»»

Sələfi Abu Zeydin "Daş, Musa Peyğəmbərin Paltarını götürüb qaçdı" adlı videosuna cavab

Bismilləhir-rahmənir-rahim

Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd

Bu yazıda son günlərdə "youtube" kanallarının birində yerləşdirilən bir iddiaya cavab verəcəyik. İddianın və iftiranın sahibi, yalanları dəfələrlə ifşa olunan Əbu Zeyd adlı şəxsdir.

Bu şəxs bu dəfəki səs yazısında da özünün “elmi səviyyəsini” parlaq şəkildə ortaya qoymuş və növbəti dəfə sübut etmişdir ki, ətrafına yığdığı üç-dörd “azarkeş” üçün vəz edən vaizdən artıq birisi deyildir. Bu şəxs bu dəfə də öz “səhih” adlandırdıqları kitablarında gələn uydurma bir hədisi müdafiə etməkdən ötrü həmin hədisin şiə mənbələrində gəldiyini demiş, hədisin şiə əqidəsində məqbul olduğunu göstərməyə çalışmışdır. Hədis çoxunun eşidib oxuduğu və Əbu Hüreyrənin torbasından çıxan “daşın həzrət Musanın (əleyhis-səlam) paltarını götürüb qaçması” hədisidir. Qarşı tərəf bu hədisə bəraət qazandırmaqdan ötrü onun şiə kitablarında da gəldiyini bildirib. Əlbəttə, biz hədisin şiə təfsir mənbələrində gəlmiş olmasını inkar etmirik, lakin, görəsən təfsir mənbələrinin birində müəyyən bir hədisin gəlməsi həmin hədisin məqbul olması anlamınamı gəlir? Görəsən, “filan kitabda hədis gəlib” deyib qulağımızı, gözümüzü tıxamalı və hədisin mötəbər olub-olmadığını araşdırmamalıyıq? Görəsən, biz hədisləri tədqiq edib onların elmi meyarlarla uyğun olub-olmamadığını yoxlamamalıyıq? Məlumdur ki, hətta, bir sıra hallarda hədis sənəd baxımından səhih olsa belə, mətn baxımından mərdud – rədd edilmiş olur. Belə olan halda hədis sənəd baxımından mötəbər olsa belə rədd olunur. Məhz bu səbəbdəndir ki, bir çox hədislərdə təkidlə əlimizdə olan hədisləri Allahın kitabı ilə tutuşdurmaq əmri verilmişdir. Habelə, başqa qayda-qanunlara riayət etmək göstərişi verilmişdir. Elə isə, hədis dəyərləndirilərkən bu qayda-qanunlara riayət olunmalıdır. Bu məsələ hədis və dirayə elmində qəti şəkildə sübuta yetmişdir. Deməli, biz hədisin mənbəsini qeyd etməklə kifayətlənməməli, onun sihhət və etibarını tədqiq etməliyik. Bu işi görmədən hər hansısa bir hədisi dəlil təqdim etmək isə elmi qayda-qanuna sığmamaqdan əlavə elmi əmanətsizliyə və hiyləgərliyə dəlalət edir. Necə bir qədər sonra rədd verəcəyimiz şəxsin timsalında belə bir vəziyyətə şahid olacaqsınız.

Elə isə gəlin bu şəxsin iddialarına nəzər salaq.

Bu şəxs "youtube" kanalına yerləşdirdiyi səs yazısında deyir:

“Bu hədis barədə (Əbu Hüreyrənin hədisi barədə) şübhə ortaya atmışlar ki, güya bu hədisi Əbu Hüreyrə özündən uydurmuşdur. Bu şübhəyə cavab olaraq deyirəm ki, əvvəla bu hədis sizin kitablarınızda mövcuddur. Necə ki, Tabərsi “Məcmuul-Bəyan” adlı təfsirində bu hədisi Əbu Hüreyrə yolu ilə isbat edir. 3-cü cild, 372-ci səhifə. Həmçinin, inkar etdiyiniz bu hədisi 6-cı imamınız İmam Cəfərus-Sadiq özü nəql etmişdir. Bunu Şeyx Qummi öz təfsirində Əhzab surəsi 69-cu ayənin şərhində qeyd edir. C.2, səh. 179. Həmçinin, bu barədə Nemətullah əl-Cəzairinin “Qisəsul-Ənbiya” kitabına, 250-ci səhifəyə də müraciət edə bilərsiniz.”

Bu yalançı şəxsin iddialarının batilliyinin isbatına keçək:

Birinci: Bu şəxs ilk olaraq Şeyx Təbərsinin (rəhmətullahi əleyh) “Məcməul-Bəyan” adlı təfsirindən dəlil gətirir və deyir ki, Şeyx Təbərsi bu hədisi Əbu Hüreyrə yolu ilə isbat edir.

Cavab: Əvvəla qeyd edək ki, bu şəxs Şeyx Təbərsinin kitabının adını belə bilmir. Kitabın adı “Məcmuul-Bəyan” yox, “Məcməul-Bəyan”dır. Bu onu göstərir ki, bu şəxs kitabın orijinalına müraciət etməmişdir və kitabdan xəbərsizdir. Çünki, əgər kitabın özünə müraciət etsəydi, ən azından kitabın üz qapağında kitabın adının “Məcməul-Bəyan” olduğunu görərdi. Daha sonra şəxs mənbə olaraq da c.3,səh.372-ni göstərir. Bu isə bir daha onu göstərir ki, bu şəxs bu dediyi sözləri özü şəxsən araşdırıb demir. Çünki, əgər araşdırıb demiş olsaydı, bilərdi ki, Quranın 33-cü surəsi olan Əhzab surəsinin, 69-cu ayəsi “Məcməul-Bəyan” kitabının 3-cü cildinə necə gəlib çıxır? Əlbəttə, Əbu Zeyd bu hədisi “Saaid.net” adlı ərəb saytından və ya “alshaaba.net” saytından kopyaladığı üçün çaşbaş qalmışdır. Biz onun xətasını düzəldərək deyirik ki, mətni kopyalayarkən düz kopyalamamısan. Çünki kopyaladığın yerdə, 3-cü cild yox, 8-ci cild yazılıb. Ancaq, təəssüflər olsun ki, onlar da səhv yazıblar. Çünki, kitabın orijinalında Əhzab surəsinin 69-cu ayəsinin təfsiri (1995-ci il çapı, Muəssəsətul-Ələmi, Beyrut) 8-ci cild, 184-185-ci səhifələrdədir. Habelə, başqa çapla (Darul-Murtəza, Beyrut, 2006) səh.140-dadır. Hər halda, bu onu göstərir ki, bu insan nəql etdiyi bu iddianı kopyalamışdır və özü şəxsən araşdırmamışdır. Bu isə elmi əmanətsizlikdir və təhqiq əhlinin işindən uzaqdır. Necə ki, bir qədər sonra bu barədə daha ətraflı danışacağıq. Ardınca bu şəxs iddia edib deyir ki, “Şeyx Təbərsi bu hədisi Əbu Hüreyrə yolu ilə isbat etmişdir!” Diqqət edin, “isbat etmişdir”!

Elə isə gəlin Şeyx Təbərsinin (ridvanullahi-təala əleyh) Əhzab surəsinin 69-cu ayəsinin təfsirində nələr dediyinə nəzər salaq. İnşəAllah Şeyx Təbərsinin sözlərinə nəzər saldıqdan sonra bu insanın yalanı aşkar olacaq.

Şeyx Təbərsi (ridvanullahi əleyh) “Məcməul-Bəyan” kitabında, c. 8, səh.184-də (və ya 140-da) Əhzab surəsinin 69-cu ayəsinin (“Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi”) təfsirində deyir:

واختلفوا فيما أوذي به موسى على أقوال (أحدها) أن موسى وهارون صَعِدَا الجبل فمات هارون فقالت بنو إسرائيل أنت قتلته فأمر الله الملائكة فحملته حتى مروا به على بني إسرائيل وتكلمت الملائكة بموته حتى عرفوا أنه قد مات وبرأه الله من ذلك, عن علي (عليه السلام) وابن عباس واختاره الجُبَّائي.

Musaya nə ilə əziyyət edilməsi barədə (təfsirçilər) bir neçə nəzər üzərində ixtilaf etmişlər: birincisi budur ki, Musa və Harun (əleyhiməs-səlam) dağa çıxırlar. Harun (əleyhis-səlam) dağda vəfat edir. Bu zaman Bəni-İsrail Musaya (əleyhis-səlam) “onu sən öldürdün” – deyir. Bu zaman Allah mələklərə əmr edir və mələklər Harunun cəsədini götürərək onu Bəni-İsrailin yanına gətirirlər. Və mələklər danışaraq Harunun (öz əcəli ilə) öldüyünü deyirlər. Beləcə Bəni-İsrail həzrət Harunun öz əcəli ilə öldüyünü bilirlər və Allah bununla Musanı təmizə çıxarır. Bu nəzər İmam Əli (əleyhis-səlam)-dan və İbn Abbasdan nəql olunmuşdur. Cubbai də bu nəzəri seçmişdir.

(وثانيها) أن موسى كان حييَّا ستيرا يغتسل وحده فقالوا ما يستتر منا إلا لعيب بجلده إما برص وإما أدرة فذهب مرة يغتسل فوضع ثوبه على حجر فمر الحجر بثوبه, فطلبه موسى فرآه بنو إسرائيل عريانا, كأحسن الرجال خلقا, فبرأه الله مما قالوا, رواه أبو هريرةَ مرفوعا. وقال قوم إن ذلك لا يجوز لأن فيه إشهارَ النبي وإبداءَ سوأته على رءوس الأشهاد وذلك يُنفر عنه.

İkinci nəzər budur ki, Musa (əleyhis-səlam) utancaq və örtünən bir şəxs idi və təklikdə çimirdi. Bəni-İsrail deyir ki, o məhz bədənində olan bir eybə görə bizdən gizlənir. O eyb ya cüzamdır, ya da udradır (kişinin övrət yerinin şişməsi xəstəliyi). Bir dəfə Musa çimməyə gedir. Paltarını bir daşın üzərinə qoyur. Bu zaman daş (hərəkət edərək) onun paltarını götürüb aparır. Musa onun dalınca düşür və bu zaman Bəni-İsrail onu üryan və çılpaq vəziyyətdə, xilqət baxımından ən gözəl kişi şəklində görürlər. Beləcə Allah onu onların dedikləri şeydən təmizə çıxarır. Bunu Əbu Hüreyrə mərfu olaraq nəql etmişdir. Bir qövm demişdir ki, bu caiz deyildir! Çünki, bunda peyğəmbərin ayıbı açmaq və onun ayıb yerini camaata göstərmək var. Bu isə onun barəsində düşünülə bilməz (yaxud: onun barəsində nifrət yaradır).

(وثالثها) أن قارونَ اسْتأجر مُومِسَةً لتقذف موسى بنفسها على رأس الملأ فعصمه الله تعالى من ذلك على ما مر ذكره, عن أبي العالية.

