»»

«Şiə məzhəbinin əsasları» kitabının tənqidi barədə qısa arayış

Rəhman və Rəhim olan Allahın adı ilə

Şiələrin əleyhinə bir il ərzində yazılıb yayılan kitabların statistikasına ötəri nəzər salsaq, aldığımız nəticə insanı heyrətə gətirir. Əlbəttə, bu statistik məlumat rəsmi televiziya və radio kimi kütləvi informasiya vasitələrində yayımlanmışdı. Əgər bu barədə internet səhifələrinə göz gəzdirsək, şiənin əleyhinə yüz minlərlə şübhə tapmaq olar. Lakin şiələrlə bağlı bütün mövzular barəsində müzakirələr aparmaq üçün təşkil olunmuş mərkəzlər hələ bu statistikaya daxil deyildir.

Bunların hamısı şiələrin kafir və bidət əhli olması barəsində verilən fətvalardan əvvəl baş vermişdir. Şiələr ictimai və siyasi arenadan qovulmuş, onların öldürülməsi barəsində fətvalar verilmişdir. Belə ki, bizim zamanımızda minlərlə müsəlmanın qanının tökülməsi, evlərinin xaraba qalması həmin bədəməl tayfanın əməlindən başqa bir şey deyildir.

Səudiyyə Ərəbistanının və buna bənzər yerlərin universitetlərində magistr və aspirant mərhələlərində etiqadi mövzular barəsində yazılan dissertasiya işləri sünni ilə şiənin arasında ixtilaf yaratmaqdan başqa bir məqsəd güdmür. Bir çox yerlərdə bu məqsədlə yazılan yazılar daha üstün imtiyaza malik olur. Halbuki, siz o yazıları vərəqləsəniz, o yazılarda elmi-mədəni cəhətdən dərin bir kasıbçılığın olduğunu müşahidə edərsiniz. Onların elmi-təhqiqat qaydalarından, insafdan uzaq olmalarını, dəhşətli və təəccüblü mövzulara tərəfsiz olaraq daxil olmalarını görərsiniz. Təsəvvür edin ki, 8-ci əsrdə və ondan sonra İbn Teymiyyə və tərəfdarları tərəfindən yazılan kitablar arasında iynə ucu boyda danışıq və yazı ədəbiyyatı baxımından təfavüt yoxdur.

Bu üsulla hazırlanmış araşdırmalardan ən mühümü bizim ardınca düşüb dəyərləndirmək istədiyimiz və ya tənqid etmək istədiyimiz bu yazıdır. Bu elmi yazının müəllifi Riyaz şəhərində Məhəmməd ibn Səud universitetində doktorluq dərəcəsi almışdır və bu yazıya belə ad vermişdir: «Üsuli-məzhəb əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə» (On iki imamçı şiə məzhəbinin əsas prinsipləri). Müəllifin adı isə Doktor Nasir Abdullah Əli Qəffaridir. Bu risalə birinci dərəcə almış, sonra çapına göstəriş verilmiş və universitet səviyyəsində olan təhsil ocaqlarına geniş şəkildə paylanmışdır. Sonra dəfələrlə çap olunmuşdur. Bu gün bu kitab bir çox mötəbər universitetlərdə yüksək səviyyədə tədris olunur. Biz bu kitabı bir çox saytlarda geniş şəkildə müşahidə edirik. Bu kitab 1500 səhifədən çox, 3 cilddə çap olunmuşdur.

«Şiə məzhəbinin əsasları» kitabının əhatə etdiyi mətləblərə bir baxış

Bu kitab bir müqəddimə və beş babdan ibarətdir.1

Kitabın müqəddiməsində bir neçə mövzudan söhbət gedir:

«Şiə» sözünün tərifi, onun formalaşması, onun tarixi kökləri və bu məzhəbdən qaynaqlanan firqələr, on iki imamçı məzhəbin ad və ləqəbləri, ona bağlı olan firqələr.

