»»

Peyğəmbərlər (ə) və övliyalardan (ə) şəfa istəmək şirkdirmi?

Bağışlayan və Mehriban Allahın adı ilə

Ayətullah Cəfər Sübhani peyğəmbərlər və övliyalardan şəfa istəməyin şirk olması şübhəsini Quran və peyğəmbərlərin sirəsinə əsasən cavablandırmışdır.

Sual: Siz necə deyirsiniz ki, “Ey əziz imam, mənim övladıma şəfa ver!” Halbuki, şəfa Allahdandır və bu, bir növ şirkdir.

Cavab: Tövhidin və şirkin meyarı bizim əlimizdə deyil ki, biz hər hansı bir şeyin tövhid, digərinin isə şirk olduğunu qələmə verək. Əksinə, tövhid və şirk öz meyarlarını özü müəyyən edir. Gərək işlər o meyarlarla ölçülsün. Qurani-Kərimdə dünyanın idarə olunması, o cümlədən xəstələrin şəfa tapması Allah-Təalaya nisbət verilir və Onunla məhdudlaşır. Allah-Təala müxtəlif surələrdə buyurur:

یدبّر الأمر

“Dünyanın işlərini idarə edən Odur”. (Yunus, 3, 31; Rad, 2; Səcdə, 5)

Bu ayələrdə Allah-Təala işlərin idarəsini yalnız Özünə aid edir. Lakin Naziat surəsində Allah-Təala buyurur:

فالمدبّرات أمراً

“(And olsun) dünyanın işlərini idarə edənlərə”. (Naziat, 5)

Bu ayələr arasında qəti surətdə ziddiyyət yoxdur. Çünki Allah-Təala buyurur:

وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرً

“Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar”. (Nisa, 82)

Lakin hər iki ayənin təfsiri belədir: Müstəqil və heç nədən asılı olmadan idarəçilik yalnız Allaha aiddir. Lakin biz dünyanın səbəb-nəticə qanunu əsasında idarə olunmasını nəzərə alsaq, bir sıra idarəçilər Allahın izni ilə dünyanın idarə olunmasında və bəşərə ruzinin çatdırılmasında təsirlidir. Bu iş üçün bir sıra mələklər vəzifələndirilmişlər. Bunların idarəedici olmasının idarəetmənin sırf Allaha aid edilməsi ilə heç bir ziddiyyəti yoxdur. Çünki bunlar ilahi qoşunlar və Allahın izni ilə yaradılış aləminin işçiləridir.

Başqa bir misal da vuraq: Biz bilirik ki, şəfa bəxş edən yalnız Allahdır. İbrahim (ə) də bu barədə buyurur:

وإذا مرضت فهو یشفین

“Xəstələndikdə mənə şəfa verən də Odur”. (Şuəra, 80)

Lakin eyni zamanda Allah-Təala buyurur: “Mən balda şəfa qoymuşam”. Qurani-Kərim buyurur:

فیه شفاء للناس

“Onların qarınlarından insanlar üçün şəfalı, rəngarəng içməli maddələr çıxır”. (Nəhl, 69)

Həzrət Məsih açıq-aşkar buyurur ki, “mən xəstələrə şəfa verirəm, lakin mən bunu Allahın izni ilə edirəm”. Quran buyurur:

وأُبرئ الأکمه والأبرص وأُحیى الموتى بإذن الله

“Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm”. (Ali-İmran, 49)

Nəticə olaraq, Quranın məntiqi budur ki, müstəqil şəkildə, heç kəsdən yardım almadan şəfa bəxş etmək, ölüləri diriltmək Allaha xas olan işdir. Lakin Allahın izni ilə həyat bəxş etmək, yaradılış aləminin işçiləri ünvanı ilə Allahın övliyaları vasitəsilə həyata keçir. Ayələrə diqqət etdikdə görürük ki, Həzrət Məsihin (ə) buyurduğu kimi şəfa istəmək nəinki şirk deyil, əksinə, tövhidin özüdür. Allahın ayələri də bu məsələyə kamil surətdə şamil olur.

Tərcümə etdi: Fərhad Mirzə
Рейтинг

В этом разделе