tuturam. Həqiqət isə budur ki, onların bu etiqadlarının mənşəyi dəlilləri (hədisləri) başa düşməkdə diqqətli olmamalarıdır. Mən bilmirəm nəyə görə etiqad etdikləri şeyin əksini çatdıran çoxlu rəvayətlərə diqqət yetirməmişlər?” (Bəhsun havlə əl-İsmə, səh.83)

Bu, əhli-xilafın etiqad etdiyi və Allah Peyğəmbərləri (əleyhimus-səlam) barədə dedikləri şeyin eynisidir. Onların “xurma ağacının tozlandırılması” hekayəsini dəlil gətirmələri məşhur və bilinəndir.11

Bu şəxslər bununla da kifayətlənməmişlər. Onlar şiəni İmamları (əleyhimus-səlam) ilahiləşdirməkdə ittiham etmiş, onları nəsranilərə bənzətmişlər. Eyniylə sələfilərdən və ümumən şiə əleyhdarlarından eşitdiyimiz kimi!

Deyravi deyir:

“Şiə alimlərinin cürət edib dedikləri şeyi xristianlar demişlər. Sadəcə olaraq bunlar (xristianlar) bu sözü deməklə problemdən yaxa qurtarmışlar: “O bizim kimi bəşər deyil. Bu müqəddəsdir, hətta ilahdır”. Əgər bizim kimi bəşər olsaydıydı, bizim etdiyimizi edərdi”. (Bəhsun havlə əl-İsmə, səh.83)

Onların məsumların məqamlarını bu şəkildə inkar etməkdə məqsədləri öz başçıları Əhməd İsmayılın əyninə uyğun məsumluq icad etmək istəmələridir. Ona görə ki, bu şəxsin xütbələrinə qulaq asıb onun bəyanatlarını və kitablarını oxuyan hər bir kəs əmin olur ki, bu şəxs sırf savadsızdan ötəyə bir kəs deyil və tam şəkildə elmdən və elm əhlindən uzaqdır, (o ki qala məsum imam ola!).

Bu şəxslər məsumluğun məşhur mənası ilə oynayaraq öz sözdə imamlarının Quran, təfsir, dil və yazıda etdiyi və hamının gülüş obyektinə çevrilən xətalarına haqq qazandırmaq istəmişlər. Onlar bu üslubları ilə öz rüsvayçılıq və cinayətlərinə haqq qazandırmaqdan ötrü yalan hədislər uydurub, sonra da onları Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) nisbət verən zalım hakimlərin yolu ilə getmişlər.

Xülasə, Əhli-Beyt (əleyhimus-səlam)-ın rəvayətlərində Sahibəz-zəman (əleyhis-səlam) üçün zəmin hazırlayacaq Yəmaninin məsum olacağına dəlalət edən heç bir dəlil yoxdur.

____________________________________________

1 Əhməd İsmayıl cümlənin mənasını “..ona arxa çevirməsi halal deyil” şəklində başa düşür, əslində isə cümlənin mənası “..onunla müharibə etməsi, ona qarşı gəlməsi halal deyil” şəklindədir. Bir qədər sonra aydın olacaq. (Müt.)
2 Ərəb dilində eyni sözdə ön qoşmanın dəyişilməsi ilə həmin sözün mənası büsbütün dəyişə bilər. Məsələn, “dəa” feli “li” ön qoşması ilə işləndiyi zaman “dua etmək”, “alə” ön qoşması ilə işləndiyi zaman isə “qarğış etmək” mənasına gəlir. Yaxud, “bəhasə” feli “an” ön qoşması ilə işləndiyi zaman “axtarmaq”, “fi” ön qoması ilə işləndiyi zaman isə “müzakirə etmək” mənasına gəlir. Buna görə də “iltəva alə” feli ilə “iltəva an” feli arasındakı fərqi bilmək lazım gəlir. Lakin Əhməd İsmayıl kimi qramatika bir yana, hətta qiraət qaydalarını belə bilməyən birisinin belə səhvlər etməsi təəccüblü deyil. (Müt.)
3 Onuna qarşı çıxmamağın və onunla döyüşməməyin vacibliyini çatdırır. Bu ikisinin arasındakı fərq aydındır. (Müt.)
4 İmam Zaman (əleyhis-səlam) üçün işlədilən təbirdir. (Müt.)
5 “Əlif-lam” (əl) artikli iki cür: əhdi və istiğraqi olur. Bunlar arasında fərqi bilmək üçün ərəb dili qramatikası ilə bağlı yazılan kitablara müraciət etməyiniz lazım gəlir. (Müt.)
6 Üzü dinarın parladığı kimi parlayacaq. Bəzi nüsxələrdə “bədirlənmiş ay kimidir”. (Müt.)
7 Bəhsun havlə əl-İsmə, səh.13.
8 Sünnət olmuş, göbəyi kəsilmiş və qana bulaşmamış halda dünyaya gələr. (Mazandarani, Şərhu-Usulil-Kafi, 6/105) (Müt.)
9 Bəlkə də məna budur ki, ağlının gücü və zatının müqəddəsliyi səbəbindən uşaq yaşlarından idrak zamanınadək fəzlilətlərə sahib olar. (Mazandarani, Şərhu-Usulil-Kafi, 6/105). (Müt.)
10 Yəni, haqqdan qafil olmaz, haqqdan başqa bir şeylə məşğul olmaz. (Mazandarani, Şərhu-Usulil-Kafi, 6/105). (Müt.)
11 Yəni, fayda verməyən və Allahu-təalanın razılığı olmayan iş görməz. Bəzi vaxtlarda ondan sadir olan zarafat isə xasiyyətinin lətifliyi və əxlaqının gözəlliyinə görə olar. (Mazandarani, Şərhu-Usulil-Kafi, 6/105). (Müt.)
12 Bax: Səhih (Müslim), hədis 2361 və 2362, Müsnəd (Əhməd), hədis 24964, əl-Əhkam (İbn Həzm), 5/138, Sünən (İbn Macə), hədis 2470 və 2471. (Müt.)

Страница 4 из 5«12345»
Рейтинг

В этом разделе