»»

İmam Həsən Əskərinin (ə) təfsirində səhabələr barədə şübhəyə cavab

İhsan Zahir deyir: “Həsən ibn Əlinin övladlarından biri, şiələr arasında on birinci imam kimi tanınan Həsən Əskəri öz təfsirində deyir:

“Kəlimullah Musa Rəbbindən hansısa peyğəmbər səhabələrinin onun səhabələrindən daha çox hörmətə malik olub-olmadığını soruşdu. Uca Allah buyurdu: “Ey Musa! Bilmirsənmi, Muhəmmədin səhabələrinin bütün peyğəmbərlərin səhabələri üzərindəki fəziləti Muhəmmədin özünün digər peyğəmbərlər üzərindəki fəziləti kimidir”.515

Müzakirə
Birinci: Bu təfsirin İmam Həsən Əskəriyə (s) mənsub olması isbat edilməyib. Çünki bu kitab Şeyx Səduqa üç yolla yetişib. Bunlar: Əbülqasim Muhəmməd Əstərabadi, Əbülhəsən Əli ibn Muhəmməd ibn Səyyar və Əbu Yaqub Yusuf ibn Muhəmməd ibn Ziyaddır. Sonuncu iki şəxs barədə heç bir şiə rical kitablarında onlara inamı təsdiqləyəcək hər hansı bir söz varid olmayıb. Bu səbəbdən həmin kitabın əlimizə yetişmə yolu zəifdir.

Seyyid Xoyi deyir: “Bu kitaba nəzər salan şəxs onun uydurulmuş olduğuna şübhə etmir. Alimin məqamı belə bir kitab yazmaqdan uzaqdır, bəs İmama (ə) nisbəti necə mümkün olar?!” 516

İkinci: Bu rəvayətdəki ümumi məna heç də bütün səhabələri əhatə edəcək ümumilik deyil ki, Muhəmmədin (s) səhabələrinin bütün peyğəmbərlərin səhabələrindən üstünlüyünü bildirsin. Məlumdur ki, Peyğəmbərin (s) bəzi səhabələrini Qiyamət günü oda tərəf sürüyəcəklər. Bunu Buxaridəki və digər mənbələrdəki hədisdə də oxuyuruq: “Bilin ki, ümmətimdən bir dəstə adam gətirilib Cəhənnəmə doğru aparılacaq. Mən “Ya Rəbbim, səhabələrim, səhabələrim!” deyəcəyəm. Mənə deyiləcək: “Onların səndən sonra nələr etdiklərini bilmirsən!” Mən saleh bəndə İsanın dediyi kimi deyəcəyəm: Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni öldürdükdən sonra onlara nəzarətçi Özün oldun. Mənə deyiləcək: Sən onların arasından ayrıldıqdan sonra onlar dindən üz döndərib əvvəlki hallarına qayıtdılar”.517

Belə olduqda, bu cür səhabələr necə bütün peyğəmbərlərin səhabələrindən, hətta cənnət əhlindən üstün ola bilərlər?! Məlum olur ki, məqsəd heç də ümumən bütün səhabələr deyil, yalnız onların müəyyən bir dəstəsidir. Yəni əgər Peyğəmbərin (s) müəyyən bir dəstə səhabələrini götürsək, onların digər peyğəmbərlərin bütün səhabələrindən fəzilətli olduğunu görərik. Buna heç bir irad və şübhə də yoxdur.

İhsan Zahir deyir: “Bundan sonra Həsən Əskərinin təsfirində yazılıb: “Muhəmmədin ailəsinə, xeyirli səhabələrinə və ya onlardan birinə qarşı çıxan kəsə elə əzab verər ki, əgər o əzab məxluqlar arasında bölünsəydi hamısı həlak olardılar”.518

Müzakirə
Birinci: Əvvəlki dəlilin müzakirəsində qeyd etdiyimiz kimi, İmam Həsən Əskərinin (ə) təfsirindən gətirilən rəvayət kitab etibarsız olduğu üçün dəlil sayıla bilməz.

İkinci: Rəvayətdə səhabələr “xeyirli” sifəti ilə qeyd edilir. Belə olduqda, rəvayət Peyğəmbərin (s) əshabı arasında xeyirli olmayan səhabələrin mövcudluğunu isbat edir. Çünki hər bir qeyd müəyyən keyfiyyət və xüsusiyyətləri vurğulayır. Bunun isə bəyan və təkid olmadığı, əksinə etiraz xarakteri daşıdığı aydındır. Burada “xeyirli” sifəti “xeyirli olmayan” sifətindən etiraz və çəkindirmədir. Bu rəvayət xüsusi iqrari cəhətdən də olsa bəzi səhabələrin “xeyirli” sifətinə sahib olmadıqlarına dəlalət edir. Buna əsasən, rəvayət bütün səhabələrin mədh və tərifinə dəlalət etmir, yalnız onlardan xeyirlilərə şamil olur. Bu isə şəkk mövzusu deyil. Şiələr də bundan artığını iddia etmirlər. Onlar yalnız səhabələr barədə həddi aşmağı, Allahın, Rəsulunun (s) və Əhli-Beytin (ə) onların hamısından razı olduqlarını inkar edirlər. Çünki bu iddianı Quran, sünnə və səhabələrin tarixdəki həyat seyrləri də təkzib edir. Bunu əvvəldə də qeyd etmişdik.

515 Şiə və Əhli-Beyt, s. 40
516 Möcəmu ricalil-hədis, Seyyid Xoyi, c. 13, s. 157
517 Səhih, Buxari, c. 5, s. 192
518 Şiə və Əhli-Beyt, s. 40

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе