Osman əl-Xəmis deyir: “Şiələr Abbasa tənə vururlar, Abbasın oğlu Abdullaha tənə vururlar, Həsənin övladlarına tənə vurub “onlar Hüseynin övladlarına həsəd aparırlar”, - deyirlər. Həmçinin, Hüseynin öz aləmlərində “imam” olmayan övladlarına, məsələn Zeyd ibn Əli, Həsən əl-Əskərinin qardaşı İbrahim və başqaları kimi şəxslərə tənə vururlar. Buna görə də, şiələr Peyğəmbərin və onun itrətinin dostları deyillər, Peyğəmbərin və onun itrətinin dostları onları mədh edib öyənlər və onların haqlarını kamil şəkildə onlara verənlərdirlər”. ( “Tarixdən bir an”: səh.204)
Cavab:
Əvvəla: On iki imam şiələri insanları dəyərləndirərkən, onları sevərkən, onları mədh və ya məzəmmət edərkən hiss, duyğu və ya simpatiya əsasında davranmırlar, onlar insanları dəyərləndirərkən məhz həmin şəxslərin İslamın təlim və göstərişlərinə nə dərəcə bağlı olmalarına nəzər salırlar. Əgər onların yanında bir şəxsin müsəlman, mömin, şəriətə sadiq birisi olması sübuta yetərsə, şiələr həmin şəxsə məhəbbət və ehtiram bəsləyərlər, yox əgər sübuta yetməzsə, onda vəziyyət fərqli olar.
Əgər bir şəxs şəriətə bağlı birisi olmasa, onda o şəxsin nəsəbinin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) yetişməsi, həmin şəxsə məhəbbət və ehtiram bəslənməsini vacib etməz. Əhli-sünnə arasında kiminsə bu məsələdə bizimlə müxalifət edəcəyini düşünmürəm. Elə isə fasiqliyi və haqq yoldan azmış olması məşhur olan şəxslərə tənə etmələrinə görə şiələrə irad tutula bilməz.
İkinci: Abbas ibn Əbdül-Müttəlibə (Allah ondan razı olsun) gəlincə, onun barəsində bəzi mənfi məzmun ehtiva edən rəvayətlər gəlsə də, bəzi şiə alimləri bu rəvayətlərə və onlarda gələn mənfi məzmuna fikir verməmiş, əvəzində Abbası tərif etmişlər. Məsələn, Əllamə Hilli (Allah ona rəhmət etsin) Abbası özünün “Xulasətul-əqval” kitabının birinci qismində qeyd etmişdir. (Bu kitabın “birinci qism”ində nəql etdiyi rəvayətlər Əllamənin nəzərində etimadlı olan şəxslərin adları qeyd olunmuşdur.). O, Abbasın tərcümeyi-halında demişdir:
“Abbas ibn Əbdül-Müttəlib: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əmisidir, Peyğəmbəri-Əkrəmin səhabələrinin ağalarından biridir. O, Əlinin (əleyhissəlam) də səhabələrindəndir”. ( “Xulasətul-əqval”: səh.209)
Həmçinin, Seyyid Əli əş-Şəhristani onun və onun oğlu Abdullah ibn Abbasın barəsində demişdir:
“Tarixdə sübuta yetmiş həqiqət budur ki, Abbas ibn Əbdül-Müttəlib və onun oğlu Abdullah bütün vəziyyətlərdə və hallarda Əli ibn Əbu Talibi müdafiə edən, onu qoruyan şəxslərdən olmuşlar. Onların tarixin yaddaşına həkk olunmuş sözləri onların İmam Əli (əleyhissəlam)-ın xilafətinə etiqad bəslədiklərini, hətta Peyğəmbərin Əliyə vəsiyyət etməsini açıq-aşkar qeyd edib vurğuladıqlarını təsdiqləyir. Tarixi mənbələr Abbas ibn Əbdül-Müttəlibin Əbu Bəkrə beyət etməkdən imtina etdiyini, Səqifədə iştirak etmədiyini, əksinə həzrət Əlinin (əleyhissəlam) yanında olub ona yardım etdiyini, Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) dəfn işi ilə məşğul olduğunu nəql etmişdir. Onun Ömərin ölümündən sonrakı “şura” məsələsi zamanındakı mövqeyi bir daha bunu təsdiqləyir. Abdullah ibn Abbas da belədir. O da Əli ibn Əbu Talibi dəstəkləyən, onu müdafiə edən, onun haqqını və fəzilətini təsdiq edən, onun və övladlarının xilafətə hamıdan daha layiq olduqlarına etiqad edən şəxslərdən olmuşdur. Mənbələr İbn Abbasın bu həqiqəti birdən çox yerdə aşkar və ya üstüörtülü şəkildə çatdırdığını nəql etmişdir”. (“Vuduun-Nəbi”: 1/339)
Bir çox şiə alimləri İbn Abbasın tərcümeyi-halını qeyd edərkən onu mədh edib tərifləmiş, onun barəsində gələn mənfi məzmunlu rəvayətləri rədd etmişlər.
Əgər mən bu rəddiyyəni müxtəsər etmək istəməsəydim, şiə alimlərinin bu sözlərini nəql edərdim. Onda möhtərəm oxucu Osman əl-Xəmisin “şiələr Abdullah ibn Abbasa tənə edirlər”, - deyərkən şiələrə necə iftira atdığını görərdilər. Mən burada sadəcə Şeyx Həsən ibn Zeynuddinin və Əllamə Hillinin onun tərcümeyi halında dedikləri sözlərin bir hissəsini nəql etməklə kifayətlənirəm.
Əllamə Şeyx Həsən Zeynuddin demişdir: “Abdullah ibn Abbas – Allah ondan razı olsun: Onun mövlamız Əmirəlmömininə (əleyhissəlam) olan məhəbbəti, ixlası, dostluğu, onu müdafiə etməsi, onun razılığı üçün çalışması və ona arxa-dayaq olması şübhə edilməyəcək məsələlərdəndir”.
Daha sonra onun fəzilət və uca məqam sahibi olması barədə, məqamına xələl gətirəcək şeylərdən uzaq olması barədə, həmçinin onun barəsində gələn mənfi məzmunlu rəvayətlərin zəifliyi barədə uzunca danışmış, bunun ardınca demişdir: “Əgər İbn Abbas kimi birisi barədə min nəqlediləsi (çox güman ki, “nəqlediləsi” sözü ilə zəif olmayan rəvayətlər nəzərdə tutulur) hədis nəql olunsaydı, yenə də ona töhmət vurmaq olmazdı. O ki qala bu cür zəif, batil və əsassız rəvayətlər nəql edilə!” ( “ət-Təhrirut-tavusi”: səh.312-317)
Əllamə Hilli demişdir: “Abdullah ibn Abbas: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) səhabələrindəndir. Həzrət Əlini (əleyhissəlam) sevirdi, onun tələbəsi idi. Onun uca məqamı və Əmirəlmömininə (əleyhissəlam) olan məhəbbəti gizli qalmaycaq qədər məşhurdur. Kəşşi onun barəsində məzəmmət ehtiva edən bir sıra hədislər nəql etmişdir. İbn Abbasın məqamın bundan çox-çox ucadır. Biz “əl-Kəbir” adlı kitabımızda bu rəvayətləri qeyd edib onlara cavab vermişik. Allah ondan razı olsun”. ( “Xulasətul-əqval”: səh.190)
Osman əl-Xəmisin “həmçinin, Hüseynin öz aləmlərində “imam” olmayan övladlarına, məsələn Zeyd ibn Əli, Həsən əl-Əskərinin qardaşı İbrahim və başqaları kimi şəxslərə tənə vururlar” sözünə gəlincə, bu da onun yalanlarından biridir. O yalnız iki şəxsin adını çəkmişdir: Zeyd ibn Əli və İbrahim ibn Həsən əl Əsgəri. Sonra da “və başqaları” sözünü işlətmişdir. Maraqlıdır, görəsən kimdir o “başqaları”? Nə üçün Osman əl-Xəmis onların adlarını çəkib sözünü dəlillə əsaslandırmayıb?!
Həzrət imam Əli ibn Hüseynin oğlu Zeydə gəlincə, Osman əl-Xəmis kitabının haşiyəsində şiələrin onu şərab içməkdə ittiham etdiklərini demişdir. Bunu dedikdən sonra Əllamə Məclisinin (Allah ona rəhmət etsin) “Biharul-ənvar” kitabında nəql etdiyi bir rəvayəti qeyd etmişdir. Rəvayət və onun sənədi belədir:
Həmdəveyh Əyyubdan, o da Hənnan ibn Sudeyrdən nəql edib dedi: “Mən Həsən ibn Hüseynin hüzurunda əyləşmişdim. Bu zaman zeydilərin başçılarından olan Səid ibn Mənsur gəlib dedi: “Nəbiz barədə fikrin nədir? Zeyd bizim yanımızda nəbiz içirdi.” Həsən dedi: “Mən Zeydin məstedici içki içdiyinə inanmıram”. Səid dedi: “Xeyr, içib”. Həsən dedi: “Əgər edibsə, onda bil ki, Zeyd nə peyğəmbərdir, nə də vəsi. O, bəzən yanlış, bəzən də doğru iş görən bir insandır”. (“Biharul-ənvar”: 46/194)
Gördüyünüz kimi Zeydi nəbiz içməkdə ittiham edən şəxs on iki imamçı şiə deyil, zeydilərin başçılarından biridir. Onun sözünün isə heç bir önəmi yoxdur. Çünki barəsində nə siqə olduğu deyilib, nə də ki, mədh gəlib.
Bax, ey hörmətli oxucu! Gör Osman əl-Xəmis kor təəssübkeşlik üzündən şiələrə necə iftira atır. O, on iki imam şiələrinə iftira ataraq onların Zeydi (Allah ondan razı olsun) şərab içməkdə (Allaha pənah) ittiham etdiklərini deyir. Halbuki Zeydi bu işdə ittiham edən şəxs on iki imam şiəsi deyil, başqa məzhəbdən olan birisidir. Həzrət Zeyd belə bir işi etməkdən çox-çox uca, çox-çox təqvalıdır. On iki imam şiələri həzrət Zeyd barədə yaxşılıqdan başqa heç bir şey demirlər. Onlar Zeydə məhəbbət, sevgi, hörmət və ehtiram bəsləyirlər. Şiələrin İmamlarının və alimlərinin sözləri buna şahiddir. Biz burada Əllamə Əmininin “əl-Ğədir” kitabında “Şəhid Zeyd və on iki imam şiələri” başlığı altında dediyi sözləri nəql edirik:
“O, zülm və haqsızlığa qarşı çıxanlardan biridir. Əhli-Beyt (əleyhimussəlam) alimlərinin öndə gedənlərindəndir. Fəzilətlər hər bir tərəfdən onu əhatə etmişdir. Bol elm, böyük təqva, böyük igidlik, çətinliklər zamanı dözüm və s. bu kimi ali keyfiyyətlər sahibidir. Şərafətini Peyğəmbərdən, şanını Əlidən, rəhbərliyini Fatimədən, ruhiyyəsini Hüseyndən almışdır.
Şiələr ilk gündən etibarən onu müqəddəsliklə yad edirlər. Onun etdiyi cihada, zülmə qarşı etiraza, “Ali-Muhəmmədin razılığına” tərəf (orijinalda adətən “ilər-rida min ali-Muhəmməd..” deyə təbir olunan bu cümləni, yaxud tarixi şüarı iki cür başa düşmək olar: 1) Muhəmməd ailəsinin razılığına tərəf; 2) Muhəmməd ailəsindən olan razı qalınmış şəxsə tərəf) dəvət etməsinə haqq qazandırmağı özlərinə borc bilirlər. Bütün bu deyilənlərə şiələrin sənədli şəkildə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) və imamlarından (əleyhimussəlam) nəql etdikləri hədislər, habelə onların alimlərinin sözləri, şairlərinin mədhiyyələri, yazıçılarının kitabları şahidlik edir.
Hədislərə gəlincə, belə hədislərdən biri Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) nəvəsi həzrət Hüseynə buyurduğu bu sözdür:
“Sənin sülbündən Zeyd adlı bir şəxs çıxacaq. (Qiyamət günü) o və onun yoldaşları camaatın arasından (sürətlə) çıxıb hesab-kitabsız Cənnətə daxil olacaqlar”. ( “Uyunu-əxbarir-Riza (əleyhissəlam)”: 25-ci bab, “Kifayətul-əsər”. )
Həmçinin Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “O qiyam edəcək və Kufədə qətlə yetiriləcək. Kinasədə (Kinasə Kufə şəhərində yer adıdır. Hərfi mənada “zir-zibil toplanan yer”, “zibillik” mənasına gəlir) dar ağacından asılacaq. (Dəfn edildikdən sonra) qəbrini qazıb nəşini qəbirdən çıxaracaqlar. Səmanın qapıları onun ruhu üçün açılacaq, səmaların və yerin əhli ona görə şadlanacaqlar”. (“Uyunu-əxbarir-Riza (əleyhissəlam)”)
Əmirəlmöminin (əleyhissəlam) Kufədə onun asıldığı yerdən keçərkən ağlamış, bu zaman onun yoldaşları da ağlamışlar. Onlar sual verib, “Sizi nə ağladan nədir?”, - deyə soruşduqda, Həzrət (əleyhissəlam) buyurmuşdur: “Mənim sülbümdən olan bir kişi burada asılacaq. Kim onun övrətinə baxmağa razı olsa, Allah onu üzü üstə Cəhənnəmə atacaq”. (“əl-Məlahim” (Seyyid İbn Tavus): 31-ci bab)
İmam Baqir (əleyhissəlam) onun barəsində “İlahi, Zeyd vasitəsilə mənim gücümü artır”, - deyə dua etmişdir...
Həmçinin, bir gün Zeyd o Həzrətin yanına gəldiyində Həzrət “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun” (Maidə surəsi, 8-ci ayə) ayəsini tilavət etdi. Sonra buyurdu: “Ey Zeyd, Allaha and olsun ki, sən belə kəslərdənsən”. ( “ər-Raudun-nadir”: 1/55.)
Həmçinin, Sadiq (əleyhissəlam) onun barəsində belə buyurmuşdur: “O, mömin idi, arif idi, alim idi, doğru danışan idi. Məlum olsun, əgər qələbə çalsaydı, vəfa edəcəkdi. Əgər hakimiyyətə gəlsəydi, hakimiyyətlə necə davranacağını biləcəkdi”. (“Ricalul-Kəşşi”: səh.184)
Həzrət Sadiq (əleyhissəlam) onun qətlə yetirilmə xəbərini eşitdiyi zaman belə buyurmuşdur: “Biz Allahdanıq və Ona tərəf qayıdacağıq. Əmimin savabını Allahdan istəyirəm. Həqiqətən də o çox gözəl əmi idi. Mənim əmim həm bizim dünyamız, həm də axirətimiz üçün (çalışan) bir şəxs idi. Allaha and olsun ki, əmim Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm), Əlinin, Həsənin və Hüseynin (əleyhimussəlam) yanında şəhid olan kəslər kimi şəhid olaraq dünyadan köçdü. Allaha and olsun ki, şəhid olaraq dünyadan köçdü”. ( “Uyunu-əxbarir-Rza (əleyhissəlam)”)
Həmçinin, buyurmuşdur: “Həqiqətən də Zeyd alim idi, doğru danışan idi. O sizi özünə tərəf çağırmadı, o sizi məhz Muhəmməd ailəsinin razılığına tərəf çağırdı (Əllamə Məclisi (Allah ona rəhmət etsin) demişdir: “Yəni, bütün Muhəmməd ailəsini razı salacaq işlər görməyə dəvət edirdi, yaxud, Muhəmməd ailəsindən olan seçilmiş və razı qalınmış şəxsə tərəf dəvət edirdi”. (“Miratul-uqul”: 26/285)). Əgər qələbə çalsaydı, sizi çağırdığı şey (mövzusunda əhdinə) vəfa edəcəkdi. O, (ətrafına xeyli sayda adam) toplaşmış bir sultanı aradan aparmaq üçün qiyam etdi...” ( “əl-Kafi”.)
Başqa bir hədisdə buyurmuşdur: “Zeydə ağlayan şəxs Cənnətdə onunla birgə olacaq, ona tənə vuran şəxs isə onun (nahaq tökülən) qanında şərikdir”.
Həmçinin İmam Rza (əleyhissəlam) buyurmuşdur: “O, Muhəmməd ailəsinin alimlərindən idi. Allah üçün qəzəbləndi və Onun düşmənləri ilə cihad etdi”.
Bu mövzuda çoxlu hədislər vardır. Biz yığcam olsun deyə bu qədərini qeyd etdik.
Alimlərin sözlərinə gəlincə, Şeyx Müfidin “əl-İrşad” kitabına, Xəzzar əl Qumminin “Kifayətul-əsər” kitabına, nəsəb alimi əl-Umərinin “əl-Məcdi” kitabına, İbn Davudun “Rical” kitabına, Şəhidi-Əvvəlin “Qəvaid” kitabına, “Məalim” kitabının müəllifinin oğlu Şeyx Muhəmmədin “Şərhul-istibsar” kitabına, Əstərabadinin “Rical” kitabına, İbn Əbu Caminin “Rical” kitabına, Əllamə Məclisinin “Miratul-uqul” kitabına, Mirzə Abdullah İsfahaninin “Riyadul-uləma” kitabına, Şeyx Əbdün-Nəbi əl-Kaziminin “Təkmilətur-rical” kitabına, Şeyx Hürr Amulinin “Xatimətul-vəsail” kitabına, Ayətullah Bəhrul-ulumun babası Seyyid Muhəmmədin “Risalə” əsərinə, Şeyx Əbu Əlinin “Rical” kitabına, şeyximiz Nurinin “Xatimətul-müstədrək” kitabına, şeyximiz Mamaqaninin “Tənqihul məqal” kitabına və digər alimlərin kitablarına müraciət edin. Onlar hamılıqla bir şeyin üzərində - həzrət Zeydin hər növ eyb və ləkədən uzaq olması, onun çağırışının ilahi çağırış olması və cihadının Allah yolunda olması üzərində icma etmişlər.
Bütün şiələrin bu mövzudakı fikrini xülasə şəkildə çatdırmaq istəsək Bəhaul milləti vəddin Amulinin (Bəhaəddin Amulinin) İmam Müntəzər (əleyhissəlam)-ın varlığı ilə bağlı yazdığı risaləsində dediyi aşağıdakı sözləri göstərə bilərik:
“Biz on iki imam şiələri Zeyd ibn Əli barəsində xeyirdən başqa heç nə demirik. Bu mövzuda bizim İmamlarımızdan çoxlu hədislər gəlib çatıb”.
Əllamə Kazimi “Təkmilə” kitabında demişdir: “İslam alimləri Zeydin uca məqamlı, təqvalı və fəzilətli şəxs olması barədə ittifaq ediblər”. ( “əl-Ğədir”: c.3, səh.71)
Bundan sonra Əllamə Əmini (Allah ona rəhmət etsin) şiə şairlərin Zeydi şəhid barədə dedikləri tərif dolu şerlərdən nümunələr qeyd etmişdir. Sonra demişdir:
“Bir sıra şiə alimləri Zeyd barəsində, onun fəzilətləri və nəql etdiyi hədislər barəsində ayrıca əsərlər yazıblar. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:
1-İbrahim ibn Səid ibn Hilal əs-Səqəfi, vəf. 283 h., onun “Əxbaru-Zeyd” adında bir kitabı var.
2-Muhəmməd ibn Zəkəriyya Mövla-Bəni-Ğilab, vəf. 298 h., onun “Əxbaru Zeyd” adında bir kitabı var.
3-Hafiz Əhməd ibn Üqdə, vəf. 333 h., onun “Mən rəva əxbarəz-Zeyd və musnədəhu” adına bir kitabı vardır.
4-Əbdül-Əziz ibn Yəhya əl-Cəludi, vəf. 368 h., onun “Əxbaru-Zeyd” adında kitabı vardır.
5-Muhəmməd ibn Abdullah əş-Şeybani, vəf.372 h., onun “Fadailu-Zeyd” adında bir kitabı vardır.
6-Şeyx Səduq Əbu Cəfər əl-Qummu, vəf.381 h., onun da Zeydin xəbərlərinə dair bir kitabı vardır.
7-“ər-Ricalul-kəbir” kitabının müəllifi Mirzə Muhəmməd əl-Əstərabadi.
8-Seyyid Əbdür-Rəzzaq əl-Muqərrim. Seyyid Əbdür-Rəzzaq dövrümüzün böyük alimlərindəndir. Şiəliklə bağlı çoxlu gözəl kitablar yazan şəxsiyyətlərdəndir. Geniş elmə, böyük şərəfə, ali keyfiyyətlərə sahibdir. Onun ən mühüm və ən faydalı kitablarına misal olaraq İmam Həsən Müctəba (əleyhissəlam)-ın həyatına dair yazdığı kitabı, İmam Hüseyn (əleyhissəlam)-ın həyatına və şəhadətinə dair yazdığı kitabı, “Xanım Səkinə” kitabını, Əli ibn Hüseyn əl-Əkbərin (həzrət Əli Əkbər) həyatına dair yazdığı risaləni, “Zeyduş-şəhid” kitabını, Muxtar ibn Əbu Ubeyd əs Səqəfiyə atılan ittihamlara cavabla bağlı yazdığı kitabı (bu kitab həzrət Zeydlə bağlı yazdığı kitabla birgə çap edilmişdir), “Əbül-Fəzl Abbas ibn Əmirəlmöminin” kitabını və s. bu kimi kitab və risalələri göstərmək olar. O, bu əsərlərdə olduqca faydalı məqamlar qeyd etmişdir, Allah onu salamat etsin, onu bütün xeyir işlərə müvəffəq etsin.”
Sonra demişdir: “Son söz: Zeydin bütün şiələr yanında məqamı və müqəddəsliyi bax bu cürdür”. ( “əl-Ğədir”: c.3, səh.69-74)
Osman əl-Xəmisin İmam Həsən əl-Əsgərinin (əleyhissəlam) qardaşı olduğunu iddia etdiyi İbrahim adlı şəxsə gəlincə isə, bu şəxs Osman əl-Xəmisin uydurduğu bir şəxsiyyətdir. Nə İmam Hadi (əleyhissəlam)-ın İbrahim adında bir övladı olmuşdur, nə də İmam Həsən əl-Əsgərinin (əleyhissəlam) İbrahim adında bir qardaşı olmuşdur.
BAXAQ GÖRƏK ƏHLİ-BEYTƏ (əleyhimussəlam) TƏNƏ VURAN KİMLƏRDİR!
İndi isə, ey hörmətli oxucu, gəl birlikdə baxaq görək Əhli-Beyt üzvlərinə tənə vuranlar kimlərdir; şiələrdir, yoxsa başqaları?
Biz Osman əl-Xəmisi başqa nasibilərin səsləndirdiyi fikirlərə görə mühakimə etməyəcəyik. Biz onu elə onun öz sözləri ilə mühakimə edəcəyik. Biz onun şiələrə iftiralar atdığı “Hiqbətun minət-tarix” (“Tarixdən bir dövr”) kitabında səsləndirdiyi fikirlərdən birini sizə təqdim edəcəyik. Osman əl-Xəmis öz imamı İbn Teymiyyyə kimi İmam Hüseynə (əleyhissəlam) və onun inqilabına tənə vuraraq demişdir:
“Hüseynin – Allah ondan razı olsun – qiyamında nə din, nə də dünya faydası var idi. Buna görə də o dövrün ən böyük səhabəsi onu bu işdən çəkindirmişdi... Əgər o öz yerində otursaydı, onda onun qiyamı və qətlə yetirilməsi ilə meydana gələn fəsad meydana gəlməzdi...”.
Görəsən, Allaha, Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) və Peyğəmbərin nəvəsi həzrət Hüseynə (əleyhissəlam) qarşı bundan böyük necə cürət edilə bilər?! Osman əl-Xəmis Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) nəvəsinin yaxşılığa dəvət, pislikdən, zülmdən və tüğyandan çəkindirmək üçün etdiyi qiyamı fəsad adlandırır, onda nə dini, nə də dünyəvi bir faydanın olmadığını deyir! Görəsən bu İmam Hüseynə (əleyhissəlam) qarşı düşmənçilik deyil?!
