»»

"Fərəc duası" və yəmaniçilərin yeni yalanı

"Ənsari"lərin (yəmani, nüseyri, "facebook"un "qaib imamı"nın ardıcılları) son zamanlarda öz batil əqidələrinə irəli sürdükləri iddialarından biri də budur ki, hər gün namazlarda oxuduğumuz Fərəc duasının davamı guya şiələr tərəfindən gizlədilib (! – bular özləri nədir, bilmirəm). Beləki sən demə, Fərəc duasının davamında Ənsarilərin "facebook imamı Əhməd"in Həzrət Mehdi Sahib-Zamanın (ə.f) oğlu olduğuna dair dəlil var imiş. Nəymiş?

Seyyid Əli ibn Tavusun "İqbalul-Əəmal" kitabında (c.1, s.85 və yeni çapda s. 191) Fərəc duasının sonunu belə tamamlanır:

وَ تَجْعَلَهُ‏ وَ ذُرِّيَّتَهُ‏ مِنَ‏ الْأَئِمَّةِ الْوَارِثِينَ‏

"Onu və övladlarını (imamət əmanətinə) varis imamlardan qərar ver".

Əvvələn bu ifadədə məsumlarımız Allahdan Həzrət İbrahimin (ə) işlətdiyi ifadə ilə istəyirlər ki, Həzrət Mehdidən (s) sonra da imamət və vilayət məktəbi məsumların rəhbərliyi ilə davam etsin, ədalətli İslam hakimiyyəti uzunömürlü olsun.

İkincisi, bu ifadədə sionistlərin qurub-quraşdırıb ortaya çıxardığı "feysbuk imamı Əhməd"in kiminsə oğlu və ya varisi olduğuna dair heç bir dəlil yoxdur. Əgər bu ifadənin duaya əlavə edildiyi versiya düz olsa belə, gərək gözləyək, İnşaallah, İmam Mehdi (ə.f) zühur etsin, övladları olsun, sonra da onların hansının özündən sonra imam seçiləcəyi barədə bizə bildirər. Necəki məsum imamlarımızın hüzur dövründə də qayda belə olub. Həm peyğəmbər (s) və həm də imamlar özlərindən sonrakı imamları belə tanıdıblar. Və bilirsiniz ki, imamların çoxunun bir neçə övladından biri sonrakı imam olaraq seçilib və tanıdılıb. İndi isə biz İmamın övladının olub-olmamasını və həmçinin əgər övladı varsa, saylarını və hansının imaməti davam etdirməyə layiq olduğunu bilmirik.

Biz 12-ci imamın özünü görməmişik, onun imamət dövrü başa çatmayıb, indi biri də durub deyirsə ki, mən onun oğluyam və imamızam, ona inansaq ən axmaq adam olarıq.

Üçüncüsü, bu dua ən qədim nüsxələrdə, o cümlədən Şeyx Kuleyninin (vf. 329 hq) "əl-Kafi" (c.4, s.161, hədis:4), Şeyx Tusinin (vf. 460 hq) "Misbahul-Mütəhəccid" (c.2, s.630), Seyid Tavusun digər kitabı "Fəlahus-Sail" (s.45), Hillinin "Müxtəsərul-Bəsair" (s.460, hədis:10-157) və sair kitablarda bizim hazırda oxuduğumuz kimi nəql edilib.

P.S: Yəmanilərin öz xeyirlərinə istifadə etmək istədikləri ifadə əvvələn onları təsdiqləmir, ikincisi isə, bu ifadə təkcə "İqbalul-Əəmal"da keçib və ondan da Biharul-Ənvar nəql edib.

Bundan əlavə müxtəlif kitablarda Fərəc duasının ortasında və ya axırında müxtəlif söz və ifadələr əlavə edilib ki, bu da nəql, nüsxə fərqləri və ya qədim qədim kitabların üzünü köçürənlərin səhvi səbəbi ilə ortaya çıxmışdır.

(c) Mirməhəmməd Bəşir

Рейтинг

В этом разделе