»»

"Məhdinin oğlu", yoxsa, "Peyğəmbərin oğlu Məhdi"? (İddiaya cavab)

Bağışlayan və Mehriban Allahın adı ilə.

Əziz oxucular, bir müddət öncə saxta Yəməni Əhməd İsmayıl əl-Bəsriyə və tərəfdarlarına silsiləvi rəddiyələr hazırlayaraq, sosial şəbəkələrdə paylaşdıq və müsəlmanları bu fitnəkar cərəyanın oyunlarından xəbərdar etdik. Ardınca isə Şeyx Muhəmməd Zəkəriyyanın 2 hissəli video-mühazirəsinin 1-ci hissəsini paylaşdıq. Görünür, saxta Yəməninin tərəfdarları bu haldan heç də xoşhal olmayıblar və Şeyx Zəkəriyyanın çıxışından bir hissəyə cavab vermək qərarına gəliblər. Əvvəlcə Şeyx Zəkəriyyanın həmin videosundan sözügedən çıxışın mətninə baxaq:

Bütün bu xətalar bir yana, burada başqa bir şey var ki, çox əcibdir. İstəyirəm bu şəxsin ardınca gedənlər buna cavab versinlər. Bu “məsum”un bir kitabı var və adı “Vəsi və rasulul-İmamil-Məhdi fit-Təvrat vəl-İncil vəl-Quran”-dır. Bu kitabında yardımçılarından birinin kitabını məsləhət görür. Həmin şəxsin ”ər-Rədd əl-hasim” adlı bir kitabı var. Bu “məsum” öz kitabında həmin kitab barədə nə deyir? Kitabın 27-ci səhifəsində deyir:

“Daha ətraflı məlumat üçün İmam Məhdi əleyhis-səlam-ın ənsarı tərəfindən çap edilən kitablara, məsələn: əl-Bəlağ əl-mubin, ər-Rədd əl-hasim... kitablarına müraciət edin.”

Onun bu kitabı tövsiyə etməsinin mənası budur ki, o bu kitabda gətirilən dəlillər və sairlə razıdır. Elə? Yaxşı, görəsən nə gəlib bu kitada?

Əziz izləyici və dinləyici, mənimlə birgə yaxşıca diqqət et. Bu, bu şəxs üçün böyük bir fəlakətdir.. Ona görə ki belə bir kitabı məsləhət görüb. “ər-Rədd əl-hasim” kitabında - hansı ki, az öncə onu məsləhət görmüşdü - səh.15-də müəllif nə deyir? “On beşinci dəlil” başlığı altında deyir:

"Bişarətul-İslam" kitabında "Biharul-Ənvar" kitabından nəqlən Suteh əl-Kahindən uzun bir xəbər nəql edilmişdir. Həmin xəbərin cümlələrinin birində İmam Məhdidən (əleyhis-səlam) öncə baş verəcək bəzi hadisələri qeyd edildikdən sonra deyilir: “...Bu zaman Məhdinin oğlu zühur edəcək.

“Məhdinin oğlu” sözünün altından xətt çəkin. Nə deyir? Məhdinin oğlu.

Lakin əgər “Bişarətul-İslam” kitabında səh.253-ə müraciət etsək və onun nəql etdiyi rəvayəti açsaq, nə görəcəyik? Baxın.

“Suteyh dedi: ...Bu zaman Peyğəmbərin oğlu Məhdi zühur edəcək (!)

Nə edib? Rəvayətdəki “ən-nəbi” (peyğəmbər) sözünü silib! Buna görə də rəvayət necə olub? “İbn əl-Məhdi”! (Məhdinin oğlu). Bu saxtakarlıq olduqca aşkardır.

İndi isə Şeyx Zəkəriyyanın çıxışına verilən rəddiyyəni diqqətlə oxuyun:

 

İddiaçı deyir:

“Videoda 25-ci dəqiqədə Şeyx Zəkəriyya həyasızcasına utanmadan deyir: "Hədis kitabının "originalını" açıram,orda qətiyyən "Mehdinin Oğlu" yazılmayıb!!"

