»»

İlk qabaqcıllar (Tövbə surəsi, 100) - 3cü hissə

 

 

Üçüncü hissə.

Allah-təala buyurub: “Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!” (Tövbə surəsi, ayə 100).

İlk qabaqcılların üçdə birinin Peyğəmbəri (s) döyüşdə qoyub qaçması.
    
Məlumdur ki, müsəlman ordusunun üçdə biri Ühüd döyüşündə Peyğəmbəri tərk edərərk o həzrəti müşriklərlə üz-üzə qoydular. Baxmayaraq ki, İslam peyğəmbərini həyatı təhlükə qarşısında idi. Lakin “ilk qabaqcıllar” buna əhəmiyyət verməyərək münafiqlərinin başçısı Abdullah bin Ubəylə geri döndülər. Onların sayı təqribən 300-ə qədər ilk qabaqcıl səhabələrdən ibarət idi. Bu, İbn Teymiyyə və onunla müvafiq olanların ilk qabaqcıllar barədə dediklərinə əsasəndir. İbn Teymiyyə belə deyir: “Mühacir və ənsarlardan olan ilk qabaqcıllar” fəthdən əvvəl (Allah yolunda) pul sərf edib döyüşənlər və rizvan beyəti edənlərdir. Hamısı onlardandır. Onlar min dörd yüz nəfərdən çox idilər”. (Dəqaiqut-təfsir, c. 2, səh. 205).

Buxari belə nəql edir: “Zeyd bin Sabit – Allah ondan razı olsun – belə nəql edir: “Peyğəmbər (s) Ühüd döyüşünə çıxanda onunla iki dəstə birlikdə yola çıxdı. Bir dəstə deyirdi ki, onlarla vuruşacayıq. Başqa bir dəstə isə onlarla vuruşmayacayıq deyirdilər. Sonda bu ayə nazil oldu: “Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir…” (Nisa surəsi, ayə 88). (Zeyd) deyir: “Bu yaxşı idi. Od gümüşdəki çirkləri aradan apardığı kimi günahı aradan aparır”. (Səhih Buxari, kitabul-məğazi, banu ğəzvətu uhud, c. 5, səh. 31).

İbn Həcər belə deyir: “İnsanlar geri döndülər. Onlar Abdullah bin Ubəy və yoldaşları idi. Onlar insanların üçdə biri qədər idi. Onları öldürün deyən dəstə isə mühacirlər idi”. (Muqəddimətu Fəthul-bari, səh. 309).

Peyğəmbəri tərk edib onu müşriklərin oxları və nizələri qarşısında qoyub qaçanlar Allahın razı qaldığı və altından çaylar axan cənnətlər vəd etdiyi şəxslərdəndirlər?!

Məgər meyarlar bu qədər dəyişib ki, münafiq razı olunmuşlardan və illiyyunda olanlardan olsun?! Dəlil olmadan münafiqləri ilk qabaqcıllardan istisna olunması necə mümkündür? Həmin münafiqlər kimlərdir? Onlardan rəvayət nəql etmək olarmı?

İbn Məsudun hədisi.

Müslim belə nəql edir: “Abdullahdan belə nəql olunur: “Dedik: “Ya Rəsulullah, cahiliyyət vaxtı etdiklərimizə görə cəzalanacayıqmı?” (Peyğəmbər) buyurdu: “Kim İslamı qəbul etdikdən sonra yaxşı iş görübsə, cahiliyyətdə etdiklərinə görə cəzalanmaz. Kim İslamı qəbul etdikdən sonra pis iş görərsə, əvvəlki və sonrakı əməllərinə görə cəzalanar”. (Səhih Müslim, c. 1, səh. 77, 78; Səhih Buxari, c. 8, səh. 49. Nəvəvi deyir: “Abdullah İbn Məsuddur”. Şərhu Səhih Müslim, c. 2, səh. 136).

Abdullah ibn Məsud rizvan beyəti barəsində bəhs edən ayənin şamil olduğu Bədr döyüşçülərindən olmuşdur. Bununla yanaşı Peyğəmbərdən (s) qeyd olunan sualı soruşduqda Peyğəmbər (s) ona “Kim İslamı qəbul etdikdən sonra pis əməllər edərsə, əvvəlki və sonrakı əməllərinə görə cəzalanar” - deyə buyurmuşdu. Peyğəmbər ona, məsələn, bunun sənə aidiyyəti yoxdur. Sən “ilk qabaqcıllar” ayəsində Allahın razı qaldığı və cənnət vəd etdiyi kəslərdənsən deməmişdir. Hətta Bədr iştirakçısı olan bu səhabə belə pis əməl edərsə, cahiliyyətdəki və İslamı qəbul etdikdən sonra etdiyi əməllərə görə sorğu-sual olunacaq. Məhz buna görə də bu ayəni digər dini mətnlərə əsasən anlamaq lazımdır.

