»»

Şiələrdə Peyğəmbərə (s) çatan səhih hədislər yoxdur? - Osman Xəmisin şübhəsinə cavab

Osman əl-Xəmis səqəleyn hədisi barədə danışarkən şiələrə bir neçə iftira atmış, onlar barədə ən çirkin şəkildə yalan danışmışdır. Biz bu iftiraları qeyd edərək onlara müxtəsər şəkildə cavab veririk, çünki onların mövzumuzla bir əlaqəsi yoxdur.

Osman əl-Xəmis deyir: “Şiələrin Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) çatan sənədləri yoxdur. Onlar özləri də etiraf edirlər ki, öz kitablarının və rəvayətlərinin nəqli sənədə əsaslanmır. Onlar məhz bir sıra kitablar tapmış, sonra da demişlər ki: “bunların hamısı haqqdır, bunları nəql edin”. Sənədlərə gəlincə isə, Hürr əl-Amuli və başqa böyük şiə alimlərinin də dediyi kimi, şiələrdə ümumiyyətlə sənəd yoxdur və onlar sənədə etimad etmirlər. Elə isə, onlar necə deyə bilərlər ki, nəql etdikləri hədislər həqiqətən də Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) itrəti tərəfindən deyilmişdir?!” (“Tarixdən bir an”: 203)

 

Deyirəm: Bu, açıq-aşkar yalandır! Kaş Osman əl-Xəmisin dili və qələmi bu günaha batmayaydı.

Şiələrin sayları onlarla, hətta yüzlərlə olan hədis mənbələri və kitabları Osman əl-Xəmisin “şiələrin Peyğəmbərə gedib çatan sənədləri yoxdur” sözünün yalan olmasına şahidlik edir.

Bəlkə də Osman əl-Xəmisi qorxuya salan amil bu olmuşdur ki, o, şiələrin Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) itrətindən yapışdıqlarını, şiələrin Peyğəmbər sünnəsi ilə bağlı hədisləri pak itrət (əleyhimussəlam) yolu ilə əldə etdiklərini və şiələr yanında sənədləri pak itrətə (əleyhimussəlam) çatan rəvayətlərin sənədləri səhabələrə çatan rəvayətlərdən daha çox olduğunu görmüşdür.  

Sanki o bizə Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) itaət edib Allahın kitabına və Əhli-Beytdən olan pak imamlara (əleyhimussəlam) sarıldığımız üçün irad tutur. Əhli-Beyt (əleyhimussəlam) özü buyurmuşdur ki, onların dedikləri hədislər Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) hədisləridir. Bu, şiələr yanında sübuta yetmiş səhih məsələdir.

Maraqlıdır ki, Osman əl-Xəmis bizə irad tutaraq bizdə Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) gedib çatan hədis olmadığını bildirir. Halbuki özü Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinin yazılmasını, hətta nəql edilməsini belə qadağan edən şəxslərin ardınca gedir. Əbu Səid əl-Xudridən nəql etdikləri bir rəvayətdə Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) belə dediyini nisbət vermişlər: “Məndən Qurandan savayı bir şey yazmayın, kim məndən Qurandan savayı bir şey yazsa, onu silsin”. ( “əl-Müstədrək”: 1/216, hədis: 437. Hakim demişdir: “Bu, iki şeyxin şərtinə əsasən səhih hədisdir, lakin onlar bunu nəql etməmişlər”. “Sünənüd-Darəmi”: 1/130, hədis: 450, Şeyx Hüseyn Əsəd: “İsnadı səhihdir”, - demişdir. “Müsnədü-Əhməd”: 3/12, hədis: 11100, Şüeyb əl-Arnaut: “İsnadı iki şeyxin şərtinə əsasən səhihdir”, - demişdir. Həmin mənbə: 3/12, hədis: 11102, Şüeyb əl-Arnaut: “İsnadı Buxarinin şərtinə əsasən səhihdir”,- demişdir. Həmin mənbə: 3/21, hədis: 11174, Şüeyb əl-Arnaut: “İsnadı iki şeyxin şərtinə əsasən səhihdir”, - demişdir. “Səhihü-İbn Hibban”: 1/256, hədis: 64, “Müsnədü-Əbi Yəla”: 2/466, hədis: 1288, Hüseyn Səlim Əsəd: “İsnadı səhihdir”, - demişdir.)

Şiələr pak itrətdən olan hidayət İmamlarına (əleyhimussəlam) tabe olaraq bu qərara boyun əyməmişlər. Onlar hakimiyyətin və onun əlaltılarının Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) adından uydurduqları bu rəvayətləri təkzib etmişlər. Onlar: “Haşa! Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) əsla müsəlmanlara öz sünnəsini yazmağı qadağan etməz”, - deyərək özlərinə tabe olan səhabələrlə birgə Peyğəmbər sünnəsinə qarşı cızılmış bu zalım plana qarşı çıxmışalar.

Gərək Osman əl-Xəmis Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) sünnəsini nəql etməyi və ya yazmağı qadağan edən, hətta bəzi müsəlmanların topladığı hədisləri yandıran o şəxslərə tənə edəydi, onları tənqid edəydi.

Gərək Osman əl-Xəmis gecə-gündüz Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə müxalifət edib xəstə yatağında ikən onun üzünə: “Allahın kitabı bizə yetər!”, - deyə qışqıran şəxsləri tənqid edəydi.

Osman əl-Xəmis Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) şəriətini və sünnəsini dəyişib təhrif edənlərə tənə etməli, məhz onları tənqid etməliydi. Peyğəmbərin vəfatından çox az müddət sonra iş o yerə çatmışdı ki, Ənəs ibn Malik ağlayaraq belə deyirdi: “Peyğəmbər zamanında gördüyüm şeylər içində bircə bu namazın (salamat qaldığını) görürdüm, bu namaz da zay olub!” ( “Səhihül-Buxari”: 1/198, hədis: 507, “Sünənüt-Tirmizi”: 4/632, hədis: 2447, “Muvətta” (Malik): 1/72, hədis: 155, “Müsnədü-Əhməd”: 3/101, hədis: 11996.). Əbud-Dərda isə qəzəbli şəkildə: “Allaha and olsun! Muhəmmədin işindən (müsəlmanlığın əlamətindən) bunlarda təkcə bir yerdə namaz qılmaq qalıb!”, - deyirdi (“Müsnədü-Əhməd”: 5/195, hədis: 21747. Şüeyb əl-Arnaut: “İsnadı iki şeyxin şərtinə əsasən səhihdir”, - demişdir). Görəsən Osman əl-Xəmis bunu edər?! Şəxsən zənn etmirəm. 

Şiələr insanlar içərisində Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) sünnəsini qorumağa, ona sarılmağa, ona əməl etməyə hamıdan çox diqqətli, hamıdan çox meyillidirlər. Lakin onlar Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) nisbət verilən hədislərin qəbulu zamanı olduqca ehtiyatlı davranırlar. Yalnız sənədi səhih olan və raviləri siqə olan hədisləri qəbul edirlər. Mətnində Allah kitabına, yaxud sabit, qəti və mütəvatir sünnəyə, yaxud da ağılın qəti hökmünə müxalif bir şey olan hədisləri qəbul etmirlər.

Görəsən şiələrin nə günahı var ki, hər gəlib-gedəndən hədis qəbul etmirlər, yalnız Qurana, sabit sünnəyə və ağlın qəti hökmünə müvafiq olan hədisləri qəbul edirlər?

Onun dediyi “onlar özləri də etiraf edirlər ki, onların kitablarının və rəvayətlərinin nəqli sənədə əsaslanmır. Sadəcə olaraq onlar kitablar tapmış və demişlər: bunların hamısı haqqdır, onları rəvayət edin” sözünə gəlincə, bu söz də şiəyə atılmış iftira və yalandır; kimdir bunu etiraf edən şəxs?! Harada tapıblar bu etirafı?! Osman əl-Xəmis rəvayətlərin nəqlində şiələrin sənədlərə əsaslanmadıqlarını təsdiq və ya etiraf edən bircə şiə alimi göstərsin!

Bizim sözümüzün – bu şəxsin yalançı və iftiraçı olduğu fikrinin – doğru olub olmamağını yoxlamaq istəyən kəslər, şiələrin “əl-Kafi” (Siqətul-İslam əl-Kuleyni), “İstibsar”, “Təhzib” (hər ikisi Şeyx Tusinindir) və “Mən la yəhduruhul-fəqih” (Şeyx Səduq – Allah hamısına rəhmət etsin) kimi hədis kitablarına, həmçinin digər hədis kitablarına müraciət etsinlər. Bu kitablara müraciət edən şəxslər buradakı hədislərin silsiləvi şəkildə ya Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) dayanır, ya da pak imamlara (əleyhimussəlam) dayandığını görəcəklər. (Məsum İmamlar da (əleyhimussəlam) nə deyirlərsə, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) deyirlər. Bu barədə müəllifin “İmamların elmi” kitabına müraciət edə bilərsiniz. (Tərc.))

Bəlkə də Osman əl-Xəmis bizim bəzi hədis mənbələrimizə baxıb, lakin orada Əbu Hüreyrə, Muğeyrə ibn Şubə, İkrimə əl-Bərbəri, Kəbul-Əhbar və s. bu kimi sevdiyi, rəvayət nəql edib siqə hesab etdiyi (halbuki, aralarında nə çox fasiq və İslam adına bürünmüş yəhudi və xristianı var) şəxslərdən hədislər görməyib. Görəsən, şiə kitablarında bu kimi şəxslərin yoxluğuna görə Osman əl-Xəmisin qəzəblənib özündən çıxması və şiələri hədis kitablarının olmaması ilə ittiham etməsi doğrudurmu?

Osman əl-Xəmisin qeyd etdiyi, iftirasını əsaslandırıb kitabın haşiyəsində nəql etdiyi rəvayətə gəlincə, onun sənədi və mətni belədir:

“Əshabımızdan olan bir dəstə şəxs Əhməd ibn Muhəmməddən, o da Muhəmməd ibn Həsən ibn Əbu Xalid əş-Şənyulədən nəql edib dedi:

İkinci Əbu Cəfərə (əleyhissəlam) dedim: “Sizə fəda olum, bizim şeyxlərimiz Əbu Cəfərdən və Əba Əbdillahdan (əleyhiməssəlam) hədislər nəql etmişlər. O zamanlar təqiyyə güclü olmuşdur deyə öz kitablarını gizləmiş, kitabları nəql etməmişlər. Onlar öldükdən sonra həmin kitablar bizə keçmişdir.” İmam buyurdu: “Onları nəql edin, həqiqətən də onlar haqqdır”.”

Bu rəvayətdə Osman əl-Xəmisin dediyi şeyə dəlalət edən heç bir şey yoxdur. Əksinə, rəvayətdə deyilir ki, şiələrin şeyxlərindən bir dəstə şəxs İmam Baqir və İmam Sadiqdən (əleyhiməssəlam) hədislər eşitmiş, sonra bu hədisləri kitablarda toplamışlar. Həmin dövrdə zalım əməvi xəlifələri və onların azğın və fasiq valiləri tərəfindən Əhli-Beytə və onların şiələrinə qarşı zülm və tüğyan şiddətli olduğundan, həmin şəxslər həmin hədisləri camaat arasında yaya bilməmişlər. Bu səbəbdən də təqiyyə edərək həmin kitabları gizləmişlər. Dünyalarını dəyişənədək zalımların zülmü onların başlarının üstündən əskik olmamışdır. Bu səbəbdən də həmin hədislər o kitabların içində qalmışdır. Sonra bu kitablar İmamların (əleyhimussəlam) səhabələrindən olan bəzi şiələrə çatmışdır. Ravi Muhəmməd ibn Həsən əş-Şənyulə İmam Cavad (əleyhissəlam)-dan həmin kitablarda olan hədisləri nəql etmək üçün izin istəyir, İmam (əleyhissəlam) da buna icazə verir. Və bildirir ki, həmin kitablarda olan hədislər haqqdır. Əgər o kitabları toplayan şəxslər siqə şəxslər olmasaydılar, həmçinin oradakı hədislər İmam Baqir və İmam Sadiq (əleyhiməssəlam)-dan nəql olunmamış olsaydı, o zaman İmam Cavad (əleyhissəlam) bu kitablardan hədis nəql etməyə icazə verməzdi!

Allaha həmd olsun ki, elə rəvayətin özü Osman əl-Xəmisin “şiələrdə sənədli hədislər yoxdur” iftirasına tutarlı cavabdır. Çünki bu rəvayət hicrətin 114-cü ilində vəfat edən İmam Baqir (əleyhissəlam)-ın və hicrətin 148-ci ilində vəfat edən İmam Sadiq (əleyhissəlam)-ın səhabələri arasında kitab müəllifi olan şəxslərin olduğunu göstərir. Həmin vaxt əməvi hakimiyyəti Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) hədislərinin qələmə alınmasının qarşısını şiddətlə alırdı. Buna rəğmən İmam Baqir və İmam Sadiq (əleyhiməssəlam) bu qərara əhəmiyyət verməmiş, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) hədislərini müsəlmanlara nəql etmiş, onların səhabələri də bu hədisləri qələmə alıb kitab halına salmışlar. Lakin onlar zalım əməvi hakimiyyətinin qorxusundan bu hədisləri yaya bilmirdilər. Bütün bunlar Buxari, Müslim və digər altı kitab müəlliflərindən xeyli əvvəllər baş vermişdir.

