»»

İlk qabaqcıllar (Tövbə surəsi, 100) - 1ci hissə

 

Birinci hissə. 

Allah-təala buyurur: “Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!” (Tövbə surəsi, ayə 100).

Hər bir araşdırmacı sələfilərin və onlardan təsirlənən şəxslərin bu ayəyə əsaslan səhabələrin ədalətli olmasını, onların ardınca getməyin icazəli olmasını və nicat yolunun məhz bunda olmasını demələrinə rast gəlmişdir. Bu ayə barəsində bir neçə məqalə yazaıb ayənin doğru anlamını izah edəcəyik.

İbn Teymiyyə belə deyir: “(Allah) ilk qabaqcıllardan mütləq razı olmuşdur. Onlara tabe olanlardan isə yaxşılıqla tabe olmaq şərti ilə razı olmuşdur”. (əl-Fətəva, c. 3, səh. 85).

İbn Qəyyim belə deyir: “Burada dəlil bu cürdür. Allah-təala onlara tabe olanları tərifləmişdir. Əgər onlar bir söz desələr, həmin sözün səhihliyini bilmədən öncə biri onlara tabe olarsa, həmin şəxs onlara tabe olandır”. (İlamul-muqiin, c. 4, səh. 123, 124).

İlk qabaqcıllar kimlərdir?

İbn Covzi belə deyir: “Allah-təalanın “İlk qabaqcıllar” sözü barədə altı rəy var: Birinci: Onlar Rəsulullahla (s) birlikdə iki qibləyə namaz qılanlardır. Bu rəyi Əbu Musa Əşəri, Səid bin Musəyyib, İbn Sirin və Qətadə söyləmişlər. İkinci: Onlar Hüdeybiyyədə Rəsulullaha (s) rizvan beyəti edənlərdir. Şəbi bu rəydə olmuşdur. Üçüncü: Onlar Bədr savaşçılarıdır. Əta bin Əbu Rəbah bu rəydə olmuşdur. Dördüncü: Onlar Rəsulullahın (s) bütün səhabələridirlər. Onlar (Peyğəmbərlə) yoldaşlıq etməkdə ilk qabaqcıllardır. Məhəmməd bin Kəb Qərzi belə deyib: “Allah-təala Peyğəmbərin (s) bütün səhabələrini bağışlamışdır. “İlk qabaqcıllar” ayəsində onların yaxşısına da, pisinə də Cənnəti vacib etmişdir. Beşinci: Onlara ölüm və şəhadətə çatmaqda ilk qabaqcıllardır. Onlar Allahın savabına ilk qovuşanlardır. Bu rəyi Maverdi qeyd etmişdir. Altıncı: “Onlar hicrətdən öncə müsəlman olanlardır. Bu rəyi Qazi Əbu Yəla qeyd etmişdir. “Muhacirlərdən və ənsardan” ayəsində Yaqub “vəl-ənsaru” (ənsar sözünü adlıq halda) oxumuşdur. Allah-təalanın “yaxşılıqla onlara tabe olanlardan” sözü barədə belə demişlər. “İlk qabaqcıllar bütün səhabələrdir, yaxşılıqla tabe olanlar isə tabeinlərdir”. Tabeinlər Rəsulullahı (s) görməyənlər, onunla yoldaşlıq etməyənlərdirlər. İbn Abbasın belə dediyi nəql olunur: “Yaxşılıqla onlara tabe olanlar qiyamət gününə kimi onlara tabe olanlardır”. (Zadul-məsir, c. 3, səh. 333).

Mövzuya başlamazdan əvvəl hər bir insanın aşağıdakı bir neçə sualı verməyə haqqı vardır. Ayədəki razılıq mütləq mənadadır? İlk qabaqcıllar və onlar hətta şətiətə müxalif əməllər etsələr belə bu razılıq öz hökmündə qalırmı? Ayədəki razılıq fasiq və münafiqlərə də şamildir, yoxsa yalnız möminlərə məxsusdur? Allahın razılığı əbədidirmi? İxtilaf nöqtəsi məhz buradadır. Bəzi müsəlmanlar belə iddia edirlər ki, Allahın ilk səhabələrdən və onlara tabe olanlardan razılığı əbədidir. Allah kimdən razı qalarsa heç vaxt ona qəzəblənməz.
İbn Teymiyyə deyir: “Razılıq Allahın qədim sifətlərindəndir. Allah yalnız razılığın şərtlərinə əməl edəcəyini bildiyi qulundan razı qalar. Allah kimdən razı qalarsa heç vaxt ona qəzəblənməz”.  (əs-Sarimul-məslul, səh. 572).

Lakin bu, ağılın inkarı deməkdir. Razılıq sübut edəcəyimiz kimi feli sifətlərdəndir. Allah bəndənin əməllərinə görə ondan razı qalır və ya ona qəzəblənir. Məsələn, bəndə gecə namazı qılarsa, Allah ondan razı qalar. Əgər bəndə üzürlü olmadan yatıb sübh namazın qılmazsa, Allah ona qəzəblənər. Bu, izaha ehtiyacı olmayan aşkar bir məsələdir. Əgər qövm (sələfilər) bu səfsətədən yapışıb tutmasaydı aşağıda bu məsələnin ziddiyyətini uzun-uzadı izah etməzdik.

Qurani-kərimdən dəlillər.

Allah-təala buyurur: “Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır. Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.Belə isə mələklər onların üzlərinə və arxalarına (qamçı) vura-vura canlarını alan zaman (onların halı) necə olacaq? O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi”. (Muhəmməd surəsi, ayə 25-28).

İbn Kəsir deyir: “… doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrinə qayıdan) kəslərin…”, yəni imanı tərk edib küfrə qayıdanlar. “Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan onların gözündə (batil və günah işləri) zinətləndirmiş…”, yəni günah əməlləri onlar üçün gözəl göstərdi. “… onları uzun-uzadı arzularasalmışdır”, yəni onları aldatmış və azdırmışdır” (Təfsirul-Quranil-azim, c. 4, səh. 193).

Şübhəsiz ki, onlar imanda olduqları halda Allah onlardan razı idi. Sonra Allahın razılığı qəzəblə əvəz olundu. Necə ki, ayə buna dəlalət edir. Bu, bəndənin yerinə yetirdiyi əməllərə görə Allahın razılığının qəzəbə çevrilməsinə aşkarcasına dəlalət edir.

Allah-təala buyurur: “Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bələm Bauranın) hekayətini oxu”. (Əraf surəsi, ayə 175).
Bu, Allahın öz ayələrini bəxş etdiyi şəxs idi. (Deyilənə görə Allahın əzəmətli ismi (ismul-əzəm) və ya peyğəmbərlik bəxş olunmuşdu). (Təfsiri Təbəri, c. 6, səh. 160).

Bu şəxsin Bələm, yaxud Bəni İsraildən olan başqa biri olması bizim üçün maraqlı deyil. Lakin Allah ayələrini qəzəbi tutduğu şəxsə bəxş etməz. Əksinə həmin şəxs Allahın rəhmət və razılığının şamil olduğu məqamda idi. Allah ona ayələrini bəxş etdikdə o, duanın qəbul olunması üçün Allahın əzəmətli ismini bilirdi. (İbn Əbu Hatəm, Təfsiril-Quranil-azim, c. 5, səh. 1617).

Allah ondan razı idi? Əgər Allah ondan razı idisə, razılığı əbədi və daimi idisə, bəs nə üçün ona qəzəbləndi və onu yolunu azanlardan hesab etdi? Görürük ki, Allahın bu şəxs barəsində olan razılığı qəzəblə əvəz olunmuşdur.

Allah-təala buyurur: “Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora pis bir dönüş yeridir” (Ənfal surəsi, ayə 16).

Əgər fərz etsək ki, Allah səhabələrdən razı olmuşdur və razılıq onların dediyi kimi qədim sifətlərdəndir. Allah kimdən razı olarsa, heç vaxt ona qəzəblənməz. Belə olan halda döyüşdən qaçanlar barəsində olan ayəni, qaçanlara Allahın qəzəb etməsini və bəzilərinin döyüş meydanından qaçmalrını necə izah edək? Bu ayə döyüş meydanından qaçanlara Allahın qəzəbini vəd edir. Onun sonu Cəhənnəmdir. Ayədə səhabələrdən, hətta ilk qabaqcıllardan bir nəfər belə istisna olunmur. Bu ayə Təbərinin təfsiri c. 9, səh. 267-ci səhifədə deyildiyi kimi Bədr savaşçıları barəsində nazil olmuşdur. Ömər və Osman kimi ilk qabaqcıl səhabələrin döyüş meydanından qaçmaları məşhurdur, hədis və tarix kitablarında yazılmışdır. Onlar qaçarkən Allah onlara qəzəb etmişdirmi? Əgər yox deyilərsə, bu, “… Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir…” buyuran ayənin təkzib olunmasıdır. Əgər bəli deyilərsə, deməli, qaçışları əsnasında Allah onlara qəzəblənmişdir. Bununla da sübuta yetirilir ki, Allah-təala bəndənin davranışlarına əsasən razı qalır və qəzəblənir. Həmçinin Onun razılığı əbədi deyil. Allahın onların tövbəsini - əgər onların tövbə etmələri fərz olunarsa - qəbul etməsi rəyinə gəlincə, bu o deməkdir ki, Allah-təala onlardan razı idi. Döyüş meydanından qaçdıqdan sonra Allah onlara qəzəblənmiş, daha sonra razı qalmışdır. Bununla da sübuta yetir ki, Allahın razılığı vəziyyətə görə dəyişir.

Sünnədən dəlillər.

Təbərani belə nəql edir: “Əbu Umamədən Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Yaxşı işlər etmək pis ölümdən qoruyar. Gizli sədəqə Rəbbin qəzəb alovunu söndürər. Sileyi-rəhm (qohum-əqrəba ilə əlaqə saxlamaq) ömrü uzadar”. Heysəmi belə deyir: “Bu hədisi Təbərani əl-Mucəmul-kəbir kitabında nəql etmişdir. Sənədi həsəndir”. (Məcməuz-zəvaid, c. 4, səh. 115).

Bu hədis gizli verilən sədəqənin Rəbbin qəzəb alovunu söndürməsinə və onun yerini razılıq tutmasına dəlalət edir. Bu isə onların “Allah kimdən razı olarsa, ona qəzəblənməz” rəyini puç edir.

İbn Quteybə belə deyir: “Məhəmməd və biz bunun təvilində deyirik ki, insan günahlara görə cəza hökmünə layiq ola bilər. Əgər sədəqə verərəsə, layiq olduğu cəzanı özündən dəf edər. Buna dəlil Peyğəmbərin “Gizli sədəqə Rəbbin qəzəb alovunu söndürər”. Görmürsənmi Allah-təala kimə qəzəblənərsə, həmin şəxs Onun cəzasına məruz qalar. Əgər sədəqə ilə qəzəbi aradan apararsa, cəzanı da aradan aparmış olar. Bu ona bənzər ki, sən birinə qarşı pis iş tutursan, nəticəsindən və tezliklə veriləcək cəzadan qorxduğun üçün ona elə bir hədiyyə verirsən ki, cəzanı özündən uzaqlaşdırasan. Düşünürsən ki, hədiyyə layiq olan cəzanı dəf edir. (Təvilu muxtələfil-əhadis, səh. 190).

Buxari belə nəql edir: “Həccac İbn Sələmənin oğlu Həmmaddan, o da Süleyman Teymidən, o da Səid Qeysidən, o da İbn Abbasdan belə dediyini nəql edir: “Elə bir müsəlman yoxdur ki, müsəlman olan valideyinlərinin istəklərinə səbr etsin, Allah onun üçün cənnətə iki qapıaçmasın. Əgər bir (valideyni) olarsa, bir qapı açar. Əgər onlardan birini qəzəbləndirərsə, o razı olmadıqca Allah da ondan razı qalmaz”. Dedilər: “Əgər ona zülm etsələr?”. (İbn Abbas) dedi: “Hətta ona zülm etsələr belə”. (Ədəbul-mufrəd, səh. 12). Peyğəmbərin (s) “Əgər onlardan birini qəzəbləndirərsə, o razı olmadıqca Allah da ondan razı qalmaz” buyurması Allahın razılığının dəyişməsinə aşkarcasına dəlalət edir.

Əhməd belə nəql edir: “Əsma bint Yezidin Peyğəmbərin (s) belə dediyini eşitdiyi nəql olunur: “Kim şərab içərsə, Allah 40 gecə ondan razı olmaz. Əgər ölərsə, kafir kimi ölər. Əgər tövbə edərsə, Allah da onu bağışlayar. Əgər yenidən qayıdarsa (şərab içərsə), ona öldürücü zəhər içirtmək Allaha vacibdir”. (Əsma) dedi: “Ya Rəsulullah, öldürücü zəhər nədir?”. (Peyğəmbər) dedi: “Cəhənnəm əhlinin irinidir”. (Müsnədi Əhməd, c. 6, səh. 460)

Munziri deyir: “Əhməd bu hədisi həsən sənədlə nəql etmişdir”. (ət-Tərğib vət-tərhib, c. 3, səh. 266; İbn Həcər əl-Qovlus-sədid fi musnədi Əhməd, səh. 125)

Hədisdə Allah-təalanın şərab içəndən 40 gecə razı olmamasına işarə olunur. Ola bilər ki, bundan öncə ondan razı olsun. Şərab içdikdən sonra isə həmin razılıq aradan gedir və onun yerini qəzəb tutur. Əgər tövbə edərsə, Allah ondan razı olar. Bu. Allahın razılığının mütləq və qədim olmaması rəyimizin doğru olmasını sübuta yetirir.

Məlumdur ki, Allah-təala peyğəmbərinin qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur. Ola bilər ki, Peyğəmbər birinə haqlı olaraq qəzəblənsin. Allah da peyğəmbərinin qəzəbinə görə ona qəzəblənər. Sonra, məsələn, tövbə etdiyi üçün Peyğəmbər ondan razı olur. Allah da ondan razı olar. Ola bilrə ki, Peyğəmbər bir şəxsdən razı olar, sonra isə ona qəzəblənər. Allah onun razılığı ilə razı qalar və qəzəbi ilə qəzəblənər. Bu dəlalət edir ki, Allahın qəzəbi bəndənin davranışından asılı olaraq dəyişir.

Hakim belə nəql edir: “Əli – Allah ondan razı olsun – belə nəql edir: “Rəsulullah (s) Fatiməyə belə buyurdu: “Həqiqətən Allah sənin qəzəbinlə qəzəblənir və razılığınla razı olar”. (əl-Mustədrək aləs-səhiheyn, c. 3, səh. 154).

Heysəmi belə deyir: “Təbərani bu hədisi nəql etmişdir. Sənədi səhihdir”. (Məcməuz-zəvaid, c. 9, səh. 203; Təbərani, əl-Mucəmul-kəbir, c. 1, səh. 108).

Hədisin dəlalət etdiyi məna tamamilə aydındır.

Əgər İblisi məsəl çəksək, o, lənətlənmiş və qəzəbə uğramışdır. Lakin İblis ibadət edənlərdən və mələklərin şərəflilərindən idi. İbn Əbu Hatəm İbn Abbasın belə dediyini nəql edir: “İbn Abbas belə deyir: “İblisin adı Əzazil idi. O, dörd qanadlı mələklərin şərəflilərindən idi. Sonra isə iblislik (itaətsizlik) etdi”.

Qurtubi deyir: “Deyilənə görə İblis səksən min ol Allaha ibadət etmişdir. Cənnətdə rəyasət və xəzindarlıq vəzifəsi ona verilmişdi…” (əl-Camiu ki əhkamil-Quran, c. 1, səh. 297; əl-Mənavi, Feyzil-qədir, c. 5, səh. 450).

İblis Allaha ibadət və itaət edib mələklərin şərəflisi olduqda Allah ondan razı idimi? Əgər deyisə ki, razı deyildi, halbuki o, Allahın əmr etdiyindən başqa bir şey etməmiş və qəzəbə layiq olacaq əməl yerinə yetirməmişdir. Əgər razı olub sonradan qəzəbləndiyi deyilərsə, tələb olunan məqsəd, yəni Allah-təalanın məxluqun əməllərinə əsasən qəzəblənməsi və razı qalması sübuta yetmiş olar. Buna əsasən də razılıq sifətinin iddia olunduğu kimi qədim deyil, feli sifət olmasını başa düşürük.

Tarixdən dəlillər.

Allah-təala İslamı qəbul etmədən əvvəl səhabələrdən razı idimi? Əbu Bəkr, Ömər, Osman, Səd, Əbu Ubeydə və bütü səhabələr bütə ibadət etdikləri dövrdə onlardan razı idimi?

Bəli cavabı Allahın onların şərab içmələrindən, haram yemələrindən, qız uşaqlarını diri-diri basdırmalarından, günah etmələrindən və Allaha şərik qoşmalarından razı olması deməkdir. Əgər razı olmamışdır deyilərsə, tələb olunan sübuta yetmişdir. Yəni Allahın razılığı qədim deyi, bir haldan başqa hala nisbətdə onların əməllərinə qəzəbli olmuşdur.

Buxari belə nəql edir: “Əqəbə bin Haris nəql edir ki, Rəsulullah (s) Nəimanın və ya İbn Nəimanın yanına gəldi. O, sərxoş idi. Bu, hal ona (Peyğəmbərə) ağır gəldi. Evdəkilərə əmr etdiki onu vursunlar. Onu xurma budaqları və başmaqları ilə vurdular. Onu vuranların arasında mən də vardım”. (Səhih Buxari, c. 8, səh. 13, 14).


Zəhəbi deyir: “Əyyub Səxtiyani deyir: “Ondan – yəni Qudamə bin Məzundan – başqa heç bir Bədr döyüşçü şərab içdiyinə görə hədd cəzası almamışdır”. Mən deyirəm: “Bəli. Həmçinin zarafatçıl Nəiman bin Əmr Ənsari Nəccari” (Siyəru əlamin-nubala, c.1, səh. 162).

Qudəma bin Məzun və Nəiman Bədr döyüşünün iştirakçılarından və “İlk qabaqcıllar…” ayəsindəki razılıq onlara da şamildir. Allah onların hamısından razı qalmışdır. Necə ki, belə deyirlər. Onlar hər ikisi şərab içmiş və onlara hədd cəzası verilmişdir. Onlar şərəb içdikdə Allahın onlardan razı qalması davam edirdi, yoxsa bu böyük günahı edərkən onlara qəzəbli idi? Haram olunmuş içkini içərkən Allahın onlardan razı olması axmaqlıqdır. Ağıl sahibi olan bir müsəlman bunu deməz. Bu iki səhabənin əməlləri Allahın onlara yenidən qəzəblənməsinə səbəb olmuşdur. Bu isə sübuta yetirir ki, “ilk qabaqcıllar” ayəsindəki razılıq müəyyən müddət ərzində qəzəbə çevrildi. Bu isə Allahın səhabələrdən razı qalması onların davranışlarından asılıdır.

 “Əsma bint Yezidi Peyğəmbərin (s) belə dediyini eşitdiyi nəql olunur: “Kim şərab içərsə, Allah 40 gecə ondan razı olmaz. Əgər ölərsə, kafir kimi ölər. Əgər tövbə edərsə, Allah da onu bağışlayar. Əgər birdə qayıdarsa (şərab içərsə), ona öldürücü zəhər içirtmək Allaha vacibdir”. (Əsma) dedi: “Ya Rəsulullah, öldürücü zəhər nədir?”. (Peyğəmbər) dedi: “Cəhənnəm əhlinin irinidir”. (Müsnədi Əhməd, c. 6, səh. 460)

Munziri deyir: “Əhməd bu hədisi həsən sənədlə nəql etmişdir”. (ət-Tərğib vət-tərhib, c. 3, səh. 266. İbn Həcər əl-Qovlus-sədid fi musnədi Əhməd, səh. 125)

İbn Teymiyyə və ona tabe olanlardan fərqli olaraq müsəlmanların bəzi imamları və sonrakı dövrün bəzi sələfiləri razılıq sifətinin feli sifət olduğunu demişlər.

İbn Həzm belə deyir: “Əşərilər deyirlər ki, Allah-təalanın razılığı dəyişməz zati sifətlərdəndir. (Razılıq və qəzəb) aradan getməz və dəyişilməz. Digər müsəlmanlar isə bu rəydədirlər ki, Allah-təala kafir və fasiqə qəzəbli olur. Əgər kafir müsəlman olarsa, fasiq tövbə edərsə, Allah müsəlmandan və əməlisaleh insandan razı olar. Əgər müsəlman kafir, əməlisaleh insan fasiq olarsa, onların hər ikisinə qəzəblənər”. (əl-Fəslu fil-miləl vəl-əhvai vən-nihəl”, c. 4, səh. 58)

İbn Useymin belə deyir: “Hər hansı bir səbəb bağlı olan sifət feli sifətlərdəndir. Əvvəldə demişdik ki, razılıq feli sifətlərdəndir. Çünki hər hansı səbəbə bağlıdır. Əgər Allahın razı qalacağı səbəb baş verərsə, razılıq hasil olar”. (Şərhu əqidətil-vasitiyyə, c. 1, səh. 403).

Məhəmməd Həsən Əbdülğəffar belə deyir: “Allah qəzəblənib sonra razı olur. Günah edənə qəzəblənir. Tövbə edib uca Rəbbinə döndükdən sonra isə ondan razı olur”. (Lumətul-itiqadil-hadi ilə səbilir-rəşad, c. 6, səh. 9).

Şeyx Saleh Əbdüləziz Ali Şeyx belə deyir: “Qəzəb baş verib sonra aradan gedir. Razılıq baş verir, sonra aradan gedir. Belə olur. Yəni qəzəb daimi deyil. Eləcədə razılıq daimi deyil. Bu sifətlər Allahın qüdrət və iradəsinə bağlı olan feli sifətlərdəndir. Hədis və rəvayət alimləri, əhli sünnə imamları bunu təsdiqləyirlər və bu ayəni dəlil gətirirlər. “…Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür” (Taha surəsi, ayə 81). Ayə dəlalət edir ki, qəzəb olmadıqdan sonra baş verir. Onun baş verməsi Allahın iradəsinə bağlı olmasına dəlalət edir. Çünki Allah istəyən baş verər. Əgər qəzəblənmək istəsə, qəzəblənir. Əgər razı qalmaq istəsə razı qalır”. (İthafus-saili bima fit-tahaviyyəti min məsail, c. 1, səh. 612)

Allahın razılığnıdan sonra qəzəbin baş verməməsi yalnız qiyamət günü möminlər üçündür.

Buxar və Müslim (mətn Buxariyə məxsusdur) belə nəql edirlər: “İbn Ömər belə nəql edir: “Rəsulullah (s) cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə tərəf getdikdə ölüm gətirilər və cənnətlə cəhənnəm arasında yerləşdirilər və başı kəsilər. Sonra carçı car çəkər: “Ey cənnət əhli, artıq ölüm yoxdur. Ey cəhənnəm əhli, artıq ölüm yoxdur!” Cənnət əhlinin sevincinin üstünə sevinc gələr. Cəhənnəm əhlinin kədəri üstünə kədər gələr”.

Məaz bin Əsəd Abdullahdan, o da Malik bin Ənəsdən, o da Zeyd bin Əsləmdən, o da Əta bin Yasardan, o da Əbu Səid Xidridən Rəsulullahın (s) belə buyurduğunu nəql edir: “Allah cənnət əhlinə deyəcək: “Ey cənnət əhli!” Onlar deyəcəklər: “Ləbbeykə, ey bizim Rəbbimiz!” (Allah) deyəcək: “Razı qaldınızmı?” Onlar deyəcəklər: “Biz necə razı olmaya bilərik?! Yaratdıqlarından heç kimə vermədiyini bizə bəxş etmisən”. (Allah) deyəcək: “Mən sizə bundan da üstününü verəcəm”. Onlar deyəcəklər: “Ya Rəbbi, bundan üatün nə ola bilər?” Allah deyəcək: “Sizdən razı qalacam və bundan sonra heç vaxt sizə qəzəblənməyəcəm”. (Səhih Buxari, c. 7, səh. 200; Səhih Müslim, c. 8, səh. 114).

Bu hədis dəlalət edir ki, Allahın bənddələrinə razılığı dünyada dəyişir, axirətdə isə əbədidir.

Bununla da aydın olur ki, Allah-təalanın (ayədə qeyd olunan) ilk qabaqcıllardan razı olması əbədi deyil. Ayədə razı qaldı feli keçmiş zaman formasında qeyd olunmuşdur. Yəni Allah onların əvvəlki əməllərdən razı qalmışdır. Onun razılığının davam etməsi isə doğru yolda sabitqədəm və mətin olmaqdan, doğru yoldan azmamaqdan asılıdır.

Ardı var.


2-ci hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-2ci-hisse

3-cü hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-3cu-hisse

4-cü hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-4cu-hisse

Рейтинг

В этом разделе