»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (4-cü hissə)

Əhməd İsmayılın ilk Məhdi olması ilə bağlı iddiası

(əvvəli 3-cü rəddiyədə)

Əhməd İsmayılın ardıcıllarından biri "Vəsiyyət hədisi"ni müdafiə etmək və onun səhih olduğunu göstərmək istəmişdir. İddia etmişdir ki, bir sıra dəlillərə əsasən hədisin sənədi səhihdir.

Belə ki, demişlər: Hədisi Bəzufərinin nəql etməsi onun səhihliyini göstərir. Çünki o, İmam Məhdinin (əleyhis-səlam) vəkillərindəndir və onun batil bir şey nəql etməsi mümkün deyil.

Cavab: Bəzufərinin İmam Məhdinin (əleyhis-səlam) vəkili olması sübuta yetməmişdir.

Onlar öz dediklərinə dəlil olaraq Şeyx Tusinin (quddisə sirruh) “əl-Ğeybə” kitabında nəql etdiyi aşağıdakı rəvayət göstərirlər. Şeyx deyir:

Üç yüz on yeddinci ilin Muhərrəm ayında Əvaz şəhərində yazılmış qədim bir əsldə1 belə yazıldığını gördüm: Əba Əbdillah dedi: bizə Əbu Muhəmməd Həsən ibn Əli ibn İsmayıl ibn Cəfər ibn Muhəmməd ibn Abdullah ibn Muhəmməd (ibn Ömər) ibn Əli ibn Əbi Talib əl-Curcani nəql edib dedi: Mən Qum şəhərində idim. Bizim qardaşlar arasında övladını inkar edən bir şəxs barədə söhbət oldu. Onlar bir nəfəri Şeyxin – Allah onu qorusun – yanına göndərdilər. Həmin vaxt mən onun yanında idim – Allah ona kömək olsun. Ona bir məktub verdilər. Lakin o məktubu oxumadı və əmr etdi ki, onu Əba Əbdillah Bəzufərinin yanına – Allah onu izzətli etsin – aparsınlar və o cavab versin. Həmin şəxs məktubu onun yanına apardı və bu zaman mən də onunla getdim. Əba Əbdillah ona dedi: “Uşaq onun uşağıdır. O, filan gündə və filan məkanda xanımı ilə yaxınlıq etmişdir. Ona de ki, uşağın adını Muhəmməd qoysun.” Elçi öz şəhərinə qayıtdı və baş verənləri onlara dedi. Beləliklə, məsələ onlar üçün aydın oldu. Bundan sonra uşaq doğuldu və ona Muhəmməd adı qoydular. (əl-Ğeybə, 308)

Bu xəbər sənəd baxımından tam deyil. Çünki Şeyx Tusi (quddisə sirruh) bu xəbəri öz doğumundan ən azı altmış il əvvəl yazılmış bir əlyazmadan nəql edib. Bu əlyazmanın müəllifi və sənədin əvvəlindəki Abdullahın kimliyi bilinmir.

Bundan başqa, xəbər Bəzufərinin İmam Məhdinin (əleyhis-səlam) vəkili olmasına dəlalət etmir. Belə ki, mümkündür ki, Bəzufəri cavabları səfirlərdən biri vasitəsilə nəql etmişdir. Necə ki, Əllamə Məclisi xəbərə şərh verərkən bu ehtimalın mümkünlüyünü qeyd etmişdir.

TƏRCÜMƏÇİNİN QEYDİ: Belə ki, Əllamə Məclisi (rəhmətullahi əleyh) Biharul-Ənvar kitabında bu rəvayət barədə deyir:

Hədisdən belə görünür ki, Bəzufəri səfirlərdən (vəkillərdən) olub, lakin bu barədə (bir şey) nəql edilməyib. Mümkündür ki, bu məsələ ona kiminsə vasitəsilə çatmışdır, yaxud da heç kimin vasitəsilə çatmamışdır (o özü rəbbani elmi ilə bilmişdir). (Biharul-Ənvar, 51/326)

Göründüyü kimi bu fikir Əllamə Məclisinin öz şəxsi fikridir. Üstəlik mərhum Əllamə iddia etmir ki, məsələ məhz birinci qeyd etdiyi kimidir, xeyr, əksinə, özü də etiraf edir ki, Bəzufərinin vəkil olması ilə bağlı heç bir şey nəql edilməmişdir. Bu rəvayətdən onun vəkil olması qəti şəkildə başa düşülmür, mümkündür ki, o məsələdən digərləri vasitəsilə xəbərdar olmuşdur, ya da öz şəxsi bacarığı hesabına bundan agah olmuşdur. (qeydin sonu)

Habelə mümkündür ki, Bəzufəri öz yanında ədalətli olan şahidlərin şəhadəti ilə məsələdən xəbərdar olmuşdur. Həmçinin, bu da mümkündür ki, Bəzufəri məsələdə öz şəxsi uzaqgörənliyindən istifadə edib.

Hətta fərz edək ki, onların sözlərini qəbul edirik, lakin yenə də bir rəvayəti nəql etmək onun məzmununa etiqad etmək demək deyildir. Xüsusən nəzərə alsaq ki, Bəzufərinin imamətə dair yazdığı yeganə kitab “ər-Rədd ələl-vaqifiyyə”2 (Vaqifiyyə məzhəbinnə rədd) kitabıdır. Hansı ki, bu bizdə belə bir əminlik yaradır ki, adıçəkilən rəvayət (vəsiyyət hədisi) elə bu kitabdan götürülüb. Məlumdur ki, rəddiyyə məzmunlu kitablarda özününkünün də, müxalifin də rəvayətləri qeyd olunur. Necə ki, bu gün biz səhihliklərinə etiqad etməsək də, “Səhihi-Buxari” və “Səhihi-Müslim” kimi kitablardan (müxaliflərə qarşı) dəlil gətiririk. Buna əsasən, bəlkə də Bəzufərinin bu rəvayəti qeyd etməsindən məqsəd qarşı tərəfi susdurmaq olmuşdur. Bu mənada ki, vaqifilərin əksinə olaraq on iki imam rəvayətlərini həm şiə, həm də sünni məzhəbinin nəql etdiyini göstərmək istəyib. Çünki vaqifilər yeddinci İmamda (əleyhis-səlam) dayanıblar.

Həmçinin demişlər: Bu rəvayəti altı nəfər “üsul” sahibi olan şəxs nəql etmişdir. Bu isə rəvayətin onların nəzərində məşhur və mötəbər olmasına dəlildir.

Cavab: Bu söz iki yöndən batildir:

Birincisi: Vəsiyyət hədisini rəvayət edən şəxslərin heç biri “əshabul-usul”dan deyildir.3 Lakin bu “elm əhli” əl-Uqeyli kitabla əsli bir-birindən ayıra bilmədiyinə görə də Şeyx Tusini (quddisə sirruh) əsl sahibi olan şəxslərdən sayır!

İkincisi: Əgər fərzən onun sözü ilə razılaşsaq, yenə də heç bir fayda etməyəcək. Ona görə ki, bir rəvayəti nəql etmək onu qəbul etmək demək deyil. Əgər doğurdan da bu rəvayət onların iddia etdikləri kimi məşhur olsaydı, o zaman onu təkcə Şeyx Tusi nəql etməzdi, ondan əvvəl yaşamış və qeybətlə bağlı kitab yazmış Şeyx Numani və həmçinin imamətə dair əsərləri olan Şeyx Səduq və atası kimi şəxsiyyətlər də nəql edərdilər.

Mənim şəxsi araşdırmama əsasən, bu rəvayətə etimad edən və onun sənədinin səhih olduğunu deyən yeganə şəxs Mirzə Nuridir (quddisə sirruh). Belə ki, o “ən-Nəcmus-Saqib” kitabında rəvayətin sənədinin mötəbər olduğunu demişdir.4

Biz buna bir neçə yöndən cavab verəcəyik:

Birinci: Mirzə Nurinin bu rəvayətin sənədini səhih hesab etməsi öz-özlüyündə höccət deyildir. Ona görə ki, mötəbərlik dəlil və bürhan əsasında sabit olur. Biz rical kitablarını axtardıq, lakin sənəddəki ravilər üçün heç bir tövsiq5 tapmadıq. Alimin sözünə dəlilə gətirilər, onun sözündən dəlil olaraq istifadə etməzlər.6 Xüsusən də təqlidin olmadığı belə məsələlərdə. Əgər onlar bu rəvayətin səhihliyi isbat etmək istəyirlərsə, gərək buna dəlil göstərələr.

İkinci: Mirzə Nuri şiə alimləri içərisində rəvayətləri çox sadəliklə qəbul etməsi ilə tanınıb. Bu isə onun böyük xətalara düşməsinə səbəb olub. Məsələn, Allahın kitabının təhrif olunduğunu dediyi “Faslul-xitab fi təhrifi kitabi rəbbil-ərbab” kitabını yazmasını buna misal göstərə bilərik.

Buna görə də onun müasiri olan Şeyx Cavad əl-Bəlaği (quddisə sirruh) onun barəsində demişdir:

”Faslul-xitab” kitabının müəllifi şazz7 rəvayətlərin ardınca getməkdə israr edən və bunu çox edən mühəddislərdəndir. O “Dəbestane məzahib”8 kitabında nəql edilən bu sözdən sevə-sevə dəlil gətirir, lakin bununla belə (etiraf edib) deyir ki: Şiə kitablarında bu sözün heç bir izinə rast gəlməmişdir. (Alaur-Rəhman, 1/25)

Həmçinin, Seyyid Xomeyni (quddisə sirruh) onun barəsində deyir:

Sənin üçün bir qədər də izah verirəm: Məsələ “Faslul-Xitab” kitabının müəllifinin zənn etdiyi kimi deyil. “Faslul-Xitab”ın yazılmasının nə elm, nə də əməl baxımından heç bir faydası yox idi. Bu kitab əshabın rədd etdiyi və qədim əshabımızdan olan üç mühəddis kimi ağıl sahibi şəxslərin9 bir kənara atdığı bir sıra zəif rəvayətin toplanmasından başqa bir şey deyil. Onun hədis kitablarının ümumi vəziyyəti belədir. Məsələn, elə “əl-Müstədrək”. Elə isə onun qəribə hekayələr və qissələrlə dolu olan qalan kitabları barədə soruşma... O (quddisə sirruh) saleh və məlumatlı şəxsdir. Lakin onun zəif, qəribə, əcaib sözləri və sağlam əqlin və düzgün düşüncənin qəbul etmədiyi şeyləri toplamağa olan həvəsi faydalı söz deməkdən daha artıq olub. (Ənvarul-Hidayə, 1/244-245)

Üçüncü: Fərzən Mirzə Nurinin də dediyi kimi rəvayətin sənədinin səhih olduğu ilə razılaşaq, lakin bu o demək deyil ki, rəvayət höccət sayılır. Belə ki, sənədin səhih olması sadirolmanın səhihliyini və ya rəvayətin höccət olmasını gərəkli etmir. Hətta fərz etsək ki, sənədin səhihliyi sabit olub, yenə də alimlərin rəvayətin məzmununa əməl etməmələri onun sənədinin səhihliyini qüvvədən salır. Belə ki, şöhrət – mühəqqiqlərin də dediyi kimi – hakim qüvvədir.

Bu söz heç də Əhməd İsmayılın ardıcıllarının iddia etdikləri kimi alimlərin uydurması deyil. Əksinə, bu Əhli-Beytdən (əleyhimus-səlam) nəql edilən çoxlu sayda rəvayətlərin işarət etdiyi şərif bir qaydadır:

Məsələn: Şeyx Kuleyni (quddisə sirruh) öz isnadı ilə Ömər ibn Hənzələdən nəql edir ki, İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“O iki nəfərdən ən adil, ən fəqih, hədis deməkdə ən doğru danışan və ən vərəli olanın hökmü əsas götürülər. O birisinin verdiyi hökmə isə diqqət edilməz”. Deyir, dedim: “Əgər onların hər ikisi bizim əshabın yanında ədalətli və razı qalınan şəxslər olsalar və biri o birindən üstün hesab edilməsə (onda necə?)”. Buyurdu: “Onların hökm verdikləri məsələdə nəql etdikləri rəvayətlərə baxılar. Əgər nəql etdikləri rəvayət üzərində əshabının icma etdiyi rəvayət olsa, o zaman (bu rəvayət əsasında verilən hökm) bizim hökmümüz olaraq qəbul edilər. Əshabının yanında məşhur olmayan şazz rəvayət isə tərk edilər. Üzərində icma edilən hədisdə şübhə yoxdur! (Əl-Kafi, 1/68)

O cümlədən: İbn Əbu Cumhur əl-Əhsai Zürarə ibn Əyundən nəql edir ki, dedi:

İmam Baqirə (əleyhis-səlam) sual verib dedim: “Sizə fəda olum, (bəzən) sizdən bir-birinə zidd olan iki hədis nəql edirlər, bunların hansı birini qəbul edim?” Buyurdu: “Ey Zürarə, əshabın arasında məşhur olanı qəbul et. Şazz və nadir olanı boşla!” Dedim: “Ey ağam, əgər onların hər ikisi məşhur olsalar və sizdən nəql edilsələr (onda necə)?” Buyurdu: ”O iki nəfərdən hansı sənin nəzərində daha ədalətli və daha güvənilir olsa, onun sözünü qəbul et.” (Əvailil-Liali, 4/133, hədis 229)

Bütün bu deyilənlər onların iddialarının əsası olan bu rəvayətin sənədi ilə bağlı idi. Hörmətli oxucunun da gördüyü kimi, rəvayətin sənədi olduqca qaranlıqdır. Hətta zülmət üstünə zülmətdir.

Şeyx Əhməd Salman

Ardı var...

___________________________________________________________________________________

1 Hədislərin qələmə alındığı kitab. Müt.

2 Ricalun-Nəcaşi, s.68, №162

3 Əshabul-usul: “Usul” sözü “əsl” (əsas) sözünün cəmidir. “Əsl” İmamlarımızın (əleyhimus-səlam) səhabələri tərəfindən qələmə alınan hədis toplularına verilən addır. Burada hədisi ya müəllif özü birbaşa olaraq İmamın eşitmiş olur, yaxud da onu İmamdan eşidən bir şəxsədən nəql edir. Onların “əsl” (əsas) adlandırılmasının səbəbi isə, müraciət edilən əsas mənbə olmalarına görədir. Müt.

4 ən-Nəcmus-Saqib, 2/71

5 Rical alimləri tərəfdən ravinin siqə (güvənilir) hesab edilməsi. Müt.

6 Alim məsum olmadığı üçün onun dediyi sözün özünün doğru olmasını isbat etmək lazım gəlir. Bir sözün alim tərəfindən deyilməsi, hələ onun səhih və sabit olması demək deyil. Alim sözünün özü dəlilə ehtiyaclıdır. Müt.

7 Məşhurun, icmanın ziddinə olan. Müt.

8 Qurani-Kərimin təhrifi ilə bağlı məqamları əhatə edən sahibi naməlum olan kitab. Müt.

9 Şeyx Kuleyni, Şeyx Səduq və Şeyx Tusi (quddisə sirruhum). Müt.

Рейтинг

В этом разделе