»»

Bidətin mənaları və onun əsasları

1. «Bidət»in lüğət baxımından mənası

Lüğətçilər əvvəl olmayıb, ondan əsər-əlamət də olmayan, sonra vücuda gələn hər şeyə bidət deyirlər. Cövhəri yazır:

البدعه: إنشاء الشيء لا على مثال سابق، واختراعه وابتكاره بعد أن لم يكن.

Bidət əvvəl olmayan bir şeyi icad etmək və nümunəsi olmayan bir şeyə təşəbbüs göstərib onu ixtira etməkdir.

əl-Cövhəri, Sihah əl-lüğəh, c. 3, s. 113

Qəti şəkildə demək olar ki, ayə və rəvayətlərdə bu mənada bidət haram deyildir. Çünki İslam bəşər həyatında yenilikçiliklə müxalif deyildir. Əksinə, bəşər fitrəti ilə müvafiqdir. Belə ki, İslam dini həmişə bəşəri öz fərdi və ictimai həyatında yenilikçilik etməyə sövq etdirir.

Buna görə də ixtiraçıların öz ixtiralarında etdikləri yeniliklər bu tərifə aid olur, lakin nəinki məzəmmət olunmur, əksinə, bəyənilən bir iş hesab olunur.

2. Şiə və əhli-sünnənin nəzərində «bidət»in terminoloji mənası

Lakin şəriət nöqteyi-nəzərindən və alimlərin terminalogiyasında «bidət»in başqa mənası var. Bu məna onun lüğəti mənası ilə fərqlidir. Çünki «bidət» dinə bir şey nisbət verməyə və ya daxil etməyə deyilir. Belə ki, o dini gətirən belə bir şey icad etməmiş və buna razılığı da yoxdur.

«Bidət»in bəhs olunan mənası dinə din adı ilə hər hansı bir şeyi artırıb-azaltmaqdan ibarətdir. Bu lüğəti məna ilə tam fərqli bir mənadır. Rağib İsfahani deyir:

والبدعه في المذهب: إيراد قول لم يستنَّ قائلها وفاعلها فيه بصاحب الشريعه وأماثلها المتقدّمه وأصولها المتقنه.

Dində «bidət» şəriət sahibinə nisbət verilməyən və bunun kimi möhkəm qaydalardan istifadə olunmayan hər danışıq və rəftara deyilir.

Rağib əl-İsfahani, Müfrədat əlfaz əl-Quran, s. 39

İbn Həcər əl-Əsqəlani deyir:

والمُحْدَثات بفتح الدال جمع مُحْدَثَه، والمراد بها: ما أحدث وليس له أصل في الشرع ويسمّى في عرف الشرع بدعه، وما كان له أصل يدلّ عليه الشرع فليس ببدعه.

"..."Muhdəsət" - Əd Dal hərfinin fəthəsiylə - muhdəsə (sonradan ortaya çıxarılmış) sözünün cəmidir. Bununla murad edilən, sonradan ortaya çıxarılan və Şəriətdə bir əsli/dayanağı olmayan şeydir. Şərən bu bidət adlanır. Şəriətin dəlalət etdiyi bir əsli/dayanağı olan şey isə bidət deyildir.

İbn Həcər əl-Əsqəlani, Fəth əl-Bari, c. 13, s. 212

Həmin bu tərifi əl-Əyni öz Səhih Buxariyə yazdığı şərhində , Mübarəkfovri özünün Səhih Tirmiziyə yazdığı şərhində , Əzimabadi özünün Sünən Əbu Davuda yazdığı şərhində və İbn Rəcəb Hənbəli Cami əl-ulum kitabında qeyd etmişdir.

Şiələrin məşhur fəqih və mütəkəllimi olan Seyyid Mürtəza «bidət»in tərifi haqqında yazır:

البدعه زياده في الدين أو نقصان منه، من إسناد إلى الدين.

«Bidət» dinə nisbət verərək ona bir şey artırıb-azaldılmağa deyilir.

Rəsail Şərif Mürtəza, c. 2, s. 264, Dar əl-Quran əl-Kərim nəşriyyatı, Qum

Tureyhi deyir:

البدعه: الحدث في الدين، وما ليس له أصل في كتابٍ ولا سنّه، وإنّما سُمّيَتْ بدعه؛ لأنّ قائلَها ابتدعها هو نفسه

«Bidət» dində əsası Quran və Sünnədə olmayan yeniliyə deyilir. Buna ona görə bidət deyilir ki, bidəti edən onu ibda (icad) etmişdir.

Məcmə əl-Bəhreyn, c. 1, s. 163, Maddə bidə

Buna əsasən, bidətin lüğəti mənası şəri mənasından daha genişdir.

3. «Bidət»in rüknləri

Yuxarıda deyilənləri nəzərə alsaq, bidət iki əsas rüknə bölünür:

a. Dindən istifadə etmək

Bidət edən dindən istifadə edərək bir şərtlə dinə bir şey əlavə edir və ya dindən bir şeyi azaldır ki, onu Allaha və Peyğəmbərə (s) nisbət verir. Lakin bəzi yeniliklər insanın yenilikçilik istəyi ilə müvafiq olarsa, bidət hesab olunmur. Məsələn, futbol, basketbol oyunları kimi.

b. Kitab və sünnədə əsası olmayan şeylər

Bidətin terminoloji tərifinə nəzər salsaq, o iş bidət hesab olunur ki, onun İslam mənbələrində ya xüsusi formada, ya da ümumi formada dəlili olmasın.

Lakin kitab və sünnədə ümumi formada istinbat olunmağa qabiliyyəti olan, İslam dinində və digər asimani dinlərdə mövcud olan, bəşər fitrəti ilə münasib olan bəzi işlər bidət sayılmır.

4. Vəhhabilərin «bidət»in mənası barəsində azğınlıqlarının kökü

«Bidət»in lüğəti və terminoloji mənasından və onun rüknlərindən aydın oldu ki, bidəti bir şəxsə və ya bir qrupa nisbət vermək, vəhhabilərin hər hansı bir yeniliyi bidətə yapışdırmaları kimi sadə bir məsələ deyil. Halbuki bunun şərtləri və xüsusi səciyyələri var. Bu şərtlər və xüsusiyyətlər aydınlaşmayınca ona «bidət» demək olmaz.

Lakin bəzilərinin səhv etmələrinə və asanlıqla digərlərini bidət etməkdə ittiham etmələrinə səbəb olan Peyğəmbərdən (s) nəql olunmuş hədisdə olan bu ifadədir:

كلّ بدعه ضلاله.

Bütün bidətlər azğınlıqdır.

Səhih Müslim, c. 3, s. 11; Müsnəd Əhməd, c. 3, s. 310

Lakin bu hədisə əsasən, cəmiyyətdə bütün yeni ortaya çıxan məsələləri bidətin bariz nümunəsi və bu yeniliklərə etiqad bəsləyənləri dindən çıxmış hesab etmək olarmı?

Sualın cavabı mənfidir. Çünki deyildiyi kimi, şarenin (Peyğəmbərin (s)) vəzifəsi nümunəni təyin etmək deyil, hökmü bəyan etməkdir. Ola bilər ki, yeni meydana çıxan bir şey hər hansı bir şəxsin və ya hər hansı bir cəmiyyətin nəzərinə əsasən bidətin nümunəsi sayılsın, lakin başqa bir ideoloji məktəbin nəzərində həmin iş dinin şüarlarından, gözəl sünnələrdən hesab olunsun.

5. Bidətdən xaric olmanın şəri dəlili

Əvvəlki mətləblərdən bu aydın oldu:

Bidət – Allaha və dinə iftira atmaq məsqədilə dinə bir şeyi əlavə etmək və ya artırmaq və onu dinə, Allaha nisbət verməkdir.

Bidəti müəyyən etməyin meyarı aydınlaşandan sonra şəri dəlili mövcud olan mövzular bidətdən xaric olur. Bu şəri dəlili iki qismə bölmək olar:

1. Qurandan və sünnədən onun yerləri, həddi-hüdudları, xırdalıqları barəsində xüsusi dəlilin olması. Məsələn, Qurban və Ramazan bayramını qeyd etmək, Ərafatda və Minada toplanmaq bidət hesab olunmur. Əksinə, Peyğəmbər (s) bu barədə xüsusi göstəriş verdiyi üçün sünnə və onu yerinə yetirmək ilahi əmrə itaət etmək hesab olunur.

2. Yeni meydana gələn şeyə aid olan Qurandan və sünnədən ümumi dəlilin olması. Lakin bu, bir şərtə bağlıdır ki, o yeni meydana gələn şey Peyğəmbərin (s) risaləti dövründə olan bəzi şeylərlə zahiri forma baxımından fərqli olsa da, mahiyyət baxımından eyni olsun. Lakin bu ümumi dəlil hər iki nümunəyə şamil olur və şəri cəhətdən höccət hesab olunur. Məsələn, Allah-Təala buyurur:

وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّه وَ مِنْ رِباطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَ عَدُوَّكُم

Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. (əl-Ənfal, 60)

Müsəlmanlar üçün vacib işlərdən biri də budur ki, kafirlərin hücumuna qarşı həmişə hazırlıqlı olsunlar. Başqa bir məsələ də budur ki, xətər ehtimalı verilən hər nöqtəni bağlamaq və oranı müdafiə etməyə hazır olmaq lazımdır.

Yuxarıdakı ayədə iki dəlil mövcuddur:

1. Xüsusi dəlil: Bu dəlilə əsasən, İslam hökuməti ilahi əmrə tabe olaraq süvari qüvvələr hazırlamalıdır. Bu süvari qüvvələr İslamın əvvəlində olan dövrə aiddir.

2. Ümumi dəlil: Bu dəlilə əsasən isə, İslam hökuməti ayənin hökmünə əməl etmək üçün, lakin Peyğəmbərin (s) dövründə olmayan silahlar, hava, quru, dəniz qüvvələri hazırlamalı, onlara lazım olan bütün silahlarla, texnika ilə onları təchiz etməlidir.

Belə işlərə xüsusi şəri dəlil olmadığına görə onlara göz yummaq olmaz. Başqa sözlə desək, aşağıdakı ayəni misal çəkmək olar.

وَ إِذا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَ أَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُون‏.

Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz. (əl-Əraf, 204)

Bu ayə müsəlmanları Quran oxunan zaman ona qulaq asmağa çağırır. Lakin bu ayənin mövcud nümunəsi Peyğəmbərin (s) zamanında Peyğəmbər (s) məscidində və ya evdə birbaşa Quran tilavət edəndən eşitməkdən ibarətdir. Lakin indiki əsrdə, texnologiyanın inkişaf etdiyi bir dövrdə Peyğəmbərin (s) zamanında olmayan başqa nümunələri də vardır. Məsələn, Quranı televiziyadan, radiodan və başqa vasitələrdən dinləmək bu nümunələrdən hesab olunur. Deməli, bu ayə hər iki yerdə şəri höccət hesab olunur. Biz Qurana bu vasitələrdən qulaq asmağı bidət bəhanəsi ilə və şəri höccətin olmaması ilə tərk edə bilmərik. Nə olsun ki, bu vasitələr Peyğəmbərin (s) zamanında olmamışdır?

Bu barədə minlərlə misal göstərmək olar, lakin biz daha artıq misal çəkmək niyyətində deyilik.

Deməli, ümumi dəlilin mövcudluğu bütün zamanlarda və bütün insanlar üçün şəri höccət hesab olunur.

Buna əsasən, belə yerlərdə düşmənçilik və təəssüblə dolu bir nəzərə yox, mötəbər olan şəri dəlilə əsaslanan nəzərə etimad etmək lazımdır. Çünki ictimai yeniliklərin ortaya çıxması inkişafın səbəbi, cəmiyyətin kamilliyi, insanların Allah və Onun dini ilə daha çox tanışlığı, fəsadların qarşısını almaq amili olmaqla yanaşı, həm də Peyğəmbərin (s) razı qaldığı gözəl sünnələrdəndir.

6. Bütün əşyalar barəsində olan əsas prinsip onun mübah olmasıdır

Bidət mövzusunda ona diqqət ayırmalı olan məsələlərdən biri də mübahlıq prinsipidir. Yəni, Peyğəmbərin (s) onun barəsində qadağası olmayana qədər hər bir şey mübah hökmü daşıyır və onu yerinə yetirmək caizdir.

Bu şəriət qanunu şəriətin bütün hökmlərində hakimdir. Qurani-Kərim Peyğəmbərin (s) vəzifəsini sadalayaraq buyurur ki, Peyğəmbərin (s) vəzifəsi halal olan əməlləri yox, haram olan əməlləri bəyan etməkdir. Burdan da aydın olur ki, bütün əşyalarda və əməllərdə əsas prinsip onların halal olmasıdır. Lakin Peyğəmbər (s) tərəfindən bunların hər hansı birinin qadağan olması istisnadır. Alimlərin vəzifəsi budur ki, bütün gücləri ilə şəriətin xüsusi dəlillərindən istinbat etsinlər. Əgər bu barədə haramlıq hökmü tapmasalar, onun caiz olmasına fətva versinlər. Mübahlıq prinsipi barəsində olan nümunələrdən biri də bu ayədir:

وَ ما لَكُمْ أَلاَّ تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَ قَدْ فَصَّلَ لَكُمْ ما حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَ إِنَّ كَثيراً لَيُضِلُّونَ بِأَهْوائِهِمْ بِغَيْرِ عِلْمٍإِنَّرَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدين

Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz, (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən, sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir. (Əl-Ənam, 119)

Bu ayə bildirmək istəyir ki, bəyan olunmağa ehtiyacı olan məsələlər mübah olanlar deyil, haram olan məsələlərdir. Buna görə də insan şəkk etdiyi məsələlər barəsində onların adını haram olan məsələlərin cədvəlində tapmayana qədər ondan çəkinməsi lazım deyildir.

 

313news.net

Рейтинг

В этом разделе