Mən onlara şahid olacam.

Malik əl-Muvatta kitabında Ömər bin Übeydullahın azad etdiyi quldan belə nəql edir ki, Peyğəmbərin (s) Ühüd şəhidləri barədə belə dediyini eşitmişdir: “Mən onlara şahid olacam”. Əbu Bəkr Siddiq belə dedi: “Ya Rəsulullah, biz onların qardaşları deyilikmi? Biz də onlar kimi İslamı qəbul etməmişikmi? Biz də onlar kimi cihad etməmişikmi?” Rəsulullah (s) buyurdu: “Şübhəsiz ki, elədir. Lakin məndən onra nə edəsəyinizi bilmirəm”. Əbu Bəkr ağladı. Sonra isə belə dedi: “Biz səndən sonra yaşayacağıqmı?” (əl-Muvatta, c. 2, səh. 462, kitabul-cihad, babuş-şuhədai fi səbilillah)

İbn Əbdulbirr bu hədis barəsində be deyib: “Bütün ravilər tərəfindən mürsəl olaraq nəql olunmuşdur. Lakin mənası bir neçə cəhətən çoxlu səhih hədislərlə dəstəklənir”. Fuad Əbdulbaqi bunu qeyd etmişdir.

Belə bir sual meydana çıxır: “Bəs nə üçün Əbu Bəkr “ilk qabaqcıllar” ayəsinə əsasən Allahın onlardan əbədi razı qalması və onlara cənnət vəd edilməsini deyərək etiraz etmirdi? Nə üçün Əbu Bəkr sual soruşarkən Peyğəmbər (s) ona “sən rizvan beyəti və cənnət əhlindənsən. Çünki Allah “ilk qabaqcıllar” ayəsinə əsasən səndən razı olmuşdur” - deyə buyurmadı? Biz Peyğəmbərin bu ayədə sələf və xələfin anladığını mənaya işarə etdiyinə rast gəlmirik. Hətta Əbu Bəkr başda olmaqla səhabələr belə bu ayədən qeyd olunan mənanı dərk etməmişlər. Ola bilsin ki, belə deyilsin: “Tövbə surəsi Ühüd döyüşündən sonra nazil olmuşdur. Ona belə cavab verilər ki, Allahın Bədr əhlini bağışlaması, onlardan razı qalması başqa dini mətnlərdə də qeyd edilmişdir. Həmin mətnlərdən biri də Hatəbin cəsusluq əhvalatında Rəsulullaha nisbət verilən sözdür: “Bəlkə də Allah Bədr əhlinə nəzər salmış və belə demişdir: Nə istəyirsiniz edin, artıq Allah sizi bağışlayıb". (Səhih Buxari, c. 4, səh. 19. Qiraətun fil-ədillətis-sələfiyyə kitabında bu hədis barədə geniş bəhs edilmişdir).

Bəs nə üçün Əbu Bəkr etiraz etmədi?

Əhməd bin Hənbəl belə nəql edir: “Ənəs belə nəql edir ki, Rəsulullah (s) belə buyurdu: “Heç kimin aqibətini görmədən ona təəccüb etməyin. Bir kəs ömrünün bir hissəsini əməl edərsə və ya bir müddət saleh əməl edərsə və həmin əməllə vəfat edərsə, cənnətə daxil olar. Sonra dönərək pis əməl edər. Bir qul bir müddət pis əməl edər. Əgər həmin əməllə ölərsə, cəhənnəmə daxil olar…” (Müsnədi Əhməd, c. 3, səh. 120. Heysəmi Məcməuz-zəvaid c. 7, səh. 211-də belə deyir: “Bu hədisi Əhməd, Əbu Yəla, Bəzzar və Təbərani nəql etmişdir. Raviləri səhih hədis raviləridir”.)

Bu hədisdə Peyğəmbər yaşının kiçik olmasına baxmayaraq Bədr iştirakçısı Ənəs bin Malik olmaqla səhabələrinin nəzər diqqətini aqibətin əhəmiyyətli olmasına doğru çəkir. İnsanın cənnətdə və ya cəhənnəmdə olmasını məhz bu təyin edir. Bu məsələdə Bədr iştirakçıları istisna olunmamışdır. Əgər Ənəs və onun yanında olanlar bu ayədən sonrakı dövrün alimlərinin anladıqlarını anlasaydılar, bunu Rəsulullaha deyərdilər. Lakin onlar Peyğəmbərin dediklərini qəbul etmiş və əlavə bir şey deməmişlər.

Rəsulullahın şahidliyi.

Buxari belə nəql edir: “İbn Şihab Xaricə bin Zeyd bin Harisdən nəql edir ki, Peyğəmbərə (s) beyət etmiş ənsardan olan Ummu Əla adlı bir qadın ona xəbər verdi ki, mühacirlər püşk atdılar Osman bin Məzun bizə düşdü. Onu evimizə apardıq. Vəfat etdiyi həmin xəstəliyə tutuldu. Vəfat etdikdə qüslü verildikdən sonra öz libasında kəfənləndi. Rəsulullah (s) gəldi. Mən: “Ey Əbu Saib, Allah sənə rəhmət eləsin! Şahidəm ki, Allah səni hörmətli etmişdir”. Peyğəmbər (s) buyurdu: “Hardan bilirsən ki, Allah onu hörmətli etmişdir?” Mən dedim: “Atam sənə fəda olsun, ya Rəsulullah. Bəs Allah kimi hörmətli edəcək?” Peyğəmbər (s) buyurdu: “Mən Allahın elçisiyəm. Bilmirəm ki, Allah mənə nə edəcək?!” (Ummu Əla) dedi: “Allaha and olsun ki, bundan sonra heç kimi tərifləmədim”. (Səhih Buxari, c. 2, səh. 71).

Necə ola bilər Rəsulullah özü və Bədr iştirakçıları barədə belə deyir? Halbuki Allah onlardan razı qalmış və onlara cənnəti vəd etmişdir?!

Ummu Sələmənin şahidliyi.

Əhməd belə nəql edir: “Ummu Sələmə nəql edir ki, Əbdürrəhman bin Ouf onun yanına gəldi və belə dedi: “Ey ana, var-dövlətimin məni həlak edəcəyindən qorxuram. Mən Qureyşin içərisində ən çox var-dövlət sahibiyəm” (Ummu Sələmə) dedi: “Ey oğlum, (Allah yolunda) xərclə. Mən Rəsulullahın (s) belə dediyini eşitdim: “Səhabələrimdən elələri olacaq ki, onları tərk edib getdikdən sonra məni bir daha görməyəcəklər”. (Əbdürrəhman bin Ouf) yolda Ömərlə qarşılaşdı. O, bu barədə Ömərə danışdı. Ömər Ummu Sələmənin yanına gəldi və ona belə dedi: : “Səni Allaha and verirəm! Mən onlardanammı?” Ummu Sələmə dedi: “Yox. Səndən sonra heç kimi dərdə salmayacam” (Müsnədi Əhməd, c. 6, səh. 1202, hədis 2982).

Bu hədisdə görürük ki, Bədr döyüşündə iştirak edən Əbdürrəhman bin Ouf, Ömər bin Xəttab və Ummu Sələmə “ilk qabaqcıllar” ayəsindən Allah tərəfindən onlar üçün mütləq razılıq və cənnət vədi mənasını anlamamışlar. Əksinə Ummu Sələmə – Allah ondan razı olsun – onlara Peyğəmbərin (s) “Səhabələlərimdən elələri olacaq ki, onları tərk edib getdikdən sonra məni bir daha görmüyəcəklər” hədisini söylədiyi vaxt hər şeyin yerini təyin etmişdir.  Əgər onlar da bu ayəni sələfilər və əhli-sünnə kimi anlasaydılar, onlardan biri həmin mənanı qeyd edərdi və həmin mənaya əsasən dəlil gətirərdi. Lakin biz Əbdürrəhman bin Ovfun var-dövlətinin çoxluğu üzündən həlak olacağından qorxduğunu görürük.

Xülasə:

Razılıq barəsində qeyd olunan ayə, həmçinin, digər ayələr razılığın əbədi olmasına dəlalət etmir. Razılıq onların doğru yolda davamlı qalmaları şərtinə əsasəndəir. Quran və sünnədə bu mənanı təkid edən çoxlu ayələr və hədislər vardır. Mizan (ölçü, meyar) məhz budur! Bu şərt hətta istisna olmadan peyğəmbərlərə də şamildir. Allah-təala buyurur: “… Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı” (Ənam surəsi, ayə 88).

Hətta Allah-təala Rəsulullaha (s) xitab edərək belə buyurur:  “… əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq…” (Zümər surəsi, ayə 65).

Həmçinin Allah-təala buyurur: “Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın”. (İsra surəsi, ayə 74, 75).

“De: “Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram” (Ənam surəsi, ayə 15).

Quran münafiqlər və fasiqlər istisna olmaqla ilk səhabələrin əməllərindən razı qaldığını bildirir. Fasiqlər isə digər ayələrin bəyan etdiyi xüsusiyyətləri daşıyırlar. Eyni zamanda Quran onları bir neçə yerdə təhdid etmişdir. Necə ki, “ifk” ayəsində və ya Peyğəmbəri incitmələri, döyüşdən qaçmaları və yayınmalarından bəhs edən ayələrdə buyurulmuşdur. Quranın onlardan razılıq etməsi, dünya və ya axirətdə onların cəzalanmasına maneə yaratmır. Başqa bir ayədə Allah-təala səsini Peyğəmbərin səsindən yüksəyə qaldıranların əməllərinin puç olmasını xəbərdarlıq edir. Əməllərin puç olması isə həqiqi bədbəxtçilikdir. Allah-təala buyurur: “Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın). Allahdan qorxun ki, Allah eşidən və biləndir. Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)” (Hücurat surəsi, ayə 1, 2).

Nəzər diqqəti özünə çəkən məsələ budur ki, bu ayə Əbu Bəkr və Ömər barəsində nazil olmuşdur. Əbu Məlikə Abdullah bin Zubeyrin onlara belə dediyini nəql edir: “Bəni Təmimdən bir dəstə Peyğəmbərin (s) yanına gəldi. Əbu Bəkr dedi: “Qəqə bin Mubid bin Zurarənin məsələsi”. Ömər dedi: “Əksinə Əqrə bin Habisin məsələsi”. Əbu Bəkr dedi: “Sən yalnız mənə müxalif olmaq istəyirsən”. Ömər dedi: “Mən sənə müxalif olmaq istəmirəm”. Bir-biri ilə mübahisə etməyə başladılar. Hətta səsləri yüksəldi. Bu hadisə barəsində belə nazil oldu. “Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin…” (Hucurat surəsi, ayə 1). (Səhih Buxari, c. 5, səh. 116, banu vəfdu Təmim).

Buna əsasən də bu ilahi qanun bütün səhabələrə şamildir. Onların hər birinin əməlləri puç ola bilər. İbn Teymiyyə belə deyir: “Əgər küfr istisna olamqla pis əməllər bütün yaxşılıqları aradan aparmırsa, özü miqdarında yaxud yaxşılıqların müəyyən hissəsini aradan aparırmı? Bu barədə sünnəyə mənsub olanların iki rəyi vardır. Bəziləri inkar edirlər. Bəziləri isə dini mətnlərə əsasən təsdiqləyirlər. Məsələn; “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...” (Bəqərə surəsi, ayə 264). Bu ayə dəlalət edir ki, bu növ pislik sədəqəni puç edir. O, riyakar şəxsə bənzədilmişdir... Allah-təala buyurur: “...əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi, ayə 33). Həsən belə deyir: “(Əməllərinizi) böyük günahlarla, pis əməllərlə puça çıxartmayın. Əta belə deyir: “Şirk və nifaq etməklə puça çıxartmayın”. İbn Saib belə deyir: “Riyakarlıq və şöhrət naminə puça çıxartmayın”. Muqatil belə deyir: “Minnət qoyaraq puça çıxartmayın”. Çünki bəziləri müsəlman olmaları ilə minnət qoyurdular. Həsəndən nəql olunan rəy pis əməllərinin və böyük günahların əməlləri puça çıxartmasına dəlalət edir”. (Məcmuətul-fətava, c. 10, səh. 638, 639).

Razılıq yalnız möminlər barəsində olur. Allah-təala belə buyurur: “(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu...” (Fəth surəsi, ayə 18).

Bu ayə barədə bəhs edəcəyik.

Allah-təala buyurur: “...Allah fasiq bir tayfadan razı olmaz!” (Tövbə surəsi, ayə 96).

Səhih hədisdə deyilir ki, cənnətə yalnız möminlər daxil olacaqlar. Müslim belə nəql edir: “Abdullah bin Abbas Ömər bin Xəttabdan belə nəql edir: “Xeybər günü olduqda Peyğəmbərin (s) səhabələrindən bir dəstə gəlib dedilər: “Filankəs şəhid oldu. Filankəs şəhid oldu. Ta bir kişinin cənazəsinin yanından keçəndə “filankəs də şəhid oldu” dedilər.  Rəsulullah (s) belə buyurdu: “Yox! Mən onu qaynayan əbaya bürünmüş cəhənnəm odunun içində gördüm”. Sonra belə buyurudu: “Ey Xəttabın  oğlu! Get insanlara car çək ki, cənətə yalnız möminlər daxil olacaqlar”. (Ömər bin Xəttab) deyir ki, oradan gedib car çəkdim: “Agah olun ki, cənnətə yalnız möminlər daxil olacaqlar”. (Səhih Müslim, c. 1, səh. 75).

İman, azmamaq və haqdan dönməmək razılığın və cənnətə daxil olmanın şərtlərindəndir. Əksəriyyətin anladığı kimi burada mütləq razılıq yoxdur.

Ardı var...   

 

1-ci hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-1ci-hisse

2-ci hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-2ci-hisse

4-cü hissə: http://az.313news.net/article/sehabe/ilk-qabaqcillar-tovbe-suresi-100-4cu-hisse

Рейтинг

В этом разделе