»»

Cəfər Sübhaninin "Allahın görülməsi" kitabı haqqında Rüstəm Mehdinin iradlarına cavab (8-ci hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə.

Ayətullah Sübhaninin Allahın maddi gözlə görməyin imkansız olmasına dair istinad etdiyi digər bir ayə "Әraf" sürəsinin 143-cü ayəsidir. Ayədə belə deyilir: "Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım dedi. Rəbbi ona dedi: Məni əsla görməyəcəksən". Sübhaniyə görə, ayədən keçən "lən" inkar ədati ərəb dilinin qaydalarına əsasən, əbədilik bildirir. Yəni, ayədə Allahın görülməsi dünya və axirəti fərqi qoyulmadan əbədi şəkildə inkar edilir. Bu da onu göstərir ki, Allahın dünyada görülməsi imkansız olduğu kimi, axirətdə də görüləcəyi barədə olan iddialar yanlışdır.

Ancaq Rüstəm bəyə görə, Sübhaninin bu iddiası yanlışdır, çünki, "lən" ədatı özlüyündə əbədiyyəti bildirmir. Sübhaninin şahid qismində qeyd etdiyi ayələrdə əbədiyyət mənası varsa, bu yalnızca əlavə dəlillərin (qərinə) vasitəsiylə anlaşılmaqdadır.

Cavab: "Lən" ədatının özlüyündə əbədiyyət ifadə etməməsi doğrudur. Hansısa ayədə əbədiyyət bildirəcək şəkildə inkar keçibsə bu, həqiqətdə konteksdən çıxarılan mənadır, nəinki "lən" ədatı müstəqil şəkildə buna dəlalət edir. "Lən" ədatının əbədiyyətə dəlalət etmədiyini mən özüm də "Tövhid" dərslərimdə "Röyətullah" bölümündə söyləmişəm. Odur ki, bu barədə bundan artıq danışmağa lüzum görmürəm.  Ancaq bu yazımızda Rüstəm bəyin başqa bir iradına fikir bildirəcəyik.

Rüstəm bəy yazır:

"İndi isə gəlin mövzumuz olan ayədəki “lən”in əbədilik ifadə etməsi iddiası üzərində duraq. Sübhaniyə soruram: Sənə görə “lən”in ifadə etdiyi əbədilik iki cürdür. Birincisi həqiqi mənada əbədilik olmasa da müəyyən zaman zərfində əbədilikdir ki, bu zamanın nə qədər olacağını “lən”in əvvəli və ya sonrası təyin edir. İkincisi isə zatı etibarı ile qeyri-mümkün olduğu üçün inkarının əbədilik ifadə etməsi. De görək, bu dəlil gətirdiyin ayədə “lən” hansı növ əbədilik ifadə edir? Biz deyirik ki, burada “lən” sənin ifadənlə “müəyyən zaman çərçivəsində əbədilik” ifadə edir. Sənsə bunu inkar edirsən. Dəlil olaraq da deyirsən ki, Allah burada “Sən məni dünyada görməyəcəksən” demir. Ümumi olaraq “görməyəcəksən” buyurduğu üçün bu həqiqi mənada əbədilik ifadə edir.  Bizsə deyirik ki, sənin bu istidlalın da digər istidlalların kimi batildir. Çünki ayədə müəyyən bir zaman zərfindən söhbət gedir. Bu zaman zərfini isə Musa Peyğəmbərin -əleyhissalam- sözündən anlayırıq. Musa -əleyhissalam- Allahdan ona o an görülməsini istəmişdi. Bu ayəni Mö’təzilə və rafizi bidətləriylə zəhərlənməmiş istənilən ərəbə oxuduqda və sorulduqda ki, burada Musa -əleyhissalam- Allahdan nə zaman ona görülməsini istəmişdi? Cavabı “təbii ki, həmin miqat, yəni görüş anında” olacaq. Heç birisi deməz ki, “Musa -əleyhissalam- burada həm dünyada, həm də axirətdə görülməsini istəmişdir. Çünki dua “ərini ənzur ileyk” şəklində idi. Oradakı “ərini ənzur” sözü, ərəb dilində “göstər baxım, izn ver baxım” mənasındadır. Axirətlə bağlı bir şey istəndiyi zaman, xüsusi təqyid (axirətdə istəməsinə dəlalət edən bir şey) olmadan bu cür istənməz".

Rüstəm bəyin irad və iddiasıyla tanış oldunuz. Rüstəm bəyə görə, ayədə keçən əbədilik müəyyən zaman çərçivəsində (dünyada) olan əbədilikdir. Bunun axirətlə heç bir əlaqəsi yoxdur. Bu halı axirətə şamil etmək üçün əlavə dəlilə ehtiyac vardır. Halbuki əlimizdə belə bir dəlil yoxdur.

Cavab: Müəllifin bu iddiası dəqiq deyildir. Ayənin məzmuna diqqətlə nəzər yetirsək, ortada mütləq əbədiliyin olmasına dair güclü bir dəlilin olduğunu görərik. Həmin dəlil ayənin Allahı görməkdən söhbət açmasıdır. Әgər ayədə keçən görməni maddi formada görmək kimi anlasaq, o zaman bu növ görmənin özlüyündə imkansız olduğunu anlayırıq. Öncəki yazılarımızda isbatladığımız kimi, Allahı maddi gözlə görmək mümkün deyildir. Deməli, ayədə keçən "lən"ədatının əbədiyyət bildirməsi üçün ortada əlavə dəlil (qərinə) vardır.

Rüstəm bəyin ayə barəsində digər bir iddiası da budur ki, ayənin istənilən ərəbə göstərsək, buradan görülmə istəyinin məhz həmin miqata (görüş yerinə), dünya həyatına aid olduğunu anlayar. Әgər bu görülmə hadisəsi mütləq şəkildə inkar edilmiş olsaydı, o zaman buna dəlalət edəcək xüsusi bir qeydin olması lazım gələrdi. Yəni, ayə deməliydi ki, Ey Musa! Sənin Allahı görməyin özlüyündə imkansız bir haldır. Nə dünyada, nə də axirətdə bu işin baş tutması mümkün deyildir.

Cavab: Müəllifin burada məsələyə tekstualist yanaşması aydın şəkildə bəlli olur. Guya ayədə inkar olunan məsələnin ümumə dəlalət etməsi üçün gərək orada "axirət" sözü də mütləq keçmiş olsun. Nə qədər ki, biz, orada axirət sözünü görmürük, deməli ayəni axirət dünyasına da şamil etməyimizə haqqımız yoxdur. Halbuki, ayəyə əgər müəllifin məntiqiylə yanaşsaq, o zaman bu hökmü hətta dünyanın özünə belə mütləq şəkildə aid edə bilmərik. Çünki, müəllifin özü etiraf edərək (Bu ayəni Mö’təzilə və rafizi bidətləriylə zəhərlənməmiş istənilən ərəbə oxuduqda və sorulduqda ki, burada Musa -əleyhissalam- Allahdan nə zaman ona görülməsini istəmişdi? Cavabı “təbii ki, həmin miqat, yəni görüş anında” olacaq) yazır. Deməli, Musa (ə) məhz görüş anında Allahdan onu görməsini istəyir. İndi biz də haqlı olaraq müəllifdən soruşuruq ki, ayə, aşkar şəkildə yalnızca görüş halında görülməni inkar etdiyi halda, sən nə haqla bu inkarı dünyadakı digər hallara da şamil edirsən? Ola bilsin həmin görüş zamanı xüsusi bir hikmət gərəyi Musanın Allahı görməsi imkansız olub. Amma, bu halın digər məkan və zamanlara da şamil olacağına dair ayədə heç bir qeyd və işarə yoxdur. Deməli, Rüstəm bəy və alimlərinin Allahın dünyada görülməyəcəyinə dair iddiaları yanlışdır.

Digər tərəfdən, müəllif özü iddia edir ki, Sübhaninin öz iddiasına şahid qismində işarə etdiyi ayələrin heç biri məhz "lən" ədatı keçdiyi üçün əbədiyyət bildirmir. Әksinə, bu məna əlavə dəlillərin köməkliyi ilə əldə olunur. Məsələn, bu ayə kimi: "Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də Allah onları bağışlayan deyil (lən yəğfira)”. Rüstəm bəyə görə, ayədən anlaşılan əbədilik "lən" ədatına görə deyildir, sadəcə olaraq ayədə münafiq və kafirlərdən danışıldığına görə, bu qadağanın əbədi olduğunu anlayırıq. Biz də haqlı olaraq müəllifə sual veririk ki, sən, hansı dəlilə əsasən bu hökmü axirətə də aid etmisən? Halbuki ayə, cənazə namazında edilən bağışlanmaya aiddir. Bunun axirətə də şamil olmasına dair heç bir qeyd də gəlməyib. Ola bilsin Quran, münafiqlər üçün yalnızca dünya həyatında bağışlanma dilənməsini qadağan etsin, lakin axirətə gəldikdə, bu qadağa ləğv edilsin. Yox, əgər müəllif belə bir şeyin özlüyündə imkansız olduğunu, digər ayə və hədislərin köməkliyi ilə münafiqlərin bağışlanmasının mütləq şəkildə imkansız olduğunu söyləsə, o zaman biz də cavab olaraq eyni sözü söyləyərik. Digər ayə və hədislərin ümumilikdə maddi gözlə görmə hadisəsini inkar etdiyi üçün ayədə hökmün axirətə da şamil olmasını göstərmək üçün xüsusi qeydin gəlməsi gərəkli deyildir.

Rüstəm bəyin Sübhaniyə rəddiyyələri burada tamamlandığı üçün biz də bu cavabımızla hələlik kifayətlənirik. Әgər bu mövzuda gələcəkdə yeni rəddiyyələr yazsa, o zaman növbəti cavablarımızı yazacağıq.

Ümid edirik ki, birinci yazımızın əvvəlində qeyd etdiyimiz tövsiyələr Rüstəm bəy üçün faydalı olar. Belə ki, bundan sonra əlinə qələm alıb elmi məqalə yazanda elmi səviyyəyə zidd ola biləcək ucuz bazar söhbətlərindən şiddətlə çəkinəcəkdir. Bunun üçün də hər şeydən öncə, əlinə aldığı şeyin "qələm" olduğunu yaxşıca dərk etməsi şərtdir. Әks təqdirdə, avam kütlənin hisslərinə təsir etmək və bununla da auditoriya yığmaq üçün alışdığımız şablon ifadələrdən, təhqirlərdən istifadə etmək elmi camiədə heç bir dəyər ifadə etmir, sadəcə olaraq müəllifin elmi kimliyinə ləkə gətirərək onu sual altına aparmaqdan savayı bir işə yaramır.

Müvəffəq edən yalnızca Allahdır...

Təbriz Nəcəfi

313news.net

Рейтинг

В этом разделе