“Üçüncü nəzər budur ki, Qarun camaatın qabağında Musanı özü ilə əxlaqsız iş görməklə ittiham etməsi üçün bir əxlaqsız qadın tutur. Lakin, Allahu-təala daha öncə qeyd edilən şəkildə Musanı (əleyhis-səlam) bundan qoruyur. Bu, Əbul-Aliyədən nəql edilmişdir.”

(ورابعها) أنهم آذوه من حيث أنهم نسبوه إلى السحر والجنون والكذب بعد ما رأوا الآيات, عن أبي مسلم.

Dördüncü nəzər budur ki, onlar ayə və nişanələri gördükdən sonra həzrət Musaya (əleyhis-səlam) sehr, dəlilik və yalan nisbət verdikləri üçün onu incitmişdilər. Bu da Əbu Müslimdən nəql edilmişdir.

Məcməul-Bəyan, c.8, səh.140

Gördüyünüz kimi, burada isbat məsələsindən zərrəcə söhbət belə gedə bilməz. Şeyx Təbərsi ayə barədə fərqli fikirlərin olduğunu bildirmişdir. Ardınca da bu fərqli fikirləri qeyd etmişdir. Bununların arasında da təbii olaraq daş əhvalatını nəql etmişdir. Lakin, bunun ardınca bu əhvalatın Əbu Hüreyrədən nəql olunduğunu, üstəlik mərfu olduğunu və bir qövmün bu iddiaya etiraz etdiyini bildirmişdir. Elə isə özünü “Əbu Zeyd” adlandıran bu şəxs “sabit etmək” məsələsini haradan çıxarıb? Olmaya o da bu sözü ağası Əbu Hüreyrə kimi torbasından çıxarıb? Bu qədər ağ yalan və kələk olarmı? Nə vaxta qədər insanları aldatmaqla məşğul olacaqsınız? İnsanların qarşısına çıxaraq zərrəcə çəkinmədən çox rahat bir şəkildə yalan danışırlar. Əgər bu dediyin “isbat” etməkdirsə, bəs görəsən o biri nəzərlər nədir?!

Gəlin biz hörmətli dinləyicilərə bu şəxs bu “sabit etmək” məsələsini haradan götürdüyünü izah edək. Əvvəldə də dediyimiz kimi, bu şəxs bu sözləri özü şəxsən araşdırmamışdır və əvəzində bir neçə hiyləgər ərəbin yazılarından kopyalamışdır. Ağaları necə yazıb demişsə, bu şəxs də təqlid edərək eləcə kopyalamışdır. “Saaid.net” saytında Əbu Əbdil-Əziz Səud əz-Zəmanan adlı şəxsin yazdığı yazıya diqqət edin:

ثم أن مفسرهم الطبرسي في مجمع البيان أثبت هذا الحديث فقال :" أن موسى عليه السلام كان حيياً ستيراً...

“Onların təfsir alimləri Təbərsi “Məcməul-Bəyan”da bu hədisi isbat etmiş və demişdir: “Musa utancaq və örtünən idi...”

Mənbə: http://www.saaid.net/Doat/Zugail/265.htm

Gördüyünüz kimi, eyni cümlə və eyni iddia. Üstəlik, Əbu Əbdül-Əziz adlı bu yalançı fitnəkar Şeyx Təbərsinin sözünü yarımçıq qeyd edərək “Bunu Əbu Hüreyrə mərfu olaraq nəql etmişdir. Bir qövm demişdir ki, bu caiz deyildir! Çünki, bunda peyğəmbərin ayıbı açmaq və onun ayıb yerini camaata göstərmək var. Bu isə onun barəsində düşünülə bilməz (yaxud: onun barəsində nifrət yaradır)” cümləsini kəsmişdir. Sonra da Şeyx Təbərsinin bu hədisi isbat etdiyini iddia etmişdi! Bizim qəhrəman da eyni yalanı necə var o şəkildə öz azarkeşlərinə çatdırmışdır.

İkinci: Bu şəxs ikinci olaraq dəlil kimi Təfsirul-Qummidə nəql edilən bir hədisi dəlil gətirmişdir. Deyir:

“6-cı imamınız İmam Cəfərus-Sadiq özü nəql etmişdir. Bunu Şeyx Qummi öz təfsirində Əhzab surəsi 69-cu ayənin şərhində qeyd edir. C.2, səh. 179.”

Cavab: Qeyd edək ki, bu hadisə İmam Sadiqdən (əleyhis-səlam) yalnızca bu mənbədə, yəni “Təfisir-Qummi” kitabında nəql edilmişdir. Ondan sonra gələn bütün kitablar, məsələn, “Biharul-Ənvar”dan tutmuş, “Təfisiri-Safi”yə qədər bütün kitablar hədisi məhz “Təfsiri-Qummi”dən nəql etmişlər. Bəli, Əllamə Məclisi (ridvanullahi əleyh) hədis üçün “həsəndir” demişdir. Lakin, hətta fərz edilsə belə ki, bu hədis sənəd baxımından həsəndir, mötəbərdir, hətta səhihdir, lakin, yenə də höccət sayılmayacaq. Çünki, şiə yanında səhih hədislər sübuta yetirmişdir ki, Qurana və səhih sünnəyə zidd olan hədislər höccət deyillər. Habelə, müxaliflərin, yəni, əhli-sünnənin nəql etdiyi hədislərə müvafiq olan hədislər höccət deyillər. Elə isə bu hədisin sənədi səhih qəbul etsək belə olsa höccət sayılmayacaq. Çünki, bu hədis əvvəla Quran və səhih sünnətlə ziddiyyət təşkil edir, ikincisi, müxaliflərin hədisləri ilə uyğunluq təşkil edir.

Qurani-Kərimlə və səhih sünnə ilə ona görə ziddiyyət təşkil edir ki, istər Qurani-Kərim, istərsə də səhih sünnə təlimləri ulul-əzm peyğəmbərlərin (əleyhimus-səlam) ali və uca bir məqama sahib olduğunu bildirirlər. Onlara son dərəcə ehtiram edərək onları qəbih işlərdən uzaq bilirlər. Habelə, Quran da, sünnə də icma etmişdir ki, Allahu-təalaya qəbih iş nisbət vermək olmaz.

Buna əsasən, necə qəbul edə bilərik ki, Allahu-təala Musa (əleyhis-səlam)-ı lüt-üryan şəkildə əksəriyyəti imandan nəsiblərini almamış Bəni-İsrailin içində ora-bura qaçdırsın? Ki, Bəni-İsrailə o Həzrətin bədənində nöqsan olmadığı aydın olsun?! Görəsən, Allah Musa (əleyhis-səlam)-ı başqa yolla təmizə çıxarmaqdan bu qədər acizdir ki, Musa (əleyhis-səlam) kimi ali məqamlı bir peyğəmbəri – ayıb yerində və ya ümumən bədənində bir nöqsan olmadığımı Bəni-İsrailə sübut etməkdən ötrü – lüt-üryan vəziyyətdə camaatın arasında ora-bura qaçırır?! Görəsən, Allah öz Peyğəmbərini başqa yolla təmizə çıxara bilməzdimi? Nə üçün məsələn, Allah bir mələk və ya mələk dəstəsi göndərib onların dili ilə həzrət Musanın bu eybdən pak olduğunu Bəni-İsrailə çatdırmırdı? Allah bunu edə bilməzdimi? Belə bir qəbih iş Allaha nisbət verilə bilərmi?

Şübhəsiz ki, Allahın başqa yol və vasitə ola-ola Həzrət Musanın övrətini camaata göstərməsi qəbih işdir və belə bir iş Allahu-təalaya nisbət verilə bilməz. Deməli, bu iş Qurani-Kərim və səhih sünnə məntiqi ilə batil işdir.

Digər şərtə gəlincə isə (əhli-sünnənin nəql etdiyi hədislərə müvafiq olan hədislər höccət deyildir şərti), o da məlumdur. Bu mövzuda zidd hədislər nəql olunmuşdur. Bu hədislərin üçü şiə əqidəsi ilə, Əhli-Beyt təlimləri ilə, Quran və sünnə ilə uyğunluq təşkil edir, biri isə uyğun gəlmir. Belə məqamda sünnilərin nəqlinə və əqidəsinə uyğun gələn rəvayət tərk ediləcək. Belə məqamda digər səhih hədislərin bildirdiyinə əsasən, belə hədis rədd olunmalıdır. Belə hədislərə misal olaraq bir çox hədis göstərə bilərik. Lakin, ixtisara riayət edərək iki hədis göstərməklə kifayətlənirik. Birinci hədis “Ömər ibn Hənzələnin məqbuləsi” adı ilə məşhur olan mötəbər rəvayətdir. Bu rəvayətdə Ömər ibn Hənzələ (Allah ondan razı olsun) iki adil və siqə fəqihin hökm etmələri barədə İmam Sadiq (əleyhis-səlam)-a sual verir. İmamdan bu şəxslərin hansı birinin rəvayətinin qəbul edilməsi gərəkdiyini soruşur. İmam (əleyhis-səlam) cavab verərək buyurur:

قال: فقال: ينظر إلى ما كان من روايتهم عنّا في ذلك الذي حكما به المجمعَ عليه من أصحابك، فيؤخذ به من حكمنا، ويترك الشاذّ الذي ليس بمشهور عند أصحابك؛ فإنّ المجمع عليه لا ريب فيه.قلت: فإن كان الخبران عنكما مشهورين قد رواهما الثقات عنكم؟قال: ينظر فما وافق حكمه حكم الكتاب والسُنّة وخالف العامّة، فيؤخذ به، ويترك ما خالف حكمه حكم الكتاب والسُنّة ووافق العامّة.قلت: جعلت فداك! أرأيت إن كان الفقيهان عرفا حكمه من الكتاب والسُنّة، ووجدنا أحد الخبرين موافقاً للعامّة، والآخر مخالفاً لهم، بأيّ الخبرين يؤخذ؟قال: ما خالف العامّة؛ ففيه الرشاد...

Buyurdu: “Onların hökm verdikləri məsələ barəsində bizdən nəql etdikləri rəvayətlərin hansının üzərində əshabının icma etdiyinə baxılar, (hansının üzərində icma edilmiş olsa,) bizim hökmümüz olaraq o hədis qəbul olunar. Və əshabının yanında məşhur olmayan şazz hədis tərk olunar. Həqiqətən də üzərində icma olunan hədisdə heç bir şübhə yoxdur.”

Ömər deyir, dedim: “Əgər sizdən nəql edilən xəbərlərin hər ikisi məşhur olsa və onları sizdən siqə şəxslər nəql etmiş olsa, (onda nə edək?)” Buyurdu: “Baxılar; hansının hökmü Quranın və sünnənin hökmü ilə müvafiq, ammənin (hədislərinə) isə müxalif olsa, o hədis qəbul edilər. Hansı hədisin hökmü Quranın və sünnənin hökmü ilə müxalif olsa, ammənin (hədislərinə) isə müvafiq olsa, o zaman o hədis tərk olunar.”

Dedim: “Sizə fəda olum! Əgər fəqihlərin hər ikisi məsələnin hökmünü kitab və sünnədən bilsələr və görsək ki, rəvayətlərin biri amməyə müvafiqdir, digər isə onlara müxalifdir, (belə vəziyyətdə) hansı hədisi qəbul edək?” Buyurdu: “Amməyə müxalif olanı. Həqiqətən də bundan hidayət vardır.”

“əl-Kafi”, c.1, “ixtilaful-hədis” babı, hədis 10

Deməli, bu hədisdən başa düşürük ki, əgər bir məsələ barəsində əlimizdə iki növ rəvayət olarsa və bunların biri Qurana və sünnəyə müxalif, müxaliflərin məzhəbinə isə müvafiq olsa, həmin rəvayət tərk olunar. Hətta, onu nəql edənlər siqə şəxslər olmuş olsalar belə. Digər bir rəvayət isə Zürarədən (Allah ondan razı olsun) nəql edilir:

زرارة بن أعين قال: سألت الباقر (عليه السلام) فقلت: جعلت فداك يأتي عنكم الخبران أو الحديثان المتعارضان فبأيهما آخذ ؟ فقال: يا زرارة خذ بما اشتهر بين أصحابك، ودع الشاذ النادر، فقلت: يا سيدي انهما معا مشهوران مرويان مأثوران عنكم ؟ فقال (عليه السلام): خذ بقول أعدلهما عندك وأوثقهما في نفسك، فقلت: أنهما معا عدلان مرضيان موثقان ؟ فقال: انظر ألى ما وافق منهما مذهب العامة فاتركه وخذ بما خالفهم، فان الحق فيما خالفهم.

Zurarə ibn Əyən deyir, Baqir (əleyhis-səlam)-a sual verib dedim: “Sizə fəda olum, (bəzən) sizdən bir-birinə zidd olan iki xəbər və ya hədis gəlir, bunlardan hansı birini qəbul edim?” Buyurdu: “Ey Zürarə, əshabın arasında məşhur olan hədisi qəbul et, şazz və nadi olan hədisi boşla!” Dedim: “Ey Ağam, əgər o hədislərin hər ikisi məşhur olsa və sizdən nəql edilmiş olsa, (onda necə)?” Buyurdu: “(O hədisi nəql edənlərdən) ən ədalətlisinin və ən çox etimad etdiyinin şəxsin sözünü (hədisini) qəbul et.” Dedim: “Əgər onların hər ikisi ədalətli, razı qalınmış və siqə şəxslər olsalar (onda necə)?” Buyurdu: “Bax; o hədislərdən hansı ammənin məzhəbinə müvafiq olsa, onu tərk et və onlara müxalif olanı qəbul et. Həqiqətən də, haqq onlarla müxalifət edən hədisdədir.”

“Biharul-Ənvar”, c.2, səh.246.

Deməli bu deyilənlərdən aydın olur ki, ziddiyyət məqamında ammə məzhəbinə uyğun gələn hədis rədd olunmalıdır. Buna əsasən, “Təfsiri-Qummi” kitabında gələn hədis höccət sayılmır və tərk olunmalıdır. Çünki, əhli-sünnə tərəfindən ən mötəbər mənbələrində nəql edilmişdir və şiə etiqadı ilə, Quran və Peyğəmbər və Əhli-Beytdən nəql edilən sünnə ilə daban-dabana ziddiyyət təşkil edir. Deməli, belə bir hədis heç bir halda höccət sayıla bilməz.

Buna gəlincə isə ki, necə olur əhli-sünnənin nəql etdiyi hədis bizim mənbələrə keçir, bu sualın geniş cavabı olsa da, biz buna yığcam şəkildə cavab verərək deyirik: ammənin hədisləri üç yolla şiə mənbələrinə keçə bilər:

1. Bəzi şeytanxislət şəxslər tərəfindən İmamların (əleyhimus-səlam) əshablarının kitabları arasında batil hədislərin atılması yolu ilə;

2. Ravilərin özlərinin ammənin hədisini şiə hədisi ilə səhv salması nəticəsində;

3. Təqiyyə nəticəsində.

Biz bu deyilənlərin hər birinə dair bir misal göstərməklə kifayətlənirik:

Birinci yola dəlil kimi, aşağıdakı rəvayətləri göstərə bilərik:

وافيت العراق فوجدت جماعة من أصحاب أبي جعفر وأبي عبد الله - عليهما السلام -متوافرين، فسمعت منهم، وأخذت كتبهم، وعرضتها من بعد على أبي الحسن الرضا - عليه السلام -فأنكر منها أحاديث كثيرة أن تكون من أصحاب أبي عبد الله قال: «إنَّ أبا الخطّاب كذب على أبي عبد الله، لعن الله أبا الخطّاب وكذلك أصحاب أبي الخطّاب، يدسُّون من هذه الأحاديث إلى يومنا هذا في كتب أصحاب أبي عبد الله فلا تقبلوا علينا خلاف القرآن

Yunis ibn Əbdür-Rəhman deyir: “İraqa gəldim. Əbu Cəfər və Əba Əbdillahın (əleyhiməs-səlam) əshabından olan və sayları çox olan bir dəstə gördüm. Onlardan (hədis) eşitdim, kitablarını götürdüm. Sonradan bu kitabları Əbul-Həsən Rzaya (əleyhis-səlam) təqdim etdim. O, bu hədislərin bir çoxunun inkar edib bildirdi ki, (bu hədislər) Əba Əbdillahın əshabından (nəql edilmiş) ola bilməzlər. Buyurdu: “Əbul-Xəttab Əba Əbdillahın adından yalan uydurub. Allah Əbul-Xəttaba, habelə Əbul-Xəttabın əshabına lənət etsin. Onlar bu günə qədər Əba Əbdillahın səhabələrinin kitabları arasına belə hədislər atırlar. Bizim (adımızdan nəql edilib) Qurana zidd olan şeyləri qəbul etməyin”.

Ricalul-Kəşşi, səh.195, Muğeyrənin tərcümeyi-halı, rəqəm 103.

إنَّ المغيرة بن سعيد، دسَّ في كتب أصحاب أبي أحاديث لم يحدّث بها أبي، فاتَّقوا الله ولا تقبلوا علينا ما خالف قول ربِّنا وسنَّة نبيّنا محمَّد

“Müğeyrə ibn Səid atamın səhabələrinin kitabları arasına atamın nəql etmədiyi hədislər (qondarıb) atmışdır. Allahdan qorxun, bizim (adımızdan nəql edilən, lakin) Rəbbimizin sözünə və peyğəmbərimiz Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) sünnəsinə xilaf olan sözləri qəbul etməyin!”

Ricalul-Kəşşi, səh.195

“Ricalul-Kəşşi” kitabında Müğeyrənin (lənətullahi əleyh) tərcümeyi-halında onun bu işi hansı yolla icra etdiyi barədə ətraflı məlumat verilmişdir. O üzünü köçürmək bəhanəsi ilə kitabları alır, daha sonra üzünü köçürdüyü kitablara yalan hədislər əlavə edərək bu şəkildə onları şiələr arasında yayırdı. Beləcə, İmamların (əleyhimus-səlam) və onların əshabının adından yalan hədislər yayılırdı. Deməli, birinci yol bundan ibarətdir.

İkinci yola dəlil olaraq isə İbn Əbi Umeyrdən (Allah ondan razı olsun) nəql olunan bu hədisi göstərə bilərik. Deyir:

قال أبو محمد الفضل بن شاذان: سأل أبي رضي اللّه عنه محمد بن أبي عمير، فقال له: إنك قد لقيت مشائخ العامّة فكيف لم تسمع منهم؟ فقال: قد سمعت منهم، غير أني رأيت كثيراً من أصحابنا قد سمعوا علم العامّة وعلم الخاصّة، فاختلط عليهم حتى كانوا يروون حديث العامّة عن الخاصّة، وحديث الخاصّة عن العامّة، فكرهت أن يختلط عليّ، فتركت ذلك وأقبلت على هذا

“Əbul-Fəzl ibn Şazan deyir: Atam – Allah ondan razı olsun – Muhəmməd ibn Əbi Umeyrdən soruşub dedi: “Sən ammənin şeyxləri ilə görüşmüsən, bəs necə onlardan hədis eşitməmisən?” İbn Umeyr dedi: “Mən onlardan hədis eşitmişəm. Lakin, mən bizim əshabımızdan çoxlu şəxsin ammənin elmini və xassənin elmini eşitdiyini, lakin (sonradan bu ikisini bir-birinə) qarışdırdığını gördüm. Belə ki, onlar ammənin hədisini xassədən, xassənin hədisini də ammədən nəql edirdilər. Odur ki, istəmədim mən də qarışdırım, buna görə də bu işi tərk etdim və bu biri işə üz tutdum.”

“İxtiyaru-mərifətir-Rical”, səh.487.

Deməli, bəzi şəxslərin səhv salması və xətası nəticəsində bir sıra ammə hədislər şiə mənbələrinə keçib. Onlar eşitdikləri hədislərin İmamlardan (əleyhimus-səlam) nəql olunduğunu zənn edərək bəzən ammənin hədislərini İmamların adından nəql etmişlər.

Üçüncü yola misal olaraq isə, Əbu Ubeydədən (Allah ondan razı olsun) olunan hədisi göstərə bilərik. Deyir:

عن أبي عبيدة ، عن أبي جعفر عليه‌السلام قال قال لي يا زياد ما تقول لو أفتينا رجلا ممن يتولانا بشيء من التقية قال قلت له أنت أعلم جعلت فداك قال إن أخذ به فهو خير له وأعظم أجرا ـ

“Əbu Cəfər (əleyhis-səlam) mənə dedi: “Ey Ziyad, bizi dost tutan şəxslərdən birinə təqiyyə ilə fətva versək, buna nə deyərsən?” Dedim: “Sizə fəda olum, siz daha yaxşı bilərsiniz.” Dedi: “Əgər o şəxs təqiyyə ilə dediyimiz o fətvanı qəbul etsə, onun üçün xeyirli olar və daha çox savab alar.”

“əl-Kafi”: c.1, səh. 39

Elə isə aydın olur ki, müxaliflərin hədislərinə müvafiq olan hədislər hansı yollarla keçə bilər. Deməli, məsələ aydın olur və sübuta yetir ki, bu növ hədis şiə nəzərində höccət deyillər.

Üçüncü: Bu şəxs iddiasının sonunda deyir: “Həmçinin, bu barədə Nemətullah əl-Cəzairinin “Qisəsul-Ənbiya” kitabına, 250-ci səhifəyə də müraciət edə bilərsiniz”

Cavab: Əvvəla, deyilən məlumatlar 250-ci yox, 212-ci səhifədədir. İkincisi, biz Nemətullah əl-Cəzairinin (ridvanullahi əleyh) kitabına müraciət etdikdə kitabda qeyri-adi bir şeylə qarşılaşmırıq. Əksinə, görürük ki, Cəzairi Şeyx Təbərsinin “Məcməul-Bəyan” kitabında qeyd etdiyi 4 nəzəri qeyd edir, ardınca Şərif Mürtəzanın (ridvanullahi əleyh) bu fikirlər içərisində 2-ci nəzəri (Əbu Hüreyrənin hədisini) inkar etməsini qeyd edir, sonda isə bir dəstə hədis əhlinin bu işin mümkün ola bilməsini demələrini qeyd edir. Biz sonda Şərif Mürtəzanın sözünü ayrıca qeyd edəcəyik. Cəzairinin bir dəstə hədis əhli barədə nəql etdiyi sözə gəlincə isə belədir. Deyir:

قال جماعة من أهل الحديث لا استبعاد فيه بعد ورود الخبر الصحيح وإن رؤيتهم له على ذلك الوضع لم يتعمده موسى عليه السلام ولم يعلم إن أحد ينظر إليه أم لا وأن مشيه عرياناً لتحصيل ثيابه مضافاً إلى تبعيده عما نسبوه إليه ، ليس من المنفرات

“Əhli-hədisdən olan bir dəstə şəxs demişdir ki, səhih xəbərin (səhih hədisin) varid olmasından sonra bu məsələ uzaq hesab edilməməlidir. Onların Musanı bu vəziyyətdə görmələrinə (gəlincə) Musa (əleyhis-səlam) bunu bilərəkdən etməmişdi və bilməmişdi ki, kimsə ona baxacaq yoxsa yox. Onun paltarını almaq üçün lüt vəziyyətdə yol getməsinə gəlincə isə, bu iş nifrət yaradan şeylərdən deyildir. Üstəlik, bu iş Bəni-İsrailin Musaya nisbət verdiyi şeydən Musanı təmizləmişdir.”

“ən-Nurul-Mubin fi qisasil-ənbiyai vəl-mursəlin”, səh.212

Böyük ehtimalla Cəzairi “hədis əhlindən olan bir dəstə şəxs” sözü ilə Əllamə Məclisini (ridvanullahi-təala əleyh) nəzərdə tutumuşdur. Çünki, Əllamədən başqa belə bir söz deyən şəxs tanımırıq. Nemətullah əl-Cəzairi (ridvanullahi əleyh) özü Əllamə Məclisinin şagirdi olduğuna görə, ustadının adını çəkməmiş, əvəzində “hədis əhlindən olan bir dəstə şəxs” sözü işlətmişdir. Bəli, biz əvvəldə də dedik ki, Əllamə Məclisinin rəvayətin sənədini həsən və mötəbər bilməsi bir şeyi dəyişmir. Əgər rəvayət hədis elminin az əvvəl qeyd olunan qayda-qanunlarına əsasən, batil və mərduddursa, belə məqamda sənəd heç bir rol oynamır. Əllamə Məclisinin sözünə nəzər salaq. Buyurur:

بعد ورود الخبر الحسن كالصحيح لا يتجه الجزم ببطلانه، إذ ليس فيه من الفضيحة بعد كونه لتبريه عما نسب إليه ما يُلزم الحكمَ بنفيها، والله يعلم.

“Səhih kimi olan həsən xəbərin varid olmasından sonra bu hadisənin batilliyini qəti şəkildə demək olmur. Çünki, bu işdə inkar edilməzi vacib olan bir rüsvayçılıq yoxdur. Xüsusən də, bu iş Musanı təmizə çıxarmaq üçün olduqdan sonra. Allah bilir.”

“Biharul-Ənvar”, c.13, səh.10

Əvvəla, bu sözdən belə nəticə çıxarırıq, əvvəla Əllamə Məclisi qeyd etdiyi səhihə bənzər hədisin ayənin təfsirində əsas səhih nəzər oduğunu demir. Əllamə məhz bunu deyir ki, məsələ barəsində səhihə bənzər həsən hədis gəldiyi üçün qəti şəkildə hadisənin batil olduğuna hökm etmək olmur. Üstəlik də, bu iş Musa (əleyhis-səlam)-ı təmizə çıxarmaq üçün olmuşdur. Deməli, Əllamə əhli-sünnə imamlarından fərqli olaraq bu hədisdə deyilənləri əsas nəzər olaraq qəbul etmir. Sadəcə olaraq, hədisin sənədi mötəbər olduğu üçün onun batilliyinə qəti şəkildə hökm etmək olmadığını bildirir. Başqa sözlə, belə bir şeyin ehtimal olaraq mümkün olduğunu bildirir. Lakin, məlumdur ki, Əllamənin qələmi bu yerdə xəta etmişdir. Şübhəsiz ki, Əllamə məsum deyil və xəta edə bilər. Onun dediklərinə belə cavab verilər ki, əvvəla hədisin sənədinin mötəbər olması, hələ hədisin məqbul olması anlamına gəlmir. Belə məqamda az əvvəl İmamlardan (əleyhimus-səlam) nəql etdiyimiz mötəbər əmrlərə tabe olmaq və bu şəkildə hədisin məqbul olub-olmadığını təyin etmək gərəkdir. İkincisi, Allahu-təalanın Musa (əleyhis-səlam)-ı başqa yolla təmizə çıxarmağa da qadir olduğu təqdirdə, onu belə bir şəkildə rüsvayçı bir duruma düşürməsi, Allaha yaraşan bir iş deyil. Belə bir şeyi Allaha nisbət vermək, Allaha qəbih iş nisbət vermək sayılır. Bu isə məlumdur ki, batil bir işdir. Elə isə aydın olur ki, Əllamənin bu məqamda dediyi sözlər sihhətə malik deyildir. Biz yazının sonunda Şeyx Müfidin (ridvanullahi əleyh) tələbəsi və Şeyx Tusinin (ridvanullahi əleyh) ustadı olan Şərif Mürtəza Ələmul-Hudanın (ridvanullahi əleyh) bu məsələ ilə bağlı rəyini qeyd edirik. Bu nəzəri qeyd edərək bildiririk ki, şiənin bu məsələdə nəzəri məhz, Şərif Mürtəzanın bildirdiyi şəkildədir. Şərif Mürtəza (ridvanullahi əleyh) özünün “Tənzihul-Ənbiya” kitabında həzrət Musaya (əleyhis-səlam) nisbət verilən bu çirkin iftiradan söz açaraq deyir:

