»»

Saxta Məhdi iddiası - Muhəmməd ibni Abdullah əl Qəhtani

20 Noyabr 1979-cu il tarixi hicri qəməri təqvimi ilə 1400-cü ilin Məhərrəm ayının 1-ə təsadüf edirdi. Digər şəhərlərdə olduğu kimi müqəddəs Məkkə şəhərində də adi günlərdən biri idi. Sübh azanı verilmişdir və yüzlərlə insan Məscid əl Həramda sübh namazını qılmaq üçün qapıların önündə toplaşmışdı. Bu gün özündə heç bir təhlükəni hiss etdirmirdi, lakin həmin günün sonunda faciə baş verdi.

 

Məscid əl Həramda sübh namazı bitər-bitməz atəş səsləri eşidildi. Namaz qılanların ilk cərgələrində qarışıqlıq baş verdi, bir nəfər, müsəlmanların önündə dayanan “imam camaatın” mikrafonunu əlindən aldı. Bir neçə şəxs ayağa qalxaraq mühafizəni zərərsizləşdirdilər. Mikrafonu alan şəxs, hazırda olan hakimiyyətdən, korrupsiya və cəmiyyətin çətinlikləri haqqında danışmağa başladı. Qiyamət gününün əlamətlərinin bizim zamanda və qeyri bir zamanda baş verməli olduğunu söylədi. Daha sonra Peyğəmbərin (s.ə.a.s.) axirəz-zamanda gəlməli və dini təmizləyərək yeniləməli olan mücəddidi barəsində danışdı. Hadisənin baş verdiyi gün isə Məhərrəm ayının 1 və yeni 100 illiyin əvvəli idi. Sonra, axirəz-zamanda meydana çıxacaq şəxs-Məhdi barəsində danışdı ki, yer üzü zülm və sitəmlə dolandan sonra qiyam edəcək. Sonra, "Məhdi bizim aramızdadır!" - dedi və həmin insanların arasında olan müəyyən bir şəxs barəsində danışaraq onu, mikrafona tərəf çağırıb sözünə davam etdi: "Ey müsəlmanlar! Bu şəxs Məhdidir! Ona beyət edin! Mən heç nəyi uydurmuram və özümdən heç nə söyləmirəm. Bu şəxsin adı Muhəmməd ibni Abdullahdır və Qəhtan qəbiləsindəndir ki, xalis Qureyş qəbilələrindəndir. Bu şəxs Muhəmməd ibni Abdullah Qəhtanidir."

Mikrafonda danışan şəxsin adı isə Cuheyman ibni Muhəmməd ibn Seyf əl Uteybi idi. Bu şəxs bütün baş verənləri təşkil edən və insanları təhrik edən idi. Sonra, həmin şəxs sözünə davam etdi: "Görürsünüz! Bu şəxs İbrahim (ə.s.) məqamı ilə Kəbə evinin tini arasında dayanıb. Bu şəxs İbrahim (ə.s.) məqamı ilə Həcər əl Əsvədin arasında dayanıb və baş verənlər bütünlüklə Peyğəmbərin (s.ə.a.s.) xəbər verdiyi kimidir ki, demişdir – “Məhdi rukn və məqam arasında dayanacaq”. Onun adı Muhəmməddir necə ki, Peyğəmbər (s.ə.a.s.) Məhdi barəsində xəbər vermişdir. Atasının adı da Abdullahdır, necə ki, Peyğəmbər (s.ə.a.s.) Məhdi barəsində xəbər vermişdir. Və o, Qureyşdəndir, necə ki, Peyğəmbər (s.ə.a.s.) Məhdi barəsində xəbər vermişdir. Bununla da siz ona beyət etməlisiniz, çünki Məhdi barəsində olan bütün əlamətlər bu şəxsdə olan əlamətlərlə tam uyğunlaşır. Ona beyət edin!"

Hadisə zamanı Məscid əl Həramda toplaşan sadə müsəlmanlar nə baş verdiyini anlamırdılar, çünki əksəriyyəti xarici idi və ərəb dilini bilmirdilər. Ərəb dilini bilən şəxslər isə çaşqınlıq içində idilər.

Çöldən atəş səsləri gəlirdi və insanlar oradan çıxmağa cəhd edən zaman Məscid əl Həramın hər bir qapısının bağlı olduğunun və hər qapıda silahlı mühafizəçilərin dayandığının şahidi oldular. Bu silahlılar Məscidin öz mühafizəsi yox, Cuheyman  əl Uteybinin ordusunun üzvləri idilər. Bir neçə gün Məscid əl Həram və Kəbə evi girov alınmışdır. Heç kəs ora nə daxil ola bilir, nə də çıxa bilirdi.

