»»

Peyğəmbərin (s) itrəti ailəsi və qohumları olan Bəni Haşimdir? - Osman Əl-Xəmisin iddiasına cavab

Osman əl-Xəmis deyir: “Peyğəmbərin itrəti kimlərdir? Kişinin itrəti onun ailə üzvləridir. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) itrəti də sədəqə yemələri haram olan şəxslər, yəni Bəni-Haşimdir. Peyğəmbərin itrəti bunlardır” (“Tarixdən bir an”: səh.203)

Cavab olaraq deyirəm:

Birinci: Bir çox böyük leksikoloklar bildirmişlər ki, ərəb dilində “itrət” sözü şəxsin bütün qohum əqrəbasına deyil, məhz onun övladlarına, yaxınlarına və ən yaxın qohumlarına şamil olur.

 

Firuzabadi demişdir: “İtrət sözünün mənaları: 1) Müşkə batırılımış boyunbağı; 2) kişinin nəsli ( Kişidən dünyaya gələnlər (övladlar) mənasında. (Tərc.)), qohumları və yaxın qohumları.” (“əl-Qamusul-muhit”: 2/120)

İbn Mənzur demişdir: “Əbu Ubeydə və başqaları demişlər: Kişinin itrəti onun ailəsi və nəslidir, yaxın qohumlarıdır...”. (“Lisanul-ərəb”: 4/538)

İbn əl-Əsir demişdir: “Kişinin itrəti onun ən xüsusi (ən yaxın) qohumlarıdır...” (“Lisanul-ərəb”: 4/538)

Həmçinin demişdir: “İbn əl-Ərabi demişdir: İtrət kişinin övladları, zürriyyəsi və öz sülbündən olan nəslidir. Sonra demişdir: Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) itrəti Fatimətul-Bətulun övladlarıdır...” (“Lisanul-ərəb”: 4/538)

 

İkinci: Bir çox əhli-sünnə alimi səqəleyn hədisindən belə başa düşmüşlər ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) “itrətim” deyərkən Bəni Haşimdən olan bütün qohum-əqrəbalarını deyil, məhz onlar arasından xüsusi bir dəstəni nəzərdə tutmuşdur. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:

Şeyx Əbdül-Haqq əd-Dehləvi demişdir: “...Onun dediyi “itrət kişinin qohum-əqrəbası və yaxın qohumlarıdır” sözünə gəlincə, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) itrət sözünü “Əhli beytim” sözü ilə təfsir etmişdir. Bununla ona işarə etmək istəmişdir ki, “itrət” deyərkən ən yaxın qohum-əqrəbasını; yaxın babanın övladlarını nəzərdə tutur. Yəni, öz övladlarını və zürriyyəsini nəzərdə tutur.” ( “Əşiiətul-ləməat”: 4/681)

Mənavi demişdir: ““İrtətim – Əhli-Beytim” sözündə əvvəlcə yığcam mənalı söz işlənmiş, ardınca geniş mənalı söz işlənmişdir.( İtrət sözü ümumi mənalı, mücməl bir sözdür, bunun ardınca bu sözü izah edən müfəssəl funksiyalı başqa bir söz – Əhli-Beyt sözü işlənmişdir. (Tərc.)). Bu sözlə Allahın çirkinliklərdən təmizləyib pak-pakizə etdiyi əba əhli nəzərdə tutulur...” (“Feyzul-qədir”: 3/19)

Molla Əli əl-Qari demişdir: “Deyirəm: Ev əhli çox vaxt evin sahibini hamıdan daha yaxşı tanıyırlar və ona hamıdan daha yaxşı bələd olurlar. Hədisdəki “Əhli-Beyt”dən məqsəd onlar arasında elm əhli olan, Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) davranışlarından xəbərdar olan, onun yoluna agah olan və onun hökmlərini və hikmətlərini bilən şəxslərdir. Bununla onlar Allahın kitabının müqabili olmağa layiq olurlar...” (“Mirqatul-məfatih”: 10/531)

Həkim ət-Tirmizi demişdir: “Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) “ondan yapışdığınız müddətcə əsla azmayacaqsınız...” sözü Əhli-Beyt arasında imam və seyyid ( Müəllif “seyyid” sözü ilə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) nəslindən olan övladları da nəzərdə tutmuş ola bilər, “ağa”, “öndər”, “rəhbər” kimi ümumi mənaları da nəzərdə tutmuş ola bilər. (Tərc.)). olanlara aiddir, başqalarına deyil...” (“Nəvadirul-usul”: 1/259)

Əbu Bəkr əl-Ələvi əş-Şafei demişdir: “Alimlər demişlər ki, Peyğəmbər Əhli-Beytindən və pak itrətdən sarılmalarına təşviq (əmr) edilən şəxslər məhz onlar arasındakı Allahın kitabına agah olan şəxslərdir. Çünki Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onlardan başqasına sarılmağa təşviq etməz. Hovuz başına çatanadək onlarla Quran arasında ayrılıq baş verməyəcək.” (“Rəşfətus-sadi”: 72)

Əllamə Həsən ibn Əli əs-Səqqaf demişdir: “Əhli-Beytdən yapışmaq və onlara sarılmaq dedikdə onları sevmək, onlara ehtiram etmək, onlara qarşı ədəbli olmaq, onların yolu ilə addımlamaq, onların rəvayətlərinə əməl etmək, onların fikirlərinə, sözlərinə və ictihadlarına etimad etmək, bu məsələdə onları başqalarından önə keçirmək nəzərdə tutulur. Əba əhlinin vəfatından sonra “Əhli-Beyt”dən məqsəd onların nəsillərindən olub Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) davranışlarından xəbərdar olan, onun yoluna agah olan, onun hökmlərini və hikmətlərini bilən təqvalı və vərəli alimlər, müctəhidlərdir. Bununla onlar səhih hədislərdə də gəldiyi kimi Allahın kitabının müqabilində durmuş olurlar”. ( “Səhihu-şərhil-əqidətit-təhaviyyə”: 654)

 

Bu alimlərin sözlərindən açıq-aydın başa düşülür ki, səqəleyn hədisindəki Əhli-Beytdən (əleyhimussəlam) məqsəd Osman əl-Xəmisin iddia etdiyi kimi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bütün qohumları yox, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qohumları arasında Allahın seçdiyi xüsusi bir dəstə şəxsdir. Bu şəxslər də Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan doqquz şəxsdir (əleyhimussəlam əcməin). Çünki təqva, vərə, Allahın kitabına, Peyğəmbərin sünnəsinə və sirəsinə tam agah olma kimi sifət və xüsusiyyətlər məhz onlarda cəm olmuşdur. Qurani-Kərimin həmtayı olmağa layiq olan kəslər məhz onlardır.

Üçüncü: Daha öncə səqəleyn hədisinin Əhli-Beytin (əleyhimussəlam) məslumluğuna, onların Quran və sünnəyə başqalarından daha çox agah olmalarına dəlalət etdiyini sübut etdik. Şübhə yoxdur ki, bu sifətlər Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bütün qohumlarında cəm olmamışdır. Əksinə, bu xüsusiyyət məhz Əhli-Beytdən olan 12 imama (əleyhimussəlam) məxsusdur. Bunun dəlili bizim yanımızda olan səhih və aşkar hədislər (1), həmçinin bu şəxslərin (əleyhimussəlam) həyat yollarıdır.

Dördüncü: Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qohumları arasında cahil, günahkar, üsyankar və xətalara bulaşmış şəxslər var. Görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səqəleyn hədisində bu şəxslərdən də yapışmağa əmr edə bilər?! Özlərini zəlalətdən qoruya bilməyən bu şəxslər başqalarını zəlalətdən necə qoruya bilərlər?!

Səqəleyn hədisindəki itrətdən məqsədin Peyğəmbərin sədəqə haram olan bütün qohumları olduğunu yalnız hədisi başa düşməyən cahil şəxs deyə bilər, ya da haqqı batillə örtmək istəyən, nasibilərin (Allah onları zəlil etsin) havası ilə oturub duran inadkar və təəssübkeş şəxs deyə bilər.

 

(1) - Şeyx Səduqun (Allah ona rəhmət etsin) “Məanil-əxbar” kitabında (səh.91) nəql etdiyi səhih bir hədisdə belə gəlmişdir: Bizə Əli ibn İbrahim ibn Haşim atasından, o, Muhəmməd ibn Əbu Umeyrdən, o, Cəfər ibn Muhəmməd əs-Sadiqdən, o həzrət atası Muhəmməd ibn Əlidən, o həzrət atası Əli ibn Hüseyndən, o həzrət də atası Hüseyndən (salavatullahi əleyhim əcməin) nəql edib dedi: Əmirəlmöminin (əleyhissəlam)-dan Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) “Mən sizin aranızda Allahın kitabını və itrətimi qoyub gedirəm” sözündəki “itrət”in kimlər olduğunu soruşdular. Həzrət buyurdu: Mən, Həsən, Hüseyn və Hüseynin nəslindən gələn doqquz imam. Onların doqquzuncuları Məhdi və Qaimdir. Hovuz başında Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) yanına varıncayadək nə onlar Allahın kitabından ayrılarlar, nə də Allahın kitabı onlardan ayrılar.  

 

Şeyx Həsən Abdullah əl-Əcmi , "VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB ", cild 1,

Kitabın yükləmə linki: buradan yüklə

 

 

Рейтинг

В этом разделе