»»

“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

Dünya və axirət xanımlarının seyidəsi olan Həzrət Fatimeyi-Zəhraya (salamullahi əleyha) edilmiş zülmlərdən biri də atası Peyğəmbərin (sallallahu əleyhi və alih) ona bağışladığı Fədək bağlarının Peyğəmbərin şəhadətindən sonra onun əlindən alınmasıdır.

Müxaliflərimiz Əhli-beytə (əleyhimussalam) edilmiş digər haqsızlıqları inkar etmək və bununla da zalım xəlifələrin adını təmizə çıxarmaq üçün daim müxtəlif yollara əl atdıqları kimi bu məsələdə də xilafəti qəsb etmiş və Xanım Zəhranın (salamullahi əleyha) haqqını əlindən almış Əbu Bəkri onun özünün etdiyi işə bəraət qazandırmaq üçün uydurduğu hədislə və istifadə etdiyi yolla günahsız kimi qələmə verməyə çalışmışlar. Belə ki, Xanım Zəhra (salamullahi əleyha) Fədək bağlarının ona atasından qalmış irs olduğunu Əbu Bəkrə dedikdə Əbu Bəkr uydurma hədisə istinad edərək etdiyi işin heç də haqsızlıq olmadığını, əksinə, bunun peyğəmbərin əmrinə uyğun olduğunu isbat etmək istəyir. Xanım Zəhranın (salamullahi əleyha) “Fədək” xütbəsini oxuduqda göürük ki, Xanım Zəhra (salamullahi əleyha) atasının ona qoyduğu irsin əlindən alındığını deyir və sonra Əbu Bəkr ona belə cavab verir: “Allahı şahid tuturam ki, mən Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) belə dediyini eşitmişəm: “Biz Peyğəmbərlər özümüzdən sonra qızıl, gümüş, malikanə və var-dövləti irs qoymuruq. Bizim mirasımız kitab, hikmət, elm və nübüvvətdir. Bizdən miras qalan dünya malı isə bizdən sonra ümmətin rəhbəri olan şəxsin ixtiyarındadır. O, məsləhət bildiyi kimi ondan istifadə edə bilər.” Mən isə sənin tələb etdiyinin (Fədəkin) gəlirini müsəlmanların kafirlərə və yolunu azmışlara qarşı döyüşmələri üçün hərbi silah-sursatların hazırlanmasına xərcləyirəm. Bu, təkcə mənim qərarım ilə deyil, müsəlmanların hamısının razılığı ilə olan bir işdir. Mənim ixtiyarımda olan mal sənin ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən əsirgəmərəm. Sən atanın (Peyğəmbərin) ümmətinin seyyidəsi və Peyğəmbərin övladlarının əziz anasısan. Biz sənin fəzilətlərini inkar etmir, ata və övladlar baxımından olan üstünlüyünü danmırıq. Sənin hökmün mənim əlimdə olan mala nüfuz edə bilər. Məgər sən mənim (Fədəki sənə verməyimlə) atan Rəsulullahın qanunlarına qarşı çıxmağımı istəyirsən?”[1]

Bu məsələ əhli-sünnənin mötəbər hədis kitabı olan “Səhihul-Buxari”də də nəql olunmuşdur:

حدثنا : ‏ ‏يحيى بن بكير ‏ ، حدثنا : ‏ ‏الليث ‏ ‏، عن ‏ ‏عقيل ‏ ‏، عن ‏ ‏ابن شهاب ‏ ‏، عن ‏ ‏عروة ‏ ‏، عن ‏ ‏عائشة : ‏ أن ‏ ‏فاطمة ‏ ‏(ع) ‏ ‏بنت النبي ‏ (ص) ‏ ‏أرسلت إلى ‏ ‏أبي بكر ‏ ‏تسأله ميراثها من رسول الله ‏ (ص) ‌‏مما ‏ ‏أفاء ‏ ‏الله عليه ‏ ‏بالمدينة ‏ ‏وفدك ‏ ‏وما بقي من خمس ‏ ‏خيبر ‏، ‏فقال أبو بكر ‏: ‏أن رسول الله ‏ (ص) ‏، ‏قال : ‏ ‏لا نورث ما تركنا صدقة ، إنما يأكل آل ‏ ‏محمد ‏ (ص) ‏ ‏في هذا المال وإني والله لا أغير شيئا من صدقة رسول الله ‏ (ص) ‏ ‏، عن حالها التي كان عليها في عهد رسول الله ‏ (ص) ‏ ‏ولأعملن فيها بما عمل به رسول الله ‏ (ص) ‏ ‏فأبى ‏ ‏أبو بكر ‏: ‏أن يدفع إلى ‏ ‏فاطمة ‏ ‏منها شيئا فوجدت ‏ ‏فاطمة ‏ ‏على ‏ ‏أبي بكر ‏ ‏في ذلك فهجرته فلم تكلمه حتى توفيت ، وعاشت بعد النبي ‏ (ص) ‏ ‏ستة أشهر ، فلما توفيت دفنها زوجها ‏ ‏علي ‏ ‏ليلا ولم يؤذن بها ‏ ‏أبا بكر ‏ ‏وصلى عليها

Yəhya ibn Bukeyr Leysdən, o, Əqildən, o, İbn Şəhabdan, o, Ürvədən, Ürvə də Aişədən belə nəql edir: “Peyğəmbərin qızı Fatimə Əbu Bəkrə xəbər göndərib, ondan Mədinədə Allahın Peyğəmbərə bəxş etdiyi şeylərdən, Fədəkdən və Xeybərin xumsundan qalan mallardan ibarət olan mirasını istədiyini xəbər göndərdi. Əbu Bəkr dedi: “Peyğəmbər buyurmuşdur: “(Biz peyğəmbərlər) miras qoymuruq. Qoyub getdiklərimiz sədəqədir”. Peyğəmbərin ailəsi Peyğəmbərin qoyub getdiklərindən (digər insanlar kimi) istifadə edə bilərlər.[2] Allaha and olsun ki, mən Peyğəmbərin sədəqəsinin halını Peyğəmbərin öz dövründə olduğu halından zərrə qədər belə dəyişdirməyəcəyəm. Mən Peyğəmbərin sədəqəsilə Peyğəmbərin öz rəftar etdiyi kimi rəftar edəcəyəm”. Əbu Bəkr Fatimənin ondan istədiklərindən birini belə verməkdən boyun qaçırdı. Fatimə buna görə Əbu Bəkrə qəzəbləndi. Ondan əl çəkdi və ölənə qədər onu danışdırmadı. Peyğəmbərdən sonra altı ay yaşadı. O, vəfat etdikdə həyat yoldaşı Əli Əbu Bəkrə xəbər vermədən onu gecə ilə dəfn etdi və ona namaz qıldı”.[3]

 

[1] Şeyx Təbərsi, “əl-İhticac”, c. 1, səh. 123

[2] Yəni Peyğəmbərin ailəsi ondan sədəqə kimi istifadə edə bilməz. Peyğəmbərin qoyub getdiklərində digər insanların nə qədər istifadə haqları varsa, Peyğəmbər (sallallahu əleyhi və alih) ailəsinin də bu qədər istifadı haqqı var.

[3] “Səhihul-Buxari”, “əl-Məğazi” kitabı, “Xeybər döyüşü” babı, hədis.3998

 

Gördüyünüz kimi Əbu Bəkr Peyğəmbərdən (sallallahu əleyhi və alih) peyğəmbərlərin irs qoymadıqlarını, qoyub getdiklərinin isə sədəqə olduğunu  nəql edir və buna istinad edərək Fədək bağlarını Xanım Zəhraya (salamullahi əleyha) qaytarmır. Bəs görəsən Peyğəmbər (sallallahu əleyhi və alih) Əbu Bəkrin istinad etdiyi bu hədisi həqiqətən də demişdirmi? Yoxsa Əbu Bəkr öz etdiklərinə haqq qazandırmaq üçün bu hədisi Peyğəmbərin adından uydurmuşdur? Bu hədisin uydurma və saxta olmasını dövrümüzün görkəmli fəqihlərindən olan Ayətullahul-uzma Şeyx Vəhid Xorasani (Allah ömrünü uzun etsin) özünün “Minhacus-salihin” kitabında altı məsələyə söykənərək isbat edir. Burada Şeyxin sözünü əsl mənbəsindən tərcümə edərək əziz oxuyucuların diqqətinə çatdıracağıq. Şeyx yazır:

“Xanım Zəhranın (salamullahi əleyha) haqqını bu hədisə istinad edərək əlindən aldılar: “Əbu Bəkr dedi: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm: (Biz peyğəmbərlər) irs qoymuruq. Qoyub getdiklərimiz sədəqədir”.[1]