4 gün sonra Cuheyman orada qalmaq istəməyənlərə çölə çıxmaq üçün imkan yaratdı, cünki onları qida ehtiyatı ilə təmin edə bilmirdi. Lakin özü və ordusu orada qalmağa davam edərək heç kəsi nə namaz qılmaq, nə təvaf, nə də Həcc və Ümrənin sair ayinlərini yerinə yetirmək üçün içəri buraxmırdılar. Azan verilmirdi, camaat namazının qılınması dayandırılmışdı. Bəzi məlumatlara əsasən Cuheymanın ordusu 250 nəfərdən çox idi. Ölkənin mühafizə sistemi baş verənləri anlayana qədər bütöv bir gün keçdi. Polis strukturu,  Məscidin içinə daxil olmağa cəhd edən zaman Cuheymanın ordusundan olan snayper əsgərlərinin minarələrdə yerləşdirildiyinin şahidi oldular. Allahın evində qan axıdıldı. Cuheymanın ordusu baş vermiş hadisədən bir gün öncə tabutların içində silahları içəri keçirtməkdə müvəffəq olmuşdular. Səudiyyə alimlərinin əksəriyyəti bu yalançı Məhdiyə qarşı fətva versələr belə, bəzi alimləri bundan çəkinərək, soyləmişlər: "Əgər bu şəxs həqiqi Məhdidirsə mən ona qarşı fətva verməkdən çəkinirəm.” Bu şəxslər Səudiyyə alimlərini belə aldatmaqda müvəffəq olmuşdular. Səbəb də Məhdi inancının yanlışlığı və həqiqi xilaskarı düz tanımamaqlıq idi.

Nəhayət, 9-cu gündə Səudiyyə ordusu tankları Məscid əl Həramın qapılarının önünə verərək minarə və qapıları atəşə tutdular. Muhəmməd ibni Abdullah Qəhtani döyüşlər əsnasında öldürülmüş, Cuheyman əl Uteybi isə ordusunun bir qismi ilə ərazidə yerləşən zirzəmiyə çəkilərək gizlənmişdilər. Bunun müqabilində Səudiyyə ordusu ilk öncə zirzəminin qarşısında “rezin” təkərləri yandırmaqla Cuheyman və ordusunu zirzəmidən çıxmağa məcbur etmək istədilər. Lakin, bununla müsbət nəticə əldə edə bilmədilər. Bundan sonra zirzəmini su ilə doldurub suya elektrik cərəyanı qoşdular.

Nəticədə, Cuheymanın ordusunun əksəriyyəti öldürüldü. Cuheyman və 70 nəfərə yaxın silahdaşı isə təslim olaraq həbs edildi. Onların hər birini ictimaiyyətin qarşısında edam etdilər.

Qeyd: Önəmli faktlardan biri budur ki, Cuheyman əl Uteybi məhz yuxuda Muhəmməd ibni Abdullah əl Qəhtaninin Məhdi olduğunu bilir. Əslində Cuheyman,  Muhəmməd ibni Abdullah əl Qəhtanini Məhdiliyə təhrik edir, onu inandırır. Yəni Muhəmməd ibni Abdullahın özünün Məhdi olmağından xəbəri olmur. Belə ki, Qəhtani özünün “Məhdi” oluduğunu və nə edəcəyini bilmir və birinin yadına salması ilə məsələdən agah olur.

Bütün bunların səbəbi məhz Məhdilik anlayışının həm digər cərəyanlar da, həm də müsəlmanların içərisində düzgün qavranmamasıdır. Əgər diqqət etsək görərik ki, bütün saxta Məhdilik iddiasında olanlarda oxşar xüsusiyyətlər vardır. Çox zaman ya iddiada olanların özlərinin nə etdikləri bilinmir, ya da biriləri müəyyən məqsədlər üçün onlardan istifadə edirlər. Bu kimi hadisələrin yuxu və ya vəsvəsi vasitısilə olması şeytanın hiyləsindən xəbər verir. Məqsəd isə Məhdilik anlayışının ümumiyyətlə olmamasını göstərmək və insanları bundan ümidsiz etməkdir. Halbuki, insanlar həmişə bir xilaskarın olmasına inanırlar.

 

(c) vedolunmus.com

Рейтинг

В этом разделе