İmam Huseynin (əleyhissalam) mübarək başının nizənin ucunda Quran oxuması məsələsini həm şiə, həm də sünni alimləri müxtəlif sənədlərlə nəql etmişlər. Onların bəzisini əziz oxuculara təqdim edirik:
Şeyx Mufid (rəhiməhullah) özünün “Əl-İrşad” əsərində yazır: “Zeyd ibn Ərqəm belə deyir ki, İmam Huseynin başı nizədə olan zaman mənim yanımdan aparılırdı. Bu zaman mən öz otağımda oturmuşdum. Onun mübarək başının bu ayəni oxuduğunu gördüm: Yoxsa sən mağara və Rəqim əhlinin hadisələrinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? (Kəhf surəsi, ayə 9). Bu zaman qorxudan mənim tüklərim biz-biz oldu və qışqırdım: Allaha and olsun ki, sənin başının nizədə Quran oxuması daha qəribə və daha təəccüblüdür.”[1]
Mərhum Muhəmməd ibn Süleyman Kufi yazır: “Əbu Əhməd belə nəql edir: Allaha and olsun ki, Huseyn ibn Əlinin başını nizədə bu ayəni oxuyan halda gördüm: “Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” Bu zaman bir kişi belə dedi: Ey Allah Rəsulunun övladı, sənin başının Quran oxuması daha qəribədir.”[2]
İbn Həmzə Tusi yazır: “Minhal ibn Əmrdən belə nəql olunur: Huseyn ibn Əlinin kəsilmiş başı Dəməşqə daxil ediləndə gördüm ki, bir nəfər kişi onun önündə Kəhf surəsini oxuyur. Həmin kişi bu ayəyə çatdıqda “Yoxsa sən mağara və Rəqim əhlinin hadisəsini möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?”, Allah İmamın kəsilmiş başını danışdırdı və o, belə dedi: Kəhf əshabından daha təəccüblüsü mənim qətlim və danışmağımdır.”[3]
Həmçinin yenə də İbn Həmzə Tusi həmin yerdə yazır: “İmam Huseynin başı Dəməşqə daxil ediləndə bir kişi Kəhf surəsini oxuyurdu. Həmin kişi surənin “Yoxsa sən mağara və Rəqim əhlinin hadisəsini möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” ayəsinə çatdıqda, İmamın kəsilmiş başı belə buyurdu: Mənim hadisəm Kəhf və Rəqim əhlinin hadisəsindən də qəribədir.”[4]
Qutbuddin Ravəndi belə yazır: “Minhal ibn Əmrdən belə nəql olunur ki, İmam Huseynin kəsilmiş başı Dəməşqə gətirilən zaman mən də orada idim. Bu zaman gördüm ki, bir kişi İmamın başının önündə Kəhf surəsini oxuyur. Həmin kişi surənin bu yerinə çatdı: “Yoxsa sən mağara və Rəqim əhlinin hadisələrini möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” Bu zaman Allah onun başını gözəl və fəsih bir şəkildə dilə gətirdi və belə dedi: Kəhf əshabından daha qəribəsi mənim qətlim və danışmağımdır.”[5]
İbn Şəhraşub yazır: “Əbu Mixnəf, Şəbidən belə nəql edir: İmam Huseynin başı Kufədə pul dəyişdirilən bir yerdə asılmışdı. Bu zaman baş öskürdü və Kəhf surəsini bu yerə qədər oxudu: “Həqiqətən, onlar öz rəblərinə iman gətirən cavanlar idi. Biz onların hidayətlərini artırdıq.” Elə ki, imamın başı ağacdan asıldı. O, bu ayəni oxudu: “Zülm edən kəslər tezliklə öz qayıdış yerlərinə qayıdacaqlarını biləcəklər.” Həmçinin onun başı Dəməşqdə də danışdı. O, belə buyurdu: “Allahın güc və qüdrətindən başqa güc və qüdrət yoxdur.” Bundan sonra bu ayəni oxuduğu eşidildi: “Yoxsa sən mağara və Rəqim əhlinin hadisəsini möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” Bu zaman bir kişi belə dedi: Ey Allah Rəsulunun övladı, ondan da qəribə olan sənin başının danışmasıdır.”[6]
Əli ibn Yunis Amuli yazır: “Bir kişi Dəməşqdə İmam Huseynin kəsilmiş başının yanında bu ayəni oxudu: “Yoxa sən mağara və Rəqim əhlinin hadisəsini möcüzələrimizdən daha qəribəsi olduğunumu güman edirsən?” Bu zaman Allah başı ərəb dilində danışdırdı. O belə dedi: Kəhf əhlindən daha təəccüblü mənim qətlim və kəsilmiş başımın gəzdirilməyidir.”[7]
Seyid Haşim Bəhrani belə yazır: “Bəni-Xuzeymə qapısının yanında imamın başı uzun bir nicənin ucunda idi. Bu zaman baş Kəhf surəsini oxumağa başladı. O, surənin bu yerinə çatdı: “Yoxsa sən mağara və Rəqim əhlinin hadisələrinin möcüzələrimizdən ən qəribəsi olduunumu güman edirsən?” Bu zaman Səhl adında bir kişi belə dedi: Allaha and olsun ki, həqiqətən onun qiraəti hər bir şeydən daha qəribədir.”[8]
Mərhum Əllamə Məclisi öz “Biharul-Ənvar” kitabında bir babı bu mətləbə məxsus etmişdir.[9]
Bura qədər qeyd etdiyimiz rəvayətlər şiə mənbələrindən idi. Qeyd etdiyimiz kimi bu ecazkar hadisəni Əhli-Sünnə alimlərindən də zikr edənlər var:
İbn Əsakir belə yazır: “Əl Əməş və Kuheyl belə rəvayət edirlər ki, Huseyn ibn Əlinin başını nizənin üstündə belə buyuran halda gördüm: Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir. (Bəqərə surəsi, ayə 137)”[10]
Həmçinin İbn Əsakir həmin kitabın başqa bir yerində belə yazır: “Minhal ibn Əmrdən belə nəql olunur ki, Huseyn ibn Əlinin başı Dəməşqə gətirilən zaman mən orada idim. Gördüm ki, başın önündə bir kişi Kəhf surəsini oxuyur. O, bu ayəyə çatdıqda “Yoxsa sən mağara və Rəqim əhlinin hadisəsinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” Allah başı dilə gətirdi və belə buyurdu: Əshabi Kəhfdən daha qəribə mənim qətlim və kəsilmiş başımın gəzdirilməyidir.”[11]
Beləliklə, bu barədə mövcud olan çoxsaylı mənbələrlə sabit olur ki, İmam Huseynin (əleyhissalam) kəsilmiş başı nizədə Quran oxumuşdur.
“Həzrət Vəliyyi-Əsr” təhqiqat müəssisəsi.
Tərcümə etdi: Mürtəza Heydəri.
[1] Şeyx Mufid, “Əl-İrşad”, c.2, səh.117,118.
[2] Muhəmməd ibn Suleyman əl-Kufi, “Mənaqibu İmam Əmiril-Muminin”, c.2, səh.267.
[3] İbn Həmzə Tusi, “Əs-Saqib fil-mənaqib”, səh.333.
[4] Həmin mənbə.
[5] Qutbuddin Ravəndi, “Əl-Xəraiv vəl-Cəraih”, c.2, səh.577.
[6] İbn Şəhraşub, “Mənaqibu Ali Əbi Talib”, c.3, səh.218.
[7] Əli ibn Yunis Amuli, “Əs-Siratul-Müstəqim” c.2, səh.179.
[8] Seyid Haşim Bəhrani, “Mədinətul-Məaciz”, c.4, səh.123.
[9] Əllamə Məclisi, “Biharul-Ənvar”, c.45, səh.121.
[10] İbn Əsakir, “Tarixu mədinəti Dəməşq”, c.22, səh.117,118.