Sizlərə kitabın Originalını təqdim edirəm,və "Mehdinin Oğlu" kəliməsi həqiqətəndə orda mövcuddur!! Amma təəssüflər olsun ki,bu qədimi kitabın təzə çap edilmiş formalarında kitab üzərində çox dəhşəli dərəcədə təhriflərə yol verilir,şübhəsi olanlar köhnə versiyası ilə muqayisə etsin!

 

Bişarətul-İslam Kitabı,Mustafa Seyyid Heydər Əl-Kazimi,İslam kitabxanası-Beyrut/Livan;1982-ci ildəki çap.

Göründüyü kimi, müəllif iddia edir ki, Şeyx Zəkəriyya kitabın təhrif olunmuş nüsxəsini əsas götürmüş və bununla sözün əslinin “Peyğəmbərin oğlu Məhdi” şəklində olduğunu göstərmək istəmişdir.

Daha sonra isə iddia edərək deyir ki, Şeyx Zəkəriyyanın əlindəki nüsxə heç də kitabın orijinalı deyil. Əksinə, kitabın orijinalı 1982-ci ildə Beyrutda çap edilən nüsxədir və orada ibarə məhz onların iddia etdikləri şəkildə qeyd olunmuşdur.

Bu iddaya bir neçə yöndən cavab verəcəyik:

Əvvəla: Müəllif bilib-bilmədən elmsiz bir şəkildə özündən qat-qat savadlı və elmli olan bir şəxs barədə “həyasızcasına... utanmadan...” kimi təbirlər işlədib. Əlbəttə, bu kimi sözlər işlətmək, ilk öncə insanın əxlaqi durumundan, daha sonra isə sahib olduğu elmi səviyyədən xəbər verir.

İkincisi: Görəsən, müəllif haradan və necə anladı ki, kitabın əsl, orijinal forması məhz kitabın Beyrutda çap edilən nüsxəsidir? Görəsən o haradan anladı ki, səhih forma “Peyğəmbərin oğlu Məhdi” cümləsi deyil, məhz “Məhdinin oğlu” cümləsidir?

Görəsən, müəllif hədisin digər mənbələrini araşdırmadan, hədis gəldiyi digər hədis mənbələrinə baxmadan necə anladı ki, səhih nüsxə məhz 1982-ci ildə Beyrutda çap olunan nüsxədir?

Bəlkə elə Beyrutda çap olunan nüsxədə xəta baş verib? Bəlkə təhrif olunan nüsxə elə onların əsaslandıqları nüsxədir? Yoxsa, olmaya, onların nəzərində kitabın xətalı və ya xətası olmasında meyar onun çap olunduğu ildir.. Əgər elədirsə, o zaman az sonra qeyd ediləcəklər, onlara bizdən hədiyyə olsun.

Üçüncüsü: Bu rəvayət “Bişarətul-İslam” kitabından qabaq qələmə alınan “Məşariqu-ənvaril-yəqin”, “Biharul-Ənvar” və “İlzamun-Nasib” kitablarında gəlmişdir.

Rəvayətin digər kitablarda qeyd olunmuş formalarına keçməmişdən qabaq Əhməd İsmayıl əl-Bəsrinin tərəfdarının yazdığı kitaba bir daha qayıdaq. Kitabda deyilir:

“Bişarətul-İslam” kitabında “Biharul-Ənvar” kitabından nəqlən Suteh əl-Kahindən uzun bir xəbər nəql edilmişdir. Həmin xəbərin cümlələrinin birində İmam Məhdidən (əleyhis-səlam) öncə baş verəcək bəzi hadisələri qeyd edildikdən sonra deyilir: “...Bu zaman Məhdinin oğlu zühur edəcək.”

Deməli, bu yazıdan aydın olur ki, “Bişarətul-İslam”ın müəllifi rəvayəti “Biharul-Ənvar” kitabından nəql edir. Elə isə, deməli ilk öncə biz bu kitaba müraciət etməliyik:

1. Biz “Biharul-Ənvar” kitabına müraciət etdikdə görürük ki, rəvayətin bu kitabdakı nüsxəsində bu şəxslərin iddia etdikləri kimi, “Məhdinin oğlu” cümləsi deyil, məhz “Peyğəmbərin oğlu Məhdi” sözü işlənmişdir.

