»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (7-ci hissə)

Vəsiyyət hədisi kimə uyğun gəlir?

Daha əvvəl qeyd etdik ki,vəsiyyət hədisinin sonunda qeyd olunan üç ad İmam Məhdinin (əleyhis-səlam) adlarıdır. Lakin Əhməd İsmayılın ardıcılları iddia etmişlər ki, bu adlar İmam Məhdinin (əleyhis-səlam) övladlarından olan ilk məhdinin adlarıdır və demişlər ki, ilk məhdidən məqsəd Əhməd İsmayıldır.

Şübhə yoxdur ki, Əhməd İsmayılın ardıcılları belə bir iddianın bu şəkildə rahatlıqla qəbul edilməsinin qeyri-mümkün olduğunu bilirlər. Belə ki, hədisdəki “Əhməd”in Əhməd İsmayıl olduğunu sübut etmək bu dəstənin qarşısına çıxan ən ağır çətinliklərdən biri olmuşdur. Lakin bunun üçün özlərinə xas olan bir qayda icad etmişlər və onunla öz iddialarını dəstəkləməyə çalışmışlar. Bu qayda isə belədir: “vəsiliyi onun sahibindən başqa heç kəs iddia edə bilməz”. İndi ki, bu vəsiliyi Əhməd İsmayıldan başqa heç kəs iddia etməyib, deməli vəsiyyət hədisində nəzərdə tutulan şəxs də məhz odur!

“Vəsiliyi yalnız onun sahibi iddia edər” qaydası üçün gətirdikləri dəlillər:

Onlar bu qaydalarına dəlil kimi bir neçə rəvayətdən istifadə etmişlər:

O cümlədən: İmam Rzanın (əleyhis-səlam) Casəliqlə söhbəti. Bunu Ravəndi qeyd etmişdir və burada deyilir:

“Sonra Rza (əleyhis-səlam) Casəliqə üzünü tutub dedi: “İncil Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbərliyinə işarət edibmi?” Casəliq dedi: “Əgər İncil ona işarət etsəydi, onu inkar etməzdik”. Buyurdu (əleyhis-səlam): “Üçüncü sifrdə qeyd olunan “səktə”nin nə olduğu barədə mənə danış”. Casəliq dedi: “Allahu-təalanın adlarından olan bir addır. Onu aşkar edə bilmərik”. Rza (əleyhis-səlam) dedi: “Əgər sənə sübut etsəm ki, o Muhəmmədin adıdır və (burada) ondan danışılır və İsa da onu təsdiq etmişdir, (həmçinin) o Muhəmməd(in gələcəyi ilə bağlı) Bəni-İsrailə müjdə vermişdir, bunu inkar etməyib təsdiq edərsən?” Dedi: “Əgər edə bilsən, təsdiq edərəm. Mən İncili rədd etmir, onu inkar etmirəm”. Rza (əleyhis-səlam) dedi: “Üçüncü sifri mənə ver. Hansı ki, orada Muhəmmədin adı çəkilir və İsanın onun barəsində müjdə verməsi qeyd olunur1”. Casəliq dedi: “Götür!” Rza (əleyhis-səlam) İncilin üçüncü sifrini oxumağa başladı və gəlib Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) adına çatdı. Dedi: “Ey Casəliq, burada qeyd olunan peyğəmbər kimdir?” Dedi: “Kimdir?” Buyurdu: “Onun (kim olduğunu) yalnız Allahın dediyi kimi deyərəm: O dəvə, əsa və əba sahibidir. Ümmi peyğəmbərdir. Hansı ki, onu (əllərindəki) Tövrat və İncildə yazılmış görürlər. O, onları yaxşı işlərə əmr edir, pis işlərdən çəkindirir. Onlara pakları halal, çirkin və murdarları haram edir. Boyunlarında olan ağır yükü və zəncirləri onların çiynindən götürür. Onları ən doğru, ən düz və ən möhkəm yönəldir... Səndən Allahın “ruhu” və kəliməsi olan İsa haqqına soruşuram, ey Casəliq, bu xüsusiyyətlərin İncildə bu peyğəmbər barəsində deyildiyini görürsən?” Casəliq başını aşağı saldı. Başa düşdü ki, İncili inkar edib və kafir olub. Dedi: “Bəli, bu xüsusiyyət(lər) İncildə var. İsa bu peyğəmbər barədə danışmışdır. Lakin nəsranilərin nəzərində bu şəxsin sizin rəhbəriniz olduğu sübuta yetməmişdir”. Rza (əleyhis-səlam) dedi: “..Elə isə, ikinci sifri mənə ver. Mən orada onun, onun vəsisinin, onun qızı Fatimənin, Həsənin və Hüseynin (əleyhimus-səlam) adlarınını sənə göstərəcəyəm”. Elə ki, Casəliq və Rə`sul-calut bunu eşitdilər, başa düşdülər ki, Rza (əleyhis-səlam) Tövrata və İncilə agahdır. Ona görə də dedilər: “Allaha and olsun ki, o elə (dəlillər) gətirdi ki, biz onları rədd edə bilmərik. Onları rədd etmək üçün gərək Tövratı, İncili və Zəburu inkar edək. Musa da, İsa da onun barəsində müjdə vemişlər. Lakin bizim nəzərimizdə onun bu Muhəmməd olduğu sübuta yetməmişdir. Adına gəlincə, (bəli, təsdiq edirik ki, adı) Muhəmməddir. Lakin biz onun peyğəmbərliyini iqrar edə bilmərik. Çünki biz şəkk edirik ki, o sizin Muhəmmədinizdir, yoxsa başqası”. Rza (əleyhis-səlam) buyurdu: “Şəkk edirsiniz? Görəsən Allah Adəmin (əleyhis-səlam) nəslindən (o həzrət peyğəmbər seçildiyi gündən) bu günədək adı Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) olan bir peyğəmbər göndəribmi? Olmaya, Allahın peyğəmbərlərinə göndərdiyi kitablar içərisində hər hansısa bir kitabda onun bizim Muhəmmədimizdən başqa biri olduğunu görmüsünüz?” Onlar cavab verə bilmədilər və dedilər: “Biz o Muhəmmədin sizin Muhəmmədiniz olduğunu təsdiq edə bilmərik. Ona görə ki, əgər biz Muhəmmədin, onun vəsisinin, qızının və iki oğlunun adlarının İncildə olmasını təsdiq etsək, istəmədiyimiz halda bizi İslama daxil etmiş olarsınız”.2

Həmçinin, Şeyx Səduqun (quddisə sirruh) nəql etdiyi bu rəvayəti dəlil gətirmişlər:

“Vəlid ibn Subeyh dedi: Əba Əbdillahın (əleyhis-səlam) belə buyurduğunu eşitdim: “Əgər bu işi onun sahibindən başqa birisi iddia edərsə, Allah o şəxsin ömrünü kəsər”.3

Onların bu iki rəvayətdən çıxardıqları məna rəvayətlərin məzmunundan tamamilə uzaqdır. Onların dedikləri şey xəstə ağılların uydurduğu bir şeydir. O xəstə ağıllar ki, batilə yardım etmək istəyirlər, hətta Ali-Muhəmmədə (əleyhimus-səlam) yalan nisbət verməli olsalar belə!

İmam Rzanın (əleyhis-səlam) Casəliqə dəlil gətirməsi təkcə Muhəmməd adını əhatə edən mətnlə deyildi. Yəni, İmam (əleyhis-səlam) təkcə bunu deməklə dəlil gətirmir ki, “bir peyğəmbər gələcək ki, adı Muhəmməd olacaq”, vəssəlam. Xeyr, əksinə İmam (əleyhis-səlam) o həzrətin bəzi xüsusiyyətlərini sadalayır. Məsələn, deyir: “O, dəvə və əsa sahibidir”. Həmçinin, onun görəcəyi işlərin bir hissəsini sadalayır. Məsələn, deyir: “Onları yaxşı işlərə əmr edir, pis işlərdən çəkindirir. Onlara pakları halal, çirkin və murdarları haram edir. Boyunlarında olan ağır yükü və zəncirləri onların çiynindən götürür. Onları ən doğru, ən düz və ən möhkəm yönəldir”. Hətta, onun nəsəbini, nəslini və vəsisini belə qeyd edir. Deyir: “Elə isə, ikinci sifri mənə ver. Mən orada onun, onun vəsisinin, onun qızı Fatimənin, Həsənin və Hüseynin (əleyhimus-səlam) adlarınını sənə göstərəcəyəm”. Bütün bunlar Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) şəxsiyyətinin kim olduğunu müəyyən edir və ondan başqasına dəlalət etmir. Bunu inkar etmək mümkün deyil. Yəni, Peyğəmbər təkcə dəvətlə etməklə kifayətlənməyib, həm də bunun yanında öz doğruluğuna dəlalət edən əməl və möcüzə də göstərib və müqəddəs kitabın onun barəsində verdiyi bütün xəbərlər həyata keçib!

Əhməd İsmayıla gəlincə isə, onun həqiqətən də Əhli-Beytə (əleyhimus-səlam) mənsub olub-olması bilinmir. Bunu yalnız o özü və əmisi iddia edib. Hətta Bəsrədə bilinən budur ki, o, nəsəb cəhətdən Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) yetişmir. Şöhrət nəsəbin isbat və ya nəfy olunmasında ən mühüm vasitələrdən biridir.

Bundan əlavə, Əhməd İsmayıl gizlənir, xüsusiyyətləri bilinmir, onunla görüşmək mümkün deyil və onun barəsində deyilənlər bürhandan xali olan bir neçə iddiadan başqa bir şey deyil. Biz bilmirik iddia nə vaxtdan dəlil olub!

Bundan başqa, birinci rəvayət bizə deməyib ki, nübuvvəti və ya imaməti onun sahibindən başqası iddia edə bilməz. Çünki tarix bizə nəql edir ki, bir çox şəxslər peyğəmbərlik və imamət iddiası etmişlər. Məsələn, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) müasiri olan Müseyləmə əl-Kəzzab, həmçinin Səccah əl-Mutənəbbiə. Tarix qeyd etməmişdir ki, Allah bu iki şəxsin ömrlərini həmin anda kəsmişdir. Buna əsasən, bu rəvayət onlara heç bir fayda vermir. Yalnız İmam Rzanın (əleyhis-səlam) Casəliqin dediyi “İncildə Muhəmməd adı qeyd olunub, lakin onun sizin Muhəmmədiniz olduğunu bilmirik” şübhəsinə cavab olaraq buyurduğu bu kəlamdan istifadə etmək istəyə bilərlər: “Görəsən Allah Adəmin (əleyhis-səlam) nəslindən (o həzrət peyğəmbər seçildiyi gündən) bu günədək adı Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) olan bir peyğəmbər göndəribmi? Olmaya, Allahın peyğəmbərlərinə göndərdiyi kitablar içərisində hər hansısa bir kitabda onun bizim Muhəmmədimizdən başqa biri olduğunu görmüsünüz?”. Lakin bu da Əhməd İsmayılın ardıcıllarına heç bir fayda vermir. Ona görə ki, əgər biz fərzən qəbul etsək ki, məhdilərin birincisi İmam Məhdinin (əleyhis-səlam) oğludur və adı da Əhməddir, lakin yenə də bu şəxsin Əhməd İsmayıl olduğunu demək tezdir. Çünki İmam Məhdi (əleyhis-səlam) hələ zühur etməyib. Əgər zühur etsə, ola bilsin ki, Əhməd adında bir övladı olacaq ki, özündən sonra hakimiyyətə keçəcək. İmam Rzanın (əleyhis-səlam) kəlamına gəlincə, bu söz açıq-aşkar ona dəlalət edir ki, o həzrətin zamanına qədər, yəni hicri 200-cü ilədək adı Muhəmməd olan başqa bir peyğəmbər zühur etməyibmiş. Əgər olsaydı, bəyan edərdi. Elə isə iki məsələ arasında fərq aydındır.

“Bu işi onun sahibindən başqa birisi iddia edərsə, Allah o şəxsin ömrünü kəsər” məzmunlu ikinci rəvayətə gəlincə isə, bu rəvayəti Şeyx Səduq (quddisə sirruh) “İqabul-Əmal” kitabında “əhli olmadığı halda imamət iddiası edən şəxsin cəzası” başlıqı altında nəql etmişdir. Məlumdur ki, hədisdəki “ömrünü kəsər” sözündən məqsəd onların bəzilərinin başa düşdükləri kimi həmin şəxsin tez bir zamanda həlak olması deyildir. Çünki hədisdə işlədilən “bətr” sözü kəsmək deməkdir. Bu, o deməkdir ki, imamət iddiası edən şəxs bu iddianı etməyəcəyi təqdirdə yaşamış olacağı ömürdən daha az ömür yaşayacaq. Rəvayəti bu şəkildə başa düşmək lazımdır. Çünki bir çox adam imamət və hətta peyğəmbərlik iddia etmişlər, lakin Allah onları tez bir zamanda həlak etməmişdir.

Daha aydın təbirlə desək: “İhlak”la (həlak etmə), “bətr” arasında fərq vardır. “İhlak” odur ki, insan tez bir zamanda həlak edilsin. Bu zaman məsələ hamı üçün aydın və əyan olur. Hamı başa düşür ki, Allah bu şəxsi həlak etmişdir. “Bətr” isə ömürdən azaldılması deməkdir. Yəni, məsələn, əgər bir insan üçün Allahın elmində 80 il yaşamaq müqəddər edilmişsə, “bətr”in baş verməsi o deməkdir ki, Allah bu ömrü kəsib 60 il edir!

Bəzi hallarda adi insan imamət iddiaçısının ömrünün “bətr” olunub olunmadığını (kəsilib kəslimədiyini) bilmir. Ona görə ki, o onun əsl ömrünün nə qədər olmasından xəbərsizdir. Buna görə də görürük ki, bir çoxları imamət iddiası edirlər və uzun illər yaşayırlar. Məsələn, “Qadiyani” firqəsinin və “Bəhai” dininin qurucuları kimi. Onlar uzun illər yaşayıb öz zəlalət və bidətlərini yaymaqla məşğul olmuşlar.

Buna görədir ki, Şeyx Səduq (quddisə sirruh) da “Mən la yəhzuruhu-l-fəqih” kitabında nəql etmişdir ki: “Kim yol kəsərsə, Allah o şəxsin ömrünü kəsər (bətr edər)”.4

Mən zənn etmirəm ki, ağıl sahibi olan bir şəxs hədisin mənasının “kim yol kəsərsə, həmin anda yıxılıb ölər!” – olduğunu desin!

Bütün bunlara göz yumsaq belə, yenə də Əhməd İsmayılın hal-hazırkı vəziyyəti bəlli deyil. Bilinmir sağ-salamatdır, yoxsa Allah onun ömrünü kəsib həlak etmişdir. Onların ən azından bu müddət ərzində bu qaydadan dəlil gətirmələrinin düzgün olması üçün gərək sübut etsinlər ki, Əhməd İsmayıl sağ-salamatdır və beləcə bununla biz Allahın onun ömrünü kəsmədiyinə əmin olaq.

Bundan daha betəri, Şeyx Səduqun “Kəmalud-din” kitabında həzrət Yusifin (əleyhis-səlam) vəsiyyəti barədə nəql etdiyi hədisdir. Muhəmməd əl-Hələbi Əba Əbdillahın (əleyhis-səlam) belə buyurduğunu nəql edir:

“Yusif ibn Yaqub (salavatullahi əleyhima) ölüm ayağında olarkən səkkiz nəfərdən ibarət olan Yaqub ailəsini bir araya topladı və dedi: “Bu qibtilər sizə hakim olacaqlar və sizə şiddətli əzab verəcəklər. Allah sizi onların əlindən Yaqubun oğlu Lavinin nəslindən olan bir şəxsin əli xilas edəcək. Onun adı Musa ibn İmrandır (əleyhimus-səlam). Uzun boylu, qıvrım saçlı və qarabuğdayı bir şəxsdir. Bəni-İsraildən olan bir kişi oğlunu İmran adlandıracaq. İmran da öz oğlunu Musa adlandıracaq”. Əban ibn Osman Əbul-Hüseyndən, o Əbu Bəsirdən, o da Əba Əbdillah (əleyhis-səlam)-dan nəql edir ki: “Musa zühur etməmişdən qabaq Bəni-İsraildən əlli kəzzab (yalançı) ortaya çıxdı ki hamısı Musa ibn İmran olduqlarını iddia etdilər”.5

Bu səhih rəvayət göstərir ki, vəsiliyi onun sahibindən başqası da iddia edə bilər. Hətta rəvayət bunun baş verdiyini deyir və Bəni-İsraildən olan əlli nəfərin Yusif peyğəmbərin (əleyhis-səlam) vəsiyyətini əsas gətirərək peyğəmbərlik iddia etdiyini xəbər verir. Bu, bu şəxslərin iddia etdiyi şeyi qüvvədən salır!

Deyilə bilər ki: Bu keçmiş ümmətlərdə baş vermişdir. İslamın vəziyyəti keçmiş şəriətlərin vəziyyətindən fərqlənir.

Cavab: Bu şəxslər iddia edilər ki, bu qayda ilahi sünnə və rəbbani qanundur. Məlumdur ki, ilahi sünnələr səmavi şəriətlər dəyişməsilə dəyişməzlər. “Sən Allahın sünnəsində bir dəyişiklik tapmazsan”. (Fatir, 43)

Bu hədislər onların qondardıqları bu qayda dəlil olmaq üçün yaramır və beləcə onların “vəsiyyət hədisində qeyd edilən şəxs Əhməd İsmayıl əl-Bəsridir” sözləri dəlili olmayan iddia olmağında qalmaqda davam edir.

Onlar rəvayətlərdə qeyd olunan şəxslərin kim olduğunu bilməkdən ötrü yuxu və istixarə kimi başqa dəlillər də qeyd etmişlər ki, daha sonra bunları qeyd edəcək və onların nə qədər zəif olduğunu göstərərək sübut edəcəyik ki, bu dəlillər hər hansısa şəri bir hökm təsis etmək belə üçün yaramır, o ki qala mühüm bir əqidəni isbat edə.

Şeyx Əhməd Salman

Ardı var...

__________________________________________________

1 Və ya: İsaya onun barəsində müjdə verilir. (Müt.)
2 əl-Xəraic vəl-Cəraih, 1/347
3 Səvabul-Əmal, səh. 255.
4 Mən la yəhzuruhu-l-fəqih, 1/26, hədis 46.
5 Kəmalud-din və təmamun-nimə, səh. 147

Рейтинг

В этом разделе