
Bağışlayan və Mehriban Allahın adı ilə.
Ayətullah Sübhaninin Allahın maddi gözlə görməyin imkansız olmasına dair istinad etdiyi digər bir ayə "Әraf" sürəsinin 143-cü ayəsidir. Ayədə belə deyilir: "Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım dedi. Rəbbi ona dedi: Məni əsla görməyəcəksən". Sübhaniyə görə, ayədən keçən "lən" inkar ədati ərəb dilinin qaydalarına əsasən, əbədilik bildirir. Yəni, ayədə Allahın görülməsi dünya və axirəti fərqi qoyulmadan əbədi şəkildə inkar edilir. Bu da onu göstərir ki, Allahın dünyada görülməsi imkansız olduğu kimi, axirətdə də görüləcəyi barədə olan iddialar yanlışdır.
Ancaq Rüstəm bəyə görə, Sübhaninin bu iddiası yanlışdır, çünki, "lən" ədatı özlüyündə əbədiyyəti bildirmir. Sübhaninin şahid qismində qeyd etdiyi ayələrdə əbədiyyət mənası varsa, bu yalnızca əlavə dəlillərin (qərinə) vasitəsiylə anlaşılmaqdadır.