»»

Sonuncu Peyğəmbərdən sonra peyğəmbər gələ bilərmi? (Xatəmul Ənbiya)

Tarix boyu həmişə yalançı peyğəmbərlik iddiası olmuşdur. Ancaq xüsusən, Son Peyğəmbərdən sonra peyğəmbərlik iddiasında olanlar həm təəccüb, həm də fərqli mövqeyə malik olurlar. Belə ki, Sonuncu Peyğəmbər gəldikdən sonra, üzərindən yüz illər və ya min ildən artıq vaxt keçməsinə baxmayaraq bir sıra şəxslərin “peyğəmbər lazım olduğu” yadına düşərək, iddialar edir və özlərinə görə müəyyən dəlillər gətirirlər. Xüsusi ilə son bir neçə yüz ildə olan iddiaçılar, Son Peyğəmbər anlayışını qəbul etməyərək, hər zamanda, dövrün tələbinə uyğun yeni peyğəmbərlərin gəlməsinin zəruri olduğunu qeyd edirlər.
Ümumiyyətlə peyğəmbərləri bir neçə  növə bölmək olar.

 

Şəriət gətirən (ilahi qanunlar) peyğəmbərlər-Həzrəti İsa peyğəmbər və Həzrəti Musa peyğəmbər kimi. 
Şəriəti qoruyan və dirçəldən peyğəmbərlər-Bu növ peyğəmbərlərə Sonuncu Peyğəmbərdən başqa demək olar ki, bütün peyğəmbərləri aid etmək olar. 
Sonuncu Peyğəmbər-Bu Peyğəmbər sonuncu olmalıdır, kamil din gətirməlidir və peyğəmbərlərin ən üstünü olmalıdır. Bu növ Peyğəmbər bir şəxsdən ibarətdir. O, Sonuncu Peyğəmbər Həzrəti Muhəmməddir (salam olsun Ona və Ailəsinə).
 
"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" (Əhzab surəsi, ayə 40)        
                       
Burada iddiaçılar tərəfindən ən çox qabardılan mövzu nəbi kəlməsidir. Yəni Həzrəti Muhəmməd (s.a.a.s) sonuncu Nəbidir, ancaq sonuncu Rəsul deyildir. Ona görə də deyirlər; Həzrəti Muhəmməd (s.a.a.s) dan sonra nəbi gələ bilməz, amma rəsul gələ bilər.
 
Allah tərəfindən göndərilənlərin hamısı nəbidir (xəbər alan), rəsullar da (şəriət gətirən)  nəbilərdən olur. Yəni nəbi olmadan rəsul olmaq mümkün deyil. Belə ki, bütün rəsullar eyni zamanda da nəbidir. Deməli nəbilərin sonu olmaqla rəsulların da sonu olmuş olur. Həmçinin son Peyğəmbər anlayışı, son kitab və kamil din deməkdir. Yəni Həzrəti Muhəmməd peyğəmbər (s.a.a.s.) son peyğəmbər olması ilə yanaşı, Qurani-Kərim Allah tərəfindən göndərilmiş son müqəddəs kitab, İslam dini də kamil olmaqla tək dindir. 
 
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim." (Maidə surəsi, ayə 3) 

Deməli, Həzrəti Muhəmməd peyğəmbər (s.a.a.s.) sonuncu nəbi və sonuncu rəsuldur, Qurani-Kərim sonuncu ilahi kitabdır və İslam dini kamil və tək dindir.

İslam dinində məzhəblər arasında bu mövzu ilə əlaqəli heç bir ixtilaf yoxdur. Həmçinin Xristianlıq və Yəhudilikdə də yeni peyğəmbər, yeni din və yeni kitab gözlənilmir.

Nəticədə bütün ilahi kitablara nəzər saldıqda, bütün peyğəmbərlərin xəbərlərinə baxdıqda Sonuncu Peyğəmbərdən sonra bir dinin, kitabın və peyğəmbərin gəlişi əbəsdir və saxtakarlıqdır.

 

Əsrlər boyu İslam Peyğəmbərinin (s.ə.a.s.) sonuncu Peyğəmbər olmasına dair çox sayda şübhələr ortaya atılmışdır və bu mövzu ilə əlaqədar möhtərəm və görkəmli İslam alimləri tərəfindən həmin şübhələrdən də daha çox sayda cavablar təqdim olunmuşdur. Allah Təala tərəfindən nazil olmasında heç bir şəkk-şübhə olmayan və insanlar üçün hidayət mənbəyi olan Qurani-Kərimdə, Əhzab surəsinin 40-cı ayəsində buyurulur:
 
"Muhəmməd (s.ə.a.s.) sizlərdən heç birinin atası deyildir. Lakin (O), Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir. "
 
Bu ayədə “xatəmən-nəbiyyin” kəliməsindən istifadə olunub ki, bilavasitə nəbilərin gəlişinin sonunu bildirir, nəbilərin gəlişinin sonu ilə də rəsulların gəlişinin sonunu bəyan etmiş olur.
Əzəmətinin vəsfində insanları aciz qoyan Allah, Həzrət Rəsulallahın (s.ə.a.s.) son ilahi peyğəmbər olmasını bu həddə açıq və aşkar xəbər verməsinə baxmayaraq tarixin səhifələrinə nəzər yetirən zaman bir qism mənfur fikirli və xəbis niyyətli şəxslərin özünü peyğəmbər elan etməsinin və bununla da insanların həm qəlblərini, həm ağıllarını, həm də axirətlərini bərbad etməsinin şahidi oluruq.
Bu şəxslər iddia etmişlər ki, peyğəmbərlik dayanmamalıdır, çünki zəmanənin tələbi dəyişir və hər yeni zamanda yeni peyğəmbərin gəlişi zəruridir. Bu iddiaları və zahirən xoş görünən sözləri ilə öz azğın fikirlərinə qapı açmış və bir qism insanları haqqın yolundan azdırmağa nail olmuşlar.
 
Allahın izni ilə bu iddiala cavab verəcəyik.
 
Heç şübhə yoxdur ki, bütün varlıq aləmi bir birindən müəyyən göstəricilərə və istedadlara görə fərqlənir. Varlıq aləminin ən ali yaranışı isə sözsüz ki insandır. Buna ən sadə sübut insanın öz ətrafına nəzər etməsi ilə ələ gələn nəticələrdir. Belə ki, ağaclara, dağlara, yağan yağışlara və aləmdə olan digər bütün varlıqlara nəzər yetirsək görərik ki, bir ağacın gövdəsi və budaqları digərindən daha qalın, bir dağ digərindən daha hündür, bir yağış digərindən daha şiddətli və bərəkətlidir. Biz, bu zahirdə olan dəlillərlə kifayətlənib Allahın kitabından misal gətirə bilərik:

"Həqiqətən Biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (miniklərə) mindirdik, onlara müxtəlif paklardan ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan tam üstün etdik.(İsra surəsi, ayə 70.)

Həmçinin, insanların arasında da bu növ bölgünün olduğuna şahidik. Bir şəxs digərindən həm zahiri, həm daxili göstəricilərinə görə fərqlidir. Biri digərindən daha uca boylu və cüssəli, biri isə daha gödək boylu və arıqdır.
İnsanların bir qisminin digərindən üstün olması haqda Qurani-Kərim buyurur:
 
"Həqiqətən Biz İsrail övladlarına kitab, hökm və peyğəmbərlik verdik, onlara pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik ." (Casiyə surəsi, ayə 16)
 
Əgər, diqqət etsək bu fərqliliklər və üstünlüklər hətta peyğəmbərlərin (ə.s.) də arasında mövcuddur. Qurani-Kərim bu barədə belə buyurur:

"Sənin Rəbbin göylərdə və yerdə olan hər kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini bəzisindən üstün etdik və Davuda Zəbur verdik. " (İsra surəsi, ayə 55)

Ayədən də məlum olduğu kimi bəzi peyğəmbərlər digərlərindən müəyyən istedad və göstəricilərə görə daha üstündürlər. 124 000 peyğəmbərin (ə.s.) 313 nəfəri mürsəldirlər və digər peyğəmbərlərdən (ə.s.) daha üstündürlər. 313 nəfər mürsəl peyğəmbərin (ə.s.) isə 5 nəfəri ulul-əzmdir ki, digər mürsəl peyğəmbərlərdən (ə.s.)  daha üstündürlər və bu 5 nəfərdən ən üstünü Xatəmiyyat məqamı ilə şərəfləndirilmiş, Allahın Həbibi,Əziz İslam Peyğəmbəri Muhəmməddir (s.ə.a.s.).
Zahiri göstəricilərin fərqliliyindən daha mühüm üstünlük sözsüz ki, ağıl cəhətdən olan üstünlükdür. İnsanların bəziləri daha dərin dərrakə və uzaq-görənliyə sahibdir. Digərləri nisbətən dayaz düşüncəyə malikdirlər. Cəmiyyət, hər dövrdə daha bilikli və daha ağıllı insanları haqlı olaraq daima üstün tutmuşdur və hər bir çətin zamanda onlara üz tutmuşdur. Bu məqama Allah Təala belə işarə edərək buyurur:
 
"De :  "Məgər bilənlərlə bilməyənlər birdirlər?" Yalnız əsl ağıl sahibləri ibrət götürərlər."(Zumər surəsi, ayə 9)
Bizə məlum oldu ki, varlıq aləminin hər bir üzvü, hətta peyğəmbərlər (ə.s.) belə bir birindən üstünlük baxımından fərqlənirlər və fərqlərin arasında ən üstün fərq ağıl və elm fərqidir. Peyğəmbərlərin (ə.s.) elmi, onlara nazil olan müqəddəs kitabın əhatəsi və verilən məqama görə dəyişir.
Allah Təala, Kəlimullah olan və Allahla səs vasitəsi ilə danışmaq şərəfinə nail olan Həzrəti Musanın (ə.s.) kitabı və biliyi haqda buyurur:
"Və onun üçün löhvlərdə hər bir mövzu barəsində nəsihət və hər bir şey üçün ətraflı şərh yazdıq ... " (Əraf surəsi, ayə 145)
Bu ayədə Allah Təala “min” ədatından istifadə edib ki, bu ədatın mənalarından biri də “təbiziyyədir”. Təbiziyyə ədatı hər hansısa bir şeyin müəyyən bir qismini bildirir. Azərbaycan dilində təbiziyyə ədatı “dan/dən” şəkilçisinin verdiyi mənanı bildirir. Məsələn : kitabdan bir vərəq.
Ayədən məlum olur ki, Tövratın əhatəsi və həmçinin Tövrat sahibi olan Həzrəti Musanın (ə.s.) elminin əhatəsi ayədə qeyd olunan “...nəsihətdən bir qism...” qədərdir.
Bundan əlavə, Allah Təalanın bizə Öz nişanəsi kimi tanıtdırdığı Həzrəti İsanın (ə.s.) elminin əhatəsi barədə Həzrəti İsanın (ə.s.) dilindən belə buyurur:
 
"İsa aydın dəlillər gətirən zaman dedi : ”Mən sizin üçün hikmət gətirdim ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım ... " (Zuxruf surəsi, ayə 63)
 
Ayədən məlum olduğu kimi Hz. İsa (ə.s.) da Hz. Musa (ə.s.) kimi yalnız bəzi məsələlərin açıqlamasını bilirdi və yalnız müəyyən məsələləri öz elmi ilə əhatə etmişdir. Bəs, görəsən Allahın Həbibi və Əzizi olan İslam Peyğəmbəri Həzrəti Muhəmmədə (s.ə.a.s.) nazil olan müqəddəs Qurani-Kərimin və Həzrəti Rəsulallahın (s.ə.a.s.) elminin əhatəsi nə qədərdir? Allah Təala bunu belə bəyan edir:
 
"Və o gün ki, hər bir ümmətdə onlara özlərindən şahid gətirəcəyik və səni (də) bu ümmətə şahid gətirəcəyik. Və hər bir şeyin dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan – başa hidayət, rəhmət və müjdə olan bu kitabı sənə nazil etdik." (Nəhl surəsi, ayə 89)
 
Bu ayədən çıxan nəticə ayənin zahirindən məlum olduğu kimi Həzrəti Rəsulallahın (s.ə.a.s.) elmi və Qurani-Kərimin əhatəsi hər bir məsələyə aiddir ki, hər şeyi təfsilatı ilə bəyan etmək üçün kifayətdir. Bütün sadalanan məqamları toplasaq belə bir nəticə əldə etmiş oluruq ki, İslam Peyğəmbəri Həzrəti Muhəmməd (s.ə.a.s.) bütün ilahi peyğəmbərlərdən (ə.s.) və ümumiyyətlə gəlmiş və gələcək olan bütün bəşər övladlarından ən üstünü və ən elmlişidir. İndi, əgər Həzrəti Rəsulallah (s.ə.a.s.) bütün yaradılmışlardan üstündürsə və O mübarək şəxsə nazil olan Qurani-Kərim də bütün səmavi kitablardan daha üstündürsə, yeni bir peyğəmbər necə gələ bilər və nə gətirə bilər?!

Demək ki, Həzrəti Rəsulallahdan (s.ə.a.s.) sonra peyğəmbərlik iddiası edən hər bir şəxs yalançı, Qurani-Kərimdən sonra səmavi kitab olduğu iddia olunan hər bir kitab isə batildir. Bu iddiada olan hər bir şəxs İblis (l.) tərəfindən göndərilən peyğəmbərdir, kitabı isə İblisin (l.) vəhyidir.

Allah Təaladan acizanə istəyirik ki, bizləri haqqın yolundan azmağa qoymasın və İblisin (l.) şərindən bizi amanda saxlasın!
 
 

Saxta peyğəmbərlik

İlahi mənbələrdən və tarixdən bizə məlumdur ki, ilk insan peyğəmbər olmuşdur. Bu ona nümunədir ki, gərək həmişə insanları ilahi rəhbələr idarə etsin və onları öyrətsinlər. Dünyanın əvvəlindən inidiyənə qədər əgər  insanlar hər hansı bir təkamül prosesi keçmişsə, bunların hamısı peyğəmbərlər tərəfindən bizə öyrədilmişdir. Bu ilahi şəxslər,  nə yeyib, nə geyinməkdən tutmuş ən yüksək elmi bilgiləri əldə etməyə qədər insanları tərbiyələndirməyə çalışmışlar. Buna görə də peyğəmbərlik ən yüksək məqam sayılmış və bir sıra şəxslər də bu məqamı qısqanmışlar. Belə ki, insanların, həm dünyəvi, həm də mənəvi rəhbər olmaq hissi çox cəzbedici görsənmişdir. Nəticədə həm keçmiş zamanda həm də indiki zamanda, zamanın tələbinə görə saxta peyğəmbərlər mövcud olmuşdur. Bu məqam o qədər cəzbedici olmuşdur ki, hətta peyğəmbərlərin zamanında da saxta iddiaçılar olmuş, eyni zamanda Son Peyğəmbər elan olunduqdan sonra da bu iddialar davam etmişdir. Təbii ki, hamını maraqlandıran məqam saxta peyğəmbərlik iddiasında olanları ayırd etməkdir. Peyğəmbərlərin öz zamanlarında bu iddiada olanlar, möcüzələrlə aradan getmiş və iddiaları puç olmuşdur. Ancaq bizi ən çox Son Peyğəmbərdən sonra gələn iddiaçılar düşündürür. Əlbətdə hansı iddiaçı hansı iddiasına görə özünü təqdim edir; bunun geniş və detallı cavabları var (növbəti yazılarıda geniş təqdim ediləcək). Ancaq ümumi, qısa və faydalı cavab verəsi olsaq: Peyğəmbərləri digərlərindən fərqləndirən əsas xüsusiyyət onların ilahi elmə sahib olamalarıdır. Həmçinin Son Peyğəmbər Həzrət Muhəmməd (s) bütün insanlardan üstün və ən elmlidir. Və peyğəmbərlərin sonuncusu olmağı da bununla əlaqədardır. Ona görə Son Peyğəmbərdən sonrakı iddiaçılar öz iddiaların sübut etmək üçün gərək ilahi elmə sahib olmalı və hər şeyi bilməlidirlər. Ancaq indiyinə qədər bu iddiaçılardan heç bri bu iddiada olmamış və bunu sübut etməmişlər.

 

Həqiqi peyğəmbəri yalançı peyğəmbərlik iddiası edəndən necə seçək?

Allah Təala göndərdiyi peyğəmbərlərə (ə.s.) müxtəlif nişanələr vermiş və bu nişanələr sayəsində Onlar, peyğəmbərlik iddiasını isbat etmişlər. Xüsusi İlahi nişanələr peyğəmbərlərlə digər insanları fərqləndirən əsas meyarlardan biridir və iddiaçıların iddiasının sübutu üçün gərəklidir.  Buna misal olaraq Şuəra surəsi, ayə 43-47 ayələrinə baxmaq kifayət edər. Həzrəti Musa Peyğəmbəri (ə.s.) və sehirbazları məlum bir gündə Fironun sarayına topladılar. Həzrəti Musa Peyğəmbər (ə.s.) ilk öncə onlara “nə atacaqsınızsa atın” deyib mübarizəyə çağırdı. Onlar, iplə göz-bağlayıcı ilan görüntüsü göstərdilər. Bunun müqabilində Həzrəti Musa (ə.s.) öz əsasını yerə atdı və əsa onların düzəltdikləri həqiqi olmayan şeyləri uddu. Sehirbazlar bunun həqiqi möcüzə olduğunu dərk edib, Fironun sarayında Həzrəti Musa Peyğəmbərə (ə.s.) iman gətirdilər.

Allah Təala Maidə surəsi 110-cu ayəsində İsa Peyğəmbərə (ə.s.) verdiyi ilahi nişanələri sayır və Onun (ə.s.) peyğəmbərliyinə dəlil olaraq vurğulayır.

Qəmər surəsi 1 və 2-ci ayələrdə isə Muhəmməd Peyğəmbərin (s.ə.a.s.) ayı parçalamasından və bu işin ilahi nişanə olmasını bizə bəyan edir.

Həqiqi peyğəmbərlərin digər xüsusiyyəti isə öz təbliğində qəti olmağı və hətta öz həyatı bahasına baxmayaraq peyğəmbərlik iddasından üz döndərməməsidir. Necəki, İbrahim Peyğəmbər (ə.s.) oda atılmasına baxmayaraq öz təbliğindən əl çəkmədi. (Ənbiya surəsi, ayə 68)

Saxta peyğəmbərlər isə yuxarıda sadalanan ilahi nişanələrdən məhrum və öz təbliğatlarında qorxaq və təkzibkardırlar. Buna misal olaraq son 200 ildə, peyğəmbərlik iddiası edənlərdən Mirzə Hüseyin Əlini göstərmək olar. O, peyğəmbərlik iddiasında olmasına baxmayaraq çətinliyə düşdüyü zaman özünü müsəlman kimi göstərər və iddiasından dönərdi. (Bədii kitabı c.2 səh.142)

 

(c) vedolunmus.com

 

Рейтинг

В этом разделе