»»

Hidayət olanlar 84 - Kamila Selestino

Adı: Kamila Selestino

Ölkə: Braziliya

Keçmiş dini (Məzhəbi): Xristian (Katolik)

Braziliyadan olan Kamila Selestino adlı xanım kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.

Kamiliya Selestino adlı braziliyalı müsəlman qadın cəhalət və bilgisizlik qaranlığından çıxaraq “Allah iman gətirənlərin dostudur; onları zülmətdən nura çıxarar” ayəsinin canlı nümunəsinə çevrildi və Həzrət Fatimənin (s.ə) iffətini həyatına örnək seçdi. Aşağıda bu braziliyalı xanımla aparılmış müsahibəni oxuyacaq və onun İslam və hicab barədə baxışları ilə tanış olacaqsınız.

– Kamiliya xanım, İslamdan əvvəl hansı dinə mənsub idiniz?

Mən xristian ailəsində böyümüşəm. Ailəm olduqca dindar idi. Səkkiz yaşım olanda anam məni kilsəyə göndərir, dini dərslər almağımı istəyirdi. Lakin bu vəziyyət məndə xristianlıqla bağlı bir çox sual və şübhə yaratdı. Məsələn, xristianlıqda niyə üçlük inancı var? Niyə İsanı “Tanrının oğlu” adlandırırıq? Yaxud xristianların ən mühüm dualarından birində “Ey Məryəm, Tanrının anası” ifadəsi işlədilir, halbuki İncildə yazılıb ki, Tanrı hər şeyi yaradıb. O halda Tanrının anası necə ola bilər?!

Katolik xristianın Tanrıdan bağışlanma istəməsi üçün keşiş qarşısında günahını etiraf etməsi lazımdır ki, keşiş ona nə etməli olduğunu desin və Tanrı onu bağışlasın. Amma mən bunu qəbul edə bilmirdim. Niyə Tanrının bizi bağışlaması üçün günahkar bir insana etiraf etməliyik?

Zehnimdə cavab tapa bilmədiyim çoxlu suallar vardı. On iki-on üç yaşıma qədər dini dərslər üçün kilsəyə gedirdim, amma zaman keçdikcə bu sualların cavabını tapa bilmədiyim üçün xristianlığın natamam bir din olduğunu hiss etdim və onu tərk etdim. Digər tərəfdən, bir müddət anamın xəstəliyi və maddi çətinliklər səbəbindən Tanrının varlığına belə inanmırdım.

– İslama yönəlməyinizə səbəb nə oldu?

Bir gün məktəbdə müəllim şagirdlərdən dinləri barədə soruşurdu. Bir nəfər “Mənim dinim buddizmdir” dedi. Mən də bilirdim ki, buddizmdə Tanrı anlayışı yoxdur və həmin şəxslə daha çox danışmaq istədim. Buna görə təxminən bir il yarım onun toplantılarına qatıldım. Amma ailəm buna ciddi şəkildə qarşı idi.

Braziliyada din dəyişmək asandır, lakin bəzi dinlər üçün on səkkiz yaş və valideyn razılığı tələb olunur. Mən o zaman 16 yaşında idim və ailəm heç vaxt buddist olmağıma icazə vermədi. Buna görə buddizmi də tərk etdim və başqa bir dinə yönəlmədim.

18 yaşımda bir fotoqrafiya mağazasında işləməyə başladım. Mağaza sahibi livanlı və müsəlman idi. Maddi çətinliklərə görə orada işləməyə məcbur idim. Çünki o vaxta qədər müsəlmanları və İslamı heç sevmirdim. Amma həmin müsəlman kişinin davranışları mənə çox maraqlı gəlirdi.

Məsələn, qadınlarla əl vermirdi, hörmət əlaməti olaraq əlini sinəsinin üstünə qoyur və “Sizin dəyəriniz çox yüksəkdir, bizim sizinlə əl sıxmağımıza icazə yoxdur” deyirdi. Həmçinin qız övladlarına oğlanlardan daha çox ehtiram göstərirdi. Onun qadınlara münasibəti mənim İslam və müsəlmanlar barədə mənfi düşüncələrimi yavaş-yavaş dəyişməyə başladı.

Bir gün mənə “Peyğəmbər və Əhli-beyti” adlı kitab verdi. Kitabı açanda “İxlas” surəsinin portuqal dilində yazıldığını gördüm. Həmin surədə bütün suallarıma cavab tapdım və bu, məni İslam haqqında daha çox öyrənməyə təşviq etdi. Amma yenə də müsəlman olmağı düşünmürdüm.

Kitabı oxuyarkən İmam Hüseyn (ə) və Kərbəla hadisəsinə çatdım və həmin anda tamamilə təslim oldum. Anladım ki, artıq bu dinə qarşı dura bilmərəm və onu qəbul etməmək üçün heç bir bəhanəm qalmayıb.

Bu kitabı oxuduqdan sonra şəhadət kəlməsini deməyim təxminən altı ay çəkdi. Çünki İslam hökmlərini öyrənmək və surələri ərəb dilində oxumaq vaxt tələb edirdi. Nəhayət, 19 yaşımda İslama daxil olmağa hazır olduğumu hiss etdim və müsəlman oldum.

– Ailənizə dininizi dəyişdiyinizi necə bildirdiniz?

Ailəm bir qədər təəccübləndi. Çünki Braziliyada İslam haqqında mənfi təsəvvür var. Müsəlmanları terrorçu, İslamı isə sərt din kimi təqdim edirlər. Buna görə ailəm müsəlman olmağımı istəmirdi. Amma onlarla müsəlmanların inancları barədə danışdıqdan sonra bunu qəbul etdilər. Hətta hicab taxmağa qərar verəndə anam mənə çox dəstək oldu.

– Müsəlman olduqdan sonra ailəniz dinini dəyişmədi?

Xeyr. Ailəm hələ də xristiandır. Bu illər ərzində bir neçə insanın müsəlman olmasına səbəb olmuşam və bəzi sünnilərin şiəliyi qəbul etməsinə kömək etmişəm. Amma ailəmə heç vaxt təzyiq göstərmirəm. Çünki düşünürəm ki, insan bir şeyi ürəkdən qəbul etməlidir.

Əlbəttə, İslam barədə öz vəzifəmi yerinə yetirirəm, amma hidayət Allahın əlindədir. Heç kimi İslamı qəbul etməyə məcbur edə bilmərəm. Quranda buyurulduğu kimi: “Dində məcburiyyət yoxdur.”

– Müsəlman olduqdan sonra cəmiyyətdə hansı reaksiyalarla qarşılaşdınız?

Oxumağı sevən və ya İslam haqqında müəyyən məlumatı olan insanlar mənə böyük hörmət göstərirdilər. Hətta bəzən heç nə bilməyənlər də hörmətlə yanaşırdı. Amma İslama qarşı mənfi münasibətdə olan bir qrup da vardı və onlar müsəlmanları çox narahat edirdilər.

Bir dəfə metroda bir kişi hicabıma görə mənə hücum etdi. Başqa bir dəfə şəhərin mərkəzində kimsə üstümə zibil atdı. Amma mən bu insanlara heç vaxt nifrət etmədim. Çünki düşünürəm ki, onlar televiziya, radio və sosial mediada yayılan yanlış məlumatların təsiri altındadırlar və heç vaxt bu məlumatların doğruluğunu araşdırmayıblar.

– Hicab bağlamadığınız dövrdə geyim tərziniz necə idi?

Xristian olduğum dövrdə adi geyinirdim. Amma böyüdükcə uzun və bol geyimlər seçməyə başladım. Çünki özümü heç vaxt tam təhlükəsiz hiss etmirdim. Bəlkə də bu hiss olmasaydı, hicaba və çadraya yönəlməzdim. Həqiqətən, hicabla cəmiyyətə çıxanda özümü çox güvəndə hiss edirəm.

– Hicabdan əvvəl və sonra nə hiss etdiniz?

Müsəlman olmamışdan əvvəl insanların narahatedici baxışlarına görə uzun və bol geyimlər geyinməyə çalışırdım. Amma yenə də müxtəlif sözlər eşidirdim. Özümü qorumaq üçün nəsə etmək istəyirdim.

Müsəlman olub hicab bağladıqdan sonra isə özümü azad və təhlükəsiz hiss etməyə başladım. Çünki artıq heç kim mənə istədiyi kimi baxmağa cəsarət etmir.

