»»

Hənəfilik məzhəbinin banisi Əbu Hənifə kimdir?

Təhqiqatçılar çox yaxşı bilirlər ki, fiqhdə çox sayda əhli-sünnə imamı olmuşdur. Yeddinci hicri-qəməri əsrində həmən vaxtın hökümətinin göstərişinə əsasən əhli-sünnənin fiqhi məzhəblərinin aşağıdakı dörd məzhəbdən ibarət olmasına qərar verildi:

 1. Əbu Hənifənin məzhəbi

2. Malik ibn Ənəsin məzhəbi

3. Muhəmməd ibn İdris Şafeinin məzhəbi

4. Əhməd ibn Hənbəlin məzhəbi

Bu məqaləmizdə hənəfilərin imamı olan Əbu Hənifə Noman ibn Sabit haqqında bir sıra əhli-sünnə alimlərinin nəzərlərinə əsasən məlumat verməyə çalışmış və onun Peyğəmbərin Əhli-beytinə (əleyhimussalam) münasibəti və Əhli-Beytin də (əleyhimussalam) ona olan münasibəti haqqında qısaca söz açmışıq.

Əbu Hənifə əhli-sünnənin dörd məzhəb fəqihlərindən biridir. Tarix boyu milyonlarla insan ona təqlid etmişdir. Günümüzdə də dünyanın müxtəlif yerlərində çoxlu müqəllidləri mövcuddur. O, İmam Sadiqin (əleyhissalam) hədis ravilərindən olmuşdur.  Bu barədə ətraflı məlumat almaq üçün əhli-sünnənin böyük alimlərindən olan Yusif ibn Əbdurrəhman Mizzinin “Təhzibul-Əhkam” kitabına müraciət edə bilərsiniz[1]. O, həmçinin İmam Sadiqdən (əleyhissalam) dərs almış və imamdan (əleyhissalam) dərs aldığı iki il ilə bağlı belə demişdir: “O iki il olmasa idi Noman mütləq həlak olardı[2] . Əbu Hənifə dediyi bu sözə baxmayaraq camaatın İmam Sadiqə (əleyhissalam) yönəlməsinin qarşısını almaq üçün bir məzhəb təsis etmişdir.

Əbu Hənifə Peyğəmbərdən (sallallahu əleyhi və alih) çox az sayda hədis bilirdi. Buna görə də bəzi əhli-sünnə alimləri onun haqqında belə demişdir: “Əbu Hənifə hədisdə yetim idi”[3]. Digər tərəfdən isə bəzi əhli-sünnə alimləri onu hədisləri zəif olan bir ravi və ya “Muztəribul-hədis” (hədisi qarışdıran) kimi tanıtdırmışlar.[4]

Əbu Hənifə İslam dinində qiyas əsasında fətva verməyin banilərindən sayılır. Əlbəttə Əbu Hənifədən əvvəl qiyas əsasında hökm çıxaran İblis olmuşdur. İmam Sadiq (əleyhissalam) Əbu Hənifəni qiyasdan çəkindirərkən bu məsələyə işarə etmiş və buyurmuşdur: “Ən birinci qiyas edən İblisdir”[5].

Allahın dinində qiyas etmək haramdır. Belə ki, Əhli-beyt (əleyhimussalam) imamlarından bu işin haram olması ilə bağlı 500-dən çox hədis gəlmişdir. Buna əsasən də Əbu Hənifənin məktəbi Əhli-beytin (əleyhimussalam) nəzərində batildir və bu məzhəbin fiqhi məbnaları İblisin məbnaları kimi tanıtdırılmışdır.

Əbu Hənifə Əhli-beyt (əleyhimussalam) məktəbinin müqabilində məzhəb təsis etməklə qalmamış, İmam Sadiqlə (əleyhissalam) aşkar müxalifətdən də çəkinməmişdir. O, özü etiraf edir ki, bir gün (Abbbasi xəlifəsi) Mənsur Dəvaniqi mənim üçün xəbər göndərdi ki, camaat Cəfər ibn Muhəmmədə (İmam Sadiqə) aldanıb və ona tərəf üz tutur. Gərək elə bir iş görək ki, o, camaatın nəzərində etibardan düşsün. Buna görə də bir neçə məsələ hazırla və Cəfər ibn Muhəmmədin (əleyhissalam) hüzurunda müzakirəyə qoy ki, o, cavab verə bilməyib camaatın gözündən düşsün. Əbu Hənifə deyir ki, mən çətin məsələlərdən ibarət qırx məsələ hazırladım və onun hüzurunda müzakirəyə qoydum. Amma Cəfər ibn Muhəmməd (əleyhissalam) bu məsələlərin hamısına tək-tək cavab verdi.

 

[1] c.5, səh.76, nömrə: 950, naşir: “Müəssisətur-risalə”, Beyrut, 4-cü çap, 1406-cı h.q. ili.

[2] Şah Əbdul-Əziz mühəddis Dehləvi, “Muxtəsəru-tohfəti-isna əşəriyyə”, naşir: “Suheyl Əkidimi”, Pakistan, 4-cü çap, 1403-cü il.

[3] Xətib Bağdadi “Tarixu-Bağdad”, naşir: “Darul-ğərbil-islami”, c.15, səh.575.

[4] Həmən mənbə (naşir: Darul-kutubil-elmiyyə) c.13, səh.423

[5] Muhəmməd ibn Yəqub Kuleyni, “əl-Kafi”, c.1, səh.58, hədis 20, Əbu Nəim İsfəhani, “Musnədu-Əbi Hənifə”, səh.66, naşir: “Məktəbətul-Kovsər”, ər-Riyad, 1-ci çap, h.q. 1415-ci il

 

Bu hadisə Əbu Hənifənin Mənsur Dəvaniqinin və o məclisdə olan bəzi şəxslərin gözündən düşməsinə səbəb olmuşdu.[1]

Əbu Hənifənin Peyğəmbər Əhli-beyti (əleyhimussalam) ilə müxalifət etməsi və dində qiyas etməsindən əlavə etibarlılığı da bəzi bir-sıra əhli-sünnə böyükləri tərəfindən sual altında hesab olunmuşdur. Əhli-sünnənin nəzərində elm və əməl baxımından böyük alimlərdən sayılan təqribən 50 nəfər onu məzəmmət etmişdir. Əhli-sünnə böyüklərindən olan Hafiz Xətib Bağdadi özünün “Tarixu-Bağdad” kitabında Əbu Hənifənin tərcümeyi-halı barəsində bir fəsil açmış və orada alimlərin Əbu Hənifə haqqında dedikləri məzəmmətləri gətirmişdir[2]. Aşağıdakı məşhur və böyük əhli-sünnə alimlərinin kitablarında da Əbu Hənifə məzəmmət olunmuşdur:

1. Muhəmməd ibn İsmail Buxari, “əz-Zuəfa”, c.1, səh.132, “Darul-mərifə” nəşriyyatı, Beyrut, h.q. 1406-cı il

2 Əbul-Fərəc Əbdurrəhman ibn Əli, “əl-Muntəzəm fi-tarixil-muluki vəl-uməm”, c.8, səh.134, “Darul-kutubil-elmiyyə” nəşriyyatı, Livan, 1-ci çap, h.q. 1413-cü il

3. Zəhəbi, “Mizanul-itidal”, c.4, səh.265, nömrə: 9092, “Darul-mərifə” nəşriyyatı, Beyrut, 1-ci çap, h.q. 1382-ci il

4. Mənavi, “Feyzul-qədir”, c.1, səh.511, “Darul-kutubil-elmiyyə” nəşriyyatı, 1-ci çap, 1415-ci il

Əhməd ibn Hənbəl, Malik ibn Ənəs, Nəsai, Süfyan Suri və Yəhya ibn Muin kimi Əhli-sünnə böyükləri də Əbu Hənifəni məzəmmət etmişlər[3]. O, İmam Əmirəl-möminin Əli (əleyhissalam) ilə də bir çox yerlərdə müxalifət etmişdir. Zəhəbi özünün “Siyəru-əlamin-nübəla” kitabında[4] belə nəql edir: “İbn Nəsr bir sıra kitablar qələmə almışdır... Və Əbu Hənifənin Əli (əleyhissalam) və İbn Məsudla müxalifət etdiyi yerlərlə bağlı bir kitab (da) yazmışdır”. Bu məsələ aşağıdakı Əhli-sünnə mənbələrində də qeyd olunmuşdur:

1. İbn Əsakir, “Tarixu-mədinəti-Dəməşq”, c.56, səh.110, “Darul-fikr” nəşriyyatı, Beyrut, h.q. 1415-ci il

2. Subki, “Təbəqatuş-şafeiyyətil-kubra”, c.2, səh.247, “Hicr” nəşriyyatı, 2-ci çap, h.q. 1413-cü il

İbn Teymiyyə də bu məsələyə özünün “Minhacus-sunnə” kitabında[5] işarə etmişdir. Bizim məsum imamlarımız da (əleyhimussalam) Əbu Hənifəni bu və bu kimi məsələlərə görə lənətləmişlər.[6]

Əhli-sünnənin bir sıra digər böyük alimləri də onu bir sıra çirkin və batil fətvalarına görə təkfir etmişlər. Bu barədə ətraflı məlumat əldə etmək üçün “Tarixu-Bağdad” kitabına[7] müraciət edə bilərsiniz. Bu, Əhli-Beytdən (əleyhimussalam) uzaq düşmüş və camaatı onlardan uzaqlaşdırmaq üçün onların (əleyhimussalam) müqabilində məzhəb qurmuş bir şəxs haqqında qısa bir məlumat idi. Allah bizi Əhli-Beytdən (əleyhimussalam) uzaq salmasın.

 

Məqalədə Ayətullah Seyid Əli Milaninin araşdırmalarından isitfadə olunmuşdur.

Mürtəza Heydəri

Besiret.az

 

[1] “Camiu-məsanidi-Əbi Hənifə”, c.1, səh.222

[2] “Tarixu-Bağdad”, c.13, səh.325-426, “Darul-kutubil-elmiyyə” nəşriyyatı

[3] İbn Covzi,“əz-Zuəfa vəl-mətrukin”, c.3, səh.163, Nəsayi, “əz-Zuəfa vəl-mətrukin”, səh. 240, “Darul-mərifə” çapı, Beyrut, 1-ci çap, h.q. 1406-cı il.

[4] c.14, səh.38, “Müəssəsətur-risalə” nəşriyyatı, 9-cu çap, h.q. 1413-cü il.

[5] c.6, səh.314, “Daru-əhəd” nəşriyyatı

[6] “əl-Kafi”, c.1, səh.56, 57, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, 5-ci çap, h.ş. 1363-cü il “Vəsailuş-şiə”, c. 27, səh. 38, hədis: 3, “Müəssəsətu alil-beyt” nəşriyyatı, Qum, 1-ci çap, 1412-ci il

[7] c.13, səh. 374, 381, 383, 394, “Darul-kutubil-elmiyyə” nəşriyyatı, Beyrut, h.q. 1417-ci il

Рейтинг

В этом разделе