Sual verənin barəsində sual verdiyi kitabların müəllifləri həmin kitablardakı hədisləri heç bir vasitə olmadan nəql etmişlər. Yəni, onlar nəql etdikləri rəvayətləri birbaşa İmam Baqir və İmam Sadiq (əleyhiməssəlam)-dan nəql etmişlər, bu rəvayətlərin sənədində irsal yoxdur! Onlar bu hədisləri birbaşa İmamlardan eşitmiş, ardınca kitab halına salmışlar. Başqalarının bu hədisləri həmin kitablardan nəql etməsinə gəlincə isə, bu, eyninlə bizim keçmiş zamanda yazılmış müəyyən bir kitabdan hər hansısa bir hədisi nəql etməyimizə bənzəyir. Məsələn, biz: “Şeyx Kuleyni “əl-Kafi” kitabında demişdir...”, yaxud: “Buxari “Səhih” kitabında demişdir...”, - deyirik. Bu o mənaya gəlmir ki, “əl-Kafi”dəki və ya “Səhihül Buxari”dəki hədislər mürsəldir və onların heç bir sənədi yoxdur. Elə isə Osman əl-Xəmis bu rəvayətin harasından belə nəticə çıxardı kı, rəvayət şiələrin hədis nəql edərkən sənədə əsaslanmadıqlarına dəlalət edir?! Həqiqətən də, başqasını rüsvay etmək istədi, amma özü rüsvay oldu.

Bizim kitablarımız səhihdir, yoxsa Buxarinin kitabı?

Osman əl-Xəmisə onun öz üslubu ilə cavab vermək istəsək belə deyə bilərik: zəhmət olmasa Osman əl-Xəmis əhli-sünnənin Allahın kitabından sonra ən səhih kitab hesab etdikləri “Səhihül-Buxari” kitabına bir nəzər salsın. Bu kitabın müəllifi Muhəmməd ibn İsmayıl əl-Buxari bu kitabı sona çatdırmadan, onu nizama salmadan dünyadan köçmüşdür. Ondan sonra başqaları bu kitabı sona çatdırıb onu tərtib etməyə başlamışlar. Bilinmir onu sona çatdırıb tərtibləyən şəxslər kitaba nə əlavə edib, nə azaltmışlar! Görəsən kitabın hamısı Buxarinin öz şeyxlərindən nəql etdiyi rəvayətlərdən ibarətdir, yoxsa tamamlayıcılar özlərindən nələrsə əlavə etmişlər?!

İbn Həcər “Fəthul-Bari” kitabının müqəddiməsində demişdir: “Əbu İshaq İbrahim ibn Əhməd əl-Mustəmli belə demişdir: Buxarinin kitabını onun yoldaşı olan Muhəmməd ibn Yusif əl-Firəbrinin yanındakı orijinal nüsxədən köçürdüm. Lakin onun hələ tamamlanmadığını gördüm. Orada çoxlu ağ hissələr var idi. Bu ağ hissələrin bəzisi ardınca heç bir şey yazılmayan tərcümeyi-hallar idi. Bəziləri də hədislər idi ki, tərcümeyi-halları yazılmamışdı. Bunların bəzilərini bəzilərinə əlavə etdik.” (“Fəthul-Bari”nin müqəddiməsi: səh.6.)

Əbu Vəlid əl-Baci demişdir: “Bu sözün səhihliyinə dəlalət edən şeylərdən biri də budur ki, Əbu İshaq əl-Mustəmlinin rəvayəti, Əbu Muhəmməd əs-Sərəxsinin rəvayəti, Əbul-Heysəm əl-Kəşmihəninin rəvayəti və Əbu Zeyd əl-Mərvəzinin rəvayəti təqdim və təxir (Yəni, bu şəxslərin nəql etdikləri nüsxələrin bəzilərində müəyyən bir hədis öndə gəldiyi halda, digər nüsxədə arxada gəlmişdir. Təqdim: önə çəkmək, təxir: geriyə çəkmək. (Tərc.)) baxımından bir-birlərindən fərqlənirlər, halbuki, onlar bir mənbədən köçürmüşlər. Bunun səbəbi odur ki, onların hər biri elə zənn etmişlər ki, hansısa əlavə bir vərəqdə və ya kağız parçasında olan (bir hədis) bu kitabın hansısa bir yerindəndir. Ona görə də onu kitaba əlavə etmişlər. Buna dəlalət edən şeylərdən biri də budur ki, siz iki və daha artıq tərcümeyi-halın birləşik olduğunu və aralarında heç bir hədis olmadığını görə bilirsiniz.” (Həmin mənbə.)

Şeyx Muhəmməd Əbu Riyyə özünün “Ədva aləs-sunnətil-muhəmmədiyyə” kitabında “Buxarinin rəvayətləri say baxımından fərqlənir” başlığı altında belə demişdir:

“Firəbrinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislər İbn Məqil (ُلقعم) ən Nəsfinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislərdən iki yüz ədəd çoxdur. İbn Məqil ən-Nəsfinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislər də Həmmad ibn Şakir ən-Nəsfinin nəql etdiyi “Səhihül-Buxari”dəki hədislərdən yüz ədəd çoxdur. Necə ki, əl-İraqi belə demişdir”. (“Ədva aləs-sunnətil-muhəmmədiyyə”: səh.307) 

Vəziyyəti bu cür olan bir kitab “Allahın kitabından sonra ən səhih kitab” olmaq bir yana, ümumiyyətlə səhih kitab necə olur?! 

Osman əl-Xəmis şiə alimlərinin fiqhə dair bəhslərini və rical kitablarını oxumayıb?

Osman əl-Xəmis deyir: “Sənədlərə gəlincə isə, Hürr əl-Amuli və başqa böyük şiə alimlərinin də dediyi kimi, şiələrdə ümumiyyətlə sənəd yoxdur və onlar sənədə etimad etmirlər. Elə isə, onlar necə deyə bilərlər ki, nəql etdikləri hədislər həqiqətən də Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) itrəti tərəfindən deyilmişdir?!...”

Sonra haşiyədə deyir: “Hürr əl-Amulinin “Xatimətul-müstədrək” kitabına bax. O bu kitabda bildirir ki, şiələrdə – əsasında hədislərin səhih hesab edildiyi – sənədlər yoxdur və sənəd məsələsi sonradan ortaya çıxmış bir şeydir. Bax: “Doqquzuncu fayda” fəsli.”

 

Cavab:

Şeyx Hürr Amuli (Allah ona rəhmət etsin) “Vəsailuş-şiə” kitabının “doqquzuncu fayda” adlı bölməsini dörd mötəbər kitab və onun kimi digər kitablarda gələn hədislərin səhih olduğu isbat etmək üçün ayırmışdır. Əlbəttə, bu onun əxbari olmasından qaynaqlanırdı. O, bu bölmədə Osman əl-Xəmisin uydurub iftira atdığı kimi şiələrdə sənədli hədislərin olmadığını deməmişdir. O, bu rəvayətlərin sənədlərinin olmadığını iddia etməmişdir. O bu bölmədə yalnız və yalnız bu rəvayətlərin hamısının səhih olduğunu isbat etməyə çalışmışdır, eyniylə əhli-sünnənin “Səhihül-Buxari” və “Səhihü-Müslim” kitablarında gələn rəvayətlərin hamısının səhih olduğunu isbat etməyə çalışdığı kimi.

Bu kitablarda gələn hədislərin hamısının səhih olması fikri bütün şiə alimlərinin və ya fəqihlərin nəzəri deyil. Əksinə, bu fikir onlar arasında “əxbarilər” kimi tanınan xüsusi bir dəstəyə məxsusdur (Allah onlara rəhmət etsin). Şiə alimlərinin böyük əksəriyyəti üsulidirlər. Onlar Hürr Amuli və başqa əxbarilərinin dedikləri bu fikirləri qəbul etmirlər. Onlar bildirirlər ki, hədislərin sənədlərinə nəzər salmaq, onlara sənəd yönündən hökm vermək lazımdır.

Məgər Osman əl-Xəmis ravilərin tərcümeyi-halları ilə bağlı yazılan bu qədər kitabları görmür? Məgər şiə alimlərinin və fəqihlərinin üsuliddin və füruddinlə bağlı bəhslərini, əsərlərini görmür? Onların hədisin qəbulu üçün sənədin səhihliyini şərt bildiklərini, sənəd mötəbərliyi sübuta yetmədiyi müddətcə, yaxud hədisin mətninin səhihliyinə dəlalət edən başqa şahidlər olmadığı müddətcə hədisi qəbul etmədiklərini görmür?

Bütün bunlar bizim dediklərimizin doğruluğuna, Osman əl-Xəmisin iddia etdiklərinin isə batilliyinə dəlalət edir.

 

Şeyx Həsən Abdullah əl-Əcmi , "VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB ", cild 1,

Kitabın yükləmə linki: buradan yüklə

 

 

Рейтинг

В этом разделе