»»

Xanım Fatimənin (s.ə) kitabı (müshəfi)

Müəllif iddia edir:

A. Əli ibn Səid Əbu Abdullahdan (r.a) nəql edir: “Fatimənin kitabı bizdədir, orada Allahın kitabından bir ayə belə yoxdur. Bu kitabı Peyğəmbərin (s) imlası ilə Əli (r.a) yazmışdır” (“Biharul-ənvar”, 26/41).

B. Muhəmməd ibn Müslim o ikisindən birindən (r.a) rəvayət edir: “...Fatimə özündən sonra bir kitab qoydu ki, Quran deyildir. Ancaq həmin kitab ona enən Allah kəlamıdır, Peyğəmbərin (s) imlası və Əlinin dəst-xəttilə yazılmışdır” (“Biharul-ənvar”, 26/42).

C. Əli ibn Əbu Həmzə Əbu Abdullahdan (r.a) rəvayət edir: “Fatimənin (s.ə) kitabı bizdədir. Allaha and olsun ki, orada Qurandan bir hərf (cümlə) belə yoxdur. Lakin Peyğəmbərin (s) imlası və Əlinin xəttilə yazılmışdır” (“Biharulənvar”, 26/48).

Cavab: Fatimənin (s.ə) kitabında gələcəkdə baş verəcəklər və qiyamət gününədək hakimiyyətdə olacaq şəxslərin adları qeyd olunmuşdur. Bu kitab Cəbrailin (ə) imlası və Əli ibn Əbu Talibin (ə) xəttilə yazılıb. Buna bir çox rəvayət dəlalət edir. Həmmad ibn Osman deyir: “İmam Əbu Abdullahın (ə) belə buyurduğunu eşitdim: “Mən Fatimənin (s.ə) kitabına baxdım. 128-ci ildə allahsızlar ortaya çıxacaqlar”. Dedim: “Fatimənin kitabı nədir?” Buyurdu: “Uca Allah Peyğəmbəri (s) dünyadan apardıqdan sonra Fatimə Allahdan savayı bir kəsin dərk edə bilməyəcəyi bir hüznə qərq oldu. Allah onun kədərini aradan aparmaq, qəlbini sevindirmək və onunla həmsöhbət olmaq üçün bir mələyi yanına göndərdi. Ftimə eşitdiyi səslərdən Möminlərin əmirinə (ə) şikayət etdi. Əli (ə) dedi: “Bunu yenə hiss etsən və səs eşitsən, mənə xəbər ver”. Mələk gəldikdə Fatimə (s.ə) Əliyə xəbər verdi və o gəlib eşitdiklərini yazmağa başladı. Nəhayət yazdıqlarından bir kitab bağlandı”. Sonra buyurdu: “Həmin kitabda halal və haramlardan heç bir şey yoxdur. Orada yalnız gələcəkdə baş verənlər yazılmışdır”. (“əl-Kafi”, 1/240)

Əbu Übeydə Hüzzainin İmam Əbu Abdullah Sadiqdən (ə) nəql etdiyi səhih hədisdə buyurulur: “Fatimə (s.ə) Peyğəmbərin (s) vəfatından sonra yetmiş beş gün yaşadı. Atasından ayrılığa görə çox hüznlü idi. Cəbrail (ə) onun yanına gələr, atasının matəminə görə ona təsəlli və təskinlik verər, ona atasından və hazırda olduğu yerdə xəbərlər deyər, həmçinin ondan sonra ailəsinin və nəslinin başına gələcəklərdən danışardı. Əli (ə) isə bütün bunları yazardı. Həmin yazılanlar Fatimənin (s.ə) müshəfidir”. (“əl-Kafi”, 1/241)

Əgər bir kəs desə ki, mələklərin peyğəmbərlərdən başqası ilə danışması puç və batil bir iddiadır, Əli və Fatimənin (onlara salam olsun!) ümumən mələklərdən və xüsusilə də Cəbrailin (ə) səsini eşitmələri doğru sayıla bilməz, ona belə cavab verərik:

1. Əhli-sünnə hədis hafizlərinin nəql etdikləri rəvayətlərdə qeyd olunur ki, əgər insanlar düzgün yolda olsalar, mələklər onlarla əl verib görüşərlər. Həmin rəvayətlərdən birini Müslim, İbn Macə, Əhməd, Hümeydi, Təyalisi, İbn Hibban və digərləri Hənzələ ət-Təmimi əl-Üseydidən nəql edir: “Peyğəmbər (s) buyurdu: “Əgər yanımda olmadığınız zaman mənim yanımda olduğunuz kimi qala bilsəniz, mələk sizinlə xalçalarınızın üzərində (evlərinizdə) və ya yolda əl verib görüşərlər”.

- “Səhih”, Müslim, 4/2106-2107; “Sünən”, Tirmizi, 4/666. Orada yazır: “Bu, həsən səhih hədisdir”. “Sünən”, İbn Macə, 2/1416; “Müsnəd”, Əhməd, 2/305, 3/175, 4/178, 346; “əl-Camius-səğir”, 2/428, hədis 7418, 7419; “Müsnəd”, Əbu Davud Təyalisi, səh.191; “Şərhus-sənnə”, 1/167; “əl-İhsanu bitərtibi səhih”, İbn Hibban, 9/240-241. Albani “Səhih İbn Macə”də bu rəvayəti “səhih” saymışdır (2/415-416). “Səhihul-camiis-səğir”, 2/931, 1190; “Silsilətul-əhadisis-səhih”, 4/606

Rəvayətin başqa bir versiyasında isə deyilir: “Əgər məndən ayrıldığınızda yanımda olduğunuz halda qala bilsəniz, mələklər sizinlə əl tutub salamlaşar və sizi evlərinizdə ziyarət edərlər”. (“Müsnəd”, Əbu Davud Təyalisi, səh.337)

Qurani-Kərimdə Məryəmin mələklərlə danışması da buna aiddir. Buyurulur: “(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytül-müqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) tam bir insan surətində göründü. (Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər (Allahdan qorxursansa) təqvalısansa (mənə toxunma)!” (Cəbrail:) “Mən sənə ancaq tər-təmiz (məsum) bir oğlan uşağı bağışlamaq üçün Rəbbinin (lütf edib göndərdiyi) elçisiyəm!”- dedi. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” (“Məryəm”, surəsi, ayə 16-21)

Allaha və axirət gününə iman gətirmiş hansı müsəlman şəxs Möminlərin əmiri Əlinin (ə) və aləm qadınlarının xanımı Fatimənin (s.ə) mələklərin onlarla əl verib görüşəcəkləri həddə düzgün iman və əmələ sahib olduqlarına şübhə edə bilər?!

2. Əhli-sünnə hədisşünaslarının hədis və rəvayətlərində bəzi səhabələrə mələklərin salam verdiklərini, əl verib görüşdüklərini və səhabələrin mələkləri gözlərilə gördükləri nəql olunur.

Müslimin İmran ibn Həsindən nəql etdiyi bir hədisdə o deyir: “Bəzən mənə salam verir, bədənimin hərarəti qalxdıqda isə dayanırlar. Sonra hərarətim düşdükdə yenidən salam verirlər”. (“Səhih”, Müslim, 2/899)

Uvb Səd isə Qətadədən nəql edir: “Mələklər İmran ibn Həsinə hərarəti yüksələnədək əl verib görüşürdülər”. (“ət-Təbəqatul-kubra”, 4/288)

Zəhəbi İmran ibn Həsinin tərcümeyi-halında yazır: “Mələklərin salam verdikləri şəxslərdəndir...

Onun babasil (və ya fistul) xəstəliyi vardı, bu səbəbdən hərarəti qalxırdı... Rəvayət olunur ki, hərarəti yüksəldikdə mələklər salam verməyi bir müddət saxlayır, sonra yenidən başlayırdılar”.(“Təzkirətul-huffaz”, 1/29-30)

İbn Həcər deyir: “Hərarəti yüksəlməzdən öncə mələklər ona əl verib görüşürdülər”. (“Təhzibut-təhzib”, 8/112)

Nəvəvi deyir: “Müslimin “Səhih”ində deyildiyi kimi, mələklər onunla əl verib görüşür və onları gözü ilə görürdü”. (“Təhzidul-əsma vəl-luğat”, 2/36)

Mövzu ilə bağlı digər çoxsaylı hədislər vardır. Onları burada yazmağa lüzum görmürük.
- “Sünən”, Əbu Davud, 4/5; “Müsnəd”, Əhməd 4/428; “əl-Müstədrək”, 3/472; “Usudul-ğabə”, 4/138; “əl-İsabə”, 3/26, 27; “Siyəru əlamin-nübəla”, 2/510, 511. “Şəzəratuz-zəhəb”, 1/58; “Tarixul-İslam”, 3/275, 276; “əl-Bidayətu vənnihayə”, 8/62.

3. Hədislərdə bir dəstə səhabənin mələyin səsini eşitdikləri qeyd olunur. Onlardan biri Əhmədin kitabında qeyd etdiyi hədisdir. Hüzeyfə ibn Yəmani deyir: “Peyğəmbərin (s) yanına gəlmişdim. Məsciddə namaz qıldığım vaxtda bir səsin belə dediyini eşitdim: “İlahi, bütün həmd və mülk Sənə məxsusdur, bütün xeyirlər Sənin əlindədir və bütün aşkar və gizli işlər sonda Sənə qayıdır. Sən həmd və tərif olunmağa layiqsən! Sən hər bir şeyə qadirsən! İlahi, mənim etdiyim bütün günahlarımı bağışla, ömrümün qalan hissəsində də məni günahdan qoru, mənə Sənin razı qalacağın (günahdan) təmiz əməllər nəsib elə!” Peyğəmbər (s) buyurdu: “Bu, bir mələkdir ki, yanına gələrək Rəbbinə necə həmd söyləməyi sənə öyrədir”. (“Müsnəd”, Əhməd, 5/396)

Daha artıq məlumat əldə etmək istəyənlər bizim “Kəşful-həqaiq” kitabına müraciət edə bilərlər. Orada bu mövzu ilə bağlı çox sayda hədis qeyd etmişik. (“Kəşful-həqaiq”, 136-139)

Bütün bu təqdim etdiklərimizdən nəticə alırıq ki, Möminlərin əmiri Əlinin (ə) və aləm qadınlarının xanımı Fatimənin (s.ə) mələyin və ya Cəbrailin (ə) səsini eşitməsi və onların barəsində gerçəkləşməsi mümkün bir faktdır. Belə ki, əhli-sünnə mənbələrindəki səhih hədislər səhabələrin də mələklərlə salamlaşdığına və onlarla danışdığına dəlalət edir. Əli və Fatimənin (onlara salam olsun!) mələyin səsini eşitdiklərini inkar etmək aşkar bir xətadır və heç bir müsəlman buna cürət edə bilməz. Çünki belə bir iddia Peyğəmbərin (s) pak itrəti barəsində təhqir və alçaltmadır. Bundan Allaha sığınırıq!

Müəllif iddia edir: “Əgər həmin kitab Peyğəmbərin (s) imlası və Əlinin xəttilə yazılmışdırsa, bəs nə üçün onu ümmətdən gizlədir? Halbuki Uca Allah Peyğəmbərə (s) ona nazil etdiyi hər bir şeyi insanlara çatdırmağı buyurmuşdur:

“Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı təbliğ et! Əgər bunu etməsən, onun risalətini insanlara çatdırmamış olarsan” (“əl-Maidə” surəsi, ayə 67).

Peyğəmbər (s) bütün müsəlmanlardan bu Quranı necə gizlədə bilər? Bəs Möminlərin əmiri (r.a) və ondan sonrakı imamlar öz şiələrindən necə gizlədirlər?!”

Cavab: Ayədəki təbliğ əmri Allahın Peyğəmbərə (s) bütün nazil etdikləri ilə bağlı deyildir, məqsəd Peyğəmbərdən insanlara çatdırılması istənilən xüsusi bir məsələdir. Əgər məqsəd bütün risalənin təbliği olsaydı, o zaman ayənin mənası mütərəddid və sürüşkən olardı. Çünki belə deyilməyin heç bir mənası yoxdur: “Sənə nazil etdiyim hər bir şeyi təbliğ elə. Əgər onların hamısını insanlara çatdırmasan, o zaman dini təbliğ etməmiş olacaqsan”. Məlum məsələdir ki, Peyğəmbər (s) ona nazil olanları insanlara çatdırmasa, risaləti təbliğ etməmiş olur.

Bu səbəbdən aydın olur ki, Peyğəmbərə məxsusi və müəyyən bir şeyin təbliğ edilməsi əmr olunmuşdu. Bu isə Möminlərin əmiri Əlinin (ə) ondan sonra xəlifə təyin edilməsidir. Necə ki, buna qarşıda qeyd edəcəyimiz bir çox hədislər, xüsusilə də əhlisünnə mənbələrindəki hədislər dəlalət edir. İndi bu mövzuya daxil olub və isbatlamaq bəhs mövzumuzu dəyişəcək.

Müəllif “əl-Maidə” surəsindəki bu ayənin bütünlüklə nazil olanların təbliğinə necə aid edə bilər, halbuki həmin surə Peyğəmbərin (s) dəvətinin son illərində enmişdir.

Süyuti “əd-Durrul-mənsur”da yazır: “İbn Cərir (Təbəri) və İbn Münzir Qətadədən nəql edirlər: “əl-Maidə” surəsi Mədinədə nazil olmuşdur”.

Əhməd ibn Hənbəl, Əbu Übeyd “əl-Fəzail”də, Nəhhas “ən-Nasixə”də, Nəsai, İbn Münzir və Hakim (səhih saymışdır) öz kitablarında, eləcə də İbn Mərdəveyh, Beyhəqi “Sünən”də Cabir ibn Nüfeyrdən nəql edirlər: “Həcdə idim, Aişənin yanına getdim. O dedi: “Ey Cabir, “əl-Maidə” surəsini oxuyursanmı?” Mən “Bəli” dedim. Dedi: “Bu sonuncu nazil olan surədir. Orada gördüyünüz hər bir halalı halal, haramı da haram bilin”.

