»»

Şiə mənbələrində peyğəmbərlərin (ə) miras buraxmadıqlarına dair hədislər səhihdir?

İlahi İhsan Zahirin şiə alimlərinin üzərinə hücum çəkərək “Biz miras buraxmarıq, özümüzdən sonra qalanlar sədəqədir” rəvayətinin mətn və məzmun baxımından guya şiə hədis kitablarındakı varlığından xəbərsiz olmaqda ittiham edir.

Deyir: “Siddiqə həsəddən və düşmənçilikdən burada inkar etdiklərini onların öz kitablarında beşinci 188 imamlarının Peyğəmbərdən (s) rəvayət etdiyini bilmirlər...” 189 Ardınca Şeyx Kuleyininin “əl-Kafi” kitabından İmam Əbu Abdullah Sadiqdən (ə) nəql edilən iki rəvayəti qeyd edir. Həmçinin bu rəvayətlərin məzmununu dəstəkləyən daha iki rəvayətin Şeyx Səduq tərəfindən nəql edildiyini iddia edərək deyir: “Bu rəvayətlərdən savayı daha iki rəvayət var ki, onu bu qövmün Səduqu nəql edir. Həmin rəvayətlər qeyd etdiyimiz rəvayəti təsdiqləməkdədir...”190 Ardınca da həmin rəvayətləri qeyd edir.

Məsələnin həqiqətinin tam bəyan olması üçün əvvəlcə Kuleyni və Şeyx Səduqun bu fəsildə qeyd etdikləri rəvayətləri təqdim edəcək, ardınca da onlar barədə deyiləcək sözlərimizi söyləyəcəyik ki, İlahi Zahirin iddialarının batilliyi, həddən artıq zəifliyi aydın olsun. Bu zəiflik elə bir dərəcədədir ki, Əbu Bəkrin söylədiyi rəvayətlə bunların arasındakı fərqin aydın olmasına baxmayaraq, o, bunları bir-birindən ayıra bilməyib.

1. Şeyx Kuleyninin rəvayətində peyğəmbərlərin (ə) miras buraxmadıqlarına dəlalət yoxdur

Şeyx Kuleyni “əl-Kafi” kitabında İmam Sadiqə (ə) istinad olunan rəvayəti nəql edir: İmam (ə) buyurdu: “Peyğəmbər (s) buyurub: “Kim elm əldə edəcək bir yolu izləsə, Allah onun yolunu Cənnətə yönəldər. Mələklər özlərindən razı olmaları üçün elm tələbələrinin qarşına qanadlarını sərərlər. Elm tələbəsi üçün göydə və yerdə olanlar, hətta dənizdəki balıqlar belə istiğfar edərək bağışlanma diləyirlər. Alimin abid üzərindəki üstünlüyü bədrli gecədə ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra dinar-dirhəm deyil, fəqət, elm vəsiyyət edərlər (və ya varisləri təyin edərlər). Kim ondan bir şey götürsə, böyük bir pay əldə etmişdir”. 191

Həmçinin Şeyx Kuleyni İmam Sadiqdən (ə) bu rəvayətin məzmununa yaxın başqa bir rəvayət də nəql edir: “Alimlər peyğəmbərlərin varisləridir. Çünki peyğəmbərlər özlərindən sonra dinar-dirhəm vəsiyyət etməzlər, yalnız hədislərini miras qoyarlar. Kim ondan bir şey götürsə, böyük bir pay əldə etmişdir...” 192

Bu iki rəvayətdə peyğəmbərlərin (ə) mal-mülk irsinin olmadığına heç bir dəlil yoxdur. Rəvayətlər elmin və alimin üstünlüyün bəyan etmək üçün söylənib. Peyğəmbərlər (ə) camaatın miras aparması üçün dirhəm və dinar irs qoymurlar. Məqsədi heç də dünya əhli kimi pul toplamaq deyil. Onların məqsədi və məramı elmdir. Özlərindən sonra alimlər üçün elm və hədislər qoyurlar ki, onlar da təlim yolu ilə bundan irs payı alırlar. Ona görə də rəvayətin sonunda “...Kim ondan bir şey götürsə, böyük bir pay əldə etmişdir...” deyilir. Bu isə onların öz yaxınları üçün yaşayış və məişətlərində zəruri olan mal-mülkün irs qoyulmasını inkar etmir.

