İhsan Zahir iddia edir ki, Ömər Peyğəmbərdən (s) və Əbu Bəkrdən sonra ümmətin ən xeyirli şəxsidir. Öz iddiasına dəlil olaraq bir rəvayəti Seyyid Mürtəzaya, digərini Şeyx Tusiyə, üçüncüsünü isə Şeyx Səduq və “İmam Həsən Əskərinin (ə) təfsiri”nə nisbət verib. İhsan Zahir deyir:
“Əli (r) Ömərin Peyğəmbər (s) və Əbu Bəkrdən sonra ümmətin ən xeyirli şəxsi olduğuna şahidlik edib.1203 Onun və Əbu Bəkrin haqqında öz məktubunda yazır: “Onlar hidayət imamları, İslamın ağsaqqalları, Peyğəmbərdən (s) sonra iqtida olunan şəxslərdir. Onlara iqtida edən şəxs qorunmuşdur”.1204 Həmçinin Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Əbu Bəkrin mənə nisbəti qulaq (eşitmə üzvü), Ömər isə göz nisbətindədir”.1205
Xüsusi qeyd edilməlidir ki, bu rəvayətləri Əli Peyğəmbərdən (s) nəql edir. Bunlar Əlinin oğlu Həsəndən (Hüseyndən) də rəvayət edilib”.1206
Cavab
Bu iddianın heç bir dəyəri yoxdur. Çünki dəlilsizdir. İhsan Zahirin üç böyük şiə aliminə nisbət verərək nəql etdiyi bu rəvayətlər həqiqət cəhətdən lüt-üryandır. Burada İmam Əlinin (ə) ilk iki xəlifədən üstünlüyünü isbat etmək mövzusuna daxil olmaq istəmirik. Ancaq qeyd etmək istəyirik ki, ilk iki xəlifənin üstünlüyünə olan dəlillərə nisbətdə, İmam Əlinin (ə) onlardan fəzilətli olduğu hər iki məzhəbin rəvayətləri ilə isbatlanmış məsələdir. İlk iki xəlifənin üstünlüyünü vurğulayan rəvayətlər yalnız Əhli-Sünnə mənbələrində mövcuddur. Bu səbəbdən də, burada yalnız İhsan Zahirin iddiasının puçluğunu isbatlamaqla kifayətlənirik:
Birinci: Seyyid Mürtəzaya nisbət verdiyi rəvayət
Seyyid Mürtəza deyir: “Kitabın müəllifi 1207 yazır: “Onların digər dəlilləri: Çox vaxt onlar bu mövzuda iddia etdikləri hədislərlə əlaqələndirirlər. O hədislərin bəzisi xəbəri vahidlər, bəziləri xəbəri vahidin şərtlərinə əsasən belə isbatlanması mümkün olmayan rəvayətlərdir. Məsələn, iddia edirlər ki, Peyğəmbər (s) səhabələrə Əliyə “Möminlərin əmiri” və bu kimi sözlərlə salam verməyi buyurur...
Şeyximiz Əbu Əli bu hədislərin heç bir cəhətdən isbat olunmadığını, qəti dəlillərin isbatlanmasında onlara əsaslanmağın doğru sayılmadığını bildirib, bu və bu kimi rəvayətlərin mütəvatir olduğu iddialarının da doğru olmadığını bəyan edib. Çünki mütəvatir hədislərin şərtləri onlarda cəm olmayıb...
Həmçinin (Əbu Əli) bəyan etdi ki, onların bu hədislərinin müqabilindəki dəlillərdən biri də eyni sözlərin Əbu Bəkr üçün də söyləndiyidir. Belə ki, hədis əhlinin arasında belə rəvayətlər çoxdur.
Həmçinin bildirdi ki, qəti dəlilin isbatı hədissiz mümkün deyil. Qədim əsrlərdəki şəraitdə isə bu olduqca çətin idi.
Möminlərin əmiri Əlinin (ə) Əbu Zərr, Əmmar, Miqdad və Salman kimi şiələrinin olduğu və onu bu adla çağırdıqları iddiasının da isbatı mümkün deyil. Belə hədislər yalnız onların Əli (ə) ilə xüsusi yoldaşlıqlarını, onun fəzilətlərini söylədiklərini, imamətə layiq olduğunu, ona və fikirlərinə bağlılıqlarını isbatlayır. Bundan başqa iddialar isə uzaq rəylərdir. Çünki heç bir qəti dəlil onların iddialarını qeyd etmir.
Bildirdi ki, əgər onlar özləri üçün bir şeyin isbatında belə hədislərə əsaslanmağa razıdırlarsa, o zaman Peyğəmbərin (s) özündən sonra xəlifə təyin etmədiyinə dəlalət edən hədislər bundan daha üstündür. Belə ki, Əbu Vail və Həkəm Əli ibn Əbu Talibdən (ə) “özündən sonrakı xəlifəni vəsiyyət etməyəcəksən?” sualına cavabda belə dediyini nəql edirlər: “Peyğəmbər (s) vəsiyyət etdi ki, mən də vəsiyyət edim?! Lakin Allah camaata xeyir diləsə, onları ən yaxşılarının ətrafında toplayar. Necə ki, Peyğəmbərdən (s) sonra onları ən yaxşılarının ətrafında toplamışdı”. Səsəə ibn Sovhan rəvayət edir...
O cür hədisə əsaslanmaqdansa, ondan üstün olan bu kimi hədislərə niyə etimad etmirlər?
Onların (şiələrin) bu iddiasına zidd olan digər bir məsələ Əbu Bəkrin xilafəti ilə bağlı nəql edilən rəvayətdir. Ənəs ibn Malikdən rəvayət olunur ki, Əbu Bəkr gəldikdə Peyğəmbər (s) onu cənnətlə və özündən sonra xəlifəliklə müjdələməyi, həmçinin Öməri də cənnətlə və Əbu Bəkrdən sonra xəlifəliklə müjdələməyi əmr etmişdi. Cəfər ibn Muhəmməd atasından rəvayət edir ki, bir qüreyşli kişi Möminlərin əmiri Əlinin (ə) yanına gələrək dedi: “İndicə xütbəndə belə söylədiyini eşitdim: “İlahi, iki raşidi xəlifəni islah etdiyin kimi bizi də islah et”. Onlar kimdir?” Buyurdu: “Mənim iki həbibim, əmilərim Əbu Bəkr və Ömər, hidayət imamları, İslamın ağsaqqalları, iki qüreyşli şəxs. Peyğəmbərdən (s) sonra onlara iqtida edən şəxs qorunmuşdur. Onların izləri ilə gedən şəxs isə Siratul-müstəqimə (düzgün yola) yönəlmişdir”.
Bunu Əbu Cüheyfə, Muhəmməd ibn Əli, Əbdu Xeyr, Süveyd ibn Ğəfələ, Əbu Həkimə və başqaları da nəql ediblər. Onların sayının on dörd nəfər olduğu da deyilib.
Əli (ə) öz xütbəsində buyurur: “Peyğəmbərindən (s) sonra bu ümmətin ən yaxşıları (xeyirliləri) Əbu Bəkr və Ömərdir”. Digər rəvayətdə isə deyilir: “Əgər istəsəm üçüncünün də adını çəkərəm”. Bəzi rəvayətlərdə isə bu xütbəni bir nəfərin Əbu Bəkri və Öməri söydüyünü eşitdikdə söylədiyi, həmin şəxsləri çağıraraq əleyhinə şahidlərin şəhadətindən sonra cəzalandırdığı bildirilir... Və qeyd edildikdə söhbəti uzadacaq digər rəvayətlər...
Bu və qeyd edilməsi söhbəti uzadacaq o aşkar rəvayətlər olduğu halda, nə üçün belə üstün sübutlar, Əbu Bəkrin xilafəti və fəzilətinə... dair qəti dəlillər müqabilində Möminlərin əmiri Əlinin (ə) imamət və fəzilətinə dəlil olduğunu iddia edirsiniz?...” 1208
Cavabında ona deyilir: Möminlərin əmiri Əliyə (ə) “Möminlərin əmiri” ünvanı ilə salam vermək əmrini ehtiva edən hədis şiələrin arasında nəqldə təvatür həddindədir. Həmçinin şiələr rəvayətdəki təkcə bir sözü deyil, onun barəsində mütəvatir həddində olan Peyğəmbərin (s) buyurduğu “O, müsəlmanların ağası, təqvalıların imamı, alnı parlaqların öndəridir”, eləcə də “Bu, məndən sonra bütün mömin kişi və mömin qadınların rəhbəridir” sözləridir. Bu kəlmələr də birinci sözün məcrasındadır. Əgər bu hədisi yalnız şiələrin nəql etdiyini düşünürsünüzsə, onu bir çox Əhli-Sünnə raviləri də müxtəlif yollardan rəvayət etmiş və səhih olduğunu söyləmişlər. Heç bir Əhli-Sünnə ravisinin və alimin bu hədisləri inkar etdiyini və ya kənara atdığını görməmişik. Əgər İmam Əliyə (ə) “Möminlərin əmiri” ünvanı ilə salam vermək hədisi onların rəvayətlərindəki oxşar hədislərin mətninə zahirdə bənzəyirsə, bunların hamısı Əhli-Sünnə yolu ilə nəql edilibsə və Əbu Əlinin iddiasına görə mütəvatir deyillər, xəbəri vahiddə də uyğun gəlmirlər, həmçinin onun iddiasına görə, mütəvatirin şərtlər bu rəvayətlərdə cəm olmayıbsa, biz kitabın əvvəlində mütəvatir üçün tələb olunan şərtlərin o rəvayətlərdə toplandığını bəyan etmişik.
Onu sözü: “Bu hədis mətəvatirlər sırasına daxil deyil. Deyilə bilər ki, şiələr əsrlər boyunca ölkələrdə çoxluq təşkil etməyiblər ki, nəticədə mütəvatirin şərtlərinin hasil olması bir kənara dursun, onların təvatür həddindəki nəqli belə mümkün olsun”. Mütəvatir hədislərin necə müəyyənləşdiyini biz bilmirik? Məgər bu, əksəriyyət hallarda rastlaşdığımız, tanınmış, gizli olmayan, nəsildən-nəsilə nəql edilən sifətlərə sahib hədislər deyilmi? Bilirik ki, onların birincisinin vəsfi sonuncusunun vəsflərinin şərtləri kimidir. Bunları və şiə nəqllərindəki mütəvatirin isbatının dəlillərini əvvəldə qeyd etdik. Əgər qeyd etdiklərimizə kiminsə şəkki varsa, bizə bir mütəvatir xəbəri nümunə göstərsin ki, şiə rəvayətinin onunla eyni, artıq və ya əskik səviyyədə olduğunu bilək. Əgər biz buna hökm etməsək, o zaman bu cümlənin üzərində dayanmazdıq...
Bu hədisin Əbu Bəkrlə bağlı iddia edilən qəti dəlillərə zidd olmasına gəldikdə, onun barədə də sözümüzü dedik, burada təkrara lüzum görmürük. Həmin iddianın puçluğunu bəyan etmişik. Bu dəlil şiənin Möminlərin əmiri Əli (ə) ilə bağlı təqdim etdiyi dəlillə eyni səviyyədə və ya ona yaxın da deyil, təqdim edilən dəlilin qarşısında höccət olmaq səlahiyyəti yoxdur. Bu mövzuda şübhələri aradan qaldıracaq bir neçə cəhəti qeyd etdik...
Peyğəmbərin (s) özündən sonra xəlifə təyin etmədiyinə və ya Əbu Bəkri xəlifə təyin edərək imamətini bildirdiyinə dair Peyğəmbərdən (s) bir neçə hədisi nəql edərək şiələrin bu iddiasının ziddinə təqdim etməsinə gəldikdə: Bu barədə ona deyəcəyimiz ilk söz budur ki, ziddiyyət məqamında eyni səviyyəli, bir-birinə qarşı olmaq səlahiyyətinə sahib dəlillər olmadıqda, iddiaçının təəssübü zahir olur. Ziddinə təqdim edilən dəlillərlə bizim əsaslandığımız dəlillərin arasındakı fərqliliklər hamıya məlumdur. Belə ki, bizim təqdim etdiyimiz bütün və ya əksər hədislərin nəqlində onlarla müştərəkliyimiz var. Onlar ravilərinin səhih olduğunu söyləmiş və öz kitablarında, əsərlərində “səhih” hökmü ilə qeyd etmişlər. Lakin onun iddiasına təqdim etdiyi rəvayətlər isə birtərəfli nəql edilmişdir. Möminlərin əmiri Əlinin (ə) müxtəlif məzhəblərdən olan şiələri bunları inkar və rədd edir, ravilərini etibarlı saymırlar. Bundan əlavə, nəql edilmiş həmin rəvayətlərə diqqətlə nəzər saldıqda, ravisini, mətnin əslini araşdırdıqda bunların Əhli-Beytdən (ə) üz döndərdikləri və onlardan uzaqlaşdıqları məşhur olan təəssübkeşlərin məhsulu olduğu aydınlaşır. Bunlar nəzərə alındıqda, mübahisələrdə təqdim etdiyimiz dəlilin qarşılığında onların heç bir üstünlüyü yoxdur. Hətta bunu hamı nəql etsə, hamı razı olsa belə... Bizim mütəvatirlik vəsflərini qeyd etdiyimiz hədisin qarşısına belə rəvayətlərlə çıxmaq alimə yaraşmayan təəssüb deyil, bəs nədir?..
Təfsilata girərək deyirik: Əmirəl-mömin (ə) barədə sözlərin isbatı üçün yozumlarında ixtilaf olsa da, səhihliyi üzərində həmfikir olunan rəvayətləri təqdim etdik... Möminlərin əmirinə (ə) “Vəsiyyət etməyəcəksən?” deyildikdə “Peyğəmbər (s) vəsiyyət etdi ki, mən də vəsiyyət edim?! Lakin Allah camaata xeyir diləsə, onları ən yaxşılarının ətrafında toplayar. Necə ki, Peyğəmbərdən (s) sonra onları ən yaxşılarının ətrafında toplamışdı” rəvayətinin mövzusunun batilliyi demək olar ki, hamı tərəfindən bilinir...
Əbu Bəkrin xəlifəliyinə dair Əbu Əlinin etirazlarına və bu barədə ard-arda bir neçə rəvayət təqdim etdiyi hissəyə gəldikdə isə deməliyik ki, Əbu Bəkr barədəki bu dəlillər puçdur. Peyğəmbərin (s) özündən sonra Əbu Bəkri xəlifə təyin etdiyi iddiası Əhli-Sünnənin özünün bu mövzuda irəli sürdükləri dəlillərin hamısını puç edəcək. Bunu icmali və müfəssəl şəkildə qeyd etmişik. Bildirdik ki, əgər belə bir dəlil mövcud idisə, bəs nə üçün Səqifədə Ənsarın qarşısında Peyğəmbərin (s) bu sözü dəlil kimi təqdim edilmədi?!
Cəfər ibn Muhəmmədin (ə) atasından (ə) Möminlərin əmirinin (ə) sözlərini nəql etdiyi rəvayətə gəldikdə, bu cür rəvayətin belə bir ravilər yolu ilə nəql edilməsi olduqca təəccüblüdür. Belə ki, onlar bu rəvayətin ziddinə etiqadlı idilər. Çünki bir-birinin ardınca açıq-aşkar zülmlərə məruz qalan şəxslərin belə sözlər söyləməsi qeyri-mümkündür. Eləcə də bu sözlər etibarlı ravilərin nəql etdiklərinə də ziddir. Həmin etibarlı ravilərin nəql etdikləri şiənin deyil, yalnız Əhli-Sünnənin rəvayət mənbələrində mövcuddur: “İlahi, Qüreyşdən müdafiə olunmaq üçün səni imdada çağırıram! Həqiqətən də onlar mənə daşlar və qumlar sayı qədər zülm etdilər”. Həmçinin buyurur: “Peyğəmbər (s) vəfat edən andan bəri mən məzlum oldum”. Zeyd ibn Əli ibn Hüseynin rəvayətində İmam Əlinin (ə) belə buyurduğu deyilir: “Camaat Əbu Bəkrə beyət etdi, halbuki mən buna onlardan daha layiq idim. Qəzəbimi içimdə boğdum, gözlədim, sinəmi yerə dayadım. Əbu Bəkr həlak oldu və yerinə Öməri xəlifə qoydu. Allaha and olsun ki, o, mənim bu işə insanların arasında ən layiqli şəxs olduğumu bilirdi. Qəzəbimi içimdə boğdum, gözlədim. Ömər həlak olduqda xəlifə seçimini şuraya tapşırdı. Məni də oradakı altı nəfəri altıncısı edib (ordu başçılarına) dedi: “Müxalif olub az sayda qalan tərəfi öldürün”. Qəzəbimi içimdə boğdum, gözlədim, sinəmi yerə dayadım. Ta ki, ya döyüşmək və ya Allaha küfr etmək seçimində qaldım”.
Bu sözlər qeyd etdiklərimiz üçün yetərli dəlildir. Əgər biz bu mövzuda İmam Əlidən (ə), İmam Cəfər ibn Muhəmməddən (ə) və atasından (ə), eləcə də Əhli-Beyt üzvlərindən nəql edilənləri burada sadalamaq istəsək onların sayı olduqca çox olar. Bu səbəbdən də, onun (Əbdülcabbarın) iddialarının əksinə olaraq, biz yalnız Əhli-Sünnənin özlərinin məşhur siqə (etibarlı) şəxslərindən nəql edilənləri, onlara istinad olunanları və ya onlardan söylənənləri qeyd etdik. Bundan əlavə, nəql edilmiş həmin rəvayətlərə diqqətlə nəzər saldıqda, ravisini, mətnin əslini araşdırdıqda bunların Əhli-Beytdən (ə) üz döndərdikləri və onlardan uzaqlaşdıqları məşhur olan təəssübkeşlərin məhsulu olduğunu anlayırıq. Kim bunlarla daha artıq maraqlanmaq istəsə, bu mövzularda qələmə alınmış kitablara müraciət edə bilər. Belə ki, həmin kitablarda xəstəliklərə şəfa verən və susuzluqdan sirab edən şeylərlə qarşılaşacaq. Peyğəmbərdən (s) rəvayət edilir: “Əli məndən sonra bütün möminlərin vəlisidir”, “Əli müsəlmanların ağası və təqvalıların imamıdır”. Bu rəvayətlərə naməlum və ya nadir damğası vurmaq mümkünsüzdür. Belə ki, onlar həm şiə və həm də Əhli-Sünnə yolları ilə nəql edilmiş, müxtəlif yönlərdən kitablarda qeyd edilmişdir. Lakin sonra buna zidd rəvayətlər nəql olunmağa başlandı.
İmam Əlidən (ə) rəvayət olunan “Peyğəmbərindən (s) sonra bu ümmətin ən yaxşıları (xeyirliləri) Əbu Bəkr və Ömərdir. Əgər istəsəm üçüncünün də adını çəkərəm” sözünə gəldikdə, bu barədə müxtəsər şəkildə əvvəldə danışdıq. Həmin sözün yanlışlığını İmama (ə) istinad edilən “Lakin Allah camaata xeyir diləsə, onları ən yaxşılarının ətrafında toplayar. Necə ki, Peyğəmbərdən (s) sonra onları ən yaxşılarının ətrafında toplamışdı” sözləri ilə isbatladıq. Bu və bu kimi rəvayətlər onların belə iddialarını puça çıxarır.
Bundan əlavə, həmin rəvayət tam fərqli bir müqəddimə ilə nəql olunub ki, girişindəki sözlər silinməklə bu vəziyyətə gətirildiyi və dəlil kimi istifadə etdikləri aydın olur. Muaz ibn Hərs Ərtəs Cəfər ibn Əbdürrəhman Bəlxidən (o, osmani idi. Osmanı Möminlərin əmiri Əlidən (ə) üstün hesab edirdi), o da Əbu Cəbab Kəlbidən (o da həmçinin osmanidir), o da Şəbidən (onun Əhli-Beytə (ə) qarşı fikirləri məşhurdur) belə dediyini nəql edir: Vəhəb ibn Əbu Cüheyfənin, Əmr ibn Şərhəbilin, Süveyd ibn Ğəfələnin, Əbdürrəhman Həmədaninin və Əbu Cəfər Əşcəinin belə dediklərini eşitdim: “İmam Əli (ə) minbərdən buyurdu: “Bu nə yalandır danışırlar, guya “Peyğəmbərindən (s) sonra bu ümmətin ən yaxşıları (xeyirliləri) Əbu Bəkr və Ömərdir”.
Əgər bu rəvayəti öz təəssübü və Əhli-Beytə qarşı mənfi münasibətilə tanınan şəxslər bu girişlə rəvayət edirlərsə, bu sözləri rəvayətin əvvəlində qeyd etmədən nəql edənlərin sözlərinə əhəmiyyət verilməz. Bu müqəddimə sözləri nəzərə alsaq, rəvayətdə dəlil olacaq heç bir xüsusiyyət qalmır. Əksinə, onların özlərinə qarşı dəlilə çevrilir, onların zənn etdiklərinin ziddinə hökm vermiş olur.
Əshabımızdan bir dəstə adam deyir: “Əgər bu sözlərin doğruluğu isbatlansa belə, onun bəzi şəxslər barədə məzəmmət və onların etiqadlarının tənqidi xarakteri daşıması da mümkündür. Sanki, deyir: “Bilin ki, onların əqidələrinə əsasən və filankəslərin rəyinə görə, Peyğəmbərdən (s) sonra ümmətin ən xeyirlisi... şəxsdir. Bu cür istifadələr Qurani-Kərimdə də varid olub. Uca Allah buyurur: “İbadət etdiyin ilahına bax...” Halbuki həqiqətdə Allahın Özündən başqa ilah yoxdur. Lakin bu onların etiqadına görə ilah idi. Həmçinin buyurur: “Dad əzabı, həqiqətən də sən qüvvətli və möhtərəm idin”. Yəni sən öz nəzərində və əhli-əyalının yanında belə idin.
Eləcə də, bir kəs deyir: “Bu əsrin şairi Zeyddir”. Bu sözlə həqiqətən də Zeydin həmin sifətə sahib olduğu deyil, o əsrdə yaşayanların etiqadının belə olduğunu bildirmək istəyir...” 1209
Bu uzun mətndən aydın olur ki, Seyyid Mürtəza Qazi Əbdülcabbarın sözlərini nəql edir və ardınca onun iddialarına cavab verir. Əvvəlki iddia barədə söhbətimizdə kitabdakı bu parçanın xülasəsini qeyd etdik. Burada isə Seyyid Mürtəza Qazi Əbdülcabbarın iddialarına müfəssəl şəkildə cavab verir. Lakin İhsan Zahir bu sözlərdə saxtakarlığa yol verib. Qazinin sözlərini Seyyid Mürtəzaya nisbət verərək onun adından nəql edib. Onun bu cür fırıldaqçılıq və saxtakarlıqlarının dəfələrlə şahidi olmuşuq.
Təəccüb doğuran faktlardan biri də budur ki, Qazi Əbdülcabbar İmam Əlinin (ə) şəninə olan rəvayətlərin qarşılığında onların ziddinə olduğunu güman etdiyi bu rəvayətləri nəql edir. İhsan Zahir də həmin rəvayəti öz sözünə şahid kimi göstərir. Seyyid Mürtəza isə bu rəvayəti qeyd edərək ona cavab verir və bunun dəlil ola bilməyəcəyini isbatlayır. Belə ki, deyir: “İmam Əlidən (ə) rəvayət olunan “Peyğəmbərindən (s) sonra bu ümmətin ən yaxşıları (xeyirliləri) Əbu Bəkr və Ömərdir. Əgər istəsəm üçüncünün də adını çəkərəm” sözünə gəldikdə, bu barədə müxtəsər şəkildə əvvəldə danışdıq. Həmin sözün yanlışlığını İmama (ə) istinad edilən “Lakin Allah camaata xeyir diləsə, onları ən yaxşılarının ətrafında toplayar. Necə ki, Peyğəmbərdən (s) sonra onları ən yaxşılarının ətrafında toplamışdı” sözləri ilə isbatladıq. Bu və bu kimi rəvayətlər onların belə iddialarını puça çıxarır...”
Buradan İhsan Zahirin Şeyx Tusiyə nisbət verdiyi rəvayətlərin də puçluğu məlum olur. Belə ki, o, dəlil olaraq “Təlxisuş-şafi” kitabındakı rəvayəti göstərir. Orada da Qazi Əbdülcabbarın sözlərini Şeyx Tusinin sözləri kimi qələmə verir. Halbuki Qazi həmin hissədə şiələrin iddia etdikləri rəvayətə zidd olan rəvayətləri sadalayır. Onlardan biri də İhsan Zahirin istinad etdiyi həmin rəvayətdir. Şeyx Tusi də bunun puçluğuna dair Seyyid Mürtəzanın cavabını nəql edir. Deyir: “Cəfər ibn Muhəmmədin (ə) atasından (ə) Möminlərin əmirinin (ə) sözlərini nəql etdiyi rəvayətə gəldikdə, bu cür rəvayətin belə bir ravilər yolu ilə nəql edilməsi olduqca təəccüblüdür...”
Bütün bunlardan sonra məgər İhsan Zahirin məsələni qarışıq saldığını, o səbəbdən Qazi Əbdülcabbarın sözlərini gah Seyyid Mürtəzaya, gah da Şeyx Tusiyə nisbət verdiyini necə düşünmək olar?! O bunu bilərəkdən edib. Əgər belə aydın bir məsələ onun üçün qarışıq qalırsa, bəs hansı haqla özünü müsəlmanların əqidələrinin bilicisi və tənqidçisi kimi göstərməyi rəva görür?!
İkinci: Şeyx Səduqun rəvayəti
Şeyx Səduq “Məanil-əxbar” və “Uyunu əxbarir-Rza (ə)” kitablarında Həsən ibn Əliyə istinadən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əbu Bəkr mənə qulaq, Ömər göz, Osman isə qəlb nisbətindədir”.
Sabahı gün onun (Peyğəmbərin) yanına getdim. Yanında Möminlərin əmiri (ə), Əbu Bəkr, Ömər və Osman var idi. Dedim: “Atacan, sənin səhabələrin barədə bu sözləri söylədiyini eşitdim. Bunun mənası nədir?” Peyğəmbər (s) buyurdu: “Bəli, söyləmişəm”. Sonra onlara işarə edərək sözünə davam etdi: “Onlar qulaq, göz və qəlbdirlər. Qarşıda bu vəsimin (İmam Əliyə (ə) işarə edərək) haqqı barədə soruşulacaqlar. “Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (İsra, 36)
Sonra buyurdu: “Rəbbimin izzətinə and olsun ki, bütün ümmətim Qiyamət günü durdulacaq və onun vilayəti barədə soruşulacaq. Bu da Allahın sözüdür: “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (Saffat, 24)”.1212
İhsan Zahir bu rəvayətlə də saxtakarlıq edib, onun əvvəlini və cavab hissəsini kəsərək öz iddiasına münasib şəklə salmağa çalışıb. Lakin rəvayətin girişini və cavabı qeyd etdikdə İhsan Zahirin dəlilinin puçluğu gün kimi aydın olur. Belə ki, əksinə, bu, adları qeyd olunan kəsləri məzəmmət edən rəvayətdir.
Kitabının haşiyəsinə İmam Həsən Əskərinin (ə) təfsirinə istinadı isə yanlışdır. Biz orada bu rəvayətə rast gəlmədik.
1203 Kitabuş-Şafi, c. 2, s. 428
1204 Təlxisuş-Şafi, Şeyx Tusi, c. 2, s. 328
1205 Uyunu əxbarir-Rza (ə), Şeyx Səduq ibn Babəveyh Qummi, c. 1, s. 313, həmçinin Məanil-Əxbar, Şeyx Səduq Qummi, s.110; Təfsiru Həsən Əskəri
1206 Şiə və Əhli-Beyt, s. 101-102
1207 Bu, “əl-Muğni” kitabının müəllifi Qazi Əbdülcabbar Mötəzilidir.
1208 əl-Muğni, Qazi Əbdülcabbar Mötəzili, c. 20, s. 90-91
1209 əş-Şafi fil-imamət, Seyyid Mürtəza, c. 3, s. 89-96
1212 Məanil-əxbar, Şeyx Səduq, s. 387; Uyunu əxbarir-Rza (ə), Şeyx Səduq, c. 2, s. 280
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 2, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə