»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (2-ci hissə)

Əhməd İsmayılın dəvəti nədən ibarətdir?

İraqda Bəsrə şəhərində adı Əhməd ibn İsmayıl olan bir şəxs ortaya çıxdı və iddia etdi ki, 1420-ci hicri ilinin Şəban ayında İmam Məhdi ilə (əleyhis-səlam) görüşüb. İmam ona öz adından bəzi şeyləri camaata çatdırmağı, mərcəiyyətin və axirəz-zəman alimlərinin azğınlığını ifşa etməyi və haqq əqidələri bəyan etməyi tapşırıb.

Sonra iddia etdi ki, İmam Məhdinin (əleyhis-səlam) oğludur və rəvayətlərdə qeyd edilən ilk “məhdi”dir. Sonra iddia etdi ki, Yəmanidir. Hansı ki, İmam Zamanın (əleyhis-səlam) zühurunun qəti əlamətlərindən biri hesab olunur. Nəhayət iş o yerə çatdı ki, Allahın yer üzərindəki höccəti olduğunu, Əhli-Beyt İmamlarının (əleyhimus-səlam) on üçüncüsü olduğunu və digər İmamlar (əleyhimus-səlam) kimi məsum olduğunu iddia etdi!

Deməli, bu şəxsin əsas iddialarını aşağıdakı kimi xüslasələşdirmək olar:

1. O İmam Məhdinin (əleyhis-səlam) nəslindəndir.

2. Öz iddiasına əsasən rəvayətlərdə qeyd olunan ilk məhdidir.

3. Hal-hazırda İmam Məhdinin (əleyhis-səlam) səfiridir.

4. Rəvayətlərdə qeyd olunan Yəmanidir.

5. Məsum imamdır və Allahın məxluqat üzərində höccətidir.

Lakin bu şəxsin iddiaları bu beş iddia ilə bitmir. Əksinə, hörmətli alimlərdən biri bu iddiaların sayının əllidən artıq olduğunu bildirmişdir.1 Hər biri də digərindən böyükdür. Hətta iş o yerə çatmışdır ki, demişdir:

“Atam və ağam Muhəmməd ibn Həsən Məhdi (əleyhis-səlam) mənə əmr etdi ki, bu sözləri deyim: Mən (yəni, Əhməd İsmayıl) Əli ibn Əbu Talibin (əleyhis-səlam) əlindəki daşam. O daş ki, bir dəfə Əmir əl-möminin (əleyhis-səlam) o daşı Nuhun (əleyhis-səlam) gəmisinin yönləndirməkdən ötrü, bir dəfə İbrahimi (əleyhis-səlam) Nəmrudun odundan xilas etməkdən ötrü, bir dəfə də Yunusu (əleyhis-səlam) balığın qarnından qurtarmaqdan ötrü atmışdı. O daş ki, Musanı (əleyhis-səlam) Tur dağında onunla danışdırmışdı, sonra onu dənizi yaran bir əsa etmişdi. Sonra onu Davud (əleyhis-səlam) üçün zireh etmişdi. Uhud günündə də ondan zireh olaraq istifadə etdi. Siffeyn günündə isə onu əlində bükdü.”2

Əlbəttə, biz bu kitabda bu növ xurafatlara və həzəyanlara cavab verməyəcəyik. Əksinə, yuxarıda qeyd olunan beş əsas iddiaya cavab verməklə kifayətləncəyik.

Onun ideoloji və elmi yaradıcılığına gəlincə, saytında onun tərəfindən yazıldığı iddia olunan bir sıra kitablar mövcuddur. Onların əksəriyyəti onun iddiasının haqq olmasının isbatına və bu fəsad əqidənin (rəvayətlərin belini qırmaq və onları öz zahiri mənasından sapdırmaq yolu ilə) möhkəmləndirilməsinə aiddir. Habelə onun kitabları böyük alimlərə və əzəmətli mərcələrə edilən təhqirlərdən və böhtanlardan da xali deyildir.

Fiqh, əqidə, əxlaq kimi insanlara fayda verəcək elmlərə gəlincə, fiqh sahəsində Mühəqqiq Hillinin (quddisə sirruh) “Şəraiul-İslam” kitabına bəzi dəyişikliklər əlavə etməklə kifayətlənmiş və bunu öz ardıcıllarına əməli risalə kimi təqdim etmişdir. Bununla yanaşı xümsə, oruca və bu kimi məsələlərə dair bir neçə kitabça hazırlamışdır. Əqidə və əxlaqa gəldikdə isə, demək olar ki, bu sahələrdə ona nisbət verilən hər hansısa bir kitaba rast gəlmirik.

Bundan başqa qeyd edək ki, bu şəxs gözlərdən gizlənir. Bizim bildiyimizə görə kimsə onun yerini bilmir. Hərçənd ki, onun bəzi təbliğatçıları onunla görüşdüklərini iddia edirlər.

Həmçinin, o özünü ümumi kütləyə göstərmir və informasiya vasitələrinə çıxmır. Ardıcılları onun hər hansısa bir foto şəkilinin olmasını inkar edirlər. Habelə onun görüntülü və səsli (hər ikisi bir arada olan) hər hansısa video yazısı yoxdur!

Bəli, ona nisbət verilən bəzi səs yazıları mövcuddur ki, onun rəsmi saytına nəzarət edən şəxslər bu səslərin ona aid olduğunu iddia edirlər. Biz o şəxslərin də heç birini tanımırıq! Və belə bir şeyin düzlüyünə əmin ola bilmərik. Habelə, biz indiyədək onun ardıcılları olan bəzi şəxslərin etdiyi görüş iddialarından başqa bu şəxsin həqiqətən də hal-hazırda sağ olduğunu sübuta yetirən hər hansısa bir dəlillə rastlaşmamışıq.

Onun rəsmi saytı göstərir ki, bir çox şəxslər onu təsdiq ediblər və ona iman gətiriblər. Biz hərçənd ki, bəzi cahil və sadəlövh insanların ona inana bilməsini inkar etmirik, buna əsasən ki, buyurmuşlar (əleyhimus-səlam): “Həqiqətən də Dəccal ortaya çıxan vaxtadək hər kəs (insanları özünə tərəf) dəvət etsə mütləq özünə beyət edəcək kimsələr tapacaq”3, lakin bununla belə yenə də çoxlarının onu təsdiq etmiş olmalarına yəqin etməmişik. Bəlkə də onun saytında yazılanlar tamamilə yalan və uydurmadır. Onları bir və ya iki nəfər yazmışdır.

Həmçinin, saytda təqribən yetmişə yaxın kitab vardır. Onları bir neçə şəxs yazmışdır. Bəziləri aşkar şəkildə adını qeyd etmiş, bəziləri isə künyəsini yazmışdır. Burada onlar Əhməd İsmayıla yardım edir və onun iddiasını müdafiə edirlər. Biz bilmirik bu kitabları yazanlar müxtəlif şəxslərdirlər, yoxsa müxtəlif adlarla yazan bir şəxsdir.

_______________________________________

1Şeyx Əli Ali-Muhsin (həfəzəhullah), “ər-Rədd əl-Qasim”

2Əl-Cəvabul-Munir, 1/16

3Əl-Kafi, 8/297

 

Qeyd: Aşağıdakı şəklin ona məxsus olduğu iddia edilir. Lakin isbatı edilməyib. Hər ehtimala qarşı məlumatlandırmağı lazım bildik.

Рейтинг

В этом разделе