(الجواب): قلنا ما روي في هذا المعنى ليس بصحيح وليس يجوز أن يفعل الله تعالى بنبيه عليه السلام ما ذكروه من هتك العورة ليبرئه من عاهة أخرى، فإنه تعالى قادر على أن ينزهه مما قذفوه به على وجه لا يلحقه معه فضيحة أخرى، وليس يرمي بذلك أنبياء الله تعالى من يعرف أقدارهم.
والذي روي في ذلك من الصحيح معروف، وهو أن بني إسرائيل لما مات هارون عليه السلام قذفوه بأنه قتله لأنهم كانوا إلى هارون (ع) أميل، فبرأه الله تعالى من ذلك بأن أمر الملائكة بأن تحمل هارون (ع) ميتا، فمرت به على محافل بني إسرائيل ناطقة بموته ومبرئة لموسى عليه السلام من قتله.
وهذا الوجه يروى عن أمير المؤمنين عليه الصلاة والسلام. وروي أيضا أن موسى (ع) نادى أخاه هارون فخرج من قبره فسأله هل قتله قال لا؟ ثم عاد إلى قبره. وكل هذا جائز والذي ذكره الجهال غير جائز
.

Cavab: Deyirik: bu mənada nəql edilən şey (həzrət Musanın lüt qaçması əhvalatı) səhih deyildir. Allahın öz peyğəmbərini başqa bir nöqsandan təmizə çıxarmaqdan ötrü öz peyğəmbərinə onların dediyi övrətin açılması işini etməsi mümkün deyildir. Allahu-təala həzrət Musanı onların atdıqları böhtandan – ardınca həzrət Musa üçün başqa bir rüsvayçılıq gətirməyəcək bir şəkildə – təmizləməyə qadirdir. Allahın peyğəmbərlərinin məqamlarını bilən şəxs belə bir şeyi onlara nisbət verməz. Bu barədə nəql edilən səhih nəzər məlumdur. O budur ki, həzrət Harun (əleyhis-səlam) öldüyü zaman Bəni-İsrail Musaya (əleyhis-səlam) böhtan atıb dedilər ki, Harunu o öldürmüşdür. Çünki, onlar Haruna (əleyhis-səlam) daha meyilli idilər. Lakin, Allahu-təala Musanı (əleyhis-səlam) bundan təmizə çıxardı. Belə ki, mələklərə əmr etdi ki, Harunun ölüsünü götürüb Bəni-İsrailin toplandığı yerlərə aparsınlar və onun (öz əcəli ilə) öldüyünü deyərək Musanı onun qətlindən təmizə çıxarsınlar. Bu izah Əmirəl-möminindən (əleyhis-salətu vəs-səlam) nəql edilmişdir. Həmçinin, nəql edilmişdir ki, Musa (əleyhis-səlam) qardaşı Harunu səsləyir və Harun (əleyhis-səlam) qəbrindən çıxır. Bu zaman Musa ondan onu qətlə yetirib yetirmədiyini soruşur. Harun “xeyr” deyir. Bundan sonra qəbrinə qayıdır. Bütün bunlar caizdir, lakin, cahillərin dedikləri qeyri-caizdir.”

Tənzihul-Ənbiya, səh.126

Deməli, aydın olur ki, bu hədis qeyri-səhihdir, qeyri-caizdir. Allahu-təalanın başqa yol və vasitə ola-ola Musa əleyhis-səlamın övrətini camaata göstərməsi qəbih bir işdir və Allahu-təala belə şeydən pak və münəzzəhdir. Elə isə, şiə mənbələrində gələn bu hədis sabit deyildir. Bu hədis hətta səhih sənədli belə olsa, “amməyə müvafəqət” qaydası baxımından mərdud və batildir. Buna əsasən, bu hədislə şiə əleyhinə dəlil gətirmək istəyən əllamələr yenidən öz elmlərini nəzərdən keçirməlidirlər. Yenidən öz kitablarına qayıdaraq Allahın ulul-əzm peyğəmbərinə atdıqları iftiranın çirkinliyinə nəzər salmalıdırlar. Bununla, “Allahın kitabından sonra ən səhih kitab” dedikləri kitabın hansı həddə sihhətə malik olduğunu bilməlidirlər. Və ən əsası, Allahın peyğəmbərlərinə və digər müsəlmanlara çirkin iftiralar atmağa son qoymalıdırlar.

Vəlhəmdu-lilləhi-Rabbil-aləmin

Va sallallahu alə Muhəmmədin va Alihit-tahirin

Hazırladı: Abu Ali

313news.net

Рейтинг

В этом разделе