Mirzə Qulam Əhməd Qadiyani 13 Fevral 1835-ci ildə Hindistanın (Böyük Britaniya imperiyası) Pəncab regionunun Qadiyan məntəqəsində anadan olmuşdur.
26 May 1908-ci ildə isə həmin regionun Lahor şəhərində ölmüşdür.
Mirzə Qulam Əhmədin əsas iddiası, elə onun kimi iddia edənlərdən çox fərqlənmir. Belə ki, iddiaçılar, istər Məhdilik iddiası olsun, istər peyğəmbərlik iddiası olsun, dinin həmişə yenilənməyə, reforma ehtiyaclı olmasını bildirmişlər. Maraqlı burasıdır ki, elə bu iddiaçılar bu cür iddiada olduğları halda özlərinin də xəbəri olmadan başqa yerdə, digərləri də bu iddiada olurlar. O zaman, belə bir sual ortaya çıxır, əgər kamil olmuş bir dini reform etmək üçün neçə ildən bir və neçə iddiaçı olmalıdır? Yəni eyni zamanda və ya bir neçə ildən bir, bu iddiada çox sayda iddiaçıların olması reform üçün nə dərəcə doğru və məntiqlidir?
Mirzə Qulam Əhməd də, imanın yenilənməsi üçün meydana çıxmasını iddia etmişdir. Özünü “imanı yeniləşdirən adam” (mücəddid) adlandırmışdır. Bununla da o, müsəlmanları özünə cəlb etmək üçün “Məhdi”, xristianları cəlb etmək üçün “Məsih”, bütpərəstləri və yerli hind xalqını isə özünə cəlb etmək üçün “Krişna”nın təcəssümü adlandırmışdır. Göründüyü kimi, Mirzə Qulam Əhməd eyni zamanda, ayrı-ayrı şəxslər olmasına baxmayaraq, özünü həm “Məhdi” həm “Məsih” həm də “Krişna” elan etmişdir. Bütün bu iddialar azmış kimi, üstəlik özünün vəhy aldığını deyib peyğəmbərlik iddiasında da olmuşdur. Həmçinin, özünü Muhəmməd peyğəmbərin (s.ə.a.s) təcəssümü bilmişdir. Eyni zamanda o deyirdi ki, hər yeni peyğəmbər Muhəmməd peyğəmbəri (s.ə.a.s) təcəssüm edib onu canlandırmalıdır.
Bir şəxsin eyni anda fərqli-fərqli şəxslərin iddiasında olması elə onun batil olmasına əsas dəlildir.
Mirzə Qulam Əhməd həmçinin Əhmədiyyə məzhəbi və ya dini cərəyanını yaratdı. İslama kəskin zidd məqamlar olduğu üçün müsəlman alimləri bu məzhəbin tərəfdarlarını İslamdan dönmüş elan etmişdilər.
Qadiyanilik 23 Mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qurulmuşdur. Qadiyanilik Hindistanda yaranmış bir məzhəb və ya müstəqil bir cərəyandır. Qadiyaniliyin əsas iddiası İslamı ilk gündə ki kimi formasını tətbiq və təbliğ etməkdir. Bu cərəyanın əsas ardıcılları təxminən 2 milyona yaxını Pakistanda yaşayırlar. Bundan başqa Hindistan, Afrika, ABŞ və Böyük Britaniyada da geniş yayılmışdır. Ümumiyyətlə Qadiyaniliyin əsas tərəfdarları, əsasən Hindistanda, Avropada və Amerikada müsəlman olmayan cahil insanlar və bəhailikdən dönənlərdən ibarətdir. Bundan başqa qadiyanilər digər ölkələrdə də missionerlik fəaliyyəti ilə məşğuldurlar.
Tarixdən məlumdur ki, bu kimi cərəyanların yaradılması və təbliği əsasən Qərb və Avropa ölkələrinin marağında olub və onlara müəyyən məqsədlər üçün müxtəlif şərait və imkanlar yaradırlar. Ailəsinin ingilis hakimiyyətinə xidmət etmiş olması, özünün də həyatının sonunadək onlara sadiqlik nümayiş etdirməsi buna sübutdur. 1899-cu ildə yazdığı “Tuhfeyi Qayzeriyyə” və “Sitareyi Qayzeriyyə” kitbalrında əsasən ingilislərin idarəçiliyini və kraliçanı mədh edir və onlara dua edirdi. Həmçinin qadiyanilərin Avropanın mərkəzində, xüsusilə Londonda, Berlində, Sürixdə böyük ibadət yerləri mövcüddur. Bu da Avropalıların Qadiyaniliyə hər hansı məqsədlər üçün nə qədər əhəmiyyət verdiyini göstərir. Qadiyanilər hər nə qədər İslam dinini qəbul etdiklərini və özlərini İslama yaxın olduqlarını bildirməyə çalışsalar da, müsəlmanlar onları İslam dinindən xaric bir cərəyan kimi hesab edirlər.
Qadiyaniliyin İslam dininə zidd olan əsas prinsipləri;
İsa Peyğəmbərin Kəşmirdə öldüyünə inanırlar. (Qurana görə Həzrəti İsa peyğəmbər ölməmişdir. (Nisa surəsi, ayə 157-158)
İsa Məsihin və Məhdinin bir şəxs olduğuna inanırlar. (İslam dininə görə Həzrəti İsa Məryəmin oğlu və peyğəmbərdir, Həzrəti Məhdi (ə.f.) isə Həzrəti Muhəmmədin (s)-ın nəvəsi, 12 imamdan 12-cisi, 11-ci İmam Həsən Əskərinin (ə) oğludur)
Peyğəmbərlik iddiası. (Əhazab surəsi 40, Həzrəti Muhəmməd (s) peyğəmbər son peyğəmbərdir)
Düşmənləri dost tutmaq. (Ali İmran surəsi 28, "kafirləri dost tutmayın")
Kafirlər əbədi əzab çəkməzlər. (Bəyyinə surəsi 6, "kafirlər cəhənnəmdə əbədi qalacaqlar")