Biz aşağıda “Biharul-Ənvar” kitabının üç nüsxəsini sizlərə təqdim edəcəyik. Bu nüsxələrin hər üçündə rəvayətin mətnində “Peyğəmbərin oğlu Məhdi” cümləsinin, yəni: Şeyx Zəkəriyyanın qeyd etdiyi cümlənin işləndiyini görəcəksiniz.

Burada bunu da qeyd edək ki, kitabın tərəfimizdən diqqətinizə təqdim ediləcək ilk nüsxəsi 1887-ci ildə çap edilmiş əlyazma nüsxəsidir. (Bu isə səhih, qeyri-səhih məsələsində kitab çapını əsas götürən bu şəxslərə bizdən ilk hədiyyə olsun.)

 

Biharul-Ənvar: c.13, səh. 44, çap: 1887

Növbəti nüsxə 1983-cü ildə çap edilmiş ikinci çapdır.

 

Biharul-Ənvar: c.51, səh. 163, çap: 1983

Bu isə, “Biharul-Ənvar” kitabının ən son və ən kamil təhqiq nüsxələrindən olan 2008-ci il nüsxəsidir. Gördüyünüz kimi burada da “Peyğəmbərin oğlu Məhdi” ifadəsi keçmişdir:

 

Biharul-Ənvar: c.51, səh. 163, çap: Qum, 2008.

Göründüyü kimi, rəvayətin “Biharul-Ənvar” kitabındakı nüsxəsində “Məhdinin oğlu” ifadəsi deyil, məhz “Peyğəmbərin oğlu Məhdi” ifadəsi işlənmişdir. Bu, bizim bu mövzuda təqdim edəcəyimiz birinci dəlil idi.

2. Rəvayətin “Biharul-Ənvar”dakı mətninə nəzər saldıqda görürük ki, mərhum Əllamə Məclisi (ridvanullahi əleyh) bu rəvayəti Hafiz Rəcəb əl-Bərsinin “Məşariqu ənvaril-yəqin” kitabından nəql etmişdir. Başqa sözlə, rəvayətin orijinal mənbəsi “Məşariqu ənvaril-yəqin” kitabıdır.

Biz rəvayətin orijinal mənbəsi olan bu kitaba müraciət etdikdə də görürük ki, rəvayətdə məhz “Peyğəmbərin oğlu Məhdi” sözü işlənmişdir.

 

Məşariqu ənvaril-yəqin, səh. 130, çap: Beyrut, 1999.

Şəkildə də gördüyünüz “Məşariqul-ənvar” kitabıdır. Kitabda işarələnmiş yerdə “İbnun-Nəbiyyil-Məhdi” ifadəsi işlənmişdir. Başqa sözlə, bu nüsxədə də rəvayət Şeyx Zəkəriyyənin dediyi formada: “Peyğəmbərin oğlu Məhdi” şəklindədir.

3. Rəvayətin digər bir mənbəsi də “Bişarətul-İslam” kitabından daha öncə qələmə alınan “İlzamun-Nasib” kitabıdır (Şeyx Əli əl-Yəzdi əl-Hairi (ridvanullahi əleyh)). Biz bu kitaba da müraciət etdikdə rəvayətdə “Peyğəmbərin oğlu Məhdi” sözünün işləndiyini görürük.

Bu kitabla bağlı qeyd etməmiz gərəkən digər bir maraqlı məqam isə kitabın 1971-ci ildə Livanın paytaxtı Beyrutda çap edilmiş olmasıdır. Aşağıda şəkildə təqdim olunan nüsxə məhz 1971-ci ildə çap olunan nüsxədir.

 

İlzamun-Nasib, c.2, səh. 169-170, çap: 1971, Livan

Gördüyünüz kimi, burada da “Peyğəmbərin oğlu Məhdi” ifadəsi işlənmişdir.

Burada Əhməd İsmayılın ardıcıllarından növbəti hədiyyəni verərək soruşuruq: Nəyə əsasən iddia etmişdiniz ki, “Bişarətul-İslam” kitabının son nüsxələri təhrif olunub?

Buna əsasən ki, kitabın 1982-ci ildəki nüsxəsində “Məhdinin oğlu” ifadəsi işlənib? Məgər kitabın hansı nüsxəsinin təhrif olunub-olunmadığını bilmək üçün yeganə yol budurmu?

Fərzən qəbul edək ki, belədir (hərçənd ki, belə deyil), bəs nə üçün hədisin 1971-ci ildə çap edilən “İlzamun-Nasib” kitabındakı formasına müraciət etmədiniz? Hansı ki, bu kitab istər qələmə alınma baxımından, istərsə də çap baxımından sizin əlinizdəki nüsxədən daha qədimdir!

“Bişarətul-İslam” kitabının müəllifi rəvayəti “Biharul-Ənvar”dan nəql etdiyini yazır. Nə üçün ilk öncə o kitaba yox, məhz “Bişarətul-İslam”ın hansısa digər nüsxəsinə müraciət etmisiniz? Halbuki, Əllamə Məclisi özü də “Biharul-Ənvar”dakı rəvayəti digər bir kitabdan - “Məşariqu-ənvaril-yəqin”dən nəql edir!

Bunun cavabı çox bəsitdir: çünki nəfsi istəklər sizə bunu etməyə mane oldu. Bu səbəbdən də avam kütlənin başını aldatmaqdan ötrü bu cür əyri yollara baş vurdunuz. Lakin, Allahu-təala buyurur: “De: haqq gəldi, batil puç olub aradan getdi. Həqiqətən də batil puçluğa məhkumdur” (İsra surəsi, 81).

Nəticə: Bütün bunlardan belə aydın olur ki, rəvayətdəki ifadənin orijinal və təhrif edilməmiş forması məhz hörmətli tədqiqatçı və alim Şeyx Zəkəriyyənin (hafazahullah) göstərdiyi kimi “Peyğəmbərin oğlu Məhdi” formasıdır, nəinki Bəsrəli mühəndis Əhməd İsmayıl və ardıcıllarının iddia etdiyi “Məhdinin oğlu” forması.

Deməli, cümlələrində yanlışlıq baş verən nüsxə, Bişarətul-İslam kitabının 1982-ci ildə Beyrutda çap olunan nüsxəsidir, nəinki bu kitabın yeni nüsxəsi.

Mühüm bir qeyd: Əgər hörmətli oxucu bir qədər diqqət etsə görəcək ki, bu şəxslərin təhrif edərək dəlil gətirmək istədikləri “rəvayət”, əsl həqiqətdə heç məsumdan belə nəql edilməmişdir! Əksinə, təhrif edərək dəlil gətirmək istədikləri bu xəbər, məhz kahin və falçıların birindən nəql edilən və hədis elmi baxımında “hədis” sayılmayan şəxsi xəbərdən ibarətdir. Bu şəxslər öz batil müddəlarına səhih və mötəbər Əhli-Beyt rəvayətlərindən dəlil gətirməkdən o qədər acizdirlər ki, çıxış yolu olaraq bu cür kahin xəbərlərinə üz tutmalı olurlar.

Xəbəri nəql edən şəxs Suteyh əl-Kahin adlı cahiliyyə dövründə kahinlik etmiş bir şəxsdir. Xəbərin hücciyyətdən düşməsi üçün isə bunun özü kifayət edər. Xüsusən də nəzərə aldıqda ki, xəbər ümumiyyətlə sənəd baxımından zəifdir.

Onu da qeyd edək ki, Əllamə Məclisi (rəhiməhullah) bu rəvayətini aşağıda göstərilən başlıq altında gətirib:

“Kahin və onların növündən olan şəxslərin xəbər verdikləri, lövhələr və qayalar üzərində gördükləri (xəbərlər) barədə nadir bab.” (Biharul-Ənvar: c.51, bab 11).

Рейтинг

В этом разделе