»»

Hidayət olanlar 72 - Dmitriy Kostov

Adı: Dmitriy Kostov

Ölkə: Rusiya

Keçmiş dini (Məzhəbi): Xristian (Pravoslav)

 

 

 

• Özünüzü təqdim edin.

Rəhman və Rəhim olan Allahın adı ilə. Mənim adım Dmitriy Koostovdur. Mən 21 yaşlı iqtisadiyyat tələbəsiyəm. Rusiyalıyam və Sankt-Peterburqda yaşayıram.

• İslamı necə tanıdınız və müsəlman olmadan əvvəl hansı dinə inanırdınız?

Mən xristian ailəsində doğulmuşam və digər ruslar kimi pravoslav xristian idim. Dinim haqqında araşdırmalar etdikcə bir çox paradokslarla qarşılaşırdım və bunlar məni xristianlığın mahiyyətinə qarşı çıxmağa vadar edirdi. Həmişə beynimdə belə bir sual var idi: mövcud müxtəlif dinlər arasında hansı doğrudur? Buna görə də müxtəlif dinləri və ezoterik elmləri (astroloji, tarot və s.) öyrənməyə başladım.

İslamla ilk dəfə məktəbdə tanış oldum. Sünni azərbaycanlı bir dostumla İslam və Xristianlıq haqqında danışmağa başladıq və bu, mənim diqqətimi İslama yönəltdi. Birlikdə kitab mağazasına getdik ki, İslamla bağlı kitablar alaq. Satıcı mənim xristian olduğumu anlayan kimi məni bu fikrimdən daşındırmağa çalışdı. Lakin alınmadığını görəndə mənə “Allahın möcüzələri” adlı bir kitab hədiyyə etdi.

Aldığım bütün kitabları evdə oxudum. Onların bir neçəsi cinlər haqqında məlumat verirdi. Bu mənə çox maraqlı gəldi, çünki uşaq vaxtı “Ələddin” nağılını oxumuşdum. Dostum “müsəlmanlar cin adlı varlıqlara inanır” deyəndə marağım daha da artdı. Kitabların hamısını oxudum, amma bilmirdim ki, onların hamısı vəhhabilər tərəfindən nəşr olunub. Kitablarda yazılan bəzi şeylər tam yalan idi və ya ağıla zidd idi. Məsələn, “Allahın möcüzələri” kitabında göydə buludların Allah sözünə oxşar formada şəkilləri vardı. Məncə bu heç bir möcüzə deyildi, çünki qeyri-adi bir hadisə hesab olunmur.

Bundan başqa Neil Armstrong (amerikalı kosmonavt) haqqında məqalələr oxudum. Məqalədə deyilirdi ki, Armstrong Misirdə bir konfransda azan səsini eşidib və bunun müsəlmanların azanı olduğunu biləndən sonra müsəlman olub, çünki kosmosda da eyni səsi eşidibmiş. Mən müəllifin yalan danışdığını iddia etmirəm, amma bu, məni elmi cəhətdən qane etmədi, çünki kosmosda səs yayıla bilməz.

Bütün bunlar İslama olan marağımı azaltmışdı. Amma sonrakı araşdırmalarım nəticəsində Qurani-Kərimin möhtəşəm bir kitab olduğunu və Muhəmməd Peyğəmbərin (s) Allahın göndərdiyi peyğəmbər olduğunu anladım. Həmçinin Zərdüştün də qədim Persiyada yaşamış ilahi peyğəmbər olduğunu kəşf etdim.

Daha sonra tanıdığım bütün dinləri iki qrupa bölmüşdüm. Birinci qrupda tək Allaha inanılan dinlər, ikinci qrupda isə çoxlu tanrıları olan dinlər var idi. Hansının doğru olduğunu anlamq üçün çox düşündüm və nəticədə birinci qrupun doğru olduğuna qərar verdim. Çünki çoxtanrılı dinlərdə tanrılar bir-birindən asılıdır, qida yeyirlər, bir-biri ilə müharibə edirdilər. Belə varlıqlar bu kainatın yaradıcısı ola bilməzdi. Biz insanlar belə qrup şəklində işləyəndə fikir ayrılığı yaşayırıq, eyni şey onların tanrılarına da aiddir. Amma Allah heç nədən asılı deyil və heç nəyə ehtiyacı yoxdur. Bu səbəbdən yalnız bir Allahın olduğuna inandım.

İslamı qəbul etməyimin səbəbi digər dinlərdə çoxlu paradoks və saxtakarlıqlar görməyim idi. Hətta bəzi dinlərdə peyğəmbər olaraq təqdim edilən şəxslərin belə Allaha iman etmədiyi görünürdü. Amma İncilin Matta kitabının 21:34 ayəsində bu mövzuya dair güclü bir dəlil var.

Bir dəfə İsa Məsih alimlərlə danışarkən bağ sahibi haqqında bir hekayə danışdı:
“Böyük bir bağ vardı. Sahibi bağını bəzi işçilərə icarəyə verdi ki, sonda məhsulun müəyyən bir hissəsini ona versinlər. Məhsul vaxtı çatanda sahibi payını almaq üçün elçisini göndərdi. Amma işçilər ona itaət etmədilər və onu bağdan qovdular.”
İsa soruşdu: “Bu vəziyyətdə bağın sahibi nə etməlidir?”
Onlar cavab verdi: “Onları cəzalandırmalı, işdən qovmalı və yerinə başqalarını gətirməlidir.”
İsa da bu cavabı təsdiqlədi. Bu hekayədən anlayırıq ki, Allah bizə nemətlər verib və elçilərini göndərib. İtaət etməsək, bu, Allaha itaətsizlik kimidir. Çünki peyğəmbərlər Allahın nümayəndələridir.

Bundan əlavə, xristian keşişləri belə iddia edirdilər ki:
“İsa möcüzələr göstərib, amma Mühəmməd peyğəmbərin möcüzəsi olmayıb.”
Bu tamamilə yanlışdır. Çünki Mühəmməd peyğəmbərin bir çox möcüzəsi və xəbərdarlığına dair rəvayətlər var.

Onlar həm də deyirdilər:
“İsanın möcüzələrini bütün insanlar gördü, Muhəmməd Peyğəmbərin (s) möcüzələrini isə yalnız səhabələr gördü.”

Amma burada sual yaranır: Peyğəmbərin səhabələri kim idi? O dövrdə yaşayan insanlar. Bu halda eyni iddianı İsa peyğəmbərə də tətbiq etmək olar: onun möcüzələrini də yalnız öz dövründə yaşayan insanlar görüb. Biz isə bu məlumatları yalnız kitablardan bilirik.

Mən bütün bunlara baxmayaraq dinimi dəyişməyə hələ də tərəddüd edirdim. Hətta qorxurdum. Lakin bu tərəddüd dövründə ərəb əlifbasını öyrənmək üçün “Təcvid” kitabı aldım.

Bir gün internetdə bir İslam qrupunun paylaştığı video gördüm. Videoda xristian mətnlərində İslamın zühuruna dair 50 işarə sadalanırdı. Onlardan biri “yeni nəğmənin gəlməsi” idi və videoda bu “yeni nəğmə”nin Quran olduğu iddia olunurdu. Videoya çox əsəbləşdim, çünki bu tamamilə yanlış idi. Qrup üzvlərinə yazıb dedim:
“Müqəddəs mətndəki ‘yeni nəğmə’ Davud peyğəmbərə nazil olan zikrə işarə edir. Quran isə Mühəmməd peyğəmbərə nazil olub. Niyə İslama yalan məlumatla dəvət edirsiniz?”

Qrupdan olan Mərakeşli bir qız mənə cavab yazdı. Sualımı birbaşa cavablandırmasa da mənə bir neçə məsələ izah etdi, xüsusilə Tövratın İşaya kitabından 29:11–12 ayələrini göstərdi:

“Ümumilikdə vəhy sanki möhürlənmiş bir kitab kimidir. Savadlı birinə ‘oxu’ deyərlər, o isə ‘oxuya bilmirəm, çünki kitab möhürlüdür’ deyər. Sonra kitab savadsız birinə verilər və ‘oxu’ deyərlər. O isə ‘mən oxuya bilmirəm’ deyər.”

Bu ayələri oxuyan kimi Muhəmməd Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi anı xatırladım: Cəbrail “Oxu!” deyir, O isə “Mən oxumağı bilmirəm” deyir. Bu ayələr məni çox təsirləndirdi və İslamı qəbul etməyə qərar verdim.

Necə Şiə olmağı seçdim?

İslama daxil olduqdan sonra qərara aldım ki, hansı firqənin doğru olduğunu bilmədən heç birinə tabe olmayım. Sünnilər, Vəhhabilik və Sufilik haqqında araşdırdım, lakin Şiələr barədə heç bir məlumat yox idi. Sünni dostlarımdan Şiəlik haqqında soruşdum və onlar mənə bir video göndərdilər. Videoda bir vəhhabi müftisi Şiə inanclarını izah edirdi. O deyirdi ki, Şiələr Əli ibn Əbi Talibin ardıcıllarıdır və vəhhabilər də Əlini sevirlər, çünki o, İslam cəmiyyətində ən cəsur, ən bilikli və ən ədalətli şəxs idi. Lakin Əbu Bəkr Əlidən üstün idi, çünki Peyğəmbər Məhəmmədin vəfatından 6 ay sonra Əli Əbu Bəkrin yanına gəlib demişdi: “Mən elə bilirdim ki, idarəçilik hüququ mənə məxsusdur, amma yanılmışam” və sonra o, Əbu Bəkrə beyət etmişdi (bu, Səhih əl-Buxaridə qeyd edilib). Bir neçə dəqiqə sonra həmin vəhhabi müftisi dedi ki: “Əgər kimsə Muhəmməd Peyğəmbərdən (s) sonra ilk xəlifənin Əli olduğuna inansa (Şiələrin inandığı kimi), o, kafir olar.” Bu video mənə çox qəribə və ağlasığmaz göründü, çünki müfti Əlini ən ağıllı və ən pak şəxs kimi təqdim edirdi. Belə olduğu halda, Əlinin xəlifəliyinə inanmağın necə küfr ola biləcəyini anlaya bilmirdim. Bu məsələ məndə Şiəlik haqqında daha çox öyrənmək marağı yaratdı.

Bir Şiə dostumdan Şiə mənbələrini soruşdum və o, “Nəhcül-Bəlağə”ni və Ayətullah Məkarimin “Şiəliyi tanımaq” kitabını tövsiyə etdi. Mən bu kitabları oxudum və Şiə ideologiyasını daha dərindən öyrənmək üçün internetdə araşdırmalar etdim. Şiə və Sünni arasında olan müzakirələrə baxanda, Sünni arqumentləri məni qane etmirdi. Hətta Səhih əl-Buxaridəki bəzi hədisləri oxuyanda gördüm ki, onların bəziləri Muhəmməd (s) Peyğəmbəri düzgün təsvir etmir, eləcə də Səhih Müslimdə. Ümumiyyətlə, bir kitabdakı bütün hədislərin mütləq doğru olduğuna inana bilmirdim, çünki mötəbər olmayan və etibar edilə bilməyən hədislər də mövcuddur. Hədisin səhihliyinin əsas meyarı Qurandır və Quran Muhəmməd (s) Peyğəmbərin əxlaqını ən gözəl əxlaq kimi təqdim edir. Amma Buxaridə bu, belə göstərilməyib.

 

İslama keçidindən sonra ailən və dostların necə reaksiya verdilər?

Əvvəlcə ailəm qərarımı qəbul etmədi və mən onlarla dəfələrlə bu mövzuda danışdım. Tədricən bir-birimizə öyrəşməyə başladıq və vəziyyət sakitləşdi.

İslama keçdikdən sonra bəzi dostluqlarım bitdi və indi yalnız bir neçəsi ilə internet vasitəsilə əlaqə saxlayıram. Bəzi dostlarım düşünürdülər ki, guya məni kimlərsə “beyin yuyub” və ya aldadıb. Bu mənə çox qəribə gəlirdi, çünki onlar yaxşı bilirdilər ki, müxtəlif dinlər haqqında nə qədər araşdırma aparmışam və nə qədər oxumuşam.

Universitetdə qrup yoldaşlarım mənə niyə İslamı qəbul etdiyimi soruşdular və mən izah etdikdən sonra artıq heç nə soruşmadılar. Onların susmasının səbəbi isə Rusiyalı gənclərin din mövzusuna o qədər də maraq göstərməməsidir.

 

Rusiyada İslamın inkişafı necədir və rusların İslama münasibəti necədir?

Rusiyada saf şiə İslamının yayılması çox zəifdir və burada yaşayan müsəlmanların əksəriyyəti sayca az olan azərbaycanlılar və Dağıstan Respublikasından olanlardır.

Mənim şəhərim Sankt-Peterburqda əvvəllər üç hüseyniyyə var idi, lakin müxtəlif səbəblərə görə onlardan ikisi bağlanıb və yalnız biri qalıb. Qalan hüseyniyyədə də dərslər və moizələr Azərbaycan dilində keçirilir. Bu isə Azərbaycan dilini anlamayan rus gəncləri üçün ciddi problemdir. Buna görə də Rusiyada rus şiələrinin sayı çox azdır. 

Digər bir problem budur ki, Azərbaycan əvvəllər Sovet İttifaqının bir hissəsi olub və din orada demək olar ki, sıradan çıxmışdı. Hazırda vəziyyət yaxşılaşsa da, yenə də insanlar özləri araşdırma aparmalı olurlar və saf İslama dəvət yetərincə güclü deyil.

İnternetdə İslamı təbliğ edən bir neçə qrup var, lakin onların bəziləri “sekulyar İslam” və digər sapmış fikirləri yayırlar. Yaxşı saytlar da var, o cümlədən Ayətullah Məkarimin saytı çox faydalıdır və mən buna görə ona minnətdaram. Amma ümumilikdə yaxşı saytların sayı azdır.

Rusiyada uzun müddətdir ki, İslama dəvət var, lakin bu dəvətin böyük hissəsi vəhhabilər tərəfindən edilib. Onlar öz kitablarını və fikirlərini internetdə geniş şəkildə yayır. Rusiyada yaşayan çoxlu sünni ruhani Səudiyyə Ərəbistanında təhsil alıb və vəhhabi düşüncəsini təbliğ edirlər. Onlar şiəliyə qarşı çox sərt şəkildə çalışırlar, halbuki şiələrin sayı çox azdır.

Rusiyada elə ailələr var ki, onlar şiədir, amma valideynlər çox dindar olmadığından, övladlarında böyük potensial və maraq ola bilər. Valideynlər övladlarına “məscidə gedin, suallarınızın cavabını tapın” deyirlər. Uşaqlar məscidə gedəndə müxtəlif firqələrlə qarşılaşır və çaşqınlıq yaşayırlar. Son zamanlar “İbn Səbə” adlı yeni bir firqə ortaya çıxıb. Onların ardıcılları peyğəmbərin səhabələrinə söyür, əzadarlıq mərasimlərində özlərinə zərər vurur və hətta İmam Əlini ilahiləşdirirlər. Sünnilər bu firqənin yanlış davranışlarını görüb onları şiə hesab edirlər, halbuki onların şiəliklə heç bir əlaqəsi yoxdur. Bir dəfə internetdə kimsə mənə yazdı: “Şiələr kimdir? Mənə deyiblər ki, şiələrlə danışma, onlar yalan danışır və səni çaşdıra bilərlər.” Başqa bir nəfər də şiəlik haqqında yanlış məlumatlara sahib idi. O, bizim məscidə gəldi, özü araşdırdı və sonda şiə oldu.

Ümumiyyətlə, kim bizim məscidə gəlib İslam və şiəlik haqqında öyrənmək istədiyini göstərsə, ruhanimiz ona mütləq araşdırma aparmağı və həqiqəti özü tapmağı tövsiyə edir.

Başqa bir narahatedici məsələ İslamı kobud və tərbiyəsiz insanların təmsil etməsidir. Onlar Peyğəmbər Mühəmmədin əxlaqını unudublar və İslamın mənəvi tərəflərinə fikir vermirlər. İnsan özünü müsəlman kimi təqdim edəndə, digərləri onun pis əməllərinə baxıb İslam haqqında yanlış fikir formalaşdırırlar. İŞİD üzvləri də belə edir, insanlar isə başa düşmür ki, həqiqi İslam bu deyil.

 

İndiyə qədər İslama dəvətlə bağlı hər hansı bir iş görmüsünüzmü? Əgər görmüsünüzsə, təcrübə və tövsiyələriniz nələrdir?

Mən özüm əvvəllər xristianlarla, vəhhabilərlə və sünnilərlə debatlar aparırdım, lakin sonradan başa düşdüm ki, belə mübahisələr mənasızdır. Çünki hər tərəf yalnız öz fikrini qəbul etdirməyə çalışır və qarşı tərəfin dəlillərinə diqqət yetirmir. Məsələn, bir dəfə vəhhabi ilə müzakirə edirdim. Münakirəyə başlamamışdan əvvəl ona ərəbcə bilmədiyimi dedim. O isə bunu mənim zəif nöqtəm kimi istifadə edib gətirdiyim bütün dəlilləri rədd edirdi. Nə zaman ona sübut göndərirdimsə, “tərcümə yanlışdır” deyirdi. Hətta onun öz saytından dəlil gətirdim, yenə qəbul etmədi və sadəcə məni aldatmağa çalışdı.

Bir dəfə sufi ilə də müzakirəm olmuşdu. Ona da ərəbcə bilmədiyimi dedim (amma əlifbanı bilirdim). O israrla deyirdi ki, Quranda “Şiə” sözü yoxdur. Mən isə ərəbcə hərfləri bildiyim üçün Qurandakı (37:83) və (28:15) ayələrində “şiə” sözünü ona göstərdim. O isə qəbul etmədi və qəzəblənib söhbəti tərk etdi.

Mənim fikrimcə:

Əgər bir insan İslam və şiəlik haqqında soruşursa və həqiqəti axtarmaq niyyətindədirsə, o, nəhayət həqiqətə çatar. Lakin kim yalnız debatda qalib gəlmək istəyirsə, o heç bir həqiqətə çatmayacaq.

Bir neçə hədisdən öyrəndiyimə görə, özümüzün elm öyrənməyimiz və inkişaf etməyimiz mənasız debatlardan daha önəmlidir. Mən inanıram ki, Peyğəmbər Mühəmməd (s) və Əhli-beyt tərəfindən tövsiyə edilən gözəl əxlaq, ədəb və siyasi birlik çox önəmlidir.

Biz camaat namazlarında iştirak etməliyik, insanlara qarşı mehriban olmalıyıq ki, onlar bizim inanc və davranışlarımızla tanış olsunlar. Həmçinin dinimizi öyrənməli, biliklərimizi artırmalı və hər işi mümkün olan ən yaxşı şəkildə yerinə yetirməliyik. İnsanlar bununla görə bilərlər ki, məsələn, müsəlmanlar kimya, siyasət, futbol və s. sahələrdə ən yaxşıdır, dürüstdür və gözəl əxlaqa sahibdir.

Bütün müsəlmanlar çalışmalıdırlar ki, İslam inkişaf və tərəqqi ilə əlaqələndirilsin. Məncə, İslamı təbliğ etməyin ən yaxşı yolu budur.

 

Əlhəmdulillah. Allah sizi qorusun və bu doğru yolda möhkəm etsin.

Çox sağ olun diqqətiniz üçün.

 

(c) rahyafteha.ir

 

 

Рейтинг

В этом разделе