“Peyğəmbərlər özlərindən sonra dinar-dirhəm deyil, lakin elm vəsiyyət edərlər (və ya varisləri təyin edərlər)” sözünə gəldikdə, bu, təkvini məsələ ilə bağlı nəqli (xəbəri) cümlədir ki, peyğəmbərlərdən (ə) sonra elmin alimlərə keçdiyini ifadə edir. Bu əmr və ya tələb (inşai) ifadə edən cümlə deyil ki, şəri hökmlərin çıxarılmasında istifadə edilsin. Çünki qanun və hökmlər, məsələn, qəzavət, kəfalət və s. məsələlərdə olduğu kimi yalnız əmr (inşa) cümlələrindən əldə edilməsi mümkündür. Lakin peyğəmbərlərin (ə) özlərindən sonra qoyduqları ən bariz miras olan elm, hədis və fəzilətlərlə zinətlənmək yalnız şəxsi səy və çalışma sayəsində əldə edilir. Bunun barəsində söhbət etdiyimiz miras kimi birindən digərinə ötürülməsi mümkünsüzdür.

Hədisin dinar və dirhəmi kənarda tutaraq yalnız elmi qeyd etməklə kifayətlənməsi əslində həqiqi deyil, izafi (II dərəcəli və məcazi) məsələdir. Çünki peyğəmbərlər (ə) özlərindən sonra yalnız elm və hədis qoymamışlar, zöhd, təqva və s. bu kimi dəyərləri də vəsiyyət etmişlər.

Buna əsasən Şeyx Kuleyninin rəvayətindən alındığı güman edilən məna batil zəndir, bu rəvayətlərin mənaları barədə naşı düşüncədən qaynaqlanır. Bunlardan əlavə, hədislərdəki kəlmə fərqləri də bunu aydın göstərir. Kuleyninin rəvayətində “Ləm yuvarrisu” (miras qoymadılar) feli qeyd edilir. Mənası da budur ki, onlar miras qoya biləcəkləri heç bir mal-mülkə malik deyildilər ki, onu da miras buraxsınlar. Halbuki Buxarinin rəvayətində isə “La nuvarrisu” feli istifadə edilir ki, mənası: (biz kiməsə miras qoymarıq) onların kimisə varis təyin etməyə haqqının olmadığıdır. Bu iki mənanın arasındakı fərq isə aydındır.

Bununla bərabər deyilir: Buxarinin rəvayəti hökmə bənzəyir. Sanki, o Peyğəmbərin (s) mirası ilə bağlı hökmü açıqlayır. Lakin Kuleyninin rəvayəti miras mövzusundan bəhs edir. Sanki, ümumən peyğəmbərlərin (ə) mirası barədə söhbət açır. Bu dairəni genişləndirərək aralarında heç bir qohumluq bağı olmadığı halda alimləri də varislər sırasına əlavə edir. Belə olduqda varislərin siyahısı alimlərlə məhdudlaşmır. Əksinə, onlar digər varislərə əlavə edilirlər, onların isə yalnız elm və hədis miras apardıqları bildirilir.

Bu iki rəvayət elmin fəziləti və alimin məqamı barədə söhbət açır, Peyğəmbər (s) səhabələrinin elm, əxlaq, fəzilət və gözəl rəftar sahibinə çevrilmələri üçün ciddi səy göstərib peyğəmbərlər (ə) kimi elmə, əxlaqa və xoş rəftara sahib olmalarının vacibliyi vurğulanır. Bu xüsusiyyətlərlə onlar peyğəmbərdən (ə) sonra ümmətin islahcısı, kitab və sünnətin təlimçisi ola bilərlər. Nəinki səhabəlik fürsətindən istifadə edərək özləri üçün dünya mal-mülkü toplamağa, məqam və şan-şöhrət axtarmağa üz tutsunlar.

2. Şeyx Səduqun hər iki rəvayəti peyğəmbərlərin (ə) irs məsələsindən uzaqdır

Kuleyninin rəvayətinə bənzər bir digər rəvayəti Şeyx Səduq İbn Əbu Rafinin qızından, o da anasından nəql edir. Orada deyilir: “Fatimə (ə) dedi: “Ey Allahın elçisi, bunlar sənin iki övladındır. Onlara bir şey ver. Peyğəmbər (s) buyurdu: “Həsənə öz heybətimi və başçılıq qabiliyyətimi verdim, Hüseynə isə səxavət və şücaətimi verirəm”. 193

Həmçinin Şeyx Səduq “əl-Xisal” kitabında yenə də İbn Əbu Rafinin qızından nəql edir: “Fatimə (ə) Peyğəmbərin (s) vəfatı ilə nəticələnən xəstəliyi zamanı Həsən və Hüseyni (onlara salam olsun!) onun yanına gətirib dedi: “Ya Peyğəmbər, bunlar sənin iki övladındır. Onlara bir şey vəsiyyət et”. Buyurdu: “Həsənə heybətimi və başçılıq qabiliyyətimi, Hüseynə isə cürət və səxavətimi irs qoyuram”. 194

Bu iki rəvayət “peyğəmbərlərin (ə) maddi mirası” məsələsindən kənardır:

Birinci rəvayət: Məlumdur ki, bu hadisə “miras” məsələsi ilə bağlı deyil. Rəvayətdən yalnız hədiyyədən söhbət gedir. Çünki burada “nəhhilhuma” (onlara bir şey ver) deyilir. Bu isə Xanım Zəhranın (ə) atasından (s) Həsən və Hüseynə hədiyyə verməsini istədiyinə dəlalət edir. Peyğəmbər (s) Həsənə öz heybətini və başçılıq qabiliyyətini, Hüseynə isə səxavət və şücaətini verir.

İkinci rəvayətə gəldikdə, bunu da “miras” məsələsinə şamil etmək mümkün deyil. Belə ki, Xanım Fatimənin (ə) həyatda olduğuna görə nəvələr Həsən və Hüseyn Peyğəmbərin (s) mirasının dairəsində daxil deyillər. Bu səbəbdən də, rəvayət heç də maddi mirasdan bəhs etmir. Xanım Zəhra (ə) atasından övladları üçün sahib olduğu kəramətli xüsusiyyətlərdən verməsini diləyir. Bu rəvayətlər bir daha Xanımın (ə) atası ilə aralarında olan sıx və möhkəm əlaqənin dəlilidir.
Bundan əlavə, miras insan dünyadan köçdükdən sonra bölüşdürülür. Həyatda olan bir şəxsdən miras buraxması istənilməz.

 

188 İlahi Zahir özünü şiə məzhəbinin bilicisi kimi göstərməsinə baxmayaraq, beşinci İmam Muhəmməd Baqirlə (ə) altıncı İmam Cəfər Sadiqi (ə) bir-birindən fərqləndirə bilmir. Məlum olduğu kimi “əl-Kafi”dəki həmin rəvayət İmam Sadiqdən (ə) rəvayət edilir. O isə şiələrin altıncı imamıdır.
189 Şiə və Əhli-Beyt, İhsan İlahi Zahir, s. 85
190 Şiə və Əhli-Beyt, İhsan İlahi Zahir, s. 86
191 əl-Kafi, Şeyx Kuleyni, c. 1, s. 34; əl-Əmali, Şeyx Səduq, s. 116; Səvabul-əmal, Şeyx Səduq, s. 131
192 əl-Kafi, Şeyx Kuleyni, c. 1, s. 32
193 əl-Xisal, Şeyx Səduq, s. 77
194 əl-Xisal, Şeyx Səduq, s. 77

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 2, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе