»»

Aişə insanlar arasından Peyğəmbərə (s) ən sevimli şəxsdir?

Bu iddianın yanlışlığına şübhə yoxdur. Çünki iddianı əhli-sünnənin “Səhih”lərindəki səhih rəvayətlər inkar edir. Onlar Əlinin, Fatimənin, Həsən və Hüseynin (Allahın salamı olsun onlara!) məxluqlar arasında Allaha və Peyğəmbərinə (s) ən sevimli şəxslər olduğuna dəlalət edir.

İbn Həcərin “Fəthul-bari”də nəql etdiyi rəvayətdə deyilir: “Əhməd, Əbu Davud və Nisai Numan ibn Bəşirdən səhih sənədlə nəql edirlər: “Əbu Bəkr Peyğəmbərin (s) evinə daxil olmaq üçün izn istəyərkən Aişənin yüksək səslə Peyğəmbərə (s) belə dediyini eşitdi: “Allaha and olsun ki, Əli sənə mənim atamdan daha sevimlidir”. Bunu iki və ya üç dəfə təkrar etdi. Əbu Bəkr icazə alıb evə daxil olduqda qızının üzərinə yeriyib dedi: “Ey filankəsin qızı! Bir daha Peyğəmbərin (s) üstünə səsini qaldırdığını eşitməyim”. 775
 
Aişənin özü Əlinin (ə) Peyğəmbərə (s) Əbu Bəkrdən daha sevimli olduğunu iki və ya üç dəfə etiraf edir. Hətta heç kim tələb etmədiyi halda buna and da içir. Diqqət edilməlidir ki, o, burada Aişə Peyğəmbərə (s) etiraz edir, halbuki bu əməl Allahın sözünə əsasən haramdır: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. 776

Sanki bu hadisə səmimi hislərin ifadəsidir və rəvayətdən də göründüyü kimi, Aişə nəbi və rəsulların ən yaxşısının əsaslandığı ilahi meyarlara tabe olmur. Halbuki Peyğəmbər (s) sevgi, nifrət və fəzilət kimi hislərin bəyanında heç vaxt həvaye-nəfsindən danışmır.

İhsan Zahirin və digərlərinin də qəbul etdiyinə əsasən, Aişə Peyğəmbərə (s) atası Əbu Bəkrdən daha sevimli olmayıb. Aişənin Əlini (ə) atası Əbu Bəkrdən çox sevməsini Peyğəmbərə (s) irad bildirməsi İmam Əlinin (ə) onların hər ikisindən daha sevimli olduğunu bəyan edir. Həmçinin, Peyğəmbərin (s) yanında bədəninin və ruhunun bir parçası qızı Fatimə (ə) olduğu halda, Aişə necə onun üçün ən sevimli şəxs ola bilər?!

Buna dəlalət edən rəvayətlərdən birini Tirmizi nəql edir və “həsən” hədis olduğunu bildirir: “İbn Büreydədən, o da atasından rəvayət edir ki, “Peyğəmbərə (s) qadınlardan ən sevimlisi Fatimə, kişilərdən isə Əli idi. İbrahim deyir: yəni Əhli-Beytindən”. 777

Eynilə bu sənədlə Təbərani “əl-Möcamul-övsat”da 778 nəql edir. Hakim “Müstədrək”də deyir: “Bu, sənədi səhih hədisdir, lakin Buxari və Müslim kitablarında qeyd etməmişlər”. 779 Həmin hədis Aişənin Peyğəmbərə (s) ən sevimli şəxs olduğu iddiasını puça çıxarır.

Həmçinin Təbərani mötəbər sənədlə Əsma bint Ümeysdən nəql edir: “...Sonra Fatiməni çağırdı, o, utandığından çiynindəki örtüyünü dartırdı, bu səbəbdən çöhrəsində tər damlaları da göründü. Allahın bildirmək istədiklərini ona söylədi. Sonra buyurdu: “Mən səni əhlimdən ən sevimli şəxslə evləndirməkdə əsla yanılmamışam...” 780 Bunu Sənani “Müsənnəf”də 781 və digər hədis imamları da rəvayət ediblər.

İmam Əlinin (ə) Peyğəmbərə (s) Aişədən daha sevimli olduğuna dəlalət edən hədislərdən biri də demək olar ki, bütün hədis imamlarının kitablarında qeyd etdikləri “Qızardılmış quş” hədisidir. Bu hədis Möminlərin əmiri (ə), İbn Abbas, Ənəs ibn Malik, Səfinə kimi bir çox böyük səhabədən rəvayət olunub. Hədis o qədər geniş yayılıb ki, hətta səhihliyinə qəti olaraq heç kəs şübhə edə bilməz. Zəhəbi “Təzkiratul-huffaz”da deyir: “Qızardılmış quş” hədisinə gəldikdə, olduqca çox yollarla rəvayət edilib. Mən də onun barəsində bir kitab yazmışam. Həmin hədislərin məcmusu onun həqiqət olmasını vacib edir”. 782

Təbəri, Hakim, Zəhəbi, İbn Mərduveyh, Əbu Nəim və başqa bir çox əhli-sünnə alimləri həmin hədis barədə xüsusi kitablar qələmə alıblar. Bu rəvayət mötəbər sənədlərlə və fərqli yollarla varid olub:

1 – Hakim hədisin “səhih” olduğunu qeyd edərək deyir: “Ənəs ibn Malikdən (r): “Peyğəmbərin (s) xidmətində idim. Onun üçün qızardılmış quş gətirildi. Peyğəmbər (s) onu qəbul edərək buyurdu: “İlahi, bu quşu yemək üçün məxluqlarından ən sevimlisini yanıma göndər”. Mən dedim: “İlahi, o şəxs ənsardan olsun!” Bu zaman Əli (r) gəldi. Mən ona Peyğəmbərin (s) məşğul olduğunu söylədim. Sonra yenidən gəldi. Mən yenə Peyğəmbərin (s) məşğul olduğunu dedim. Üçüncü dəfə gəldikdə Peyğəmbər (s) onun üçün qapını açmağımı istədi. İçəri girdi, Peyğəmbər ondan niyə gecikdiyini soruşdu. Əli dedi: “Bununla üçüncü dəfədir ki, qapıya gəlirəm və Ənəs sənin məşğul olduğunu güman edərək məni geri qaytarır”. Peyğəmbər (s) məndən bunun səbəbini soruşduqda dedim: “Ey Peyğəmbər, sənin duanı eşitdim, həmin şəxsin öz qövmümüzdən olmasını dilədim”. Peyğəmbər (s) buyurdu: “Bu kişini öz qövmü sevir”. 783

2 – İbn Kəsir mötəbər sənədlə nəql edir və ardınca deyir: “Bunu İbn Əbu Hatəm Əmmar ibn Xalid Vasitidən, İshaq Əzrəqdən, Əbdülməlik ibn Əbu Süleymandan və o da Ənəsdən rəvayət edib. Bu isə Hakimin sənədindən daha yaxşıdır”. 784

3 – Həmçinin Təbərani mötəbər sənədlə Peyğəmbərin xidmətçilərindən olan Səfinədən nəql edir: “Peyğəmbərə (s) bir neçə quş hədiyyə edilmişdi. Onlardan bir neçəsini hazırladım və səhər qarşısına gətirdim. Bunların haradan olduğunu soruşduqda dünən gətirildiklərini bildirdim. Buyurdu: “Məgər mən sizə sabah üçün yemək tədarük etməməyi söyləməmişəm? Hər günün öz ruzisi var”. Sonra buyurdu: “İlahi, bu quşu mənimlə birlikdə yemək üçün ən sevimli məxluqunu yanıma göndər”. Bundan sonra Əli (r) gəldi. Peyğəmbər (s) “İlahi, mənə də (sevimlidir)” deyə buyurdu”. 785

Bu hədis Peyğəmbərdən (s) varid olan səhih və isbatlanmış hədislərdəndir. Onun barəsində ediləcək şəkk Əhli-Beytin (ə) fəzilətlərinə və uca məqamlarına dəlalət edən “Qədir-Xum”, “Səqaleyn” və s. mötəbər hədislərə edilən şəkk kimidir. Belə bir şəkk isə yalnız əhli-sünnənin Əbu Bəkrin, Ömərin və Osmanın Əhli-Beytdən (ə) daha fəzilətli olmaları barədə nəzərlərindən qaynaqlanacaq.

İhsan Zahirə deyirik: İmam Əlinin (ə) Allah və Peyğəmbəri (s) üçün ən sevimli məxluq olduğuna dəlalət edən belə açıq mənalı hədisin qarşısında nə edəcəksən?! Bundan sonra Aişənin Peyğəmbər (s) üçün ən sevimli şəxs olduğunu necə iddia edəcəksən?!

Bütün bu rəvayətlər İhsan Zahirin Aişənin Peyğəmbər (s) üçün ən sevimli şəxs olduğu iddiasını inkar edir. Halbuki, Əhli-Beytin (ə), xüsusilə də onların ağası İmam Əlinin (s) Peyğəmbər (s) üçün ən sevimli məxluq olduğuna dəlalət edən saysız rəvayətlər mövcuddur.

 

775 Fəthul-bari, İbn Həcər Əsqəlani, c. 7, s. 19
776 Hucurat, 2
777 Sünən, Tirmizi, c. 5, s. 360. Albani bu hədisi ravilər Abdullah ibn Əta və Cəfər Əhmər cəhətindən zəif elan etməyə çalışmışdır. (Həsən ibn Əli Səqqaf, Tənaquzatul-Albani, c. 2, s. 244) Bu isə olduqca təəccüb doğuran haldır. Çünki Abdullah ibn Əta Müslimin və digər dörd kitabın ravilərindəndir. Yəhya ibn Muin onun “siqə” (inanılan, etibarlı şəxs) olduğunu bildirmişdir (əd-Duri, Tarixu ibn Muin, c. 1, s. 223, Abdullah Əhməd Həsən, “Darul-qələm” nəşriyyatı, Beyrut). Tirmizi öz “Sünən”ində deyir: “Abdullah ibn Əta hədis əhlinin nəzdində “siqə”dir (inanılan şəxsdir)” (Sünən, Tirmizi, c. 2, s. 89). Onun barəsində İbn Hibban “əs-Siqat” kitabından fikir bildirir (c. 7, s. 41). Zəhəbi deyir: “O, doğru danışandır”. (əl-Kaşif, c. 1, s. 574)
Albani özü də sənədində Abdullah ibn Ətanın olduğu Abdullah ibn Büreydənin atasından nəql etdiyi başqa bir hədisin səhih olduğunu bildirib. Bu, onun “Səhih Sünəni ibn Macə” və “Səhihut-Tirmizi” kitablarında qeyd olunur.
Cəfər ibn Abdullaha gəldikdə, Albani özünün “İrvaul-ğalil” kitabında (c. 7, s. 270) onun “siqə” olduğunu bildirir və deyir: “Cəfər Əhmərdən, Mütərrifdən, o da Həkəmdən... Deyirəm: Bu, Müslimin siqə ravilərinə istinad edilən hədisdir. Onlardan yalnız Cəfər Müslimin ravilərindən deyil. Cəfər – Ziyad Əhmərin oğludur və siqədir”.
Bundan əlavə, əhli-sünnənin Əhməd ibn Hənbəl, İbn Muin, Əbu Zərə, Əbu Davud, Osman ibn Əbu Şeybə və digərləri kimi böyük rical alimləri də Cəfər Əhmərin “siqə” (inanılan, etibarlı şəxs) olduğunu söyləmişlər. Bax: Tənaquzatul-Albani, c. 2, s. 247
778 əl-Möcamul-övsat, Təbrani, c. 7, s. 199
779 əl-Müstədrək, Hakim Nişapuri, c. 3, s. 155
780 əl-Möcamul-kəbir, Təbərani, c. 24, s. 137. Heysəmi bu rəvayəti nəql etdikdən sonra eyni məzmunda ikinci rəvayəti də qeyd edir və deyir: “Bunları Təbərani də nəql edir. Birinci rəvayətin raviləri “Səhih”in raviləridir”. (Məcməuz-zəvaid, c. 5, s. 485; c. 11, s. 228)
781 əl-Müsənnəf, Sənani, c. 5, s. 485; c. 11, s. 227
782 Təzkiratul-huffaz, c. 3, s. 1042
783 Müstədrək, Hakim, c. 3, s. 141. Müəllif deyir: “Bu, Buxari və Müslimin şərtinə əsasən səhih hədisdir, lakin onu kitablarında qeyd etməyiblər”. Bu hədisi Ənəsdən 30-dan artıq səhabə rəvayət edib. Həmçinin bu rəvayətin Əli, Əbu Səid Xudri və Səfinə tərəfindən də doğruluğu təsdiqlənib.
784 əl-Bidayətu vən-nihayə, İbn Kəsir, c. 7, s. 388. Oradakı hədisdə Ənəsdən nəql edilir: “Peyğəmbərə (s) qızardılmış quş və çörək hədiyyə olaraq gətirildi. Peyğəmbər (s) buyurdu: “İlahi, bu yeməyi mənimlə birgə yemək üçün ən sevimli məxluqunu yanıma göndər”. Aişə həmin şəxsin öz, Həfsə də öz atasının olmasını Allahdan dilədi. Ənəs isə dedi: “İlahi həmin şəxs Səd ibn İbadə olsun”. Ənəs bundan sonra qapının qarşısında ayaq səsləri eşitdi və dedi: “Peyğəmbər (s) məşğuldur”. Həmin şəxs çevrilib getdi. Ardınca yenə də qapının qarşısında kiminsə olduğunu hiss etdi. Ora baxdıqda Əlini gördü. Peyğəmbərin məşğul olduğunu söylədikdə Əli dönüb getdi. Sonra qapının qarşısından mənə salam verən bir səs eşitdim. Peyğəmbər (s) də onun səsini eşitdi və buyurdu: “Bax, gör kimdir qapıda?” Qapıya çıxdıqda yenə də Əlini gördüm. Peyğəmbərin (s) yanına gəlib bunu xəbər verdikdə ona içəri daxil olması üçün izn verməmi söylədi. Əli içəri keçdi. Peyğəmbər (s) onu görüb buyurdu: “İlahi, onun dostu ilə dost ol!”
785 əl-Möcamul-kəbir, Təbərani, c. 7, s. 82. Heysəmi deyir: “Bunu Bəzzar, Təbərani ixtisarla nəql ediblər. Təbəraninin rəvayətinin sənədindəki şəxslər “Səhih”in raviləridir. Yalnız Fitr ibn Xəlifədən savayı, o, “siqə”dir”. (Məcməuz-zəvaid, Heysəmi, c. 9, s. 126)

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе