1.Şəfaət haqqında olan ayələr
2.Şəfaət haqqında olan hədislər
3.İslam alimlərinin şəfaət barəsində söylədikləri
Bismillahir-rəhmanir-rəhim
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd
Bu məqalədə danışacağımız mövzu şəfaət mövzusudur. Şəfaət - bir kəsin nemətə çatmasına, yaxud zərərdən müdafiə olmasına vasitəçilikdir. Şəfaət mövzusu iki cür müzakirə oluna bilər.
1)Axirət günündə olacaq şəfaət.
2)Dünya həyatındakı şəfaət.
Bizim bu məqalədə danışacağımız şəfaət, birinci qism şəfaət haqqındadır. Yəni Axirət günündə bəzi şəxslərin Allah yanında şəfaət etmələri barəsində olacaqdır. Əqidəmizə görə Qiyamət günündə Allah təbarək və təalanın razı olduğu və seçdiyi bəndələri Adəm övladlarına şəfaət edərlər. Həmçinin, Allahın razı olduğu şəxslərdən başqa heç kəsə şəfaət olunmaz. Qurani-Kərimə baxdıqda görürük ki, şəfaət haqqında nazil olan ayələr bir neçə qismdir. Bu qismlər aşağıdakı bölgüdən ibarətdir:
1) Şəfaəti inkar edən ayələr.
2) Şəfaətçiləri inkar edən ayələr.
3) Şəfaətin yalnız Allahın iznilə olmasını bildirən ayələr.
4) Allahın, əməllərinə və sözlərinə razı olduğu şəxslərin şəfaət edəcəyini bildirən ayələr.
5) Tovhid üzərində olan və Allahın razı qaldığı şəxslərə şəfaət olunacağını bildirən ayələr.
İndi isə həmin qismlər üçün Qurani-Kərimdən şahidlər gətirib sonra bu barədə bizə gəlib çatmış hədisləri siz əziz oxuculara təqdim edirik.
Şəfaəti inkar edən ayələr
1) “Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin” (Bəqərə 123)
2)”Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir” (Müddəssir 48)
Şəfaətçiləri inkar edən ayələr
1) “Bununla (bu Qur’an vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər” (Ənam 51)
2) “Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun”(Ənam 70)
3) “(Bu gün) bizim şəfaət edənimiz yoxdur” (Ənam 100)
4) “(Müşriklərə Bərzəx aləmində, həmçinin Qiyamət günündə belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. Özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir” (Ənam 94)
Şəfaətin yalnız Allahın iznilə olacağını bildirən ayələr:
1) “Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah” (Yunis 3)
2) “İzn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir”(Səba 23)
3) “Həmin gün Rəhman (olan) Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən başqa heç kəsin şəfaətinin xeyiri olmaz” (Taha 109)
4) “İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət edə bilər?!” (Bəqərə 255)
Şəfaət etməyə izni olanlar:
1) “(Həmin gün) Rəhman olan Allahın yanından əhd-peyman almış şəxslərdən başqa (heç kəsin) şəfaət etmək ixtiyarı olmaz”(Məryəm 87)
2) “Həmin gün Rəhman (olan) Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən başqa heç kəsin şəfaətinin xeyiri olmaz” (Taha 109)
3) “Bunların Allahın yerinə çağırdıqları (bütlər, və.s Qiyamət günü) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə malik olmayacaqlar” (Zuxruf 86)
Yalnız Allahın razı olduğu şəxslərə şəfaət olunar:
1)“Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar” (Ənbiya 28)
İzah: Müqəddəs Qurani-Kərimə müraciət etdikdən sonra bizə məlum oldu ki, şəfaət etmək və şəfaət olunmaq heç də Allahın iradəsindən xaric deyildir. Gərək hər bir müsəlman şəxs şəfaətə baxışını düzgün şəkildə formalaşdırsın. Çünki, bəzən müsəlmanların şəfaətə səhv baxışları onların Allahın əmr və qadağalarını yüngül tutmasına səbəb olur. Əksinə, hər bir şəxs gərək şəfaət olunmağı Allahın razılığında axtarsın. Çünki, şəfaət özü Allahın rəhmətinin təzahürlərindən biridir. İnsan gərək Allahın rəhmətinə qovuşmaq üçün daim səy göstərsin. Nəticə etibarı ilə şəfaət özü səbəbsiz olmur. Allah Öz kitabında belə buyurur: “Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim” (Bəqərə 40) Həmçinin buyurur: “Kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir” (Fəth 10)
İnsan gərək daim gücü çatdığı qədər Allahın əmr və qadağalarına riayət etsin ki, qalan günah və xətaları şəfaət yolu ilə bağışlansın. Bununla da əbədi Cənnətə daxil olsun. Şəfaətin necəliyi və buna nail olmağın yolları mövzumuzdan kənar olduğundan qısa izahla kifayətlənib, qayıdırıq mövzumuza.
Qurani-Kərimdən şahidlər gətirməklə şəfaətin haqq olmasını isbat etdik. İndi isə keçirik bu barədə olan hədisləri zikr etməyə və bəzi sualları cavablandırmağa. O suallar bundan ibarətdir ki, görəsən Qiyamət günündə kimlər şəfaət edər? Kimlərə şəfaət olunar və kimlərə olunmaz? Bu suallara cavab tapmaqdan ötrü Qurani-Kərimin həqiqi müfəssirləri olan Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun pak Əhli-Beytinin (səlavatullahi aleyhim əcməin) müqəddəs kəlamlarına və İslam alimlərinin bu barədə verdiyi şərhlərə müraciət edəcəyik.
Şəfaət haqqında olan hədislər
Əvvəlcə şəfaətə iman gətirməyin zəruriliyini bildirən hədisləri sizlərə təqdim edirik:
Həzrət Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Mənim Qiyamət günündə olacaq şəfaətim haqdır. Kim şəfaətimə iman gətirməsə ona şəfaət olunmaz.”
“Kənzul-Ummal” cild 14, səh 399, hədis 59.
“Camius-səğir” cild 2, səh 555, hədis 4921.
“Kim mənim şəfaət edəcəyimə iman gətirməsə, Allah mənim şəfaətimi ona qismət etməz.”
Şeyx Səduq, “Əmali” səh 56, hədis 11.
“Uyunu əxbar ər-Rza” cild 1, səh 112, hədis 35, bab 11.
Şeyx Səduq, “Tovhid” səh 407, hədis 6, bab 63.
“Biharul-ənvar” cild 8, səh 34, 352, hədis 4, 3. Bab 21, 27.
“Təfsiru nurus-səqəleyn” cild 3, səh 423, hədis 50.
İmam Sadiq (aleyhissəlam) buyurur: “Kim üç şeyi inkar etsə, bizim şiələrimizdən deyil. O, üç şey merac, qəbr sorğu-sualı və şəfaətdir.”
Şeyx Səduq, “Əmali” səh 370, hədis 464.
Şeyx Səduq, “Sifatuş-şiə” səh 50, hədis 69.
“Biharul-Ənvar” cild 6, səh 223, hədis 23, bab 8.
İmam Rzadan (aleyhissəlam) nəql olunan uzun bir hədisdə deyilir: “Kim Allahın təkliyini, rəcəti və şəfaəti təsdiq etsə, bu şəxs haqqa iman gətirmişdir. Həmçinin, bu şəxs Əhli-Beytin (aleyhimussəlam) şiələrindəndir.”
Şeyx Səduq, “Sifatuş-şiə” səh 50, hədis 71.
“Biharul-ənvar” cild 8, səh 197, hədis 187, bab 23.
Qeyd olunan hədislərin şərhə ehtiyacı olmadığına görə keçirik kimlərin şəfaət edəcəyini bildirən hədislərə.
Həzrət Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Hər bir peyğəmbər şəfaət edər.”
