»»

QƏDİR-XUM HƏDİSİ BARƏDƏ SÜNNİ VƏ SƏLƏFİ ALİMLƏRİNİN İBN TEYMİYYƏYƏ RƏDDİYƏSİ!

Osman əl-Xəmisin öz məzhəbinin alimlərinin İbn Teymiyyəyə rəddiyyə verdiklərindən xəbəri yoxdur!

Qədir-Xum hədisi səhih, sabit və hər iki hissəsi ilə birlikdə mütəvatir olan bir hədisdir. Hətta Osman əl-Xəmisin yalan olduğunu dediyi bəzi əlavələr belə səhih sənədlərlə nəql olunub. Osman əl-Xəmis hədisin ikinci hissəsinə “səhih deyil”, “İlahi, ona dost olana...” əlavəsinə də “yalandır” hökmünü verərkən, İbn Teymiyyə əl-Hərraninin, onun kimi digər nasibilərin və onların yolu ilə addımlayan başqa şəxslərin yolu ilə gedib. Belə ki, İbn Teymiyyə hədisin birinci hissəsini zəif, ikinci hissəsini isə yalan adlandırıb (“Məcmuul-fətava”: 4/417-418).

Əlbani “Silsilətül-əhadisis-səhihə” kitabında İbn Teymiyyənin sözünü rədd edərək, hədisin birinci hissəsinin mütəvatir, ikinci hissəsinin isə səhih olduğunu sübut edib. Bunun ardınca İbn Teymiyyəni hədisləri qiymətləndirərkən tələskənlik etməkdə, hədisin bütün təriqlərini yığıb gözdən keçirmədən hədisə zəif hökmü verməkdə ittiham edib. Əlbani yazır:

“Məni bu hədis barəsində ətraflı danışmağa və onun səhihliyini bəyan etməyə sövq edən amil bu oldu ki, mən Şeyxül-İslam İbn Teymiyyənin bu hədisin birinci hissəsini zəif hesab etdiyini, ikinci hissəsinin isə yalan olduğunu iddia etdiyini gördüm. Bu, onun mübaliğələrindən biridir. Mənim qənaətimcə, bu iş onun hədislərin təriqlərini toplayıb onları diqqətlicə gözdən keçirmədən onlara zəif hökmü verməyə tələsməsindən qaynaqlanır. Allah yeganə yardımçıdır!” - “Silsilətül-əhadisis-səhihə”: 4/334.

Şeyx Əbu İshaq əl-Hüveyni əl-Əsri isə İbn Teymiyyənin bu hədisi təkzib etməsin hədis elminin qayda-qanunlarına müxalifətçilik hesab etmişdir. Belə ki, yazır:

“Bir qeyd: Gördüyün kimi, “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – hədisi səhih hədisdir. Şeyxul-İslam İbn Teymiyyənin onun yalan olduğunu deməsi hədis qayda-qanunlarına müxalifdir. Ustad Muhəmməd Xəlil Hərras da İbn Xüzeymənin “Tövhid” kitabına (səh.32) yazdığı sətiraltı qeyddə İbn Teymiyyənin bu fikrinə tabe olaraq tam əminliklə belə demişdir (Deyirəm: Bir bu əl-Hərrasa baxın! Görün necə hədisin səhih olmadığını deyib şiələri onu qondarmağda ittiham edir. Halbu ki, daha öncə də qeyd olunduğu kimi, hədis səhih, sabit və mütəvatir bir hədsidir və bir çox əhli-sünnə alimi onun səhihliyinə və mütəvatirliyinə hökm verib. ) : “Hədis səhih deyildir. O, şiələrin uydurmasına bənzəyir”!!! Hafiz əz-Zəhəbi “Siyərü-əlamin nübəla” kitabında (5/415) hədis üçün “hədis heç şübhəsiz ki, sabitdir”, - demişdir. Həmçinin, “Təzkirətül-hüffaz” kitabında (2/713) İbn Cəririn tərcümeyi-halında belə demişdir: “İbn Cərirə Əbu Davudun Qədir-Xum hədisi barədə mənfi danışdığı xəbəri çatınca, “Fadail” kitabını yazır və burada hədisin səhih olması barəsində danışır. Mən İbn Cəririn bu hədisin təriqlərinə dair bir cildlik bir kitabını gördüm. Mən həm kitaba, həm də hədisin çoxlu təriqlərinə baxıb dəhşətə gəldim”...” (“Xəsaisül-imam Əli”: səh.92-nin haşiyəsi. Əbu İshaq əl-Hüveyninin təhqiqi ilə.)

Bəli, İbn Teymiyyə əl-Hərrani bu şərafətli hədisi və İmam Əli (əleyhissəlam) barəsində gəlib çatan bir çox başqa hədisləri təkzib etməklə hədis elminin qaydalarına zidd davranmış, öz məzhəb alimlərinin hədisə hökm verərkən əsaslandıqları prinsipləri ayaqlar altına almışdır. Onun bu hədisə zəif hökmü verməsi onun kor təəssübkeşliyindən və dərin kin-nifrətindən qaynaqlanır. Hətta, İbn Teymiyyə bununla da kifayətlənməmiş, əksinə işi İmam Əlini (əleyhissəlam) təhqir edib alçaltmağa qədər aparıb çıxarmışdır!

İbn Həcər “Lisanül-mizan” kitabında Əllamə Hillinin atasından danışarkən deyir:

“İbn Teymiyyənin Hillinin sözünü zəif çıxarmağa çalışarkən etdiyi nə çox mübaliğələr vardır ki, bu mübaliğələr Əlinin (Allah ondan razı olsun) alçaldılmasına gətirib çıxarıb!” ( “Lisanül-mizan”: 6/319.)

Əllamə Ələvi ibn Tahir əl-Həddad yazır: “ İbn Teymiyyənin “Minhacüs-sünnə” kitabında elm, marrif və dəlil qəlibində Əmirəlmöminin Əliyə, Zəhra əl-Bətula, Həsəneynə və onların övladlarına ünvanlanmış elə söyüş və tənələr var ki, insanın bədəni lərzəyə gəlir, qəlbi tir-tir titrəyir. Nasibilərin və xəvariclərin onun bu kitabına meyl salmaları məhz bu kitabın onların onların havalarını çalmasına və onların istəklərinə uyğun olmasına görədir. Elə isə ondan da, nasibi və xəvariclərdən də uzaq ol” (Onun bu sözünü Şeyx Abdullah əl-Hərəri “əl-Məqalatus-səniyyə fi kəşfi zəlalati-İbn Teymiyyə” kitabında nəql edib: səh.340.)

“İlahi, Əli harada olursa olsun, haqqı onunla birgə qərar ver” cümləsinə gəlincə, bu cümlə də Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əli (əleyhissəlam) barədə buyurduğu kəlamlardandır. Bir çox əhli-sünnə alimi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Qədir-Xum günündə bu sözü buyurduğunu qeyd etmişdir. Əllamə Şeyx Muhəmməd əs-Səbban “Nurul-əbsar” kitabının ardında çap olunan “İsafur-rağibin” kitabında (səh.167) deyir: 

“Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Qədir-Xum günündə buyurub: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, onu sevəni sev, ona nifrət edənə nifrət et, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”. Bu hədisi 30 səhabə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql edib. Onun bir çox təriqləri səhih və həsəndir” (Seyyid Mərəşi ondan nəqlən bunu “İhaqul-haqq” kitabında (6/292), Seyyid Milani də “Nəfəhatul-əzhar” kitabında (7/217) qeyd etmişdir.)

Şeyx Hüsaməddin əl-Mərdi əl-Hənəfi özünün “Alu-Muhəmməd” kitabının 454-cü səhifəsində deyir:

“Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurub: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, onu sevəni sev, ona nifrət edənə nifrət et, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”.” (Seyyid Mərəşinin nəqli, “İhqaqul-haqq”: 21/58)

Şeyx Əllamə Muhəmməd ibn Əli əl-Hənəfi əl-Misri “İthafu-əhlil-İslam” kitabında deyir:

“Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Qədir-Xum günündə dedi: “Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurub: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, onu sevəni sev, ona nifrət edənə nifrət et, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”.” (“İthafu-əhlil-İslam”: səh.67)

Əllamə Seyyid Xacə Mirmuhəmmədi özünün “İlmul-kitab” kitabında 261-ci səhifədə deyir:

“Səhabələrin əksəriyyəti nəql edib ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Qədir-Xumda dayandığı vaxt belə deyib: “Bilirsiniz ki, mən hər bir möminə onun özündən övlayam?” Camaat deyib: “Bəli, bilirik”. Peyğəmbər deyib: “İlahi, mən kimin mövlasıyamsa (kimə onun özündən övlayamsa), Əli də onun mövlasıdır (ona onun özündən övladır). İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, onu sevəni sev, ona nifrət edənə nifrət et, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”. Bundan sonra Ömər Əlinin yanına gəlib deyib: “Xoş halına, ey Əbu Talibin oğlu! Hər bir möminin mövlası oldun”.” (Seyyid Mərəşinin nəqli əsasında, “İhqaqul-haqq”: 6/290)

İbn Əbdü-Rəbbih deyir: “Əli on yaşında ikən müsəlman olub. O, Allahdan başqa ilah olmadığına və Muhəmmədin Onun elçisi olduğuna ilk şəhadət verən kəsdir. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onun barəsində belə buyurub: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”...” (Seyyid Mərəşinin nəqli əsasında, “İhqaqul-haqq”: 6/290)

Əbdül-Məlik əş-Şafei əl-Asimi əl-Məkki deyir: “Təbərani Qədir-Xum hədisini səhih sənədlə belə nəql edib: Peyğəmbər Zil hiccə ayının 8-də vida həccindən qayıdan zaman Qədir-Xumda, ağacların altında xütbə etdi. Həmin vaxt zöhr namazı qılındıqdan sonra ağacların altı (tikanlardan) təmizləndi, Peyğəmbər də xütbə edib dedi: “Ey camaat! Hər şeydən incəliyinə qədər xəbərdar olan Allah mənə xəbər verib ki, hər bir peyğəmbər özündən öncəki peyğəmbərin yaşadığı müddətin yarısı qədər yaşayıb. Mən çağrılmağıma və çağırışa cavab verməyimə az qaldığını düşünürəm. Həqiqətən də mən məsulam, siz də məsulsunuz. Elə isə nə deyirsiniz?” Camaat dedi: “Biz sənin (Rəbbinin göstərişlərini) çatdırdığına, cihad etdiyinə və nəsihət verdiyinə şəhadət veririk”. Peyğəmbər dedi: “Bəs şəhadət verirsinizmi ki, Allahdan başqa ilah yoxdur, Muhəmməd Onun qulu və elçisidir, Cənnət və Cəhənnəm haqqdır, ölüm haqqdır, öldükdən sonra dirilmə haqqdır, qiyamət günü haqqdır; onda heç bir şübhə yoxdur və Allah qəbirlərdə olanı dirildəcək?” Dedilər: “Bəli, şəhadət veririk”. Peyğəmbər dedi: “İlahi, şahid ol”. Sonra dedi: “Ey camaat! Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam. Mən möminlərə onların özlərindən övlayam” – başqa bir hədisdə: “Məgər bilmirsiniz ki, mən möminlərə onların özlərindən övlayam?” Dedilər: “Bilirik”. Bu zaman Peyğəmbər dedi: – “Elə isə mən kimin mövlasıyamsa (kimə onun özündən övlayamsa), bu da – yəni, Əli də – onun mövlasıdır (ona onun özündən övladır). İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”.

Sonra dedi: “Ey camaat! Mən (hovuz başına) sizdən tez çatacağam. Siz də hovuz başında mənim yanıma gələcəksiniz. O, genişliyi Busra və Səna arası məsafə qədər olan bir hovuzdur. Orada səmanın ulduzlarının sayı qədər gümüş qədəhlər vardır. Siz mənim yanıma gəldiyiniz zaman mən sizdən (əmanətlərimə necə davrandığınızı) soruşacağam. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm, baxın görün məndən sonra onlarla necə davranırsınız. Böyük əmanət Allahın kitabıdır. O, bir ucu Allahın, bir ucu da sizin əlinizdə ola bir ipdir. Ondan yapışın, azmayın, (əqidənizi) dəyişməyin. (Digər əmanət isə) itrətim – Əhli Beytimdir. Hər şeydən incəliyinə qədər xəbərdar olan Allah mənə onların hovuz başında mənim yanıma gəlincədəyək əsla bir-birlərindən ayrılmayacaqlarını xəbər verib”.” (“Simtun-nucumil-əvali”: 2/379)

Yenə Asimi deyir: “Bəra ibn Azibdən belə nəql olunur: ”

Bir səfərdə Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ilə birgə idik. Xum çölündə dayandıq. Camaat namazı üçün çağırış edildi. Bir ağacın altını Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) üçün təmizlədilər. Peyğəmbər zöhr namazını qıldı. Sonra Əlinin əlini tutub dedi: “Məgər bilmirsiniz ki, mən möminlərə onların özlərindən daha üstünəm?” Dedilər: “Bəli, bilirik”. Buyurdu:

“İlahi, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, ona kömək edənə kömək et, onu köməksiz qoyanı köməksiz qoy, o harada olursa olsun, haqqı onunla birgə et”.” Əhmədin “Mənaqib” kitabında nəql etdiyi hədisdə “onu sevəni sev, ona nifrət edənə nifrət et” – cümləsini də vardır. Bu hədisi 18-dən çox səhabə nəql edib. Bundan sonra Ömər Əlinin yanına gəlib ona dedi: “Xoş halına, ey Əbu Talibin oğlu! Sən hər bir mömin və möminənin mövlası oldun!” ( “Simtun-nucumil-əvali”: 3/35-36)

Fəxri-Razi öz təfsir kitabında belə deyir: “Kim Əli ibn Əbu Talibin ardınca getsə, hidayət olub. Dəlil də Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) bu sözüdür: “İlahi, Əli harada olursa olsun, haqqı onunla birgə et”.” ( “Təfsirül-Quranil-Əzim” (“Təfsirür-Razi): 1/205.)

 

Şeyx Həsən Abdullah əl-Əcmi , "VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB ", cild 1,

Kitabın yükləmə linki: buradan yüklə

 

 

 

 

Рейтинг

В этом разделе