İmam Hüseyn (əleyhissəlam) qardaşı Muhəmməd əl-Hənəfiyyəyə etdiyi vəsiyyətində islah üçün, yaxşılığa dəvət, pislikdən çəkindirmək üçün qiyam etdiyini bildirmişdir. Sünnilərin və şiələrin nəql etdikləri rəvayətdə o Həzrətin belə buyurduğu qeyd olunur:
“Mən (Mədinədən) təkəbbür və tüğyan xatirinə, yaxud fəsad çıxarmaq və zülm etmək xatirinə çıxmadım. Mən babamın ümmətini islah etmək üçün çıxdım. Yaxşılığa əmr edib, pislikdən çəkindirmək, babam Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) və atam Əli ibn Əbu Talibin (əleyhissəlam) getdiyi yolla getmək istəyirəm. Kim haqq tabe olub məni qəbul etsə, bilsin ki, Allah haqqa daha layiqdir. ( Bəlkə də cümlənin mənası belədir: “Kim haqqa tabe olub mənim tərəfimdə olsa, bilsin ki, əslində Allahın tərəfində olmuşdur, çünki mənim məqsədim haqqı icra etməkdir, haqqın icra olunmasını da hər kəsdən qabaq Allah istəyir”) Kim mənim qarşımda dursa, onda Allah mənimlə (həmin) tayfa arasında hökm verənədək səbr edəcəyəm. Allah hökm verənlərin ən yaxşısıdır”. ( “Məqtəlul-Hüseyn” (Xarəzmi): 1/189)
Məgər Osman əl-Xəmis öz mənbələrində gələn və Cəbrailin (əleyhissəlam) həzrət Peyğəmbərə: “Hüseyni sənin ümmətin öldürəcək”, - deyə xəbər verdiyini bildirən səhih hədisləri oxumayıb?!
Məgər Osman əl-Xəmis Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) öz sağlığında həzrət Hüseynə ağladığını bildirən hədisləri oxumayıb?!
Əgər Osman əl-Xəmisin iddia etdiyi kimi həzrət Hüseynin (əleyhissəlam) qiyamında fəsad olsaydı, onda Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onu bu işdən çəkindirər, müsəlmanlara ona yardım etməyi əmr etməzdi! Böyük səhabə Ənəs ibn Harisin (Allah ondan razı olsun) belə dediyi nəql olunmuşdur:
“Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə buyurduğunu eşitdim: “Bu oğlum – yəni, Hüseyn – Kərbəla deyilən bir yerdə qətlə yetiriləcək. Sizdən kim bu hadisənin şahidi olsa, Hüseynə kömək etsin”.” (“əl-Bidayə vən-nihayə” (İbn Kəsir): 8/301, “əl-Xasaisul-kubra” (Suyuti): 2/213, “Kənzul-ummal” (Müttəqi Hindi): 12/71, hədis: 3414)
Bu səhabə İmam Hüseyn (əleyhissəlam)-la birgə yola düşərək Kərbəla hadisəsində şəhadətə çatdı.
Məgər İmam Hüseyni (əleyhissəlam) xətakar bilmək Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alihi və səlləm) xətakar bilmək deyil? Bəli, Osman əl-Xəmis öz ağaları Yəzid və Bəni-Üməyyəni müdafiə etməkdən ötrü belə işlərə əl atmışdır.
Osman əl-Xəmis bu mövzunun sonunda şiələrə başqa yalanlar da nisbət vermişdir. Məsələn, şiələri qövmpərəstlikdə ittiham etmiş, şiələrin Salmana vəhy gəldiyini dediklərini (Bəli, bizim bəzi hədislərimizdə Salman əl-Farisinin (əl-Muhəmmədinin) “mühəddəs” (mələklərin danışdığı şəxs) olduğu bildirilmişdir. Lakin, Osman əl-Xəmis özü “Hiqbətun minət-tarix” kitabında (səh.57) Əbu Hüreyrənin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) nisbət verdiyi bir hədisi nəql etmişdir ki, həmin hədisin məzmunundan Ömərin də mühəddəs olduğu anlaşılır. Elə isə Osman əl-Xəmis Salmanın da mühəddəs ola bilməsinə niyə təəccüblənir?), həmçinin Kəsranın odda olduğunu, lakin odun ona haram olduğunu dediklərini iddia etmişdir. Bu sözlərin batilliyi gün kimi aşkar olduğu üçün biz bu sözlərə cavab vermirik. Bizim onun bu cür iftiraları ilə bağlı ayrıca bəhsimiz olacaq, inşəallah.
Şeyx Həsən Abdullah əl-Əcmi , "VƏHHABİ ALİMİ OSMAN ƏL-XƏMİSƏ CAVAB ", cild 1,
Kitabın yükləmə linki: buradan yüklə