»»

İmam Huseyn (ə), yoxsa Yezid

Bu sualın cavabı hər bir müsəlmana gün kimi aydındır. Çünki bu şəxslər arasında heç müqayisə də aparmaq olmaz. Lakin biz müəyyən şəxslərin nədənsə daim Yəzidi, hətta İmam Huseynin (ə) qatillərini belə müxtəlif şəkillərdə müdafiə etməyə çalışdığını müşahidə edirik. Bu şəxslər həqiqətdə yuxarıda qeyd edilmiş “İmam Huseyn (ə), yoxsa Yəzid?” sualının cavabında çoxdan ikincini – Yəzidi seçmişlər. Sadəcə bunu həmişə aşkar şəkildə bəyan etməyə cəsarət etməmişlər. Onlar müxtəlif yollarla Yəzidi və onun simasında İmam Huseynin (əleyhissəlam) qatillərini müdafiə etməkdən ötrü dəridən-qabıqdan çıxmışlar. Lakin görünür onlar Allahın “Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.” (saff, 8) – ayəsini unudublar.

Burada Aşura ilə, daha dəqiq desək İmam Huseynlə (əleyhissəlam) və onun gördüyü müqəddəs işlə mübarizə apararaq onun qatillərinə bəraət qazandırmaq istəyən, Yezidin İmam Huseynin (əleyhissəlam) qətlində heç bir rolunun olmamasını, onun müsəlman və mömin biri olmasını və ona lənət deməyin haram olmasını deyən əhli-sünnənin müəyyən alimlərinin sözlərini qeyd etmək istəyirik. Onlar həqiqətdə bu işləri ilə sırf Yəzidin və İmam Huseynin (əleyhissəlam) digər qatillərinin yanında olduqlarını aşkar ediblər. Yoxsa İmam Huseynin (əleyhissəlam) yanında olan şəxs həmin zamanda olmadığına görə əli ilə onun düşmənlərinə qarşı mübarizə aparmaq şərəfindən məhrum olmasına baxmayaraq, öz dili və qələmi ilə onun düşmənlərinə qarşı döyüşməyə davam edər.

Yəzidi və İmam Huseynin (əleyhissəlam) digər qatillərini müdafiə edən şəxslərdən biri əhli-sünnənin məşhur alimi, müxaliflərin “imam” adlandırdıqları Əbu-hamid Muhəmməd ibn Muhəmməd əl-Ğəzzalidi.
Ğəzzali özünün məşhur “İhyau ulumid-din” adlı əsərinin 1014-1015-ci səhifələrində (aşağıda yerləşdirdiyim çapa uyğun olaraq) Yezidə lənət demək və onun İmam Huseynin (əleyhissəlam) qatili olması barədə belə deyir:
“Əgər kimsə desə ki, Yezid Huseynin qatili olduğu üçün və ya onun öldürülməsi barədə əmr verdiyi üçün ona lənət etmək olarmı? Cavabında biz belə deyərik: Bu iş (yəni Yezidin Huseynin qatili olması və ya onun öldürülməsi barədə əmr verməsi) kökündən sübuta yetirilməyib. Ona lənət demək bir kənara, hətta onun haqqında heç “o, (Huseyni) qətlə yetirib və ya buna əmr edib” sözünü belə demək caiz deyil. Çünki heç bir araşdırma aparmadan bir müsəlmana böyük günah nisbət vermək caiz deyil ... 
Əgər kimsə desə ki, “Huseynin qatilinə Allah lənət etsin” sözünü demək olarmı? Cavabında biz belə deyərik: Ən doğrusu belə deməkdi: “Huseynin qatili əgər tövbə etməmişdən əvvəl ölübsə, Allahın ona lənəti olsun.” Çünki həmin qatilin tövbə etdikdən sonra ölməsi ehtimal olunur... Adam öldürmək böyük günahlardandır. Lakin insanı küfr rütbəsinə çatdırmaz. Əgər lənət dedikdə tövbə qeydini vurmadan lənəti ümumi şəkildə (yəni Allah Huseynin qatillərinə lənət etsin – şəklində) deyərsə, burada təhlükə var. Lakin sükut etməkdə (yəni lənət deməməkdə) təhlükə yoxdur. Ona görə də sükut etmək lənət deməkdən daha yaxşıdı.”
 

Başqa bir yerdə əhli-sünnə alimi Kəmalud-din Əd-Dəmiri özünün məşhur “Həyatul-heyvanul-kubra” adlı əsərinin 3-cü cild 422-424-cü səhifəsində (aşağıda yerləşdirdiyim çapa uyğun olaraq) Ğəzzalidən belə nəql edir (Ğəzzalinin bu sözünü əhli-sünnənin digər məşhur alimi İbn Xəlkan özünün “Vəfəyatul-əyan” əsərinin 3-cü cild, səh. 287-289-da və İbn İmad özünün “şəzəratuz-zəhəb” adlı əsərinin 6-cı cild, səh. 15-16-da da nəql edir):
“Ğəzzali bu məsələ (Yezidə lənət deməyin caiz olması) barədə bunun xilafına fətva vermişdir. Ondan Yezidə aşkar lənət deyən şəxs haqqında soruşuldu. Həmin şəxs fasiq olurmu? Yoxsa onun bu işinə (lənət deməsinə) icazə var? Yezid Huseyni öldürmək istəyirdi? Yoxsa onun məqsədi Huseyni xilafətdən uzaqlaşdırmaq idi? Yezidə rəhmət oxumaq olarmı? Yoxsa onun haqqında sakit qalmaq daha fəzilətlidi?
Ğəzzali bu sulların cavabında belə dedi:

“Müsəlmanı lənətləmək heç olmaz. Kim müsəlmana lənət deyərsə o şəxsin özü məlundur (lənətlənmişdir). Peyğəmbər (s) buyurub: “Çox lənət deyən müsəlman deyil.” Müsəlmanı lənətləmək barədə qadağa gəldiyi halda müsəlmana necə lənət demək olar? Peyğəmbərin hədisinə əsasən müsəlmanın hörməti Kəbənin hörmətindən daha artıqdı. Yezidin də müsəlman olması səhihdi. Yezidin Huseyni (r) öldürməsi və ya ona əmr verməsi, yaxud bu işlə razı olması düz deyil. Əgər bu işlərin ona nisbət verilməsi düz deyilsə, o zaman onun haqqında bu işləri görməsi barədə zənn etmək də caiz deyil. Çünki müsəlman haqqında sui-zənn etmək haramdır... 
Kim Huseyni həqiqətən kimin öldürdüyünü bilmək istəsə, bunu bilməyə gücü çatmayacaq. Əgər onun qatili bilinmirsə o zaman haqqında hüsnü zənn edilə bilən hər bir müsəlman üçün hüsnü zənn etməsi vacibdir. Bununla yanaşı Əgər bir müsəlmanın digər bir müsəlmanı qətlə yetirməsi sabit də olsa, haqq əhlinin məzhəbi budur ki, həmin şəxs kafir olmur. Adam öldürmək küfr deyil, əksinə günahdır. 
Qatil şəxs ölmüş olarsa, bəlkə də tövbə etdikdən sonra ölüb. Kafir şəxsin öz küfründən tövbə etməsindən sonra ona lənət demək olmazsa, adam öldürməkdən tövbə etmiş şəxsin tövbəsindən sonra ona necə lənət demək olar?
Huseynin qatilinin də tövbə etməmişdən əvvəl ölməsi bilinmir. Bəndələrindən tövbələri qəbul edən odur (Allahdır).
Müsəlmanlardan ölmüş birinə lənət demək caiz deyilsə, ona lənət deyən şəxs də fasiq və Allaha üsyan etmiş olacaq. Əgər kiməsə lənət deməsi caiz olduğu halda sakit qalarsa, icmaya əsasən həmin şəxs günahkar sayılmaz. Hətta bir şəxs bütün ömrü boyu İblisə lənət deməsə belə ondan “niyə İblisə lənət demədin?”-deyə soruşulmaz. Lakin lənət deyən şəxsdən “niyə lənət dedin?” və “bu şəxsin məlun (lənətlənmiş) olduğunu hardan bildin?”- deyə soruşular. 
Məlun (lənətlənmiş) Allahın rəhmətindən uzaq düşmüş şəxsdir. Bu da (Allahın rəhmətindən uzaq düşməklik) kafir halda ölən şəxsdən başqa heç kim haqqında bilinməz. Çünki bu (kafir halda ölmüş şəxsin Allahın rəhmətindən uzaq olması) şəriətlə bilinir. 
Yezidə rəhmət oxumağa gəlincə bu iş caizdir. Əksinə müstəhəbdir. Hətta Yezidə bizim “İlahi, mömin və möminələri bağışla” – duamız da şamildir. Çünki o mömin idi.”

Ğəzzalinin söylədiklərindən aşağıdakı nəticələrə gəlirik:
1.Yezid İmam Huseynin (əleyhissəlam) qatili deyil, onun qətl edilməsinə əmr verməyib və bu işlə də razı olmayıb.
2.Yezidin İmam Huseyni (əleyhissəlam) qətlə yetirməsi və ya bu işə əmr verməsi, yaxud bu işlə razı olmasını demək onun haqqında sui-zəndir və bu iş günahdır. Bunu deyən şəxs də günahkardır.
3. Yezidə lənət demək haramdır və ona lənət deyən şəxs günahkar və fasiqdir.
4. Yezid müsəlmandı.
5. Yezidin hörməti Kəbənin hörmətindən daha artıqdır.

6. Yezid mömindi.
7. Yezidə rəhmət oxumaq müstəhəbdir (savabdır).

8. “İlahi, mömin və möminələri bağışla” duamız Yezidə də şamil olur;
9. “Allah İmam Huseynin qatillərinə lənət etsin” sözünü demək olmaz. Çünki bu işdə təhlükə var.
10. İmam Huseynin (əleyhissəlam) qatili müsəlman sayılır və İslamdan xaric olmur. (Baxmayaraq ki, Peyğəmbər  “Huseynlə döyüşən mənimlə döyüşüb, mənimlə döyüşən isə Allah ilə döyüşüb” – deyə buyurub.)
11. İmam Huseynin (əleyhissəlam) qatili Allahın rəhmətindən uzaq düşmüş şəxs hesab olunmur.
12. Hətta şeytana belə lənət deməyib sakit qalmaq daha yaxşıdı.

Görəsən Ğəzzali ömründə bir dəfə də olsun Quranı tam oxumayıbmı? Oxuyubsa Allahın buyurduğu “Cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır.” (Sad, 78) ayəsini görməyibmi? (Bundan əlavə olaraq Qurani-kərimin bir çox ayəsində və Peyğəmbərin hədislərində aşkar şəkildə şeytana lənət oxunur.)

Ğəzzalinin bu yazısını diqqətlə oxuyan şəxs görəcək ki, onun burada çəkdiyi bütün əzab və əziyyət yalnız İmam Huseynin (əleyhissəlam) qatillərini müdafiə etməyə görədir. Yəni burada söhbət əslində sırf Yəzidin şəxsindən və onun müdafiəsindən getmir. Bu yazının ən başlıca səbəbi məhz İmam Huseynin (əleyhissəlam) qatillərini müdafiə etməkdir. Çünki Ğəzzali öz sözünə başlayanda ilk olaraq Yəzidin İmam Huseynin qatili olmamasını (!!!) iddia edir. Daha sonra isə “kim Huseyni həqiqətən kimin öldürdüyünü bilmək istəsə, bunu bilməyə gücü çatmayacaq” sözünü deməklə ümumilikdə İmam Huseynin həqiqi qatilinin tapılmasını qeyri-mümkün bir iş kimi təsvir edir. Görəsən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) əziz nəvəsini (əleyhissəlam) səhranın ortasında bütün qohumları və dostları ilə birlikdə şəhid edənlər kimlər idi? Bəlkə göydən gəlmiş hansısa məxluqlar onları qətlə yetirib?! Bu qədər mühüm və aşkar olan qətlin səbəbkarını tapmaq doğurdanmı Ğəzzalinin iddia etdiyi kimi insanın gücü çatmayan bir işdir? Yoxsa Ğəzzalini burada gülünc bir iddia səsləndirməyə həmin qatillərə bəslədiyi sevgi sövq edib?

Ğəzzali bu gülünc iddiası ilə söhbəti yekunlaşdırmır. İmam Huseynin (əleyhissəlam) qatillərini müdafiə etməyə davam edir. Çünki özü də bilir ki, hər bir şəxs – onun yalanlarına uymuş şəxslər istisna olmaqla – bir balaca axtarış aparsa, İmam Huseynin (əleyhissəlam) qatillərini asanlıqla tapacaq. Buna görə də Ğəzzali yenə İmam Huseynin (əleyhissəlam) qatillərindən difa etmək üçün öz qələmini işə salır. O, İmam Huseynin (əleyhissəlam) qatillərinin küfr etmədiklərini (!!!) sadəcə adi bir günah iş yerinə yetirdiklərini iddia edir(?!). Halbuki İmam Huseyni (əleyhissəlam) öldürmək insanın kafir olmasına səbəb olur. Birincisi ona görə ki, İmam Huseyn (əleyhissəlam) haqqında Qurani-kərimdə onlarla ayə var. Onu öldürən şəxs bir başa Quranı inkar etmiş olur. Bu da küfrə səbəb olur. İkincisi, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) imam Huseyn (əleyhissəlam) barədə mütəvatir hədisləri var idi və Peyğəmbərin(sallallahu əleyhi və alihi və səlləm) vəfatından 50 il keçmişdi. Bu hədislərdən insanlar xəbərdar idi. İmam Huseyni (əleyhissəlam)  öldürmək bir başa Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözlərini və özünü inkar etməyə gətirib çıxarırdı. Bu işin küfr olmasında isə heç bir müsəlman şəkk edə bilməz.

Ğəzzali bu cür çoxlu mənasız iddialar ortaya qoyur. Sonda isə ən maraqlı bir məqama toxunaraq deyir ki, “məlun (lənətlənmiş) Allahın rəhmətindən uzaq düşmüş şəxsdir. Bu da (Allahın rəhmətindən uzaq düşməklik) kafir halda ölən şəxsdən başqa heç kim haqqında bilinməz. Çünki bu (kafir halda ölmüş şəxsin Allahın rəhmətindən uzaq olması) şəriətlə bilinir.” Görəsən Ğəzzalinin qəbul etdiyi şəriətdə cənnət cavanlarının ağasını qətlə yetirən şəxsin Allahın rəhmətindən uzaq düşməsi bilinmirmi? Əgər bilinmirsə, bu Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) gətirdiyi şəriətdir? Yoxsa Ğəzzaliyə vəhy edilən şəriət? Təbii ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) gətirdiyi şəriətdə İmam Huseynin (əleyhissəlam) qatillərinin Allahın rəhmətindən uzaq olması gün kimi aydın bir məsələdir...

Bu, müxaliflərin “imam” adlandırdıqları Əbu-hamid Muhəmməd ibn Muhəmməd əl-Ğəzzalinin sözləri idi. Bu sözlərin hər birinə daha geniş cavab vermək olar. Lakin fikrimcə buna ehtiyac yoxdur. Elə Kərbəla hadisəsindən, İmam Huseyndən (əleyhissəlam) və Yeziddən bir balaca xəbərdar olan hər bir şəxsə bu sözlərin cavabı məlumdur...

Xülasə olaraq desək Ğəzzalinin burada İmam Huseynə (əleyhissəlam)  , yoxsa Yəzidə tərəfdar çıxması məlum olur...

Şeyx Fəqan

Besiret.az

Рейтинг

В этом разделе