Çadranı yaxından görəndə onu çox maraqlı hesab etdim. Bütün bədəni örtdüyü üçün düşünürdüm ki, mənim dəyərimi daha da yüksəldir. Buna görə öz ölkəm Braziliyada da çadra geyinməkdə israrlıyam. Çadranı ürəyimlə seçmişəm, heç kim məni buna məcbur etməyib. Sadəcə hiss etdim ki, dinim çadra ilə daha kamil olur.

– Əgər hicabı bir şeyə bənzətməli olsaydınız, nəyə bənzədərdiniz?

Bir döyüş zamanı Cəbrayıl Peyğəmbərə (s) nazil olmuş və Allah tərəfindən qorunması üçün ona “Cövşəni-Kəbir” duasını gətirmişdi. “Cövşəni-Kəbir” insanı hər cür bəladan qoruyan döyüş geyimi mənasını verir.

Mən hicabı, xüsusilə çadranı qadın üçün “Cövşəni-Kəbir”ə bənzədirəm. O, qadını nəfsani istəklərdən qoruyur.

Həmçinin düşünürəm ki, hicab İslamın rəmzidir. Çünki qeyri-müsəlman ölkəsində bir müsəlman kişini görəndə onun müsəlman olub-olmadığını bilməyə bilərsiniz. Amma qadın hicab taxırsa, onun müsəlman olduğunu dərhal anlayırsınız.

– Sizcə, İslami hicab cəmiyyətdə cinayət və cinsi zorakılığın azalmasına nə dərəcədə təsir edir?

Hicab cinayət və cinsi zorakılığın azalmasına çox təsir göstərir. Təəssüf ki, bəzi hicab əleyhdarları açıq-saçıq geyimin bu məsələlərə təsir etmədiyini iddia edirlər. Hətta Qərb cəmiyyətlərində hicabın olmamasının cinsəlliyin adiləşməsinə səbəb olduğunu müdafiə edirlər. Amma mən bu fikirlə qətiyyən razı deyiləm.

Statistik məlumatlara görə Braziliya, Amerika, İngiltərə və digər qeyri-müsəlman ölkələrində cinsi zorakılıq halları İran kimi müsəlman ölkələrindən qat-qat çoxdur.

Həqiqətən də hicab, xüsusilə mədəni baxımdan, cinayət və cinsi zorakılığın azalmasına təsir edən mühüm amildir. Hicab vasitəsilə daha sağlam cəmiyyət qurmaq mümkündür.

– Həm qeyri-İslam cəmiyyətində, həm də İslam cəmiyyətində yaşamış biri kimi, Qərb mədəniyyətinə heyran olanlara nə tövsiyə edərdiniz?

Mən də vaxtilə Amerika, İngiltərə və xarici ölkələrə heyran idim. Amerikada — Nyu-Yorkda və Kaliforniyada yaşamaq arzum vardı. Hətta Amerika İraqa daxil olanda onu müdafiə edir, “Amerika iraqlıları öldürməlidir” deyə düşünürdüm.

Amma İslamla tanış olduqdan sonra anladım ki, bu dünyadan yalnız etdiklərimizi özümüzlə aparacağıq. Həm bu dünyada, həm də axirətdə insanı xoşbəxtliyə aparan kamil bir dinə sahib olmaqdan daha üstün heç nə yoxdur.

Bəzən insanlar inadkar olur, öz dinlərinə, vətənlərinə və mədəniyyətlərinə qarşı çıxırlar. Bu inadkarlığı bir kənara qoymaq lazımdır. Əgər sualımız varsa, sadəcə etiraz etməklə kifayətlənməməli, cavab axtarmalıyıq.

Digər tərəfdən, təəssüf ki, insanların xarici ölkələr barədə təsəvvürü çox vaxt yanlışdır. Xarici filmlərdə gördüklərimiz reallıqdan uzaqdır. Filmlərdə yalnız yaxşı tərəfləri göstərirlər. Halbuki hər ölkənin — Amerika da daxil olmaqla — həm yaxşı, həm də pis tərəfləri var. Buna görə aldadıcı Qərb görüntüsünə aldanmamalıyıq.

 

(c) al-mostabserin.com

 

Рейтинг

В этом разделе