Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!
Allah-Təalanın seçib göndərdiyi peyğəmbərlərindən (ə) biri də Xanım Məryəmin (ə) oğlu İsa Məsihdir (ə). Allah-Təala İsa peyğəmbəri (ə) möcüzəvi olaraq atasız şəkildə yaratdı. Qurani-Kərimdə bu hadisə açıq şəkildə bildirilir. Həzrət İsanın (ə) yaradılışı Həzrət Adəmin (ə) yaradılışı kimi Allahın qüdrətinin bir təzahürü idi: Allah Həzrət Adəmi (ə) həm atasız, həm anasız yaratdığı kimi, Həzrət İsanı (ə) da atasız yaratdı. Bu möcüzə Allahın iradəsi və hikməti ilə baş verdi və o dövrün insanlarına ilahi qüdrətin bir nişanəsi idi.
نع يبأ ريصب لاق : تلق يبلأ دبع الله (ع ) يلأ ةلع قلخ الله زع لجو مدآ نم ريغ بأ ،مأو قلخو ىسيع (ع ) نم ريغ بأ قلخو رياس سانلا نم ءابلآا ؟تاهملأاو لاقف : ملعيل سانلا مامت هتردق ،اهلامكو اوملعيو هنأ رداق ىلع نأ قلخي اقلخ نم ىثنأ نم ريغ ،ركذ امك وه رداق ىلع نأ هقلخي نم ريغ ركذ لاو ىثنأ هناو زع لجو لعف كلذ ملعيل هنا ىلع لك ئش ريدق
Əbu Bəsir deyir: “İmam Sadiqdən (ə) soruşdum: “Hansı səbəbə görə izzət və cəlal sahibi olan Allah Adəmi (ə) ata-anasız, İsanı (ə) atasız, sair insanları isə atalar və analardan yaratmışdır?”. İmam (ə) buyurdu: “İnsanlar Onun qüdrəti və kamalının tamamını görsünlər (yəni Allahın qüdrətinin necə olduğunu hər şəkildə müşahidə etsinlər). Bilsinlər ki, Allah kişi olmadan qadından məxluq yaratmağa qadirdir, necə ki, onu kişi və qadın olmadan da yaratmağa qüdrəti çatır. Həmçinin izzət və cəlal sahibi olan O, bunu ondan ötrü bu cür etmişdir ki, hər şeyə qadirdir”.
- Şeyx Səduq, “İləluş-Şəraye”, cild 1, bab 12, səhifə 15, hədis 1
Allah-Təala bu barədə Öz kitabında buyurur:
“O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır”.
“O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”.
“(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.
(Ali-İmran surəsi, 45-47)
Həmçinin belə buyrulur:
“Kitabda Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi”.
“Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik. (Cəbrail) ona tam bir insan surətində göründü”.
“(Məryəm) dedi: “Əgər təqvalı birisənsə, səndən Rəhman olan Allaha sığınıram”.
“(Cəbrail) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.
“(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”
“(Mələk )dedi: “Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”.
“(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi”.
“Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”
“(Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı”.
“Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün”.
“(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”
“(Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan”.
“Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”.
“(Məryəm) ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
“(Körpə dil açıb) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi”.
“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi”.
“Həm də (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa və bədbəxt etmədi”.
“Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
“Bu, şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında haqq sözdür!”
(Məryəm surəsi, 16-34)
İmam Baqir (ə) buyurub: “Məryəmə (ə) İsa (ə) ilə müjdə verildi. O, mehrabda olduğu vaxt Ruhul-Əmin (Cəbrail) ona kamil bir insan surətində göründü.
(Məryəm) dedi: “Əgər təqvalı birisənsə, səndən Rəhman olan Allaha sığınıram”. (Cəbrail) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi, 18-19) Sonra onun (Məryəmin) boğazının altına üfürdü və o, İsaya (ə) hamilə qaldı. Az bir müddət keçməmiş onu dünyaya gətirdi. O zaman yer üzündə elə bir ağac yox idi ki, ondan fayda götürülməsin və hər birinin meyvəsi olsun; heç bir ağacın tikanı yox idi. Adəmoğullarından biri ilk dəfə çirkin bir söz söylədikdə isə yer üzü ürpəndi və titrədi və ağaclar tikan verməyə başladı. Həmin gecə İblis gəlib-çıxdı. Ona deyildi: “Bu gecə bir uşaq dünyaya gəlib və yer üzündə olan bütün bütlər üzüstə yıxılıb”. İblis şərqdən qərbə qədər axtardı və onu bir monastır evində tapdı; mələklər onu dairəyə almışdı. Yaxınlaşmaq istəyəndə mələklər qışqırıb dedilər: “Uzaq dur!” İblis soruşdu: “Onun atası kimdir?” (Onlar) Dedilər: “Onun məsəli Adəmin məsəli kimidir”. İblis dedi: “And olsun, onun vasitəsilə insanların beş hissəsindən dördünü azdıracağam”. (Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 14, səhifə 215.)
Rəvayət olunur ki, İblis onun (İsanın) doğulduğu vaxt onu axtarmağa getdi. Onu tapdıqda mələklərin onu dövrəyə alaraq qoruduqlarını gördü. Ona yaxınlaşmaq istədikdə mələklər ona qışqırdılar (onun İsaya yaxınlaşmasına mane oldular). İblis dedi: “Onun atası kimdir?” Mələklər dedilər: “Onun məsəli Adəmin (ə) məsəli kimidir (Allah Adəmi (ə) də atasız yaratdı)”. (İblis) dedi: “Allaha and olsun ki, onunla (onun vasitəsilə) məxluqatın beş hissəsindən dördünü azdıracağam””. (Şeyx Məsudi, “İsbatul-vəsiyyə”, səhifə 80)
İsa peyğəmbər (ə) Allah tərəfindən İsrail övladlarına peyğəmbər olaraq göndərilmişdi. Onun vəzifəsi Tövratın həqiqi hökmlərini təsdiq etmək, təhrifləri aradan qaldırmaq və insanları tək Allaha ibadətə yönləndirmək idi. O dövrdə çoxu dünyapərəst, sərt və hakimiyyətə bağlanmış yəhudi alimləri İsa peyğəmbərin (ə) bu dəvətini qəbul etmədilər. Onlar onun Allahın izni ilə möcüzlər göstərməsinə, cüzam xəstələrini sağaltmasına, ölüləri diriltməsinə, gildən canlı quş yaratmasına baxmayaraq onu inkar etdilər, yalançı adlandırdılar və ardıcıllarını qorxutmağa başladılar.
“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)
Ən sonda İsa peyğəmbəri (ə) öldürmək üçün plan quruldu. Lakin Allah İsa peyğəmbəri (s) onların tələsindən qorudu və onu özü dərgahına qaldırdı. Ona bənzər birinin öldürülməsi ilə camaat aldadıldı, insanlar Həzrət İsanın (ə) öldürüldüyünü sandılar, amma Allah buyurdu ki, onlar nə onu öldürdülər, nə də çarmıxa çəkdilər. Allah onu öz yanına qaldırdı və bu, ilahi bir rəhmət idi. Belə ki, Allah-Təala Öz kitabında buyurur:
“Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər”.
“Əksinə, Allah onu (İsanı) Özünə (Öz dərgahına) qaldırmışdır. Allah yenilməz qüvvət və hikmət sahibidir”. (Nisa surəsi, 157 və 158)
Humran ibn Əyun İmam Baqirdən (ə) belə nəql edir: “İsa (ə) öz səhabələrinə Allahın onu gecə ikən Öz dərgahına qaldıracağını vəd etdi, onlar da axşamçağı onun yanında toplaşdılar. Onların sayı on iki nəfər idi. Onları evə daxil etdi, sonra isə özü evin küncündəki bir çeşmə tərəfdən onların yanına daxil oldu. O, başını su ilə yudu və belə buyurdu: “Allah-Təala mənə vəhy etdi ki, elə indicə məni Özünə tərəf qaldıracaq və yəhudilərdən pak edəcək. Odur ki, sizdən hansı biriniz mənim surətimə düşüb çarmıxa çəkilməklə qətlə yetirilməsini və dərəcəmdə mənimlə bir yerdə olmaq istəyir?” Bu zaman onların arasından bir cavan oğlan dedi: “Ey Ruhullah, mənnistəyirəm”. İsa (ə) buyurdu: “Bəli, o kəs sənsən”. Sonra İsa (ə) onlara belə buyurdu: “Bilin ki, sizdən biri on iki dəfə mənə küfr edəcək”. Onlardan biri dedi: “Ey Allahın peyğəmbəri, mənəm o kəs”. İsa (ə) buyurdu: “Əgər onu özündə hiss edirsənsə, elə də olsun”. Sonra İsa (ə) onlara belə buyurdu: “Bilin ki, siz məndən sonra üç firqəyə bölünəcəksiniz. İki firqə Allaha qarşı çıxaraq Cəhənnəmə gedəcək, bir firqə isə Allaha sadiq olmaqla Şəmuna tabe olub Cənnətə gedəcək”. Sonra Allah-taala İsanı (ə) evin (elə həmin) küncündən Öz dərgahına qaldırdı, onlar da bu hala tamaşa etdilər”. Sonra İmam Baqir (ə) belə buyurdu: “Elə həmin gecə yəhudilər İsanın (ə) ardınca gəldilər. Onlar İsanın (ə) “Bilin ki, sizdən biri səhər açılmadan öncə on iki dəfə mənə küfr edəcək” – deyə buyurduğu kəsi və İsanın (ə) surətinə düşən həmin o cavan oğlanı götürüb apardılar. Beləliklə, cavan oğlan çarmığa çəkildi və öldürüldü, İsanın “Bilin ki, sizdən biri səhər açılmadan öncə on iki dəfə mənə küfr edəcək” – deyə buyurduğu kəs isə ona (on iki dəfə) küfr etdi”. (Şeyx Əli ibn İbrahim Qummi, “Təfsirul-Qummi”, cild 1, səhifə 103)
İsa peyğəmbərin (ə) qeybə çəkilmədindən sonra tarixdə Paul (və ya Pavlus) adı ilə tanınan yəhudi (“Paul dedi: “Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver”. (İncil; Həvarilərin işləri, 21:39)) bir şəxs meydana çıxdı. O, əvvəllər Həzrət İsanın (ə) ardıcıllarına qarşı çıxan, hətta onlara təzyiq göstərən biri idi.(“Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı”. (İncil; Həvarilərin işləri, 8:3))
Qeyd: İncildə adı çəkilən “Şaul” Paulun ibranicə adıdır. “Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib dedi: “Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi?” (İncil; Həvarilərin işləri, 13: 8-9-19)
Sonralar isə özünün guya “möcüzəli şəkildə iman gətirdiyini” iddia edərək, Həzrət İsanın (ə) dinini təbliğ etməyə başladığını söylədi. İddia etdi ki, guya yol gedərkən qəfil bir nur onu bürüyür və yerə yıxılan kimi bir səs eşidir. Səs ona adını çağıraraq soruşur ki, niyə Məsihi təqib edir. Paul qorxu içində kimlə danışdığını soruşanda cavab gəlir: “Mən İsa — sən təqib etdiyinəm”. Ona ayağa qalxıb göstəriləcək yola girməsi əmr edilir. Bu hadisədən sonra Paul iddia edir ki, guya Həzrət İsa (ə) ona birbaşa görünüb və onu xidmətinə çağırıb; onu yəhudilərdən və bütpərəstlərdən qoruyacağını, yeni təbliğat üçün xalqların yanına göndərdiyini bildirir. Paul da bu görüşü öz elçi təyin olunmasının əsası kimi göstərərək yazır ki, mənim çağırılışım insanlardan deyil, birbaşa İsa Məsihin vəhyindən gəlir. Bu hadisədən sonra o, özünü Məsihin seçdiyi və göndərdiyi elçi kimi təqdim etməyə başlayır.(Paul deyir: “Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm. Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”. Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim. Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”. (İncil; Həvarilərin işləri, 26:13-18)) Beləcə o, İsa peyğəmbərin (ə) gətirdiyi tövhid və şəriətə uyğun olmayan yeni düşüncələr ortaya çıxardı. İsa peyğəmbərin (ə) halal və haramlarla bağlı şəriətini ləğv etdi, Tövrat qanunlarını kənara qoydu, Həzrət İsanı (ə) ilahiləşdirən görüşlər yaydı və öz fikirlərini “xristian dininin əsası” kimi təqdim etməyə başladı.
Daha sonra tərtib olunan indiki İncil kitabları da bu prosesdən təsirləndi. İndiki dörd İncilin heç biri Həzrət İsanın (ə) sağlığında yazılmamışdır. (“Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim”. (İncil; Luka, 1:2-3) Göründüyü kimi, Luka özü hadisələrin şahidi olmadığını və bunları sonrakı rəvayətlərdən toplayaraq yazdığını bildirir, bu da İncilin Həzrət İsanın (ə) sağlığında yazılmadığını göstərir.) Onların tərkibinə Paulun çoxlu məktubları da daxil edildi. Bu məktublar Həzrət İsanın (ə) deyil, Paulun öz fikirləridir, amma xristianlar onları da “vəhy” kimi qəbul edirlər. Xristianlıqda bugünkü “İsa Allahın oğludur”, (Paul deyir: “Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram”. (İncil; Qalatiyalılara, 2:20)) “İsa özü ilahidir”, “İsa insanları günahdan qurtarmaq üçün özünü fəda etdi” kimi batil fikirlər məhz Paulun təbliğ etdiyi görüşlərdən qaynaqlanır. (Paul Qalatiyalılara məktubunda belə deyir: “Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan və mənimlə olan bütün qardaşlardan Qalatiyadaa olan imanlı cəmiyyətlərə salam! Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın”. (İncil; Qalatiyalılara, 1:1-4)) Halbuki Həzrət İsa (ə) özü “Ey İsrail övladları, Rəbbiniz və Rəbbim olan Allaha ibadət edin” deyirdi və heç vaxt ilah olduğunu iddia etməmişdi. (İrəlidə bunun dəlillərini təqdim edəcəyik)
Beləcə, zaman keçdikcə Paulun təlimi geniş yayıldı və İsa peyğəmbərin (ə) saf tövhid dini əsas etibarilə dəyişdirildi. İndi xristianların böyük əksəriyyəti Həzrət İsanı (ə) Allahın oğlu, hətta Allah kimi qəbul edirlər. Amma İslam Həzrət İsanın (ə) həqiqi mövqeyini qoruyur. O, ulul-əzm peyğəmbərdir, Allahın möcüzələrlə dəstəklənmiş bir rəsuldur və heç vaxt ilahiləşdirilməmişdir. Allah onu qorudu, göyə qaldırdı və axirəzamanda yenidən yer üzünə qayıdacaq və zəmanənin imamı İmam Mehdiyə (ə.f) iqtida edərək o Həzrətin (ə.f) arxasında namaz qılacaq.
Bunu da qeyd edək ki, Xristianlar Yəhudi Tövratını və digər əvvəlki ilahi kitabları “Əhdi-Ətiq” (yəni, köhnə əhd), İncil kitabını isə “Əhdi Cədid” (yeni əhd) kimi qəbul edirlər.
Xristianlıqda “ata, oğul və müqəddəs ruh” inancının batil olmasının isbatı
Bütün xristian kilsələri üç üqnum inancını təbliğ edirlər. Bu inanca görə guya Tanrı üçlü mahiyyətə malikdir, yəni üç formada mövcuddur: Ata, Oğul və Müqəddəs Ruh.
Xristianlara görə bu üçünün hər biri, bir-birinə bərabər sayılır və hər biri əbədi olaraq qəbul edilir. Xristianlar iddia edirlər ki, bu üçlüyün ikinci üzvü olan oğul Tanrı İsanın (ə) formasında bədənə sahib olmuşdur. Məryəm (ə) İsanı (ə) dünyaya gətirdiyi zaman, Tanrı da guya insanoğlunun formasını almışdır. Beləcə İsanın (ə) iki təbiətə sahib olduğu söylənilir: ilahi və insani. Buna görə də İsanın (ə) həm mütləq Tanrı, həm də mütləq insan olduğuna inanırlar. Lakin Tövrata nəzər saldıqda, bu inancın əsassız və batil olduğu açıq şəkildə görünür.
“Allah insan deyil ki, yalan danışsın, Bəni-adəm deyil ki, fikrini dəyişsin...” (Tövrat; Saylar, 23:19)
Burada Tanrı özü bildirir: “Mən insan deyiləm”. Əgər “İsa Tanrıdır” deyilirsə və insan olaraq yer üzündə olubsa, bu ayəyə ziddir. Çünki, Tövrata görə Allah insanla birləşmir, insana çevrilmir!
İndi isə üçlük inancını İncilin təlimləri ilə müqayisə edək. İncil kitabında Tanrı haqqında belə deyilir:
“Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir”. (İncil; Matta, 24:36)
Yəni burada açıq şəkildə bildirilir ki, son saatla bağlı məlumata yalnız Ata malikdir. Oğul isə bu bilgiyə sahib deyil. Bu da o deməkdir ki, Oğul Tanrı ola bilməz. Çünki Tanrı, tərifə əsasən, hər şeyin bilgisinə malikdir.
“Çünki Allah ürəyimizdən böyükdür və hər şeyi bilir”. (İncil; 1 Yəhya, 3:19)
Əgər İsa Tanrıdırsa, necə ola bilər ki, o, qiyamət gününün saatından xəbərsizdir?!
Bu ayələrdən görürük ki, üçlük inancı İncil kontekstində təməlsiz və göstərir ki, Ata, Oğuldan və məntiqsiz görünür. Çünki Matta 24:36 Müqəddəs Ruhdan daha çox bilgiyə sahibdir.Ayədə keçən “yalnız” sözünün orijinal yunan dilindəki forması “monos” (μόνος) şəklindədir. Bu söz “yalnız” və ya “təkcə” mənasına gəlir. Ayədə bu söz Ataya aid edilmişdir.
Bu isə deməyə əsas verir ki, yalnız Ata son günün saatını bilir. Buradan belə nəticə çıxır ki, nə Oğul, nə də Müqəddəs Ruh bu məlumata malik deyildir. Bu isə üçlük inancının təməlində duran "hər üç varlıq eyni və bərabərdir" düşüncəsini təkzib edir. Çünki ayə, Ata ilə Oğul və Müqəddəs Ruh arasında bilik baxımından fərq olduğunu ortaya qoyur.
Xristian təbliğatçıları isə bu problemi yunan dili üzərindən söz oyunları ilə həll etməyə çalışırlar. Onlar ayənin açıq və birmənalı mənasını inkar edərək iddia edirlər ki, burada sadəcə Oğulun bu bilgidən məhrum olduğu qeyd edilir, Müqəddəs Ruh isə bu bilgiyə sahibdir.
Lakin bu iddia daha böyük bir problem yaradır. Çünki onlar “yalnız” mənasında olan “monos” sözünün burada hərfi şəkildə tərcümə edilməməli olduğunu deyirlər. Halbuki başqa bir ayədə bu söz eyni şəkildə istifadə edilmiş və İsanın Tanrının “yeganə” Oğlu olduğu bildirilmişdir:
“Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi...” (İncil; Yəhya, 3:16)
Bu ayədəki “yeganə” sözü orijinal yunan dilində “monogene” (μονογενῆ) şəklindədir. Bu birləşik sözün ilk hissəsi yenə “monos” (μόνος) – yəni “yalnız” – sözüdür. Matta 24:36-da işlənmiş “monos” ilə eyni kökə malikdir. Yəni hər iki ayədə eyni mənalı söz istifadə olunmuşdur.
Əgər biri deyirsə ki, Matta 24:36-dakı “yalnız” sözü hərfi mənada başa düşülməməlidir, onda bu yanaşmanı Yəhya 3:16-ya da tətbiq etməli və deməlidir ki, İsa Tanrının tək oğlu deyil. Bu isə onları üçlük inancına zidd bir nəticəyə aparır: Ey üçlüyə inanan xristianlar! Tanrının bir neçə oğlu var? Yoxsa Müqəddəs Ruh da qiyamət gününün vaxtından xəbərsizdir?
Hər iki halda nəticə eynidir: Üçlük inancı elə İncilin öz təlimləri ilə ziddiyyət təşkil edir və əsassız qalır.
Həmçinin, İsanın Tanrı olduğu iddiasını təkzib edən digər ayələrə nəzər salaq:
“Rəhbərlərdən biri İsadan soruşdu: “Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur”. (İncil; Luka, 18:18-19)
İsa (ə) "yaxşı"lığı özünə aid etmir, yalnız Allaha aid edir. Əgər o Tanrı olsaydı, bu etirazı etməzdi. Burada İsa (ə) özü deyir ki: “Tək Allahdan başqa yaxşısı yoxdur”.
“İsa cavab verdi: “Ən birincisi budur: “Eşit, ey İsrail! Allahımız Yehovadır. Yehova yeganə Allahdır”. (İncil; Mark, 12:28-29)
İsa (ə) burada "yeganə Allah" olaraq Allahı göstərir, özünü isə bu ifadəyə daxil etmir.
“İlahiyyatçı Ona dedi: “Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur”. (İncil; Mark, 12:32)
İsanın (ə) qarşısındakı şəxs də Allahın yeganəliyini təsdiqləyir və İsa (ə) bunu düz dediyini deyir və ona etiraz etmir.
“İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi”. (İncil; Həvarilərin işləri, 3:13)
Bu ayədə də İsa (ə) "Tanrı" kimi yox, “Allahın qulu” kimi təqdim olunur. Allah onu izzətləndirir, yəni ayrı bir varlıqdır.
“İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: “Ey Atam, mümkündürsə, qoy bu kasak Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun”. (İncil; Matta, 26:39)
İsa (ə) dua edir və öz iradəsini Allahın iradəsinə tabe edir. Allah isə heç kimə dua etməz.
“İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. Oraya çatanda İsa onlara dedi: “Dua edin ki, sınağa düşməyəsiniz”. İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. O belə dedi: “Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanıj Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun”. Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. O, şagirdlərə dedi: “Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz”. (İncil; Luka, 22:39-46)
İsa (ə) qorxu və zəiflik içində dua edir, mələk tərəfindən təsəlli alır. Bu hal Tanrıya deyil, bir insana aiddir.
“İsa yaxınlaşıb onlara dedi: “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir”. (İncil; Matta, 28:18)
Deməli, İsaya (ə) səlahiyyət başqası tərəfindən verilib. Ona həmin qüdrəti verən, ondan daha yüksəkdir. Yəni, İsada (ə) qüdrət olmayıb, onu İsaya (ə) Tanrı vermişdir.
“İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: “Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver”. (İncil; Yəhya, 17:1-5)
Ayədən də göründüyü kimi, İsaya (ə) görə yeganə və həqiqi Tanrı Allahdır. İsa dua edərək açıq şəkildə bildirir ki, O, göndərilmiş bir şəxsdir və məqsədi insanları Allahı tanımağa yönəltməkdir. Burada o, “Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” deməklə özünü Tanrıdan fərqli və Ona tabe bir varlıq kimi təqdim edir.
Əgər İsa özü Tanrı olsaydı, niyə "Səni – yeganə həqiqi Allahı" ifadəsini işlədərdi? Bu cümlə Onun Allahdan ayrı, Allahın elçisi olduğunu göstərir. O, Allahdan aldığı vəzifəni – insanlara əbədi həyatı çatdırmaq missiyasını – yerinə yetirdiyini söyləyir və Allahın onu izzətləndirməsini istəyir. Bütün bunlar açıq şəkildə göstərir ki, İsa Allahın elçisidir, Onun itaətkar bir qulu və peyğəmbəridir, özü Tanrı deyil.
(c) Tm @imamrza_xadimi