»»

Allahdan qorxmaq nə deməkdir?

Sual: Allah mәrhәmәtli olduğu halda nә üçün Quran vә hәdislәrdә Allah qorxusu tövsiyyә olunur? Mehriban vә bağışlayan Allahdan qorxmağın nә mәnası var?

Cavab: Bilmәliyik ki, müsbәt qorxu insana әhatә olunmuş ilahi nemәtlәrdәn biridir. İnsanda müdafiә hissini yaradan da qorxudur. Әgәr insan tәhlükәli mәqamlarda qorxmasaydı, mәsәlәn, yırtıcı heyvanlardan, uçmaqda olan evdәn, tәhlükәli xәstәliklәrdәn qorunmasaydı, qısa zamanda boş yerә mәhv olub gedәrdi. İnsan mәhz bu qorxu hissi sәbәbindәn yoluxucu xәstәliklәrdәn çәkinir, uçurum qarşısında ehtiyatlı olur, tәhlükәli hücumlardan özünü müdafiә edir. Әgәr insanda tәhlükә qorxusu olmasaydı, çoxlarının aqibәti ölümlә nәticәlәnәrdi. Amma söhbәtimizin mövzusu mәntiqi vә ağrılı bir qorxudur. Әsassız, mәntiqsiz qorxu pislәnilir vә belә qorxu “cübn” adlandırılır. Cübn insanı inkişafdan saxlayır, onu bir çox nemәtlәrdәn mәhrum edir. Yersiz qorxu odur ki, insan heç bir dәlil olmadan qorxuya düşsün. Cihad meydanında qorxub qaçmaq, әlbәttә ki, mәzәmmәt olunası bir işdir.

Qurani-mәcid buyurur: “Allahın mәqamından qorxub, nәfsini cilovlayan kәsin yeri hökmәn behiştdir.”1 Ayәdә “Allahdan qorxu” әvәzinә “Allahın mәqamından qorxu” ifadәsi işlәdilmişdir. Bәs Allahın mәqamından qorxmaq nә demәkdir? Allahın mәqamından qorxu dedikdә Onun әdalәt vә mühakimәsi nәzәrdә tutulur. Bәs Allahın әdalәti kimin üçün qorxuludur? Başqasının haqqına tәcavüz etmәyәn çox insanlar üçün Allah әdalәtindәn qorxu yoxdur. Amma әmәl namәsi qara olanlar, başqalarının haqqına tәcavüz edәnlәr, fitnә-fәsad girdabına yuvarlananlar tәbii olaraq Allahın әdalәtindәn qorxurlar. Çünki ilahi әdalәt әsasında bu insanlar öz әmәllәrinin cәzasına mәhkumdurlar. Allahın qәzәbinә düçar olmaq qorxulu deyilmi?

Deyilәnlәrdәn mәlum olur ki, Allahın әdalәtindәn qorxu insanın öz günahlarından, günahlarının cәzasına çatmasından qorxudur.

Әmirәl-möminin (ә) öz buyruqlarından birindә bu mәsәlәyә belә işarә edir: “Yaxşı olar ki, hәr bir fәrd yalnız öz nalayiq әmәlindәn qorxsun.”2

Sual oluna bilәr ki, әgәr Allah qorxusu insanın öz günahından qorxudursa, nә üçün mәsum imamlar vә övliyalar da Allahdan qorxmuşlar? Tәbii ki, mәsum imamların vә övliyaların günahı olmamışdır. Onların qorxduğu şey “tәrke-оvladır”. Tәrke-оvla dedikdә yaxşı işlәrin tәrk olunması nәzәrdә tutulur. Elә işlәr var ki, bu günah sayılmadığı halda Allah dostları üçün qәbahәtdir. Övliyalara qarşı tәlәblәr adi insanlara qarşı tәlәblәrdәn fәrqlәnir. Adi bir insan üçün halal olan bir iş övliyalar üçün büdrәmә sayıla bilәr.

 

1 “Naziat” surəsi, ayə 40-41.

2 “Nәhcül-bәlağә”, k. 82.

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh. 294-295

Рейтинг

В этом разделе