Əziz peyğəmbərimiz həzrət Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) nəvəsi İmam Huseynin (əleyhissəlam) özünü müsəlman sayan tüğyankar və zalım insanlar tərəfindən şəhid edilməsindən sonra onun necə dəfn olunması maraq doğuran mövzulardan biridir. Bu dəfn mərasiminin Aşuradan neçə gün sonra baş verməsi və kimlər tərəfindən icra edilməsi müxtəlif alimlər tərəfindən geniş şəkildə araşdırılmışdır. Biz isə burada həmin dəfn mərasimi haqqında sual doğuran bir neçə mətləbə qısa olaraq işarə edəcəyik.
- İmam Huseyn (əleyhissəlam) və onunla bərabər şəhid edilmiş insanların cəsədi düşmən tərəfindən dəfn edilmədən çöllərdə tərk edilmişdir.
İmam Huseynin (əleyhissəlam) və onunla bərabər şəhid edilmiş digər şəxslərin cənazələri düşmən tərəfindən dəfn edilmədən qumlu və isti çöldə tərk edilmişdir. Kamiluz-ziyarat kitabının müəllifi Şeyx Cəfər ibn Qovləveyhin tələbəsi ondan icazə alaraq həmin kitabın səksən səkkizinci babına əlavə etdiyi və Zaidənin İmam Zeynul-abidindən (əleyhissəlam) nəql etdiyi hədisdə İmam (əleyhissəlam) buyurur: “Kərbəlada başımıza həmin müsibətlər gəldikdə, atam və onunla yanaşı olan – övladları, qardaşları və sair qohumları öldürüldükdə, onun ailəsi və qadınları dəvələrə mindirilərək Kufəyə aparılarkən mən yerə səpələnmiş və dəfn olunmamış cəsədlərə baxırdım. Bu mənə ağır gəldi və onların bu halını görmək mənim narahatçılığımı daha da artırdı. Az qaldı canım bədənimdən çıxsın. Bibim Zeynəbi-Kubra binti Əli mənim bu halımı gördükdə mənə belə dedi: “Bu nə haldı, özüvü qurban verdiyini görürəm, ey babamın, atamın və qardaşlarımın yadigarı?” Mən dedim: “Necə narahat olmayım, bir halda ki, ağamı, qardaşlarımı, əmilərimi, əmim oğlanlarını və qohumlarımı yerə səpələnmiş, qanlarına bələnmiş, paltarları oğurlanaraq bədənləri çılpaq halda buraxılmış, kəfənlənməmiş, dəfn edilməmiş halda görürəm. Heç kim onlarla maraqlanmır və heç bir insan onlara yaxınlaşmır. Elə bil onlar Deyləm və Xəzər əhli-beytindəndir.”[1]
İmam Zeynul-abidin (əleyhissəlam) bu hədisdə İmam Huseynin (əleyhissəlam) və digər şəhidlərin cənazələrinə heç kimin yaxınlaşmadığını və qoşunun onları dəfn etmədən çöllərdə tərk etdiyini bildirir.
