»»

Rəhmət Peyğəmbərinin rəftarından 10 nümunə

Hz.Muhəmməd (səllallahu əleyhi və alihi) dəfələrlə təhqir və təqiblərə məruz qaldığı hadisələrdə əsl əxlaq nümunəsi göstərmişdir.

1. Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) hər dəfə küçələrdən keçərkən yaşlı bir xanım onun üstünə zibil atardı.

O heç bir zaman cavab verməzdi. Bir gün isə onun üzərinə zibil atan həmin qadını görmədi. Sözügedən qadın barəsində camaatdan xəbər aldı. Onun xəstə olduğunu dedilər. Beləliklə, Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) ona baş çəkmək üçün getdi və sağalması üçün dua etdi.

2.Peyğəmbərə (səllallahu əleyhi və alihi) öz əmanətini etibar edənlər, daha sonra ona qarşı hücum cəhdi etmişdilər.

Düzgün və etibarlı (Əl-Sadiq və Əl-Amin) bir şəxs kimi tanındığı üçün hətta düşmənləri belə Ona öz sərvət və mülklərinin qeydinə qalınması üçün  etibar edirdi. Bir gecə onu öldürmək üçün plan quruldu, Peyğəmbər (səllallahu əleyhi və alihi) oranı tərk edərək xilas oldu və əmisioğlu İmam Əlini (əleyhis-səlam) öz yerinə qoymaqla onu təlimatlandırdı ki, həmin şəxslərin etibar etdiyi mal və mülkün haqqıyla geri qaytarıldığına əmin etsin.

3. Taif məntəqəsinin uşaqları onu daşladığı zaman...

Taifin uşaqları Peyğəmbəri (səllallahu əleyhi və alihi) daşlamışdılar və nəticədə  yaralanmış və müxtəlif yerləri al qana boyanmışdı. Mələklər şəhərin məhv edilməsi üçün icazə istədikdə, O, “Mən mərhəmət üçün göndərilmişəm, cəza üçün deyil”, - deyə  cavab vermişdi.

4. Peyğəmbərin (səllallahu əleyhi və alihi) əmisi Həmzəni öldürmüş şəxsi bağışlaması

Vəhşi adlı bir şəxs qəddarcasına Peyğəmbərin əmisi Həmzəni qətlə yetirmişdi. Allah Rəsulu (səllallahu əleyhi və alihi) əmisinin qətlinin kədərini yaşarkən belə Vəhşini bağışladı.

5. Peyğəmbər (səllallahu əleyhi və alihi) onun əleyhinə danışmış şəxsi müdafiə etmişdi.

Süheyl adlı bir şəxs daima Peyğəmbərə (səllallahu əleyhi və alihi) qarşı danışardı. Ömər onun bir daha danışmaması üçün həmin şəxsi cəzalandırmağı təklif etmişdi. Peyğəmbər (səllallahu əleyhi və alihi) isə “Mən aləmlərə mərhəmət olaraq göndərilmişəm” demiş və “Ola bilsin ki, Süheyl gələcəkdə Sizi məmnun edəcək bir iş görəcək”, -  deyə əlavə etmişdi.

6. Onu təqib edən şəxslərin yanına qayıtmış və “Bu gün mərhəmət günüdür”, - demişdi.

Ona zülm etmiş, təqiblərə məruz qoymuş, sui-qəsd hazırlamış, vətənindən didərgin salmış, din və inancı səbəbi ilə səhabələrini öldürmüş və işgəncələr vermiş Məkkə əhlinin yanına qayıtdıqda səhabələrdən biri “Bu gün intiqam günüdür “, - demişdi. Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) əvəzində “Xeyr, bu gün mərhəmət günüdür”, - deyə cavab vermişdi.

7. Doğma vətəni Məkkədə onu təqib etmiş demək olar ki, hər kəsi bağışlaması.

Məkkəyə vaxtilə onu təqib etmiş və intiqamdan qorxan düşmənlərinin yanına qayıtdıqda Peyğəmbər (səllallahu əleyhi və alihi) “Gedin Siz artıq azad insanlarsınız”, - deyə buyurmuşdu. Səhabələrdən biri Ona düşmənləri lənətləməyi təlif etdikdə, Allah Rəsulu (səllallahu əleyhi və alihi) “Mən aləmlərə mərhəmət üçün göndərilmişəm”, - deyə cavab vermişdi.

8. Məkkədə vaxtilə ona hücumlar etmiş əhalinin yanına qayıtmış və “Allahım, bu insanları əfv et, çünki onlar bilməyiblər” , - deyə dua etmişdi.

Məkkəyə geri dönüşündən sonra əhali tərəfindən davamlı hücumlara məruz qaldıqda belə, həmin insanlara görə dua edir və “Allahım, bu insanları əfv et, çünki onlar bilmirlər” deyirdi.

9. Bir şəxs Məscidi mundarladıqda...

Bu davranış Peyğəmbərin (səllallahu əleyhi və alihi) bir çox səhabəsinin əsəbinə səbəb olmuş və onlar həmin şəxsə cavab vermək istəmişdilər.

Peyğəmbər (səllallahu əleyhi və alihi) səhabələrin qarşısını alaraq, həmin şəxslə mülayim və qəzəbsiz şəkildə danışmışdı.

10. Quran dəfələrlə Peyğəmbərin (səllallahu əleyhi və alihi) ancaq “xəbərdar edən” və “təbliğçi” olduğunu qeyd edir.

Quran dəfələrlə Peyğəmbərimizin (səllallahu əleyhi və alihi) işinin cəza deyil, ancaq xəbərdar etməkdən ibarət olmasını bildirməkdədir. Buna misal olaraq, aşağıdakı ayəni qeyd etmək olar:

(Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib təxirə salmalı) olacaqsan və (bəzən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir! (Hud, 12)

Mənbə: Buzzfeed

İngilis dilindən tərcümə: Azər Bağırov

Рейтинг

В этом разделе