»»

İlk qabaqcıllar (Tövbə surəsi, 100) - 4cü hissə

 

 

Dördüncü hissə.

Allah-təala buyurub: “Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!” (Tövbə surəsi, ayə 100).

Ola bilər bəziləri güman etsin ki, Allah yaxşılığı ilkq qabaqcıllara tabe olanlarda şərt qoymuş, amma ilk qabaqcılların özlərinə şərt qoymamışdır. Onlara hər şey etmək icazəlidir. Bu, batil düşüncədir, İslamın və ədalətin ruhundan uzaqdır.

Şeyx Müfid belə deyir: “Əgər cavabda desə ki, “ilk qabaqcıllara məxsus olması və onlara şərt qoyulması düzgün deyil. Çünki Allah-təala tabeinlərə şərt qoymuşdur. Onlara aid olaraq belə buyurmuşdu: “yaxşılıqla onlara tabe olanlardan”. Əgər ilk qabaqcıl olan şəxslərdən kiminsə yaxşı əməldən qeyri bir şey etməsi mümkün olsaydı, ayədə onlardan mütləq razılıq olduğu deyiməzdi və onların ardınca gedənlərdə şərt qoyulmazdı”. Ona belə irad tutular:  Bu babın əvvəlində sən  bu sözlə ilk qabaqcılların məsum olmasını vacib bildin, onların xəta etməsini və hər hansı eybin onlara nisbət verilməsini aradan qaldırdın. Ümmət isə ayəyə əsasən barələrində iddia etdiyinin əksini icma etmişdir. Belə ki, “…yaxşılıqla onlara tabe olanlardan Allah razıdır və onlar da Allahdan razıdırlar” ayəsində yaxşılıq tabeinlər üçün şərt deyil. Sadəcə olaraq tabe olmağın xüsusiyyətidir. Rəhmət və bağışlanmadan uzaq olan başqa tabeçilik növlərindən fərqləndirmək üçündür. Bu isə qeyd olunan şərtin ilk qabaqcıllara da aid olmasına və onların əməllərində yaxşılığın şərt olmasına maneçilik etmir…

İlk qabaqcıl səhabələrin zahiri saleh əməllərini, onların savab əhlindən və nəim cənnətinə daxil olmalarını ümumi mənada inkar etmirik. Həmçinin onların tabeinlər barədə dedikləri rəy də (yəni yaxşı əməl etməklə onlara tebe olmaq şərtinin tabeinlərə aid olması) hökmdən düşür. Çünki tabeinlər barəsində olan şərtin ilk qabaqcıllar barədə də olmasına heç bir mane yoxdur. İxtisar məqsədilə “ilk qabaqcıllar” deyilməklə kifayətlənmişdi. Qurani-kərimdə bu səpkidə ayələr vardır. Bu, aşağıdakı ayə hökmündədir. Allah-təala buyurur: “… halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı” (Tövbə surəsi, ayə 62). Burada Allah razı salmaq təsniyə (ikilik) kateqoriyasında deyil, tək işlədilmişdir. Buna əsasən demək olmaz ki, razı salmaq Allaha və ya Rəsulullaha aid olmalıdır.

Həmçinin Allah-təala buyurur: “… (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir). (Tövbə surəsi, ayə 34,35).

Bu ayədə qızıl və gümüşdən danışılmasına baxmayaraq ayədə bitişən əvəzlik mufrəd (təklik) kateqoriyasında işlədilmişdir.

Ona (yuxarıdakı dəlili deyən şəxsə) həmçinin belə demək olar. Məgər Allah-təala “Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar). “Əshabi-yəmin”dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa” (Mudəssir surəsi, ayə 38, 39) deyə buyurmur?! Burada nəfs (kəs) sözündə heç bir istisna edilməmişdir. Bu söz uşaqları, ağla sahib olmayanları, heyvanları və dəliləri də ehtiva edir. Onların istisna edilməsi ağıl sahiblərinin istisna etmələrinə əsasəndir.

Qeyd edilənlərdən sonra nəyə əsasən tabeinlər barəsində olan şərt kimi ilk qabaqcıllar barəsində də şərt olması inkar edilməlidir? Halbuki bu söz ilk qabaqcıllar qeyd edildikdən sonra tabeinlər barəsində aşkar qeyd edilmişdir. Düşünən şəxs üçün bu, aşkar məsələdir. Dediklərimiz xəbər barəsindədir. Qeyd etdik ki, hikmət sahibi olan Allah cənnəti yalnız ixlas şərtilə vacib etmişdir. Çünki hikmət günahla şirnikləndirməkdən çəkindirir. Bütün bunlar bu ayənin yozumunda onların gümanlarını və tərəfini tutduqları şəxslərin cəhənnəm odundan xilas olmaları barədə sığındıqları bütün dəlilləri puç eidr. Çünki onların məsum olmamaları barədə icma vardır. Onlar (səhabəlır) günah etmələri, bilərəkdən və ya səhvən Allaha müxalif çıxmaları mümkün olan şəxslərdəndirlər. Əvvəlki səhifələrdə bu barədə qeyd edilmişdir. Uzun-uzadı danışmağımıza ehtiyac yoxdur”. (Şeyx Mufid, əl-İfsah, səh. 79, 83. İxtisarla).

Səhabəyə tabe olmaq.

Bəziləri ayədəki “… yaxşılıqla onlara tabe olanlardan…” sözündən belə başa düşürlər ki, Allah-təala ilk qabaqcıllara tabe olmağı əmr etmişdir. Onlara yaxşılıqla tabe olanlardan Allah razı olmuş və onlara cənnəti vəd etmişdir. Onlar və və onlara tabe olanlar nicata çatanlardandırlar. Aşağıda bu anlayış barədə bəzi mülahizələri qeyd edirik:

- Ayə mühacirlərdən olan ilk qabaqcılları və ənsardan olan ilk qabaqcılları qeyd edir, onların hamısını əhatə etmir. Çünki ayədə “mühacirlərdən və ənsardan olan” deyə buyurulur. Ayədə “min” ön qoşması bəzi mənasını ifadə edir. Alusi də bizim dediyimiz kimi deyir. Bu isə onların sayının az olmasına dəlalət edir. Bu məna əksəriyyətin səhabələrə tabe olmaq və onların ədalətli olması iddiasına müxalifdir. Buna əsasən də onların adlarını dəqiqliklə qeyd etməliyik. Münafiqləri, xüsusilə də, əvvəlki bölmədə qeyd etdiyimiz kimi Ühüd döyüşündə Peyğəmbəri (s) tərk edib gedən üç yüz nəfəri onlardan istisna etməliyik.

- Mühacirlər və ənsar bir-birinə müxalif olmuşlar. Necə ola bilər ki, Allah-təala iki ziddə tabe olmağı əmr etsin? Səd bin Ubadə Əbu Bəkrin xəlifəliyini qeyri-şəri hesab edirdi. Qətlə yetirilənədək ona beyət etmədi. Buna əsasən də ona tabe olaraq Əbu Bəkrin xəlifəliyini qəbul etməmək icazəlidir. Bu nəzəriyyənin  (səhabələrin hamısının ədalətli olması nəzəriyyəsi) tərəfdarları Əbu Bəkr və Ömərin sünnəni yandırmaları, nəql etməyi və yazmağı qadağan etmələri kimi işlərində onlara tabe olmağı qəbul edirlərmi? Deməli, sünnəni yazmaq və nəql etməklə sələfilər onların sünnələrinə və əməllərinə müxalif çıxırlar. Xələf (sonradan gələnlər) hədis kitablarını yandırmalı və Quranla kifayətlənməli idilər. İki ağsaqqala  (Əbu Bəkr və Ömər) tabe olaraq Allahın kitabı bizə yetər deməlidirlər. Güman etmirəm ki, belə etsinlər. Bu, onların dəvət etdikləri nəzəriyyənin zəif olmasına dəlalət edir. Kimsə Ömərin təyəmmümün olmaması barədə fətvasına tabe olarmı? (Səhih Müsli, Təyəmmüm bölməsi). Belə olarsa, Quran hökmünü inkar etmiş olar. Haşa ki, Allah-təala kitabına müxalif olan bir şeyi əmr edə və ya qəbul edə! Bu nəzəriyyəyə əsasən hər hansı bir hakim öz qohum-əqrəbasını ən yüksək vəzifələrə təyin edib onlara istədiyi var-dövləti verə bilər. Çünki o, bu hərəkətində Osman bin Əfvana tabe olmuşdur.

- Əli bin Əbu Talib (ə) ilk qabaqcılların birincisidir. O, Əbu Bəkr və Ömərin üslubu ilə əməl etməyi inkar etmişdir. Onların hər ikisi əksəriyyətin rəyinə əsasən ilk qabaqcıllardandır. Onların iddiasına əsasən necə ola bilər ki, Əli Allahın tabe olmağı əmr etdiyi bir kəsin sünnəsinə əməl etməkdən imtina etmişdir?

İbn Həcər belə deyir: “O, (İmam Əli) Ömərin təyin etdiyi şuranın üzvündən idi. Əbdürrəhman bin Ouf  xilafəti ona təqdim etdi. Ona elə şərtlər qoydu ki, həmin şərtləri imtina etdi. Ondan üz çevirərək Osmana təqdim etdi. O isə qəbul etdi”. (əl-İsabə, c. 4, səh. 465).

İbn Həcər həmin şərtləri qeyd etməmişdir. Lakin hədis və tarix kitablarında bu barədə qeyd edilmişdi.

İbn Şubhə səhih sənədlə belə nəql edir: “Məhəmməd Musa bin Əqəbədən, o da Nafedən belə nəql edir: Abdullah bin Ömər on belə demişdir: “… Əlini yanına çağırıb dedi: “Allahın əhd-peymanına əməl et. Allahın kitabına, Rəsulunun sünnəsinə və ondan sonrakı iki xəlifənin üslubuna əməl etməlisən”. (Əli) dedi: “Mən elmimin və gücümün imkanında əməl etməyi ümid edirəm”. Osmanı yanına çağırıb ona da Əliyə dediyi sözləri dedi. (Osman) bəli dedi. (Əbdürrəhman bin Ouf) ona beyət etdi. Əli dedi: “Xilafəti ona peşkəş verdin. Bu, ilk gün deyil ki, bizə qarşı çıxırsınız. “Buna görə də gərək gözəl bir səbr edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır” (Yusif surəsi, ayə 18). Allaha and olsun, Osmanı ona görə təyin etdin ki, özündən sonra bu işi sənə qaytarsın”. (İbn Şubhə, Tarixul-Mədinəti, c. 3, səh. 924; Tarixi Təbəri, c. 3, səh. 297).

Buna əsasən iki şeyxin sünnələrini və üslublarını rədd etmək məsələsində Əliyə tabe olmaq icazəlidir. Kim iki şeyxin sünnəsini rədd edərsə, ilk qabaqcılların ən birincisi və üstünü olan Əli (ə)-a tabe olmuşdur.

- Əli (ə) bir çox məsələlərdə Osmana müxalif olurdu. İbn Həcər belə deyir: “İshaq dedi: Mötəmir bin Süleyman bizə dedi ki, atamın belə dediyini eşitdim: Əbu Nəzr Əbu Useydin – o, Malik bin Rəbiədir – azad etdiyi qul olan Əbu Səiddən bizə belə nəql etdi: “Osman həcc aylarında ümrəni və ya ümrə ilə həcc etməyi qadağan etdi. Bu sözə görə Əli yerindən etiraz etdi. Osman – Allah ondan razı olsun – mənbərdən enib əlinə bir şey alıb Əliyə - Allah ondan razı olsun – tərəf getdi. Təlhə və Zübeyr yerlərindən qalxıb həmin şeyi onun əindən aldı. O, Əliyə - Allah ondan razı olsun – tərəf gəldi. Az qala barmağını onun gözünə soxaraq belə dedi: “Sən azğın və yoldan azdıransan”. Əli – Allah ondan razı olsun – ona heç bir cavab vermədi”. (əl-Mətalibul-aliyə, c. 10, səh. 44).

Bu rəvayətin sənədi səhihdir. Belə ki, İbn Həcər əl-Mətalibul-aliyə, c. 18, səh. 42-də rəvayətin başqa mətnini səhih hesab etmişdir. Çap olunması gözlənilən “Dauru əshabiil-imam Əli fi məqtəli Osman” (Osmanın qətlində İmam Əlinin səhabələrinin rolu) adlı kitabımızda bu rəvayəti müfəssəl surətdə araşdırmış və səhihliyini sübuta yetirmişik.

Deməli, Osman bir şeyi əmr edir və Əli ona müxalif çıxdığı üçün onun azğın və yoldan azdıran adlandırır. Məgər Allah-təala bir-birinə zidd olan hər iki sözə tabe olmağı əmr edir?! Burada ya Allah bir-birinə zidd olan iki şəxsə tabe olmağı əmr edir. Halbuki bu, Allahın dini üçün naqislikdir. Yaxud Allah onlardan birinə tabe olmağı əmr edir. Səqəleyn, Qədir-xum və başqa  hədislırin dəlalətinə əsasən isə həmin şəxs Əlidir.

- Əksəriyyətin əqidəsinə əsasən ilk qabaqcıllar Ühüd, Xeybər və Hüneyn döyüşlərində olduğu kimi döyüş meydanından qaçmışlar. Onların fərariliyinə tabe olmaq düzgündürmü? Buna görə insana nöqsan gəlməzmi? Bu hərəkət “yaxşılıqla onlara tabe olanlar” ayəsinin tətbiqidirmi? Yoxsa insan belə edərsə, Allahın qəzəbinə məruz qalar? Heç bir ağıl sahibi bu məsələdə onlara tabe olmağın icazəli olmasını deməz. Bununla da aydın olur ki, ayənin mətni əhli-sünnə və sələfilərin idda etdikləri mənanı vermir.

- Əgər ayə onların dediyi mənada olsaydı, dəvətin ilk çağlarında mürtəd olmuşlara tabe olmaq icazəli olardı. Peyğəmbərin zövcəsinə böhtan atan Musəttəhə tabe olmaq icazəli olardı! Hatibin etdiyi kimi düşmənlərin xeyirinə casusluq etmək icazəli olardı!

- İbn Həzmin bu şübhəyə verdiyi cavab bu barədə uzun-uzadı danışmağı yetərsiz edir. Belə ki, o, deyir: “Rəsulullahın (s) səhabə olan hrə kəsə tabe olmağı əmr etməsi qeyri-mümkündür. Səhabələrdən elələri vardır ki, bir şeyi halal etmiş, digəri isə haram etmişdir. Əgər belə olsaydı, Sumrə bin Cundəbə iqtida olunduqda şərabın satılması halal olardı. Əbu Təlhəyə iqtida olunduqda oruc tutan şəxsin buz yeməsi halal, başqalarına iqtida olunduqda isə haram olardı… Ömərə iqtida olunduqda bar yetişmədən əvvəl onun satılması halal, başqasına iqtida olunduqda isə haram olardı. Bütün bunlar bizim kitablarımızda səhih sənədlə nəql olunmuşdur. Səhv və xəta edən bir camaata necə təqlid etmək icazəli olar bilər?! Əgər Rəsulullah (s) səhabələrinin fətva verərkən səhv etdiklərini xəbər veribsə, Allaha və axirət gününə inanan mömin necə deyə bilər ki, o həzrət onların xəta etdiklərini deməklə yanaşı onlara tabe olmağı vacib etmişdir. Onlara qadağan etdiyi işlərdə onlara iqtida etmək necə düzgün ola bilər? Bu kimi məsələni yalnız fasiq və  cahil biri Peyğəmbərə nisbət verə bilər. Bu iki məsələdən birinin ona nisbət verilməsi vacibdir. Bu məsələnin qəbul olunması dinin aradan getməsi deməkdir. Batilə tabe olmaq, eyni vaxtda bir şeyi haram və halal bilmək ağıla sığmazvə eyni zamanda Rəsulullahı təkzib etməkdir. Kim Peyğəmbərin adından yalan danışarsa, cəhənnəmə vasil olar. Bundan Allaha sığınırıq”. (əl-İhkam fi usulil-əhkam, c. 6, səh. 244-250. İxtisarla).

- Ayə ilk qabaqcılların kimlər olduğunu təyin etməmişdir ki, biz də onlara tabe olaq. Əvvəlki bölmlərdə onların içərisində Ubeydullah bin Cəhş və başqaları kimi mürtədlər olduğunu bəyan etmişdik. Onların içində münafiqlər də vardır. Bəzi münafiqləri yalnız Allah-təala tanıyır. Araşdırmadan, tanımadan mütləq surətdə onlara necə tabe ola bilərik? Bəlkə biz bilmədən münafiq birinə tabe oluruq? Bu isə sonda bzim həlakımıza səbəb olacaq. Qeyd etdiyimiz kimi Ühüd döyüşündə 300-ə qədər münafiq Abdullah bin Ubəyə tabe olaraq Peyğəmbəri tərk etmişdilər.

- Səhabənin özlərinin nicatı, Peyğəmbərə tabe olmaqdadır. Onlar qurtuluş və nicat meyarı deyillər.

- Həmin dövrdə Məkkə əhalisinin sayı minlərlə idi. Əksəriyyəti fəth zamanı iman gətirdilər. Onların hamısı Peyğəmbərin (s) səhabələridirlər. Bununla yanaşı Qurani-kərim onların müqəddəratının sonunun cəhənnəm alovu olacağını bəyan etmişdir. Allah-təala buyurur: “ Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi – Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər”. (Yasin surəsi, ayə 7).

Təbəri bu ayənin təfsirində belə deyir: “Onların əksəriyyətinin cəzalanması vacibdir. Çünki Allah-təala Ummul-kitabda onların iman gətirməyəcəyini və peyğəmbəri təsdiqləməyəcəklərini hökm etmişdi”. (Camiul-bəyan ən təcili ayil-Quran, c. 22, səh. 180).

Bu ayə dəlalət edir ki, Məkkə əhalisindən müsəlman olanların əksəriyyəti haqqı ilə iman gətirməmişdir. Onların sonu cəhənnəm alovudur. Onların içində möminlərin sayı az idi.

Məlumdur ki, Peyğəmbər (s) Qurani-kərimi təfsir edən və sirlərini bəyan edəndir. Allah-təala buyurur: “ (Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (Nəhl surəsi, ayə 44).

Şübhəsiz ki, Peyğəmbər özündən sonra ümməti üçün nicat yolunun bəyanında simiclik etməmişdir. Bunula yanaşı əhli-sünnənn anladığı mənada Peyğəmbərdən (s) bir dənə belə səhih hədis nəql olunmamışdır. Peyğəmbər səhabələrinin hamısına və ya yarısına tabe olmağı əmr etməmiş, yaxud ilk qabaqcıllara tabe olmağı səhih bir hədisdə buyurmamışdır. Əgər səhabəyə tabe olmaq nicat yolu olsaydı, bəs nə üçün onlara tabe olmağı əmr edən aşkar bir ayə nazil olmamışdır ki, onu anlamaqda iki nəfər ixtilaf etməsin?

- Peyğəmbər (s) dəfələrlə səhabənin mürtəd olacağını qeyd etmişdir. Bu, onlara tabe olmaq məsələsində ehtiyatlı olmağı əks etdirir. Onlardan kimin mürtəd olduğunu bilmədən onlara necə tabe ola bilərik? Cəhənnəmə sürüklənənlər kimlərdir?

Beyhəqi Əbu Dərdanın belə dediyini nəql etmişdir: “Ya Rəsulullah, eşitdim ki, sən “bəzi insanlar imandan sonra mürtəd olacaqlar” demisən. (Peyğəmbər) dedi: “Bəli. Sən onlardan deyilsən”.  (Dəlailun-nubuvvə, c. 6, səh. 403; Müsnədi Əhməd, c. 1, səh. 257).

Hovz hədisi bəzi səhabələrin cəhənnəmə vasil olacağıan dəlalət edir. Həmin rəvayətin mətnlərindən birində deyilir: “Mən deyəcəm: “Ey Rəbbim, səhabəlırim!”. (Allah) deyəcək: “Səndən sonra nə etdiklərini bilmirsən!”. (Səhih Buxari, kitabul-fitən,  “(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır” ayəsi barədə nəql olunanlar.

Başqa bir rəvayətdə : “Mən deyəcəm: “Səhabələrim!Səhabələrim!” Belə deyiləcək: “Sən onları tərk etdikdən sonra geri (cahiliyyətə) döndülər”. (Səhih Buxari, c. 4, səh. 110).

Digər bir rəvayətdə belə deyilir: “Sizlərdən bir dəstə məndən uzaqlaşdırılacaq və onlar mənə qovuşmayacaqlar. Mən deyəcəm: “Ya Rəbbi, onlar mənim səhabələrimdəndirlər”. Bir mələk mənə deyəcək: “Heç bilirsənmi səndən sonra nə ediblər?”. (Səhih Muslim, c. 1, səh. 150).

Səhih Buxaridə belə deyilir: “Mən onları tanıdıqda bir kişi onların və mənim aramda dayanacaq və onlara “Gəlin!” deyəcək. Mən: “Hara?” deyə soruşacam. O, deyəcək: “Allaha and olsun ki, cəhənnəm alovuna”. Mən: “Onlar ne etmişlər?” deyəcəm. O deyəcək: “Səndən sonra geri (cahiliyyətə) döndülər”. Onlardan yalnız bir dəvə yükü qədər (yəni az sayda) adamın xilas olacağını görəcəm”. (Kitabur-riqaq, babun fil-havzi).

“Qiraətun fi ədillətis-sələfiyyə” kitabında Hovuz hədisi barədə geniş bəhs olunmuşdur. Kitabda həmin hədisin yozumu və təfsiri barədə şübhələrə cavab verilmişdir.

Ummu Sələmədən belə nəql olunur: “Mən Rəsulullahın (s) belə dediyini eşitdim: “Səhabələrim içərisində elələri olacaq ki, onları tərk etdikdən sonra bir daha məni görməyəcəklər” (Müsnədi Əhməd, c. 6, səh. 290; Silsilətul-əhadisis-səhihə, c 6, səh. 1202, hədis 2982).

- Biz Allahın elmində iman gətirəcəkləri, əqidələrini dəyişdirməyəcəkləri, cahiliyyətə dönməyəcəkləri məlum olan ilk qabaqcıllardan və səhabələrdən olan şəxslərin Allahın razılığını qazanandıqlarına etiqad bəsləyirik. Məhz bu şəxslərdən Allah razı qalmış və onlara altından çaylar axan cənnətlər vəd etmişdir. Onlardan bəzilərinin adlarını Şeyx Mufid qeyd etmişdir. Allah ona rəhmət eləsin belə deyir: “Mühacirlərdən olan ilk qabaqcıllar; Əmirəlmöminin (ə), Cəfər bin Əbu Talib, Həmzə bin Əbdülmüttəlib, Xəbab, Zeyd bin Harisə, Əmmar və onların təbəqəsindən olanlar. Ənsardan olan ilk qabaqcıllar isə məşhur olanlar Əbu Əyyub, Səd bin Məaz, Əbu Heysəm bin Teyhan, Xuzeymə bin Sabit Zuş-şəhadəteyn və onların təbəqəsindən olanlar. Sənin səhabələrinə gəlincə, onlar ikinci təbəqə olan səhabələrdir”. (əl-İfsah, səh. 78, 79).

- Peyğəmbər (s) özündən sonra insanlar üçün yolu təyin etmişdir. Belə ki, insanları Allahın kitabına və əhli-beytinə müraciət etməyi tapşırmışdı. Bu, səhih və mütəvatir hədisdə buyurulmuşdur. Səhabələrini isə onlara aid etməmişdir.

- Səhabələrin özlərinə əmr olunmuşdur ki, Əli və əhli-beytə tabe olsunlar. Çünki Qədir-xum hədisinə əsasən Peyğəmbər onu səhabələrə onların öz canlarından da daha layiqli olduğunu demişdi.

- İmamiyyə məzhəbinə mənsub olanların nəzərinə əsasən ilk qabaqcıllardan kim İmam Əliyə (ə) tabe olarsa, ona tabeçilik bildirmək olar. Əli başqa səhabələrdən fərqli olaraq hamının qəbul etdiyi səhabədir.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun.

 

1-ci hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-1ci-hisse

2-ci hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-2ci-hisse

3-cü hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-3cu-hisse

Рейтинг

В этом разделе