- Bəni-Əsəd qəbiləsinin mübarək cəsədləri dəfn etmək üçün Kərbəlaya gəlməsi
Məqtəl kitablarının qeyd etdiyinə əsasən Ömər ibn Sədin qoşunu Kərbəlanı tərk etdikdən sonra Bəni-Əsəddən olan Ğaziriyyə əhli Kərbəlaya gəlmiş və pak cəsədlərin dəfnində iştirak etmişdir.[2] Bəzi mənbələrə görə onlar bir çox cəsədlər üçün hazır qəbirlərin və o qəbirlərdə ağ quşların olduğunu görürdülər.[3] Aşağıda qeyd edəcəyimiz hədislərə əsasən hazır qəbirlərin Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən qazılmış qəbirlərin olduğu ehtimal edilir. Bəni-Əsəd qəbiləsindən bir qrup şəxsin Kərbəlada pak bədənlərin dəfnində iştirak etməsində şübhə yoxdur. Lakin burada yaranan sual budur ki, görəsən Bəni-Əsəddən olanlar dəfni təkmi icra etmişdilər? Yoxsa onlarla yanaşı burada başqa şəxslər də dəfndə iştirak etmişdir? Bu suala aşağıda cavab verməyə çalışacağıq. Burada Xanım Zeynəbin (əleyhassalam) İmam Zeynul-abidinin (əleyhissəlam) parçalanmış və dəfn olunmadan tərk edilmiş mübarək cəsədləri görərkən halının dəyişməsini gördüyü vaxtda ona dediyi kəlamı qeyd etmək istərdik:
Xanım Zeynəb (əleyhassalam) belə dedi: “Gördüyün səni narahat etməsin. Allaha and olsun, bu Peyğəmbərin babana, atana və əminə olan əhdidir. Allah-təala bu ümmətin fironlarının tanımadığı, səma əhlinin yanında tanınmış olan insanlardan əhd almışdır ki, onlar bu ayrılmış bədən üzvlərini və qana bulaşmış cəsədləri cəm edərək dəfn edəcəklər. Onlar Taffda (İmam Huseynin qətlə yetirildiyi yerdə) şəhidlər ağası olan atanın qəbrinin üzərində bir əlamət qoyacaqlar. Gecə və gündüzlərin keçməyinə baxmayaraq onun izi aradan getməyəcək, rəsmi silinməyəcək. Küfr başçıları və azğınlığın tərəfdarları onu məhv etmək və o izi silmək üçün çalışacaqlar. Lakin həmin iz daha da aşkar olacaq və daha da ucalacaq.”[4]
- Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm), İmam Əlinin (əleyhissəlam), İmam Həsənin (əleyhissəlam) və mələklərin iştirak etməsi
Əhli-beytdən (əleyhimussəlam) nəql olunmuş bəzi hədislərə əsasən həm Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm), həm də digər məsumların (əleyhimussəlam) dəfnində yer üzərinə mələklər enmiş və onun qüsl, kəfən və dəfn mərasimində iştirak etmişlər. Hətta bəzi hədislərə əsasən İmam Huseynin (əleyhissəlam) dəfnində mələklərlə yanaşı Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm), İmam Əlinin (əleyhissəlam) və İmam Həsənin (əleyhissəlam) də gəldiyi qeyd olunur. Təbii ki, bu müsibətin böyüklüyünü bilən şəxslərə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) və digər Əhli-beytdən olan şəxslərin İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak etməsi qəribə görsənməyəcək. Necə ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Kərbəla müsibəti baş verməmişdən əlli il öncə bu müsibətin olacağını bildikdə Cəbraildən (əleyhissəlam) Kərbəla torpağından bir ovuc istəmiş, onu özündə və yoldaşı Ümmü-Sələmənin (əleyhassalam) yanında saxlamışdır.[5]
Şeyx Mufid (r) özünün “Əmali” adlı kitabında İmam Sadiqdən (əleyhissəlam) belə nəql edir: “Ümmü-Sələmə (Allah ona rəhmət eləsin) bir gün səhər ağlayırdı. Ondan “niyə ağlayırsan?”- deyə soruşulduqda belə cavab verdi: “Huseyn (əleyhissəlam) bu gecə qətlə yetirilib. Çünki mən Peyğəmbər dünyasını dəyişdikdən sonra onu yuxuda görməmişdim. Onu yalnız bu gecə rəngi dəyişilmiş və qəm-qüssəli halda gördüm. Ona belə dedim: “Ey Allahın rəsulu, niyə səni rəngi dəyişilmiş və qəm-qüssəli halda görürəm?” O, buyurdu: “Bu gecə Huseyn və səhabələri üçün qəbir qazıram.””[6]
Həmçinin Şeyx Tusi (r) özünün Əmali kitabının 315-ci səhifəsində İbn Abbasdan Ümmi-Sələmənin Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) yuxuda gördüyünü və Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) İmam Huseyni (əleyhissəlam) və onun Əhli-beytini (əleyhimussəlam) dəfn etdiyini nəql edir.
Böyük alim Muhəmməd ibn Həsən Əs-Səffar özünün “Bəsairud-dərəcat” adlı əsərində İmam Sadiqdən (əleyhissəlam) nəql etdiyi hədisdə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dəfnində mələklərin iştirak etdiyini, digər imamların dəfnində isə həm mələklərin, həm Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm), həm də özündən əvvəl vəfat etmiş məsum imamın və ya imamların iştirak etdiyi bəyan edilir. Həmin hədisdə İmam Sadiq (əleyhissəlam) İmam Huseynin (əleyhissəlam) dəfni barədə belə buyurur: “... Huseyn vəfat etdikdə də Əli ibn Huseyn bu cür gördü (yəni Cəbrailin və qədr gecəsi yer üzərinə nazil olan mələklərin və ruhun göydən yerə nazil olduqlarını və İmamın qüslunda, kəfənində, namazında və qəbrinin qazılmasında iştirak etdiklərini gördü) və Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm), Əlinin (əleyhissəlam) və Həsənin (əleyhissəlam) mələklərə kömək etdiklərini gördü...”[7]
Qeyd: İmam Huseynin (əleyhissəlam) dəfnin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm), İmam Əlinin (əleyhissəlam), İmam Həsənin (əleyhissəlam) və mələklərin iştirak etməsini bildirən hədislər İmam Huseynin (əleyhissəlam) bir qrup Bəni-Əsəddən olan şəxs tərəfindən dəfn edilməsini bildirən hədislərlə ziddiyyət təşkil etmir. Çünki Bəni-Əsədin dəfni icra etməsi ilə yanaşı onlar görmədikləri halda Peyğəmbər, digər İmamlar və mələklər də dəfində iştirak edə bilərlər. Necə ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dəfn işlərində həzrət Əli (əleyhissəlam) ilə yanaşı mələklər də var idi. Lakin orada olan İbn Abbas və başqa bir neçə nəfər mələkləri görmürdülər.
- Zeynul-abidin (əleyhissəlam) İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak edibmi?
Böyük alimlərimiz İmam Huseynin (əleyhissəlam) dəfninin oğlu İmam Zeynul-abidin Əli ibn Huseyn (əleyhissəlam) tərəfindən icra edildiyini qeyd edirlər. Təbii ki, həmin vaxtda əsirlikdə olan İmam Səccadın (əleyhissəlam) bu işi qeybi yolla icra etdiyi bildirilir. Yəni İmam Zeynul-abidin (əleyhissəlam) digərləri onu görmədiyi halda əsirlikdən çıxmış və Kərbəlaya gedərək İmam Huseyni (əleyhissəlam) və onunla bərabər şəhid edilmişləri dəfn edib qayıtmışdır. Necə ki, İmam Rza (əleyhissəlam) Mədinə şəhərində olduğu halda Bağdad şəhərində şəhid edilmiş atası İmam Kazimin (əleyhissəlam) dəfn işlərində iştirak etmiş və bu işi öz öhdəsinə götürmüşdür. Həmçinin İmam Muhəmməd Təqi (əleyhissəlam) da Tus (indiki Məşhəd) şəhərində şəhid edilmiş İmam Rzanın (əleyhissəlam) dəfn işlərini icra etmişdir. İmam Zeynul-Abidinin (əleyhissəlam) Kərbəlada İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak etdiyinə dair dəlilləri əsasən iki qismə bölmək olar: ümumi dəlillər və xüsusi dəlillər. Bu dəlillərdən bir neçəsini aşağıda qeyd etməyə çalışacağıq:
İmam Zeynul-abidinin (əleyhissəlam) İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak etməsini bildirən ümumi dəlillər
1.İmamın dəfn işlərini yalnız İmam yerinə yetirər;
Əhli-beytdən (əleyhimussəlam) nəql olunmuş hədislərə əsasən imamı yalnız ondan sonra gələn imam qüsl edər, kəfənləyər və onu dəfn edər. Mərhum Şeyx Kuleyni (rəhmətullahi əleyh) əzəmətli Kafi əsərinin “Höccət” kitabında “İmama yalnız imamlardan olan bir imam qüsl verər” adlı bab ayırmış və buna dəlalət edən üç dənə ayrı hədisi həmin babda zikr etmişdir.[8]
İrad
Mümkündür ki, burada kimsə bu məsələyə sənəd və dəlalət baxımından irad bildirsin. Sənəd baxımından Kafidə zikr olunmuş həmin babdakı hər üç hədisin sənədinin zəif olmasını, dəlalət baxımından isə bu hədisin İmam Zeynul-abidinin (əleyhissəlam) Kərbəlaya gələrək İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak etməsinə dəlalət etmədiyini demək olar. Çünki hədis təklifi bir hökümdən söhbət açır, yəni hədisin ifadə etdiyi məna budur ki, imamın dəfn işlərini icra etmək yalnız özündən sonrakı imama vacibdir. Təbii ki, təklifi hökm –istər haram, istərsə də vacib- zərurət hallarında qüvvədən düşmüş sayılır. Buna əsasən də İmam Huseynin (əleyhissəlam) dəfn işlərini icra etmək İmam Zeynul-abidinə vacib olsa da, İmam Zeynul-abidin (əleyhissəlam) düşmən tərəfindən əsir götürüldüyünə görə bu vacib işi icra etməyə qadir deyildi. Bu səbəbdən də İmam Huseynin (əleyhissəlam) dəfn işlərini icra etmək zərurət halına görə İmam Səccada (əleyhissəlam) vacib olmamışdı. Deməli biz “İmama yalnız İmam qüsl verməlidir” hədisi ilə İmam Zeynul-abidinin (əleyhissəlam) İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak etməsini isbat edə bilmərik.
İrada cavab
Bildirilmiş hər iki irada cavab vermək mümkündür. Əvvəla sənəd baxımından bildirilmiş irada belə cavab vermək olar ki, bu məzmunda olan hədislər təkcə Şeyx Kuleyninin “İmama yalnız İmamlardan olan bir İmam qüsl verər” babında qeyd etdiyi üç hədisdən ibarət deyil. Bu barədə olan hədislər müstəfiz[9] həddindədir. Çünki burada qeyd edilən üç hədisdən əlavə bir qrup başqa hədislər də müxtəlif sözlərlə də olsa “İmamın dəfn işlərini yalnız İmam yerinə yetirər” mənasındadır. Necə ki, “Muxtəsərul-bəsair” kitabında İmam Rza (əleyhissəlam) İbrahim ibn Əbu-Səmmala yazdığı məktubda[10] bunu bildirir. Mərhum Təbəri (r) özünün “Dəlailul-imamə” adlı əsərində Əbu-Bəsirdən İmam Museyi-Kazimin (əleyhissəlam) belə buyurduğunu nəql edir: Atamın (İmam Cəfər Sadiqin (əleyhissəlam)) ölüm anı yetişdikdə o mənə belə buyurdu: “Ey oğlum, mənim qüslumu səndən başqa heç kim etməsin. Mən atama qüsl vermişəm, atam da öz atasına qüsl verib. Höccətə yalnız höccət qüsl verər.” İmam Kazim (əleyhissəlam) buyurdu: “Atamın gözlərini mən bağladım, onu mən kəfənlədim və onu öz əllərimlə dəfn etdim.”[11]
Hətta Kafidə İmam Sadiqdən (əleyhissəlam) nəql olunmuş hədisə əsasən İmam Zaman ağa (əleyhissəlam) zühur etdikdən və haqq dövləti qurduqdan sonra bir müddət yaşayıb dünyasını dəyişdikdə onun dəfn işlərini rəcət[12] etmiş İmam Huseyn (əleyhissəlam) icra edəcək.
İmam Sadiqdən (əleyhissəlam) nəql olunmuş həmin hədisdə İmam Huseynin (əleyhissəlam) rəcətindən danışılaraq belə buyurulur: “...Möminlərin qəlbində bu şəxsin Huseyn olduğu tam qərarlaşdıqda Höccətə (İmam Zamana) ölüm gələcək. Ona qüsl verən, onu kəfənləyən, ona hənut vuran və onu qəbrinə qoyan şəxs Huseyn ibn Əli olacaq. Vəsinin dəfn işlərini yalnız vəsi icra edər.”[13]
Bundan əlavə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) öz qüslunu həzrət Əliyə (əleyhissəlam) vəsiyyət etməsini də bu məsələyə dəlil gətirmək olar. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurur: “Ey Əli, mənim qüslumu səndən başqası yerinə yetirməsin və mənim övrətimi səndən başqası görməsin. Çünki səndən başqa kim mənim övrətimi görərsə, o şəxs kor olar.”[14]
Burada Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) öz qüslunu ancaq həzrət Əliyə vəsiyyət etməsi “məsumun qüslunun yalnız məsum yerinə yetirə bilər” qaydasına görədir. Çünki axırda gətirilən səbəb digər İmamların qüslunda da gətirilib. Hətta başqa mənbələrdə həzrət Əlinin Peyğəmbərin qüslunda iştirak etmiş İbn Abbasın gözlərini bağladığı da qeyd olunur.
Müfəzzəl ibn Ömərin İmam Sadiqdən (əleyhissəlam) nəql etdiyi Xanım Zəhranın (əleyhassalam) qüslunu həzrət Əli (əleyhissəlam) tərəfindən icra edilməsi hədisi də burada dəlil kimi göstərilə bilər. Çünki Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) bu sözünə təəccüb edərkən İmam (əleyhissəlam) ona buyurur: “O (Xanım Zəhra) siddiqə idi, ona yalnız siddiq qüsl verə bilər.”[15]
Burada qeyd etdiyimiz hədislərdən və bundan əlavə bu məzmunda olan digər hədislərdən “məsumun dəfn işini yalnız məsum etməlidir” ümumi qaydasının hədislər əsasında mötəbər olduğunu görürük. Peyğəmbər, Xanım Zəhra və imamların (əleyhimussəlam) dəfn işlərini elə imamların özlərinin yerinə yetirməsi, hətta uzaqda da olsa qeybi qüvvədən istifadə edərək dəfn işlərini icra etmək üçün imamın şəhid edildiyi yerə gəlmələri[16] də bu hədislərin mötəbər olmasına dəlil kimi istifadə edilə bilər.
Bundan əlavə İmam Rzanın (əleyhissəlam) imamətini qəbul etməyən və “vaqifiyyə” adlanan qrupun ən əsas dəlili bu məzmunda olan hədislərə söykənərək İmam Rzanın (əleyhissəlam) İmam Museyi-Kazimin (əleyhissəlam) dəfn işlərini icra etməməsi idi. Bunun müqabilində isə İmam Rza (əleyhissəlam) bu məzmunda olan hədisləri inkar etməmiş, hətta bu hədisləri təsdiqləmiş və özünün İmam Museyi-Kazimin (əleyhissəlam) dəfn işlərini icra etdiyinə işarə etmişdir. Buradan məlum olur ki, həmin dövrdə şiələrin yanında “İmamı yalnız İmam dəfn edər” hədisi tam məqbul idi.
Deməli gətirdiyimiz ümumi dəlilə sənəd baxımından edilən irad əsassızdır.
Hədisin dəlalətinə edilən irada gəlincə, bunu deyə bilərik ki, “imamın dəfn işlərini imam yerinə yetirməlidir” məzmununda olan hədislər bu işin təkcə şəri təklif olduğunu bildirmir. Bu səbəbdən də “zərurət halında şəri təkliflər qüvvədən düşür deyə biz bunu dəlil kimi istifadə edə bilmərik” sözü əsassızdır. Çünki bu hədislər şəri vəzifəni bildirməklə yanaşı həqiqi hadisəni bizə nəql edir. Yəni bizə bildirir ki, imama yalnız imam qüsl verəcək. Buna dəlil kimi həm bütün imamların məhz imamlar tərəfindən qüsl verildiyi və onlar tərəfindən dəfn edildiyinə dair xüsusi dəlilləri gətirmək olar. Hətta müəyyən imamların şəhid edildiyi vaxtda ondan sonrakı imamın uzaqda olmasına baxmayaraq qeybi-qüvvədən istifadə edərək imamın qüsl, kəfən və dəfni ilə məşğul olması bu hədislərin həqiqi baş verəcək hadisədən danışdığını göstərir. Çünki bu hədis yalnız şəri təklif olsaydı o zaman öz atasından uzaq düşmüş imama onun dəfnində iştirak etmək vacib olmayacaqdı. Lakin biz imamların uzaqda da olsa dəfn işlərinə özlərini yetirmələrindən başa düşürük ki, həqiqətdə elə bütün imamlara özündən sonrakı imam qüsl verib və onu dəfn edib. Buna misal olaraq Mədinədə olan İmam Rzanın (əleyhissəlam) Bağdadda şəhid olmuş İmam Museyi-Kazimin (əleyhissəlam) dəfn işlərinə qeybi yolla özünü çatdırması və bu işləri icra etməsini[17], həmçinin Tus (indiki Məşhəd) şəhərində şəhid edilmiş İmam Rzanın (əleyhissəlam) dəfn işlərini həmin vaxt Mədinə şəhərində olan İmam Muhəmməd Təqinin (əleyhissəlam) görməsini[18] bildirən hədisləri göstərmək olar.
Bütün bunlardan məlum olur ki, “İmamı yalnız İmam dəfn etməlidir” məzmununda olan hədislərə söykənərək İmam Zeynul-abidinin (əleyhissəlam) İmam Huseyni (əleyhissəlam) dəfn etməsini demək olar.
2.Bəni-Əsədin cəsədləri təyin etməsi mümkün deyildi
İmam Zeynul-abidinin (əleyhissəlam) İmam Huseyni (əleyhissəlam) dəfn etməsinə ümumi dəlillərdən biri də Bəni-Əsəddən olan şəxslərin həm İmam Huseynin (əleyhissəlam), həm də digər şəhidlərin cəsədlərini təyin etməsinin mümkünsüz olmasıdır. Çünki Bəni-Əsəd Kərbəla hadisəsində iştirak etməmişdir, ortada olan cəsədlər də başları kəsilmişdir. Bir çoxlarının başı da nizəyə vurularaq aparılmışdır. Deməli Kərbəlada qalan əksər şəhidlərin meyiti tanınmaz halda idi. Buna görə də Bəni-Əsəd necə İmam Huseynin (əleyhissəlam) cəsədini tanıdı? Onu digər cəsədlərdən necə ayırd etdi və onun üçün ayrıca bir qəbir təyin etdilər? Bundan əlavə onlar həzrət Əbulfəzl (əleyhissəlam) ağanı niyə ayrıca dəfn etdilər? Onu necə tanıdılar? Başqa şəhidlərin ayrı-ayrı cəsədlərini bir yerə cəm edərkən niyə həzrət Abbasın (əleyhissəlam) mübarək cəsədini digər şəhidlərlə birgə deyil, məhz ayrı dəfn etdilər? Bütün bunlar göstərir ki, dəfndə iştirak edən şəxs bütün ordakıları tanıyıb və müxtəlif məsləhətləri nəzəri alıb mübarək cəsədləri həmin məsləhətlər əsasında dəfn etmişdir. Bunu da yalnız İmam Zeynul-abidin (əleyhissəlam) edə bilərdi.
İmam Zeynul-abidinin (əleyhissəlam) İmam Huseynin (əleyhissəlam) dəfnində iştirak etməsini bildirən xüsusi dəlillər
İmam Huseynin (əleyhissəlam) dəfnində İmam Zeynul-abidinin (əleyhissəlam) iştirak etməsini bildirən ümumi dəlillərdən əlavə burada xüsusi dəlillər də mövcuddur. Həmin xüsusi dəlillərə əsasən İmam Huseyni (əleyhissəlam) məhz İmam Zeynul-abidinin (əleyhissəlam) dəfn etməsi məlum olur.
Həmin xüsusi dəlillər bunlardır:
1.Şeyx Tusi (rəhiməhullah) özünün “Əl-ğeybə” adlı əsərində İmam Cəfər Sadiqin (əleyhissəlam) atası İmam Muhəmməd Baqirin (əleyhissəlam) belə buyurduğunu nəql edir: “Əli ibn Huseyn qətl edilmişləri bir-birinin üstünə qoyaraq belə buyururdu: “Bizim qətlə yetirilmişlərimiz Peyğəmbərlərin qətlə yetirilmişlərindəndir.”[19]
Bu hədis İmam Səccadın (əleyhissəlam) Kərbəlada dəfndə iştirak etdiyinə dəlildir. Çünki İmam (əleyhissəlam) nə aşura günü, nə də ondan sonra əsir olduqda heç vaxt qətlə yetirilmişləri bir-birinin üstünə qoymayıb. Buradan məlum olur ki, İmam Səccad (əleyhissəlam) Kərbəlaya qayıtmış və qətlə yetirilmişlərin mübarək cəsədlərini bir-birinin üstünə qoymuşdur.
2.Kəşşi özünün rical kitabında İmam Rzanın (əleyhissəlam) onun imamətini qəbul etməyən bir qrup şəxslə olan bəhsini nəql edir. Bu bəhsdə Əli ibn Əbu-Həmzə imam Rzaya (əleyhissəlam) belə dedi: "Biz sənin atalarından nəql etmişik ki, imamın dəfnini yalnız imam edər." İmam Rza (əleyhissəlam) buyurdu: "Huseyn (əleyhissəlam) imam idi ya yox?" O, dedi: "Bəli imam idi." İmam (əleyhissəlam) buyurdu: "Onun dəfnini kim etdi?" O, dedi: "Əli ibn Huseyn (əleyhissəlam)" İmam (əleyhissəlam) buyurdu: "Əli ibn Huseyn (əleyhissəlam) harada idi? O, İbn Ziyadın zindanında idi. (Bu işi necə etdi?)" O, dedi: "O, keşikçilərin xəbəri olmadan çıxdı, atasını dəfn etdi və qayıtdı." İmam (əleyhissəlam) buyurdu: "Əli ibn Huseyni (əleyhissəlam) Kərbəlaya gətirib atasını dəfn etməyə imkan yaradan (Allah), imamət sahibini (yəni məni) də həbs və əsirlikdə olmadığı halda Bağdada gətirib atasını dəfn etməsinə sonra da geri qayıtmasına imkan yaradar..."[20]
Bu iki hədis İmam Zeynul-abidinin (əleyhissəlam) Kərbəlaya gələrək İmam Huseynin (əleyhissəlam) dəfnini icra etməsini bildirən xüsusi dəlillərdir. Burada mütəəxxir alimlərin nəql etdikləri və İmam Zeynul-abidinin (əleyhissəlam) Kərbəlaya gəlməsi və cəsədləri necə dəfn etməsini bildirən başqa bir hədis də mövcuddur. Bu hədisi Seyyid Muhəmməd Təqi Bəhrul-ulum (r) özünün “Məqtəl” kutabında seyyid Nemətullah Cəzairinin (r) “Mədinətul-elm” adlı əsərindən nəql edir.[21] Sadəcə həmin hədisin uzunluğuna görə burada tam şəkildə onu nəql etmirik. Bu hədisin əlimizə gəlib çatan qədim kitablarda olmaması bunun uydurma bir hadisə olmasına dəlalət etmir. Çünki mümkündür ki, bunu nəql etmiş böyük alimlərimiz bu hədisi onlara gəlib çatmış hansısa bir qədim kitabdan nəql ediblər. Sonradan o kitab gəlib bizə çatmayıb. Necə ki, bu cür hadisələr çox baş vermişdir. Hədis kitablarından məlumatı olan şəxslər bu cür hadisələrdən xəbərdardılar.
Beləliklə bütün bu dəlillərdən məlum olur ki, İmam Huseyni (əleyhissəlam) Kərbəlada onun oğlu və həmin zamanın imamı olan İmam Zeynul-abidin (əleyhissəlam) dəfn etmişdir.
Sonda işarə edib tam mətnini qeyd etmədiyimiz hədisdən bir hissəni bura qeyd etmək istərdik. İmam Zeynul-abidin (əleyhissəlam) atası İmam Huseyni (əleyhissəlam) dəfn etdikdən sonra öz barmaqları ilə qəbrin üzərinə belə yazdı:
“BU, SUSUZ VƏ KİMSƏSİZ QƏTLƏ YETİRİLMİŞ HUSEYN İBN ƏLİ İBN ƏBİ-TALİBİN QƏBRİDİR”[22]
[1] İbn Qovləveyh, Kamiluz-ziyarat, 88ci bab, hədis 1
[2] Şeyx Mufid, Əl-İrşad, c. 2, səh. 114; Seyyid İbn Tavus, Lühuf, səh. 144
[3] Əllamə Məclisi, Biharul-ənvar, c. 45, səh. 45
[4] İbn Qovləveyh, Kamiluz-ziyarat, 88ci bab, hədis 1
[5] Əhməd ibn Hənbəl, Əl-müsnəd, münədi-ələşərə əlmubəşşirinə bilcənnə və min musnədi Əli ibn Əbi-Talib, hədis 613; Əhməd ibn Hənbəl, Əl-müsnəd, Baqil-musnədis-sabiq, Baqil-müsnədil-mukəssirin, hədis 2422
[6] Şeyx Mufid, Əmali, səh. 319
[7] Səffar, Bəsairud-dərəcat, c. 1, səh. 225
[8] Şeyx Kuleyni, Əl-Kafi, c. 1, səh. 384
[9] Mustəfiz hədis hər təbəqəsində ən azı üç müxtəlif ravi tərəfindən nəql olunmuş hədisə deyilir. Bəzi alimlərə görə hədisin müstəfiz olması özü-özlüyündə hədisi mötəbər edir.
[10] Həsən ibn Süleyman Hilli, Müxtəsərul-bəsair, səh. 76
[11] Təbəri, Dəlailul-imamə, səh. 328
[12] Rəcət lüğətdə qayıdış deməkdir. Rəcət etiqadı şiənin ən önəmli etiqadlarından biridir. Rəcət etiqadına əısasən İmam Zaman (əleyhissəlam) zühur etdikdə məhz iman əhli və məhz küfr əhli bu dünyaya qayıdacaqvə məhz küfr əhlindən intiqam alınacaq. Əhli-beyt (əleyhimussəlam) da rəcət edəcək şəxslərdəndir. Hədislərə əsasən ilk rəcət edəcək şəxs İmam Huseyn (əleyhissəlam) olacaq. Rəcət etiqadına aid çoxlu dəlillər mövcuddur. Həm Qurani-kərimdən, həm də Əhli-beyt hədislərindən. Qurani-kərimdə rəcətə dəlalət edən ən aşkar ayələrdən biri Nəml surəsi 83-cü ayədir.
[13] Şeyx Kuleyni, Kafi, c. 8, səh. 206
[14] Şeyx Səduq, Xisal, c. 2, səh. 573
[15] Şeyx Kuleyni, Kafi, c. 1, səh. 459
[16] Necə ki, buna misal olaraq İmam Museyi-Kazimin (əleyhissəlam) Bağdadda şəhid edildiyi vaxt İmam Rzanın (əleyhissəlam) Mədinədən Bağdada gəlməsini və dəfn işlərində iştirak etməsini göstərmək olar. Müraciət et: “Şeyx Səduq, “Uyunu-əxbari-Rza”, c. 1, səh. 131
[17] “Şeyx Səduq, “Uyunu-əxbari-Rza”, c. 1, səh. 131
[18] “Şeyx Səduq, “Uyunu-əxbari-Rza”, c. 2, səh. 455
[19] Şeyx Tusi, Əl-ğeybə, səh. 211
[20] Ricalu-Kəşşi, c. 2, səh. 763
[21] Seyyid Muhəmməd Təqi Bəhrul-ulum, Məqtəlul-Huseyn, səh. 466-470