Onun müqəddimədə yazdığı mövzunun xülasəsi budur ki, o, «şiə»ni lüğət baxımından dost və tabeçi mənasında işlədib, lakin hazırki zamanda bu mənanın şiə üçün həqiqətə malik olmadığını deyir. O, «şiə»nin həqiqi mənasını elə bəyan edib ki, ondan əvvəlki alimlər də həmin mənanı qeyd ediblər. Belə ki, onu rafizi və ya şiə iddiasında olan, lakin həqiqi şiə olmayan mənasında ifadə edib.

O deyib: «Şiənin müxtəlif növləri, qrupları və qismləri vardır. Onların bəzisi ğuluvv və mübaliğə əhlidir, digərləri isə orta mövqe tutan və mötədil insanlardır.» O, belə bir iddia edir ki, şiə məzhəbinə mənsub olanlar öz məzhəblərini müxtəlif ideoloji məktəblərdən, o cümlədən farslar, yunanlardan, rumlulardan, yəhudi və nəsranilərdən əldə etmiş, bunların hamısını bir-birinə qarışdıraraq şiə məzhəbini düzəltmişlər. Abdullah ibn Səbanın və onun davamçılarının vasitəsilə şiə təlimləri İslam cəmiyyətinə daxil oldu, lakin kufəlilərin bir hissəsindən başqa bu təlimlər müsəlmanlar arasında özünə yer tuta bilmədi.

Kitabın birinci hissəsinin mövzusu şiənin etiqadı və onların hökmü ələgətirmə mənbələri haqqındadır. Yəni Quran, sünnə və icma barəsində oxucuya şiənin Quranın təhrif olunmasına guya inandığını göstərmək istəyib. O, demək istəyib ki, şiənin əqidəsinə görə, Quranı başa düşmək məsum İmam olmadan mümkün deyildir. Sonra sünnə barəsində şiəyə belə bir töhmət vurur ki, guya şiənin yanında olan sünnə digər müsəlmanların yanında olan sünnədən fərqlidir.

O, şiənin İmamlar (ə) barəsində iddiasını belə qələmə almışdır: «Şiələr İmamlara (ə) Allah tərəfindən vəhy gəldiyini və Onların (ə) Allah yanında xilqət baxımından Cəbrayıldan (ə) üstün olduğunu iddia edirlər.»

Onun daha bir iddiası budur: «Belə ki, şiə İmamdan (ə) hədis nəql edəndə “bunu Allahdan eşitdim” deyə bilər. Çünki İmamın (ə) kəlamı elə Allahın kəlamıdır və İmama (ə) itaət elə Allaha itaətdir.»

Qəffari şiənin «Allah Əli (ə) və digər İmamlarla (ə) danışmışdır» sözünü, Allahın Əliyə (ə) vəhy etdiyi mənasına şiələrin etiqad bəsləmələrini iddia edir.

Həqiqətdə Qəffarinin şiələr barəsində olan düşüncələri xəyalpərəstlik və iftiralardan başqa bir şey deyildir. Bunların hamısı onun şiələrə qarşı qəlbində olan kin-küdurət və düşmənçiliyin nişanəsidir. Bu elə məsələdir ki, hər kəs bu barədə onun kitabına müraciət etsə, bunu aşkar görə bilər.

Biz birinci cilddə onun iftiralarına yaxşı və aydın şəkildə cavab vermişik və onun avam insanları aldatmaq hiyləsinin üstündən pərdələri götürmüşük.

Lakin Qəffari icma barəsində bunu iddia edir ki, şiənin onun höccət olmasına etiqadı yoxdur, əksinə, şiə alimlərinin hamısı icma ilə müxalifət etmələrini öz nəzərində əsas prinsiplərdən biri hesab edir. Qəffari deyir ki, şiə alimləri belə deyir: «Əhli-sünnənin müxalifət etdiyi hər işdə hidayət gizlənmişdir.»

Qəffari kitabın ikinci hissəsində şiənin əqidə prinsipləri barəsində tövhidin növlərindən yalnız üluhiyyət və rübubiyyət tövhidi, Allahın ad və sifətləri haqqında yazmışdır. Sonda isə iman və onun rüknləri barəsində məlumat vermişdir.

Bu hissədə təəccüblü nəticələr əldə olunubdur. O nəticələrdən biri də budur ki, şiə özünün Allahın səlbi sifətləri haqqında olan əqidəsi barəsində «Cəhmiyyə» əqidəsinə, qədərin inkar olunması haqqında «Qədəriyyə» əqidəsinə, Allaha məhəbbət və Onu tanımağın vacibliyi barəsində «Murciə» əqidəsinə, digər əqidələrdə isə özlərindən başqalarını kafir hesab edən «Vəidiyyə» əqidəsinə üz gətirmişdir. O, güman etmişdir ki, şiə üluhiyyət, rübubiyyət və digər məsələlərdə Allahın şəriki olduğuna inanır.

Qəffari səmavi kitablar və ilahi peyğəmbərlər haqqında olan şiənin etiqadı barəsində yazır: «Şiələr məsum İmamların (ə) peyğəmbərlər kimi səmavi kitablara və möcüzələrə sahib olduqlarına inanır.»

Kitabın üçüncü hissəsində isə Qəffari öz gümanına əsasən, şiələrin yalnız özlərinə aid etdikləri əqidələr haqqında yazmışdır. Məsələn , ismət, təqiyyə, məhdəviyyət, qeybət, rəcət, zühur, bəda və başqaları.

Allah-Təala daha çox şübhələrə cavab verməyimiz üçün bizi daha çox müvəffəq eləsin!

Dördüncü hissədə isə şiələrlə və onların qədim mənbələri ilə bağlı olan məsələləri guya ki, araşdıraraq belə iddia etmişdir ki, müasir şiə Səfəvi dövlətinin axundlarından öz etibarını qazanmış və başdan-başa küfrün içində qərq olmuşlar.

Əlavə bir fəsli isə İran İslam Respublikasına həsr etmişdir və onu ayətullahların höküməti adlandırmışdır. Bu respublikanın formalaşmasının siyasi, elmi, mədəni hədəflərini canlandırmağa çalışmışdır.

Lakin kitabın beşinci hissəsində isə şiələrin əleyhinə hökm çıxararaq bu nəticəyə gəlmişdir ki, əhli-sünnənin küfr etməsi, dindən çıxması, azğınlığı, fəsad törətməsi və bütün bunların dünyada yayılmasının və İslam cəmiyyətinin siyasi, iqtisadi cəhətdən, bir sözlə hər sahədə bədbəxtçiliyinin səbəbkarı şiələrdir.

Bu böyük «kəşf»ə yazılan dastanın sonunda yazır ki, şiələr dindən çıxmış, kafir bir İslam ümmətidir. Bu yerdə gərək biz də deyək: «Hamımız Allah üçünük və Ona tərəf qayıdacağıq!»

Qəffarinin üslubunun tənqidi

Doktor Qəffarinin kitabını mütaliə edən kəs yazıçının bu təhqiqdə hansı üslubdan istifadə etdiyini başa düşə bilmir. Buna görə də özümüzə lazım bildik ki, Qəffarinin gətirdiyi dəlillərin hansı keyfiyyətdə olmasını müəyyən etmək üçün onun nəzərinə dəyərli və insaflı bir fikir irəli sürək. Çünki təhqiqin üsulu ilə tanış olmaq onun istidlal və məlumatının nə qədər güclü və zəif olmasını bilməmiz  üçün zəmin yaradır. Eyni zamanda oxucunu da mövzunun ilkin mərhələsində nəzərə çarpan qaranlıq nöqtələrlə tanış edir. Çünki bir şübhəyə cavab verə bilməmək onun müəyyən nöqtələrindən xəbərsiz olmaqdır. Bundan əlavə mövzunu əhatə edən daxili amillərlə tanışlıq, həmçinin əqli və mədəni sahələrlə tanışlıq yazıçınınn və ya mühəqqiqin mövzuya daxil olmasına bais olur, elmi məlumatların aşkar olunmasında xüsusi paya sahib olaraq elmi nəticələr əldə edir.

Elmi və akademik miqyasları nəzərə alsaq, bu kitabın üslubu tənqid olunmalıdır. Daxili və xarici amillərin təsiri haqqında məlumatlı olmaq bu məsələyə daha çox təsirini qoyur. Biz də Qəffarinin «Şiə məzhəbinin əsasları» kitabında mövcud olan çatışmazlıqları, yazı üslubunu tənqid edəcəyik. Amma mövzuya daxil olmamış bu kitabla şiələrə irad tutmaq niyyətində olan digər kitabların arasında olan bəzi ixtilafları bəyan edir, müəllifin bu kitabı yazmağa vadar edən istəklərini ortaya çıxarırıq. Sonra müəllifin ona bağlı olduğunu iddia etdiyi üslubu tənqid edəcəyik. Biz açıqca sübut edəcəyik ki, müəllif kitabyazma üslubunun qanunlarına heç riayət etməmiş, əksinə, bu qanunların xilafına əməl etmişdir.

Qəffarinin kitabının fərqli cəhətləri

Bu kitab şiə məzhəbinə irad tutmaq istəyində olan digər kitablarla əsaslı şəkildə fərqlənir. Onlardan bir neçəsini qeyd edirik:

1. Bu kitab şiə və sünni arasında ixtilaflı məsələləri bəyan edən dissertasiya formatında yazılıb. Buna görə də bu kitab xüsusi həssaslığa və böyük əhəmiyyətə malikdir;

2. Bu kitab təkcə əqidə məsələlərindən bəhs etmir, əksinə, daha geniş mövzuları – fiqh, üsul, hədis elminə aid mövzuları da əhatə etmişdir;

3. Bu kitab rəvayətlərin çoxluğu baxımdan digər kitablardan fərqlənir. Bu kitab, sanki, bir şəxs tərəfindən yox, bir qrup mühəqqiq tərəfindən yazılmışdır;

4. Bu kitabın xüsusiyyətlərindən biri də müəllifin bu iddiasıdır ki, bu kitabı yazarkən elmi-təhqiqat üsullarına son dərəcədə riayət etmişdir. O, bu iddianı etməklə bildirmək istəmişdir ki, bu kitab öz oxucusuna möhkəm qaydalarla kamil bir yol göstərir və şiə alimlərinin öz kitablarında nail olduğu bir nəticəni bəxş edir. Halbuki, tezliklə bu iddianın həqiqətə uyğun olmadığını görəcəksiniz.

Kitabın yazılmasında müəllifin hədəfləri

Müəllif şiə məzhəbinin əleyhinə yazdığı bu kitabın müqəddiməsində öz hədəflərinə işarə etmişdir. O, öz hədəflərini haqqı müdafiə etmək və İslam cəmiyyətini təfriqəyə salan bidətçi firqələrlə mübarizə aparmaq bayrağı altında gizlətməyə çalışmışdır. Bununla o, cəmiyyətin vəhdət təşkil etməsinə düşmən olanlara fürsət vermədiyini iddia etmişdir.

Lakin müəllifin bu bəzəkli niqabının arxasında uğursuz, bədbəxtlik gətirəcək hədəflər gizlənmişdir. Bu hədəf Əhli-Beyt (ə) mədəniyyəti ilə birbaşa müxalifətçilik edib, onunla üz-üzə dayanmaqdan ibarətdir. Çünki bu məzhəb inkişaf edib aləmi əhatə edəndən sonra özünün asan təlimləri ilə insanlarda İslam dini haqqında düzgün təsəvvür yaratmış, bu təlimləri bəşərin ixtiyarında qoymuşdur. Bu elmi inkişafın nəticəsində bir çox insanlar bu məzhəbə üz tutmuş və onu qəbul etmişlər. Baxmayaraq ki, Qəffari bu həqiqətləri gizlətməyə çalışmış, lakin bu məzhəbin əqidələrini bəyan edərkən öz məqsədini digər yerdə belə ifadə etmişdir:

«ثانياً: اهتمام هذه الطائفة بنشر مذهبها والدعوة إليه، وعندها دعاة متفرغون ومنظمون، ولها في كل مكان (غالباً) خلية ونشاط، وتوجه جل اهتمامها في الدعوة لنحلتها في أوساط أهل السنة، ولا أظن أن طائفة من طائف البدع تبلغ شأو هذه الطائفة في العمل لنشر معتقدها والاهتمام بذلك. هي اليوم تسعى جاهدة لنشر مذهبها في العالم الإسلامي، وتصدير ثورتها، وإقامة دولتها الكبرى بمختلف الوسائل. وقد تشيّع بسبب الجهود التي يبذلها شيوخ الاثني عشرية الكثيرُ من شباب المسلمين، ومن يطالع كتاب (عنوان المجد في تاريخ البصرة ونجد) يهوله الأمر، حيث يجد قبائل بأكملها قد تشيّعت. وقد تحوّلت سفارات دولة الشيعة في إيران إلى مركز للدعوة إلى مذهبها في صفوف الطلبة، والعاملين المسلمين في العالم»

İkincisi, şiələr öz məzhəbini yayır və digərlərini o məzhəbə dəvət edirlər. Onların mübəlliğləri bütün işlərdən əl çəkmiş, təşkilatlanmış formada harada olursa olsun, hansı şəraitdə olurlarsa olsunlar, sünni məntəqələrində öz əqidələrini təbliğ edirlər və onları öz əqidələrinə dəvət edirlər. Güman etmirəm ki, bidət əhlindən olan qruplardan hər hansı bir qrup bu məzhəb kimi öz əqidələrini təbliğ etməyə səy göstərsinlər. Bu qrup həmin qrupdur ki, bu gün məzhəbini yaymaq və İslam inqilabını gerçəkləşdirərək özlərinin böyük dövlətini qurmaq üçün geniş şəkildə səy göstərirlər. Artıq bütün bu səylərin nəticəsində şiə axundlarının vasitəsilə müsəlman cavanlar şiə olur. “Əl-Məcd fi tarix əl-Bəsrə və ən-Nəcd” kitabını mütaliə edənlər bu qorxunc vəziyyətdən agah ola bilərlər. Belə ki, bir çox qəbilələr tamamilə şiə olmuşlar. İranda şiə dövləti dünyada olan elmi mərkəzlərinə öz nümayəndələrini göndərir, onları öz məzhəblərinə dəvət edirlər.2

Nəticə alırıq ki, zahirən gözəl görünən bu yazıların arxasında Qəffarinin iddia etdiyi məsələlər deyildir. Əksinə, əsas məsələ Qəffarinin şiə kitabları ilə, onun ölkəsində nəşr olunub satılması ilə müxalif olmasıdır.

Qəffarinin kitabının işlənmə üslubu

Qəffari iddia edir ki, onun yazdığı bu kitab bir sıra qayda-qanunlar əsasında yazılıbdır. Onlardan bəziləri aşağıdakılardan ibarətdir:

1. Şiənin vasitə ilə nəql etdiyi mənbələrə deyil, birbaşa şiə kitablarına müraciət edərək əmanətdarlığa riayət edərək mətləbləri götürmüş və nəql etmişdir3;

2. Hadisələrə son dərəcədə sədaqət və insafla yanaşmış, əvvəlcədən mühakimə yürütməkdən və daxili istəklərdən, əqli gerilikdən çəkinərək onları nəql etmişdir;

3. Öz fikirlərini şiələrin yanında mötəbər olan kitablara, müvəssəq (raviləri siqa olan) və ya müstəfiz (ravisi üç nəfərdən çox olan və təvatür həddinə çatmayan) hədislərə etimad edərək nəql etmiş və ədalətlə hökm vermişdir;

4. Öz mətləblərini məlum etiqadlardan götürərək bütün şiə alimlərinin yekdil rəyinə əsaslanan məsələlərə toxunmuşdur:

ولم أذكر من عقائدهم في هذه الرسالة إلا ما استفاضت أخبارهم به وأقره شيوخهم

Şiələrin müstəfiz hədislərinə əsaslanan və onların alimlərinin etiraf etdiklərindən başqa mən bu risalədə bir şey yazmamışam.4

Qəffarinin deyilən şərtlərə sadiq qalmaması

Qəffarinin kitabını diqqətlə oxuyan hər kəs başa düşəcək ki, o, özünün iddia etdiyi şərtlərə əməl etməmişdir. Bu şərtlər kağızın üzərində qalmış, cazibəli terminlərdən  başqa bir şey deyildir və hər hansı bir rola malik olmamışdır. Ümumiyyətlə, o, bu şərtlərə heç diqqət də ayırmamışdır. Bu cəhətdən də istəyirik ki, biz ona haqq qazandıraq. Həqiqətən də, belə olmasaydı, yəni bu şərtlərə riayət etsəydi, bir səhifə də belə yaza bilməzdi. Qaldı ki, bu həcmdə olan insanları səhvə sürükləyən risalə yazsın. Aydındır ki, yuxarıda deyilən şərtlərə riayət etməklə həqiqəti gizlətməyi və özünün səthi fikirlərini aşkar etməyi yaxşı bir yerə yozmaq olmur. Qəffarinin bu risalədə dediklərini ondan əvvəl də deyənlər olub. Onların başçısı da İbn Teymiyyə olub. Sadəcə Qəffari özünə boş-boşuna zəhmət vermişdir.

Yuxarıdakı şərtlər şiəni bu qədər alçaltmağa icazə vermir. Lakin o, bu şərtlərdən əl çəkərək öz istəklərinə nail olmuşdur. Lakin bizim arzumuz budur ki, kaş Qəffari öz təhqiqatını elmi, akademik, düzgün və sistemli şəkildə formalaşdırardı. Amma çox təəssüf ki, o, buna əməl etməmişdir.

Tezliklə biz Qəffarinin öz iddialarında sabitqədəm olmadığını bəyan edəcəyik.

Bu kitaba cavab yazmaqda məqsədimiz

Qəffarinin şübhələrinin çoxu təzə bir söz deyil, əksinə, yüz illər əvvəl şiənin əleyhinə keçmişdəkilərin işlətdiyi şübhələrdir. Lakin Doktor Nasir Qəffarinin  yazdığı bu kitaba cavab yazmağımızın bir neçə səbəbi meydana gəldi. Aşağıda onların ən əhəmiyyətli olanlarına işarə edirik:

1. Verəcəyimiz cavablar əhli-sünnənin ümumi üsulu əsasındadır. Belə ki, cavablar əhli-sünnə alimlərinin rical, hədis, üsul, fiqh və rəyləri əsasında bu sahələrdə formalaşmışdır. Biz geniş şəkildə əhli-sünnənin səhih bildiyi rəvayətlərə etimad etmiş və zəif rəvayətlərdən qaçmışıq.6

Buna görə də rəvayətləri çox diqqətlə əsas mənbələrdən əldə etməyə ehtiyac duymuşuq və bu rəvayətlərin səhih olmasını təsdiq etməyə çox diqqət etmişik ki, bəhsimiz zəif rəvayətlərin əsasında gerçəkləşməsin. Belə olan surətdə məqsədimiz kökündən çökər;

2. Cavablarımızda dərin və qarışıq əqli, fəlsəfi mövzulardan, irfani təfsirlərdən uzaq olmağa çalışmışıq. Eyni zamanda qədim üsullardan (əgər sən belə desən, mən də belə deyərəm), mütəxəssislərdən başqa heç kəsin başa düşə bilməyəcəyi terminlərdən də istifadə etməməyə çalışımışıq;

3. Cavablarda hücum taktikasından, söyüş söyməkdən, kobud ifadələr işlətməkdən çəkinmiş, onların nəzərində möhtərəm hesab olunan şəxslərə ehtiram etməyə çalışmışıq;

4. Hədisləri nəql etməkdə imkan daxilində əhli-sünnənin böyük alimlərindən, onların hədis mənbələrindən əldə etməyə və bütün bunlara son dərəcə diqqət etməyə çalışmışıq. Heç bir sözü mənbəsiz qeyd etməmişik və onların içində ən əhəmiyyətli olanlarını önə çəkmişik;

5. Cavabları qısa etməyə çalışmışıq və uzun-uzadı cavablardan qaçmışıq. Sadəcə olaraq qısa və kifayətedici şəkildə şübhələri cavablandırmağa çalışmışıq. Uzun-uzadı lüğəti mövzulara və müqəddimələrə ehtiyac duymamışıq. Digər tərəfdən də mətləbə xələl gətirən ixtisarlardan və camaata tanış olmayan, insanın sağlam təbiətinin qəbul etmədiyi sözlər işlətməkdən boyun qaçırmışıq. Cavabların elmi şəkildə olması üçün səy göstərmişik.

Şübələrə cavab vermək üslubunda isə bir neçə məsələyə riayət etmişik:

1. Qəffarinin kitabından şübhəni oxumaq imkanı, onu düzgün anlamaq, şübhə üçün münasib və ümumi axtarış ünvanı və bu şübhəni cavabın əvvəlində qeyd etmək;

2. Qəffarinin kitabından şübhənin əslini bəyan etmək və bu kitabdan mətnin əsli ilə tanış olmaq;

3. Şübhə üçün ünvan göstərmək, onu məntiqli surətdə izah etmək, sonra isə cavab vermək;

4. Hər şübhəni «şübhənin əsası» ünvanı altında yerləşdirmək, onun (istər öz kitabında olsun, istərsə də digər kitablarda) şübhə şəklində Qəffarinin zehnində formalaşmasının səbəblərini izah etmək;

5. Bütün bunlardan sonra isə şübhəyə cavab verməyə çalışmaq və verilən cavabı şübhənin əsasında çərçivəyə salmaq.

Təşəkkür

Sonda bu kitabın ərsəyə gəlməsində rolu olan bütün şəxslərə öz təşəkkürümüzü bildiririk. Xüsusilə bizə mənbələri, kitabları və digər ehtiyac duyulan şeyləri ələ gətirməkdə öz köməkliyini əsirgəmədiyinə görə «Kövsər İslam Maarifi Təhqiqatı» müəssisəsinin müdiri Hüccətül-İslam vəl-müslimin cənab Şeyx Əbdül-Məcid Bəqşiyə öz minnətdarlığımızı bildiririk. Bu möhtərəm müəssisənin və bu müəssisədə əməyi olan hər kəsə müvəffəqiyyət arzulayırıq. Onların bu səylərinin əməl tərəzisində onlar üçün yaxşılıq hesab olunmasına ümid edirik.

Qəffariyə ürək sözləri olanlar onun twitter səhifəsinə yaza bilərlər. (Link)

Qəffarinin kitabı ilə tanış olmaq istəyənlər isə bu linklərə müraciət edə bilərlər. (Link 1, Link 2)

____________________________________________________________

1 Muqəddimə kitab üsul məzhəb əş-şiə, Nasir ibn Abdullah Qəffari, s. 29-30; Yenə də bu kitabın xatiməsində s. 1541-1553

2 Nasir ibn Abdullah əl-Qəffari, Muqəddimətu-kitabi-üsuli-məzhəb əş-şiə, c. 1, s. 10

3 Nasir ibn Abdullah əl-Qəffari, Muqəddimətu-kitabi-üsuli-məzhəb əş-şiə, c. 1, s. 187

4 Nasir ibn Abdullah əl-Qəffari, Muqəddimətu-kitabi-üsuli-məzhəb əş-şiə, c. 1, s.27

5 Lakin bəzi zəif rəvayətlər istisnadır. Belə ki, bəzi rəvayətlər digərlərini gücləndirir. Bəzi rəvayətlər də vardır ki, onları sadəcə dəlil kimi yox, şahid və təsdiq edən kimi gətirmişik. Rəvayətin zəif olmasının onu etibardan salmasına baxmayaraq, yalan və saxta olması mənasında deyildir.

Qeyd: Bu yazı Seyid Qəzvininin Qəffariyə cavab olaraq yazdığı kitabın müqəddiməsindən qısa bir parçadır. Qəffarinin bu kitabı fars dilinə də tərcümə edilmişdir, gələcəkdə hansı dillərə tərcümə ediləcəyini bilmirik. Ancaq indidən bu zəhərli kitaba qarşı peyvəndin hazırlanmasında fayda var. Ona görə də dəyərli ustad Seyid Hüseyni Qəzvininin bu kitaba qarşı yazdığı 3 cildlik cavab kitabını tərcümə etdirmək qərarına gəldik. Allahın izniylə tərcüməni Fərhad Mirzə edir. Dualarınızı əsirgəməyin inşaAllah.

Рейтинг

В этом разделе