Şeyx Tusi, “Əmali” səh 380, hədis 815.
Biharul-ənvar, cild 8, səh 40, hədis 21, bab 21.
“Qiyamət günü Allah yanında üç dəstə insan şəfaət edər. Bunlar peyğəmbərlər, alimlər və şəhidlərdir.”
Şeyx Səduq, “əl-Xisal” cild 1, səh 156, hədis 197.
“Biharul-ənvar” cild 8, səh 34, hədis 2, bab 21.
İmam Cəfər Sadiq (aleyhissəlam) buyurur: “Qiyamət günündə Həzrət Muhəmmədin (s) şəfaətinə əvvəldəkilərdən və sonradakılardan möhtac olmayacaq heç bir şəxs yoxdur.”
“Biharul-ənvar” cild 8, səh 42.
İmam Baqir və İmam Sadiq (aleyhiməssəlam) buyururlar: “Allaha and olsun biz günahkarlara şəfaət edərik.”
“Təfsirul-Qummi” cild 2, səh 123.
Biharul-ənvar” cild 8, səh 38, hədis 15, bab 21.
“Burhan fi təfsiril-Quran” cild 4, səh 179, hədis 7912.
“Təfsiru nurus-səqəleyn” cild 4, səh 60, hədis 59.
Məsum İmamların (aleyhimussəlam) şəfaət edəcəyini bildirən hədislərimiz təvatür (düzgünlüyü inkar olunmaz) həddindədir. Qurani-Kərimin bir çox ayələrinin təfsirinə və təvatür həddində olan hədislərə əsasən Qiyamət günündə Əhli-Beyt (aleyhimussəlam) öz şiələrinə şəfaət edər və onlarla düşmənçilik edən şəxslər isə həlak olarlar. Bu məsələ möhkəm dəlillərə söykənən, sabit olmuş bir həqiqətdir. Təəssüf olsun ki, bu mövzu özü uzun bir bəhs tələb etdiyindən biz burada o dəlilləri qeyd edə bilməyəcəyik. Lakin maraqlanan şəxslər üçün məsum İmamların (aleyhimussəlam) şəfaəti haqqında xəbər verən bəzi hədis kitablarını aşağıda qeyd edirik:
“Məhasin” cild 1, səh 293, hədis 584, bab 45.
Biharul-ənvar” cild 8, səh 42, hədis 32, bab 21.
“Uyunu əxbar ər-Rza” cild 2, səh 291, 293, bab 66.
“Şəvahidut-Tənzil” cild 1, səh 618.
“Kənzul-Ummal” cild 14, səh 390, 401.
Bir çox hədislərdə Qiyamət günü möminlərin istədiyi şəxslərə şəfaət edəcəyi xəbəri qeyd olunur. Belə ki, İmam Baqir (aleyhissəlam) buyurur: “Möminlər Qiyamət günü Rəbiə və Muzir (böyük qəbilənin adı) qəbilələrinin sayı qədər şəfaət edərlər.”
“Təfsirul-Qummi” cild 2, səh 202.
Şeyx Səduq, “əl-Etiqadat” səh 172.
“Biharul-ənvar” cild 8, səh 38, hədis 16, bab 21.
Başqa yerdə İmam (aleyhissəlam) yenə buyurur: “Qiyamət günündə möminlər ən azı otuz nəfər insana şəfaət edərlər.”
“əl-Kafi” cild 8, səh 101, hədis 72.
“Biharul-ənvar” cild 8, səh 57, hədis 70, bab 21.
“Təfsiru nurus-Səqəleyn” cild 4, səh 60, hədis 60.
Həmçinin, mələklərin də şəfaət etmə səlahiyyətinə malik olacağını bildirən bir çox hədislərimiz mövcuddur.
Həmin hədislərin birində belə qeyd olunur: “İnsanın yanına hər gecə və gündüz iki mələk gələr və işləri budur ki, insanın əcəli çatana qədər onun yanından ayrılmasınlar. Elə ki, insanın əcəli çatdı, həmin şəxs saleh əməl sahibi olsa, mələklər ona deyərlər: “Bu gün biz sənin istədiyin kimiyik və sənin üçün Rəbbin yanında şəfaətçilərik.”
“Biharul-ənvar” cild 5, səh 325, hədis 12, bab 17.
Əvvəldə qeyd olunduğu kimi Qiyamət günü yalnız iman əhlinə şəfaət olunar. Yəni yalnız Allaha, Onun göndərdiyi peyğəmbərlərə və məsum İmamlara (səlavatullah aleyhim əcməin) iman gətirən günahkar bəndələrə şəfaət olunar. Həzrət Peyğəmbərə (səllallahu aleyhi və alihi və səlləm) yaxud onun pak Əhli-Beytinə (səlavatullahi aleyhim əcməin) düşmən olan və onların düşmənlərini dost tutan şəxslər Qiyamət günündə şəfaətdən məhrum olarlar. Şəfaət yalnız əqidəsi sağlam olan şəxslər üçündür. Belə şəxslər əməldə günah sahibi olsalar da əqidələrinin düzgünlüyünə görə onlara şəfaət olunar.
Həzrət Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Yalnız Allahın dinindən razı qaldığı şəxslər üçün şəfaət olunar.”
Şeyx Səduq, “”Əmali” səh 56, hədis 11, məclis 2.
Şeyx Səduq, “Tovhid” səh 408, hədis 6, bab 63.
“Uyunu əxbar ər-Rza” cild 1, səh 112, hədis 35, bab 11.
“Biharul-ənvar” cild 8, səh 34, hədis 4, bab 21.
“Burhan fi təfsiril-Quran” cild 3, səh 813, hədis 7131.
“Təfsiru nurus-Səqəleyn” cild 3, səh 424, hədis 50.
Həzrət yenə buyurur: “Mənim ümmətim üçün olan şəfaətim Əhli-Beytimi (ə) sevənlər üçündür. Onlardır mənim ardıcıllarım.”
“Kənzul-Ummal” cild 14, səh 399.
“Tarixi-Bağdadi” cild 2, səh 144.
Yenə buyurur: "Qiyamət günü beş şəfaətçi vardır: Quran, sileyi-rəhm (qohumlarla əlaqə), əmanət, sizin peyğəmbəriniz və onun Əhli-Beyti!"
"Kənzul-Ummal” hədis. 39041, c.14, s.390.
Həzrəti Əli (aleyhissəlam) "İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz, nə də mehriban və səmimi bir dostumuz var! Kaş biz bir də (dünyaya) qayıda biləydik ki, möminlərdən olaydıq” (Şuəra 100,101,102) -ayələri haqqında belə buyurur:
"Bu ayə bizim şiələrimiz barədə nazil olmuşdur. Çünki, uca Allah qiyamət günü "bizə" digərlərinə nisbətdə elə bir fəzilət verəcəkdir ki, şiələrimizə hər nə qədər şəfaət etsək qəbul ediləcəkdir. Şiələrimizdən olmayan günahkarlar isə bu səhnəni müşahidə etdikdə bu (yuxarıda qeyd olunan) ayələri oxuyacaqlar.”
“Şəvahidut-Tənzil" cild 1, səh 618.
Əban ibn Təğlib (r.ə) İmam Sadiqdən (aleyhissəlam) belə nəql edir: "Bütün nasibilər Allahın itaət və ibadətində həddindən artıq səy etsələr belə, onların aqibəti bu ayədə göstərilən kimi olacaqdır: «Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.» (Ğaşiyə, 3-4)
Şeyx Səduq, "Səvabul-əmal" səh 209-211.
Həzrət Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Mənim şəfaətim yalnız ümmətimdən böyük günah sahibləri üçündür.”
“Burhan fi təfsiril-Quran” cild 3, səh 812, hədis 7130.
“Mən la yəhzuruhul-fəqih” cild 3, səh 574, hədis 4966.
Şeyx Səduq, “”Əmali” səh 56, hədis 11, məclis 2.
“Uyunu əxbar ər-Rza” cild 1, səh 112, hədis 35, bab 11.
“Kənzul-Ummal” cild 14, səh 404.
“Biharul-ənvar” cild 8, səh 34, hədis 4, bab 21.
“Sünəni Tirmizi” cild 4, səh 625, hədis 2435.
“Sünəni Əbu Davud” cild 4, səh 236, hədis 4739.
Həmçinin: “Mənim şəfaətim şirk əhlindən başqa böyük günah sahibləri üçündür.”
“əl-Xisal” səh 355, hədis 36.
“Biharul-ənvar” cild 8, səh 38, hədis 18, bab 21.
Həmçinin: “Mənim şəfaətim yalnız həyatında Allaha şərik qoşmadan ölən şəxs üçündür.”
“Kənzul-Ummal” cild 14, səh 403.
“Müsnədi-Əhməd” cild 5, səh 232.
“Mucəmul-kəbir” (Təbərani), cild 20, səh 163, hədis 342.
Hədislərdə bəzi kəslər üçün deyilir ki, onların şəfaətə ehtiyacları olmaz. Bunlar günah etdikdən sonra Allaha tövbə edən şəxslərdir. Çünki, bir şəxs günah etsə və günahından peşmançılıq çəkərək tövbə etsə, günah etməmiş kimidir.
İmam Sadiq (aleyhissəlam) buyurur: “Bizim şəfaətimiz şiələrimizdən böyük günah sahibləri üçündür. Amma tövbə edənlərə gəldikdə Allah onlar haqqında belə buyurur: «Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur» (Tövbə 91)
“Mən la yəhzuruhul-fəqih” cild 3, səh 574, hədis 4964.
“Təfsiru nurus-səqəleyn” cild 2, səh 252, hədis 271.
Həzrət Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Günahdan tövbə edən şəxs o günahı etməmiş kimidir.”
“Uyunu əxbar ər-Rza” cild 2, səh 73, hədis 347, bab 31.
“Biharul-ənvar” cild 6, səh 21, hədis 16, bab 20.
“Kənzul-Ummal” cild 4, hədis 207, 208, hədis 10174.
Həzrət Əli (aleyhissəlam) buyurur: “Tövbədən üstün nicat verən şəfaətçi yoxdur.”
“Mən la yəhzuruhul-fəqih” cild 3, səh 574, hədis 4965.
Şeyx Səduq, “əl-Məvaiz” səh 66, 102.
Şeyx Səduq, “Əmali” səh 399, hədis 515, məclis 52.
“Biharul-ənvar” cild 6, səh 19, hədis 6, bab 20.
İzah: Hədislərdən başa düşülən budur ki, “şəfaət” etiqad olunması vacib olan məsələlərdəndir. Həmçinin, etiqadı sağlam olmayan, Allaha fikirdə və əməldə şərik qoşan şəxslərə şəfaət olunmaz. Fikirdə və əməldə “şirki” qısaca belə izah edə bilərik ki, bir nəfər Allahın şərikinin olmasına inansa, belə şəxs nəzəri tovhiddə şirk etmiş sayılar. Əgər Allahın şərikinin olmamasına inansa, amma Allahın təyin etmədiyi rəhbərlərə tabe olsa, belə şəxs də əməli tovhiddə Allaha şərik qoşmuş sayılacaq. Elə buna görə də Allah təbarək və təala Öz kitabında İsrail övladlarından danışanda belə buyurur: “Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi Allahın yerinə tanrılar götürdülər.” (Tövbə 31)
Allah bu ayədə şirkin hər iki qisminə toxunmuşdur. Çünki, İsrail övladları İsa Məsihini (ə) Allah bilirdi və bununla nəzəri tovhiddə şirk edirdilər. Lakin onlar öz alim və rahiblərinə nə ibadət etmiş, nə də onları ilah bilmişlər. Tarixdən bu günümüzə qədər bizə belə bir xəbər çatmamışdır. Məlumdur ki, həmin rahibləri Allah rəhbər olaraq təyin etməmişdi və onlar öz istəylərinə uyğun dinin hökmlərini dəyişdirirdilər. İsrail övladları onları ilahi rəhbərlər olaraq qəbul etdiklərinə və onlara tabe olduqlarına görə əməli tovhiddə şirk etmiş sayılırdılar.
Hər bir müsəlman olan şəxs gərək bu məsələlərə qarşı çox diqqətli olsun. Allahın təyin etmədiyi rəhbərlərə hər hansı bir hökmdə itaət etməsin və onları özünə dost tutmasın. Çünki, bu hal insanın əbədi bədbəxtçiliyinə səbəb ola bilər.
İndi isə şəfaət barəsində İslam alimlərinin öz kitablarında qeyd etdiyi fikirləri siz əziz oxuculara təqdim edirik.
İslam alimlərinin şəfaət barəsində söylədikləri
1)Şeyx Səduq (r.ə) özünün “əl-Etiqadat” risaləsində yazır: “Şəfaət haqında etiqadımız budur ki, o, Allahın dinindən razı olduğu böyük və kiçik günah sahibləri üçündür... Şəfaət peyğəmbərlər, övsiyalar, möminlər və mələklərə məxsusdur (yəni bu dəstələr günahkarlara şəfaət edərlər).”
“əl-Etiqadat” səh 168, 169, 171, bab 21.
2) Seyyid Mürtəza (r.ə) bu barədə yazır: “Həzrət Peyğəmbərin (s) şəfaət edəcəyi barədə ümmət arasında ixtilaf yoxdur.”
“Şərhi cuməlil-elm vəl əməl” səh 156.
3) Mühəqqiq Hilli (r.ə) yazır: “Həzrət Peyğəmbərin (s) şəfaəti barədə bütün müsəlmanlar ittifaq etmişlər.”
“Məslək fi üsulid-din” səh 126.
4) Şeyx Təbərsi (r.ə) yazır: “Həqiqətən, ümmət Həzrət Peyğəmbərin (s) qəbul olunacaq şəfaəti haqqında icma etmişdir.”
“Məcməul-bəyan” cild 1, səh 103.
Əhli-sünnə alimlərinin şəfaət haqqında söylədikləri:
1)Fəxr Razi yazır: “(Bu) ümmət Muhəmmədin (s) axirət günündə şəfaət edəcəyi barədə icma etmişdir.”
“Təfsirul-kəbir” cild 2, səh 60.
2) Qurtubi yazır: “Haqq əhlinin məzhəbi (fikri) budur ki, həqiqətən şəfaət haqdır.”
“Camiu əhkamil-Quran” cild 1, səh 263.
3) İbn Həzm yazır: “Həqiqətən Allah Rəsulunun (s) öz ümmətinin böyük günah sahiblərinə şəfaət edəcəyi haqqdır.”
“əl-Məhəlla” cild 1, səh 16, məsələ 33.
4) Əbu Hamid əl-Ğəzzali yazır: “Şəfaətin (haqq olma) dəlilləri Quran və hədislərdə çoxdur”
“İhyau ülumid-din” cild 4, səh 526.
Nəticə: Göründüyü kimi Qurani-Kərim ayələrinə, təvatür hədislərə və ümmətin icmasına əsasən Qiyamət günü əqidəsi düzgün olan günah sahiblərinə şəfaət olunar. Axirət günü Allaha bu şəxslərin günahlarının bağışlanması, əzabın götürülməsi və nemətlərin artırılması üçün dua edilər. Allah bizləri axirət günü Həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi) və onun pak Əhli-Beytinin (səlavatullah aleyhim əcməin) şəfaətindən məhrum etməsin.
Anar Əhmədov
besiret.az