Müəllif iddia edir: “Müfəzzəl ibn Ömərdən nəql olunur: “Əbu Abdullahın belə dediyini eşitdim: “Qaim qiyam etdikdə şiə yalançılarını müəyyən edib qətlə yetirəcək” (“Rical”, Kəşşi, səh.253, İbn Xəttabın (!) tərcümeyi-halı). Bəs nə üçün şiə yalançılarını müəyyən edib onları qətlə yetirəcək?
Hamıdan öncə onları atdıqları iftiralara, mütə nikahı və livatı din qərar verdiklərinə, malların xümsünü ayırmağı vacib bildiklərinə, Quranın təhrif edildiyini söylədiklərinə, Allahın bəda etdiyini, İmamların Yer üzünə qayıdacağını (rəcət edəcəklərini) iddia etdiklərinə görə qətlə yetirəcək. Bütün seyidlər, fəqih və müctəhidlər bu əqidələrə inanmaqdadırlar. Bəs Qaimin (Allah onun zühurunu tezləşdirsin!) qılıncından onları kim xilas edəcək?!”
Cavab: Bu rəvayətin sənədinə göz yumub, doğruluğunu fərz edək. Müəllif bu hədisi daşıdığı mənadan fərqli mənada təqdim etmiş və öz istəyinə müvafiq yozmuşdur.
Şiə ümumi bir isimdir ki, özündə On iki imam, İsmaili, Zeydi və digər şiələri birləşdirməkdədir. Həmçinin özünü yalandan şiə adlandıranlara, sonra isə Əhli-Beyt yolundan yayınanlara da şamil olur. Məsələn Əbul-Xəttab, Müğeyrə ibn Səid, Əhməd ibn Hilal, İbn Əbul-Əzaqir kimi Əhli-Beyt (ə) yolundan üz çevirmiş, lakin şiəlik iddiasında olan şəxsləri də ehtiva etməkdədir. Halbuki Əhli-Beyt onlardan uzaqdır. Ona görə də Kəşşi bu rəvayəti Əbul-Xəttab kimi tanınan “Muhəmməd ibn Əbu Zeynəb... barədə rəvayət olunanlar” başlığı altında nəql edir. Xəttabiyə adlandırılan firqə məhz ona nisbət verilir. İmam Sadiqin (ə) onu lənətlədiyi, bəddua etdiyi və ona əzablı ölüm arzuladığı barədə rəvayətlər nəql olunmuşdur.
Cəfər ibn İsa ibn Übeyd və Əbu Yəhya əl-Vasitinin mötəbər hədislərində deyilir: “Əbul-Həsən Rza (ə) buyurdu: “Bir tacir Əli ibn Hüseynin (ə) adından yalan uydururdu. Allah ona əzablı ölüm daddırdı. Müğeyrə ibn Səid İmam Əbu Cəfərə (ə), Əbul-Xəttab da Əbu Abdullaha (ə) yalan sözlər nisbət verirdi, Allah onlara da rüsvayedici ölümü daddırdı. Mənim adımdan yalan uyduran isə Muhəmməd ibn Furatdır”. (“Əxbaru mərifətir-rical”, 2/591)
Demək, yalançılar - İmamların (ə) adından yalan uyduranlar, onların vəkilləri və ya elçiləri olduqlarını iddia edənlər, yaxud onlar barəsində həddi aşanlar, onlara batil, azğın fikirlər nisbət verməklə şiələrə azdırmağa və şəriətlərini zay etməyə səy göstərənlərdir. İmamlar (ə) onları lənətləmiş, onların kafir olduqlarına hökm etmiş və onlardan uzaq olduqlarını bildirmişlər.
Onlar hədisin qeyd etdiyi həmin yalançılardır, bunlar İmamlardan hədislər rəvayət edən və onlardan elm öyrənən, sözlərinə tabe olan, onların fikirlərini gizlində və aşkarda yayanlar deyillər. Çünki sonuncuları İmamlar (ə) özləri də hədislərində mədh və tərif edirlər. Zürarə, Muhəmməd ibn Müslim, Büreyd əl-İcli, Əbu Bəsir və digər böyük ravilər məhz belə şəxslərdəndir. Onların mədh və tərifi haqqında bir çox hədislər söylənmişdir.
Bu mənanı bəzi əhli-sünnə hədisləri də ifadə edir. Əbu Yəla öz “Müsnəd”ində Əbul-Cəllasdan rəvayət edir: “Əlinin Abdullah ibn Səbaya belə dediyini eşitdim: “Vay olsun sənə! Allaha and olsun, o, mənə el bir şey lütf etməyib ki, onu insanlardan gizlətmiş olum. Onun belə buyurduğunu eşitmişəm: “Qiyamət öncəsi otuz nəfər kəzzab olacaq”. Həqiqətən, sən onlardan birisən”. (“Müsnəd”, Əbu Yəla, 1/218; “Məcməuz-zəvaid”, 7/333. Heysəmi yazır: “Bunu Əbu Yəla rəvayət etmişdir. Raviləri inanılan şəxslərdir”)
Əhli-sünnə hədis mənbələrində otuz kəzzabın olacağını ifadə edən hədislər olduqca çoxdur. Halbuki kəzzabların sayı bundan da artıqdır. Buna əhli-sünnə alimlərinin tərcümeyi-hal, rical və siyər kitabları da şahidlik edir. Dəccal, əl-Əsvəd əl-Ənəsi və Müseyləmə də onlardan sayılır. Bəzi hədislərdə onların hamısının peyğəmbərlik iddiası edəcəkləri qeyd olunur. Anlaşılan budur ki, kəzzab dedikdə məqsəd peyğəmbərlik kimi böyük iddialar ortaya atan, yaxud da Dəccal kimi böyük sayda insanı azdıran kəslərdir. Məqsəd heç də Peyğəmbərin (s) adından yalan hədislər uyduranlar deyildir. Çünki belə kəslərin sayı otuz deyil, həddən artıq çoxdur.
Qaimin (ə) ilk olaraq kəzzab şiələrdən başlayıb onları qətlə yetirməsinə gəldikdə, bəlkə də bunun səbəbi onların yalanının digərlərinin yalanından daha mənfur olmasıdır. Çünki haqq məzhəbə yalan istinad etmək bunu yanlış məzhəbə nisbət verməkdən daha böyük qəbahətdir. Belə ki, bəzi rəvayətlərdə qeyd olunur ki, şiələrdən başqasının pis əməli qəbahətdirsə, şiələrin pis əməli daha böyük qəbahətdir. Bunun səbəbi şiələrin Əhli-Beytə (ə) olan nisbətləridir.
Gizli deyildir ki, rəvayətdə əhli-sünnə və ya digər məzhəblərdə yalançının olmayacağına, yaxud onların kitablarında əsla yalana rast gəlinmədiyinə, ya da etiqadlarının bütünlüklə doğru olduğuna heç bir dəlalət yoxdur. Çünki, məlum olduğu kimi, hədis bu cəhəti açıqlamaq mövzusunda deyildir.