»»

Həzrəti Məhdinin (ə.f.) qeybinin mənası (hədislərdə)

Müfəzzəl ibn Ömər Əbu Abdullahdan (ə) belə nəql edir: “Başa düşdüyün bir hədis rəvayət etdiyin (lakin başa düşmədiyin) on hədisdən yaxşıdır. Hər bir haqqın bir həqiqəti, hər bir doğrunun bir nuru vardır. Allaha and olsun ki, biz öz şiələrimizdən olan bir kəsi o zaman fəqih hesab edərik ki, ona işarə edildiyi zaman işarəni başa düşsün. Həqiqətən də, Əmirəlmöminin Əli (ə) Kufə minbərində belə buyurmuşdur: “Qarşıda sizin üçün elə zülmət, tutqun və qaranlıq fitnələr var ki, ondan yalnız “novmə”lər xilas olacaqlar”. Soruşdular: “Ey Əmirəlmöminin (ə), “novmə” nədir?” İmam Əli (ə) buyurdu: “O şəxs ki, insanları tanıyır, lakin insanlar onu tanımırlar. Bilin ki, yer üzü Allah-taalanın höccətindən xali olmaz, lakin zülmləri, haqsızlıqları və özlərinə qarşı həddi aşmaları səbəbindən Allah onu Öz bəndələrindən gizlədəcəkdir. Əgər yer üzü ilahi höccətsiz bircə an qalsa, heç şübhəsiz, öz əhlini udar. Lakin höccət insanları tanıyar, onlar isə onu tanımazlar. Necə ki, Yusif (ə) da camaatı tanıyır, onlar isə onu inkar edirdilər (onun sağ olmadığını deyirdilər)”. Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Vay bu bəndələrin halına! Onlara elə bir elçi gəlmədi ki, ona daim istehza etməsinlər”. (Yasin 30)

(Qeybəti Numani bab 10, hədis 2, səh.141, Biharul-Ənvar, c. 51, s. 112)

 

Müfəzzəl ibn Ömər Əbu Əbdullahdan (ə) belə nəql edir: “Bu dəstənin (şiələrin) Allaha ən yaxın olduqları, Onun da onlardan ən çox razı olduğu vaxt onların Allahın höccətini itirəcəkləri vaxtdır. O, onlardan gizli qalacaq, onlara görünməyəcək və onlar onun yerini bilməyəcəklər. Lakin (buna baxmayaraq) onlar bu dövr ərzində yəqin şəkildə biləcəklər ki, Allahın höccəti və vədi batil olmayıbdır. Həmin vaxt səhər-axşam fərəci gözləyin. (Həmçinin) Allahın düşmənlərinə ən çox qəzəb etdiyi vaxt da o vaxtdır ki, onlar Allahın höccətini itirəcəklər, o da onlar üçün aşkar olmaycaqdır. Allah-taala (əzəli elmi ilə) bilmişdir ki, onun dostları şübhəyə düşməyəcəklər. Əgər bilsəydi ki, şübhəyə düşəcəklər, bir göz qırpımı belə, Öz höccətini onlardan gizlətməzdi. Bu (Allahın qəzəbi), yalnız ən şər insanlar üçün olacaq”.

(Qeybəti Numani bab 10, fəsil 3, hədis 1, səh.161-162, Kəmaluddin c.2, səh. 339, İsbatul-Huda c.5, səh.85, Biharul-Ənvar c.52, səh.145)

Südeyr Seyrəfi belə rəvayət edir: “Əbu Əbdullah Sadiq (ə) buyurdu: “Həqiqətən də, bu işin sahibinin Yusifla (ə) bir bənzərliyi vardır”. Mən dedim: “Sanki bizə hansısa bir qeyb və çaşqınlıqdan xəbər verirsiniz”. İmam (ə) buyurdu: “Donuza bənzər bu məlun camaat bunun nəyini inkar edir? Yusifin (ə) qardaşları ağıllı, dərrakəli, peyğəmbər nəvəsi və peyğəmbər övladları idi. Onlar Yusifin (ə) yanına gedib, onunla danışmış, söhbət etmiş, ticarət etmiş və onu razı salmağa çalışmışdılar. Yusif (ə) onların qardaşı, onlar da Yusifin (ə) qardaşları idilər, lakin özünü onlara tanıtdırmayana qədər onu tanımamışdılar. O vaxt Yusif (ə) onlara buyurmuşdu: “Mən Yusifəm”. Bu zaman onu tanımışdılar. Bu çaşqın camaat niyə inkar edir ki, nə vaxtsa Allah-taala (Yusif kimi) Öz höccətini də onlardan gizlədə bilər? Yusuf peyğəmbər (ə) Misirin hökümdarı idi. Onunla atasının arasında on səkkiz günlük məsafə var idi. Əgər öz yerini atasına bildirmək istəsəydi, şübhəsiz ki, bunu edə bilərdi. Allaha and olsun ki, (Yusifin) müjdəsi gəlib çatan zaman Yaqub (ə) və övladları öz çöllərindən Misirə doqquz günə çatdılar. Bu camaat Allahın Yusifə (ə) etdiyini Öz höccətinə də edə biləcəyini necə inkar edir? Onlar sizin məzlum və haqqı tapdanan ağanız olan bu işin sahibini onların arasında dolaşmasını, küçə-bazarlarında gəzməsini, evlərinə ayaq basmasını, lakin bu zaman onların onu tanımamasını necə inkar edə bilərlər? Ta o zamana qədər ki, Allah-taala ona özünü tanıtdırmaq izni verər. Necə ki, Yusifə (ə) izn vermişdi: “(Qardaşları soruşdular:) Həqiqətən də, sən Yusifsən? Dedi: “(Bəli) mən Yusifəm!” (Yusuf 90)

(Qeybəti Numani bab 10, fəsil 3, hədis 4, səh.163-164, Kəmaluddin c.1, səh. 144, Biharul-Ənvar c.52, səh.154)

 

İshaq ibn Əmmar Seyrəfi Əbu Əbdullah Cəfər ibn Muhəmməddən (ə) belə nəql edir: “Qaimin (ə) iki qeybə çəkilməsi olacaq. Onlardan biri uzun, digəri isə qısadır. Birincidə onun yerini xüsusi şiələri, digərində isə yalnız xas din dostları biləcəklər”.

(Qeybəti Numani bab 10, fəsil 4, hədis 1, səh.170, Biharul-Ənvar c.52, səh.155, İsbatul-Huda c.5, səh.156)

 

Müfəzzəl ibn Ömər Cufi Əbu Əbdullah Sadiqdən (ə) belə nəql edir: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaqdır. Onlardan biri o qədər uzanacaq ki, hətta bəziləri “ölüb”, bəziləri “öldürülüb”, bəziləri də “həlak olub” deyəcəklər. Bu zaman əshabının arasından ona etiqadda yalnız azsaylı insan sabit qalacaqdır. Nə dostlarından, nə də qeyrilərindən heç kəs onun yerini bilməyəcək – yalnız işlərindən məsul olan xidmətçidən başqa”.

(Qeybəti Numani bab 10, fəsil 4, hədis 5, səh.171-172, Biharul-Ənvar c.52, səh.152, , İsbatul-Huda c.5, səh.118)

 

Übeyd ibn Zürarə Əbu Əbdullahdan (ə) belə nəql edir: “Camaat bir imam itirəcək. (Həmin imam) həcc mövsümlərində iştirak edəcək, insanları görəcək, lakin insanlar onu görməyəcəklər”.

(Qeybəti Numani bab 10, fəsil 4, hədis 13, səh.175, Müstədrəkül vəsail c.8, səh.50, İsbatul-Huda c.5, səh.55, Kəmaluddin c.2, səh. 351)

 

Zürarə Əbu Əbdullahdan (ə) belə nəql edir: “Qaimin iki qeybə çəkilməsi olacaqdır. Bunların birində (xəbəri) çatacaq, digərində isə harada olduğu bilinməyəcək. O, həcc mövsümlərində iştirak edəcək, camaatı görəcək, lakin camaat onu görməyəcək”.

(Qeybəti Numani bab 10, fəsil 4, hədis 15, səh.175, Biharul-Ənvar c.52, səh.154)

 

Übeyd ibn Zürarə Əbu Əbdullahdan (ə) belə rəvayət edir: “Qaimin iki qeybə çəkilməsi olacaqdır. Onların birində həcc mövsümlərində iştirak edəcək, camaatı görəcək, camaat isə onu orada görməyəcəklər”

(Qeybəti Numani bab 10, fəsil 4, hədis 16, səh.175-176, Biharul-Ənvar c.52, səh.154)

 

Muhəmməd ibn Əbu Yaqub Bəlxi Əbülhəsən Rzadan (ə) belə nəql edir: “Siz daha çətin və daha böyük bir şeylə imtahan olunacaqsınız. Siz anasının bətnində olan cənin və südəmər körpə ilə imtahan olunacaqsınız. Onun barəsində belə deyəcəklər: “Qeybə çəkilmişdir, ölmüşdür”. Həmçinin, belə deyəcəklər: “Heç bir imam yoxdur”. Halbuki, Allah Rəsulu (s) da qeybə çəkilmiş, qeybə çəkilmiş və qeybə çəkilmişdi və budur, mən də öz yatağımda ölürəm”. ("Bu sözlə Allah rəsulunun (s) bir neçə dəfə qeybə çəkilməsi nəzərdə tutula bilər. Belə ki, bir dəfə Həra mağarasında, bir dəfə Əbu Talib dərəsində, bir dəfə də (Mədinəyə hicrət edərkən) mağarada və s. Eyni zamanda ola bilər ki, İmam (ə) digər peyğəmbərlərin də adlarını çəkib, onların da qeybə çəkildiklərini bildirib, lakin ravi ixtisar edərək ibarəni “qeybə çəkilib, qeybə çəkilib...” şəklində nəql edib” – tərc)

(Qeybəti Numani bab 10, fəsil 4, hədis 27, səh.180, Biharul-Ənvar c.52, səh.155)

 

Muhəmməd ibn Müslim Səqəfi Təhhan demişdir: “Əbu Cəfər Muhəmməd ibn Əli Baqirin (ələyhis-səlam) yanına daxil oldum. Mən ondan Ali Muhəmməddən olan Qaim (ələyhis-səlam) haqqında soruşmaq istəyirdim. (Söhbətə özü) başlayaraq mənə dedi: “Ey Muhəmməd ibn Müslim, Ali Muhəmməddən olan Qaimin (ə.f.) beş peyğəmbərə oxşarlığı vardır: Yunis ibn Mətta, Yusif ibn Yəqub, Musa, İsa və Muhəmməd (səlləlahu ələyi və ali). Yunis ibn Məttaya olan bənzərliyi qeybə çəkilməsindən sonra yaşlı olmasına baxmayaraq cavan halda geri qayıtmasıdır. Yusif ibn Yəquba olan bənzərliyinə gəldikdə, onun xüsusi və ümumi kəslərdən qeybə çəkilməsi, qardaşlarından özünü gizlətməsi, onunla atası, ailəsi və tərəfdarları arasında məsafənin yaxın olmasına baxmayaraq, işinin atası Yəquba (ə) (qarışıq gəlməsi və) örtülü olmasıdır. Musaya olan bənzərliyi qorxusunun davamlı olması, qeybinin uzun çəkməsi, doğulmasının gizli olması, ondan (qeybə çəkilməsindən) sonra şiələrinin üzləşdikləri əziyyət və xarlıqdan məşəqqət çəkmələridir; o vaxta qədər ki, Allah-taala onun aşkara çıxması və yardımına icazə verər, düşmənlərinə qarşı onu qüvvətləndirər (və öz dəstəyini ondan əskik etməz). İsaya olan bənzərliyi – onun barədə təzada düşənin ayrı fikirdə olmasıdır; (iş o yerə çatmışdı ki) hətta onlardan (təzadlı fikirlər danışan şəxslərdən) bir dəstəsi (onun barədə) “doğulmayıbdır”, bir dəstəsi “ölübdür”, başqa bir dəstəsi isə “öldürülüb və edam edilibdir (çarmıxa çəkilibdir)” demişdir. Babası Mustafaya (səlləllahu ələyhi və ali) olan oxşarlığına gəldikdə isə qılıncla ortaya çıxması, Allahın və Onun Rəsulunun (səlləllahu əleyhi və alihi) düşmənlərini, zülmkarları və tağutları qətlə yetirməsidir. Ona qılınc və (düşmənlərini) qorxuya salma vasitəsilə kömək edilər, bayrağı (heç vaxt) özünə geri qaytarılmaz (yəni məğlub edilməz, istədiyi yerə qələbə bayrağını sancar). Süfyaninin Şamdan, Yəmaninin Yəməndən çıxması, Ramazan ayında səmadan gələn fəryad, göydən bir kəsin onu öz adı və atasının adı ilə çağırması onun zühur əlamətlərindəndir”.

Kəmaluddin bab 32, hədis 7, səh.327, Biharul-Ənvar c.52, səh.217

 

Əbu Bəsir İmam Sadiqin (ələyhis-səlam) belə dediyini nəql etmişdir: “Həqiqətən də, bu işin sahibində peyğəmbərlərdən (ələyhimus-səlam) bənzərliklər vardır: Musa ibn İmrandan bir bənzərlik, İsadan bir bənzərlik, Yusifdən bir bənzərlik və Muhəmməddən (səlləllahu ələyhi və ali) bir bənzərlik. Musa ibn İmrandan olan bənzərliyə gəlincə, qorxaraq gözdə-qulaqda olmasıdır. İsadan olan bənzərliyə gəlincə, onun haqqında İsa barədə deyilənlərin deyilməsidir. Yusifdən olan bənzərliyə gəlincə, gizlilikdir ki, Allah onunla məxluqat arasında hicab (və maneə) qərar verər; o, onları görsə də onlar onu görə bilməz. Muhəmməddən (səlləllahu ələyhi və ali) olan bənzərliyə gəlincə, yol göstərməsi ilə doğru yolu tutar və davrandığı kimi davranar”.

Kəmaluddin bab 33, hədis 46, səh.350-351, Biharul-Ənvar c.51, səh.223, İsbatul-Huda c.5, səh.90

 

İmam Əli (ə) buyurub: Elə ki, mənim nəslimdən olan “mütəğəyyib” (gözdən itən) şəxs insanların gözlərindən qeybə çəkildi, camaat arasında onun itdiyi və ya öldürüldüyü, yaxud da öldüyü xəbəri ilə çaxnaşma düşdü, fitnələr baş qaldıracaq, bəlalar nazil olacaq, (tayfa və ya din) təəssübkeşliyi baş qaldıracaq, insanlar dinlərində ifrata varacaqlar. Hamılıqla deyəcəklər ki, “höccət aradan gedib”, “imamət batil olub”. Həmin il Əli şiələri xəbər almaq, Əli düşmənləri isə cəsusluq etmək üçün Həccə gedib onu axtaracaqlar, lakin onun heç bir izinə rast gəlməyəcəklər, ondan heç bir xəbər, əsər tapmayacaqlar. Bu zaman Əli şiələri söyüləcəklər. Onları düşmənləri söyəcək. Fasiqlər və şər insanlar öz dəlilləri ilə (zahirdə) onlara qalib gələcəklər. Beləcə, ümmət sərgərdan qalıb azacaq və elə hey “höccət həlak oldu”, “imamət batil oldu” deyəcəklər. Halbuki, Əlinin Rəbbinə and olsun ki, Höccət mövcud olub yer üzünün yollarında gəzəcək, evlərə və qəsrlərə daxil olacaq, bu yer üzünün şərqi və qərbində dolaşacaq, sözləri eşidəcək, camaata salam verəcək və vəd verilən vaxta kimi – bir carçı səmadan nida edib “bilin, bu gün Əli övladları və şiələrinin sevinc günüdür” deyən zamana kimi – camaatı görəcək, lakin özü görülməyəcək”.

(Qeybəti Numani bab 10, hədis 3, səh.142-144, Biharul-Ənvar, c. 28, səh. 70)

 

Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir: “Ümmətimdə, yəni Qaimdə (ə) dörd peyğəmbərin sünnəsindən var: qorxu və vəhşət içində olan Musanın (ə) sünnəsindən, onları tanıyan, onların isə onu tanımadıqları Yusufun (ə) sünnəsindən, öldürmədikləri və çarmıxa çəkmədikləri İsanın (ə) sünnəsindən və qılıncla qiyam edən Muhəmmədin (s) sünnəsindən”.

(Dəlailul İmamə səh.470, hədis 460)

 

İmam Sadiqin (ə) İmam Məhdiyə (ə.f.) görə hüznlənməsi və qeybi haqqında

Sədir Seyrəfi deyib: “Mən, Müfəzzəl ibn Ömər, Əbu Bəsir və Əban ibn Təğlib mövlamız Əbu Əbdullah Sadiqin (ələyhis-səlam) yanına daxil olduq. Onu torpaq üzərində oturan gördük. Üzərində bürünmüş (yaxud qayış asılmış) xeybər cübbəsi vardı, cibsiz (kəsiksiz), qolları qısaldılmış idi. O, balasını itirmiş başını itirən, ciyəri yanan kəs kimi ağlayırdı; hüzn yanaqlarınadək çatmış, dəyişiklik simasında yayılmış, gözü yaşla dolmuşdu. O deyirdi: “Ey ağam, sənin qeybin yuxumu (gözlərimdən) qaçırmış, yatağımı mənə dar etmiş, qəlbimin rahatlığını əlimdən almışdır. Ey ağam, sənin qeybin kədərimi əbədi (faciə və) müsibətlərə bağlamışdır. Birindən sonra digərinin (aradan getməsi və) itməsi cəm və sayı yox etmişdir. Mən gözümdən axan (başqa) bir göz yaşı, müsibətlərdən (kədərimin sıxıntılarından) və keçmiş bəlalar üzündən sinəmdən çıxan (başqa) bir inilti duymuram ki, gözlərimin qarşısında təcəssüm olunmasın; bu, bütün sıxıntılardan daha böyük, daha kədərli, daha çətin, daha naməlumdur. Fəlakətlər sənin qəzəbinlə qarışmış, müsibətlər hiddətinlə yoğrulmuşdur”.

Sədir deyir: “(Əbu Əbdullahı (ələyhis-səlam) belə bir vəziyyətdə gördükdə) çaşqınlıqdan ağlımız (başımızdan) uçdu, bu qorxunc bəladan, həlakedici hadisədən qəlbimiz təsirlənərək parça-parça oldu. Belə güman etdik ki, bəlanın xoşagəlməzliyini nəzərdə tutmuş, ya da ruzigardan olan bir müsibətdir ki, başına gəlmişdir. Dedik ki, ey yaradılmışların ən üstününün övladı, Allah gözlərini ağlatmasın! Hansı hadisəyə görə göz yaşın bitib-tükənir, əşkin mərhəmət diləyir? Nə olay baş vermişdir ki, səni belə bir matəmə salmışdır?

İmam Sadiq (ələyhis-səlam) dərindən elə ah çəkdi ki, içi şişdi, qorxusu (və pərişanlığı) artdı. O dedi: “Vay olsun sizə! Bu gün səhər Cəfr kitabına baxdım – bu o kitabdır ki, ölümlərin, bəlaların, böyük müsibətlərin bilgisi; olmuş və qiyamət gününədək olacaqların elmi haqqında məlumat (və tanışlıq) onun içindədir. Bu o kitabdır ki, Allah onu Muhəmməd (səlləllahu ələyhi və ali) və ondan sonrakı imamlara aid etmişdir (yəni Cəfr kitabı və onun içindəkilər, yalnız onlara aiddir). Orada (Cəfrin içərisində) – bizdən olan Qaimimizin doğuluşu (doğuluşunun gizliliyi), onun qeybi, gecikməsi (və uzaq düşməsi), ömrünün uzun olması, həmin zamanda möminlərin sıxıntıları, qeyb dövrünün uzunluğuna görə qəlblərində doğulan şəkk-şübhələr, əksəriyyətinin öz dinlərindən üz döndərməsi, İslamın ilməsini – hansı ki, şəni müqəddəs Allah (bu barədə) buyurmuşdur, “hər bir insanın əməlini onun boynundan asmışıq” (İsra 13), yəni vilayəti boyunlarından açmalarını gözdən keçirdim.

Burada məni riqqət bürüdü və hüzn yaxaladı”. Biz dedik: Ey Allah Rəsulunun oğlu, bu barədə bildiklərindən bəzisinə bizi şərik qoşmaqla mükafatlandır, şərəfləndir. Buyurdu: “Şübhəsiz ki, Allah-taala rəsullardan olan üç nəfərin cərəyanını bizdən olan Qaim üçün həyata keçirəcəkdir. Allah onun doğuluşunu Musanın (ələyhis-səlam) doğuluşutək, qeybə çəkilməsini İsanın (ələyhis-səlam) qeybitək, gecikməsini (zühur müddətinin baş verməsini) Nuhun (ələyhis-səlam) ləngiməsitək müqəddər (və təyin) etmişdir. Ondan sonra saleh bəndənin – Xızırı (ələyhis-səlam) nəzərdə tuturam, ömrünü onun həyatı üçün bir dəlil (və göstərici) etmişdir”.

Biz ona dedik: “Ey Allah Rəsulunun oğlu, (mümkündürsə,) bizə bu mənaların üzlərini (və nə demək olduğunu) açıqlayardın”. Buyurdu: “Musanın doğuluşuna gəlincə, öz səltənətinin Musanın əli ilə aradan gedəcəyini bildikdən sonra Firon göstəriş verdi ki, kahinlər yanına gəlsinlər və onu Musanın nəsəbindən (və kimlərdən olduğundan) xəbərdar etsinlər (onun yerini göstərsinlər). Kahinlər dedilər ki, Musa Bəni İsraildəndir. Firon öz məmurlarına əmr etdi ki, Bəni İsrailin hamilə qadınlarının qarınlarını yırtsınlar. Beləliklə, iki min neçə nəfərə yaxın körpəni öldürdülər, ancaq Musanı (ələyhis-səlam) (ələ keçirərək) öldürmək ona müyəssər olmadı. Çünki o, Allah-taalanın qoruması (və himayəsi) altında idi. Bəni Üməyyə və Bəni Abbas da bu cürdür. Bir vaxt onlar şahlıqlarının, əmirlərinin və zülmkarlarının səltənətinin bizdən olan Qaimin əli ilə aradan gedəcəyindən agah olduqda bizimlə düşmənçilik etməyə başladılar, Rəsulun ailəsinin qətli, onun nəslinin (yox olması və) aradan getməsi yolunda qılınc çəkdilər – bu ümidlə ki, Qaimin qətlinə əlləri çatsın (və buna nail olsunlar). Amma Allah-taala Öz əmrini (və işini) zülmkarlardan birinə görə açıq etməz; O öz nurunu müşriklərin acığna gəlsə də tamamlayacaqdır.

İsanın (ələyhis-səlam) qeybinə gəlincə, yəhudi və xaçpərəstlər yekdil fikrə gəldilər ki, onu qətlə yetirsinlər. Amma Allah-taala bu sözü ilə onları təkzib etmişdir: “Onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq bənzəri göstərildi” (Nisa 157). Qaimin qeybi də bu cürdür, çünki bu ümmət (qeyb dövrünün) müddətinin uzun olduğuna görə onu inkar edəcək. Belə ki, biri sərsəmləyərək “o doğulmayıbdır” – deyəcəkdir. (Başqa birisi “Doğulsa da ölmüşdür”, – deyəcəkdir. Başqa birisi isə belə bir küfrə bənzər söz söyləyər ki, “imamlarımızdan olan on birincisi sonsuz olmuşdur”); başqa biri “(imamların sayı) on üç və ya daha artığına çatmışdır” – deyər (deyərək dindən çıxmış olar), başqa birisi isə Allaha itaətsizlik göstərməyə qalxaraq deyər ki, Qaimin ruhu başqa bir adamın bədənində danışır.

Nuhun (ələyhis-səlam) gecikməsinə (və işinin təxirə düşməsinə) gəlincə, Allah-taaladan qövmünü cəzalandırmasını istədikdə Allah Ruhül-Əmini (ələyhis-səlam) yeddi xurma çəyirdəyi ilə onun yanına göndərdi və ona dedi: “Ey Allahın Peyğəmbəri! Allah-taala sənə deyir ki, bunlar mənim məxluqum və bəndəmdir. Onları yalnız dəvətdə israrlı olmaq və höccəti bərqərar etdikdən sonra ildırımlarımdan biri vasitəsilə məhv edərəm. Buna görə də bir daha qövmünü dəvət etməkdə səy göstər. Mən səni buna görə mükafatlandıracağam. Bu çəyirdəkləri ək; sənin qurtuluşun, xilasın onların cücərdiyi, böyüdüyü və meyvə gətirdiyi vaxtdır. Bu müjdəni ardıcılın olan möminlərinə çatdır. Ağaclar çıxdıqdan, möhkəmləndikdən, gövdəsi yoğunlaşdıqdan, qolbudaq atdıqdan, bəhrə verdikdən və üzərini xurmalar örtdükdən uzun bir müddət sonra Allah-taaladan istədi ki, vədəyə əməl etsin.

Amma Allah-taala göstəriş verdi ki, bu ağacların toxumunu əksin, ikinci dəfə səbir etsin, çalışsın və öz qövmünə (ilahi) höccəti təkid etsin. Nuh da bunu ona iman gətirən tayfalara xəbər verdi. Onlardan üç yüz nəfəri dindən çıxdı və dedi: “Əgər Nuhun iddiası həqiqət idisə, Rəbbinin vədəsində ziddiyət baş verməməli idi”. Sonra Allah-taala hər dəfə göstəriş verdi ki, (yeni) çəyirdəkləri əksin. Nuh yeddi dəfə onları əkdi. Hər dəfəsində möminlərin bir dəstəsi dindən çıxdı (və Nuhdan üz çevirdilər) – o həddə qədər ki, onlardan yetmiş neçə nəfərdən artıq kimsə qalmadı. Həmin vaxt Allah-taala vəhy etdi ki, ey Nuh, indi (daha) həqiqət saflığından əyan olduqda, əmr və iman çirkinlikdən saflaşdıqda – hər bir pistəbiətli olanlar dindən çıxmaları ilə gözünə (aydın) sübh (qaranlıq) gecədən aydın oldu. Əgər mən kafirləri məhv etsəydim və əvvəllər sənə iman gətirmiş dindən çıxan bu tayfanı sağ qoysaydım, qövmün içərisində tövhiddə ixlaslı olan və peyğəmbərliyinin kökündən yapışan möminlər barədə verdiyim vədə vəfa etmiş olmazdım. Çünki vədə vermişdim ki, onları yer üzünün canişini edəcəyəm, dinlərini möhkəmləşdirəcəyəm (onları dində sabitqədəm edəcəyəm), qorxularını əmin-amanlıqla əvəz edəcəyəm ki, qəlblərindən şəkk-şübhənin aradan getməsilə Mənə edilən ibadət xalis (və ixlaslı) olsun; belə bir canişinlik, möhkəmlik və qorxunun əmin-amanlıqla əvəz edilməsi necə mümkün ola bilərdi, halbuki Mən dindən çıxanların yəqinlərinin zəif, təbiətlərinin xəbis olduğunu, qəlblərinin (və düşüncələrinin) pisliyini – hansı ki, nifaqın (və ikiüzlülüyün) nəticələrindəndir – və azğınlığına düşdüklərini bilirdim (Mən bundan Öz əzəli elmimlə xəbərdar idim)?! Əgər möminlərin səltənət qoxusunu – o zaman ki, onları yer üzünün canişini edib, (Öz səltənətimin altında otuzdurub,) düşmənlərini həlak edəcəyəm – duysaydılar, sözsüz ki, ikiüzlülüklərinin batini (və gizliliyi) möhkəmləşər, ürəklərinin azğınlıq əlaqələri (və ya kəndirləri) vəhşiləşər, qardaşları ilə düşmənçiliyi üzə çıxarar, rəyasət və idarəçilik (yəni əmr və qadağaları xüsusiləşdirmək) uğrunda onlarla savaşardılar. Onlar arasında fitnənin baş qaldırması, döyüşlərin baş verdiyi halda dində möhkəmlətmə və möminlərin işinin yayılıb ucalması necə mümkün ola bilərdi? Xeyr, belə deyildir: “Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt” (Hud 37).

İmam Sadiq (ələyhis-səlam) buyurdu: “Qaim (ələyhis-səlam) də bu cürdür. Belə ki, şiələrdən əvvəlcədən (xarakter və) təbiətləri xəbis olan hər kəsin mürtəd olması (dindən çıxması) ilə həqiqət – saflığından əyan olsun və iman çirkinlikdən saflaşsın deyə, onun qeyb günləri də uzun çəkəcəkdir. O kəslər ki, (mömin bəndələrin yer üzündə) canişinlik, (dində) möhkəmlətmə (qüdrət verilmə) və Qaimin (ələyhis-səlam) əhdində yayılan (elan edilən) əmin-amanlığı (hiss etdikləri və) duyduqları zaman onların ikiüzlülük (və nifaq) edəcəklərindən qoruxulur”.

(Kəmaluddin bab 33, hədis 51, səh.352-357, Biharul-Ənvar c.52, səh.219)

 

 

(c) vedolunmus.com

Рейтинг

В этом разделе