»»

Səqəleyn hədisində Əhli-beytin (ə) fəzilətləri

Həzrət Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdən biri də mübarək Səqəleyn hədisidir.

Belə ki, həmin hədisdə əziz peyğəmbərimiz Həzrət Məhəmməd (s) belə buyurur: “Mən sizin aranızda elə iki ağır əmanət qoyub gedirəm ki, əgər onlardan yapışsanız, heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və itrətim, Əhli-beytim. Həqiqətən də o ikisi hovzda gəlib mənə qovuşanadək bir-birindən ayrılmazlar”.[1]

Bu hədis müxtəlif ifadələrlə, müxtəlif yerlərdə bir çox kitablarda Peyğəmbərdən (s) nəql olunmuşdur. Hər iki məzhəb bu hədis üzərində ittifaq edib. Belə ki, bu hədisi Peyğəmbərdən (s) 34 səhabə nəql etmiş, şiə alimləri ilə yanaşı, əhli-sünnənin böyük, məşhur alimlərindən 180-i öz kitablarında səhih sənədlərlə qeyd ediblər.[2] Hədis mənbələrinə nəzər yetirən hər kəs hədisin nə qədər etibarlı olduğunu görə bilər.[3] Dövrümüzün görkəmli alimlərindən olan Şeyx Cəfər Sübhani bu hədis haqqında belə deyir: “Onun səhihliyində yalnız o hədisə cahil olan və ya inadkar şəkk edə bilər”.[4] Bu baxımdan məqalədə hədisin sənədi ilə bağlı yox, hədisin bizə çatdırmaq istədiyi mənalar haqqında danışacaq, bu hədis əsasında Əhli-beytin (ə) məqam və fəzilətləri ilə daha da yaxından tanış olacağıq. Baxmayaraq ki bu hədisin sənədi və səhihliyi özü də müstəqil bir mövzudur və bu barədə kitablar yazılmışdır.

Hədisin dəlalət etdiyi mənalara keçməzdən əvvəl “səqəleyn” sözünün mənasına diqqət yetirməyimiz və Peyğəmbərin (s) Quran və Əhli-beyti nəyə görə bu adla adlandırması haqda məlumat əldə etməyimiz yaxşı olar.

Səqəleyn nə deməkdir?

“Lisanul-ərəb”, “Tacul-ərus” kimi lüğət kitablarında “səqəl” sözünün mənasına baxdıqda onun səfər edən şəxsin azuqəsi mənasında olduğunu, eyni zamanda qədr-qiyməti, ağırlığı olan, qorunan dəyərli hər bir şeyin bu adla adlandığını görürük. Səqəleyn “səqəl” sözünün ikilikdə işlənmiş formasıdır. Yəni qədr-qiyməti, ağırlığı olan və qorunub saxlanılan dəyərli iki şey. Bir çox alimlər, hətta sünni alimləri belə Qurani-Kərim və Əhli-beytin (ə) nəyə görə bu adla adlanmağı haqqında bəzi ehtimallar irəli sürmüşlər. Bəziləri Quran və Əhli-beytin (ə) dəyərli elmlərin mədəni və ilahi hökmlərin mənbəyi olmasına görə bu adla adlandırıldıqlarını deyiblər.[5] Bəziləri isə Quranın və Əhli-beytin (ə) dediklərinə əməl etməyin, hörmətlərini saxlamağın ağır olduğuna görə o ikisinin bu adla adlandırılması nəzərini irəli sürmüşdür. Bir başqa ehtimal isə onların məqam-fəzilət baxımından ağır, dəyərli olması səbəbilə səqəleyn adlandırılmalarıdır.[6]

Hədisin dəlalət etdiyi mənalar və Əhli-beytin (ə) fəzilətləri

Peyğəmbərin (s) həyatına nəzər yetirdikdə onun dəfələrlə Əhli-beytin (ə) məqam və fəzilətlərinə təkid etməsinə, ümməti daim onları izləməyə çağırdığına şahid oluruq. Həzrət Peyğəmbər (s) hər fürsətdə müxtəlif formalarda insanlara çatdırırdı ki, Allah-taala İmam Əli (ə) və onun pak övladlarına itaəti vacib etmişdir və özündən sonra müsəlmanlara rəhbərlik onlarda olacaq. Bunun ən bariz və hər kəs tərəfindən qəbul olunan nümunələrindən biri də Səqəleyn hədisidir. Hədisi diqqətlə nəzərdən keçirib mənasında dərindən düşündükdə aydın olur ki, bu hədis Əhli-beytin (ə) fəzilətləri, Peyğəmbər (s) və Allah yanında olan dəyərləri haqqında çox dəyərli mənalar ehtiva edir. Hansı ki elə təkcə həmin mənalara diqqət etdikdə insan haqq əqidə haqqında və Əhli-beytin (ə) məqamı barədə düzgün etiqad formalaşdıra bilər.

Həmin mənalardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:

1-Quran və Əhli-beytə (ə) sarılmaq vacibdir

Hər bir müsəlmanın həyatında haqq yolda qalmaq, düzgün yoldan sapmamaq mühüm bir məsələ hesab olunur. Hər bir müsəlman daim aqibətinin xeyirli olmasını, Peyğəmbərinin (s) yolunda sabitqədəm olmasını arzulayır. Əziz Peyğəmbərimiz (s) öz ümmətinə qarşı hətta onların özlərindən belə daha artıq can yandırırdı, qoyub getdiyi haqq yoldan azmamaqlarını istəyirdi. Elə buna görə də haqq yolda qalmağın, Allahın dinində sabitqədəm olmağın yolunu müsəlmanlar üçün bəyan etmişdi. Bu yol yalnız və yalnız Qurana və Əhli-beytə (ə) tabe olmaqda idi. Peyğəmbər (s) Səqəleyn hədisində haqq dində qalmağı bu iki şeyə bağlamışdı. Məhz buna görə də onlara tabe olmaq vacibdir. Çünki Peyğəmbərimiz (s) zəlalətə uğramamağın yolunu bu iki şeyə tabe olmaqda göstərmişdir. Əhli-beytə (ə) tabe olmaq isə İslam və Quran maarifini onlardan əxz etmək, onların əmr və göstərişlərinə əməl etmək deməkdir. Yəni Allaha gedən yolda onlara iqtida etmək. Bu mənanı şiə aləmi ilə yanaşı, əhli-sünnə alimləri də etiraf ediblər. Şafei alimi əl-Munavi öz “Feyzul-qədir” əsərində[7] belə yazır:

قوله إني تارك فيكم تلويح بل تصريح بأنهما كتوأمين خلفهما ووصى أمته بحسن معاملتهما وإيثار حقهما على أنفسهم والاستمساك بهما في الدين

“Peyğəmbərin “Mən sizin aranızda qoyub gedirəm” kəlamı buna işarə edir, hətta açıq-aşkar bunu bildirir ki, Quran və Əhli-beyt bir-birindən ayrılmayan iki şey kimidir. Peyğəmbər özündən sonra onları qoyub getmiş, ümmətinə onlarla gözəl davranmağı, onların haqqını özlərindən qabağa salmağı və dini məsələlərdə onlardan yapışmağı vəsiyyət etmişdir”.

Həmçinin məşhur sünni alimi Səduddin Taftazani belə yazır:

ألا يرى أنه صلى اللّه عليه و سلّم قرنهم بكتاب اللّه في كون التمسك بهما منقذا من الضلالة

“Məgər aydın deyil ki, Peyğəmbər onlardan yapışmağın zəlalətdən xilas edən bir şey olmasında Əhli-beyti Quranla eyni qərar verib?”[8]

Digər bir sünni alimi Molla Əli Qari isə deyir ki, onlardan yapışmağın mənası onların məhəbbətlərinə sarılmaq, hədislərinə əməl etmək və dediklərinə etimad göstərmək deməkdir.[9]

Bu mənaları nəzərə alaraq deyə bilərik ki, Qurani-Kərim və Əhli-beyt (ə) maarifinə sarılmaq hər bir müsəlman üçün zəruri, vacibdir.

2-Qurtuluşun yeganə yolu bu iki şeydədir

Bu məna da hədisin açıq-aşkar dəlalət etdiyi mənalardandır. Əziz peyğəmbərimiz (s) qurtuluş yolunu Qurana və Əhli-beytə (ə) tabe olmaqda göstərir. Əgər nicat tapmaq üçün üçüncü bir şey olsa idi, Peyğəmbər (s) onu da qeyd edərdi. Lakin bu hədisin nəql olunduğu hər bir yerdə qurtuluş yolu yalnız və yalnız bu iki şeydə məhdudlaşmışdır. Demək, nicat tapan kəslər və haqq yolda qalacaq insanlar Qurana və Əhli-beytə (ə) tabe olanlardır. Qeyd edək ki, Quran və Əhli-beyt (ə) ikisi birlikdə qurtuluş vasitələridir, təklikdə yox. Bu mənada ki, yalnız və yalnız Qurana tabe olduğunu deyənlər, Əhli-beyt (ə) göstərişlərini bir kənara atanlar haqq yolda deyillər, eyni zamanda bəzi ifratçı ğuluvv əhli kimi Qurani-Kərim maarifini bir kənara qoyub yalnız Əhli-beytə (ə) tabe olduqlarını iddia edənlər də nicat yolunda addımlamırlar. Əslində, bu şey heç mümkün də deyil, çünki Səqəleyn hədisinə əsasən, Quran və Əhli-beyt (ə) heç vaxt bir-birindən ayrılmazlar. Buna əsasən, yalnız Qurani-Kərimə tabe olduğunu deyib Əhli-beyt (ə) maarifini bir kənara atan şəxs yalan danışır. Belə ki, həqiqətdə Qurana tabe olsaydı, Əhli-beytin (ə) maarifini qəbul edər və onların haqqını tanıyardı. Çünki Qurani-Kərim və Əhli-beyt (ə) bir-birindən ayrıla bilməz, bunu Qurani-Kərimi bizə çatdıran Peyğəmbərin (s) özü buyurur. Eynilə ola bilməz ki bir şəxs Əhli-beytə (ə) tabe olduğunu desin, lakin Qurani-Kərimi qəbul etməsin. Bu, qeyri-mümkün və həqiqətəndən uzaq olan bir şeydir.

3-Peyğəmbərin Əhli-beyti (ə) bütün günahlardan, nöqsanlardan və xətalardan məsumdur

Peyğəmbəri (s) və onun bu hədisi dediyini qəbul edən hər bir sağlam ağıl sahibi bunu anlayar ki, əgər Peyğəmbər (s) bu şəxslərə itaəti labüd bilirsə, demək, onlar məsum olmalıdırlar. Xəta ehtimalı olan birinə, günah etməsi mümkün olan birinə məxsusən din işlərində qeyd-şərtsiz tabe olmaq ağılın hökmü ilə pis hesab olunur. Çünki əgər bir nəfər xəta edə bilirsə, demək ona tabe olanı da xətaya sürükləyə bilər. Peyğəmbər, o cümlədən Allah heç vaxt bu cür nöqsan sahibi olan birinə itaəti mütləq şəkildə vacib hesab edə bilməz. Çünki rəbbimiz hikmət sahibidir, ağılın pis hesab etdiyi şeyi vacib etmək onun şəninə layiq deyil.

Əgər Əhli-beyt (ə) məsum olmasa idi, onlara tabe olan şəxsləri də azdıra bilərdilər. Peyğəmbər (s) isə mütləq olaraq, yəni qeyd-şərtsiz deyir ki, onlara tabe olsanız, heç vaxt haqq yoldan azmazsınız. Peyğəmbər (s) bunu hər hansısa bir zamanla, hər hansısa bir vəziyyət və ya halla qeydləndirmir. Bu isə onların (ə) hər zaman, hər bir halda məsum olmaqlarının göstəricisidir.

İkincisi, Peyğəmbər (s) Əhli-beytini (ə) Qurani-Kərimlə bir qərar verir və bu iki şeyin bir-birindən ayrılmayacağını buyurur. Allah-taala isə müqəddəs Quranda belə buyurur: “Batil ona (Qurana) nə önündən, nə də arxasından gələ bilməz”.[10] Demək, Əhli-beyt (ə) də Quran kimi bütün batil və nöqsanlardan uzaqdır. Çünki insanların hidayət olması üçün qərar verilmiş şəxslərin özü düzgün yolda olmalıdırlar ki, onlara tabe olanlar da Allahın haqq dinində sabit qalsınlar. Nəfslərində və həyatlarında naqislik, günah, xəta olan şəxslər insanları da düzgün yola yönəldə bilməzlər. “Elə isə (deyin görək) haqqa yönəldən şəxs arxasıyca gedilməyə daha layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs?”[11]

Qeyd edək ki, bu məna Əhli-beytin (ə) kimlər olmasını müəyyən etmək barədə də bizə kömək olur. Çünki İmam Əli, Xanım Zəhra, Həzrət Həsən və Hüseyndən (ə) başqa Əhli-beytdən (ə) olması idddia olunan şəxslərin həyatına baxdıqda görürük ki, o müqəddəs şəxslərdən (ə) başqa Əhli-beytdən olmağı iddia edilənlərin hər birinin həyatında günah, xəta və səhvlər var. Demək, onlar Peyğəmbərin (ə) öz ümmətinə itaətini vacib etdiyi məsum olan Əhli-beytdən (ə) sayıla bilməzlər. Çünki Peyğəmbərin (s) bizə itaətini vacib etdiyi Əhli-beyti (ə) günahlardan, xətalardan məsumdurlar.

4-Onlar (ə) insanların ən bilikliləridir

Yuxarıdakı mənanı əsas alaraq deyə bilərik ki, Əhli-beyt (ə) insanların içində ən elmli şəxslər hesab olunurlar. Çünki Allah tərəfindən Peyğəmbərin (ə) dili ilə itaəti vacib olunan şəxslər digərlərindən daha bilikli olmalıdırlar. Ola bilməz ki, mütləq şəkildə tabeçiliyi vacib olunan şəxsdən daha bilikli bir şəxs olsun. Əgər digər insanların içində elə bir şəxs olsa idi, elə ona tabe olmaq vacib olardı. Peyğəmbərin (s) isə “əgər onlardan yapışsanız, heç vaxt yolunuz azmazsınız” deyə mütləq şəkildə itaətlərini vacib bilməsi bunu göstərir ki, insanlar içində onlardan daha bilikli və elmlisi yoxdur. Ona görə də tabe olunan imamda şərtdir ki, öz zəmanəsinin ən biliklisi, ən elmlisi olsun. Hədislərə baxdıqda bu məzmunu görürük. Hətta imamlarımızın dövründə bəzi səhabələri həqiqi imamı yalançı imamdan bu üsulla ayırıblar. Onlar imamət iddiaçısının yanına gedərək ona çətin suallar verər və yalançı imamın onların suallarına cavab tapmadığını gördükdə onun yalanını üzə çıxarardılar.

Eynilə bu məna da Əhli-beytin kimlərdən ibarət olduğunu müəyyənləşdirməkdə əlimizdən tutur. Digərlərindən fərqli olaraq Əhli-beyt (ə) imamlarının həyatına baxdıqda görürük ki, hər kəs, hətta onların imamətlərini qəbul etməyənlər belə onların öz dövrlərinin ən bilikli şəxslər olmasını etiraf edirlər.

 

5-Əhli-beyt imamları (ə) Allah tərəfindən təyin olunmuşdur

Bütün bunlarla yanaşı, biz Peyğəmbərdən (s) sonra onun yerinə xilafət məqamına kimin daha layiq olması barədə də bu hədisdən yardım alırıq. Çünki müsəlmanlara rəhbərlik edən şəxs müsəlmanların işlərinə, onların dinlərinə və müqəddəs kitabları olan Qurani-Kərim maarifinə hamıdan yaxşı bələd olmalı idi. Hamıdan daha yaxşı agah olmalı idi ki, onları düzgün şəkildə tətbiq edə bilsin. Səqəleyn hədisi sabit edir ki, Əhli-beyt (ə) bütün günahlaran məsumdurlar, insanların hamısından elmlidirlər və onlara tabe olmaq yüz faizlik hidayət zəmanəti verir. Bu isə heç şübhəsiz onların xilafət və imamət məqamına hər kəsdən layiqli olmalarının göstəricisi və Allah tərəfindən bu rütbəyə seçilməkləri deməkdir. Allah bunu öz Peyğəmbərinin (s) dili ilə müsəlmanlara çatdırmışdır.

Lakin təəssüflər olsun ki, ən bəsit şəri məsələlərdən belə başı çıxmayan şəxslər, hətta dinin açıq-aşkar hökmlərinin ziddinə gedən şəxslər  müsəlmanların rəhbərlik məqamına keçdilər, özlərini möminlərin əmiri deyə adlandırdılar. Bundan da acınacaqlısı müsəlmanlardan bəzilərinin indiyə qədər də onları həmin məqamlara layiq bilmələridir!

6-İmamət qiyamət gününə qədər davam edəcək

Yer üzü qiyamətə qədər Allahın dininə hidayət edən höccətdən boş olmayacaq. Hədis kitablarımıza nəzər saldıqda bu məzmunda gələn hədislərin şahidi oluruq. Peyğəmbərimizdən (s) nəql olunan Səqəleyn hədisi də bu mənaya dəlalət edən və bu mənanı qüvvətləndirən hədislərdən biridir. Çünki Peyğəmbər (s) həmin hədisdə Quran və Əhli-beytin (ə) cənnətdə ona qovuşanədək bir-birindən ayrılmayacağını söyləyir. Yəni nə qədər ki Qurani-Kərim mövcuddur, hər bir zamanda insanların onun vasitəsilə qurtuluşa çatacaqları bir imam da olmalıdır.

Sünni alimi İbn Həcər Heytəmi “Səvaiqul-muhriqə”də belə yazır:

وفي أحاديث الحث على التمسك بأهل البيت إشارة إلى عدم انقطاع متأهل منهم للتمسك به إلى يوم القيامة، كما أن الكتاب العزيز كذلك ولهذا كانوا أماناً لأهل الأرض

“Əhli-beytdən yapışmağa təşviq edən hədislər işarə edir ki, qiyamət gününədək Əhli-beytdən tabe olmağa layiq olan bir nəfər daim mövcud olacaq. Necə ki əziz kitab (Qurani-Kərim) da belədir. Elə buna görə də onlar yer əhli üçün aman hesab olunublar”.[12]

Dövrümüzdə isə yer əhli üçün aman olan və tabe olmağımız vacib olan Əhli-beytin (ə) nümayəndəsi qeybdə olan imamımız Həzrət Mehdidir (ə). Elə bu hədisin özü kifayət edir ki, insan öz dövrünün imamı ilə olan əlaqəsini gücləndirməyə çalışsın, daim onu yad etsin. Çünki həqiqətən də o, əziz Peyğəmbərimizin və imamlarımızın (ə) bizim üçün qoyub getdiyi ağır əmanət hesab olunur. Hər bir müsəlmanın borcudur ki, Peyğəmbərinin (s) miras qoyduğu və itaətini vacib etdiyi əmanətə sahib çıxsın, onun hörmətini gətirsin. Bu isə onu (ə) daim dualarımızda, saleh əməllərimizdə yad etməklə, onun (ə) qulluğunda durmağa can atmaqla və göstərişlərinə tabe olmaqla, onu (ə) narahat edəcək əməllərdən çəkinməklə həyata keçə bilər.

Bütün bunlar “Səqəleyn” hədis maarifinin cüzi bir hissəsi idi. Bu hədisin dəlaləti və təfsilatı haqqında yazılmış mətnləri bir yerə yığsaq, cildlərlə kitabların dolduğunu görərik.

Allah bizi Səqəleyndən bir göz qırpımı qədər də olsa ayrı salmasın!

 

Məqalə Ayətullah Seyid Hüseyn Burucerdinin “Camiu-əhadisiş-şiə” kitabına yazdığı müqəddimə əsasında yazılmışdır.

Tərtib etdi: Baqir Cəfəri

Besiret.az

 

[1] Hürr Amili, Vəsailuş-şiə, c.27, səh.33-34 (Hürr Amili yazır: “Sünnilər və şiələr arasında Peğəmbərdən (s) mütəvatir şəkildə belə dediyi nəql olunmuşdur: “Mən sizin aranızda elə iki ağır əmanət qoyub gedirəm ki, əgər onlardan yapışsanız, heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və itrətim, Əhli-beytim. Həqiqətən də o ikisi hovzda gəlib mənə qovuşanadək bir-birindən ayrılmazlar”).

[2] Şeyx İsmayıl Məlayiri, Camiu-əhadisiş-şiə, c.1, səh.56.

[3] Sünni mənbələrində Səqəleyn hədisi üçün müraciət et: Müslimin “Səhih” kitabı, c.7, səh.122;

Tirmizinin “Sünən” kitabı, c.2, səh.207;

Dariminin “Sünən” kitabı, c.2, səh.432;

Əhməd ibn Hənbəlin “Müsnəd”i, c.3, səh.14, 17, 26, 59, c.4, səh.59, 366, 371, c.5, səh.182, 189;

Nəsai, Xəsaisul-ələviyyə, səh.20;

Hakim Nişapuri, Əl-Mustədrək ələs-səhiheyn, c.3, səh.109, 148, 533 və başqa mənbələr.

[4] Muhaziratun fil-ilahiyyat, səh.340.

[5] İbn Həcər, Əs-səvaiqul-muhriqə, səh.131 (Misir çapı).

[6] Şeyx İsmayıl Məlayiri, Camiu-əhadisiş-şiə, c.1, səh.97.

[7] c.2, səh.174

[8] Şərhul-məqasid, c.5, səh.303.

[9] Tuhfətul-əhvəzi, c.10, səh.196.

[10] Fussilət, 42.

[11] Yunus, 35.

[12] c.2, səh.422.

Рейтинг

В этом разделе