Sual: Ramazan ayında namazdan sonra səhabələrdən birinin adıyla belə dua edilir: "flan möhtərən səhabənin hörmətinə Allah bizim namaz və oruclarımızı qəbul etsin." Mən məcbur olub tək namaz qılıram. Mənim hökmüm nədir?
Ibn Baz cavab verir: "Peyğəmbərin və ya hər hansı bir səhabənin hörmətinə təvəssül edib dua etmək caiz deyil. Bu bidətdir. Allah-təala yalnız onun uca adlarını çağırmaqla dua etməyi tapşırmışdır. Peyğəmbər buyurub ki, kim dinimizə bidət qatarsa, o rədd olunur."
Gəlin birlikdə Əhli Sünnənin səhih adlandırdıqları kitabları birlikdə nəzərdən keçirək.
1) Osman ibn Hənif nəql edir ki, kor olan bir kişi peyğəmbərin hüzürüna gəlib dedi:
-Ey Allahın Rəsulu, Allaha dua edin ki, mənə şəfa versin.
Peyğəmbər cavab verdi: - İstəyirsən dua edim, sağal, istəyirsənsə səbr et, bu sənin üçün daha yaxşıdır.
Kişi dedi: Dua edin.
Peyğəmbər ona dəstəmaz almağı, iki rükət namaz qılmağı və namazdan sonra belə dua etməyi tapşırdı: "Allahım mən rəhmət peyğəmbəri olan Muhəmməd vasitəsi ilə sənə üz tutur və səndən diləyirəm. Ey Muhəmməd! Mən hacətimi yerinə yetirilməsi üçün sənin vasitənlə Rəbbimə üz tuturam. Allahım! Onu mənim üçün şəfaət edici qərar ver."
Osman ibn Hənif deyir: "And olsun Allaha, həmin kişi bizdən ayrıldı. Xeyli söhbətləşəndən sonra həmin şəxs yenidən bizim yanımıza gəldi, amma bu dəfə onda heç bir xəstəlik izi qalmamışdı."
Tirmizi, "Səhih", dualar bölümü 119-cü bab, 3578-ci hədis;
İbn Macə, "Sünən" cild 1, səhifə 441, h.1385;
Əhməd ibn Hənbəl, "Müsnəd" cild 4, h.138.
Bu hədis sənəd və dəlalət nöqteyi nəzərdən tamdır. Hədisin sənədinə heç kəs irad bildirməmişdir. Ibn Teymiyyə deyir ki, Tirmizi səhih hədisdə peyğəmbərdən nəql edir ki, bir kişiyə belə dua etməyi öyrətdi: "Allahım mən peyğəmbərin vasitəsi ilə sənə üz tutur və səndən diləyirəm."
Nisai də buna oxşar olan bir hədisi "Məcmuətur-rəsail vəl-məsail" kitabının 1-ci cildində (h. 13) nəql etmişdir. Ibn Macə və Rufai həmin hədisin heç bir şübhə doğurmadığını qeyd etmişlər (ət-təvəssül ila həqiqətit-təvəssül, səh.158)
2) Buxari öz "Səhih"ində rəvayət edir ki, qəhətlik yarandığı zaman Ömər ibn Xəttab Abbas ibn Əbdül-Müttəlibə təvəssül edərək belə dua etdi: "Allahım! Biz peyğəmbərin vasitəsi ilə Sənə təvəssül edirdik ki, bizə yağış göndərəsən. İndi də Sənə peyğəmbərin əmisi vasitəsi ilə təvəssül edirik ki, bizə yağış göndərəsən." (Səhih Buxari, cild-2, səhifə 32, İstiska namazı babı)