Məlumdur ki, peyğəmbərlərin iki (cür) varisi var. Onlardan biri mənəvi varisdir ki, bu, peyğəmbərlərin ümmətidir. Muhəmməd peyğəmbərin (sallallahu əleyhi və alih) - “Mən və Əli bu ümmətin atalarıyıq” -  buyurduğu kimi həqiqətən də peyğəmbər öz ümmətinin mənəvi atasıdır. Peyğəmbərin və onun yerində olan xəlifənin insanların nəfslərini tərbiyə etmək və ağıllarını kamilləşdirməkdə olan məqamı atanın (övladlarına) olan məqamı kimidir. Peyğəmbərin ümməti üçün qoyub getdiyi şeylər kitab, hikmət, sünnə və şəriətdir. Necə ki, alimlər də peyğəmbərlərin varisləridirlər.[2] Lakin, onlardan pul, mal-dövlət yox, elm irs aparırlar. Peyğəmbərlərin digər varisləri isə cismani və mənəvi varisləridir ki, onlar peyğəmbərin yaxınlarıdır. Onlar peyğəmbərə mənəvi bağlılıqlarına görə ondan elm irs aparırlar. Həmçinin, onlar kitab (Quran) və sünnənin ümumi dəlillərinə əsasən peyğəmbərdən maddi şeyləri də irs aparırlar.

Diqqət yetirmək lazımdır ki, bunun kimi bir hədis irs qanununu xüsusilə müəyyən edə bilərmi? Dində elmsiz əməl etmək və elmsiz söz danışmaq qadağan edilmişdir. Hər hansısa bir hədisin elmsiz söz demək barədə olan qadağa dairəsindən xaric olması üçün həmin hədisin mötəbərliyi zəruridir. Hədisin mötəbər sayılması üçün də etibarlı olmaq qabiliyyətinin olması, etibarlı olması üçün lazım olan şərtlərin cəm olması və etibarlı olmağına mane olacaq şeylərin aradan getməsi lazımdır.  Bu hədis bir neçə məsələyə görə hər hansısa bir hədisə etimad etmək üçün gərəkli olan əsasa malik deyildir. Onlardan bəzilərinə işarə edirik:

Birinci məsələ: Hədis mənbələrinə əsasən bu hədisi nəql edənin özü (Əbu Bəkr) öz hədisini təkzib edir. Çünki o, Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında dəfn edilməsini Aişəyə vəsiyyət etmişdi.[3] Peyğəmbərin evi[4] isə onun qoyub getdiklərindən idi. Bu hədis səhih olduğu təqdirdə Peyğəmbərin qoyub getdiyi (evi) sədəqədir. Bəs necə olur ki, bu vəsiyyət səhih olur? Öz dövründə bütün müsəlmanlar üçün, hətta həddi büluğa çatmayanlar və o dövrdə olmayanlar üçün sədəqə qoyulan bir şeyi istifadə etmək hüququ (onlara) nə cür icazəli olur? Onların orada olan və olmayan müsəlmanlar, həmçinin, Əbu Bəkrin dəfni zamanı yaşayan və hələ doğulmamış müsəlmanlar üzərində hansı haqları var idi ki, bu dəfn səhih oldu? İmam Əli, Xanım Zəhra və övladları (əleyhimussalam) həmin sədəqənin bu cür istifadəsinə razı olmuşdularmı? Bir halda ki, onların da fikrinə görə  İmam Əli, Xanım Zəhra və övladları (əleyhimussalam) da bu sədəqədən istifadə hüququna malik olan şəxslər idi.

 

[1] Əhməd ibn Hənbəl, “Musnədu Əhməd”, c.1, səh.4; Buxari, “Səhihu Buxari”, c.4, səh.42; Muslim Nişaburi, “Səhihu Muslim”, c.5, səh.153 və s.

[2] Şeyx Kuleyni, “əl-Kafi”, c.1, səh.32; Şeyx Mufid “İxtisas”, səh.4 və s.

[3] İbn Səd, “Təbəqat”, c.3, səh.209; İbn Əsakir, “Tarixu mədinəti Diməşq”, c.30, səh.446; Təbərinin tarix kitabı, c.3, səh.614 və s.

[4] Peyğəmbər (sallallahu əleyhi və alih) öz evində dəfn olunmuşdur.

 

 

İkinci məsələ: Əbu Bəkrin yerində oturan şəxs də (Ömər ibn Xəttab) əməli şəkildə bu hədisi təkzib etmişdi. Belə ki, o, vəsiyyət edərək demişdi: “Mən öldükdə mənim nəşimi Aişənin qapısının ağzında qoyun və ona deyin: “Bu, Ömər ibn Xəttabdır. Sənə salam

deyir və soruşur ki, daxil olum, yoxsa çıxım?” Aişə bir qədər sükut etdi və dedi: “Onu daxil edin və (evdə) dəfn edin”.[1] Əgər (Əbu Bəkrin nəql etdiyi) hədis səhih olsa, bu iki nəfərin Aişənin izniylə bütün ümmət üçün sədəqə qərar verilən yerdə dəfn edilmələri və meyitlərinin o evdə qalması hətta fiqhi bilgilərin aşağı mərtəbələrinə agah olan şəxsin fikrinə görə belə fiqhin açıq-aşkar məsələlərinin xilafınadır.

Üçüncü məsələ: Bu, Peyğəmbərin (sallallahu əleyhi və alih) sədəqəsinin bəzilərinin sədəqə, bəzilərinin sədəqə sayılmaması və sədəqənin hökmünü heç bir məxsuslaşdırıcı olmadan Peyğəmbərin qızı və həyat yoldaşları arasında (kiməsə) məxsuslaşdırmaqdır. Belə ki, Əbu Bəkr Peyğəmbərin sədəqəsini qızından (salavatullahi əleyhima) zorla almış və öz qızını (Aişəni) orada məskunlaşdırmışdı. Hətta o, bununla kifayətlənməmiş, (həmin sədəqədən) istifadə hüququ üçün öz qızından (Aişədən) icazə də almışdı. Bir halda ki, (bu cür) icazə almaq (evin) malikinin, malikin vəkilinin və ya vəlisinin icazəsi olmadan səhih deyildir. Əbu Bəkrin bu əməliylə bu sözləri – “Canım əlində olana and olsun, Peyğəmbərin (qəlbinin) xoş olası (razılığı) mənə mənim öz (qəlbimin) xoş olmasından daha sevimlidir” və  “Allaha and olsun ki, Aişənin ehtiyaclı olması mənə sənin ehtiyaclı olmağından daha sevimlidir” - arasında olan ziddiyyət nə cür aradan qalxır?

Dördüncü məsələ: Əgər “Biz peyğəmbərlər miras qoymuruq” hədisi səhihdirsə, ağıl qəbul edirmi ki, Peyğəmbər (sallallahu əleyhi və alih) bunu onun bütün işlərini öz öhdəsinə götürən vəsisi Əmirəl-möminindən (əleyhissalam) və məxluqatın ona ən yaxın olanı, vücudunun bir parçası Xanım Zəhradan (salamullahi əleyha) gizlətsin? Bununla da Allahın fəsadı və ixtilafı aradan qaldırmaq üçün göndərdiyi şəxs (Peyğəmbər) (elə özü) ümmət arasında parçalanmaya, ixtilafa və fəsada səbəb olsun?

Beşinci məsələ: Fədək müsəlmanlar üçün sədəqə idisə və buna görə də Peyğəmbərin qızından və övladlarından (əleyhimussalam) alınmışdısa, necə olur ki, Osman Peyğəmbərin (sallallahu əleyhi və alih) Mədinədə Məhzur adıyla tanınan bazarın sədəqə etdiyi yerini Mərvan ibn Həkəmin qardaşı olan olan Haris ibn Həkəmin mülkiyyətinə keçirir?[2]

Altıncı məsələ: Peyğəmbərlərin irs qoymaması hədisi Allahın kitabının xilafınadır. Necə ki, Xanım Fatimeyi-Zəhra (salamullahi əleyha) peyğəmbərin övladlarının onlardan irs apardıqlarına dəlalət edən ayələrlə dəlil gətirmişdi. Allahın kitabının xilafına olan şeylər isə zahirdə düz görünən batil sözdür”.[3]

Xanım Zəhranın (salamullahi əleyha) peyğəmbərlərin irs qoyduqlarına dair Qurandan gətirdiyi dəlillər

Şeyx Vəhid Xorasaninin də qeyd etdiyi kimi peyğəmbərlərin irs qoymamaqları haqqında hədis müqəddəs Qurani-Kərimə ziddir. Xanım Zəhra (salmullahi əleyha) məşhur “Fədək” xütbəsində bu məsələyə toxunur və peyğəmbərlərin irs qoyduqlarını Quran ayələri ilə isbat edir. Belə ki, Xanım Zəhra (salamullahi əleyha) buyurur: “Ey müsəlmanlar, heç rəvadırmı, mənim öz irsim əlimdən alınsın? Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr), Allahın kitabına əsasən sən öz atandan irs apara bilərsən, lakin mənim atam özündən sonra irs qoya bilməz? Bu işinlə Allah və Rəsuluna qarşı çox qəribə və pis bir iş gördün (onlara iftira atdın). Qəsdən Allahın kitabını tərk edib, onu kənara atdınız? Halbuki, Allah-təala buyurur: “Süleyman Davuddan irs apardı”.[4] Yəhya ibn Zəkəriyyadan xəbər verdikdə Zəkəriyyanın dilindən buyurur: “Mənə öz dərgahından bir canişin bəxş et ki, mənim və Yəqub ailəsinin varisi olsun”.[5][6]

Gördüyünüz kimi Allah təala Süleyman peyğəmbərin Davud peyğəmbərdən irs aparmasını, Zəkəriyya peyğəmbərin isə (əleyhimussalam)  özünə varis istməsini xəbər verir. Əgər peyğəmbərlər irs qoymasaydı Süleyman peyğəmbər Davud peyğəmbərdən (əleyhimassalam) necə irs apara bilərdi? Həmçinin, əgər peyğəmbərlərin qoyub getdikləri sədəqə olsaydı nəyə görə Zəkəriyya peyğəmbər Allah təalaya özünə varis bəxş etməsi üçün dua edirdi?

 

[1] Əbu Əli, “Musnədu Əbu Əli”, c.8, səh.372; “Məcməuz-zəvaid”, c.9, səh.33

[2] İbn Quteybə, “əl-Məarif”, səh.195; İbn Əbil-hədid, “Şərhu Nəhcil-bəlağə”, c.1, səh.198

[3] Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, “Minhacus-salihin”, c.1, səh.258-288

[4] Nəhl, 16

[5] Məryəm, 5-6

[6] Şeyx Təbərsi, “əl-İhticac”, c. 1, səh. 123

 

Məryəm surəsinin 5-6-cı ayələri haqqında edilən irad və Şeyx Tusinin (rəhmətullahi əleyh) cavabı

Şeyx Tusi “Təlxisuş-şafi fil-imamət” əsərində Məryəm surəsinin 5-6-cı ayələrinin Peyğəmbərimizin (s) miras qoyduğuna və Xanım Zəhranın (s.ə.) onun varisi olduğuna dəlalət etməsi barədə deyir:

“Onun (yəni Əbu-Bəkrin) haqqında tənə edilməsinə səbəb olan şeylərdən biri də Peyğəmbərin mirasına haqqı çatan şəxsləri Allah Rəsulunun (s) mirasından məhrum etməsidir. Lakin bu dəlilin tamamlanması üçün Peyğəmbərin (s) özündən sonra miras qoyan şəxs olduğunu bəyan etmək lazımdır.

Bu məsələyə dəlalət edən şey isə Allah təalanın Həzrət Zəkəriyyadan (s) xəbər verdiyi ayədir:

“Mən özümdən sonra gələn qohumlarımdan (əmim oğlanlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey rəbbim, elə et ki, o razılığını qazanmış olsun!”.[1]

Ayədə Allah təala Zəkəriyyanın öz əmisi oğlanlarından (onları edəcəkləri əməllərdən) qorxduğunu bildirir. Burada “məvaliyyə” kəliməsindən məqsəd heç şübhəsiz onun əmisi oğlanlarıdır. Qorxduğu şey isə əmisi oğlanlarının onun malının varisi olacaqları və həmin malı fəsad işlərdə (haram işlərdə) xərcləyəcək olmalarıdır. Çünki Zəkəriyya peyğəmbər (ə) onların əxlaq və üslublarından bunu bilirdi. Ona görə də öz Rəbbindən onun mirasına əmisi oğlanlarından daha çox haqq sahibi olan bir övlad istədi. Zəkəriyyanın (s) da ayənin zahirinə əsasən miras qoyduğu sabit olduqdan sonra aydın olur ki, bizim Peyğəmbərimiz (s) də miras qoymuşdur. Çünki ümmət arasında bu iki fikiri deyənlər var:

1. Onlardan bəziləri deyir: Bütün peyğəmbərlər (ə) miras qoyub.

2. Digərləri isə deyir: Onların heç biri miras qoymur (mirası və vərəsəsi yoxdur, onlara haqq çatmır).

Lakin onlar arasında “Zəkəriyya (s) və digər keçmiş peyğəmbərlər qəti şəkildə miras qoyublar, bizim Peyğəmbərimiz (s) isə irs qoymur” sözünü deyən yoxdur. Əgər kimsə bu fikirdə olarsa o, ümmətin icmasına xilaf çıxmış olar.

Əgər kimsə (irad olaraq) belə deyərsə:

İsbat edin ki, ayədəki mirasdan qəsd edilən şey mal barədə olan mirasdır və elm, yaxud peyğəmbərlik deyil.

(Cavab olaraq) Deyilər:

Bu mətləbə dəlalət edən şey “miras” sözünün istər lüğətdə, istərsə də şəriətdə mütləq şəkildə işlədilməsi (əlavə bir qeyd olmadan sırf “miras”, “miras aparmaq”, “varis olmaq” və s. kimi işlədilməsi) yalnız miras qoyan şəxsdən varisə həqiqətən keçə bilən bir şey mənasını ifadə edir. Maldan digər mənalarda işlədilməsi isə yalnız məcazi şəkildə olur. Ona görə də “Filankəsin varisi yoxdur”, “Filankəs filankəslə birgə irs aparır” deyildikdə bunun zahirindan və mütləq (əlavə qeyd olmadan) deyilməsindən məhz malların və əşyaların mirası başa düşülür, nəinki elm və digər şeylərin mirası. Sözün zahirindən anlaşılan mənanın yerinə onun məcazi mənasını heç bir dəlil olmadan seçə bilmərik.

Həmçinin, Allah təala xəbər verir ki, Həzrət Zəkəriyya (ə) öz varisinin “razılığını qazanmış, razı qalınmış” olması şərtini bildirir. Əgər ayədəki mirası mal mənasında yox, elm və peyğəmbərlik mənasında götürsək, o zaman bu şərtin mənası qalmaz və bu, boş və əbəs bir şərt olar. Çünki Zəkəriyya peyğəmbər (ə) bu zaman öz məqamında (peyğəmbərlik məqamında) olacaq, onun yerinə keçəcək bir şəxs istədikdə artıq bu şəxsin razı qalınmış olmasını da istəmiş olur. Onun istədiyi şey və dediyi söz (peyğəmbər olacaq bir övlad) razılıq qazanmış olmaqdan çox əzəmətlidir. Ona görə də (peyğəmbərlik və elm mirası aparacaq şəxs istədikdə) razılıq şərtini qoymağın heç bir mənası qalmır.


[1] Məryəm, 5-6

 

Məgər görmürsən ki, bir şəxsin “İlahi bizə bir peyğəmbər göndər və onu ağıl sahibi və mükəlləf olan bir şəxs qərar ver!” deməsi heç də xoş (mənalı) deyil? Bu da sabit olduqdan sonra Zəkəriyyanın (ə) miras aparılan şəxs olması da düzgün olur.

Bizim dediyimiz sözü qüvvətləndirən məsələlərdən biri də Zəkəriyyanın (ə) öz əmisi oğlanlarından qorxması və bu qorxusuna görə bir varis istəməsi idi. Onun bu qorxusu da peyğəmbərlik və elm yox, yalnız mal məsələsində uyğun gəlir. Çünki Həzrət Zəkəriyya (ə) Allahı onun nübüvvətə layiq olmayan bir şəxsi peyğəmbər göndərəcəyindən, yaxud onun elminə və hikmətinə layiq olmayan bir şəxsi onlara varis qərar verəcəyindən qorxmaqdan daha yaxşı tanıyırdı.

Həmçinin Zəkəriyya peyğəmbər (ə) məhz elmi aşkar edib onu insanlar arasında yaymaq üçün göndərilmişdi. Ona görə də caiz deyil ki, özünün göndərilməsinin məqsədi olan (elmi-dini yaymaq) məsələdən (əmisi oğlanları elm və peyğəmbərlik sahibi olub, bunu insanlar arasında yayıb təbliğ etməsindən) qorxsun.

Əgər (irad olaraq) (belə) desələr:

Bu söz sizin özünüzə, “malında varis olmaqdan qorxmaq” iddianıza da şamil olur. Çünki bu (onların varis olacağından qorxub varis olacaq övlad istəmək), paxıllıq və xəsisliyin son həddidir.

(Cavab olaraq) Deyərik:

Bu iki halın eyni olmasından Allaha sığınırıq. Çünki Allahın kafirə də möminə də dosta da düşmənə də ruzi olaraq mal verməsi mümkündür. Lakin bu iş peyğəmbərlik və onun elmlərində düzgün deyil. Həzrət Zəkəriyyanın (ə) fəsad əhli olan əmisi oğlanlarının onun malını günah işlərdə xərcləmək və doğru olmayan şəkildə istifadə etmək üçün ələ keçirmələrindən narahat olması paxıllıqdan deyil. Əksinə, bu, hikmət sahibi olmağın və dini məsələlər barədə gözəl tədbir almağın ən üstün dərəcəsidir. Çünki din fasiqlərin məzəmmət olunmuş işlərində kömək olacaq şeylərlə onları dəstəkləməkdən və onlara yardım etməkdən çəkindirir. Bu (məsələ) yalnız o zaman paxıllıq və xəsislik hesab edilər ki, şəxs (işi) bu qəsdlə (dini nəzərə alaraq yox, paxıllıq hissindən) etsin.

Əgər (irad olaraq) (belə) deyilsə:

Elə isə mümkündür ki, əmisi oğlanlarının sizin iddianıza əsasən fəsad əhli olduğu halda onun elminin varisi olmasından qorxsun. Belə ki, (qorxsun ki,) onlar bu elmlə insanları fəsada yönəltsinlər və onları azdırsınlar.

(Cavab olaraq) Deyərik:

Sizin dediyiniz elm ya Həzrət Zəkəriyyanın (ə) elm və hikmətinin (yazıldığı) kitablarıdır, belə ki, bunlar da (kitablar) məcazi olaraq bəzən elm adlanır. Yaxud da həmin elmdir ki, qəlblərdə olur.

Əgər birinci elm olarsa, bu da mal mənasında olan mirasa aiddir. Bu zaman da peyğəmbərlərin (ə) mallarını və bunun kimi şeyləri irs olaraq qoyduqları məlum olur.

Yox əgər ikinci elm olarsa, bu, ya şəriəti bilməyə bağlı olan elmdir, hansı ki, Peyğəmbər onu (s) gerçəkləşdirib insanlar arasında yaymaq üçün göndərilib. Ya da şəriətə bağlı olmayan, ümmətin hamısının bilməsi lazım olmayan xüsusi bir elmdir. İşlərin nəticəsini, gələcək zamanlarda baş verəcək şeyləri və bunun kimi məsələləri bilmək kimi.

Birinci qismə gəlincə, peyğəmbərə (ə) caiz deyil ki, bu elmin əmisi oğlanlarına yetişməsindən qorxsun. Bir halda ki, onlar da Zəkəriyya peyğəmbərin (ə) ümmətinin bir hissəsidir. Hansı ki, bu barədə məlumatlandırılması və elmi (çatdırmaq) vəzifəsini yerinə yetirmək üçün onlara tərəf göndərilib. Bu təqdirdə sanki Peyğəmbər (ə), göndərilməsinin əsas məqsədi olan şeydən qorxmuş olur.

İkinci qism də yalnışdır. Çünki bu xüsusi elm sadəcə Peyğəmbərin vasitəsilə əldə edilə bilər və bu, onun bildirməsi və aşkar etməsinə bağlıdır. Bu, insanlar arasında yayılması vacib olan şeylərdən deyil. İnsanlar arasında bunun yayılmasının fəsada səbəb olacağından qorxduğu təqdirdə ona vacib olan bu məlumatını (gələcək barədə və s. qeybi xəbərləri) insanlara bildirməmək idi. Bu da onun əlindədir və bundan başqa heçnəyə (onlar buna sahib olmasın deyə bir varis istəməyə) ehtiyac yoxdur.

Əgər (irad olaraq) (belə) deyilsə:

Həzrət Zəkəriyya (ə) sadəcə bu elmin aradan getməsindən qorxmuşdu. Buna görə də Allahdan istədi ki, ona bu elmi aradan getməkdən qoruyacaq bir varis versin.

(Cavab olaraq) Deyərik:

Həzrət Zəkəriyyanın (ə) bundan qorxması düzgün deyil. Çünki o (ə), bilir ki, Allah təalanın hikməti insanlar üzərində höccət olan elmi qorumağı gərəkdirir. Hansı ki, bu elm vasitəsi ilə bəndələr üçün məsləhət olan şeylərdəki (ibadət və s.) nöqsanları aradan qalxır (vəzifələrini bilib, düzgün yerinə yetirirlər). Elə isə, qorxulması gərəkməyən bir şeydən necə qorxmuş ola bilər?!

 

Əgər (irad olaraq) (belə) deyilsə:

Fərz edin ki, məsələ siz deyən kimidir. Belə ki, o, elmin aradan getməyəcəyindən əmin idi. Elə isə Allah təalanın bu elmi onun (ə) yaxınları və öz ailəsi vasitəsi ilə qorumağını istəməsi mümkün deyilmi? Necə ki, ona (ə) yad bir şəxs vasitəsi ilə də bu elmi qoruması mümkündür. Siz inkar etmirsiniz ki, onun qorxusu əmisi oğlanlarından idi. Buna görə də istəyirdi ki, onlar elmi öyrənib onun yerinə keçməsinlər. Bunun üçün də Allah təaladan bu elmlərin hamısını özündə cəm edəcək bir övlad istədi. Bununla da Allah bu elmi onun evindən çıxarb digər qövmlərə verməsin və bu səbəblə onun üçün (camaatın nəzərində) eyb olmasın (ki, peyğəmbərlik onun övladına yox, digər bir şəxsə keçmişdir).

(Bu irada cavab olaraq) Deyərik:

Sual bu şəkildə olduqda cavab da əvvəlkindən fərqli olacaq. O da bundan ibarətdir ki, onların işarə etdiyi qorxu dini bir zərərdən qorxmaq deyil. Yalnız dünya işləri ilə bağlı bir zərərdən qorxmaqdır. Peyğəmbərlər (ə) də məhz dünyəvi zərərlər müqabilində dözümlülük göstərmək üçün göndəriliblər. Onların məqamları da bu səbəblə digər bütün məqamlardan daha üstün olub. Bu xüsusiyyətə sahib şəxslərdə isə qorxunun səbəbi dəqiq bilinmədikdə, onu yalnız dini zərərlərdən qorxmağa yozmaq lazımdır. Çünki onların əsas qorxduqları şey dini zərərlərdir və onların göndərilmələrinin məqsədi dini yox, dünyəvi zərərlərə qatlaşmaqdır. Elə isə, Peyğəmbər (s) “mən qorxuram” deyərsə və biz onun qormağının səbəbini dəqiq şəkildə bilməsək, vacibdir ki, onu dünyəvi yox, dini zərərlərə aid edək. Çünki bunu onların halı (şəxsiyyəti) və peyğəmbər olaraq göndərilməkləri tələb edir.

Necə ki, əgər bəzi şəxslərin dünyaya qarşı zöhd, onun əlamətləri, dünya mənfəətlərindən uzaqlaşma, axirətə rəğbət bəsləmə və axirət üçün əməl etməyə adət etdiyini görsək, bu zaman onun bir şeydən qorxduğunu anladıqda, səbəbini də bilmədiyimiz təqdirdə bu qorxunu daha çox ehtimal verdiyimiz və onun halına (şəxsiyyətinə) daha layiq olan bir mənaya yozarıq. Bunu dünya ilə yox, axirətlə əlaqələndirərik. İndi isə əgər dediyimiz kimi şəxslərdə bu məsələ vacibdirsə, bu, peyğəmbərlərdə (ə) daha da vacibdir.

Habelə heç kəs deyə bilməz ki, “Bu miras elmə aid edilir. Çünki Zəkəriyya peyğəmbər (ə) deyir: “...həm də Yaqub ailəsinə varis olsun.[1] Halbuki Zəkəriyya peyğəmbərin (ə) varisi həqiqətdə Yaqub (ə) ailəsinin mallarının varisi deyil. Onların mallarının varisi digər şəxslərdir (Halbuki ayə onun birbaşa Yaqub (ə) ailəsinin varisi olduğunu deyir. beləcə aydın olur ki, onun Yaqub (ə) ailəsindən apardığı miras elmdir).”

(Bu iddia yalnışdır) Çünki Həzrət Zəkəriyyanın (ə) övladı Yaqub (ə) ailəsi ilə qohumluğuna görə onların mallarının varisi olur. Belə ki, o (ə) “Yaqub ailəsinə varis olsun” yox, “Yaqub nəslinə varis olsun” (hərfi olaraq: “ailəyə varis olsun” yox, “ailədən çatana” yaxud “onun bəzisinə” varis olsun) deyir. Bununla da bildirir ki, o, Yaqub (ə) ailəsinin mirasında (birbaşa yox, bu mirasa) daha çox haqq sahibi olan şəxslərdən irs aparır. (Yəni o ailənin bir üzvü olmadığından mirasda (birbaşa) payı yoxdur. Lakin həmin nəsildən gələrək, Yaqub (ə) ailəsinin varislərinin varisi olduğuna görə o da onlardan miras aparmış olur.) ”[2]

Nəticə

Bu, Şeyx Tusinin müxaliflərimizin Xanım Zəhranın (əleyhassalam) dəlil kimi gətirdikləri ayəyə olan irada cavabı idi. Nəticə olaraq, məlum olduğu kimi “Biz peyğəmbərlər irs qoymuruq” hədisi etdikləri qəsbə haqq qazandırmaq üçün zülmkarlar tərəfindən uydurulmuşdur. Necə ki, Xanım Zəhra (salamullahi əleyha) “Fədək” xütbəsində Əbu Bəkrin bu hədisi deməsindən sonra buyurur: “Sübhanəllah, heç vaxt atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) Allahın Kitabının əleyhinə olaraq bir söz buyurmayıb və onun hökmlərinə heç vaxt müxalifətçilik etməyib. Əksinə, O, bütün işlərində Qurana tabe olmuşdur. Siz birləşib etdiyiniz hiyləgirliyə Ona (Peyğəmbərə) iftira atmaqla haqq qazandırırsınız?[3]

Allah bizləri doğru yolda sabitqədəm etsin!

Baqir Cəfəri

Besiret.az

 

[1] Məryəm, 6

[2] Şeyx Tusi, “Təlxisuş-şafi fil-imamət”, c.3, səh.133-136

[3] Şeyx Təbərsi, “əl-İhticac”, c. 1, səh. 123

Рейтинг

В этом разделе