Əhməd, Tirmizi (“həsən” hədis sayıb), Hakim (“səhih” sayıb), İbn Mərdəveyh və “Sünən”də Beyhəqi Abdullah ibn Əmrdən rəvayət edirlər: “Sonuncu nazil olan surələr “əl-Madiə” və “əl-Fəth”dir”. (“əd-Durrul-mənsur”, 3/3)

Peyğəmbərin (s) elçiliyinin sonunda bəyan edilməsi tələb olunan məsələnin böyük əhəmiyyətə malik olması labüddür. Yoxsa bu ayə ilə onun təhdid edilməsinin və təbliğ edilmədiyi təqdirdə ümumiyyətlə elçiliyi yerinə yetirməməsinə bərabər tutulmasının heç bir mənası qalmaz.

Həmçinin Uca Allahın onu insanlardan qoruyacağını vəd verməsi məsələnin həddən artıq çətin olduğunu və Peyğəmbərin (s) bu təbliğ nəticəsində insanlar tərəfindən bir zərər görə biləcəyini göstərir.

Həmin vaxtda Peyğəmbərə (s) xilafət və Möminlərin əmiri Əlini (ə) xəlifə təyin etmək məsələsi qədər narahatlıq yaradaca biləcək bir iş yox idi. Məhz əhli-sünnə də öz kitablarında bu nüansı qeyd edir.

Süyuti “əd-Durrul-mənsur”da yazır: “İbn Əbu Hamət, İbn Mərdəveyh və İbn Əsakir Əbu Səid Xidridən nəql edirlər: “Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı təbliğ et!..” ayəsi Qədir Xum hadisəsi günü Əli ibn Əbu Talib haqqında nazil olmuşdur.

İbn Mərdəveyh İbn Məsuddan nəql edir: “Biz Peyğəmbərin (s) zamanında həmin ayəni belə oxuyurduq: “Ey Peyğəmbər, Əlinin möminlərin mövlası olduğu barədə Rəbbindən sənə nazil olanı təbliğ et! Əgər bunu etməsən, onun risalətini insanlara çatdırmamış olarsan. Allah səni insanlardan qoruyacaq”. (“əd-Durrul-mənsur”, 3/117)

Əgər ayədə bütünlüklə dinin təbliğ edilməsinin Peyğəmbərə (s) buyurulduğunu fərz etsək, bu, müəyyən məlumat və sirlərin ümumən bütün səhabələrə deyil, onlardan məxsusi şəxslərə söylənməsilə ziddiyyət yaratmayacaq. Belə ki, bu da təbliğin bir növüdür. Çünki məlumatı bəzən bütün insanlara, bəzən də onlardan bir hissəsinə çatdırmaq məcburiyyəti yaranır.

Ona görə də Taif səfərində Peyğəmbər (s) Əli (ə) ilə kənarda uzun müddət təkbətək danışır. Tirmizi “Sünən”də Cabirdən rəvayət edir: “Taif səfəri günü Peyğəmbər (s) Əlini yanına çağırdı və onunla təkbətək gizli söhbət etdi. Bəzi adamlar dedilər: “Əmisi oğlu ilə söhbəti nə uzun çəkdi!” Peyğəmbər (s) buyurdu: “Onunla mən deyil, Allah gizli söhbət etdi”.

Tirmizi ardınca yazır: “Bu, qəribə, həsən hədisdir. Bunu yalnız əl-Əcləhdən nəql olunduğunu bilirik. İbn Füzeyldən başqası da hədisi əl-Əcləhdən nəql edib. “Onunla Allah gizli söhbət etdi” sözündəki məna budur: Onunla təkbətək gizli söhbət etməyi Allah mənə buyurdu”.

Həmçinin onların kitablarında Peyğəmbərin (s) Əliyə verdiyi səhifələr barədə rəvayətlər nəql olunur. Necə ola bilər ki, həmin səhifələrin mövcudluğu orada mümkün, burada isə qeyri-mümkün olsun?! Halbuki həmin səhifələrdə insanların ehtiyac duyduqları şəri hökmlər qeyd olunur, ancaq Fatimənin (s.ə) müshəfində isə keçmişdə olanlar və gələcəkdə baş verəcək hadisələr qeyd olunub (Həmin kitab Fatimənin (s.ə) müshəfindən ümmət üçün daha çox əhəmiyyətlidir – Tərc.). Bütün bunlar Peyğəmbərin (s) ümmətə təbliğ etməsi vacib olmayan məsələlərdir, onun insanlara çatdırmalı olduğu yalnız şəri hökmlərdir.

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе